Məhkəmə qərarları › İş №1(101)-854/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-854/2021

27.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-854/2021 27.04.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X5 Məcidov, Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Məhəmməd Arif oğlu Kazımovun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs (xx xxx 1990-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri Nəsimi rayonu Abbas Səhhət küçəsi ev 55-də qeydiyyatda olan, ünvan 1-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1, 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs «Rza» adlı İran İslam Respublikasının ərazisində yaşayan şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən tamah məqsədilə külli miqdarda narkotik vasitə sayılan heroini və külli miqdarda psixotrop maddə sayılan metamfetamini İran İslam Respublikasından qəsdən qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirərək Azərbaycan Respublikasına gətirmiş, təkrarən satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımış, habelə satmışdır. Belə ki, Təqsirləndirilən şəxs 04 noyabr 2020-ci il tarixdə istintaqa «Rza» adı ilə məlum olan İran İslam Respublikasının ərazisində yaşayan şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah məqsədilə külli miqdarda narkotik vasitə sayılan heroinin və külli miqdarda psixotrop maddə sayılan metamfetaminin qanunsuz olaraq İran İslam Respublikasında əldə edilərək daşınması, qəsdən qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilərək Azərbaycan Respublikasına gətirilməsi, həmin narkotik vasitə və psixotrop maddəni sonuncunun bildirdiyi vaxtda və yerdən qəbul edib sonradan müxtəlif şəxslərə çatdıracağı və bunun müqabilində narkotik vasitə və psixotrop maddənin hər qramına görə 2 manat məbləğində pul vəsaiti alacağı barədə razılığa gəlmişlər. 05 noyabr 2020-ci il tarixdə «Rza» adlı həmin şəxs qanunsuz əldə etdiyi ümumi çəkisi 100 qram təşkil edən narkotik vasitə sayılan heroin və ümumi çəkisi 20 qram olan psixotrop maddə sayılan metamfetamini cinayətkar qrupun üzvləri arasındakı razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq istintaqa məlum olmayan vaxtda və şəraitdə İran İslam Respublikasından qəsdən qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar istintaqa məlum olmayan şəxslər vasitəsi ilə keçirib Bakı şəhəri Bakıxanov qəsəbəsində Bakıxanov körpüsünün altında gizlətdikdən sonra həmin yerin fotoşəklini “WhatsApp” mobil proqram təminatı vasitəsi ilə Təqsirləndirilən şəxs göndərərək onları götürməsini tapşırmışdır. Təqsirləndirilən şəxs ümumi cinayətkar niyyətin reallaşdırılması məqsədi ilə qabaqcadan əldə olunmuş cinayətkar razılığa əsasən həmin gün qeyd olunan narkotik vasitə və psixotrop maddəni, yəni külli miqdarda 100 qram çəkidə narkotik vasitə sayılan heroini və 20 qram çəkidə psixotrop maddə sayılan metamfetamini «Rza» adlı şəxsin bildirdiyi yerdən qanunsuz olaraq əldə edərək yaşadığı ünvan 1 ünvanına gətirmiş, 20 qram çəkidə psixotrop maddə sayılan metamfetamini, 100 qram çəkidə narkotik vasitə sayılan heroinin bir hissəsini «Rza» adlı şəxsin tapşırığına uyğun olaraq müxtəlif ərazilərə yerləşdirməklə satmış, həmin heroinin qalan 1,45 qramını isə yaşadığı ünvanda saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs 10 noyabr 2020-ci il tarixdə istintaqa «Rza» adı ilə məlum olan İran İslam Respublikasının ərazisində yaşayan şəxslə yenidən telefon əlaqəsi saxlayıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah məqsədilə külli miqdarda narkotik vasitə sayılan heroinin və külli miqdarda psixotrop maddə sayılan metamfetaminin İran İslam Respublikasından qəsdən təkrarən qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar Azərbaycan Respublikasına keçirilməsi, təkrarən satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi, saxlanması və daşınması barədə onunla razılığa gəlmişdir. 11 noyabr 2020-ci il tarixdə «Rza» adlı şəxs qanunsuz əldə etdiyi külli miqdarda 95,77 qram çəkidə narkotik vasitə heroin və külli miqdarda 39,60 qram çəkidə psixotrop maddə metamfetamini cinayətkar qrupun üzvləri arasındakı razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq istintaqa məlum olmayan vaxtda və şəraitdə İran İslam Respublikasından qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar istintaqa məlum olmayan şəxslər vasitəsi ilə keçirib Bakı şəhəri Səbail rayonu ərazisində yerləşən «Oazis» restoranının yaxınlığında gizlətdikdən sonra, həmin yerin fotoşəklini “WhatsApp” mobil proqram təminatı vasitəsi ilə Təqsirləndirilən şəxs göndərərək onları götürməsini tapşırmışdır. Təqsirləndirilən şəxs ümumi cinayətkar niyyətin reallaşdırılması məqsədi ilə qabaqcadan əldə olunmuş cinayətkar razılığa əsasən 11 noyabr 2020-ci il tarixdə qeyd olunan narkotik vasitə və psixotrop maddəni «Rza» adlı şəxsin bildirdiyi yerdən qanunsuz əldə edib daşımışdır. Həmin gün təxminən saat 20 radələrində Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayonunda saxlanılmış və əlində olan karton materialdan hazırlanmış çantaya keçirilmiş baxış zamanı içərisində qrupa məxsus külli miqdarda 95,77 qram çəkidə narkotik vasitə heroin və külli miqdarda 39,60 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Davam etdirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanından isə 05 noyabr 2020-ci il tarixdə əldə edib saxladığı narkotik vasitə olan heroinin 1,45 qram çəkidə olan hissəsi və üzərində narkotik vasitə olan heroin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, təxminən 5 ildir ki, narkotik vasitələrdən istifadə edir və narkotik vasitə heroinin aludəçisidir. «Rza» adlı İran İslam Respublikasının vətəndaşı ilə internet vasitəsi ilə tanış olmuşdur. Rza ilə yalnız ***-***-**-** saylı nömrədə isifadə etdiyi mobil telefonuna quraşdırılmış “WhatsApp” proqramı vasitəsi ilə əlaqə saxlamışdır. Müxtəlif vaxtlarda iranlı «Rza»ya şəxsi istifadəsi üçün narkotik vasitə olan heroin sifariş verdikdən sonra sonuncu narkotik vasitələrin qoyulduğu yer barədə məlumat vermiş, o da həmin narkotik vasitələri deyilən yerdən götürərək istifadə etmişdir. Narkotik vasitələrin pulunu isə «Rza»nın göndərdiyi bank kartlarına “MilliÖn” ödəmə terminalı vasitəsi ilə ödəmişdir. Bir müddət narkotik vasitələr aldıqdan sonra iranlı «Rza» ona yenə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin göndərəcəyini bildirmişdir. 04 noyabr 2020-ci il tarixdə «Rza» zəng edərək 05 noyabr 2020-ci il tarixdə Bakı şəhərinə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin göndərəcəyini bildirmişdir. 05 noyabr 2020-ci il tarixdə iranlı «Rza» “WhatsApp” proqramı vasitəsi ilə əlaqə saxlayaraq İrandan göndərdiyi və Bakı şəhəri Bakıxanov qəsəbəsi ərazisində Bakıxanov körpüsünün yaxınlığında gizlədilmiş narkotik vasitə və psixotrop maddələri götürməyini tapşırmış və narkotik vasitələrin gizlədildiyi yerin fotoşəkilini ona göndərmişdir. Həmin günü o, qeyd edilən əraziyə getmiş, lakin Rzanın qeyd etdiyi narkotik vasitələrin olmadığını müəyyən etmişdir. Növbəti dəfə Rza ilə əlaqə saxladıqda Rzaya həmin yerdə narkotik vasitənin olmadığını bildirəndə Rza da ona bildirmişdir ki, onu yoxlamaq üçün qəsdən yalandan belə etmişdir. Yəni onun narkotik vasitəni həmin yerə qoydurmamışdır. 10 noyabr 2020-ci il tarixdə İranlı «Rza» onunla “WhatsApp” proqramı vasitəsi ilə əlaqə saxlayaraq İrandan 150 qram narkotik vasitə heroin, 50 qram psixotrop maddə metamfetamin göndərəcəyini, həmin narkotik vasitələri deyəcəyi yerdən götürməyini tapşırmışdır. 11 noyabr 2020-ci il tarixdə yenidən onunla əlaqə saxlayaraq Bayıl qəsəbəsində yerləşən “Oazis” restoranının yaxınlığına qoyulacağını, oradan həmin narkotik vasitələri götürməyi və gizlədilmiş ərazinin fotoşəkilini istifadəsində olan mobil telefona göndərmişdir. O da həmin günü saat 18 radələrində tanışı, fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olan X1 idarə etdiyi “Opel Astra” markalı **-VD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri Səbail rayonunun Bayıl qəsəbəsinə gedib iranlı «Rza»nın dediyi yerdən narkotik vasitələri götürmüş, ünvan 2 ünvanda yaşadığı evə daxil olan zaman DTX əməkdaşları tərəfindən saxlanılmışdır. Əlində olan karton çantaya və yaşadığı ünvana məhkəmə qərarına əsasən hal şahidlərinin iştirakı ilə baxış keçirilmiş, keçirilmiş baxış zamanı əlindəki çantadan narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Yaşadığı evə baxış zamanı qonaq otağında stolun üzərindən aşkar olunuan 1,45 qram narkotik vasitəni tanımadığı şəxsdən almışdır. Həmin narkotik vasitə və 01 ədəd elektron tərəzi də yaşadığı evdən aşkar edilərək götürülmüşdür. 05 noyabr 2020-ci il tarixdə Rza ona 100 qram narkotik vasitə heroin və 20 qram psixotrop maddə metamfetamin göndərməmişdir. İbtidai istintaq zamanı təzyiq altında qaldığı üçün başqa cürə ifadə verərək, 05 noyabr 2020-ci il tarixdə Rzanın ona 100 qram narkotik vasitə heroin və 20 qram psixotrop maddə metamfetamin göndərdiyini, evdən aşkar olunan 1,45 qram narkotik vasitənin də Rzanın 05 noyabr 2020-ci il tarixdə göndərldiyi narkotik vasitənin qalığı olduğunu bildirmişdir. Əslində isə belə olmamış, yəni 05 noyabr 2020-ci il tarixdə Rza körpünün altına narkotik vasitə qoyacağını bildirsə də həmin yerdə narkotik vasitə olmamışdır. Onun narkotik vasitələrin Azərbaycan Respublikasına qanunsuz keçirilməsinə dair hər hansı hərəkəti olmamışdır. O, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır, İranlı Rzadan narkotik vasitəni öz istifadəsi üçün almışdır. Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyət olduğu üçün onun ibtidai araşdırma zamanı verdiyi ifadəsinin bir hissəsi məhkəmədə elan olunmuşdur. Həmin ifadəsində göstərmişdir ki, 04 noyabr 2020-ci il tarixdə «Rza» zəng edərək hazır olmağını yaxın vaxtlarda Bakı şəhərinə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin göndərəcəyini bildirmişdir. 05 noyabr 2020-ci il tarixdə iranlı «Rza» “WhatsApp” proqramı vasitəsi ilə əlaqə saxlayaraq İrandan göndərdiyi və Bakı şəhəri Bakıxanov qəsəbəsi ərazisində Bakıxanov körpüsünün yaxınlığında gizlədilmiş narkotik vasitə və psixotrop maddələri götürməyini tapşırmış və narkotik vasitələrin gizlədildiyi yerin fotoşəkilini ona göndərmişdir. Həmin gün o qeyd edilən əraziyə gedərək 100 qram narkotik vasitə heroin və 20 qram psixotrop maddə metamfetamini gizlədildiyi yerdən götürmüş və bu barədə iranlı «Rza»ya məlumat vermiş, narkotik vasitə və psixotrop maddənin qablaşdırıldığı qutunun fotoşəkilini çəkərək sonuncuya göndərmişdir. Həmin narkotik vasitə və psixotrop maddələri 5, 3 qram şəklində yəni iranlı «Rza»nın dediyi miqdarlarda bölərək müxtəlif yerlərdə gizlətmiş və şifahi məlumat veməklə yanaşı yerlərin fotoşəklini çəkərək “WhatsApp” proqramı vasitəsi ilə iranlı «Rza»ya göndərmişdir. Sonuncu da həmin yer barədə məlumatları və fotoşəkili narkotik vasitə və psixotrop maddələri götürəcək şəxslərə göndərmişdir. O, sonradan gizlədilmiş yerə baxdıqda qeyd edilən maddələrin orada olmadığını görmüşdür. Həmin narkotik vasitə və psixotrop maddələri kimlərin götürməsi barədə məlumatı olmamışdır. Bundan başqa yaşadığı evə baxış zamanı da qonaq otağında stolun üzərində iranlı «Rza»nın 05 noyabr 2020-ci il tarixdə göndərdiyi 100 qram narkotik vasitə heroindən qalmış təxminən 2 qrama yaxın hissəsi və 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Aşkar edilərək götürülmüş narkotik vasitə heroin və psixotrop maddə metamfetamin tərəzidə çəkilərək miqdarları müəyyən edilmiş, onun və hal şahidlərinin iştirakı ilə qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ifadəsinin həmin hissəsini təsdiq etmədiyini, həmin ifadəni təzyiq altında qaldığı üçün verdiyini bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 ifadəsində bildirmişdir ki, 11 noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının dəvəti ilə Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti ev 90 ünvanında keçirilən baxışda hal şahidi qismində iştirak etmişdir. Həmin ünvanda baxış başlanmamışdan əvvəl DTX əməkdaşlarından biri baxış keçirilməsi haqqında qərarı ev sahibi olan Təqsirləndirilən şəxs elan etmiş, sonuncuya, ona və digər hal şahidinə malik olduqları hüquq və vəzifələri izah edilmiş və baxış keçirməyə başlamışlar. Baxış zamanı Təqsirləndirilən şəxs əlində olan gümüşü rəngli çantanın içərisindən 01 ədəd qara rəngli parça torba aşkarlanmış, qeyd olunan torbanın içərisində 02 ədəd şəffaf sellofan bükülü aşkarlanmış, bükülülərin içərisinə baxış zamanı onlardan birinin içərisində spesifik iyli, şəffaf rəngli psixotrop maddə metamfetaminə bənzər maddə olduğu deyilən maddələr, digər bükülünün içərisində isə qəhvəyi rəngli kəskin spesifik iyli narkotik vasitə heroinə bənzər maddə olduğu deyilən maddələr aşkar edilmişdir. Sonra aşkar edilərək götürülmüş maddələrin çəkiləri müəyyən edilmiş, qeyd olunan narkotik vasitə olan heroinə bənzər olduğu deyilən maddənin 150 qrama yaxın və psixotrop maddə olan metamfetaminə bənzər olduğu deyilən maddənin 40 qrama yaxın olması müəyyən edildikdən sonra onların iştirakı ilə kağız zərflərə qablaşdıraraq DTX-nin möhürü ilə möhürlənmişdir. Davam etdirilmiş baxış zamanı qonaq otağında olan masanın üzərindən bir ədəd şəffaf sellofana bükülmüş kiçik həcmli bükülü aşkar edilmiş, qeyd edilən bükülünün içərisinə baxış zamanı qəhvəyi rəngli kəskin spesifik iyli narkotik vasitə heroinə bənzər maddə olduğu deyilən maddə aşkar edilərək çəkisinin təxminən 2,3 qram olduğu müəyyən edilmiş və sonra onların iştirakı ilə kağız zərfə qablaşdırılaraq DTX-nin möhürü ilə möhürlənmişdir. Bundan başqa Təqsirləndirilən şəxs məxsus mobil telefonlar, pul vəsaiti, ödəmə qəbzləri, 01 ədəd elektron tərəzi və digər əşyalar aşkar edilərək götürülmüş, aşkar edilmiş əşya və predmetlər DTX əməkdaşları tərəfindən qablaşdırılaraq möhürlənmişdir. Baxış qurtardıqdan sonra bu barədə protokol tərtib olunmuş, o digər hal şahidi və saxlanılan şəxs Təqsirləndirilən şəxs həmin protokolu oxuyub orada yazılanların düzgünlüyünə əmin olduqdan sonra həmin protokolu imzalamışlar. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun dediklərini təsdiq etmişdir. Şahid X1 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmşdur. O həmin ifadəsində göstərmişdir ki, “Opel Astra” markalı **-VD-*** dövlət qeydiyyatlı avtomobil ilə taksi sürücüsü kimi fəaliyyət göstərmişdir. Təqsirləndirilən şəxs ilə ümumi tanışlıq münasibəti olmuşdur. Təqsirləndirilən şəxs 11 noyabr 2020-ci il tarixdə təxminən saat 17- 18 radələrində zəng edərək gələ biləcəyi ilə maraqlanmış, o da işinin olmadığı üçün Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişdir. Təxminən 20 dəqiqə orada Təqsirləndirilən şəxs gözlədikdən sonra sonuncu əlində boz rəngli karton materialdan olan çanta ilə avtomobilə əyləşmiş və Bayıl qəsəbəsində “Oazis” restoranının yanına gedəcəyini bildirmişdir. O, Təqsirləndirilən şəxsla birlikdə Bayıl qəsəbəsinə getmiş, orada taksi sürücülərindən “Oazis” restoranının ünvanını maraqlanmış, taksi sürücüləri yolu başa saldıqdan sonra avtomobillə həmin əraziyə yaxınlaşan zaman Təqsirləndirilən şəxs mobil telefonla tanımadığı şəxslə danışaraq həmin yerə çatdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs küçəyə baxmış və restoranın yaxınlığında zibil qutularını keçdikdən sonra saxlamağı tapşırmışdır. O avtomobili saxladıqda Təqsirləndirilən şəxs düşmüş, o da düşüb avtomobilin təkərində olan nasazlığa baxan zaman Təqsirləndirilən şəxs 5 dəqiqə sonra geri qayıtmış və artıq getmək lazım olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs avtomobildən düşərkən və avtomobilə qayıdarkən götürdüyü çanta əlində olmuşdur. Avtomobilə əyləşib Təqsirləndirilən şəxs yaşadığı ünvana qayıtmış, sonuncu ona zəhmət haqqı kimi 10 manat verəcəyini və pulun evdə olduğunu bildirmişdir. O da avtomobili saxlayıb pulu götürmək üçün Təqsirləndirilən şəxsla birlikdə sonuncunun yaşadığı evə qalxarkən DTX əməkdaşları tərəfindən saxlanılmışlar. Onun, Təqsirləndirilən şəxs və hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs əlindəki çantaya və evə baxış keçirilmiş, baxış zamanı sonuncunun əlindəki karton materialdan hazırlanmış qutudan narkotik vasitəyə bənzər heroin və psixotrop maddəyə bənzər metamfetamin olduğu deyilən əşyalar aşkar edilmişdir. Heroinə bənzər vasitənin çəkisi təxminən 150 qram, psixotrop maddəyə bənzər metamfetaminin isə 40 qram olduğu müəyyən edilmiş, bundan başqa Ayxanın yaşadığı evə keçirilmiş baxış zamanı evdəki stolun üstündən təxminən 2 qrama yaxın narkotik vasitə heroinə bənzər olduğu deyilən maddə və elektron tərəzi, mobil telefonlar aşkar edilərək götürülmüşdür. Götürülmüş maddələr və əşyalar onların iştirakı ilə qablaşdırılaraq möhürlənmiş və bu barədə protokol tərtib edilmişdir. Bundan başqa Sami Abbasov ifadəsində Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadəsi, eləcə də onların alqı-satqısı ilə məşğul olması barədə heç bir məlumatı olmadığını bildirmiş, həmçinin Təqsirləndirilən şəxs Bayıl qəsəbəsinə hansı məqsədlə getməsi barədə də məlumatı olmamışdır. Yolda olan zaman Təqsirləndirilən şəxs bir nəfər şəxslə danışdığını görmüş, onunla danışan zaman ünvana çatdığını bildirmiş, eləcə də həmin ünvandan nə götürməsi barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması özünün qismən etirafı, iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən aparılmış istintaq hərəkətlərinin protokolları, ekspert rəyi və digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarında olan cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında 11 noyabr 2020-ci il tarixli protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri rayon Səbail rayon Məhkəməsinin «həbs» qətimkan tədbirinin seçilməsi barədə 13 noyabr 2020-ci il tarixli 4(009)-569/2020 qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 11 noyabr 2020-ci il tarixdən hesablanmaqla «həbs» qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinin materiallarında olan baxış protokolundan məlum olur ki, 11 noyabr 2020ci il tarixdə Təqsirləndirilən şəxs əlində olan karton çantaya və Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanına keçirilmiş baxış protokolunun məzmunundan görünür ki, karton çantaya keçirilmiş baxış zamanı çəkisi təxminən 150 qrama yaxın olan narkotik vasitə sayılan heroinə bənzər, çəkisi təxminən 40 qrama yaxın olan psixotrop maddə sayılan metamfetaminə bənzər maddə, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanına keçirilmiş baxış zamanı çəkisi təxminən 2,30 qrama yaxın olan narkotik vasitə sayılan heroinə bənzər maddə və 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti Əməliyyat-texniki baş idarəsinin mütəxəssisləri tərəfindən verilmiş 11 noyabr 2020-ci il tarixli 36 nömrəli arayışda DTX əməkdaşları tərəfindən 11 noyabr 2020-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saxlanılmış Təqsirləndirilən şəxs əlindəki çantaya və yaşadığı ünvana keçirilmiş baxış zamanı aşkar edilərək götürülmüş ayrılıqda 145,10 (yüz qırx beş tam yüzdə on) qram, quru halda ümumi çəkisi 95,77 qram, nəm halda ümumi çəkisi 2,20 (iki tam yüzdə iyirmi) qram, quru halda ümumi çəkisi 1,45 qram, ümumilikdə nəm halda ümumi çəkisi 147,30 (yüz qırx yeddi tam yüzdə otuz) qram, quru halda ümumi çəkisi 97,22 qram (0.13 qram tədqiqata sərf edildi), ümumi qalıq çəkisi 97.09 qram qəhvəyi rəngli tozşəkilli maddənin narkotik maddə heroin, təmiz çəkisi 39,60 (otuz doqquz tam yüzdə altmış) qram(0.1 qram tədqiqata sərf edildi), qalıq çəkisi 39,50 qram olan ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin olduğu göstərilmişdir Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 dekabr 2020-ci il tarixli 6/2579 nömrəli məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyindən görünür ki; - 1 (bir) ədəd bükümdə nəm vəziyyətdə təmiz çəkisi 145.01 qram, quru vəziyyətdə təmiz çəkisi 95,70 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 39,50 qr ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; - 1(bir) ədəd bükümdə nəm vəziyyətdə təmiz çəkisi 2,10 qram, quru vəziyyətdə təmiz çəkisi 1,39 qr qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; - Bir ədəd elektron tərəzinin üzərində narkotik vasitə olan heroinin izləri vardır. - Tədqiqata təqdim edilmiş 2 ədəd bükümdə heroinin quru vəziyyətdə ümumi çəkisi 97,09 qram təşkil edir və həmin heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər(tədqiqata 0,15 qram istifadə edilib, qalıq çəkisi 96,94 qram). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 16 dekabr 2020ci il tarixli 3456 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkir və narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Cinayət işinin materiallarında olan ambulator məhkəmə-psixiatrik ekspertizasının 16 dekabr 2020-ci il tarixli 2471 saylı rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs halhazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən hər hansı ruhi xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs hadisə zamanı öz hərəkətlərinə cavab vermək və ya onlara rəhbərlik etmək qabiliyyətində olmuşdur. Yəni, ona ittiham olunan əməl barəsində anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Cinayət işinin materiallarında olan telefona baxış keçirilməsi haqqında protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş “Samsung” markalı mobil telefonun yaddaşına 23 noyabr 2020-ci il tarixdə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, həmin telefonun “Whatsapp” proqramı vasitəsi ilə istintaqa «Rza» adı ilə məlum olan İran İslam Respublikası ərazisində yaşayan şəxs qaçaqmalçılıq yolu ilə göndərdiyi narkotik vasitə və psixotrop maddənin yerlərini və çəkisini, eləcə də Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddəni əldə etdiyini göstərmək üçün narkotik vasitə və psixotrop maddənin qablaşdırıldığı qutunun fotoşəkilini göndərmişdir. Qeyd edilən mobil telefon və ona quraşdırılmış ***-***-**-** saylı sim-kart iş üzrə Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitə və psixotrop maddənin təkrarən İran İslam Respublikasından qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirərək Azərbaycan Respublikasına gətirilməsinə nail olmaları, təkrarən satış məqsədilə qanunsuz olaraq əldə etmələri, saxlamaları və daşımalarında vasitə kimi istifadə edilmişdir. Cinayət işinin materiallarında olan 22 yanvar 2021-ci il tarixli 7-132 saylı məktubla “xxxx” MMC-dən daxil olmuş telefon əlaqələrinin kompüter açıqlamalarının yazıldığı disklərə keçirilmiş 08 yanvar və 23 yanvar 2021-ci il tarixli baxış protokollarından məlum olur ki, Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrəsi ilə iranlı «Rza»nın istifadəsində olan mobil telefonla mütəmadi əlaqə saxlayaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddənin qanunsuz dövriyyəsi ilə bağlı danışıqlar aparmışlar. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti Vİ baş idarəsindən 11 noyabr 2020-ci il tarixli 7-2596 saylı məktubla daxil olmuş üzərində «6251- 2020» nömrəli sözləri yazılmış 01 ədəd CD diskdəki audiodanışıqlara 23 noyabr 2020-ci il tarixdə keçirilmiş baxış protokolunun məzmunundan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs istintaqa «Rza» adı ilə məlum olan İran İslam Respublikası ərazisində olan şəxs ilə külli miqdarda narkotik vasitənin və psixotrop maddənin qaçaqmalçılığı və qanunsuz dövriyyəsi ilə bağlı danışıqlar aparmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti Vİ baş idarəsindən 11 noyabr 2020-ci il tarixli 7-2596 saylı məktubla istintaq orqanına daxil olmuş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs və əlaqələrinin telefon danışıqlarına qulaq asılaraq yazılmış «6251- 2020» nömrəli “CD” diskdəki danışıqların mətnlərinin və həmin səslərin kimə məxsus olmasının müəyyən edilməsi məqsədilə 26 noyabr 2020-ci il tarixdə məhkəmə-fonoskopik ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri tərəfindən verilmiş 28 dekabr 2020-ci il tarixli 4/1077 saylı ekspert rəyində qeyd olunan diskdəki səsin Təqsirləndirilən şəxs, eləcə də istintaqa «Rza» adı ilə məlum olan İran İslam Respublikası ərazisində olan şəxs ilə əlaqə saxlayaraq danışdıqları təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını birbaşa təsdiq edən həmin danışıqların yazıldığı üzərinə “6251-2020” yazılmış CD disk 07 fevral 2020-ci il tarixdə maddi sübut kimi tanınmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ümumi nəm halda çəkisi 147,30 qram, ümumi quru halda çəkisi 97,22 qram (0.13 qram mütəxəssis, 0,15 qram ekspert tərəfindən tədqiqata sərf edilib), təmiz qalıq çəkisi 96,94 qram olan narkotik vasitə - heroin və təmiz çəkisi 39,60 qram (0.1 qram mütəxəssis, 0.05 qram ekspert tərəfindən tədqiqata sərf edilib), qalıq çəkisi 39,45 qram psixotrop maddə metamfetamin və 01 ədəd üzərində narkotik vasitə olan heroin izləri aşkarlanmış elektron tərəzi öz xüsusiyyətinə və əlamətinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına görə cinayət təqibi üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiklərindən 06 fevral 2021-ci il tarixdə maddi sübut kimi tanınmış və eyni tarixli aktla məhkəmənin müvafiq qərarı qəbul edilənədək saxlanılması üçün Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti İstintaq baş idarəsinin Maddi sübutlar otağına təhvil verilmişlər. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.1, 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulan əməlləri törətməsini, əməllərində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası CM-nin 206.3.1, 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində 05 noyabr 2020-ci il tarixdə Rza adlı şəxsin ona narkotik vasitə göndərmədiyi, yaşadığı evdən aşkar olunan narkotik vasitənin tanımadığı şəxsdən alması, narkotik vasitələrin satışı ilə məşğul olmaması, narkotik vasitələrin Azərbaycan Respublikasına qanunsuz keçirilməsinə dair hər hansı hərəkəti olmaması barədə ifadələrini özünü müdafiə məqsədi ilə uydurulmuş ifadələr kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əməllərə görə təqsirli bilinib cəzalanmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 №-li Qərarının 9-cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 41.2-ci və 58.3-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu və 61-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2.-ci maddəsini əsas tutaraq hesab edir ki, təqsirləndirilən şəxs ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tədbirləri təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia, müsadirə olunması təklif edilən cinayət törədərkən istifadə olunan alət və vasitələr, cinayətin predmetləri, cinayət yolu ilə əldə edilmiş əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2.-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Qeyd edilən normaların tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının CM-nin 99- 1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Azərbaycan Respublikasının CPM-nin 132.1.4-cü maddəsinə uyğun olaraq, mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikasının CPM-nin 132.1.6-cı maddəsinin tələblərinə əsasən sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və saxlanılması üçün Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti İstintaq baş idarəsinin Maddi sübutlar otağına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz qalıq çəkisi 96,94 qram olan narkotik vasitə - heroin, təmiz qalıq çəkisi 39,45 qram psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi məhv edilməlidir. İş materiallarına əlavə olunmuş digər maddi sübutlar Təqsirləndirilən şəxs və İİR vətəndaşının külli miqdarda narkotik vasitənin qaçaqmalçılığı və qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını birbaşa təsdiq edən danışıqların yazıldığı “6251-2020” yazılmış CD disk, təqsirləndirilən şəxsin eksperimental səs nümunəsinin yazıldığı 1 (bir) ədəd CD disk və Təqsirləndirilən şəxs istifadəsində olmuş «Samsung» markalı mobil telefon və ona quraşdırılmış ***-***-**-** nömrəli sim-kart cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan – 11 noyabr 2020-ci il tarixdən hesablanmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 414 (dörd yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1, 206.3.2-ci maddələrində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulan əməlləri törətməkdə təqsirli bilinərək 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 11 noyabr 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan məcburi müalicə tədbirləri təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut olan və saxlanılması üçün Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti İstintaq baş idarəsinin Maddi sübutlar otağına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar edilərək qalıq çəkisi 96,94 qram olan narkotik vasitə - heroin və qalıq çəkisi 39,45 qram psixotrop maddə - metamfetamin və 01 elektron tərəzi məhv edilsin. Digər maddi sübutlar olan Təqsirləndirilən şəxs və İİR vətəndaşının külli miqdarda narkotik vasitənin qaçaqmalçılığı və qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını birbaşa təsdiq edən danışıqların yazıldığı “6251-2020” yazılmış CD disk, təqsirləndirilən şəxsin eksperimental səs nümunəsinin yazıldığı 1 (bir) ədəd CD disk, Təqsirləndirilən şəxs istifadəsində olmuş «Samsung» markalı mobil telefon və ona quraşdırılmış ***-***-**-** nömrəli sim-kart cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 414 (dörd yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar