Məhkəmə qərarları › İş №1(101)-847/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-847/2023

12.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-847/2023 12.05.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 02 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 1 azyaşlı, 1 yetkinlik yaşına çatmayan övladları olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamin əldə edib, özündə saxlayaraq daşımışdır. Belə ki, o, 26 sentyabr 2022-ci il tarixdə gecə saatlarında Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən “Ağ Otel”in yaxınlığında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamin əldə edib, özündə saxlayaraq daşımış, 29 sentyabr 2022-ci il tarixdə saat 19:00-da Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 1, korpus 47, 22 saylı evin yaxınlığında Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saxlanılaraq ünvan 2 ünvanında yerləşən Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis bölməsinin inzibati binasına gətirilmiş, orada onun üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş sarımtıl rəngli bükümdə təmiz çəkisi 4,522 qram külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilmədi və ifadəsində göstərdi ki, polis əməkdaşları gəlib onu evdən aparmışlar. Onun üzərində psixotrop maddə olmamışdır, yəni polislər üzərini axtaran zaman onda heç bir qanunsuz maddə olmamışdır. Polis bölməsində polislər özləri qeyd olunmuş psixotrop maddəni cibinə qoymuş və o da məcburiyyət altında həmin maddənin ona aid olduğunu demişdir. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, psixotrop maddədən 2-3 ildir ki, istifadə edir, həmin maddəni İran İslam Respublikası vətəndaşından və başqa bu işlə məşğul olan şəxslərdən almışdır. O, 0,5 qram metamfetamini 20 manata almış və 2 gün ərzində istifadə etmişdir. Bu günə qədər heç kəsə metamfetamin verməmişdir. Psixotrop maddəni cibinə polis bölməsində əməliyyatçı qoymuşdur. Polislər ona narahat olmamağı, azad ediləcəyini demişlər. Polislər onu döyməmişlər. Bununla yanaşı, ibtidai istintaq zamanı verdiyi və tərəflərin razılığı ilə məhkəmədə tədqiq edilmiş ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, təxminən 2-3 il olar ki, psixotrop maddə metamfetamindən istifadə edir. 26 sentyabr 2022-ci il tarixdə saat 23:00 radələrində Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən, “Ağ Otel”in yaxınlığında tanımadığı şəxsdən 40 (qırx) manata psixotrop maddə kimi tanınan “şüşə” almış, həmin psixotrop maddədən şəxsi istifadəsi üçün istifadə etmişdir. 29 sentyabr 2022-ci il tarixdə saat 19:00 radələrində yaşadığı evdən çıxaraq mağazaya siqaret almağa gedən zaman iki nəfər tanımadığı mülkü geyimdə olan şəxs ona yaxınlaşmışlar. Onlar özlərini təqdim edərək bildirmişlər ki, 43-cü Polis bölməsinin əməkdaşlarıdır. Polis əməkdaşları ona narkotik vasitə və psixotrop maddə gəzdirməkdə şübhəli olduğunu bildirmiş və onu 43-cü Polis bölməsinə dəvət etmişlər. Onlar birlikdə 43-cü Polis bölməsinə gəlmişlər. Polis bölməsində hüquq və vəzifələri ona izah olunmuşdur. O, vəkilin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Üzərinə baxış keçirilən zaman üzərinə geydiyi şalvarın sağ yan cibindəki, içərisində “şüşə” kimi tanınan maddə olan 01 ədəd şəffaf sellofan bükümü təqdim etmişdir (cild 1, iş vərəqi 58-59, 74-75). İfadəsi elan edildikdən sonra verilən suala cavab olaraq Təqsirləndirilən şəxs həmin ifadəsini verməsinin səbəbi kimi polislərin ona yaxşı olacağı vədini verdikləri ilə izah etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşı Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin saxlanması və daşınması ilə bağlı əməliyyat məlumatı daxil olmuş, bununla əlaqədar əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs Mədən 1, korpus 47 ərazisində saxlayaraq polis bölməsinə gətirmişlər. Polis bölməsində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən psixotrop maddə aşkar olunmuşdur. Aşkar olunan psixotrop maddə səhv etmirsə metamfetamin olmuşdur. Təqsirləndirilən şəxs aşkarlanan pxisotrop maddəni dediyinə görə öz şəxsi istifadəsi üçün üzərində daşımışdır. Məhkəmədə verilən suallara cavab olaraq Şahid1 bildirdi ki, Təqsirləndirilən şəxs psixotrop maddəni tanımadığı şəxsdən aldığını demişdir. Onun və ya başqa polis əməkdaşı tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və ya psixi təsir olmamışdır. Təqsirləndirilən şəxs psixotrop maddə aşkarlanan zaman onu səmimi etiraf etmişdir. Təqsirləndirilən şəxs cibinə qanunsuz maddənin polislər tərəfindən qoyulması yalandır. Onun tərəfindən və ya onun yanında başqa kimsə tərəfindən Təqsirləndirilən şəxs psixotrop maddəni boynuna götürməsi müqabilində onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli bilinməsi barədə vəd verilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşı Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiyi xüsusatları tam təsdiq etdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli raportdan görünür ki, etimad doğuran, qərəzsiz mənbədən daxil olmuş məlumatda xx.xx.1981-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 1-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlama və daşıması bildirilir (cild 1, iş vərəqi 3). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs müəyyən edilməsi, ifşa olunması və yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 4- 5). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli raportdan görünür ki, həmin tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələri və psixotrop maddələri əldə etmə, saxlama və daşımasında şübhəli bilinən xx.xx.1981-ci ildə Bakı şəhərində anadan olan, Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 1, korpus 47, ev 22-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs saat 19:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində, yaşadığı evin yaxınlığında saxlanılaraq Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis bölməsinə gətirilmişdir (cild 1, iş vərəqi 7). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan və diskdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibində olan "Samsung GT-C5212İ" markalı mobil telefonu və həmin şalvarın sağ yan cibində olan bir ədəd şəffaf sellafona bükülmüş sarımtıl rəngli sellofan bükümü təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bir ədəd sellofan bükümün içərisində olan maddənin şüşə kimi tanınan narkotik vasitə olduğunu bildirmişdir. Həmin narkotik vasitəni xx.xx.2022-ci il tarixdə saat 23:00 radələrində Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən "Ağ Otel"in yaxınlığında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 40 (qırx) manata alıb üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 243 saylı möhürü ilə möhürlənərək götürülmüşdür (cild 1, iş vərəqi 34-36,149). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş yaşayış sahəsinə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, baxış keçirilən yer Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən, korpus 47, ev 22-dir. Həmin ev həyət evidir. Həyət evinə giriş qara rəngli darvazadandır. Həyətə daxil olduqda həyətin ortasında bir mərtəbəli yaşayış evi müəyyən edilmişdir. Ev 1 qonaq otağı, 1 mətbəxdən və 3 yataq otağından ibarətdir. Baxış nəticəsində evdə qanunsuz hər hansı bir əşya aşkar olunmamışdır (cild 1, iş vərəqi 40-46). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/5610 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №243” dairəvi möhür əksləri olan, “(imza) Təqsirləndirilən şəxs...” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 4,522 qram olan ağ rəngli, kristalşəkkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində döyriyyəsi qadağan edilən psixotrop maddələri”in siyahısına (Siyahı İ) daxildir. Aparılmış tədqiqatın dəyəri 55 (əlli beş) manat təşkil edir (cild 1, iş vərəqi 52-56). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, baxış zamanı məlum olmuşdur ki, həmin DVD diskdə əks edilmiş görüntülər 29 sentyabr 2022-ci il tarixdə qeydə alınır. Süni işıqlandırma ilə işıqlandırılmış otaq Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis bölməsinin baş təhqiqatçısı, polis kapitanı X3 əyləşdiyi xidməti otaqdır. Videogörüntüdən müəyyən edilir ki, təhqiqatçı Samir Hacıyevin qarşı sol tərəfində oturmuş şəxs 43-cü Polis bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1, əməliyyat müvəkkili Şahid1 sol tərəfində tərəfində oturmuş şəxs Təqsirləndirilən şəxs, təhqiqatçının qarşı tərəfində sağ tərəfdə masadan kənarda oturmuş şəxs 43-cü Polis bölməsinin sahə inspektoru, polis kapitanı Şahid2dur. Video çəkilişin davamında təhqiqatçı Samir Hacıyev, Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini sonuncuya təklif edir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibində olan qara rəngli "Samsung" markalı mobil telefonu və həmin şalvarın sağ yan cibində olan bir ədəd şəffaf sellofana bükülmüş sarımtıl rəngli sellofan bükümü çıxararaq masanın üzərinə qoyur. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs həmin bir ədəd sellofan bükümün içərisində olan maddənin şüşə kimi tanınan psixotrop maddə olduğunu, həmin maddəni xx.xx.2022-ci il tarixdə saat 23:00 radələrində Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən "Ağ Otel" in yaxınlığında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 40 manata alıb üzərində gəzdirdiyini bildirir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd büküm təhqiqatçı tərəfindən zərfə qoyularaq götürülür (cild 1, iş vərəqi 84-86). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş mobil telefona baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus 01 ədəd "Samsung GT-C5212İ" markalı mobil telefonunda olan məlumatlara baxış keçirilmiş, baxış zamanı məlumatlar arasında iş üçün əhəmiyyət kəsb edən məlumat aşkar edilməmişdir (cild 1, iş vərəqi 99). İşdə olan Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis bölməsinin xx.xx.2022-ci il tarixli, 30-16741 saylı məktubundan görünür ki, bir sıra əməliyyat-axtarış tədbirləri keçirilsə də Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini əldə etiyi mənbəni müəyyən etmək mümkün olmamışdir. Həmçinin keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrinin satışı ilə məşğul olmadığı müəyyən edilmişdir (cild 1, iş vərəqi 110). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 7180 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 117-118). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli, 3312 №-li nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə özünə və ətrafdakılara qarşı təhlükə kəsb etmir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür (cild 1, iş vərəqi 120-121). İşdə olan maddi sübut kimi tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üstündən aşkar edilib götürülmüş 4,522 qram olan və tədqiqata sərf edildikdən sonra qalan qalığı 4,472 qram çəkidə psixotrop maddə metamfetamin, həmçinin Təqsirləndirilən şəxs şəxsi axtarış və götümə aparılması zamanı aparılmış videçəkilişin yazıldığı 1 (bir) ədəd DVD disk maddi sübut kimi tanınmış, disk cinayət işinin materiallarına əlavə edilmiş, psixotrop maddə metamfetaminin Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılması qərara alınmışdır (cild 1, iş vərəqi 122). Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 111-112). İşdə olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi mənbənin müəyyən edilməsi məqsədilə həmin cinayət işinin materiallarından material ayrılmış və axtarış tədbirlərinin davam etdirilməsi üçün Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis bölməsinə göndərilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 125-133, 135). İşdə olan xx.xx.2022-ci il tarixli xasiyyətnamədən və şəhadətnamələrin surətindən görünür ki, ünvan 4 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində qəsəbə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs himayəsində xx.xx.2009-cu il təvəllüdlü Əli Əliyev adlı azyaşlı, xx.xx.2007-ci il təvəllüdlü Zəhra Əliyeva adlı yetkinlik yaşına çatmayan övladları vardır (cild 1, iş vərəqi 102-105). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən metamfetaminin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxsin, saxlanılarkən onun üzərində psixotrop maddə olmaması, həmin maddənin polislər tərəfindən cibinə qoyulması, polislərin ona həmin maddəni boynuna götürəcəyi təqdirdə azad ediləcəyi vədlərinə aldanaraq cinayəti etiraf etməsi barədə verdiyi ifadələrini məhkəmə inandırıcı və ağlabatan hesab etmir. Belə ki, polis idarəsində tutularkən Təqsirləndirilən şəxs müdafiə hüququ təmin edilərək müdafiəçi dəvət edilmiş, müdafiəçinin iştirakı o, tutulmuş və ifadələri alınmışdır. Habelə videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış keçirilmiş və o, şalvarının sağ yan cibində olan bir ədəd şəffaf sellafona bükülmüş sarımtıl rəngli bükümü təqdim etmişdir. Şəxsi axtarışın nəticəsinə görə müvafiq protokol tərtib edilmiş və həmin protokol iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs şəxsi axtarış aparılan zaman, şübhəli şəxs və təqsirləndirilən şəxs qismində ifadələr verərkən üzərindən aşkar edilmiş maddəni 16 sentyabr 2022-ci il tarixdə saat 23:00 radələrində Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən "Ağ Otel"in yaxınlığında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 40 (qırx) manata alıb üzərində gəzdirdiyini bildirmişdir. Lakin məhkəmədə ifadəsində və ona verilən suallara cavab olaraq polis bölməsində onun polis əməkdaşları tərəfindən aldadıldığı üçün etirafedici ifadələr verdiyini bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs kimi ifadə verərkən, ona qarşı polis əməkdaşlarının psixoloji təzyiq etmələri barədə heç nə bildirməmişdir. Bununla da, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirməklə məsuliyyətdən yaxa qurtarmaq məqsədini güdür. Bu səbəbdən və işin digər materialları ilə tam uzlaşdığından məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini sübut kimi qəbul edir və qiymətləndirir. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamin əldə edib, özündə saxlayaraq daşıması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmənin qərarından görünür ki, Təqsirləndirilən şəxs 29 sentyabr 2022-ci ildə şübhəli şəxs qismində tutulmuş, 01 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 29 sentyabr 2022-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 22, 93-98). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 29 sentyabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayət kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 4,472 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilməli, 01 ədəd DVD disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 55 (əlli beş) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 29 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 4,472 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilsin. Digər maddi sübut - 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 55 (əlli beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Əhməd Quliyev Fərid Namazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar