Məhkəmə qərarları › İş №1(101)-855/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-855/2024

05.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-855/2024 05.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Əsgərova - Məmmədova Leyla Səyavuş qızının sədrliyi ilə, hakimlər Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1991-ci il tarixdə Abşeron rayonu, Qobu qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, orta təhsilli, Abşeron rayon məhkəməsinin 21 aprel 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən əvvəlki hökmlə ona təyin olunmuş cəza birləşdirilməklə 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, ünvan 1 ünvanda yaşamış, barəsində Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 24 may 2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilməklə hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə etmiş, üzərində saxlamış və daşımışdır. Belə ki, o, narkotik vasitələrin ölkə ərazisində satışını həyata keçirmək məqsədilə "Əli” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək "Əli” adlı şəxsin göstərişinə əsasən külli miqdarda 205,032 qram çəkidə narkotik vasitə heroini satış məqsədilə qanunsuz olaraq əldə edib özündə saxlamaqla daşımış, 22 may 2023-cü il tarixdə saat 19:45-də Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi 41/47 ünvanının qarşısında olan zaman özünü şübhəli apardığından Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq həmin Polis Bölməsinə aparılmış və orada üzərində şəxsi axtarış keçirilən zaman əlindəki sellofan torbanın içərisindən 01 bükümdə təmiz çəkisi 205,032 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda həmin narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, 22 may 2023-cü il tarixində saat 16:00-radələrində polis əməkdaşları tərəfindən saxlanılmış, saxlanılarkən üzərində bir qram narkotik vasitə olmuşdur. Narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etmişdir. Vətən müharibəsi iştirakçısı kimi 8 medal qazanmışdır. Hacı (Valeh) adlı şəxs nömrə paylayan olmuş, sonuncu ona kömək etmək məqsədilə sürücü qismində təqsirləndirilən şəxsi müvafiq ünvana çatdırmışdır. Zaur adlı şəxs halı olmadığına görə sonucunu polis idarəsinə apararaq üzünə su vurmuş və ondan narkotik vasitə qəbul edibetmədiyini soruşmuşdur. Sonuncu narkotik vasitə qəbul etdiyini bildirərək üzərində olan 1 qram narkotik vasitəni polis əməkdaşlarına təqdim etmişdir. Polis idarəsində olarkən polis əməkdaşları tərəfindən ona əlavə narkotik vasitə verilmiş, həmin narkotik vasitəni də üzərinə götürmədiyi üçün fiziki təzyiqə məruz qalmış, qolu mismarla deşilmiş və döyülməsi barədə məlumat Bakı İstintaq Təcridxanasında qeydiyyata alınmışdır. Barəsində həbs qətimkan tədbiri seçilən zaman məhkəmədə qolunun mismarla deşilməsini bildirmişdir. Kürdəxanıda olarkən prokurorluq əməkdaşları sonuncudan döyülməsi ilə bağlı izahat almışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, 22 may 2023-cü il tarixində axşam saatlarında Nəsimi rayonu, Mərdanov qardaşları 47 ünvanında xidməti ərazidə olarkən Şahid3 və Şahid1la birlikdə iki nəfər şəxs özlərini şübhəli apardıqları üçün onlara yaxınlaşaraq ərazidə nə etdiklərini, kim olduqlarını soruşmuş, həmin şəxslər özlərini təqdim edə bilməmişlər. Şübhələndiyi şəxsləri polis bölməsinə dəvət etmiş, sonuncular müqavimət göstərmədən polis əməkdaşları ilə birlikdə polis bölməsinə gəlmişlər. Polis bölməsində olarkən videoçəkiliş zamanı təqsirləndirilən şəxs üzərində olan bir büküm narkotik vasitə heroini İran vətəndaşından zakladka vasitəsilə aldığını qeyd edərək təqdim etmişdir. Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı göy sellofan paketdə təqdim etdiyi narkotik vasitənin müəyyən bir hissəsini İran vətəndaşının dediyi yerə çatdıracağını, qalan hissəsinin isə özünə çatacağını bildirmişdir, həmçinin təqsirləndirilən şəxsin telefonunda narkotik vasitə heroini İran vətəndaşından almasına dair mobil telefonunda məlumatlar olmuşdur. Şübhələnərək polis bölməsinə gətirdikləri ikinci şəxsin üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya aşkar edilməmiş və şəxs Təqsirləndirilən şəxs şəhəri tanımadığı üçün onunla birlikdə şəhərə gəldiyini bildirmişdir. Təqsirləndirilən şəxsin tutularkən onun bədənində hər hansı bir yara izinin olmasını müşahidə etməmiş, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki təzyiq göstərilməmiş, hətta ona polis əməkdaşı Asim tərəfindən yemək və su verilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərmişdir ki, Mərdanov qardaşları 41/47 ərazisində oğurluq hadisəsi baş verdiyi üçün xidmət apararkən görünüşlərinə və özlərini aparmaqlarına görə həmin ərazidə əvvəllər görmədiyi iki nəfər şəxsin şübhəli olduğunu müşahidə edib, həmin şəxslərə yaxınlaşaraq özünü təqdim etmişdir. Əməliyyat qrupunda özündən başqa Şahid2 və Şahid3 olmuşdur. Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitəni atmaması üçün nəzarət etmişdir. Şübhələndiyi şəxsləri polis bölməsinə dəvət etmiş və orada vəkilin iştirakı ilə üzərlərinə baxış keçirilmiş və sonuncudan selofan paketdə qara bükümdə narkotik vasitə aşkar edilmişdir. Təqsirləndirilən şəxsə qarşı fiziki təzyiq göstərməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 22 may 2023-cü il tarixdə Mərdanov qardaşları 47 ünvanında xidmətdə olarkən iki nəfər şəxsi saxlayaraq polis bölməsinə dəvət etmiş, bölmədə olarkən Təqsirləndirilən şəxs narkotik vasitə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı daxil olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitəni İran vətəndaşından zakladka üsulu ilə əldə etdiyini bildirmişdir. Şəxs yanında olan adamla birlikdə saxlanılmış və polis bölməsində olarkən o, yanındakı adamın bu işdə olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs qarşı hər hansı bir fiziki təzyiq göstərilməmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. 22 may 2023-cü il tarixli raportdan görünür ki, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin inzibati ərazisində 3 nəfər polis əməkdaşı ünvan 4 ünvanda iki nəfər şəxsə yaxınlaşıb özlərini təqdim etdikdən sonra həmin şəxslərdən şəxsiyyətini təsdiq edən hər hansı bir sənədin olub-olmamasını soruşmuş, həmin şəxslər özünü şübhəli aparıb fikirlərini sərbəst səlis izah edə bilmədiyi, qeyri səmimi cavablar verdiyi üçün 21-ci Polis Bölməsinə gətirilmişdir (Cild 1, iş vərəqi 3). “Şəxsi axtarış və götürmə aparılması haqqında” 22 may 2023-cü il tarixli protokol və ona əlavə edilmiş həmin istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən bir ədəd DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tərtib olunmuş raporta əsasən 22 may 2023-cü il tarixdə saat 19:45 dəqiqədə ünvan 5 ünvanın qarşısında saxlanılaraq Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə gətirilib üzərində şəxsi axtarış aparılan zaman əlində olan göy rəngli üzərində «Levis» yazısı olan sellofandan şəffaf yapışqana bükülmüş qara rəngli bükümdə narkotik vasitə heroin və 01 ədəd Nokia markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar edilən narkotik vasitənin heroin olduğunu və narkotik vasitə almaq üçün pul ödəmədiyini narkotik vasitəni satdıqdan sonra Əli adlı şəxsə pul göndərəciyini bildirmişdir. (Cild 1, iş vərəqə 67-75). Məhkəmə-kimyəvi ekspertizasının 23 may 2023-cü il tarixli, rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №189» dairəvi möhür əksi, «Şübhəli Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş büküm Təqsirləndirilən şəxs (imza)» yazısı və imzalar olan paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 205,032 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Ekspertiza tədqiqatından sonra heroinin qalıq çəkisi 204, 932 qram təşkil etmişdir (Cild 1, iş vərəqə 84-86). “Bakcell MMC”-dən 13 iyul 2023-cü il tarixli müşaiyət məktubu ilə daxil olmuş ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş 055 ***-**-** mobil telefon nömrəsi ilə aparılan SMS mübadilələrinə baxış keçirilən zaman «Yari dawn var qaqa tezde pl nagdu», «Qaqa 4manatm Catmr 1 cet X7 Edecem», «qaqa 40 vurum 1ver sabah analarmzn cani günorta 40 vuram ayagm qrır gelb gedmeyden». «kelmem kelmedi qaqa qizmn cani duzelrse vz at bilm qaqam». «QAqa 12tamam Yanindayam Zakladkadyam». «5MANAT PUL TAPMİWAM VERERSEN QAQA». «Cavid сеkmeye neyunse var?» məzmununda narkotik vasitələrin alqı-satqısına dair mesajlar aşkar olunmuşdur. 01 sentyabr 2023-cü il tarixli. Səhiyyə Nazirliyi 2 nömrəli kilinik Psixiatriya Xəstəxanasının 1/4150 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün Bakı şəhəri 2 nömrəli X2 müraciət etməmişdir(Cild 1, iş vərəqə 190). Ambulator məhkəmə-psixiatrik ekspertizasının 07 avqust 2023-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 195-197). Verilmiş əməliyyat tapşırığına cavab olaraq Nəsimi rayon Polis İdarəsinin 21-ci polis bölməsinin cavab məktubunda göstərilmişdir ki, ********* nömrəli cinayət işi üzrə verilmiş əməliyyat tapşırığında göstərilən xüsusatlarla bağlı müvafiq əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəni əldə etdiyi İran İslam Respublikası vətəndaşı «Əli» adlı şəxsin şəxsiyyətini və yerini müəyyən etmək mümkün olmamışdır. Cavid X1 əlbir olmaqla narkotik vasitələrin satışını həyata keçirmələri və ya başqa hər hansı bir cinayətlə bağlı əlbir olmalarını təsdiq edən hər hansı bir əməliyyat məlumatı əldə olunmamışdır. Həmçinin əməliyyat tapşırığında göstərilən digər xüsusatlar üzrə müvafiq əməliyyat tədbirləri həyata keçirilmiş, məxfi agentlər təlimatlandırılmış və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olur (Cild 1, iş vərəqə 191). 11 sentyabr 2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında”qərarla iş üzrə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə istintaq hərəkətinin həyata keçirilməsi zamanı sonuncunun üzərindən aşkar olunaraq götürülmüş 205, 032 qram təşkil edən narkotik vasitə heroinin maddi sübut kimi tanınması və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 204,932 təşkil edən heroinin, iş üzrə maddi sübut əhəmiyyətinə malik olmayan bir ədəd “Nokia” markalı mobil telefonun saxlanılmaları üçün Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin maddi sübutları saxlama otağına təhvil verilməsi, şəxsi axarış və götürmə istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən 1 ədəd DVD diskin maddi sübut kimi tanınması və cinayət işi materiallarına əlavə edilməsi müəyyən edilmişdir (Cild 1, iş vərəqə 201-209). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir . “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsində göstərilən əmələ görə cinayət məsuliyyəti həmin əməllər külli miqdarda törədildiyi təqdirdə CM-nin 234.4.3-cü maddəsində, qabaqcadan əlbir olub bir qrup şəxs tərəfindən törədilməsi ilə müşaiyət olunduqda isə CM-nin 234.4.1-ci maddəsində nəzərdə tutulur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri ya psixotrop maddələri satma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Qanunun mənasına görə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində göstərilən cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin həm 234.4.1, həm də 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət tərkibinin zəruri əlaməti olmaqla Cinayət-Prosessual Məcəlləsinin 139.0.3-cü maddəsinə əsasən sübut edilməli olan hallardan biridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunda “satış” məqsədinin anlayışı verilməsə də, həmin Qanunun 1.0.11-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına aydınlıq gətirilmişdir. Belə ki, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər “satma” kimi başa düşülür. Bu kontektsdə “satış” məqsədi də narkotik vasitələrin və ya psixortop maddələrin “əvəzli, qazanc əldə etmək və ya sair şəxsi maraqdan yayılması” məqsədi kimi şərh edilə bilər. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 №-li Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın (köhnə redaksiyada) 1-ci Siyahısının 5-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qram və daha artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olmaması, üzərindən aşkar edilən narkotik vasitənin ümumiyyətlə ona məxsus olmaması, üzərində yalnız 1 qram narkotik vasitə olan heroin bükümü olması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilərkən üzərindən aşkar edilmiş bükümün içərisindəki maddənin heroin olduğunu, narkotik vasitə istifadə etdiyini, həmin bükümü 22 may 2023-cü il tarixində ünvan 7 ünvandan İran İslam Respublikasının vətəndaşı olan "Əli" adlı şəxsdən "zakladka" vasitəsilə götürdüyünü, əldə etdiyi narkotik vasitəyə görə ödəniş etmədiyini, onu satdıqdan sonra pulu İran İslam Respublikasının vətəndaşı olan Əli adlı şəxsə göndərəcəyini, üzərində aşkar olunmuş narkotikdən başqa narkotikinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs şəxsi axtarış istintaq hərəkəti keçirilərkən həmçinin göstərmişdir ki, o, narkotik vasitə istifadə edir, bu işlə məşğul olmağından heç kimin xəbəri yoxdur. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq tətbiq edilməmişdir, narkotik vasitələrin satışı ilə məşğul olur. Narkotik vasitəni aldığı şəxsin anket məlumatları barədə xəbəri olmasa da adının Əli olduğunu bilir. Bundan başqa Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən də eyni məzmunlu ifadələr verərək narkotik vasitələrin satışı ilə məşğul olduğunu , polis əməkdaşları tərəfindən saxlanılarkən hər hansə zorakılığa məruz qalmasını inkar etmişdir. Məhkəmə iclasında isə təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadələri təkzib edərək fiziki təzyiqə məruz qalmasını, bu barədə prokurorluq orqanı tərəfindən araşdırma aparıldığını bildirmişdir. Qeyd olunan halların araşdırılması üçün müvafiq sorğu əsasında əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından daxil olan 22 noyabr 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs istintaq təcridxanasına daxil olarkən ilkin tibbi müayinə zamanı onun sol dirsək büküşündə 3 sm ölçüdə kəsilmiş üzəri qərtməkli yara müşahidə olunmuşdur.Təcridxanaya daxil olan zaman o həbs olunmadan əvvəl xəsarət aldığını inkar etmişdir. 13 noyabr 2023-cü il tarixli Bakı şəhəri Nəsimi rayon Prokurorluğunun 13 noyabr 2023-cü il tarixli məktubu ilə müşaiyət olunan “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 25 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 4-5 nəfər polis əməkdaşı tərəfindən mismarla qoluna təzyiq edilməklə narkotik vasitənin ona məxsus olması barədə ifadə verməyə məcbur edilməsi barədə izahatı üzrə aparılmış araşdırma zamanı onun tutulmasında iştirak etmiş polis əməkdaşları dindirilmiş, tərəflərindən Təqsirləndirilən şəxs barəsində hər hansı təzyiq göstərilmədiyi barədə ifadələr verilmişdir. Bundan başqa təyin edilmiş 30 iyun 2023-cü il tarixli məhkəmə tibbi ekspertiza rəyi ilə həmin xəsarətlərin təqsirləndirilən şəxsin müayinə olunduğu 26 may 2023-cü il tarixdən 3-5 gün əvvələ təsadüf etməsi, müxtəlif şəraitlərdə, habelə özü-özünə yetirilməsi nəticəsində əmələ gəlməsinin inkar olunmaması müəyyən edilmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikasının Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarında göstərilir ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Hazırki iş üzrə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncələrə məruz qalması faktı ilə bağlı Bakı şəhəri Nəsimi rayon Prokurorluğunun 25 iyul 2023-cü il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarından məhkəmə iclasında şikayət verib-verməməsi müəyyənləşdirilərkən aydın olmuşdur ki, sonuncu həmin qərardan şikayət etməmişdir. Məhkəmə məhkəmə-tibb ekspertizasının verdiyi rəyə əsasən Təqsirləndirilən şəxs üzərində aşkar edilən xəsarətlərin özü tərəfindən yetirilməsi inkar olunmaması, həmçinin tutulmamışdan əvvəlki dövrə təsadüf etmək imkanının olması, o cümlədən təqsirləndirilən şəxsin 25 iyul 2023-cü il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarından şikayət verməməsi hallarını birgə qiymətləndirərək hesab edir ki, videoçəkiliş aparılan zaman Təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vasitənin ona məxsus olması barədə verdiyi ifadələrin, habelə 205,032 qram narkotik vasitə heroinin təqsirləndirilən şəxsə məxsus olması faktının Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 125.2.2-ci maddəsinin tələbləri nöqteyi nəzərindən şübhə altına alınması üçün əsaslar yoxdur. Narkotik vasitənin miqdarının külli miqdar təşkil etməsi özü-özlüyündə satış məqsədinin müəyyən edilməsində həlledici rol oynamasa da, məhkəmə hazırkı iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vasitə heroinin 200 qram, yəni şəxsi istehalk miqdarından son həddindən təxmini olaraq 1300 dəfə artıq olması, sonuncunun üzərinə şəxsi axtarış keçirilməsinin videogörüntülərini özündə əks etdirən DVD diskdən və məhkəməyədək icraatda verdiyi ifadələrdən də göründüyü kimi üzərindən aşkar edilən narkotik vasitə heroini "Əli” adlı şəxsin göstərişinə əsasən satmaq məqsədilə əldə etməsi, həmin narkotik vasitə üçün hər hansı vəsait ödəməməsi, yalnız satıldıqdan sonra əldə etdiyi vəsaiti Əli adlı şəxsə verəcəyi barədə ifadələrini, istifadəsində olan 055 ***-**-** mobil telefon nömrəsi vasitəsilə narkotik vasitələrin satışı barədə danışıqların aparılması hallarını birgə qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroini qabaqcadan əlbir olub bir qrup şəxs tərəfindən satış məqsədilə qanunsuz əldə etmiş, saxlamış və daşımışdır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini qəsdən törətmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyaları həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 26.05. 2014cü il və xx.xx.2016-cı il təvəllüdlü iki azyaşlı uşağı vardır. Müdafiəçinin vəsatəti ilə cinayət işi materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli, 2714 nömrəli Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə”, eyni tarixli 2712 nömrəli Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə”, 21 aprel 2022-ci il tarixli, 250s nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı medalları ilə təltif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü, İkinci Qarabağ müharibəsində iştirakı ilə əlaqədar təltif edildiyi çoxsaylı medallarını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Niyazov X5 rayon məhkəməsinin 18 mart 2021-ci il tarixli hökmü ilə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə, həmin Məcəllənin 234.2-ci maddəsi ilə 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən üzərində 2 il 9 ay 22 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Abşeron rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 66.5-ci maddəsinə əsasən Abşeron rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli hökmü ilə ona təyin olunmuş cəza hazırkı hökmlə təyin edilmiş cəza ilə toplanmaqla Təqsirləndirilən şəxs 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4 və 83.3.2-ci maddəsinin tələblərini nəzərə almaqla hesab edir ki, Abşeron rayon məhkəməsininin 21 aprel 2021-ci il tarixli hökmü ilə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyindən onun əməlində cinayətlərin residivi halı müəyyən edilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində himayəsində iki azyaşlı uşağının olması kimi yüngülləşdirici halların olmasını, ağırlaşdırıcı halların olmamasını nəzərə alaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Məhkəmə onu da qeyd edir ki, Sumqayıt şəhər Probasiya şöbəsindən daxil olmuş 19 yanvar 2023-cü il tarixli məktubdan görünür ki, Abşeron rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs 02 iyun 2021-ci il tarixdə Abşeron rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alınmışdır. Tutulduğu günə, yəni 22 may 2023-cü il tarixə onun həmin hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmiş hissəsi 1 il 11 ay 20 gün, çəkilməmiş hissəsi 1 il 10 gün təşkil etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Yuxarıda sadalananları nəzərə alaraq məhkəmə qeyd edir ki, Abşeron rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının tutulduğu günə, yəni 22 may 2022-ci il tarixə çəkilməmiş 1 (bir) il 10 (on) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla 6 (altı) ay 5 (beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası hesab edilməklə ona hazırki hökmlə təyin edilmiş qəti cəzaya qismən birləşdirilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 22 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş (Cild 1, iş vərəqə 44-45), Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 may 2023-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 22 may 2023-cü il tarixdən hesablanması qərara alınmışdır (Cild 1, iş vərəqə 117-121). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 22 may 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə-narkoloji ekspertizasının 30 aprel 2022-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (Cild 1, iş vərəqə 192-193). Məhkəmə iclasında təqsirləndirilən şəxs əlillik dərəcəsi olduğunu bildirdiyinə görə məhkəmənin təşəbbüsünə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən əldə olunmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs əlillik vəziyyəti barədə Nazirliyin elektron informasiya sisteminin “Əlillik” altsistemində məlumat və göndəriş aşkar edilməmişdir. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin növbətçi hissəsinə təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 204,932 qram təşkil edən narkotik vasitə heroin məhv edilməli, cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs barəsində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinin video görüntülərini özündə əks etdirən bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, şəxsi axtarış və götürmə zamanı üzərindən aşkar edilərək götürülmüş “Nokia” markalı mobil telefon onun ailə üzvlərinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (Cild 1, iş vərəqə 83). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə zamanı 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Behdud oğlu tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına ödənilməsi üçün 180 (bir yüz səksən) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Abşeron rayon Məhkəməsinin hökmü ilə təyin edilmiş üç il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının onun tutulduğu günə, yəni 22 may 2023-cü il tarixə çəkilməmiş 1(bir) il 10 (on) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla 6 (altı) ay 5 (beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası hesab edilməklə ona hazıki hökmlə təyin edilmiş qəti cəzaya qismən birləşdirilməklə ona 5 (beş) il 4 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 22 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 204,932 qram təşkil edən heroin məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Şəxsi axtarış və götürmə zamanı üzərindən aşkar edilərək götürülmüş “Nokia” markalı mobil telefon onun ailə üzvlərinə qaytarılsın. Təqsirləndirilən şəxs 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına 30 iş saatı üçün Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına vəkil Müdafiəçi üçün 180 (bir yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar