Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-850/2022 30.06.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 14:35-də Hakim Paşayev Azər İslah oğlunun sədrliyi ilə, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, zərər çəkmiş şəxslər, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, qanuni nümayəndələr X2 və Qanuni nümayəndə2 iştirakları ilə, xx xxxx 2004-cü ildə Gədəbəy rayonu, Söyüdlü kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam ali təhsili, Azərbaycan Respublikası «Odlar Yurdu» Universitetinin «Sosial iş» ixtisası üzrə əyani şöbənin 1-ci təhsil ili tələbəsi, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1 və 126.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 05 noyabr 2021-ci il tarixdə, saat 15:30 radələrində, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, ünvansız dağlıq ərazidə bir gün əvvəl yetkinlik yaşına çatmamış xx xxxx 2004-cü il təvəllüdlü Şahid2 ilə aralarında şəxsi münasibətlər zəmində yaranmış mübahisə ilə bağlı söhbət edərkən, sonuncunun tanışı Zərərçəkmiş şəxs2 orada baş verənləri mobil telefon vasitəsi ilə videoya çəkməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı, Zərərçəkmiş şəxs2 tərəfindən videoçəkiliş aparmasını cüzi səbəb kimi bəhanə edib, heç bir əsaslı səbəb olmadan, xuliqanlıq niyyəti ilə qəsdən xəsarət yetirmək məqsədilə üzərində gəzdirdiyi cib bıçağı ilə əvvəlcə Zərərçəkmiş şəxs2 qarın nahiyyəsinə qəsdən bir dəfə vuraraq, daxilə nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələnmiş, sonra isə həmin cib bıçağı ilə mübahisəyə qoşulan Şahid2 digər tanışı Zərərçəkmiş şəxs1 da eyni motivlə, yəni xuliqanlıq niyyəti ilə döş qəfəsinin arxa sol nahiyəsinə qəsdən bir dəfə vuraraq daxilə nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası nəticələnmiş, ümumilikdə hər iki şəxsin həyatları üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirərək, xuliqanlıq niyyəti ilə iki şəxsə qarşı insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Odlar Yurdu Universitetinin birinci kurs tələbəsidir. Əslən Gəncə şəhərindən olan Şahid4 və Şahid3 uşaqlıqdan tanıyır, Vüqarla Gəncə şəhər 4 saylı orta məktəbdə bir sinifdə, Aslan isə onlardan bir sinif yuxarı oxumuşdur. Hazırda onlar da tələbə olmaqla Bakı şəhərində yaşayırlar. O, dərsdən sonrakı boş vaxtlarında hərdən Vüqar və Aslanla zəngləşib kafe və çayxanalarda görüşüb birgə vaxt keçirərək dostluqlarını davam etdirirlər. 04 noyabr 2021ci il tarixdə, axşam saatlarında o, Vüqarla birlikdə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində kirayədə yaşayan dostları Xəyalın evinə getmiş, orada birlikdə bir neçə saat vaxt keçirdikdən sonra, o, Vüqarla birlikdə evlərinə getmək üçün saat 21:00 radələrində, Xəyalın evindən çıxıb avtobus dayanacağına gedərkən, küçədə yol kənarı ilə topa şəklində gedən 4-5 nəfər tanımadığı həmyaşıd uşaqların biri ilə baxışarkən göz-gözə gəlmiş, bu səbəbdən həmin tanımadığı həmyaşıd oğlan ona “nəyə baxırsan” deyə soruşmuş, o, isə “insanıq, göz verilib baxmağa” deyə cavab vermişdir. Həmin şəxs ona kənara keçib söhbət etməyi təklif etmiş, həmin şəxslə, yanında olan 4-5 nəfər tanımadığı həmyaşıdları və Vüqarla birlikdə bir qədər aralı tanımadığı binanın həyətinə keçib söhbət edərkən, həmin oğlan onu əli ilə sinəsindən itələmiş, bu vaxt o, oğlanın onu vuracağını başa düşmüş və başı ilə oğlanın sifətinə bir dəfə kəllə vurmuşdur. Bu zaman həmin oğlan fənd işlədib onu yerə yıxaraq sifətinə bir neçə yumruq zərbəlri endirmişdir. Bunu görən dostu Vüqar yaxınlaşıb arxadan həmin şəxsi vurduqda, həmin şəxs Vüqarı da yerə yıxıb ona bir neçə yumruq zərbəsi endirmişdir. Həmin an dava böyümədən orada olan digər uşaqlar yaxınlaşıb onları aralamışlar. Sonra o, dalaşdığı şəxslə bir-birilərinə əl verib görüşərək barışmışlar. Bu zaman onunla və Vüqarla dalaşan oğlanın adının Yusif olmasını bilmiş, o da Vüqarla Yusifə öz adlarını demişdir. Sonra dava zamanı orada olan və yaşca balaca olan oğlanın söyüş işlətdiyinə görə razılaşmışlar ki, səhəri günü günorta saatlarında görüşüb birlikdə oturub çay içərək söhbət edib, aralarında olan narazılığı aradan qaldırıb barışıq etsinlər. Yusif onun mobil telefonunun nömrəsi almış, 05 noyabr 2021-ci il tarixdə saat 13:00 radələrində, yaşadığı Xırdalan şəhərindəki evdə olarkən, Yusif ona zəng edib görüşə çağırmış və onu ötən gün dava olan yerdə gözlədiyini bildirmişdir. Sonra o, dostları Vüqar və Aslanla danışıb görüşə getmələrini demiş, Vüqarın görüşdən xəbəri olsa da, Aslana o, qısaca tanımadığı uşaqlarla Badamdar qəsəbəsində oturub çay içib söhbət edəcəklərini demiş, sonuncu da getməyə razılıq vermişdir. O, evdən çıxarkən hər ehtimala qarşı dava düşsə özünü müdafiə etmək üçün evində olan özünə məxsus açılıb-qatlanan cib bıçağını götürmüş və saat 15:30 radələrində Yusifin dediyi yerə çatmışlar. Orada onu və dostlarını Yusif və 2-3 nəfər əvvəlki günü yanında olan uşaqlar qarşılamış, Yusif onlara kənara getməyi təklif etmiş, orada yerləşən yaşayış binasının arxasına keçdikdə, orada təxminən 10 nəfərə yaxın tanımadığı uşaqların yığışdığını görmüşdür. O, qabaqda Yusiflə söhbət edərək, əvvəlki günü söyüş söyən azyaşlı oğlanı çağırmasını, həmin şəxslə söhbət edib aralarında olan söhbəti sülhlə bitirməyi demiş, birlikdə Badamdar qəsəbəsinin heç kəsin olmadığı dağlıq hissəsinə getməyə başlamışlar. O, həmyaşıdları ilə yoldan çıxıb xeyli yuxarı dağa qalxmış, bu zaman Yusifin dostlarından biri dağın yuxarı hissəsinə qalxıb, oradan mobil telefonu ilə oraya yığışmış uşaqları videoya çəkməyə başlamışdır. O, həmin şəxsə nəyə görə videoya çəkməsini bildirərək etiraz etmiş, həmin sonradan adının Məhəmməd olmasını bildiyi şəxs onu və dostlarını, həmçinin onları döyməklərini videoya çəkmədiyini, yalnız öz dostlarını çəkdiyini bildirmişdir. O, Məhəmmədə “bizi döyə bilməzsən, başın getməsin” sözlərini demiş, bu vaxt Məhəmməd üstünə gəlib əli ilə sinəsindən geri itələmiş və ona təpik atmışdır. Təpiklə atılan ayaq zərbəsi ona dəyməsə də, bu hərəkətə görə əsəbləşib cibində olan açılıbqatlanan cib bıçağını çıxarıb bir dəfə Məhəmmədin qarın nahiyyəsindən vurmuş, sonuncu geriyə çəkildikdə, orada olan Məhəmmədin dostu sonradan adının Kəmaləddin olmasını bildiyi şəxs onun üstünə gəlmiş və onu vurmuşdur. O, əlində olan bıçağı Kəmaləddinə tərəf tutub onu qorxuzmaq istədikdə, bıçaq sonuncunun kürəyinə dəymişdir. O, qorxmuş, dostları Vüqar və Aslanla oradan qaçıb dağdan aşağı qəsəbəyə düşmüş, yol kənarına gəlib tanımadığı taksi avtomobilə minib evinə gedərkən “Elmlər Akademiyası” metrosunun qarşında Vüqar və Aslan taksidən düşüb getmiş, o, isə həmin taksi ilə yaşadığı evə getmişdir. Məhəmmədlə Kəmaləddini vurduğu bıçağı evin həyətində gizlətmiş, sonra isə həmin bıçaqı könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. O, daha sonra göstərmişdir ki, hadisəyə əsas səbəb zərər çəkmiş şəxslərin onu döyüb videoaya çəkmək istəmələri olmuşdur. O, özünü və yanında olan dostlarını müdafiə etmək üçün bıçaqdan istifadə etmiş, əməlindən peşimandır və zərər çəkmiş şəxslərlə barışmışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 04 noyabr 2021-ci il tarixdə, axşam saat 22:00 radələrində, Badamdar qəsəbəsi, “Heydər” parkının yaxınlığında yerləşən oyun salonunda olarkən oraya dostları Yusif, Samir, Natiq və Fəridağa gəlib, ümumi şəkildə bir neçə saat əvvəl Badamdar qəsəbəsində dəqiq yerini bildirmədikləri ərazidə, iki nəfər Gəncəli uşaqlarla bir-birilərinə baxışması üstündə yaranmış mübahisə səbəbindən dava edib onları döydüklərini danışmış, lakin o, oyun oynadığından konkret dostlarından kimin dalaşması və ya kimin döyməsini biiməmişdir. Səhəri günü 05 noyabr 2021-ci il tarixdə saat 13:00 radələrində o, oxuduğu məktəbdən dərsdən çıxıb dostu Natiqlə evinə gedərkən, yolda digər dostları Yusif, Samir, Rəşid, Kəmaləddin və digərləri ilə rastlaşmış, poçt binası yaxınlığında yerləşən “besedkada” oturub söhbət edib vaxt keçirərkən, Yusif kiminləsə telefonla danışmış və onları Badamdar qəsəbəsinə dəvət etmişdir. Müəyyən vaxtdan sonra oraya üç nəfər tanımadığı həmyaşıd oğlanlar gəlmiş, Yusif ona və dostlarına, “siz gedin, mən bu uşaqlarla söhbət edib gələcəm” demiş, o, dostları ilə həmin şəxslərlə görüşüb ayrılmaq istədiyi zaman həmin tanımadığı uşaqlardan biri Yusifə “keçib sakit bir yerdə çay içib söhbət edək” demişdir. Sonra orada olan dostları ilə birlikdə gedib həmin uşaqlarla söhbət etməyə razılaşıb piyada Badamdar qəsəbəsinin dağlıq hissəsinə yoxuşa tərəf qalxarkən, o, qabaqda gedib mobil telefonu ilə aşağıdan yuxarı qalxan dostlarını videoya çəkməyə başlamışdır. O, mobil telefonu ilə video çəkərkən, həmin üç nəfər tanımadığı uşaqlar hamıdan arxada gəlmiş, həmin şəxslərdən sonradan adının Elvin olmasını bildiyi şəxs ona “sən niyə video çəkirsən” demiş, o da “mən öz uşaqlarımızı çəkirəm, səni və ya dostlarının döyülməsini çəkmirəm” dedikdə, Elvin “sən məni döyə bilərsənmi” demişdir. Bu zaman o, Elvinin sinəsindən geri itələyib ona təpik atmış, lakin təpik zərbəsi ona dəyməmişdir. Elvin ona tərəf gəldikdə Elvinin dostu sonradan adının Aslan olmasını bildiyi şəxs əlini onun qabağına uzatmış, bu vaxt Elvin əlindəki bıçaqla qəflətən onun qarnına zərbə vurmuşdur. O, qarnını tutub yerdən qalxdıqda Elvinlə Aslanın qaçmasını görmüşdür. Sonra o, dostlarına tərəf baxdıqda Kəmaləddinin belini tutub üzü aşağı getməsini, eyni zamanda dostu Rəşidin Elvinin digər tanışını, sonradan adının Vüqar olmasını bildiyi şəxsi yerə yıxıb yumruqla vurmasını və Vüqarın Rəşidin əlindən çıxıb üzü aşağı qaçmasını görmüşdür. O, Kəmaləddinin arxası ilə aşağı düşməyə başlamış, sonuncuya çatdıqda, onun belinin qan içində olduğunu və halının pis olmasını görmüşdür. Kəmaləddinin yanında dostları Samir və Ayxan olduğundan, onlara orada gözləmələrini, aşağı düşüb kömək göndərəcəyini demiş, o, aşağı düşdükdə dostları Natiq və Aqilə rast gəlmiş və vəziyyəti pisləşdiyindən onu evinə aparmalarını xahiş etmişdir. O, daha sonra göstərmişdtir ki, Təqsirləndirilən şəxsla barışmşdır, ondan şikayəti və tələbi yoxdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 04 noyabr 2021-ci il tarixdə, axşam saat 21:00 radələrində o, Səbail rayonu, Badamdar qəsəbəsi, “Heydər” parkına tərəf dostları ilə gedərkən, poçtun yaxınlığında bir nəfər tanımadığı cavan oğlan dostu Yusifə bir-birinə baxışmış, Yusif həmin şəxsə nəyə görə baxmasını bidirmiş və həmin şəxsə kənara çəkilib bu haqda söhbət etməyi təklif etmişdir. Kənarda söhbət edərkən aralarında mübahisə yaranmış, Yusif həmin şəxsi sinəsindən itələmiş və bu zaman həmin şəxs qəflətən başı ilə Yusifin sifətinə kəllə vurmuş, cavabında Yusif fənd işlədib həmin şəxsi yerə yıxaraq onun başına və bədəninə bir neçə yumruq zərbəsi vurmuşdur. Bu zaman həmin şəxsin yanında olan dostu sonradan adının Vüqar olduğunu bildiyi şəxs arxadan yaxınlaşıb təpiklə Yusifin başına vurduqda, sonuncu həmin şəxsə qarşı fənd işlədib yerə yıxaraq sifətinə bir dəfə yumruq vurmuş və o, digər dostları ilə onları aralayıb sakitləşdirmiş, bu vaxt orada olan tanışı Samir Yusifi arxadan vuran oğlanın ünvanına söyüş söymüşdür. Həmin vaxt orada olan o, dostları Samir, Rəşid və Aqil davaya qarışmamış, dava təxminən 3-4 dəqiqə davam etmiş və oraya kənardan yığışan olmamışdır. Sonra Yusif həmin şəxslərlə əl sıxıb barışmış, həmin şəxslərin adlarının Elvin və Vüqar olmasını bilmiş, Yusif Elvinin mobil telefonunun nömrəsini götürmüş və səhəri günü görüşüb, bir yerdə oturub çay içib aralarında olan narazılığı həll etməyi təklif etmişdir. Səhərisi günü, yəni 05 noyabr 2021-ci il tarixdə, saat 14:00 radəİərində, Yusif Elvinə zəng edib onu əvvəlki günü dava baş verdiyi yerə dəvət etmiş, təxminən saat 15:30 radələrində oraya Elvin, Vüqar və tanımadığı bir nəfər oğlanla gəlmiş, Elvin Yusif ilə birlikdə Badamdar qəsəbəsinin heç kəsin olmadığı dağlıq hissəsinə qalxarkən, Məhəmməd dağın yuxarı hissəsinə qalxmış və oradan mobil telefonu ilə ümumi şəkildə orada olan uşaqları videoya çəkməyə başlamışdır. Bu zaman Elvin nəyə görə onları videoya çəkməsini bildirərək etiraz etmiş, Məhəmməd də yalnız öz dostlarını çəkdiyini, onların döyülməsini çəkmədiyini bildirib, sonuncunun üstünə gedib əli ilə sinəsindən geriyə itələyərək ona təpik atmış, Elvin geriyə çəkilmiş və təpik Elvinə dəyməmişdir. Bu vaxt aralarında dava yaranmış, Elvin qəflətən cibindən bıçaq çıxararaq Məhəmmədin qarın nahiyyəsindən bir dəfə vurmuş, Məhəmməd geriyə çəkildikdə, o, onların aralarına girmiş və bu zaman Elvin həmin bıçaqla onun kürək nahiyyəsindən bir dəfə vurmuşdur. Sonra orada olan dostları onu xəstəxanaya aparmışlar. O, daha sonra göstərmişdir ki, Təqsirləndirilən şəxsla barışmış və onu bağışlayır, həmçinin ondan heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Bakı Dövlət Unversitetinin 2-ci kurs tələbəsidir. Təqsirləndirilən şəxs uşaqlıqdan tanıyır, Gəncə şəhərində bir həyətdə yaşamış və bir məktəbdə oxumuşlar. Hazırda Elvin Bakı şəhərində Odlar Yurdu Universitetin birinci kursunda oxuyur, hərdən görüşüb birgə vaxt keçirib söhbət edirlər. 05 noyabr 2021-ci il tarixdə, günorta saat 12:00 radələrində o, evdə olduğu zaman Elvin zəng edərək, əvvəlki günü axşam üstü dostu Vüqarla birlikdə Səbail rayonu, Badamdar qəsəbəsində yaşayan qrup yoldaşıgildən evlərinə geri dönərkən, yolda Badamdar uşaqları ilə aralarında mübahisə və dava düşməsini, sonra isə barışmalarını, həmçinin həmin uşaqların təklifi ilə görüşüb çay içib söhbər edəcəklərinə razılaşmalarını deyərək, ona da özü və Vüqarla birlikdə həmin uşaqlarla görüşə gəlməsini təklif etmişdir. O da Elvinlə yaxın olduğundan razılaşmış, həmin günü saat 14:30 radələrində, “Elmlər Akademiyası” metrosunun qarşısında, Elvin və Vüqarla görüşüb taksi ilə Badamdar qəsəbəsinə gəlmiş, orada 2-3 nəfər tanımadığı uşaqlarla görüşmüşdür. Həmin şəxslər ona və dostlarına kənara getməyi təklif etdikdə və yaşayış binasının arxasına keçdikdə, orada təxminən 10-a yaxın tanımadığı uşaqların yığışmasını görmüşdür. Elvin qabaqda bir nəfər tanımadığı oğlanla söhbət edərək gedərkən, o da Vüqarla arxalarınca getmiş, Elvingillə aralarında təxminən 3-4 metr məsafə və tanımadığı oğlanlar olduğundan Elvingilin hara getmələrini və nə haqda danışmalarını eşitməmişdir. O, Vüqarla onların arxalarınca torpaq yolla dikə qalxarkən bu zaman qəflətən ara qarışmış, orada olan tanımadığı uşaqlar qaçışmağa başlamış, Elvinin də üzü aşağı qaçmasını görüb, o da Vüqarla birlikdə onun arxasınca qaçıb yol kənarına gəlmiş və orada Elvin və Vüqarla birlikdə tanımadığı taksi avtomobilinə minib “Elmlər Akademiyası” metrosunun qarşısına gəlib taksidən düşmüşlər. Orada Elvindən nə baş verməsini soruşduqda, sonuncu dağa qalxarkən uşaqlardan birinin mobil telefonla onların döyülməsini videoya çəkmək istəməsini, Elvinin buna etiraz etdikdə aralarında olan söhbətə görə həmin şəxs üstünə gəlib əli ilə sinəsindən itələdiyindən, Elvin cibində olan bıçaqla həmin şəxsi vurmasını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 04 noyabr 2021-ci il tarixdə, axşam saat 21:00 radələrində, o, Səbail rayonu, Badamdar qəsəbəsi, “Heydər” parkına tərəf gedərkən, poçtun yaxınlığında bir nəfər tanımadığı cavan oğlanın ona tərəf baxdığını görüb nəyə görə baxmasını soruşmuş, həmin şəxs “baxmaq olmaz” dedikdə o, həmin oğlanı söhbət etmək üçün kənara çəkmiş, həmin şəxsə “Ə” deyə müraciət etməsi səbəbindən aralarında mübahisə yaranmışdır. Bu zaman o, əli ilə onun sinəsindən itələdikdə, həmin şəxs qəflətən başı ilə onun dodağına kəllə vurmuş, cavabında o, fənd işlədib həmin şəxsi yerə yıxaraq onun başına və bədəninə bir neçə yumruq zərbəsi vurmuşdur. Bu vaxt həmin şəxsin yanında olan dostu arxadan ona yaxınlaşıb təpiklə başına vurmuş, o, həmin şəxsi də tutub fənd işlədərək yerə yıxaraq sifətinə bir dəfə yumruq vurmuş və orada olan dostları davanı aralayıb sakitləşdirmiş, həmin vaxt orada olan tanışı Samir arxadan onu təpiklə vuran oğlanın ünvanına söyüş söymüşdür. Sonra o, həmin şəxslərlə əl sıxıb barışmış, bu zaman ona baxan oğlan özünü Elvin kimi, digəri isə Vüqar kimi təqdim etmiş, eyni zamanda o, Elvinin mobil nömrəsini götürərək, səhəri günü görüşüb, bir yerdə oturub çay içib aralarında olan narazılığı həll etməyi təklif etmişdir. Səhəri günü, yəni 05 noyabr 2021-ci il tarixdə, saat 13:30 radələrində, o, Elvinlə mobil telefon vasitəsi ilə əlaqə saxlamış və onu ötən günü mübahisə etdikləri yerə dəvət etmişdir. Bir qədər sonra Elvin, Vüqar və yanlarında olan tanımadığı bir nəfər oğlanla birlikdə, əvvəlki günü dava etdikləri yerdə görüşmüş, onun yanında tanışları Rəşid, Aqil, Kəmaləddin, Məhəmməd və Samir olmuşdur. Orada söhbətə başlayan zaman Elvin əvvəlki günü tanışı Samirin söyüş işlətdiyini, buna görə gedib çay içib söhbət etmələrini təklif etmiş, birlikdə Badamdar qəsəbəsinin heç kəsin olmadığı dağlıq hissəsinə getmək üçün yoldan çıxıb yuxarı dağa qalxarkən Məhəmməd dağın yuxarı hissəsinə qalxmış və oradan mobil telefonu ilə ümumi şəkildə orada olan uşaqları videoya çəkməyə başlamışdır. Bu vaxt Elvin nəyə görə onları videoya çəkməsini bildirərək etiraz etmiş, Məhəmməd də yalnız öz dostlarını çəkdiyini, onları döyməklərini videoya çəkmədiyini bildirdikdə, Elvin Məhəmmədə “bizi döyə bilməzsən, başın getməsin” sözünü demiş, bu zaman Məhəmməd Elvinə yaxınlaşıb əli ilə sinəsindən geriyə itələyib ona təpik atmışdır. Təpik zərbəsi Elvinə dəyməsə də Elvin qəflətən cibindən bıçaq çıxararaq Məhəmmədin qarın nahiyyəsindən bir dəfə vurmuş, Məhəmməd geriyə çəkildikdə yanında olan Kəmaləddin və digər uşaqlar Elvinin üstünə gedib onunla əlbyaxa olmuş, bu zaman Elvin bıçaqla Kəmaləddinin kürək nahiyyəsindən bir dəfə vurmuş və ara qarışdığından, Elvin dostları ilə oradan qaçıb getmişdir. Sonra orada olan dostlarının bir hissəsi Kəmaləddini dağdan aşağı düşürərək təcili yardıma çatdırmış, o, isə Aqil və Rəşid ilə birlikdə Məhəmmədi dağdan aşağı yol kənarına düşürüb tibbi yardım göstərdikdən sonra çıxıb evinə getmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, 05 noyabr 2021-ci il tarixdə saat 15:30 radələrində, tək Badamdar qəsəbəsində “Ekspres” marketin yaxınlığında olarkən, bir nəfər tanımadığı oğlan dağ tərəfdən qaçaraq gəlib yanından keçərkən, dağ tərəfdə dava baş verməsini və orada dostu Məhəmməd ilə Kəmaləddini bıçaqlanmasını demişdir. O, dərhal həmin istiqamətə qaçıb dağa qalxarkən, yuxarıdan Məhəmmədin tək axsayaraq aşağı düşməsini görmüş, nə baş verməsini soruşaraq bədəninə baxdıqda, Məhəmmədin qarın nahiyyəsindən yaralı olmasını və qan gəlməsini görüb, əynindəki gödəkçəsini çıxarıb qarnını bağlamışdır. Bu zaman Məhəmməd vəziyyətinin yaxşı olmasını, yuxarıda tanışı Kəmaləddinin vəziyyətinin ağır olmasını, gedib kömək etməsini demişdir. O, Məhəmmədi orada qoyub təxminən 100 metr yuxarı dağa qalxdıqda, Kəmaləddinin dostları Ayxan və Samirin köməyi ilə dağdan aşağı düşməsini görüb, yenidən Məhəmmədin yanına qayıdıb kömək edərək piyada evinə gətirmiş, sonuncunun evində heç kəs olmamış, orada Məhəmməd qanlı paltarını dəyişmiş, yarasını bintlə bağlamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, 04 noyabr 2021-ci il tarixdə, axşam saat 21:00 radələrində, Badamdar qəsəbəsi, “Heydər” parkına tərəf gedərkən, poçtun yaxınlığında dostu Yusifin iki nəfər tanımadığı şəxslərlə mübahisə edib dalaşmasını görmüşdür. Oraya çatdıqda Yusiflə həmin iki nəfər Elvin və Vüqar adlı şəxslərin əl sıxıb barışmasını görmüş, eyni zamanda onların səhəri günü görüşüb bir yerdə oturub çay içib söhbət edib aralarında olan narazılığı aradan qaldırmasını təklif etdiklərini eşitmişdir. Yusif həmin iki nəfərlə dalaşarkən, orada dostları Aqil və Samir olmuşdur. Yusif ona küçədən keçərkən Elvinlə təsadüfən bir-birilərinə baxmaları və bu səbəbdən aralarında mübahisə yaranmasını, həmin mübahisə zamanı Yusifin Elvinə “Ə” sözü deməsini və onu itələməsini, Elvinin Yusifin dodağına başı ilə kəllə vurmasını, Yusifin də yumruqla Elvinin sifətinə və bədəninə vurmasını, mübahisəyə Elvinin dostu Vüqarın qatılıb əli ilə Yusifi vurarkən, Yusif onun Vüqarı da yumuruqla vurmasını danışmışdır. Səhəri günü yəni 05 noyabr 2021-ci il tarixdə, saat 14:00 radələrində, Yusif Elvinə zəng edib söhbətə çağırmış, o, əvvəlki günü dava baş verdiyi yerə gəldikdə, orada dostları Yusif, Aqil, Kəmaləddin, Məhəmməd olmuş, təxminən 5-10 dəqiqə sonra oraya Elvin, Vüqar və tanımadığı bir nəfər tanışları ilə gəlmişlər. Söhbətə başlayarkən, Elvin əvvəlki günü onun dostu Samirin söyüş işlətdiyini bildirmiş, bu vaxt Yusif kənara gedib söhbət etməyi təklif etmiş, birlikdə piyada gəzərək Badamdar qəsəbəsinin dağlıq hissəsinə tərəf gedərkən Məhəmməd dağın yuxarı hissəsinə qalxıb, mobil telefonu ilə orada olan uşaqları videoya çəkməyə başlamışdır. Buna Elvin etiraz etmiş, Məhəmməd isə yalnız öz dostlarını çəkməsini, onları döyməklərini videoya çəkmədiklərini bildirdikdə, Elvin Məhəmmədə “bizi döyə bilməzsən, başın getməsin” sözünü demiş, Məhəmməd isə Elvinə yaxınlaşıb əli ilə sinəsindən geriyə itələyib ona təpik atmışdır. Bu an Elvin qəflətən cibindən bıçaq çıxarıb bir dəfə Məhəmmədin qarın nahiyyəsindən vurmuş, Məhəmməd geriyə çəkildikdə, Kəmaləddin Elvinin üstünə getmiş, əlbyaxa dava olmuş və Elvin həmin bıçaqla Kəmaləddinin də kürək nahiyyəsindən bir dəfə vurmuşdur. Sonra ara qarışmış, Elvin dostları ilə oradan qaçıb getmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 və Şahid7 Şahid5 ifadəsi ilə eyni məzmunlu ifadələr verməklə onun göstərdiyi xüsusatları təsdiq etmişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsi məhkəmədə tədqiq edilərkən onun məhkəmədə ifadə vermiş Şahid2la eyni məzmunlu ifadə verməsi müəyyən olunmuşdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsi məhkəmədə tədqiq edilərkən onun məhkəmədə ifadə vermiş Şahid3la eyni məzmunlu ifadə verməsi müəyyən olunmuşdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə olunmuş məhkəmə-tibbi ekspertizasının 24 noyabr 2021-ci il tarixli, 726 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər, qaraciyərin sol payının zədələnməsi və qarın boşluğuna çoxlu qanaxma (800ml) ilə müşayiət olunan qarının ön divarının sol yarısının daxilə nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətin bir zərbəsinin təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 05 noyabr 2021-ci il tarixdə kənar şəxs tərəfindən qarın nahiyəsinə ekspertizaya təqdim edilmiş bıçaqla vurma nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Cinayət işinə əlavə olunmuş məhkəmə-tibbi ekspertizasının 24 dekabr 2021-ci il tarixli, 841 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarət-sol döş boşluğuna qanaxma (250 ml) ilə müşayiət olunan döş qəfəsinin sol yarısının arxa səthinin daxilə nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətin bir zərbəsinin təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 05 noyabr 2021-ci il tarixində kənar şəxs tərəfindən döş qəfəsinin sol yarısına ekspertizaya təqdim edilmiş bıçaqla vurma nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Cinayət işinə əlavə olunmuş məhkəmə ballistik-trasoloji ekspertizasının 10 dekabr 2021-ci il tarixli, 3/1956-3/1983 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq-zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təsərrüfat məişət təyinatlı turist bıçağıdır, soyuq silah hesab edilmir. Tədqiqata təqdim edilmiş iki ədəd puloverin ön, arxa və sağ qol altı hissələrində rəyin tədqiqi hissəsində təsvir edilmiş “a”, “b”, “c" zədələri vardır. Həmin zədələrdən “a”,”b”zədələri bir tərəfi kesici, ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmətə tiyəsi həmin xassəyə malik bıçaq (bıçaq tiyələri) də aiddir.Ümumi əlamətlərinə əsasən iki puloverin səthində olan “a’’,“b”zədələrin təqdim edilmiş bıçağın (bıçaq tiyəsinin) də təsirindən yaranması mümkündür. Həmin zədələrdə zədə yaradan predmetin xüsusi əlamətləri əks olunmadığından zədələrin konkret olaraq hansı bıçağın tiyəsi ilə təsir nəticəsində yaranmasını müəyyən etmək mümkün deyil. Təqdim edilmiş sarı rəngli puloverin səthində olan “c” zədəsi fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik dartılıb cırılma zədəsidir. Cinayət işinə əlavə olunmuş məhkəmə-psixoloji ekspertizasının 29 dekabr 2021-ci il tarixli, 11/455 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs fərdi-psixoloji xüsusiyyətlərinə görə daha çox ekstravertə (insanın psixi fəaliyyətinin xarici aləmə yönəlməsi) yaxın olmaqla, davranışında müvazinətliliyi üzə çıxır. Təqsirləndirilən şəxs fərdi-psixoloji xüsusiyyətlərində ünsiyyətcillik, optimistlik və etibarlılıq kimi əlamətlər üstünlük təşkil edir. Təqsirləndirilən şəxs hadisə zamanı sinir-psixi gərginlik halını keçirmişdir. Həmin halın yaranma səbəbləri rəyin tədqiqi hissəsində təhlil edilmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində olmamışdır. Cinayət işinə əlavə olunmuş zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 notarial qaydada təsdiq olunmuş ərizələrindən görünür ki, onlar Təqsirləndirilən şəxs ilə barışmış, onlara dəymiş maddi və mənəvi ziyan tam şəkildə ödənilmiş, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbləri yoxdur. Cinayət işinə əlavə olunmuş «Sübutların qiymətləndirilməsi haqqında» xx.xx.2022ci il tarixli qərardan görünür ki, xx.xx.2021-ci il tarixdə, saat 21:00 radələrində ünvan 3 ünvanında Şahid2, Təqsirləndirilən şəxs və Şahid4 bir-birləri ilə əlbəyaxa olub qarşılıqlı sağlamlıqlarına dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirdikdən sonra, qarşılıqlı barışaraq bir-birlərinə qarşı şikayət və tələbləri olmadığından həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. Cinayət işinə əlavə olunmuş Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin 33 saylı MKİS-nin 659 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında anası və qardaşı ilə birikdə yaşayır. Cinayət işinə əlavə olunmuş Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin 33 saylı MKİS-nin Təqsirləndirilən şəxs barəsində vermiş olduğu xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur. Cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası «Odlar Yurdu» Universitetinin xx.xx.2022-ci il tarixli, 836 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Universitetin «Sosial iş» ixtisası üzrə əyani şöbənin 1-ci təhsil ilinin tələbəsidir. Cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası «Odlar Yurdu» Universitetinin Təqsirləndirilən şəxs barəsində vermiş olduğu xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs təhsil yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü və yanında olan dostlarını müdafiə etmək üçün bıçaqdan istifadə etməsi ilə bağlı vermiş olduğu ifadəsi özünü müdafiə xarakteri daşımaqla ağır ittihamdan yayınmaq məqsədi güdür. Məhkəmə hesab edir ki, araşdırılmış sübut növləri ilə Təqsirləndirilən şəxs aralarında şəxsi münasibətlər zəmində yaranmış mübahisə ilə bağlı söhbət edərkən, Zərərçəkmiş şəxs2 baş verənləri mobil telefon vasitəsi ilə videoya çəkməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı, Zərərçəkmiş şəxs2 tərəfindən videoçəkiliş aparmasını cüzi səbəb kimi bəhanə edib, heç bir əsaslı səbəb olmadan, xuliqanlıq niyyəti ilə ona xəsarət yetirməsi, həmçinin Zərərçəkmiş şəxs1 da eyni motivlə, yəni xuliqanlıq niyyəti ilə xəsarət yetirməsi öz təsdiqini tapır. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1 və 126.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi, həmin əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, işin icraatına xitam verilməsi, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun, 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının, 4-cü bəndinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, əməlindən səmimi peşimançılıq çəkməsini, cinayəti yetkinlik yaşına çatmadığı dövrdə törətməsini, yetkinlik yaşına çatmadığı vaxtdan bir valideyin himayəsindən məhrum olmasını, yaşayış və təhsil yeri üzrə müsbət xarakterizə olunmasını, hazırda tələbə olmaqla əyani şöbədə təhsil almasını, zərər çəkmiş şəxslərlə barışmasını və zərər çəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli qərarında göstərilmişdir ki, cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1 və 126.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş qaydada müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci tarixli, 2668 nömrəli Sərəncamının 8-ci bəndində ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunması, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi təsbit olunmuşdur. Həmin sərəncamın 13.3-cü bəndində göstərilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalıdır. Həmin sərəncamın 13.4-cü bəndinə əsasən, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən, cəza təyin edən məhkəmə, şəxsin cəza çəkmədən islah olunmasını mümkün hesab edərsə, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. «Vinter və başqaları Birləşmiş Krallığa qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 09 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, məhkəmə iclasındakı səmimi davranışını, zərərçəkmiş şəxslərlə barışıq əldə olunmasını, sonuncuların onu bağışlamasını, cəzasını yüngülləşdirən digər halları nəzərə alaraq, habelə ali təhsil müəssisəsinin əyani şöbəsinin tələbəsi olan Təqsirləndirilən şəxs təhsildən uzaqlaşmaması mövqeyindən yanaşaraq Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını, ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsini mümkün hesab edir. Belə ki, qüvvədə olan cinayət qanunvericiliyinin mövqeyinə görə, cəza cinayətə görə sitəm kimi deyil, sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilməlidir. Burada sosial ədalətin bərpası cinayətlə pozulan şəxsi, ictimai və dövlət mənafeyinin bərpasını nəzərdə tutur. Sosial ədalətin bərpası kimi cəzanın məqsədi cinayətin şəxsiyyətə, cəmiyyətə və dövlətə vurduğu ziyanın optimal kompensasiya imkanını, cəzanın cinayətin ağırlığına, təqsirkarın şəxsiyyətinin təhlükəliliyinə, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara uyğunluğunu və sair halları nəzərdə tutur. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun, 30 iyun 2008-ci il tarixli, 6 saylı qərarının, 11-ci bəndində qeyd olunmuşdur ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən, Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-nin 86-cı maddəsində nəzərdə tutulan şərtlər də (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) nəzərə alınmalıdır. İlk növbədə, azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq cəzanı real çəkməsinə və cəmiyyətdən təcrid edilməsinə zərurət yoxdur. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsinin tələbinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Həmin Məcəllənin 70.5-ci maddəsinə görə məhkəmə şərti məhkum etmə təyin edərkən həmin şəxsin üzərinə onun islah olunmasına kömək edən bir sıra vəzifələr qoya bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində sınaq müddəti müəyyən edilməli və sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalı, üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə qeyd edilən xarakterli əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübut kimi Səbail RPİ-də saxlanılan iki ədəd uzun qol pulover və bir ədəd bıçaq məhv edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfi ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza xərci ilə əlaqədar Təqsirləndirilən şəxs 234 (iki yüz otuz dörd) manat məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-352, 353-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1 və 126.2.4-cü maddələrində nəzərdə tutulmuş əməllərinin törədilməsində təqsirli bilinsin və ona 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi (şərti məhkum etmə) tətbiq edilməklə, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilsin. Onun barəsində 02 (iki) il 06 (altı) ay sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Onun davranışına nəzarət Bakı Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış Səbail RPİ-də saxlanılan iki ədəd uzun qol pulover və bir ədəd bıçaq məhv edilsin. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza xərci ilə əlaqədar Təqsirləndirilən şəxs 234 (iki yüz otuz dörd) manat məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Azər Paşayev
2. Əhməd Quliyev
3. İradə Həsənzadə