Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-849/2021 22.06.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2 və ədliyyə müşaviri Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs və müdafiəçi - Bakı şəhəri, 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1992-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, 29 dekabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 31 dekabr 2020-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs naməlum vaxtda və mənbədən qanunsuz əldə etdiyi toxumlardan istifadə etməklə 2020-ci ilin aprel ayında tərkibində narkotik maddələr olan çətənə bitkilərini Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, İlqar Həsənov küçəsi, 73 saylı evinin həyətyanı sahəsində qəsdən külli miqdarda əkib aqrotexniki qaydada qulluq edərək yetişdirməklə kultivasiya etmiş və 19 may 2020-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri, Sabunçu rayon Polis idarəsi 14cü Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, İlqar Həsənov küçəsi, 73 saylı evin həyətyanı sahəsinə baxış keçirilən zaman həyətyanı sahədə torpaq örtüyündə əkilib-becərilməsi qadağan olunmuş, aqrotexniki qaydada qulluq edilməklə əkilib yetişdirilmiş külli miqdarda, yəni ümumi sayı 43 (qırx üç) ədəd, ümumi təmiz çəkisi 680 qram təşkil edən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, narkotik tərkibli bitkiləri əkib becərdiyi həyətyanı sahə təxminən 12-15 kvadratmetrdir, ətrafı hasarlıdır və içərisində başqa tikili yoxdur. Həmin torpaq sahəsində o, 2020-ci il aprel ayının 10-da narkotik tərkibli çətənə bitkiləri əkmişdir. Bunun üçün toxumları 2019-cu ilin dekabr ayında adını bilmədiyi şəxsdən öz istifadəsi üçün aldığı marixuanadan götürüb saxlamışdır. Bundan sonra o, hər gün əkdiyi həmin bitkilərə qulluq etmiş və onları vaxtaşırı sulamışdır. Həmin bitkiləri əkməkdə məqsədi onları yetişdirib sonradan özü üçün istifadə etmək olmuşdur. Polis işçiləri tərəfindən aşkar olunana qədər o, özü bəzən həmin narkotik bitkilərdən istifadə etmişdir. Həmin yerdən təxminən 15 ədəd çətənə toxumu əkmiş, nəticədə 43 kol bitmişdir. Həmin bitkiləri özü tək əkib becərmiş, ailə üzvlərinin bundan xəbəri olmamışdır. Suallara cavabında Təqsirləndirilən şəxs həmçinin bildirdi ki, həmin həyətyanı sahəyə o, nərdivandan istifadə etməklə hasara çıxıb sonra nərdivanla da həyətə düşmüşdür. Saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı təsir və təzyiq göstərilməmişdir. O, narkoman olduğuna görə həmin bitkiləri öz istifadə üçün yetişdirmiş, əvvəllər heroin, metamfetamin və marixuanadan istifadə etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Bakı şəhəri, Sabunçu rayon Polis idarəsi 14-cü Polis bölməsinin cinayət-axtarış üzrə baş əməliyyat müvəkkili Şahid3 göstərdi ki, 19 may 2020-ci il tarixdə narkotik tərkibli çətənə bitkisinin Maştağa qəsəbəsi, İlqar Həsənov küçəsi, 73 saylı ünvanda əkilməsi barədə məlumat əldə etmiş, həmin məlumat Polis bölməsinin rəhbərliyinə məruzə edildikdən sonra əməliyyat müvəkkili Şahid2 də daxil olduğu əməliyyat qrupu yaradılmışdır. Saat 19 radələrində o, qrup üzvü ilə qeyd olunan ünvana getmiş, həmin narkotik vasitəni əkən şübhəli şəxs Təqsirləndirilən şəxs tapa bilməmişlər. Buna görə baş təhqiqatçı və əməliyyat qrupunun digər üzvü ilə birlikdə həmin ünvana gedib şəxsin anası Şahid1 həyətə baxış keçirilməsi üçün razılıq almışlar. Daha sonra aqronomla birlikdə həyətə baxış keçirilmiş və oradan 43 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür. Həmin əməliyyat-axtarış tədbiri zamanı videoçəkilişdən istifadə edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs tapılmadığından və onun barəsində axtarış elan edilmiş, onu bir müddət tapmaq mümkün olmamışdır. Lakin 2020-ci dekabrın sonlarında şübhəli şəxs tutularaq istintaqa təqdim edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Bakı şəhəri, Sabunçu rayon Polis idarəsi 14cü Polis bölməsinin cinayət-axtarış üzrə baş əməliyyat müvəkkili Şahid2 qeyd olunan əməliyyat tədbirinin keçirilməsində qrupp üzvü kimi iştirak etdiyini bildirərək, Şahid3 məhkəmə iclasında verdiyi ifadə ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə iclasında dindirilən Şahid1 ifadəsində bildirdi ki, Məşədi Bağır onun kiçik oğludur, evlidir, iki azyaşlı övladı vardır. Bildiinə görə, X12 nə içki içəndir, nə də ki, narkotik vasitə qəbul edəndir, o, oğlunun narkotik tərkibli bitkiləri əkib-becərməsindən məlumatsız olmuşdur. Məşədi Bağırın evin həyətində olan nərdivanla əlinə su qabı alıb həyətə bitişik olan evimizə aid olan sahəyə çıxıb-düşməsinin şahidi olmamış, eləcə də onun kiminləsə və ya tək həmin yerdə nəsə əkdiyini bilməmişdir. 19 may 2020-ci il tarixdə polis əməkdaşları onların yaşadığı evə gələrkən ona məlum olmuşdur ki, evinin hasarının arxasında təxminən 10-12 kvadratmetr sahədə çətənə kolları yetişdirilmişdir. X12 19 may tarixində səhər evdən çıxıb getmiş, təxminən bir neçə ay evə gəlməmişdir. Həmin vaxt o, oğlunun harada olmasını bilməmişdir. Polis əməkdaşları gələndə o, ərizə yazaraq həyətə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Aqronomun iştirakı ilə polis işçiləri həyətə baxış keçirib qanunsuz əkilən kolları götürüb sənədləşdirmişlər. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. İş materiallarına əlavə edilmiş baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında 19 may 2020-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Bakı şəhəri, Sabunçu rayon Polis idarəsi 14-cü Polis bölməsinin əməkdaşları tərəfindən Maştağa qəsəbəsi, İlqar Həsənov küçəsi, 73 saylı evin həyətyanı sahəsinə baxış keçirilmiş, bu zaman Təqsirləndirilən şəxs qeyd olunan ünvanda aqrotexniki qaydada qulluq edilməklə əkib yetişdirdiyi cəmi 43 (qırx üç) ədəd çətənə bitkilərinə oxşar bitkilər aşkar edilərək götürülmüşdür. Qeyd olunan əməliyyat-axtarış tədbiri videoçəkiliş aparılmaqla keçirilmiş və müvafiq disk cinayət işinə əlavə edilmişdir (cild 1, iş vərəqi 13-17). İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 20 may 2020-ci il tarixli 7/235 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd ağ rəngli sintetik torbadakı ümumi sayı 43 ədəd yaş vəziyyətdə ümumi çəkisi 680 qram olan bitki nümunələri əkilib becərilməsi qadağam olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Tədqiqata 0,14 qram sərf edilmiş, qalıq 679,86 qram təşkil edir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən, həmin bitkilərə aqrotexniki qaydada qulluq olunmuşdur (cild 1, iş vərəqi 22-25). İbtidai istintaq orqanının 21.05.2020-ci il tarixli qərarı ilə M.B.Bağırova məxsus həyətyanı sahədən aşkar edilərək götürülmüş 43 ədəd 680 qram çəkidə narkotik tərkibli bitkilərin ekspertiza tədqiqatından sonra qalıq qalmış 679,86 qram hissəsi və əməliyyat-axtarış tədbirinin lentə alındığı 1 ədəd disk iş üzrə maddi sübut kimi tanınmış, narkotik tərkibli bitkilər saxlanılması üçün Sabunçu rayon Polis idarəsinə təhvil verilmiş, 1 ədəd disk isə cinayət işinə əlavə edilmişdir (cild 1, iş vərəqi 32-33). Məhkəmə-narkoloji ekspertizasının 18 yanvar 2020-ci il tarixli 135 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 163-164). Məhkəmə-psixiatrik-psixoloji ekspertizasının 12 yanvar 2020-ci il tarixli 48 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu aşkar olunur. Bunu anamnestik məlumatlar və hazırkı psixiatrik müayinənin nəticələri, xasiyyətcə əsəbi, hövsələsiz, münaqişələrə meylli olması, əsəbi gərginlik zamanı özünə yüngül xəsarətlər yetirməsi, həmçinin hazırkı müayinə zamanı özünə yüngül xəsarətlər yetirməsi, həmçinin dayanıqsızlığı və s. təsdiq edir. Bununla yanaşı qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs aşkar olunan emosional davamsız şəxsiyyət pozuntusu onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik qeyd olunmur, halhazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman fiziolioji affekt vəziyyyətində olmamışdır (cild 1, iş vərəqi 159-162). İş materiallarında olan nikah və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs 09.09.2016-cı ildə X5 ilə rəsmi nikaha girmiş və onların birgə nikahdan 08.09.2016-cı il təvəllüdlü Yusif və 12.08.2019-cu il təvəllüdlü Rüzgar adlı iki azyaşlı uşaqları vardır, həmin uşaqlar Təqsirləndirilən şəxs himayəsindədir (cild 1, iş vərəqi 135-138). Cinayət işində olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistika İnformasiya İdarəsinin 02 iyun 2020-ci il tarixli tələbnaməsinə görə, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (cild 1, iş vərəqi 48). Yuxarıda sadalanan sübutları qiymətləndirən məhkəmə kollegiyası Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını, onun ailənin yeganə maddi təminatçısı olduğunu, törətdiyi cinayət əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs şəxsiyyətini, himayəsində iki azyaşlı uşağının olmasını, törətdiyi əməldən peşmanlıq hissi keçirməsini və ailənin yeganə maddi təminatçısı olmasını cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinə əsasən, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 8-ci bəndində məhkəmələrə tövsiyyə edilir ki, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından, məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmuyunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsinə münasibətdə həmin Məcəllənin 62-ci maddəsinin tətbiq olunmasını və ona həmin maddə ilə nəzərdə tutulmuş cinayətə görə müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də az cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan müddəlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 29 dekabr 2020-ci il tarixdən hökmün çıxarıldığı 24 iyun 2021-ci il tarixədək həbsdə saxlanıldığı bütün müddət cəzaçəkmə müddətinə daxil edilməli, ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 29 dekabr 2020-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən, həmin tarixdə adı çəkilən şəxs Bakı şəhəri, Sabunçu RPİ 14-cü Polis bölməsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılmış, Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin 31 dekabr 2020-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş və həmin tarixdən hal-hazıra qədər həbsdə saxlanılır. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, Sabunçu rayon Polis idarəsinə təhvil verilmiş cinayət işi üzrə maddi sübut – Təqsirləndirilən şəxs məxsus həyətyanı sahədən aşkar edilərək götürülmüş 43 ədəd 680 qram çəkidə narkotik tərkibli bitkilərin ekspertiza tədqiqatından sonra qalıq qalmış 679,86 qram hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, əməliyyat-axtarış tədbirinin videogörüntülərinin əks olunduğu 1 ədəd disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, iş üzrə məhkəmə məsrəfləri hesab edilən 69 (altmış doqquz manat) 82 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə kollegiyası iş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 03 iyun 2020-ci il tarixli 1443 nömrəli rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunduğundan və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan, Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, ona məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işi üzrə mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. İbtidai araşdırma zamanı onun həbsdə saxlanıldığı bütün müddət cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı 29 dekabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Maddi sübutlar - Sabunçu rayon Polis idarəsində saxlanılan Təqsirləndirilən şəxs məxsus həyətyanı sahədən aşkar edilərək götürülmüş 43 ədəd 680 qram çəkidə narkotik tərkibli bitkilərin ekspertiza tədqiqatından sonra qalıq qalmış 679,86 qram hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, əməliyyat-axtarış tədbirinin videogörüntülərinin əks olunduğu 1 ədəd disk cinayət işində saxlanılsın. Məhkəmə məsrəfləri hesab edilən 69 (altmış doqquz) manat 82 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. Cinayət işi üzrə mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev Əsli ilə düzdür Hakim Eldar İsmayılov
Məhkəmə qərarları › İş №1(101)-849/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-849/2021
22.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver