Məhkəmə qərarları › İş №1(101)-852/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-852/2021

05.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-852/2021 05.04.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1980-ci ildə Tərtər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, Tərtər rayonu, İrəvanlı kəndində qeydiyyatda olan, həbs olunanadək faktiki olaraq Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində nömrəsiz evdə kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin əldə etmiş, saxlamış və daşımışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə hesab olunan heroini 3,880 qram çəkidə istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib üzərində saxlamaqla daşımış, xx xxxxxx 2020-ci il tarixdə, saat 01:30 radələrində taksi avtomobilində sərnişin olaraq Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məmmədbəyli küçəsində qurulmuş komendant postundan keçərkən taksidən düşməsi ilə bağlı şübhəli olduğuna görə həmin vaxt komendant postunda xidmətdə olan Sabunçu RPİ-nin CAŞ-nin və PPXB-nin əməkdaşları tərəfindən qeyd edilən yerdə saxlanılaraq Sabunçu RPİ-nin 13-cü Polis bölməsinə aparılmış, orada onun üstünə şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən külli miqdarda satış məqsədi ilə əldə edib üzərində daşımaqla saxladığı 1 (bir) ədəd şəffaf sellofana bükülmüş halda 3,880 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, o, bədənində olan ağrılar səbəbindən əziyyət çəkmişdir. Ona görə də o, ağırlarını azaltmaq üçün tez-tez kakos qəbul etmişdir. xx xxxxxx 2020-ci il tarixdə axşam saatlarında o, narkotik vasitə almaq üçün evdən çıxmışdır. O, həmin gün 1 (bir) qram kakos almışdır. Lakin onun pulu olmadığına görə o, aldığı kokosun pulunu ödəyə bilməmişdir. O, kakos aldıqdan sonra kirayədə qaldığı evə taksi ilə qayıdarkən karantin vaxtı olduğundan komendant postunda polis əməkdaşları onun olduğu taksini maşınını saxlatmışlar və ondan icazəsinin olubolmamasını soruşmuşlar. O, həmin polislərə icazəsinin olmadığını bildirmişdir. Sonra polis əməkdaşları ondan şübhələnmişlər və onun üzərini axtarmağa başlamışlar. Həmin vaxt polislər onun üzərindən aldığı kakosu aşkarlamışlar. İttiham aktında qeyd olunub ki, həmin vaxt onun üzərindən heroin aşkar edilmişdir. Lakin onun üzərində heroin olmamışdır. Polislər onun üzərindən aldığı həmin kakosu aşkar etmişlər. O, kakosdan istifadə etmişdir. Onun üzərimdə aşkar olunmuş kakosu da o, öz istifadəsi üçün almışdır. Onun həmin kakosu kiməsə satmaq məqsədi və niyyəti olmamışdır. Lakin onun üzərini yoxlayan polis həmin vaxt ona bir neçə zərbə vurmuşdur. O da həmin polisə cavab vermişdir. Bundan sonra polislər acığa düşmüşlər və onu heroinlə rəsmiləşdirmişlər. İttiham aktında göstərilmiş heroin ona məxsus olmamışdır. Onun üzərindən polislər kakos aşkar etmişlər. Həmin kakosun çəkisi təxminən 1 (bir) qram olmuşdur. Lakin polislər ondan acıq çıxmaq və onu “cəzalandırmaq” üçün onun üzərindən 3 (üç) qramdan çox narkotik vasitə heroinin aşkarlandığını yazmışlar. O, bununla razı deyil. Həmin vaxt onun üzərində heroin deyil, kakos olmuş və həmin kakosun çəkisi cəmi 1 (bir) qram olmuşdur. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını, əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini və qeyd edilən maddə üzrə ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi qismən etirafedici ifadəsini, şahid ifadələrini, habelə cinayət işinin materiallarında olan bütün sübutları ayrıayrılıqda və məcmu halda nəzərə alaraq və onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməməsi və üzərindən aşkar edilmiş külli miqdarda narkotik vasitəni öz istifadəsi üçün əldə etməsi ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, xx xxxxxx 2020-ci il tarixdə, saat 01:30 radələrində karantin rejimi ilə əlaqədar olaraq digər polis əməkdaşı olan Şahid2 ilə bərabər Bakı şəhəri, Sabunçu rayonu, L.Məmmədbəyli küçəsində yerləşən stasionar postda xidmətdə olmuşdur. Onlar postda olarkən taksi maşınını saxlatmışlar. Həmin taksi maşınından bir nəfər şəxs düşmüş və o, sonradan taksi maşınından düşən şəxsin adının Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Bu vaxt onlar həmin şəxsdən küçəyə çıxmaq üçün icazəsinin olub-olmamasını yoxlamaq məqsədi ilə həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs onların suallarndan yayınaraq qeyri-dəqiq cavablar verməyə başlamışdır. Onlar Təqsirləndirilən şəxs narkotik vasitələrin təsiri altında olmasından şübhələnmişlər və ona görə sonuncunu Sabunçu RPİ-nin 13-ci Polis bölməsinə dəvət etmişlər. Polis bölməsində Təqsirləndirilən şəxs üzərinə onun və onun iş yoldaşının iştirakı ilə təhqiqatçı tərəfindən videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadagan edilmiş əşyaları təqdim edilməsi təklif edildikdə, sonuncu əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd şəffaf sellofana bükülmüş içərisində qəhvəyi rəngli, toz şəkilli maddə olan bükümü təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan maddənin heroin olduğunu, həmin maddəni Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində olarkən üzdən tanıdığı, adını “Elşən” kimi bildiyi şəxsdən istifadə etmək məqsədi ilə 120 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik maddə onların iştirakı ilə götürülərək qablaşdırılmış və möhürlənmişdir. Şahid2 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, xx xxxxxx 2020-ci il tarixdə, saat 01:30 radələrində karantin rejimi ilə bağlı olaraq Şahid1la bərabər Bakı şəhəri, Sabunçu rayonu, L.Məmmədbəyli küçəsində yerləşən stasionar postda xidmətdə olmuşdur. Həmin vaxt posta yaxınlaşan taksi avtomobilindən düşən sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyikləri sərnişinin küçəyə çıxmaq üçün icazəsinin olub-olmamasını yoxlamaq məqsədi ilə onlar həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs onların suallarından yayınaraq qeyri-dəqiq cavablar verməyə başlamışdır. Onlar Təqsirləndirilən şəxs narkotik vasitələrin təsiri altında olmasından şübhələnmişlər və bu səbəbdən də sonuncunu Sabunçu RPİ-nin 13-ci Polis bölməsinə dəvət etmişlər. Polis bölməsində Təqsirləndirilən şəxs üzərinə onun və onun iş yoldaşının iştirakı ilə təhqiqatçı tərəfindən videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadagan edilmiş əşyaları təqdim edilməsi təklif edildikdə, sonuncu əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd şəffaf sellofana bükülmüş içərisində qəhvəyi rəngli, toz şəkilli maddə olan bükümü təqdim etmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan maddənin heroin olduğunu, həmin maddəni Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində olarkən üzdən tanıdığı, adını “Elşən” kimi bildiyi şəxsdən istifadə etmək məqsədi ilə 120 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik maddə onların iştirakı ilə götürülərək qablaşdırılmış və möhürlənmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidin) ifadələri ilə yanaşı, elan edilmiş şahid ifadəsini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020ci il tarixli raportdan (cild 1, iş vərəqə 4) görünür ki, xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs komendant saatı ilə əlaqədar icazəsinin olub-olmaması yoxlanılan zaman o, özünü şübhəli apardığından Sabunçu RPİ-nin 13-cü Polis bölməsinin əməkdaşları tərəfindən həmin Polis bölməsinə aparılmış və orada onun üzərində baxış keçirilməsi zərurəti yaranmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 5) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 6) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 24) görünür ki, Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 25-26) görünür ki, Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən şəffaf sellofana bükülmüş içərisində qəhvəyi rəngli toz şəklində maddə olan 1 (bir) ədəd büküm aşkar edilmiş və qeyd edilən büküm maddi sübut kimi götürülmüşdür. Qeyd edilən prosessual hərəkətlər videoçəkiliş vasitəsi ilə aparılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli tibbi müayinənin keçirilməsi haqqında 1029 nömrəli aktdan (cild 1, iş vərəqə 33) görünür ki, həmin gün keçirilən tibbi müayinə zamanı Təqsirləndirilən şəxs OPİ (+) aşkar edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/2509 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 34-38) görünür ki, tədqiqata təqdim edilmiş, «vət: Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə» və sair qeydlər olan zərfdəki 1 (bir) ədəd bükümdə, təmiz çəkisi 3,880 qram olan maddə - kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi 3,880 qram (tədqiqata 0,050 qram sərf edilmiş, qalıq 3,830 qramdır) təşkil edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 52-53) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməsinə görə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli görüntüyə baxış keçirilməsi barədə protokoldan (cild 1, iş vərəqə 66-67) görünür ki, həmin görüntü açıldıqda otaqda xüsusi geyimində 3 (üç) nəfər şəxs və 1 (bir) nəfər mülki geyimdə olan şəxs görüntüyə gəlir. Polis mayoru, xüsusi geyimində olan şəxs özünü 13-cü Polis bölməsinin baş təhqiqatçısı Elşən Quliyev kimi təqdim etmiş, Sabunçu RPİ-nin əməkdaşları tərəfindən narkotik vasitələrin saxlanılmasında şübhəli bilinən və Polis bölməsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə xx xxxxxx 2020-ci il tarixdə şəxsi axtarış keçirilməsini bildirmişdir. Bundan sonra otaqda olan və şəxsi axtarışda iştirak edən şəxslər özlərini təqdim etmişlər. Məlum olmuşdur ki, Təqsirləndirilən şəxs üzərində keçiriləcək şəxsi axtarışda Sabunçu RPİ PPXB-nün əməkdaşı Şahid1, Sabunçu RPİ CAŞ-nin kiçik əməliyyat müvəkkili Şahid2 və saxlanılan Təqsirləndirilən şəxs iştirak etmişdir. X5 Polis bölməsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərində saxladığı qanunla dövriyyəsi qadagan edilmiş əşyaları təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd şəffaf sellofana bükülmüş bükümü təqdim edərək həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu və həmin heroinin ona məxsus olduğunu bildirmişdir. Sorgu-sual zamanı Təqsirləndirilən şəxs narkotik vasitəni şəxsi istifadəsi üçün xx xxxxxx 2020-ci il tarixdə axşat saatlarında Balaxanı qəsəbəsində tanımadığı şəxsdən 120 manata əldə etdiyini bildirmişdir. Təhqiqatçı bükümü açdıqda həmin bükümün içində qəhvəyi rəngli toz şəkilli maddə aşkar olunmuşdur. Aşkar olunmuş maddənin ekspertiza tədqiqatına təqdim olunmasına dair məlumat verilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarından (cild 1, iş vərəqə 75-77) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 78-79) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər iki dəfə cinayət məsuliyyətinə cəlb edilmiş və yeni cinayət törədərkən onun üzərində ödənilməmiş məhkumluğu olmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 3390 nömrəli rəyindən (cild 1, iş vərəqə 97-98) görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi nəticəsində narkomaniya xəstəliyi aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstəriş yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli “xxxx” MMC-nin cavab məktubundan və ona əlavə edilmiş sənədlərdən (cild 1, iş vərəqə 143-147) görünür ki, təqsirləndrilən şəxs Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə edilmiş telefon danışıqlarına dair məlumatlara baxış keçirilərək müəyyən edilmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə, saat 01:17:56-da Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən ***- ***-**-** saylı mobil telefon nömrəsinə «qapınızın yanına çeti qoymuşam yığ meni başa salım götür ağrıdan çıx», həmin gün saat 01:18:00-da «qaqan ölmayıb sen ağrıyasan», xx xxxxxx 2020-ci il tarixdə, saat 21:25:39-da ***-***-**-** saylı mobil telefon nömrəsindən ***-***-**-** saylı mobil telefon nömrəsinə «celaldı bayaq yanımdan keçdin neyse olem opede ağrıdan kömek et yalv» mesajlar (sms) göndərilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2021-ci il tarixli əməlin tövsif edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 99-100) görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-cü maddəsindən həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 102) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə yeni məzmunda ittiham elan edilmiş və ona həmin maddə üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2021-ci il tarixli Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarından (cild 1, iş vərəqə 137-139) görünür ki, həmin gün Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 1 (bir) ay müddətinə uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2021-ci il tarixli telefon zəngləri üzrə aparılmış əməliyyatlar barədə məlumatlara baxış keçirilməsi barədə protokoldan (cild 1, iş vərəqə 142) görünür ki, xx xxxxxx 2020-ci il tarixdə, saat 01:17:56-da Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən ***-***-**-** saylı mobil telefon nömrəsinə «qapınızın yanına çeti qoymuşam yığ meni başa salım götür ağrıdan çıx», həmin gün saat 01:18:00-da «qaqan ölmayıb sen ağrıyasan», xx xxxxxx 2020-ci il tarixdə, saat 21:25:39-da ***-***-**-** saylı mobil telefon nömrəsindən ***-***-**-** saylı mobil telefon nömrəsinə «celaldı bayaq yanımdan keçdin neyse olem opede ağrıdan kömek et yalv» mesajlar (sms) göndərilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 153-157) görünür ki, iş üzrə maddi sübut qismində çıxış edən və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3,830 qram təşkil edən narkotik vasitə heroin saxlanılması üçün Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın keçirilməsi görüntülərini özündə əks etdirən 1 (bir) ədəd diskin və “xxxx” MMC-dən götürülmüş telefon danışıqlarına dair məlumatları özündə əks etdirən 1 (bir) ədəd diskin cinayət işinin materiallarında saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Andrey X1rşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin xx xxxx 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olubolmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5-ci bəndinə təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istintaq orqanına naməlum vaxtda, naməlum mənbədən, naməlum çəkidə və sayı məlum olmayan bükümlərdə qanunsuz olaraq narkotik vasitə heroin əldə etmişdir. Məhkəmə istintaqında onun tərəfindən narkotik vasitə heroinin əvəzli və ya əvəzsiz qaydada əldə edilməsini müəyyən etmək mümkün olmamışdır. Lakin Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə etdiyi heroini xx xxxxxx 2020-ci il tarixdə üzərində saxlayaraq daşımışdır. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs narkotik vasitə heroinin haradan, hansı qiymətə, kimdən, hansı şəraitdə və nə vaxt əldə etməsini müəyyən etmək mümkün olmamışdır. İbtidai istintaq zamanı ibtidai istintaq orqanı tərəfindən bu hissədə bir neçə dəfə əməliyyat tapşırıqları verilsə də, əməliyyat yolu ilə qeyd edilən hallar müəyyən edilməmişdir. Lakin xx xxxxxx 2020-ci il tarixdə, saat 01:30 radələrində Təqsirləndirilən şəxs taksi maşınında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məmmədbəyli küçəsində qurulmuş komendant postuna yaxınlaşması, polis əməkdaşları tərəfindən onun müvafiq icazəsinin olub-olmamasının yoxlanılması, nəticədə onun müvafiq icazəsinin olmaması, həmin vaxt onun özünü şübhəli aparması, onun şübhəli hərəkətlərinin komendant postunda xidmət edən polis əməkdaşlarının diqqətini çəkməsi, bu səbəbdən də təqsirləndirilən şəxsin 13-cü Polis bölməsinə dəvət edilməsi, orada onun hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə dəvət edilmiş müdafiəçinin iştirakı ilə onun üzərində şəxsi axtarışın keçirilməsi, şəxsi axtarış zamanı onun əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) bükümdə 3,880 qram çəkidə narkotik vasitə heroinin aşkar edilməsi və təqsirləndirilən şəxsin həmin vasitənin ona məxsus olmasını bildirməsi məhkəmə istintaqında tam şəkildə öz təsdiqini tapmışdır. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroini əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi Təqsirləndirilən şəxs əməlinin tövsifində mühüm və başlıca rol oynayır. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs tutulmasından əvvəl onun hərəkətlərini, tutulma şəraitini, tutulması üçün səbəbləri və barəsində ibtidai istintaq aaparıldığı halda toplanmış sübutları ayrı-ayrılıqda və məcmu halda təhlil edilməsini vacib hesab edir. İlk növbədə məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə tutulanadək onun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, kiməsə narkotik vasitələr satması, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə bağlı üçüncü şəxslərlə münasibət qurması, habelə onun satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələri əldə etməsi ilə bağlı dəqiq və yoxlanılmış məlumat olmamışdır. Yəni, hüquq mühafizə orqanları Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması barədə hər hansı obyektiv məlumata sahib olmamışlar. Məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşı da Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlaması, daşıması və satışı ilə məşğul olması barədə onlarda əməliyyat məlumatının olmadığını bildirmişdir. Başqa sözlə, cinayət işinin materiallarından xx xxxxxx 2020-ci il tarixədək əməliyyat və istintaq orqanlarında Təqsirləndirilən şəxs kiməsə dövriyyəsi qadağan olunmuş narkotik vasitə satması barədə yoxlanılmış və dəqiq məlumatı olmamışdır. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Lakin Təqsirləndirilən şəxs üzərindən 1 (bir) bükümdə 3,880 qram çəkidə narkotik vasitə heroinin aşkar edilməsini, qeyd edilən çəkidə narkotik vasitənin bir neçə dəfəlik istifadə dozasının olmasını, aşkar edilmiş narkotik vasitə heroinin digər narkotik vasitə və psixotrop maddələrə nisbətdə insan orqanizminə daha çox təsir etməsini, o cümlədən təqsirləndirilən şəxsin başqa şəxslə narkotik vasitələrin satılması ilə bağlı sms yazışmalarını, yəni onun başqa şəxslə dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin satışı ilə bağlı mütəmadi münasibət qurmasını (mesajların göndərilməsi) nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs onun üzərindən aşkarlanmış narkotik vasitə heroini əslində öz istifadəsi üçün deyil, məhz satış məqsədi ilə əldə etmişdir. Əks nəticəyə gəlmək üçün məhkəmə istintaqında heç bir hal müəyyən edilməmişdir. Göstərilənləri məcmu halda nəzərə alaraq, məhkəmə bir daha belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs həqiqətəndə onun üzərindən aşkar edilmiş külli miqdarda narkotik vasitə heroini satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, üzərində saxlamış və daşımışdır. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin bütüm tərkib əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir.. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cavan olmasını və yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir və qiymətləndirir. Onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal və ya hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhz bu cəzanı ona təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan rəyə əsasən Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin maddi sübutları saxlama otağında saxlanılan və tədqiqatdan sonra qalıq çəkisi 3,830 qram təşkil edən narkotik vasitə heroin məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın keçirilməsi görüntülərini özündə əks etdirən 1 (bir) ədəd disk və “xxxx” MMC-dən daxil olmuş 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 108 (yüz səkkiz) manat 46 (qırx altı) qəpik məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 108 (yüz səkkiz) manat 46 (qırx altı) qəpik məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin maddi sübutları saxlama otağında saxlanılan və tədqiqatdan sonra qalıq çəkisi 3,830 qram təşkil edən narkotik vasitə heroin məhv edilsini, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın keçirilməsi görüntülərini özündə əks etdirən 1 (bir) ədəd disk və “xxxx” MMC-dən daxil olmuş 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 108 (yüz səkkiz) manat 46 (qırx altı) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar