Məhkəmə qərarları › İş №1(101)-852/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-852/2024

08.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-852/2024 08.01.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əsgərova-X5 (sədrlik edən), Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs müdafiəçi – Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1958-ci ildə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, ünvan 1 ünvanda yaşayan, barəsində 12 may 2023-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qəsdən zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 10 may 2023-cü il tarixdə saat 17:00 radələrində ünvan 2 ünvanın yaxınlığında tanışı Zərərçəkmiş şəxs, ona borcu olduğu 160 manat məbləğində pulu qaytarmasını dediyinə görə sonuncunun baş zərbəsi ilə onun sifət nahiyyəsindən vurmasından əsəbləşərək aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı özündə olan bıçaqla Zərərçəkmiş şəxs sol döş nahiyyəsinə qəsdən bir zərbə vurmaqla ona döş qəfəsinin sol yarısının, ön divarının sağ plevra və qarın boşluğuna nüfuz edən, diafraqmanın sol yarısının, sol ağ ciyərin, qaraciyərin sol payının zədələnməsi, daxili qanaxma və sol tərəfli hemotoraksla müşayiət olunan deşilmiş-kəsilmiş yarası kimi dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarət yetirməklə qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsinə uyğun ifadə verərək bildirmişdir ki, özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilir, hadisədən bir həftə əvvəl Murad ondan bir günlük 160 manat pul istəmişdir. Murada dediyi həmin məbləği vermişdir. Səhəri gün axşam Murad pulu qaytarmadığı üçün onunla əlaqə saxlayaraq pulu istəmişdir. Murad isə müxtəlif bəhanələr gətirərək pulu qaytarmamışdır. 01 may 2023-cü il tarixdə saat 10:00 radələrində Muradın anasının qutab, peraşki bişirdiyi dükana gedərək Muradın borcu olduğunu və pulu geri qaytarmasını bildirmişdir. Muradın anası Raisa isə ona bu məsələyə aidiyyəti olmadığını qeyd etmişdir. Həmin gün yəni, 10 may 2023-cü il tarixdə, saat 17:00 radələrində Raisanın dükanının qarşısından keçərkən həmin vaxt Murad da orada olmuşdur. Raisa Murada onu gözlədiyini və pulunu istədiyini bildirərkən Murad bıçağı itilədiyini qeyd etmişdir. Murada kənarda söhbət etməyi deyərək onunla birgə dar küçəyə gedərək ondan pulunı tələb edərkən Muradla arasında mübahisə başlamış, Murad da onun sifət nahiyyəsinə başı ilə, ağız nahiyyəsinə isə yumruqla zərbə vurmuşdur. Onunla əlbəyaxa olan zaman gücü çatmadığı üçün üzərində gəzdirdiyi qatlanan bıçağı onu qorxutmaq üçün çıxartmış, Murad həmin vaxt ona bıçağı çıxartdınsa gərək vurasan deyən zaman onun sağ qarın boşluğu hissəsinə bir dəfə həmin bıçaqla xəsarət yetirmişdir. Murad özü onu vurmağa təhrik etmişdir. Murada xəsarət yetirdikdən sonra Murad oradan qaçaraq uzaqlaşmışdır. Baş vermiş hadisədən sonra dərhal polis idarəsinə gələrək təslim olmuşdur. O, bildirmişdir ki, alt dişləri olmadığı üçün yemək yeyərkən çox çətinlik çəkdiyindən çörəyi xırda-xırda hissələrə bölmək üçün üzərində bıçaq gəzdirir. Bıçağı çıxardarkən məqsədi Muradı qorxutmaq olmuş, onu öldürmək və ya vurmaq deyə niyyəti olmamışdır. Murad cüssəcə ondan iri olduğu üçün yumruq zərbələri vuran zaman onu dayandırmaq istəmiş, ona görə də üzərindəki bıçağı cibindən çıxardıb onu özündən kənarlaşdırmaq üçün sol döş nahiyyəsinə ixtiyari bıçaq zərbəsi endirmuşdir. Etdiyi əməldən peşmançılıq hissi keçirir. Zərərçəkmiş şəxslə barışıq əldə etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı qismən etirafedici ifadələri, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından zərərçəkmiş şəxsin, şahidin ifadələrini də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, onun təqsirləndirilən şəxsə pul borcu olmuşdur. Həmin pulu çatdırıb verə bilmədiyi üçün bu hadisə baş vermişdir. Hadisə təqsirləndirilən şəxsin dediyi şəkildə, təxminən may ayında baş vermiş, o təqsirləndirilən şəxsi onu vurması üçün təhrik etmişdir. Təqsirləndirilən şəxslə barışıq əldə etmişdir, heç bir şikayəti yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadə verərək göstərmişdir ki, o, Əlişirin Muradı bıçaqla vurmasının şahidi olmamışdır. Sonradan oğlunun təqsirləndirilən şəxsə 160 manat borcu olduğunu, hadisənin də bu səbəblərdən törədildiyini bilmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, ekspert rəylərini, habelə digər sənədləri də sübut növü kimi qəbul edir. 10 may 2023-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə ünvan 3 ünvanında yaşayan Zərərçəkmiş şəxs Abdulmütəllimoviçin döş qəfəsinin kəsilmiş deşilmiş yarası ilə X10 müraciət etməsi barədə Bakı Pirallahı rayon polis idarəsinin növbətçi hissəsinə məlumat daxil olmuşdur (cild 1, iş vərəqə 3). 10 may 2023-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri ünvan 4 ünvanında yerləşir. Baxış zamanı Təqsirləndirilən şəxs qismində dindirildiyi ifadəsi ilə eyni məzmunda ifadə verərək, hadisə yerini əyani şəkildə göstərmiş, hadisədən dərhal sonra bıçağı da götürərək polis idarəsinə gələrək cinayət əməli törətdiyini bildirmişdir. Hadisə yerinə baxış zamanı maddi sübut əhəmiyyəti daşıyan əşya aşkar edilməmişdir (cild 1, iş vərəqə 5-12). 12 may 2023-cü il tarixli “Ərizə” dən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ona qarşı xəsarət yetirilməsi ilə bağlı ondan heç bir şikayəti, tələbi yoxdur və Təqsirləndirilən şəxs məsuliyyətdən azad edilməsini xahiş edir (cild 1, iş vərəqə 76). Məhkəmə ballistik ekspertizasının 13 iyun 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilən 01 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçağıdır, soyuq silah hesab edilmir, üzərində sonradan əlavə və dəyişikliklər edilməmişdir (cild 1, iş vərəqə 90-91). 16 may 2023-cü i tarixli məhkəmə-tibbi ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində sol gicgah nahiyəsinin, burun belinin sıyrıqları, alt dodağın qansızması sahəsi aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən müayinədən 1 günə qədər əvvəl törənmiş, qərarda göstərilən vaxtda və şəraitdə, yəni 10 may 2023-cü il tarixdə kənar şəxs (şəxslər) tərəfindən yetirilmələri istisna olunmur və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir (cild 1, iş vərəqə 93-94). Məhkəmə-tibbi ekspertizanın 22 iyun 2023-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində döş qəfəsinin sol yarısının, ön divarının sağ plevra və qarın boşluğuna nüfuz edən, diafraqmanın sol yarısının, sol ağ ciyərin, qaraciyərin sol payının zədələnməsi, daxili qanaxma və sol tərəfli hemotoraksla müşayiət olunan deşilmiş-kəsilmiş yarası aşkar edilmişdir. Qeyd olunan xəsarət iti uclu və kənarı olan əşya (alət) ola bilsin bıçaq təsirindən Zərərçəkmiş şəxs 10 may 2023-cü il tarixdə “X11” RHŞ-nə müraciət etdiyi vaxtdan bir qədər əvvəl törənmişdir, qərarda göstərilən 10 may 2023-cü il tarixdə və şəraitdə kənar şəxs (şəxslər) tərəfindən yetirilmələri istisna olunmur, dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Vətəndaş Zərərçəkmiş şəxs müayinəsi zamanı aşkar edilmiş xəsarət əlçatan nahiyələrdə yerləşsə də, xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətin şəxsin özü tərəfindən yetirilməsi mümkün deyildir (cild 1, iş vərəqə 95-97). Ambulator məhkəmə-psixiatrik ekspertizasının 10 avqust 2023-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman öz hərəkətlərinin mahiyyətini dərk etmək iqtidarında olmuşdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Hazırda da hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətdən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir (cild 1, iş vərəqə 109-110). 06 sentyabr 2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərarla Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurub xəsarət yetirdiyi 1 ədəd turist bıçağı sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün Bakı şəhəri, Pirallahı rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilməsi müəyyən edilmişdir (cild 1, iş vərəqə 116-126). Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Qazax rayon məhkəməsinin 21 oktyabr 2004-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 132, 128-ci maddələri ilə təqsirli bilinərək 1.100.000 manat cərimə cəzasına məhkum edilmiş, cəriməni tam ödəmişdir (cild 1, iş vərəqə 125-126). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Həmin əməl Təqsirləndirilən şəxs tərəfindən qəsdən törədilmişdir, başa çatmış cinayətdir, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən cinayətlərin təsnifatına görə ağır cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs oğluna qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işi materiallarına əlavə edilmiş Bakı şəhəri Pirallahı rayon İcra Hakimiyyət başçısının Pirallahı qəsəbəsi üzrə nümayəndəsinin müavini tərəfindən təqdim edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs 1992-ci ildə birinci Qarabağ müharibəsi iştirakçısı olmuşdur. Pirallahı qəsəbəsində yaşadığı müddətdə barəsində nə yazılı, nə şifahi formada şikayət daxil olmamışdır. Bundan başqa məhkəmə iclasında dindirilən zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmamamasını qeyd etməklə, həmçinin təqsirləndirilən şəxs tərəfindən verilən ifadəni təsdiq edərək hadisənin özünün qanunsuz hərəkətlərinin təsiri nəticəsində baş verdiyini, mübahisəni özü başlatdığını, təqsirləndirilən şəxsi vurduğunu və onu özünü bıçaqlamağa təhrik etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs bədəni üzərində sol gicgah nahiyəsinin, burun belinin sıyrıqları, alt dodağın qansızması sahəsinin aşkar edilməsi, həmin xəsarətlərin küt əşya (əşyalar) təsirindən müayinədən 1 günə qədər əvvəl törənməsi, habelə 10 may 2023-cü il tarixdə kənar şəxs (şəxslər) tərəfindən yetirilmələrinin istisna olunmaması barədə 16 may 2023-cü i tarixli məhkəmə tibbi ekspertiza rəyi ilə də hadisənin zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında, yəni Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs tərəfindən döyülməsi ilə əlaqədar törədilməsi barədə təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin ifadələri təsdiq edilmişdir. Bundan başqa təqsirləndirilən şəxs həm ibtidai istintaq dövründə həm də məhkəmə iclasında hadisə törətdikdən dərhal sonra Pirallahı Polis İdarəsinə gələrək könüllü təslim olması və cinayətin törədilməsində istifadə etdiyi bıçağı təhvil verməsini bildirsə də cinayət işi materiallarında onun könüllü gəlib təqsirli boynuna alması müvafiq qaydada protokol vasitəsilə rəsmiləşdirilməmişdir. Məhkəmə qeyd olunan halla əlaqədar əvvəla bildirir ki, cinayət işi materiallarına əlavə edilmiş 10 may 2023-cü il tarixli raportdan görünür ki, Pirallahı rayon Polis İdarəsinə daxil olmuş məlumat Zərərçəkmiş şəxs döş qəfəsinin kəsilmiş deşilmiş yarası ilə X10 müraciət etməsi barədə olmuş, hadisənin kim tərəfindən törədilməsi barədə informasiyanı ehtiva etməmişdir. Elə həmin tarixdə saat 20:00 radələrində tərtib edilmiş arayışdan isə görünür ki, zərərçəkmiş şəxsin təcili əməliyyata alınması ilə əlaqədar dindirilməsi mümkün olmamış, yəni hadisənin kim tərəfindən törədilməsi barədə istintaq orqanına məlumat vermək imkanı istisna olmuş, sonuncunun dindirilməsi yalnız ertəsi gün saat 09:10 radələrində həyata keçirilmişdir. 10 may 2023-cü il tarixli hadisə yerinə baxış protokolunda isə müvafiq istintaq hərəkətinin keçirilməsi vaxtı barədə məlumatlar əks olunmasa da həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yerinə baxış gündüz saatlarında, yəni qaranlıq düşmədən həyata keçirilmişdir. Digər tərəfdən təqsirləndirilən şəxsin tutulması haqqında protokol 11 may 2023-cü il tarixdə tərtib olunsa da, sonuncunun iştirakı ilə hadisə yerinə baxış istintaq hərəkəti 10 may 2023-cü il tarixdə həyata keçirilmişdir. Göründüyü kimi hadisənin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi barədə məlumatın istintaq orqanına hansı qaydada məlum olması, təqsirləndirilən şəxsin hadisə yerinə baxış istintaq hərəkətində iştirak etməsinin hansı qaydada, hansı məlumat əsasında təmin edilməsi barədə məsələlər iş materialları ilə müəyyən edilə bilinmir. Bundan başqa həmin protokolun özündə də hadisə yerinə baxış zamanı maddi sübut qismində hər hansı əşya və predmetin aşkar edilməməsi, habelə təqsirləndirilən şəxsin cinayət hadisəsini törətdikdən sonra polis idarəsinə gəlməsi, cinayətin aləti olan bıçağı təslim etməsi barədə ifadələri öz əksini tapmışdır. Məhkəmə-ballistik ekspertizasının təyin edilməsi haqqında 15 may 2023-cü il tarixli qərardan isə görünür ki, hadisə törətdikdən sonra Vələdov X2 rayon Polis İdarəsinə gələrək cinayət törətdiyini bildirmiş və cinayətin aləti olan bıçağı təhvil vermiş və məhz həmin bıçaq cinayətin aləti kimi soyuq silah olub –olmamasının müəyyənləşdirilməsi üçün ekspertizaya təqdim edilmişdir (cinayət işi, cild 1, səh 77). Məhkəmə hadisə yerindən maddi sübut kimi hər hansı əşya və predmetin aşkar edilməməsi barədə hadisə yerinə baxış protokolunu, cinayətin aləti olan bıçağın hansı qaydada istintaq orqanına daxil olması barədə məhkəmə ballistik ekspertizasının təyin edilməsi haqqında 15 may 2023-cü il tarixli qərardan savayı cinayət işi materiallarında hər hansı məlumata rast gəlinməməsi, müvafiq maddi sübutun, başqa şəxs tərəfindən istintaq orqanına verildiyi təqdirdə təqsirləndirilən şəxsə tanınma üçün təqdim edilməsi barədə protokolun cinayət işi materiallarına əlavə edilməməsi, habelə zərərçəkmiş şəxsin 11 may 2023-cü il tarixində yalnız saat 09:10-09:30 radələrində dindirilməsinə, təqsirləndirilən şəxsin şübhəli şəxs qismində 11 may 2023-cü il tarixində tutulmasına baxmayaraq sonuncunun 10 may 2023-cü il tarixdə gündüz saatlarında həyata keçirilən hadisə yerinə baxış istintaq hərəkətində iştirak etməsi kimi halları birgə qiymətləndirməklə hesab edir ki, sonuncunun Bakı şəhəri Pirallahı rayon Polis İdarəsinə könüllü gəlməsi və cinayətin aləti olab bıçağı təhvil verməsi barədə ifadəsi həqiqətə uyğun qəbul edilməklə könüllü gəlib təqsirini boynuna alma kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarına əsasən Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsində nəzərdə tutulan könüllü gəlib təqsirini boynuna alma halının mövcud olub-olmaması məsələsinə baxarkən məhkəmələr “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəlarının şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2012-ci il tarixli qərarında “könüllü gəlib təqsirini boynuna alma” müddəasının “törədilmiş və ya hazırlanan cinayətdə iştirak etməsi barədə şəxsin azad və könüllü surətdə (hər hansı bir psixi və ya fiziki təsirə məruz qalmadan) istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına gələrək yazılı və ya şifahi şəkildə məlumat verməsi” kimi təfsir olunduğunu nəzərə almalı və bu təfsirlə şərtləndirilən halların, o cümlədən şəxsin qeyd olunan orqanlara gəlməsinin onun azad iradə ifadəsi, verdiyi məlumatın isə düzgün olubolmamasını tam, hərətərfli və obyektiv yoxlamalıdırlar. Şübhəli şəxsin bu qisimdə saxlandığı zaman törədilmiş və ya hazırlanan cinayətdə iştirak etməsini etiraf etməsi könüllü gəlib təqsirini boynuna alma kimi qiymətləndirilə bilməz. Lakin, şübhəli və ya təqsirləndirilən şəxsin istintaq orqanlarına məlum olmayan başqa cinayətləri törətdiyini bildirməsi könüllü gəlib təqsirini boynuna alma hesab edilməlidir. Könüllü gəlib təqsirini boynuna almış şəxs cinayət mühakimə icraatının sonrakı mərhələlərində təqsirini inkar etdiyi halda da könüllü gəlib təqsirini boynuna alma Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. Nəzərə almaq lazımdır ki, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına görə cinayət təqibini həyata keçirən orqanda cinayət hadisəsinin baş verməsi, hətta hadisəni törədənin şəxsiyyəti barədə digər mənbələrdən məlumatın olması təqsirkarın yuxarıda qeyd olunan orqanlara könüllü gəlməsi və törədilmiş və ya hazırlanan cinayətdə iştirak etməsi barəsində düzgün məlumat verməsi halında bunun Cinayət Məcəlləsinin 59.1.10cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilməsinə mane olmur. Cinayət törətmiş şəxsin müvafiq orqana gəlməsi və əməlini etiraf etməsi onun azad iradə ifadəsi olduğu halda, sözügedən cəzanı yüngülləşdirən hal barədə məsələnin həlli üçün onun hansı motivlərlə bu cür davranması əhəmiyyət kəsb etmir. Məhkəmə könüllü gəlib təqsirini boynuna alma halının olub-olmamasını müvafiq sübutları tədqiq etməklə araşdırmalı, o cümlədən buna dair ibtidai araşdırma dövründə tərtib olunmuş protokolu Cinayət-Prosessual Məcəllənin 144-cü maddəsinin tələblərinə müvafiq qaydada yoxlamalı, həmin cəzanı yüngülləşdirən halın müəyyən edilməsi və yaxud mövcud olmaması haqqında nəticələrini bu məsələ üzrə qəti qənaətə gəlmək üçün kifayət edən mümkün və mötəbər sübutların məcmusu üzərində qurmalıdır. Beləliklə məhkəmə baş vermiş cinayət hadisəsinin zərərçəkmiş şəxsin qanunsuz hərəkətləri nəticəsində baş verməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.8-ci maddəsinə, Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna almasını Cinayət Məcəlləsinin 59.1.10-cu, zərərçəkmiş şəxslə barışmasını, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını həmin Məcəllənin 59.1.12-ci maddəsinə, birinci Qarabağ müharibəsi iştirakçısı olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Təyin olunmuş cəzanın real çəkilməsi qorxu hissi aşılasa da, bəzən cəzanın Azərbaycan Respublikası Cinayət Məcəllləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuş sosial ədalətin bərpası, məhkumun islah edilməsi, məhkumlar tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq kimi məqsədlərinə nail olunmasına xidmət etmir. Belə ki, cəza həmçinin təqsirkarda xəcalət hissi yaratmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən həmin Məcəllənin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti müəyyən olunmalıdır. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə minib icraya yönəldiyi tarixdən hesablanmalıdır. Sosial ədalətin bərpası kimi cəzanın məqsədinin şəxsə vurulmuş ziyanın optimal kompensasiyası imkanını, cəzanın cinayətin ağırlığına, təqsirkarın şəxsiyyətinin təhlükəliliyinə, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara uyğunluğunu ehtiva etməsini nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın real çəkilmədən də məqsədlərinə nail olmaq olar. Belə ki, hadisə zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında baş vermişdir. Təqsirləndirilən şəxsin 66 yaşı vardır, zərərçəkmiş şəxslə barışıq əldə etmişdir. Əvvəllər məhkum olunmamışdır. Könüllü gəlib təqsirini boynuna almışdır. Qeyd olunan halları, qanunun ədalət və humanizm prinsiplərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkmədən islah olunması mümkündür. Ona görə də Təqsirləndirilən şəxs barəsində cəza təyin edilməklə, həmin cəzanın Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinin tələblərinə uyğun qaydada şərti olaraq tətbiq edilməsi ədalətli, qanuni və əsaslı hesab edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Pirallahı rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurub xəsarət yetirdiyi 1 ədəd turist bıçağı məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən 64 (altmış dörd) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 90). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün onun hüquqlarını dövlət büdcəsi vəsaiti hesabına ibtidai istintaq mərhələsində Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X4, məhkəmə zamanı Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla ibtidai istintaq mərhələsində göstərilmiş 50 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına X1 işlədiyi Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat məbləğində pul, məhkəmə mərhələsində 40 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Müdafiəçi işlədiyi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 1 (bir) il sınaq müddəti ilə şərti hesab edilsin. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət Bakı şəhər Probasiya İdarəsi tərəfindən həyata keçirilsin. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin əvvəli məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar: - Pirallahı rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurub xəsarət yetirdiyi 1 ədəd turist bıçağı məhv edilsin. Təqsirləndirilən şəxs 64 (altmış dörd) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. İbtidai istintaq mərhələsində göstərilmiş 50 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına X1 işlədiyi Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat məbləğində pul köçürülsün. Məhkəmə mərhələsində göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Müdafiəçi işlədiyi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar