Məhkəmə qərarları › İş №1(101)-853/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-853/2025

25.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-853/2025 25.04.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər, X17 (sədrlik edən), X13 və X4 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X7, Təqsirləndirilən şəxs müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxxxx 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, heç bir yerdə işləməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-266/2023 saylı, 02 mart 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 02 sentyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 4(009)- 473/2024 saylı, 04 sentyabr 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda satış məqsədilə qanunsuz olaraq 01 (bir) ədəd bükümdə qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış xüsusilə külli miqdarda təmiz çəkisi 2225,0 qram narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Səbail Rayon Polis İdarəsinin X2 və həmin idarənin Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində xx.xx.2024-cü il tarixdə saat 21:40 dəqiqədə Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Əlibəyov Qardaşları küçəsi, 1 saylı evin qarşısında piyada hərəkət edən zaman Təqsirləndirilən şəxs saxlanılaraq, hava və əməliyyat şəraiti, o, cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla Bakı şəhəri, Səbail Rayon Polis İdarəsinin ünvan 2 ünvanında yerləşən inzibati binasına gətirilmiş, həmin tarixdə saat 23:00-dən etibarən 37 nömrəli xidməti iş otağında müdafiəçinin iştirakı ilə videoçəkilişlə keçirilən “şəxsi axtarış və götürmə” istintaq hərəkəti zamanı sağ əlində saxladığı ağ rəngli üzərində “Sale” sözləri yazılmış selofan torbada 01 (bir) ədəd bükümdə qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış xüsusilə külli miqdarda yəni, təmiz çəkisi 2225,0 qram narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 3 il olar ki, gündə 2-3 qram olmaqla narkotik vasitə heroindən istifadə edir. xx.xx.2024-cü il tarixdə tanımadığı İran İslam Respublikasının vətəndaşı ilə “Whatsap” tətbiqi vasitəsi ilə əvvəlcədən əlaqə saxlamaqla ünvan 3 ünvanın qarşısında narkotik vasitə heroinin qoyulması barədə danışmışdır. Həmin narkotik vasitə heroini şəxsi istifadəsi üçün almışdır. Nəhayət xx.xx.2024-cü il tarixdə 21:40 radələrində tanımadığı İran İslam Respublikasının vətəndaşı ilə “Whatsap” tətbiqi vasitəsilə əlaqə saxlayıb, telefona məkan göndərmə vasitəsi ilə Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Əlibəyov Qardaşları küçəsi, 1 saylı evin qarşısına tanışı və qeyri-rəsmi münasibətdə olaraq yaşadığı Şahid5 və 15 manat pulun müqabilində sifariş əsasında çağırdığı taksi sürücüsü, şəxsiyyəti sonradan tam olaraq məlum olan Şahid4 idarə etdiyi “Lada-Granata” markalı **-OS-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə həmin ünvana gəlmişdir. Həmin ünvana əvvəlcədən qoyulan narkotik vasitə olan heroini sağ əlinə götürmüş, içərisinə baxmamış, bundan sonra piyada hərəkət edən vaxt 2 (iki) nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edərək özlərinin Səbail rayon Polis İdarəsinin əməkdaşları olduqlarını bildirmişdilər. Ondan həmin vaxt polis əməkdaşları ad və soyadını soruşmuşdular. Bundan sonra özünü xx.xx.1994-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olaraq təqdim etmişdir. Bundan sonra polis əməkdaşları onu Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin ünvan 2 ünvanında yerləşən binasına dəvət edib gətirmişlər. Həmçinin onunla birlikdə Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Əlibəyov Qardaşları küçəsi, 1 saylı evin qarşısına birlikdə gedən Şahid5 və taksi sürücüsü Şahid4 digər polis əməkdaşları tərəfindən saxlanılmalarının şahidi olmuşdur. İdarənin inzibati binasında ona əvvəlcədən təqdim edilən vəkil siyahısı üzrə Bakı şəhəri, 3 saylı Vəkil bürosunun vəkili X5 vasitəsilə baş təhqiqatçı Elnur Həsənov tərəfindən hüquq və vəzifələri izah edilmişdir. Beləliklə də vəkil Mehman Əliyevin iştirakı İlə videoçəkilişlə keçirilən şəxsi axtarış və götürmə zamanı sağ əlində saxladığı ağ rəngli üzərində “Sale” sözləri yazılmış sellofan torbada olan 01 (bir) ədəd bükümdə olan narkotik vasitə-heroini və əynində olan boz rəngli şalvarın sol yan cibindən 1 (bir) ədəd “Samsung A23” markalı mobil telefonu xidməti otaqda olan masanın üzərinə qoymuşdur. Bundan sonra sağ əlində saxladığı ağ rəngli sellofana bükülmüş torbanın içərisindən 1 (bir) ədəd qara rəngli selofana bükülmüş bükülünün içərisindəki narkotik maddə polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Halbuki o, polis əməkdaşları tərəfindən döyülmüş, içərisində narkotik vasitə olan torba isə ona videçəkilişdən öncə verilmişdir. Daha sonra aşkar edilmiş narkotik maddə və “Samsung A23” markalı mobil telefon onun və digər polis əməkdaşlarının iştirakı ilə Səbail rayon polis idarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçı polis mayoru X14 tərəfindən zərfə qoyularaq möhürlədikdən sonra həmin protokol iştirakçılar tərəfindən imzalanmış və kimyəvi ekspertizaya göndərilmişdir. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, Suraxanı bazarında satıcı işləyir, aylıq əmək haqqı 500 təşkil edir. Narkotik vasitə almaq üçün qardaşı maddi kömək göstərir, həmçinin kazino oyunları oynayır və oradan da müəyyən gəlirlər əldə edir. O, heç vaxt kuryerlik xidməti göstərməyib. İranlı şəxs ona 100 qr mal göndərəcəyini demiş və pulunu da istəmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün qismən etirafedici ifadəsi ilə yanaşı aşağıda göstərilən sübutlarla təsdiq edilir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Səbail Rayon Polis İdarəsinin Kriminalistik tədqiqatlar qrupunun inspektorkriminalisti, polis kapitanı Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.1994-cü il tarixdə Təqsirləndirilən şəxs və “Sevda” adlı şəxsin qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitələrin və ya psixotrop maddələrin satışı məqsədi ilə əldə edərək Bakı şəhəri, Səbail rayonu ərazisində qanunsuz olaraq dövriyyəsi işə məşğul olması barədə mütəmadi olaraq əməliyyat məlumatları daxil olmuşdu. Göstərilənlərə əsasən daxil olmuş əməliyyat məlumatının əməliyyat yolu ilə yoxlanılması, Təqsirləndirilən şəxs və “Sevda” adlı şəxsin qanunsuz olaraq cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud cinayət törətdikdən sonra yaxalanması, narkotik vasitələrin, psixotrop maddələrin, cinayət izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə əməliyyat qrupunun yaradılmasına və təxirə salınmaz tədbirlər görülməklə qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsi məqsədilə Daxili İşlər Nazirliyinin Səbail Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Hikmət Qasımovun adına Səbail rayon Polis İdarəsinin X2 rəisi, polis mayoru Elnur Orucov tərəfindən xx.xx.2024-cü il tarixdə raport tərtib edilmişdi. Bundan sonra Səbail rayon Polis İdarəsinin rəisi, polis polkovniki Hikmət Qasımov tərəfindən daxil olan məlumat ətrafında əməliyyat-axtarış tədbilrərinin və müvafiq prosesual hərəkətlərin həyata keçirilməsi məqsədi ilə həmin İdarənin əməkdaşlarından ibarət “əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair” və əməliyyat qrupunun yaradılması barədə qərar qəbul edilmişdi. Beləliklə də Təqsirləndirilən şəxs qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitələri və psixotrop maddələrin satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Səbail rayon ərazisində dövriyyəsi ilə məşğul olmasında kifayət qədər şübhəli bilindiyindən xx.xx.2024-cü il tarixdə saat 21:40 radələrində əməliyyat qrupu ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Əlibəyov Qardaşları küçəsi, 1 saylı evin qarşısında piyada hərəkət edən zaman Təqsirləndirilən şəxs saxlanılaraq, üzərlərində olan polis xidməti vəsiqələrini təqdim etməklə və hava, əməliyyat şəraiti, nəqliyyat vasitələrinin, insanların vaxtaşırı olaraq hərəkəti o, cümlədən təhlükəsizlik tədbirləri nəzərə almaqla Daxili İşlər Nazirliyinin Bakı şəhəri, Səbail Rayon Polis İdarəsinin ünvan 2 ünvanında yerləşən inzibati binasına dəvət edilərək gətirilmişdi. Göstərilənlərə əsasən vətəndaş Təqsirləndirilən şəxs üzərində və paltarında, əşyalarında, bədənində, yaşadığı ünvanda olması ehtimal edilən narkotik vasitənin, psixotrop maddələrin qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların sənədlərin və cinayətin izlərinin aşkar olunaraq götürülməsi üçün müvafiq tədbirlərin görülməsi ilə bağlı Səbail Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Hikmət Qasımovun adına xx.xx.2024-cü il tarixdə raport tərtib edilmişdi. Həmin raportun araşdırılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Səbail rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru X11 həvalə edilmişdi.Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru Elnur Həsənov tərəfindən Təqsirləndirilən şəxs istəyi və öz razılığı əsasında Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X10 dəvət edilərək şübhəli şəxs qismində saxlanılan Təqsirləndirilən şəxs təqdim edildi. Həmin vaxt Təqsirləndirilən şəxs təhqiqatçı Elnur Həsənov tərəfindən hüquq və vəzifələri izah edildi. Beləliklə də Daxili İşlər Nazirliyinin Bakı şəhəri, Səbail Rayon Polis İdarəsinin ünvan 2 ünvanında yerləşən inzibati binasına binasının 37 nömrəli xidməti iş otağında Təqsirləndirilən şəxs üzərinə “Şəxsi axtarış və götürülmə aparılması haqqında” protokol tərtib edildi.Bundan sonra “Şəxsi axtarış və götürülmə aparılması haqqında” protokolda təhqiqatçı Elnur Həsənov tərəfindən Təqsirləndirilən şəxs izah edildi ki, üzərində qanunsuz olan əşya və ya narkotik vasitə həmçinin psixotrop maddələr varsa könüllü olaraq təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs sağ əlində saxladığı ağ rəngli üzərində “Sale” sözləri yazılmış selofan torbada 01 (bir) ədəd bükümü və əynində olan boz rəngli şalvarın sol yan cibindən 1 (bir) ədəd “Samsung markalı A23” markalı mobil telefonu təqdim edərək masanın üzərinə qoydu. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış apanlmışb, şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdi. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi heroinə bənzər kütlə 51 saylı möhürü ilə möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi və tərəfindən imzalanmışdı. İş üzrə əhəmiyyət kəsb etdiyindən 1 (bir) ədəd “Samsung A23” markalı mobil telefon sonuncuya izah verildikdən sonra götürülmüşdü. Təqsirləndirilən şəxs aşkar olunmuş kütlənin özünə məxsus olduğunu bildirmişdi. Bununla yanaşı olaraq həmin kütlələrdən əvvəllərdə İran islam Respublikasının vətəndaşının “Whatsap” üzərindən göndərdiyi sifarişləri qəbul edərək yerinə yetirməsini qeyd etmişdi. Belə ki, həmin narkotik vasitələri və ya psixotrop maddələrin əvvəlcədən ona iran İslam Respublikasının vətəndaşı tərəfindən məkanlar «Vhatsapp» tətbiqi üzərindən göndərilirdiyini və o, həmin məkanlardan qeyd edilən narkotik və psixotrop maddələri götürməklə sonradan ona bildirilən məkanlara yerləşdirməklə olduqları ünvanları İran İslam Respublikasının vətəndaşına “Whatsap” üzərindən göndərdiyini bildirilmişdi. Ona verilmiş suala cavab olaraq göstərmişdir ki, təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və psixi təzyiq olmayıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Səbail Rayon Polis İdarəsinin X2 əməliyyat müvəkkili polis mayoru Şahid3 Şahid1la anoloji məzmunda ifadə verərək, ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, “Sevda” adlı şəxs təqsirləndirilən şəxsin yanında olmuşdur. Təqsirləndirilən şəxsə qarşı fiziki və psixi güc tətbiq edilməyib. Sonuncunun üzərində təxminən 2 kq narkotik vasitə aşkar olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Səbail Rayon Polis idarəsinin X2 əməliyyat müvəkkili, polis leytenantı Şahid2 şahidlər Şahid3 və Şahid1la anoloji məzmunda ifadə verərək, ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, təqsirləndirilən şəxsi saxlayan zaman sonuncu piyada hərəkətdə olmuşdur. Sonuncunu axşam saat 21:30-21:50 radələrində saxlayıblar. Təqsirləndirilən şəxs saxlanılan zaman heç bir müqavimət göstərməyib. Sonuncuya qarşı qarşı fiziki və psixi güc tətbiq edilməyib. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, qeyri-rəsmi olaraq bir müddətdir ki, ər-arvad münasibətlərində olduğu Təqsirləndirilən şəxs ilə birlikdə yaşamışdır. Bununla yanaşı olaraq Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən istifadə etməsi barədə əvvəlcədən məlumatı olmuşdur. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs ona təklif etmişdir ki, Səbail rayon ərazisində olan daha dəqiq olaraq Bayıl qəsəbəsində yerləşən dənizkənarı parkda birlikdə gəzsinlər. Bir qədər sonra Təqsirləndirilən şəxs taksi sürücüsü sonradan tam olaraq şəxsiyyəti məlum olan Şahid4 idarə etdiyi “Lada-Granata” markalı Az **-OS-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə birlikdə yaşadığı Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi Nəriman Nərimanov küçəsi, 39 saylı evin qarşından götürmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs öz şəxsi telefonunda ona məlum olmayan şəxslə iş barəsində danışmışdır. Nəhayət taksi sürücüsü Şahid4 Bayıl qəsəbəsinə çatdıqda Təqsirləndirilən şəxs telefonunda ona məkan göstərməklə həmin ünvana idarə etdiyi nəqliyyat vasitəsini sürməyini və həmin ünvanda 5-10 dəqiqə işinin olduğunu bildirmişdi. Beləliklə də Şahid4 onları Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Əlibəyov Qardaşları küçəsi, 1 saylı evin qarşısına aparmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs taksidən düşərək 5-10 dəqiqəyə gələcəyini deyib getmişdir. Ona və Ruslana mülki geyimli şəxslər yaxınlaşaraq Səbail rayon polis idarəsinin əməkdaşları olduqlarını bildirib, Bakı şəhəri, Səbail Rayon Polis İdarəsinin ünvan 2 ünvanında yerləşən inzibati binasına dəvət etmişlər. Bundan sonra o və Şahid4 polis əməkdaşları İlə birlikdə Səbail rayon polis idarəsinə getmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroin götürmək üçün getmişdir. Beləliklə də, Bakı şəhəri, Səbail Rayon Polis İdarəsinin ünvan 2 ünvanında yerləşən inzibati binasında əvvəlcədən təqdim edilən vəkil siyahısı üzrə Bakı şəhəri, 3 saylı Vəkil bürosunun vəkili X8 baş təhqiqatçı Elnur Həsənov tərəfindən mənə təqdim edilmişdir. Vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində tərtib edilən qərarla təhqiqatçı Elnur Həsənov tərəfindən tanış edilmişdir. Həmçinin paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə masa üzərinə qoyulması təklif edilmişdir. Bu təklifdən sonra üzərində qeyri-qanuni əşyanın olmamasını bildirdirdikdən sonra əynində olan mavi rəngli cins şalvarın sağ yan cibindən ***-***-**-** saylı mobil nömrəsi olan «Redmi Note 8Pro» markalı şəxsi mobil telefon aparatımı könüllü olaraq masa üzərinə qoymuşdur. Bundan sonra şəxsi axtarış zamanı üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək, narkotik vasitə və ya psixotrop maddə, digər əşya və sənədlər polis tərəfindən aşkar edilməmişdi. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, Elvinin 3 ilə yaxındır narkotik vasitə aludəçisi olduğunu bilirdi. Narkotik vasitədən heç vaxt istifadə etməyib. Elvinin evə narkotik vasitə gətirməsini və ya aparıb hansısa ünvana qoymasını görməyib. İbtidai istintaq zamanı verdiyim ifadəni təsdiq etmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımasına səbəb idarə etdiyi “Lada-Granta" markalı **-OS-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə bağlı olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs arasıra istifadəsində olan mobil telefona zəng edərək müxtəlif ünvanlara aparmasını ondan xahiş edirdi. Taksi xidməti ilə məşğul olduğundan idarə etdiyi “Lada-Granta” markalı 90- OS- 810 qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Təqsirləndirilən şəxs ara-sıra sifariş etdiyi ünvanlara apararaq taksi xidmət haqqını alırdı. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs yenidən zəng edərək ünvan 1 ünvanından götürməyini ondan xahiş etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs ilə razılaşaraq sonuncunun yaşadığı ünvana gəlmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs, bir qədər irəlilədikdən sonra irəlidə sonradan bildiyi Təqsirləndirilən şəxs qeyri-rəsmi yaşadığı Şahid5 nəqliyyat vasitəsinin arxa oturacağına əyləşmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs xahiş etmişdir ki, qeyri-rəsmi yaşadığı Şahid5 ilə birlikdə dəniz kənarı parkda gəzmək məqsədilə Səbail rayon ərazisində olan Bayıl qəsəbəsinə aparsın. Beləliklə də, o, 15 manat pulun müqabilində Bayıl istiqamətində hərəkət etməyə başlamışdır. Nəqliyyat vasitəsini idarə edən vaxt Təqsirləndirilən şəxs mütəmadi olaraq istifadəsində olan telefonda ona məlum olmayan şəxs ilə yazışırdı. Nəhayət Bayıl istiqamətinə çata-çatda Təqsirləndirilən şəxs ona şəxsi telefonunda məkan göstərmiş və bilrimişdir ki, konkret olaraq həmin ünvana getsinlər. Təqsirləndirilən şəxs telefonda göstərdiyi məkana baxdıqda həmin ünvanın ünvan 4lduğunu müəyyən etmişdir. Beləliklə də həmin ünvana çatdıqda Təqsirləndirilən şəxs nəqliyyat vasitəsindən aşağı düşərək 5- 10 dəqiqəyə gələcəyini bildirib uzaqlaşmış, o isə Şahid5 ilə birlikdə Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsinin salonunda gözləməyə başlamışdır. Təxminən 5-10 dəqiqədən sonra 2 nəfər mülki geyimli şəxs xidməti vəsiqələrini təqdim etməklə özlərinin Səbail rayon polis idarəsinin əməkdaşları olduqlarını bildirmiş və narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz istifadəsində və satışında şübhəli olduqlarından Səbail Rayon Polis idarəsinə dəvət etmişlər. Bundan sonra o və Şahid5 Səbail rayon polis idarəsinin əməkdaşlarına heç bir etiraz etməyərək sonuncularla birlikdə idarə etdiyi nəqliyyat vasitəsilə Səbail Rayon Polis İdarəsinə gəlmişdir. Həmin idarədə olan xidməti otaqların birində baş təhqiqatçı Elnur Həsənov tərəfindən vəkil siyahısı təqdim edilmişdir. Bir qədər sonra vəkili X3 iştirakı ilə üzərində şəxsi axtarış və idarə etdiyim nəqliyyat vasitəsinə baxış keçiriləcəyi bildirilmişdir. Həmin vaxt vəkil Səyyarə Əliyevaya və polis əməkdaşlarına üzərində və idarə etdiyi nəqliyyat vasitəsində qanunla qadağan edilən hər hansı bir əşya və ya maddənin olmadığını demişdir. Həmçinin bildirdir ki, Təqsirləndirilən şəxs ilə bağlı heç bir bağlantısı yoxdur, yalnız taksi xidməti ilə məşğul olur. Beləliklə də baş təhqiqatçı Elnur Həsənov tərəfindən bir daha axtarış aparılacağı bildirilmiş və yekunda hüquq və vəzifələri izah edilmişdi. Daha sonra üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmışdır. Belə ki, şəxsi axtarış aparılan vaxt bir daha izah edilmişdir ki, üzərimdə qeyriqanuni əşya və ya narkotik vasitələr varsa könüllü olaraq təqdim etsin. Bir daha polis əməkdaşlarına bildirmişdir ki, üzərində qanunla qadağan edilən hər hansı bir əşya, predmet, maddə yoxdur. Bundan sonra sağ cibimdə olan olan və özümə məxsus şəxsi “Xiomi” markalı mobil telefonunu və sol cibində idarə etdiyi nəqliyyat vasitəsinin açarını və sürücülük vəsiqəsini xidməti otaqda olan masanın üzərinə qoymuşdur. Bundan sonra üzərinə polis əməkdaşı tərəfindən baxış keçirilmişdir. Baxış keçirən vaxt üzərimdə qanunla qadağan edilən hər hansı bir əşya, predmet və maddə aşkar olunmamışdır. Daha sonra idarə etdiyi “Lada-Granta” markalı **-OS-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə baxış keçirilmişdir. Baxış zamanı nəqliyyat vasitəsinin salonundan, arxa yük yerindən qanunla qadağan edilən hər hansı bir əşya, predmet və ya maddə aşkar olunmamışdır. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, təqsirləndirilən şəxsə məkanı mobil telefonunda ona gəstərmişdir, lakin məkanı göndərən şəxsin adını görə bilməmişdir. Elvinin narkotik vasitə istifadə etməsini bilməyib. Sonuncunun avtomolbildən düşüb hara getdiyini bilməyib. O, Elvin qaçmağa çalışdığını, polis əməkdaşlarının onu saxladığını görmüşdür. Cinayət işinin materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilərkən, həmçinin 02 sentyabr 2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs izah edilir ki, üzərində qanunsuz olan əşya və ya narkotik vasitə həmçinin psixotrop maddələr varsa könüllü olaraq təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs sağ əlində saxladığı ağ rəngli üzərində “Sale” sözləri yazılmış selofan torbada 01 (bir) ədəd bükümü və əynində olan boz rəngli şalvarın sol yan cibindən 1 (bir) ədəd “Samsung markalı A23” markalı mobil telefonu təqdim edərək masanın üzərinə qoyur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-6/4407 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: AR DİN “Zərflər üçün N-5T’ möhür əksi, “Təqsirləndirilən şəxs aşkar olunmuş maddə; İştirak etdilər: 1) /imza/ ə/m Şahid2; 2) /İmza/ ə/m Şahid3; 3) /imza/ kriminalist Şahid1; şübhəli şəxs: /İmza/ Təqsirləndirilən şəxs; müdafiəçi /İmza/ Mehman Əliyev; Tərtib etdi: /İmza/ Enur Həsənov “ yazılar olan bağlamadakı 01 ədəd bükümdə təmiz çəkisi 2225,0 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X20 X16-narkoloji X6 xx.xx.2024-cü il tarixli psixostimulyatorların qəbulu nəticəsində yaranan asıllıq sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X9 Hüquqi Şəxsin xx.xx.2024-cü il tarixli 2759 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir.Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçübbiçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024- cü il tarixli 3-16-16/2-5/1066/2024 nömrəli rəyindən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekranlı “Android 14” əməliyyat sistemi ilə təhciz olunmuş “Samsung Galaxy A23" markalı “SM-A235F/DSN” modelli “**********15108, **********15100” “imeı” kodlu mobil smartfondur. 2.Tədqiq olunan “Samsung Galaxy A23” markalı “SM-A235F/DSN” modelli mobil smartfonun yaddaşında (kontaktlar, zənglər, yerli mesajlar, sənədlər, audio, foto video fayllar, “Facebook Messenger”, ‘Teleqram”, “ WhatsApp” proqram təminatları, “İnstagram”, “Snapchat”, “TikTok”, sosial şəbəkələri vasitəsilə aparılmış məlumat mübadilələri və sairə) mövcud olan və yaddaşından pozulmuş məlumatlar müəyyən olundu və həmin müəyyən olunmuş məlumatlar “Ekspertiza5-1066” adlı iş çantasında xarici yaddaş qurğuya köçürülmüşdü. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-266/2023 saylı, 02 mart 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə xüsusilə ağır cinayətdir. Məhkəmə hesab edir ki, polis bölməsində olarkən polis əməkdaşları tərəfindən döyülməsi, ittiham olunduğu narkotik vasitənin polis əməkdaşlarə ona videoçəkilişdən əvvəl barədə etirafedici izahat verməsi barədə Təqsirləndirilən şəxs ifadəsi işdə olan sübutlarla təsdiq olunmadığına görə qəbul edilə bilməz və cinayət məsuliyyətindən yayınmaq üçün özünümüdafiə və Şahid5 ifadəsi də təqsirləndirilən şəxsi müdafiə etmək məqsədi ilə verilmiş sayılmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 26-cı bəndinə əsasən, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini mötəbər sübut qismində qəbul edir və sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, narkotik vasitələr və psixotrop maddələrdən istifadə edir. Həmçinin qeyd etmişdir ki, sağ əlində saxladığı ağ rəngli üzərində “Sale” sözləri yazılmış selofan torbadan aşkar olunmuş narkotik vasitə heroini xx.xx.2024-cü il tarixdə tanımadığı İran İslam Respublikasının vətəndaşı ilə “Whatsap” tətbiqi vasitəsi ilə tərəfindən telefon vasitəsilə əvvəlcədən əlaqə saxlamaqla ünvan 5 ünvanın qarşısında narkotik vasitə heroinin qoyulması və həmin narkotik vasitə heroinin həmin ünvanda götürülməsi barədə təlimat almışdır. Həmin narkotik vasitə heroini şəxsi istifadəsi və gələcəkdə satmaq niyyəti ilə üzərində, yəni sağ əlində saxlayaraq daşımışdı. O, əvvəllərdə İran İslam Respublikasının vətəndaşının «Vhatsapp» üzərindən etdiyi sifarişləri qəbul edərək yerinə yetirmişdi. Belə ki, həmin narkotik vasitələri və ya psixotrop maddələrin əvvəlcədən ona olduğu məkanlar «Vhatsapp» tətbiqi üzərindən göndərilmiş və o, həmin məkanlardan qeyd edilən narkotik və psixotrop maddələri götürməklə ona sonradan bildirilən məkanlara yerləşdirməklə olduqları ünvanları İran İslam respublikasının vətəndaşına «Vhatsapp» üzərindən göndərməsini bildirmişdi. Onun sağ əlində saxladığı xüsusilə külli miqdarda olan narkotik vasitə heroini şəxsi istifadə etmək və gələcəkdə satmaq niyyəti olmuşdu. Həmçinin qeyd edilən narkotik vasitə xüsusilə külli miqdar olduğundan onun almağa maddi ehtiyacı olmamışdı. Bu minvalla da həmin heroini satmaqla və ondan əldə edilən gəlirlə öz şəxsi narkotik tələbatlarını ödəmək fikrində olmuşdur. Bakı şəhəri, Səbaİl rayonu, Bayıl qəsəbəsi, Əlibəyov Qardaşları küçəsi, 1 saylı evin qarşısına tanışı və qeyri rəsmi münasibətdə olduğu Şahid5 ilə və sifariş əsasında çağırdığı taksi sürücüsü Şahid4 idarə etdiyi “Lada-Granata” markalı Az **-OS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə gedən zaman qeyd edilən şəxslərin xüsusilə külli miqdarda olan narkotik vasitələrin onun tərəfindən götürülməsi barədə əvvəlcədən məlumatları olmamışdır. Həmçinin Şahid5mn və Şahid4 üzərindən narkotik vasitələr aşkar edilərək götürülməmişdir. Bundan başqa məhkəmə Şahid5 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini mötəbər sübut qismində qəbul edir və sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, qeyri-rəsmi olaraq bir müddətdir ki, ər-arvad münasibətlərində olduğu Təqsirləndirilən şəxs ilə birlikdə yaşayır. Bununla yanaşı olaraq Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən istifadə etməsi barədə onun əvvəlcədən məlumatı olmuşdur. Bununla yanaşı olaraq Təqsirləndirilən şəxs bir müddət əvvəl Suraxanı Rayon Məhkəməsinin qərarı ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə təqsirli bilinərək barəsində azadlığın məhdudlaşdırılması barədə hökm çıxarılmışdı. Lakin qeyri-rəsmi yaşadığı Təqsirləndirilən şəxs narkomaniyadan əziyyət çəkdiyindən bərk ağrıları olmuşdu. Bu minvallada Təqsirləndirilən şəxs öz şəxsi narkotik tələbatlarım ödəmək məqsədilə İran İslam Respublikasının vətəndaşlarının sifarişlərini pul müqabilində həyata keçirməyə başlamış və sonuncuya bu barədə öz narazılığını bildirmişdi. Təqsirləndirilən şəxsla şəhərə gəzintiyə çıxmaq məqsədi ilə onun tanışı Şahid4in İdarə etdiyi avtomaşınla dəniz kənarı park istiqamətinə gəlmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs yaxınlıqda olan Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Əlibəyov Qardaşları küçəsi, 1 saylı evin qarşısında 5-10 dəqiqə işinin olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs avtomobildən yerə düşərək onlara bəlli olmayan şəxslə görüşə getmiş və qayıdan vaxt sağ əlində saxladığı ağ rəngli üzərində “Sale” sözləri yazılmış selofan torbada 01 (bir) ədəd bükümlə Səbail rayon polis idarəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Beləliklə, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - şahidlərin ifadələri, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları, cinayət işinin digər materialları ilə təkzib olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı, yəni satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan heroinin əldə etməsinə dair ibtidai istintaqın ilkin mərhələsində dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Həmçinin aparılmış araşdırma zamanı polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs münasibətdə bu və ya digər qanunzidd əməl törətmələri müəyyən olunmadı. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmçinin həmin qərarın 6-cı bəndinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədlərindən daşınmaqla və ya göndərməklə keçirilməsinin həm də qaçaqmalçılıq cinayətinin tərkibini yaratdığı müəyyən edildikdə, təqsirkarın əməli cinayətlərin məcmusu qaydasında, yəni həm narkotik vasitələri və psixotrop maddələri qanunsuz daşımağa və ya göndərməyə görə və həm də qaçaqmalçılığa görə tövsif olunmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş müvafiq siyahıya əsasən təmiz halda 800 qramdan artıq çəkidə narkotik vasitə heroin xüsusilə külli miqdar təşkil edir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməli, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu və 61-ci maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-266/2023 saylı, 02 mart 2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 18.4 və 18.4.4-cü maddələrinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Buna görə də məhkəmə hesab edir ki, əvvəllər qəsdən cinayət törətməyə görə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-266/2023 saylı, 02 mart 2023-cü il tarixli hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs həmin cinayət əməlinə, yəni azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətə görə məhkumluğu cinayətin residivi növündə cəzanı ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. İş materiallarında olan Bakı şəhər Probasiya İdarəsinin 12 fevral 2025-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-266/2023 saylı, 02 mart 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs ona qəti olaraq təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 01 (bir) il 04 (dörd) ay 09 (doqquz) gün hissəsini çəkməmişdir. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədd daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-266/2023 saylı, 02 mart 2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın çəkilməmiş 01 (bir) il 04 (dörd) ay 09 (doqquz) gün müddətində hissəsi azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanaraq 08 (səkkiz) ay 04 (dörd) gün müddətə azadlıqdan məhrum etmə növündə cəzaya bərabər tutularaq Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən bu hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 02 sentyabr 2024cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 4(009)-473/2024 saylı, 04 sentyabr 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 02 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin növbətçi hissəsinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 2224,8 qram təşkil edən narkotik vasitə - heroin məhv edilməli, cinayət işində saxlanılan 01 (bir) ədəd “DVD” və 01 (bir) ədəd «CD» disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 140 (yüz qırx) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili X12 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 05 (beş) iş saatı üçün 30 (otuz) manat məbləğində vəsait Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili X12 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 38 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-266/2023 saylı, 02 mart 2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 04 (dörd) ay 09 (doqquz) gün hissəsi Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanmaqla 08 (səkkiz) ay 04 (dörd) gün müddətə azadlıqdan məhrum etmə növündə cəzaya bərabər tutularaq Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən bu hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 02 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut qismində tanınaraq Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin növbətçi hissəsinə təhvil verilmiş ekspert tədqiqatından sonra qalıq çəkisi 2224,8 qram təşkil edən narkotik vasitə - heroin məhv edilsin. İş üzrə maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş 01 (bir) ədəd “DVD” və 01 (bir) ədəd «CD» disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs 140 (yüz qırx) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 05 (beş) iş saatı üçün 30 (otuz) manat məbləğində vəsait Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili X12 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 38 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Elnur Nuriyev (sədrlik edən) Azər Tağıyev Kamran Muxtarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar