Məhkəmə qərarları › İş №1(101)-850/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-850/2024

31.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-850/2024 31.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X5-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X4, X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 20 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 5 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxxx 1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işsiz, ali təhsilli, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2gə 1, fərdi yaşayış evində yaşamış, hazırda barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs başqa mənbədən və başqa şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, yəni 5,387 qram çəkidə narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla ünvan 3 ünvanın qarşısına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 15 iyun 2023-cü il tarixdə saat 17:24-də ünvan 4 ünvanın qarşısında saxlanılıb Baş İdarəyə gətirilərək üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarın cibindən 01 bükümdə külli miqdarda, yəni 5,387 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadələrində göstərdi ki, 15 iyun 2023-cü il tarixdə övladını bağçadan götürərkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları ondan yüz min manat məbləğində pulun harada olduğunu soruşdular. Pulun yerini demədiyi halda onun üzərinə narkotik vasitə qoyub tutacaqları ilə hədələdilər. O da puldan məlumatı olmadığını demişdir. Bundan sonra onun üzərinə narkotika qoyub, sənədlər təqdim edib sənədlərə imza etməyini, bir ay sonra sərbəst buraxılacağını dedilər. Ona sənədləri nəyə görə imzalatdıqlarını demədilər. Ona üzərinə götürmək üçün verilən narkotik vasitə “kakos” adlanırdı. O da həmin narkotik vasitəni üzərinə götürmüşdür. Üzərinə şəxsi axtarış həyata keçirilərkən videoçəkilişdə həmin narkotik vasitənin ona aid olduğunu demişdir. Dostunun oğlu iş adamından 150000 manat məbləğində pul götürmüşdü. Həmin adamın mobil telefonunda onun da nömrəsi var idi. Buna görə polislər tərəfindən həmin nömrəyə görə saxlanıldığını güman edir. Dostunun oğlu sərbəst buraxıldı, lakin onu buraxmamışlar. Polis əməkdaşlarının onunla nə qəsdiqərəzliyinin olduğunu bilmir. Polislər onu saxlayan zaman avtomobildə sağında və solunda bir nəfər əyləşmişdi. Təxminən otuz dəqiqə polis idarəsində oldular. Ayın 16-na qədər narkotik vasitədən ümumiyyətlə söz getməyib. O, ayın 15-də idarəyə gətirilərkən müdafiəçi olmayıb. O, polislər tərəfindən saxlanılanda şahidlər olmayıb. Himayəsində iki azyaşlı uşağı var. İfadələrinə əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməllərini törətməkdə ilkin olaraq 16 iyun 2023cü il tarixdə özünü qismən təqsirli bilərək göstərmişdir ki, əvvəllər narkotik vasitə və psixotrop maddələrdən istifadə etməmişdir. 15 iyun 2023-cü il tarixdə Sabunçu rayonu ərazisində əvvəllər gördüyü və anket məlumatlarını bilmədiyi şəxslə söhbət əsnasında həmin şəxs özündə narkotik vasitə heroin olmasını və 50 manata satdığını bildirmişdir. Onda maraq yarandığı üçün istifadə etmək məqsədi ilə qeyd olunan narkotik vasitəni 50 manata almışdır. Həmin bükümü istifadə etmək məqsədi ilə şalvarının cibinə qoymuşdur. 15 iyun 2023-cü il tarixdə saat 17 radələrində ünvan 4 ünvanın yaxınlığında idarə etdiyi “Chevrolet” markalı, **-SG-*** qeydiyyat nişanlı avtomobilin yanında olan zaman üç nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib anket məlumatlarını soruşmuşlar. Özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib barəsində qəbul edilmiş “əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında"' qərarla tanış etmişlər. Səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üzərində “kakos” adı ilə tanıdığı narkotik vasitə vardır. Bundan sonra polis əməkdaşları onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Buna etiraz etməyib polis əməkdaşları ilə idarə etdiyi avtomobil ilə birlikdə həmin idarəyə gəlmişdir. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Hüquq və vəzifələri izah olunmuşdur. Sonra üzərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə əhəmiyyətli digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra üzərində "kakos"’ adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirib əynində olan olan şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümü, şalvarının digər cibindən özünə məxsus sənədləri, avtomobil açarını və 95 manat məbləğində pulu çıxarıb təqdim etmişdir. Təqdim etdiyi 01 ədəd sellofan bükümün içərisində “kakos” adı İlə tanıdığı narkotik vasitə heroin olduğunu bildirmişdir. 01 ədəd sellofan bükümə baxış keçirilərkən bükümün içərisində narkotik vasitə heroin aşkar edilmişdir. Şəxsi axtarış davam etdirilərkən üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Şifahi sorğu zamanı üzərindən aşkar edilmiş narkotik vasitəni anket məlumatlarını bilmədiyi şəxsdən bu gün Bakı şəhəri, Sabunçu rayonu ərazisində 50 manata aldığını, şəxsi istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini söyləmişdir. Bundan sonra üzərindən aşkar olunmuş içərisində narkotik vasitə heroin olan büküm polis əməkdaşı tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş şəxsiyyət vəsiqəsi və sürücülük vəsiqəsi polis əməkdaşı tərəfindən götürülmüşdür. Eyni zamanda lüzərindən aşkar edilmiş 95 manat pul özünə geri qaytarılmışdır. Bundan sonra şəxsi axtarış ıkeçirilməsi barədə protokol tərtib olunmuş və tərəflərindən imzalanmışdır. Bundan sonra idarə etdiyi “Chevrolet” markalı. **-SG-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin içərisindən ona məxsus 02 ədəd “İphone” markalı mobil telefon götürülmüşdür. Avtomobilə baxış keçirilməsi ilə bağlı protokol tərtib olunmuş və tərəflərindən imzalanmışdır. Məhkəmədə elan olunub araşdırılmış 18 sentyabr 2023-cü il tarixli digər ifadələrində Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı əlavə dindirilərkən istintaqa verdiyi ilkin ifadələri təsdiq etmədyini bildirib göstərmişdir ki, 15 iyun 2023-cü il tarixdə saat 17 radələrində idarə etdiyi “Chevrolet Cruze” markalı, **-SG-*** qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nizami rayonu, A.Manafov küçəsində yerləşən bağçaya övladını götürmək məqsədi ilə getmişdir. Bağçanın qarşısında avtomobili park edib düşmüşdür. Avtomobildən düşərkən 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşıb Daxili İşlər Nazirliyinin əməkdaşları olduqlarını söyləyib onlarla getməli olduğunu demişlər. Onu idarə etdiyi avtomobilin arxa oturacağında oturtmuşlar, sağ və sol tərəfində həmin şəxslərin ikisi əyləşmiş, digəri isə avtomobili idarə etmişdir. Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Heydər Əliyev” mərkəzinə tərəf hərəkət edən zaman onların Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını və həmin idarəyə apardıqlarını bilmişdir. Baş İdarəyə gəldikdən sonra 4-cü mərtəbəyə qalxmışlar. Bir nəfər rəis adı ilə müraciət etdikləri şəxsin otağına salmışlar. Həmin şəxs ona ”100.000 manat haradadır?” sualını vermişdir. Hansı 100.000 barədə söhbət edildiyini anlamamış və nə baş verdiyini başa düşməmişdir. Həmin şəxs düzgün danışmağı təqdirdə onu narkotiklə sənədləşdirəcəyini bildirmişdir. Puldan məlumatının olmadığını bir daha söyləmişdir. Sonra onu otaqdan çıxarıb digər yan otağa aparmışlar. Sonra Rəis kimi müraciət edilən həmin şəxs özü olduğu otağa gəlib 2 ədəd şəkil göstərmişdir. Şəkilə baxan kimi qeyd olunan şəkillərin dostu Məhəmmədin oğlu Ədinə məxsus olmasını söyləmişdir. Sonra həmin şəxs kimləsə danışıb şəkilləri ona atacağını və baxıb fikrini deməsini tapşırmışdır. Şəkillər həmin şəxsə Rəis kimi müraciət olunan şəxs tərəfindən göndərildikdən sonra qarşı tərəf təsdiq edərək 100.000 manatı Ədinə verdiyini bildirmişdir. Bundan sonra Rəis kimi müraciət edilən şəxs onu gətirən işçilərə göstəriş verib Ədini də idarəyə gətirmələrini tapşırmış və onlarla birlikdə getməyini söyləmişdir. Bundan sonra polis əməkdaşlarının idarə etdiyi "Toyoıo Prado” markalı avtomobillə Ədinin yaşadığı “Q.Qarayev” metrostansıyası ərazisində Sevinc kinoteatrının yaxınlığında yerləşən binanın həyətinə getmişlər. Orada polis əməkdaşları bildirmişlər ki, öz istifadəsində olan ***-***-**-** saylı nömrədən Ədinin istifadəsində olan ***-***-**-** saylı nömrəyə yığıb onunla işinin olmasını və binanın həyətində gözlədiyini desin. O da polis əməkdaşlarının dediklərinə əməl edib Ədini yığıb binanın qarşısında olduğunu söyləmişdir. 5 dəqiqə keçdikdən sonra Ədin binanın qarşısına gəlmişdir. Digər avtomobildə olan polis əməkdaşları onu görüb avtomobildən düşüb saxlamışlar və onu da özü olduğu “Toyoto Prado” markalı avtomobilə oturtmuşlar. Ədindən 100.000 manatın harada olmasım soruşmuşlar. O, 36.000 manata özünə "Kia" markalı avtomobil aldığını, qalan 64.000 manatı isə atasına göndərdiyini demişdir. Bundan sonra idarəyə gəlmişlər. Ədini onun yanında sual-cavab edəndə o, bir daha eyni sözləri demişdir. Ədinə pulu kimdən almasını soruşan zaman ondan almadığım. Yusif adlı şəxsdən atasının göstərişi əsasında əlbəəl aldığını söyləmişdir. Bundan sonra onu aşağı salıb müvəqqəti saxlama yerinin otaqlarından birinə salmışlar. Səhəri gün, yəni xx.xx.2023-cü il tarixdə onu yenidən yuxarı mərtəbəyə qaldırıb “səni narkotiklə sənədləşdirməlik” ifadəsini işlətmişlər. Bunun hədiyyə olduğunu və 2-3 ay ərzində çıxacağımı söyləmişlər. Onların dedikləri ilə razılaşıb 2-3 ay dözməli olduğunu düşünmüşdür. Onu istifadəçi kimi sənədləşdirdiklərini və üzərində şəxsi axtarış aparılan zaman videogörüntüdə də həmin formada narkotik vasitəni istifadə etmək məqsədi ilə üzərində saxladığını söyləcəyini tapşırmışlar. Onların dedikləri ilə razılaşıb stolun ; üzərinə qoyulan 01 ədəd sellefon bükümdə olan özlərinin deməsinə görə “kakos” adı ilə müraciət edilən narkotik vasitə heroini şalvarının sağ yan cibinə qoymuşdur. Onlar həmin i narkotik vasitəni tanımadığı şəxsdən 50 manata aldığını söyləməyi tapşırmışlar. Bundan sonra üzərinə videoçəkiliş ilə şəxsi axtarış keçirilmişdir. Polis əməkdaşlarının tapşırdıqları formada narkotik vasitəni cibindən çıxarıb təqdim etmiş və qeyd olunanları bildirmişdir. Şahid1 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs xidməti vəzifələrinin icrası ilə əlaqədar olaraq tanıyır. Onunla ədavəti və yaxınlığı yoxdur. 15 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə etmək, üzərində saxlamaq və satışını həyata keçirmək barəsində əməliyyat məlumatı daxil olmuşdu, lakin onun narkotikanın satışı ilə məşğul olması müəyyən olunmadı. Daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar olaraq, həmin tarixdə saat 17:00 radələrində Təqsirləndirilən şəxs Nizami rayonu ərazisində öz avtomobilinin yanında olarkən şəxsiyyəti müəyyən edildikdən sonra idarəyə gətirildi. İdarədə videoçəkiliş vasitəsilə üzərinə baxış keçirildi, Təqsirləndirilən şəxs könüllü formada üzərində olan bir büküm narkotik vasitə olan heroini təqdim etdi və günorta vaxtı şəxsi istifadəsi üçün əldə etdiyini bildirdi. Şəxsin üzərindən əlavə olaraq avtomobil açarı, şəxsiyyət vəsiqəsi və pul çıxdı. Avtomobilinə baxış keçirilən zaman 2 ədəd “İphone” markalı mobil telefon götürüldü. Təqsirəndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitəni adını bilmədiyi şəxsdən günorta vaxtı öz şəxsi istifadəsi üçün 50 manata aldığını bildirdi. Əməliyyat məlumatı təqsirləndirilən şəxsin narkotik vasitənin satışı ilə məşğul olması barədə idi, lakin onun narkotik vasitəni konkret olaraq kimlərə, hansı şəraitdə satması müəyyən olunmadı. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki zor və ya psixi təzyiq göstərilməyib. Narkotik vasitənin mənbəyini müəyyən edə bilmədilər. İdarəyə təqsirləndirilən şəxsi onun öz avtomobili ilə apardılar. Təqsirləndirilən şəxs narkotik vasitəni özü könüllü təqdim etdi. Təqsirləndirilən şəxsi Nizami rayonunda, səhv etmirsə, Manafov küçəsi ərazisində saxlamışdılar. Həmin vaxt təqsirləndirilən şəxs avtomobilin içərisində deyil, yanında idi. Təqsirləndirilən şəxsin üzərinə baxış idarədə keçirildi. Şəxsi idarəyə aparan zaman avtomobili kimin sürdüyünü xatırlamır. Həmin vaxt Rövşənlə birlikdə idarədən çıxmamışlar. Rövşəni idarəyə gətirdikdən sonra onunla birlikdə başqa şəxsi gətirmək üçün heç yerə getməmişlər. İfadələri ilə təqsirləndirilən şəxsə böhan atmır. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid1 ibtidai istintaq zamanı göstərmişdir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir və polis mayoru xüsusi rütbəsini daşıyır. 15 iyun 2023-cü il tarixdə Baş İdarəyə ünvan 5 ünvanında qeydiyyatda olan, ünvan 6gə 1, fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Əməliyyat qrupunun yaradılması ilə bağlı Baş İdarənin rəhbərliyi tərəfindən əmr verilmişdir. 15 iyun 2023-cü il tarixdə günorta saatlarında əməliyyat qrupunun üzvləri ilə birlikdə Baş İdarədən çıxıb həmin gün Təqsirləndirilən şəxs olacağı Bakı şəhəri, Nizami rayonu, A.Manafov küçəsinə getmişlər. Bir qədər həmin ərazidə müşahidə aparan zaman saat 17 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi “Chevrolet Cruze” markalı, **-SG-*** qeydiyyat nişanlı avtomobilin ünvan 3 ünvanın yaxınlığında dayanmasını və həmin avtomobilin qarşısında Təqsirləndirilən şəxs bənzər şəxsin durmasını görmüşlər. Qeyd olunan ünvanın qarşısında həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmişlər. Ona özünü təqdim etməsini bildirmişlər. O, Təqsirləndirilən şəxs olmasını söyləmişdir. Şəxsiyyətini dəqiqləşdirdikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarla tanış etmiş və birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə getməli olduğunu söyləmişlər. Təqsirləndirilən şəxs buna etiraz etmədikdən sonra idarə etdiyi **-SG-*** qeydiyyat nişanlı avtomobil ilə birlikdə Baş İdarəyə gətirmişlər. Baş İdarədə Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi təyin edildikdən sonra o, təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Sonra inzibati otaqların birində təhqiqatçı tərəfindən əməliyyat qrupunun və müdafiəçinin iştirakı ilə videoçəkiliş altında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindəki əşyaları təqdim etmək təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellefon bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs əynində olan həmin şalvarın digər cibindən şəxsiyyət vəsiqəsi və sürücülük vəsiqəsini, 01 ədəd avtomobil açarını, pul əskinaslarını təqdim etməklə masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üzərindən əlavə əşya və predmet aşkar edilməmişdir. Təqdim etdiyi 01 ədəd şəffaf sellefon bükümə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi maddənin "kakos" adı ilə tanıdığı narkotik vasitə olduğunu söyləmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf sellefon büküm iştirakçıların şahidliyi açılmış, içərisində qəhvəyi rəngli, toz şəkilli, narkotik vasitə heroinə oxşar maddə olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroini xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Bakı şəhəri. Sabunçu rayonunda anket məlumatlarım bilmədiyi şəxsdən 50 manata aldığım bildirmişdir. İçərisində narkotik vasitə heroinə bənzər maddə olan 01 ədəd büküm kağız zərfə qoyularaq qablaşdırılmış, üzəri möhürlənmiş və tərəflərindən imzalanmışdır. Bundan sonra təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, düzgünlüyü iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Chevrolet Cruze” markalı, **-SG-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Avtomobildən Təqsirləndirilən şəxs məxsus 02 ədəd “İphone” markalı mobil telefon aşkar edilərək götürülmüş, avtomobilə baxış keçirilməsi ilə əlaqədar protokol tərtib olunmuş və tərəflərindən imzalanmışdır. Şahid2 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs xidməti vəzifələrinin icrası ilə əlaqədar olaraq tanıyır. Onunla ədavəti və yaxınlığı yoxdur. 15 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində küllü miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olması barəsində barəsində məlumat daxil olmuşdu. Həmin tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayonu ərazisində öz avtomobilinin yanında tərəflərindən saxlanılaraq idarəyə gətirildi. İdarədə videoçəkiliş vasitəsilə üzərinə baxış keçirildi, üzərindən bir büküm narkotik vasitə olan heroin aşkar edilərək götürüldü. Rövşənin şəxsi avtomobilinə də baxış keçirildi, heç bir qanunsuz əşya və ya predmet aşkar edilmədi. Səhv etmirsə, təqsirləndirilən şəxs barəsində narkotik vasitənin satışı ilə deyil, istifadəsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdu. Lakin bu barədə onda dəqiq məlumat yoxdur. Əməliyyat məlumatı Şahid1 daxil olmuşdu. Təqsirləndirilən şəxsin üzərindən aşkar olunan narkotik vasitənin miqdarını xatırlamır. Əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotikin satışı ilə məşğul olması və ya ondan aşkar olunmuş narkotik vasitənin satış məqsədi ilə əldə etməsi təsdiqini tapmadı. İfadələrinə başqa əlavəsi yoxdur. Şahid3 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs xidməti vəzifələrinin icrası ilə əlaqədar olaraq tanıyır. Onunla ədavəti və yaxınlığı yoxdur. 15 iyun 2023-cü il tarixdə iş yoldaşı Şahid1 Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin gün üç nəfər əməliyyat qrupunun üzvləri ilə birlikdə Bakı şəhəri, Nizami rayonu ərazisində Təqsirləndirilən şəxs xidməti vəsiqələrini təqdim edərək ona Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə getməli olduğunu söylədilər. Əməliyyat qrupunda o, Şahid1 və Şahid2 olmuşlar. Baş İdarədə inzibati otaqların birində təhqiqatçı tərəfindən əməliyyat qrupunun və müdafiəçinin iştirakı ilə videoçəkiliş altında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilmişdir. Şəxsin üzərindən bir büküm narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Daha sonra avtomobilinə baxış keçirilmiş və qanunsuz heç nə aşkar edilməmişdir. Rövşən narkotik vasitəni əldə etmə mənbəyi kimi tanımadığı şəxsdən 50 manata aldığını dedi. X8 rayonu ərazisində saxlamışlar. Əməliyyat tədbiri zamanı üç nəfər iştirak etmişlər. Rövşənin əvvəllər narkotik vasitədən istifadə edib-etməməsi ilə bağlı şəxsən onda məlumat olmayıb. Təqsirləndirilən şəxs tərəflərindən Bakı şəhəri, Nizami rayonu, Manafov küçəsində saxlanılıb. Həmin ərazidə tanıdığı məşhur obyekt yox idi. Rövşəni saxlayan kimi dərhal üzərinə baxış keçirtmədilər. Rövşənə qanunsuz narkotik vasitənin satışında şübhəli olduğunu bildirib, bölməyə aparmışlar. Onlar Rövşəni saxlayanda təqsirləndirilən şəxsin avtomobili var idi. Həmin avtomobildə kimlərin necə əyləşdiyi dəqiqliyi ilə yadında deyil. Rövşənin qollarına səhv etmirsə, qandal vurulmamışdı. Polis əməkdaşlarından biri qarşıda, biri arxada oturmuşdu. Rövşən tərəfindən onlara heç bir müqavimət olmayıb. Onun mobil telefonu yoxdur. Hadisə 15 iyun 2023-cü il tarixində baş verib. İfadələri ilə təqsirləndirilən şəxsə böhtan atmır. İfadəsini təsdiq edir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid3 və Şahid2 ibtidai istintaq zamanı Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun ifadələrində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ilə şahidlər Şahid3 və Şahid2 aralarında üzləşdirmə keçirilən zaman ifadələrində göstərdikləri halları onun yanında da təsdiq etmişlər. Məhkəmədə elan olunub araşdırılmış 15 iyun 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 15 iyun 2023-cü il tarixdə saat 17:24-də ünvan 4 ünvanın yaxınlığında idarə etdiyi **- SG-*** qeydiyyat nişanlı avtomobillə birlikdə saxlanılaraq Baş İdarəyə gətirilmişdir. Baş İdarədə üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarın sağ yan cibindən 01 ədəd bükümdə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə "Sony” markalı videokamera aparatı istifadə edilməklə videoçəkiliş ilə həyata keçirilmiş və “DVD” diskə yazılaraq protokola əlavə edilmişdir. Həmin "DVD” diskdə olan videoçəkilişdə cinayət təqibi üçün əhəmiyyət kəsb edən məlumatlar əks edildiyindən 01 ədəd DVD disk 21 sentyabr 2023-cü il tarixli qərar ilə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmədə elan olunub araşdırlmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/3383 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs üzərindən aşkar olunan maddələr...” yazı və imzalar olan zərfdə 1 ədəd sellefon kəsiyi bükümdə təmiz çəkisi 5,387 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsualla hazırlanmış narkotik vasitəheroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin İ siyasına daxildir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından əlavə olunmuş 17 iyun 2023-cü il tarixli maddi sübut kimi tanınma qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş külli miqdarda 5,387 qram çəkidə narkotik vasitə heroin maddi sübut kimi tanınmış, qalıq çəkisi 5,337 qram narkotik vasitə heroin məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Məhkəmənin hüquqi dəyərləndirməsi: Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi həmin Məcəllənin «Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər» fəslində nəzərdə tutulmuşdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair ciinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli, 2 saylı Qərarında göstərilir ki, 234-cü maddənin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitlərin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avdanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Verilən ittiham üzrə Təqsirləndirilən şəxs istinad olunan əməllərdə onun təqsirliliyinin sübuta yetirilməsi üçün onun satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə edib saxlamaqla daşıması sübut edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs gətirdiyi dəlilləri araşdırmış, müdafiə tərəfinin ittihamı mübahisələndirdiyi hissələrdəki mövqeyini ona qarşı ibtidai istintaq zamanı psixi zorakılıq edilməsi ilə əlaqələndirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində polis bölməsində polis əməkdaşlarının ona qarşı psixi zorakılıq etdiyini, üzərindən aşkar olunan narkotik vasitənin ona aid olmadığını, narkotik vasitələrin həm istifadəsi, həm də satışı ilə məşğul olmadığını göstərmişdir. Məhkəmədə onun bu ifadələri araşdırılarkən qismən öz təsdiqini tapdı. Belə ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni satış məqsədiylə deyil, satış məqsədi olmadan əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımada təqsirli bilinməlidir. Məhkəmə gəldiyi bu nəticəni onunla əsaslandırır ki, məhkəmədə Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə ittiham tərəfindən məhkəməyə hər hansı bir mötəbər sübut təqdim olunmamışdır. Məhkəmənin bu mövqeyi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsi baxımından da əsaslıdır. Belə ki, həmin maddəyə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmədə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona psixi təsir göstərilməsi və üzərindən aşkarlanan narkotik vasitələrin ona aid olmaması ilə bağlı olan ifadələri araşdırılarkən öz təsdiqini tapmadı. Bu səbəbdən də məhkəmə, onun bu ifadələrini faktiki əsası olmayan və öz müdafiəsinə yönələn ifadələr kimi qiymətləndirir. Bu səbəbdən də məhkəmə onun ibtidai istintaqın ilkin mərhələlərində vermiş olduğu və işin hallarına uyğun olan qismən etirafedici ifadələrinə istinad edilməsini əsaslı sayır. Beləliklə də, məhkəmə, yuxarıda təsvir olunan sübutlar əsasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin dispozisiya şərətlərinə uyğun gəldiyini nəzərə alıb onun əməllərini həmin maddə ilə tövsif edilməsini və ona elan olunmuş ittihamdan Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin xaric olunmasını əsaslı sayır və ittihamdan xaric edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində nəzərdə tutulan cinayət əməlini onun tərəfindən anlaqlı vəziyyətdə qəsdən törətməsinin sübuta yetirildiyi qənaətinə gəlir və bu əmələ görə onu həmin maddədə nəzərdə tutulan qaydada onun cəzalanmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməlin cinayət olmasını aradan qaldıran hal və onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmədə istintaq zamanı materialların məhkəmə ekspertizasının keçirilməsinə 88 (səksən səkkiz) manat xərclənməsi müəyyən olundu. Məhkəmə bu məbləğin dövlət büdcəsi hesabına ödənilməsini təmin edib, ekspertizasının keçirilməsinə sərf edilmiş 88 (səksən səkkiz) manat vəsaitin Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə qaytarılmasını əsaslı sayır. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi 20 (iyirmi) saat hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 20 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün 120 (yüz iyirmi) manat vəsaitin Azərbaycan Respublikası Vəkillər X3 və Tədris Mərkəzinin hesabına ödənilməli olması müəyyən olundu. Məhkəmə həmin məbləğin dövlət büdcəsi hesabına ödənilməsini təmin edib Təqsirləndirilən şəxs həmin ödəmədən azad olunmasını əsaslı sayır. Məhkəmə, iş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün DİN BMCMİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq çəkisi 5,337 qram narkotik vasitə heroinin sərbsət dövriyyəsi qadağan olunmuş əşya kimi məhv edilməsini, şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınaraq yaddaş daşıyıcısına köçürülmüş, özündə videgörüntüləri əks etdirən 01 (bir) ədəd CD diskin cinayət işinin materiallarında saxlanılmasını əsaslı sayır. Məhkəmə, cinayət işinin predmetini təşkil edən və iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitənin miqdarları arasında yaranmış fərqi onların ekspertiza tədqiqatı zamanı istifadə edilib aşınmasının nəticəsi kimi qəbul edir. Məhkəmə, narkotik xassəli vasitələrin məhv edilməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq, yaradılmış komissiya tərəfindən həyata keçirilməsini nəzərə alır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 15 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 16 iyun 2023-cü il tarixdə o, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, 17 iyun 2023-cü ildə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi himayəsində 02 azyaşlı uşağının olması, ibtidai istintaqın ilkin mərhələlərində törətmiş olduğu cinayət əməli barədə etirafedici ifadələr verib cinayətin açılmasında iştirak etməsi müəyyən edildi. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməllərinin xarakterini və Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən məlumatları nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmədə elan edilib, araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş iş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 3834 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstələyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Məhkəmə, həmin halı nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halın olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına, həyat və ailə şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin başlanğıcı 15 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs, narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Dövlət büdcəsi hesabına məhkəmə kimyəvi ekspertizasının keçirilməsinə sərf olunmuş 88 (səksən səkkiz) manat vəsait Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Həmin məbləğ Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə qaytarılsın. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 20 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün 120 (yüz iyirmi) manat vəsait Azərbaycan Respublikası Vəkillər X3 və Tədris Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs həmin ödəmədən azad olunsun. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün DİN BMCMİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5,337 qram narkotik vasitə olan heroin məhv edilsin, 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar