Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-857/2023 19.04.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər - Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Hacıyev Siyavuş Həbib oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X6 və X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1949-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, təqaüdçü, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, Azərbaycan Respublikası Prezidentinin 2 noyabr 2011-ci il tarixli, 1818 nömrəli sərəncamı ilə “Əməkdar artist” fəxri adı verilmiş, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 19 oktyabr 2022-ci il tarixdə, saat 10 radələrində Bakı şəhəri Yasamal rayonu Ş.Əzizbəyov küçəsində məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən 1 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 0,642 qram qəhvəyi rəngli maddə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri, Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 19 oktyabr 2022ci il tarixdə, saat 12 radələrində ünvan 3 ünvanının qarşısında saxlanılaraq Bakı şəhəri, Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə gətirilmiş, polis bölməsinin inzibati binasında şübhəli şəxs qismində tutulduqdan sonra üzərində şəxsi axtarış keçirilmiş və əynindəki boz rəngli pencəyin sağ yan cibindən 1 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 0,642 qram qəhvəyi rəngli maddə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs 28 oktyabr 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən "Kubinka" adlanan ərazidən məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən 1 (bir) ədəd bükümdə təmiz çəkisi 8,914 qram qəhvəyi rəngli toz şəkilli maddə olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə hesab edilən heroini əldə edib üzərində saxlamaqla daşımış, 28 oktyabr 2022-ci il tarixdə, saat 15:35-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanının yaxınlığında saxlanılaraq Bakı şəhəri, Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin inzibati binasına gətirilib şübhəli şəxs qismində tutulduqdan sonra üzərində şəxsi axtarış keçirilmiş və əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd bükümdə təmiz çəkisi 8,914 qram qəhvəyi rəngli toz şəkilli maddə olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə hesab edilən heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, oğlu Elnur Quliyev narkotik vasitə istifadəçisi olmaqla iki ildən çoxdur həbsdədir. 19 oktyabr 2022-ci il tarixdə, saat 10 radələrində yaşadığı ünvan 1 ünvanında təmir-tikinti işləri aparan zaman oğluna məxsus əşyaların içərisindən şəffaf rəngli sellofana bükülmüş bir ədəd büküm tapmışdır. Bükümə baxdıqda içərisində narkotik vasitə heroin olduğunu görmüşdür. Həmin heroini sonradan zibil qutusuna tullamaq üçün əynindəki boz rəngli cins pencəyinin sağ yan cibinə qoymuşdur. Lakin sonradan unutduğuna görə həmin narkotik vasitə pencəyinin cibində qalmışdır. 19 oktyabr 2022-ci il tarixdə, təxminən saat 12 radələrində piyada olaraq ünvan 1 ünvanının qarşısında olan zaman mülki geyimdə iki nəfər polis əməkdaşı yaxınlaşaraq polis vəsiqələrini göstərib üzərində narkotik vasitə və ya psixotrop maddələri gəzdirməkdə şübhəli olduğunu bildirmişlər. Onu Yasamal RPİ-nin 27-ci PB-nə gətirmişlər. Bölmənin xidməti otaqlarının birində ona təqdim edilmiş vəkilin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış və götürmə zamanı əynindəki boz rəngli pencəyinin sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş olan heroini çıxardaraq masanın üzərinə qoymuşdur. Daha sonra təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış davam etdirilmiş, lakin hər hansı digər qanunsuz əşya aşkar olunmamışdır. Üzərindən aşkar olunmuş narkotik vasitə heroin zərfə qoyularaq qablaşdırılmışdır. Bu barədə tərtib olunmuş protokolun doğruluğunu və zərfi o və baxışda iştirak edən digər şəxslər öz imzaları ilə təsdiq etmişlər. Daha sonra isə üzərindən aşkar edilmiş maddə növünü və çəkisini müəyyən etmək məqsədi ilə ekspertizaya göndərilmişdir. O isə iki gün polis idarəsində saxlanıldıqdan sonra barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə azad olunmuşdur. Təqsirləndirilən şəxs ifadəsinə davam edərək göstərdi ki, 28 oktyabr 2022-ci il tarixdə səhər saatlarında evdə təmir işləri üçün lazım olan bəzi əşyaları almaqdan ötrü yaşadığı evdən çıxıb küçə ilə gedərkən bir nəfər tanış şəxslə rastlaşmışdır. Böyük oğlunun evi yandığından, həyat yoldaşı dörd-beş dəfə səhhəti ilə bağlı ağır əməliyyat keçirdiyindən, habelə kiçik oğlu həbs olunduğundan çox fikirli olmuşdur. Həmin şəxs kiçik oğluna verməsi üçün ona “kakos” adlanan narkotik vasitə vermişdir. O isə həmin şəxsə oğlunun həbs olunduğunu bildirmişdir. Həmin şəxsin adını, harada yaşamasını və nə işlə məşğul olmasını bilmir. Əvvəllər bir neçə dəfə fikrinin dağılması üçün narkotik vasitə istifadə etmişdir. Ona görə də özü istifadə etmək üçün həmin heroini götürüb üzərində saxlamışdır. Heroinin nə qədər olmasını bilməmişdir. Üstündə olan 20 manat pulu isə həmin şəxsə vermişdir. Fikri dağılması üçün özü istifadə etmək məqsədi ilə narkotik vasitə heroini şalvarının sağ yan cibinə qoyub yaşadığı evə gələn zaman, evinin yaxınlığında olarkən iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edib, onu Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə gətirmişlər. Polis bölməsində xidməti otaqların birində təhqiqatçı ona hüquq və vəzifələrini izah etmiş, şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçi və digər şəxslərin iştirakı ilə üzərində şəxsi axtarış keçirilərkən o, əynindəki göy rəngli cins şalvarının sağ yan cibindəki bir ədəd şəffaf sellofan bükümü çıxardıb təqdim etmişdir. Həmin bükülünün içərisindəki narkotik vasitə heroini könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra ondan aşkar edilmiş bir ədəd şəffaf sellofan bükülüdə olan narkotik vasitə müdafiəçi və digər şəxslərin iştirakı ilə zərfə qoyulub möhürlənmişdir, bu barədə protokol tərtib olunaraq, müdafiəçi və digər şəxslərin iştirakı ilə zərf və protokol imzalanmışdır. Təqsirləndirilən şəxs ifadəsində ondan aşkar edilmiş narkotik vasitələri satış məqsədi ilə deyil, özünün istifadə etməsi üçün əldə edərək üzərində daşıdığını, heç vaxt narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmadığını, hər hansı şəxsə pay vermədiyini, ibtidai istintaq zamanı cinayət məsuliyyətindən yayına biləcəyini düşünürək həmin narkotik vasitədən həm də tanışlarından istəyən olsa pay vermək üçün üzərində saxladığını dediyini, həqiqətdə isə həmin maddələri yalnız özünün istifadə etməsi üçün üzərində saxladığını, incəsənət xadimi kimi uzun illər ərzində Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ona “Əməkdar artist” fəxri adının verildiyini, 74 yaşında olmaqla kifayət qədər yaşının olmasını, törətdiyi əməldən çox peşmanlıq çəkdiyini, bu yaşa qədər hər hansı cinayət məsuliyyətinə cəlb edilmədiyini bildirərək səhhətinin həbsdə saxlanılması ilə bağlı pisləşdiyini, yaşını və incəsənət xadimi kimi xidmətlərini nəzərə alaraq məhkəmədən ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadələrində göstərmişdir ki, 19 oktyabr 2022-ci il tarixdə, saat 10 radələrində Bakı şəhəri “Kubinka” adlanan ərazidə olan zaman tanımadığı şəxsdən ürəyi istəyən zaman istifadə etmək niyyəti ilə 10 manata bir bükümdə narkotik vasitə olan heroin almışdır. 19 oktyabr 2022-ci il tarixdə təxminən saat 12:00 radələrində piyada olaraq ünvan 3 ünvanının qarşısında olan zaman mülki geyimdə iki nəfər polis əməkdaşı yaxınlaşaraq xidməti vəsiqələrini göstərib üzərində narkotik vasitə və psixotrop maddələri gəzdirməkdə şübhəli olduğunu bildirmişlər. Onu Yasamal RPİ-nin 27-ci PB-nə gətirmişlər. Bölmənin xidməti otaqlarının birində ona təqdim edilmiş vəkil X4 iştirakı ilə şübhəli şəxs qismində tutulduqdan sonra razılığı əsasında videoçəkilişdən istifadə etməklə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış və götürmə zamanı əynindəki boz rəngli pencəyin sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş olan heroini çıxardaraq masanın üzərinə qoymuşdur. Daha sonra təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış davam etdirilmiş, lakin hər hansı digər qanunsuz əşya aşkar olunmamışdır. Üzərindən aşkar olunmuş narkotik vasitə heroin zərfə qoyularaq qablaşdırılmışdır. Bu barədə tərtib olunmuş protokolun doğruluğunu və zərfi o və istintaq hərəkətində iştirak edən digər şəxslər öz imzaları ilə təsdiq etmişlər. Daha sonra isə üzərindən aşkar edilmiş maddə növünün və çəkisinin müəyyən edilməsi məqsədi ilə ekspertizaya göndərilmişdir. Həmin cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilmədiyindən azadlığa buraxılmışdır. Təqsirləndirilən şəxs ifadəsinə davam edərək göstərmişdir ki, uzun müddətdir narkotik vasitə heroindən istifadə edir. 28 oktyabr 2022-ci il tarixdə səhər saatlarında yaşadığı evdən çıxıb "Kubinka" adlanan əraziyə gedərək üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 100 manat pul verərək həm özü istifadə etmək məqsədi ilə, həm də dost-tanışından istəyən olsa pay vermək məqsədilə narkotik vasitə heroin alaraq şalvarının sağ yan cibinə qoyub yaşadığı evə gələn zaman, yaşadığı evin yaxınlığında olarkən iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edib, onu Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə gətirmişlər. Polis bölməsində xidməti otaqların birində təhqiqatçı ona hüquq və vəzifələrini izah etmiş, şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçi və digər şəxslərin iştirakı ilə üzərində şəxsi axtarış keçirilərkən o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindəki bir ədəd şəffaf sellofan bükümdə olan bükülünü çıxardıb təqdim etmişdir. Həmin bükülünün içərisindəki narkotik vasitə heroini könüllü olaraq polis əməkdaşlarına təqdim edərək onu həmin gün səhər saatlarında "Kubinka" adlanan ərazidən üzdən tanımadığı, lakin adını bilmədiyi şəxsdən özü istifadə etmək üçün 100 manata alaraq üzərində saxladığını bildirmişdir. Bundan sonra ondan aşkar edilmiş bir ədəd şəffaf sellofan bükülüdə olan narkotik vasitə müdafiəçi və digər şəxslərin iştirakı ilə zərfə qoyulub möhürlənmişdir, bu barədə protokol tərtib olunaraq, müdafiəçi və digər şəxslərin iştirakı ilə zərf və protokol imzalanmışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı əlavə dindirmə zamanı əvvəllər vermiş olduğu ifadələrini qismən təsdiq etdiyini, o cümlədən üzərində şəxsi axtarış və götürmə aparılması zaman narkotik vasitənin əldə edilmə mənbəyinə dair hissəsini təsdiq etmədiyini, saxlanılan zamanı həyəcanlı olduğundan məsuliyyətdən yaxa qurtarmaq üçün əgər üzərindən aşkar olunmuş narkotik vasitənin həbsdə olan oğlu Elnur Quliyevə məxsus olmasını bildirərsə, məsuliyyətdən kənarda qalacağını düşündüyündən səhvən narkotik vasitəni əldə etdiyi mənbəni gizlədərək, guya evdə apardığı təmir-tikinti işləri zamanı oğluna məxsus əşyaların arasından tapdığını və atmaq niyyəti ilə üzərində saxladığını, əsl həqiqətdə isə narkotik vasitəni şəxsi istifadəsi üçün “Kubinka” adlanan ərazidə 19 oktyabr 2022-ci il tarixdə, saat 10 radələrində üzdən tanıdığı şəxsdən 10 manata aldığını, həmin narkotik vasitə barəsində oğlu Elnur Quliyevin məlumatsız olmasını, narkotik vasitənin özünə məxsus olmasını bildirmişdir. (Cild İ, iş vərəqləri 48-50; 61-63; 129-131; 140-142; 169-171; 238-240) İşin halları və dəlilləri: Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi tədqiq edir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri, Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal rayonu ərizəsində narkotik vasitələrin qanunsuz döyriyyəsi ilə məşğul olması ilə bağlı bölməyə məlumat daxil olduğundan Yasamal RPİ-nin 27-ci polis bölməsinin rəisinin əmri əsasında əməliyyat qrupu təşkil olunmuş və 19 oktyabr 2022-ci il tarixdə, təxminən saat 11:30 radələrində Yasamal RPİ-nin 27-ci PB-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ilə birlikdə əməliyyat tədbirini keçirmək üçün Bakı şəhəri Yasamal rayonu Ş.Əzizbəyov küçəsinə yollanaraq güdmə əməliyyat tədbirini həyata keçirmişlər. Həmin günü təxminən saat 12:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, Ş.Əzizbəyov küçəsi ev 34 ünvanının qarşısında dayanan, əməliyyat məlumatı əsasında xarici görünüşü onlara məlum olan Təqsirləndirilən şəxs yaxınlaşaraq xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmişlər. Ona hüquq və vəzifələrini izah edib şübhənin mahiyyətini bildirdikdən sonra Yasamal RPİ-nin 27-ci PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs də təkliflə razılaşaraq heç bir müqavimət göstərmədən onlarla birlikdə şöbəyə gəlmişdir. Bundan sonra isə xidməti otaqların birində təhqiqatçı X17 Quliyevi şübhəli şəxs qismində tutduqdan və hüquq və vəzifələrini izah etdikdən sonra videoçəkiliş aparılmaqla onların və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində hər hansısa qanunsuz əşyalar varsa könüllü olaraq təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs əynində olan boz rəngli pencəyin sağ yan cibində 1 ədəd şəffaf rəngli sellofan bükümü çıxardaraq təhqiqatçıya təqdim etmişdir. Onların və müdafiəçinin iştirakı ilə təhqiqatçı tərəfindən həmin büküm açılmış və içərisində qəhvəyi rəngli maddə olması müəyyən edilmişdir. Üzərindən aşkar edilmiş maddənin nə olması və haradan əldə edilməsi barədə Təqsirləndirilən şəxslə sorğu edilən zaman, həmin maddənin narkotik vasitə heroin olmasını və 19 oktyabr 2022-ci il tarixdə, təxminən saat 10 radələrində ünvan 6 ünvanındakı yaşadığı evdə təmir-tikinti işləri aparan zaman oğluna məxsus əşyaların içərisindən tapdığını etiraf etmişdir. Daha sonra isə Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilən zaman digər hər hansı bir əşya aşkar edilməmişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs üzərindən aşkar edilən həmin kütlə zərfə qoyularaq möhürlənib və ekspertiza aparılması üçün müvafiq quruma göndərilmişdir. Bununla bağlı protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Şahid1 ifadəsinə davam edərək göstərdi ki, 19 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Yasamal rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə onlara əməliyyat məlumatları, eyni zamanda Təqsirləndirilən şəxs qonşularının DİN-nin 102 xidmətinə müraciətləri daxil olmuş, lakin Təqsirləndirilən şəxs narkotik vasitə hesab edilən heroini alan şəxslərin müəyyən edilməsi istiqamətində keçirilmiş əməliyyat-axtarış tədbirlərinə baxmayaraq, həmin şəxsləri müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olması barədə məlumat olmuş, lakin bunu təsdiq edən sübut və ya fakt onlarda olmamışdır. Hadisədən iki ay əvvəldən həmin ərazidə xidmət etsə də, Təqsirləndirilən şəxs kiməsə narkotik vasitə və ya psixotrop maddə satması onun tərəfindən müəyyən olunmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri, Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə eyni məzmunlu və Şahid1lə oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, 28 oktyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə idarəsinə Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat İdarə rəhbərliyinə raportla məruzə olunaraq əməliyyat tədbirlərinin keçirilməsi barədə razılıq verildikdən sonra yaradılmış əməliyyat qrupu tərkibində keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək həmin gün saat 15:35 radələrində tərəflərindən ünvan 7 ünvanının yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq, sonuncuya külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli bilindiyi və bu səbəbdən də, onlarla birlikdə Yasamal RPİ-nin 27-ci PB-nə getməsini dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə Yasamal RPİ-nin 27-ci PB-nə gəlmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının təmin edilməsi məqsədi ilə müdafiəçi dəvət olunaraq şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində şəxsi axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 70 manat pulunu, sağ yan cibindən 1 ədəd sellofan bükümü təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonucunun üzərindən qanunla qadağan edilmiş, iş üzrə əhəmiyyət kəsb edən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 70 manat pulu qaytarılmışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bağlamaya baxış keçirilən zaman 1 ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Həmin sellofan bükümdə aşkar edilmiş kütlənin təxmini çəkisinin müəyyən edilməsi məqsədilə sıfırlanmış halda olan elektron tərəzi ilə çəkilmiş və çəkisinin 9,7 qram olması müəyyən edilmişdir. Həmin sellofan büküm 1 ədəd içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, üzəri "DİN-nin Zərflər üçün 7 saylı" möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümdəki maddənin narkotik vasitə heroin olduğunu, satışla məşğul olmadığını, lakin həmin maddəni özü istifadə etmək və ətrafında olan tanışları istəyərsə onlara pay vermək üçün üzərində saxladığını, Yasamal rayonu, “Kubinka” adlanan ərazidə 100 manata əldə etdiyini, başqa heç bir yerdə narkotik vasitə saxlamadığını, bu əməlindən heç kimin məlumatının olmadığını, saxlanılan zaman və polis bölməsində olarkən onun üzərinə əwəlcədən axtarış keçirilmədiyini, ona qarşı hər hansı fiziki və ya psixi zor tətbiq edilmədiyini əlavə olaraq bildirmişdir. 28 oktyabr 2022-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokolda göstərilən çəkidəki rəqəmlərlə ekspert rəyində olan çəkilərdəki fərq aşkar olunmuş maddələrin tərəflərindən qablaşdırma ilə birlikdə çəkilməsi səbəbindən yaranmışdır. Şahid3 ifadəsinə davam edərək göstərdi ki, 28 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Yasamal rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə onlara məlumat daxil olmuş, lakin Təqsirləndirilən şəxs narkotik vasitə hesab edilən heroini alan şəxslərin müəyyən edilməsi istiqamətində keçirilmiş əməliyyat-axtarış tədbirlərinə baxmayaraq, həmin şəxsləri müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs özü də külli miqdarda narkotik vasitəni üzərində saxlamaqda niyyətinin satmaq olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olması barədə məlumat olmuş, lakin bunu təsdiq edən konkret sübut və ya fakt onlarda olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə eyni məzmunlu və Şahid3la oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də, mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: - “Şəxsi axtarış və götürmə aparılması haqqında” 19 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə qəbul edilməklə müdafiəçi X4 iştirakı ilə Təqsirləndirilən şəxs elan edilmiş müvafiq qərar əsasında həmin gün saat 13:35-dən 14:15-dək Bakı şəhəri, Yasamal RPİ-nin 27-ci Polis Bölməsinin təhqiqatçısı, polis kapitanı X5 tərəfindən həmin bölmənin əməliyyat müvəkkilləri, polis kapitanı Şahid1 və baş leytenantı Şahid2, müdafiəçi X4 iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Protokoldan görünür ki, Təqsirləndirilən şəxs şəxsiyyəti müəyyən olunmuş, daha sonra Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunla qadağan olunan əşyaları təqdim etməsi təklif olunmuşdur. O, əynində olan boz rəngli pencəyinin sağ yan cibindən bir ədəd sellofanda olan bükümü təqdim edib masanın üzərinə qoyaraq narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni həmin gün səhər saatlarında yaşadığı evdə təmizlik işləri apararkən tapdığını və tullamaq üçün cibində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs əlavə olaraq həmin narkotik vasitənin iki il əvvəl həbs olunmuş oğlu Elnur Quliyevə məxsus olduğunu bildirmişdir. Daha sonra polis əməkdaşı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparsa da, başqa hər hansı qanunsuz bir əşya aşkar edilməmişdir. Təhqiqatçı tərəfindən büküm açıldıqda orada qəhvəyi rəngli maddənin olması məlum olmuşdur. Təhqiqatçı sellofan bükümü ağ zərfə qoyub möhürləmiş və zərfin üzərinə iştirakçılar imza etmişlər. Təhqiqatçı şəxsi axtarışın başa çatdığını elan etmişdir. İstintaq hərəkəti zamanı “İphone X” markalı mobil telefondan istifadə edilməklə videoyazı aparılması və videoyazının “DVD” diskə köçürülərək protokala əlavə edilməsi qeyd edilmişdir. İştirakçılar tərəfindən heç bir irad və əlavə daxil olmadığı qeyd edilməklə, istintaq hərəkətində iştirak edən şəxslərin ad və soyadlarının qarşısında müvafiq imzalar çəkilmişdir. (Cild 1, iş vərəqləri 112-113) - “Şəxsi axtarış və götürmə aparılması haqqında” 19 oktyabr 2022-ci il tarixli protokolda əks olunan istintaq hərəkəti videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd “DVD” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən bir ədəd müddəti 9 dəqiqə olan videofayla həmin videogörüntülərin əks olunduğu diskə baxış keçirilməsinə dair 8 noyabr 2022-ci il tarixli protokolla, eləcə də həmin diskə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakı ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. (Cild 1, iş vərəqləri 182) - “Şəxsi axtarış və götürmə aparılması haqqında” 28 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə qəbul edilməklə müdafiəçi X2 iştirakı ilə Təqsirləndirilən şəxs elan edilmiş müvafiq qərar əsasında həmin gün saat 16:45-dən 16:53-dək Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı, polis kapitanı X3 tərəfindən həmin İdarənin baş əməliyyat müvəkkili, polis mayoru Şahid3 və əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4, müdafiəçi X2 iştirakı ilə Yasamal RPİ-nin 27-ci PB-nin inzibati binasının xidməti otaqlarından birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Protokoldan görünür ki, Təqsirləndirilən şəxs şəxsiyyəti müəyyən olunmuş, daha sonra Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunla qadağan olunan əşyaları təqdim etməsi təklif olunmuşdur. O, əynindəki göy rəngli cins şalvarının sol yan cibindən 70 manat pulu, sağ yan cibindən bir ədəd sellofan bükümü təqdim edərək masanın üzərinə qoymuşdur. Daha sonra polis əməkdaşı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparsa da, başqa hər hansı qanunsuz bir əşya aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 70 manat pul özünə qaytarılmışdır. Təhqiqatçı tərəfindən büküm açıldıqda orada narkotik vasitə heroinə bənzər qəhvəyi rəngli maddənin olması məlum olmuşdur. Həmin sellofan bükümdə aşkar edilmiş kütlənin təxmini çəkisinin müəyyən edilməsi məqsədi ilə sıfırlanmış halda olan elektron tərəzi ilə çəkilmiş və çəkisinin 9,7 qram olması müəyyən edilmişdir. Təhqiqatçı sellofan bükümü ağ zərfə qoyub möhürləmiş və zərfin üzərinə iştirakçılar imza etmişlər. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümdəki maddənin narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni ətrafındakı tanışları istəyərsə onlara pay vermək üçün üzərində saxladığını, “Kubinka” adlanan ərazidə 100 manata əldə etdiyini bildirmişdir. Təhqiqatçı şəxsi axtarışın başa çatdığını elan etmişdir. İstintaq hərəkəti zamanı “Sony” markalı mobil telefondan istifadə edilməklə videoyazı aparılması və videoyazının “DVD” diskə köçürülərək protokala əlavə edilməsi qeyd edilmişdir. İştirakçılar tərəfindən heç bir irad və əlavə daxil olmadığı qeyd edilməklə, istintaq hərəkətində iştirak edən şəxslərin ad və soyadlarının qarşısında müvafiq imzalar çəkilmişdir. (Cild 1, i.v.31-33) - “Şəxsi axtarış və götürmə aparılması haqqında” 28 oktyabr 2022-ci il tarixli protokolda əks olunan istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd “DVD” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən bir ədəd müddəti 7 dəqiqə 13 saniyə olan videofayla həmin videogörüntülərin əks olunduğu diskə baxış keçirilməsinə dair 8 noyabr 2022-ci il tarixli protokolla, eləcə də həmin diskə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakı ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. (Cild 1, iş vərəqləri 181) -“Məhkəmə fiziki-kimyəvi ekspertizası”nın 6/6066 saylı, 20 oktyabr 2022-ci il tarixli rəyində göstərilmişdir ki tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №168” dairəvi möhür əksi və “Şübhəli şəxs Təqsirləndirilən şəxs (imza)..” sözləri və imzalar olan bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,642 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Heroinin ümumi təmiz çəkisi – 0,642 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 0,592 qram. Aparılmış tədqiqatın dəyəri 55 (əlli beş) manatdır. (Cild 1, iş vərəqi 120-124) -“Məhkəmə fiziki-kimyəvi ekspertizası”nın 6/6272 saylı, 29 oktyabr 2022-ci il tarixli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №7” dairəvi möhür əksi və “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə; Təqsirləndirilən şəxs – imza, bir –imza; V.Həsənquliyev – imza..” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 1 ədəd bükümdə təmiz çəkisi – 8,914 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Heroinin ümumi təmiz çəkisi – 8,914 qram, tədqiqata cəmi sərf edildi – 0,1 qram, qalıq – 8,814 qram. Aparılmış tədqiqatın dəyəri 92 (doxsan iki) manatdır. (Cild 1, i.v. 39-43) - “Məhkəmə-narkoloji ekspertizası”nın 28 noyabr 2023-cü il tarixli, 7171 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərdən istifadə etmə halları olmuşdur. Lakin hazırda müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (Cild 1, i.v.196-197) - “Ambulator məhkəmə psixiatrik ekspertizası”nın 5 dekabr 2022-ci il tarixli, 3246 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikasının CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyac yoxdur. (Cild 1, iş vərəqləri 198-200) - “Maddi sübut kimi tanımaq haqqında” 31 oktyabr 2022-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 8,914 qram və 0,642 qram olan narkotik vasitə heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, aparılmış tədqiqatlardan sonra qalıq qalmış 9,406 qram narkotik vasitə heroin saxlanması üçün Bakı şəhəri, Yasamal RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. (Cild 1, iş vərəqi 174-175) - “Sübutların qiymətləndirilməsi haqqında” 15 yanvar 2023-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 8,914 qram və 0,642 qram narkotik vasitə heroinin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması, aparılmış tədqiqatlardan sonra qalıq qalmış 9,406 qram narkotik vasitə heroinin saxlanması üçün Bakı şəhəri, Yasamal RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilməsi, həmçinin 19 oktyabr 2022 və 28 oktyabr 2022-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokollara əlavə edilmiş 2 (iki) ədəd DVD disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmaqla disklərin cinayət işinə əlavə edilməsi nəzərə alınmışdır. (Cild 1, iş vərəqi 203-213) - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 30 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Bakı şəhəri, Yasamal RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru Asəf Məmmədov tərəfindən Təqsirləndirilən şəxs 28 oktyabr 2022-ci il tarixdə 1 (bir) ədəd bükümdə təmiz çəkisi 8,914 qram narkotik vasitə heroinin aşkar edilməsi faktı ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanılaraq icraata qəbul edilərək istintaqı aparılmışdır. (Cild 1, iş vərəqi 1) - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 20 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Bakı şəhəri, Yasamal RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis kapitanı Əli Əliyev tərəfindən Təqsirləndirilən şəxs 19 oktyabr 2022-ci il tarixdə 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,642 qram narkotik vasitə heroinin aşkar edilməsi faktı ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılaraq icraata qəbul edilərək istintaqı aparılmışdır. (Cild 1, iş vərəqi 79) - “Cinayət işinin icraata qəbul edilməsi və bir icraatda birləşdirilməsi haqqında” 30 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Bakı şəhəri, Yasamal RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru Asəf Məmmədov tərəfindən ********* saylı cinayət işi icraatına qəbul edilərək ********* saylı cinayət işi ilə bir icraatda birləşdirilərək həmin nömrə altında istintaqı davam etdirilmişdir. (Cild 1, iş vərəqi 76-77) - “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması barədə” 15 yanvar 2023-cü il tarixli qərardan görünür ki, hazırki cinayət işindən Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş narkotik vasitə heroinin mənbəyinin müəyyən edilməsi ilə bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır. (Cild 1, iş vərəqləri 215-216) - “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 19 oktyabr 2022-ci il tarixli qərardan və bu barədə müvafiq materiallardan görünür ki, Bakı şəhəri, Yasamal RPİnin 27-ci PB-nə ünvan 8 ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi qərara alınmış və Daxili İşlər Nazirliyinin Bakı şəhəri, Yasamal Rayon Polis İdarəsinin 27-ci PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 rəhbərliyi ilə həmin bölmənin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ibarət əməliyyat qrupu təşkil edilmişdir. (Cild 1, i.v 83-90) - “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 28 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə ünvan 8 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Yasamal rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi qərara alınmış və Daxili İşlər Nazirliyinin Baş Nakotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid3 rəhbərliyi ilə həmin idarənin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4 ibarət əməliyyat qrupu təşkil edilmişdir. (Cild 1, i.v 3-10) - Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri, Yasamal RPİ-nin 27-ci PB-nin əməliyyat müvəkkili tərəfindən qəbul edilmiş 19 oktyabr 2022-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar qanuni hesab edilmişdir. (Cild 1, iş vərəqləri 91) - Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 1 noyabr 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili tərəfindən qəbul edilmiş 28 oktyabr 2022-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar qanuni hesab edilmişdir. (Cild 2, i.v. 18) -Yasamal RPİ-nin 27-ci PB-nin rəisi, polis polkovnik-leytenantı Cavid Usubovun 14 yanvar 2023-cü il tarixli 092-1811-1222 və 092-1812-1222 saylı məktublarında göstərilmişdir ki, 28 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini satış məqsədi ilə əldə edərək Bakı şəhəri ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş, lakin Təqsirləndirilən şəxs narkotik vasitə hesab edilən heroini alan şəxslərin və əldə etdiyi mənbənin müəyyən edilməsi istiqamətində keçirilmiş zəruri əməliyyat-axtarış tədbirlərinə baxmayaraq, müsbət nəticə əldə etmək mümkün olmamışdır. (Cild 1, i.v. 201) - “Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2 noyabr 2011-ci il tarixli 1818 nömrəli sərəncamından görünür ki, Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə Təqsirləndirilən şəxs “Əməkdar artist” Azərbaycan Respublikasının fəxri adı verilmişdir. Əməlin tövsifi və digər hüquqi məsələlər: Məhkəmə, tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilməmişdir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə ittiham verilmişdir ki, o, təkrarən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə etmiş, saxlamış və daşımışdır. Lakin ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs iki epizodda narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən iş materiallarında olan hər hansı mötəbər sübuta istinad etməməklə yanaşı, təqsirləndirilən şəxsə bununla bağlı verdiyi ittihamda şəxsin həmin maddələr ilə təqsirliliyini müəyyən edən hər hansı dəlil belə göstərməmişdir. Məhkəmə, ibtidai istintaq orqanının sübutları qiymətləndirilməsinə dair mövqeyi ilə bağlı qeyd edir ki, ibtidai istintaq orqanı “Sübutların qiymətləndirilməsi haqqında” 15 yanvar 2023-cü il tarixli qərarda, cinayət qanununun normalarına və vahid məhkəmə təcrübəsinə istinad edərək təqsirləndirilən şəxsin əməlində “satış məqsədinin” sübuta yetirlməsini göstərməyə çalışsa da, əksinə toplanmış sübutlar və istinad etdiyi normalar, həmçinin hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsindən irəli gələn izah və tövsiyələr, təqsirləndirilən şəxsin əməlində “satış məqsədinin” olmadığını təsdiq edir. İstintaq orqanı Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət verərkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndinə istinad edərək göstərmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Halbuki, istintaq orqanı Təqsirləndirilən şəxs verdiyi ittihamda və cinayət təqibi ilə bağlı topladığı materiallarda təqsirləndirilən şəxs tərəfindən narkotik vasitələri satacağı istehlakçı ilə razılığın əldə edilməsi, narkotik vasitələrin çəkilib bir neçə xırda bağlamalara bükülməsi, həmçinin onda tərəzinin və digər vasitələrin olması ilə bağlı ümumiyyətlə heç bir dəlil və sübut gətirməmişdir. Daha sonra, istintaq orqanı həmin qərarda təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərkən “İstintaq orqanı toplanmış sübutların məcmusuna əsasən belə nəticəyə gəlir ki, 28 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs aşkar edilmiş əldə etdiyi narkotik vasitə heroinin külli miqdarda olmaqla satış məqsədi ilə əldə edib saxlamaqla daşıması kimi qiymətləndirilməlidir.” cümləsi ilə öz gəldiyi nəticəni əsaslandırmağa çalışmışdır. Başqa sözlə, istintaq orqanı təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin tərkibinin olması qənaətinə gələrkən, yalnız narkotik maddənin külli miqdarda olmasına materiallarda öz əksini tapan sübut kimi istinad etməyə çalışsa da, yalnız bu əlamət özü özlüyündə “satış məqsədinin” qeyd-şərtsiz sübutu kimi əsas götürülə bilməz. İstintaq orqanı Təqsirləndirilən şəxs birinci epizod üzrə əməlinə hüquqi qiymət verərkən 19 oktyabr 2022-ci il tarixdə təqsirləndirilən şəxsin satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etməsini özünü müdafiə kimi qiymətləndirərək rədd etmiş, həmin epizod üzrə əsassız olaraq Təqsirləndirilən şəxs əməlində AR CM-in 234.2-ci maddəsinin tərkib əlamətlərinin olması qəanətinə gəlmişdir. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli Qərarının 13-cü bəndinə istinad edərək Təqsirləndirilən şəxs əməllərini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə tövsif etmişdir. Daha sonra, istintaq orqanı həmin qərarda təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərkən “təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi, cinayət işi üzrə olan ilkin təhqiqat materialları, şahidlərin ifadələri, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizaların rəyləri, video diskdə qeydə alınmış görüntülər və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir” cümləsi ilə öz gəldiyi nəticəni əsaslandırmağa çalışsa da, faktiki olaraq mövcud olmayan sübutlara istinad edib əsassız qənaətə gəlmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi bütün ifadələrində narkotik vasitəni şəxsi istehlakı üçün əldə etdiyini, heç vaxt heç kəsə satmadığını və ya vermədiyini göstərmişdir. İstintaq orqanının istinad etdiyi istintaq hərəkətlərinin protokolları, şahid ifadələri, ekspert rəyləri, maddi sübutlar və digər sənədlərdə də, təqsirləndirilən şəxsin narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsini təsdiq edən mötəbər heç bir sübut və dəlil yoxdur və həmçinin hər hansı belə bir sübut məhkəmə baxışında da, ittiham tərəfindən təqdim edilməmişdir. Əksinə istintaq orqanının məhkəməyədək icraat materiallarına əlavə etdiyi əməliyyat tapşırığına cavab məktubunun məzmunundan aydın olur ki, Təqsirləndirilən şəxs narkotik vasitə hesab edilən heroini alan şəxslərin və əldə etdiyi mənbənin müəyyən edilməsi istiqamətində keçirilmiş zəruri əməliyyat-axtarış tədbirlərinə baxmayaraq, müsbət nəticə əldə etmək mümkün olmamışdır. (Cild 1, i.v. 201) Həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş, təqsirləndirilən şəxsin ətrafında əməliyyat tədbirlərini həyata keçirən və istintaq orqanının əsas şahidləri olan polis əməkdaşları Şahid1, Şahid2, Şahid4 və Şahid3 ifadələrindən də göründüyü kimi, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə ilkin əməliyyat məlumatlarının olmasına baxmayaraq, sonradan bu məlumatlar öz təsdiqini tapmamışdır. Məhkəmə, ibtidai istintaq orqanının bu qənaətini əsassız hesab edərək qeyd edir ki, şəxsin üzərində aşkar edilmiş narkotik vasitənin miqdarının yalnız şəxsi istehlak miqdarından artıq və ya külli miqdarda olması, digər mötəbər sübutların olmadığı bir halda əməlin satış məqsədilə əldə edilmə kimi qiymətləndirilməsi üçün əsas vermir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Qeyd olunan qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Lakin məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarda və iş materiallarında Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş narkotik vasitəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut müəyyən edilməmişdir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Bundan başqa, “Məhkəmə-narkoloji ekspertizası”nın 28 noyabr 2023-cü il tarixli, 7171 saylı rəyinə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərdən istifadə etmə hallarının olması müəyyən olunmuşdur. Bu halın özü, yəni opiodlərdən istifadə etmiş Təqsirləndirilən şəxs üzərindən digər növ narkotik vasitə və ya psixotrop maddə deyil, məhz heroin növündə narkotik vasitənin şəxsi istehlak miqdarından artıq, o cümlədən külli miqdarda aşkar edilməsi, digər mötəbər sübutların olmadığı bir halda əməlin satış məqsədilə əldə edilmə kimi qiymətləndirilməsi üçün əsas vermir. Azərbaycan Respublikasının CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə bu nəticəyə gələrkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli Qərarının müddəalarını da rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli Qərarının 14-cü bəndinə əsasən satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 5-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, CPM-in 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmçinin Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144 və 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Məhkəmə, gəldiyi nəticələri həm prosessual normaların tələbləri baxımından, həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının müddəaları baxımından da əsaslı hesab edir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli araşdırılması hüququna malikdir. Konvensiyanın həmin maddəsi çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, əsaslandırılmış qərarlar tərəflərə eşidildiklərini nümayiş etdirmək, beləliklə də onların verilmiş qərarı qəbul etməyə daha meylli olmasına töhfə vermək məqsədi daşıyır. Bundan əlavə, onlar hakimləri qərarlarını obyektiv arqumentlərlə əsaslandırmağa, həmçinin müdafiə tərəfinin hüquqlarını qorumağa vadar edir. (X8rşı, § 29). “Kondraşinanın Rusiya Federasiyasına qarşı” işində də Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. X15 Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X13rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. “Avropa İnsan Hüquqları Məhkəməsinin gələcək fəaliyyətinə dair Brayton Bəyannaməsi”nin 7-ci bəndində qeyd edilmişdir ki, “Milli səviyyədə Konvensiyanın müddəalarının tam həyata keçirilməsi üzv dövlətlərdən qanun pozuntularının qarşısını almaq üçün effektiv tədbirlərin görülməsini tələb edir. Bütün qanunvericilik və siyasətin inkişafı, həmçinin dövlət qulluqçuları tərəfindən öz xidməti vəzifələrinin icrası elə səviyyədə olmalıdır ki, bu Konvensiyanın müddəalarının tam icrasına imkan versin. Üzv dövlətlər Konvensiyanın müddəalarının mümkün pozulması hallarının qarşısını almaq üçün hüquqi müdafiə vasitələrini təmin etməlidirlər. Milli məhkəmələr və tribunallar Konvensiyanı və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu nəzərə almalıdırlar. Bütün bu tələblər məcmu halda Konvensiyanın müddəalarının pozulması hallarının qarşısını ala bilər. Bu isə məhkəməyə əsaslı müraciətlərin sayının azalmasına gətirib çıxarmaqla iş yükünün də kəmiyyətinin aşağı düşməsinə səbəb olacaqdır”. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 17.4-cü maddəsinin tələbinə əsasən bu Məcəllənin Xüsusi hissəsində həm ümumi, həm də xüsusi normada nəzərdə tutulmuş cinayətin törədilməsi cinayətlərin məcmusunu yaratmır və bu halda xüsusi norma tətbiq olunur. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə Təqsirləndirilən şəxs əməllərinin birinci epizod üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin və ikinci epizod üzrə isə 234.1-1-ci maddəsinin tərkib əlamətlərinə uyğun gəldiyini qeyd edərək, CM-in 234.1-ci maddəsi ilə irəli sürülən ittihamın CM-in 234.1-1-ci maddəsi ilə irəli sürülən ittihamla tam əhatə edildiyindən, onun əməlinin CM-in 234.1-1-ci maddəsi ilə tövsif edilməsini qanuni və ədalətli hesab edir. Qeyd olunanlarla bağlı məhkəmə Təqsirləndirilən şəxs əməllərinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməsini əsaslı və qanuni hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. Həmin Məcəllənin 234.1-1-ci maddəsi isə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmiş, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli Qərarının müddəalarını da rəhbər tutur. Məhkəmə, Təqsirləndirilən şəxs 19 oktyabr 2022-ci il tarixli epizod üzrə narkotik vasitəni evində təmizlik işləri apararkən oğlunun əşyaları arasından tapması və tullamaq üçün üzərində saxlayaraq daşıması ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Məhkəmə təqsirləndirilən şəxsin 19 oktyabr 2022-ci il tarixli epizod üzrə öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Beləliklə, məhkəmə kollegiyası, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətlərin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər: Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının CM-in 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (Cild 1, i.v 180) Məhkəmə Azərbaycan Respublikasının CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 74 yaşında olmaqla kifayət qədər yaşlı olmasını, bu yaşa qədər əvvəllər hər hansı cinayət məsuliyyətinə cəlb olunmamasını və Azərbaycan Respublikası Prezidentinin 2 noyabr 2011-ci il tarixli sərəncamı ilə “Əməkdar artist” fəxri adına layiq görülməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 16-cı maddəsinin tələbinə görə bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, yalnız həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda cinayətin təkrar törədilməsi hesab edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Lakin məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edərkən təqsirləndirilən şəxsin barəsində olan cəzanı yüngülləşdirən ayrı-ayrı halları, xüsusilə, onun 74 yaşında olmaqla ömrünün ahıl çağında olması və Azərbaycan Respublikası Prezidentinin 2 noyabr 2011-ci il tarixli sərəncamı ilə “Əməkdar artist” fəxri adına layiq görülməsi, habelə bu yaşadək heç bir cinayət məsuliyyətinə cəlb olunmamasını, ibtidai istintaq və məhkəmə istintaqı zamanı davranışlarını, habelə təqsirləndirildiyi maddənin sanksiyasında yalnız azadlıqdan məhrum etmə cəzasının olmasını və təyin ediləcək cəzanın ona və ailəsinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın aşağı həddindən daha az müddətə cəmiyyətdən təcrid olunmaqla da islah və yenidən tərbiyə oluna bilər. Buna görə də, məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı hədindən də aşağı həddə cəza təyin edilməsini qanuni və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsində göstərilir ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci bəndində qeyd olunmuşdur ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin rəsmi nəşri olan “Azərbaycanın demoqrafik göstəricələri” statistik məcmuədən görünür ki, 2020-2021-ci illər üçün Azərbaycan Respublikasında doğulanda gözlənilən ömür uzunluğu (Gözlənilən ömür uzunluğu - doğulanların hər birinin orta hesabla yaşaya biləcəyi illərin sayını göstərir. Burada doğulanların bütün ömrü boyu ölümün səviyyəsinin hər yaş qrupu üzrə göstəricinin hesablandığı ildəki səviyyədə dəyişməz qalacağı şərti qəbul edilir. Doğulanda gözlənilən ömür uzunluğu həyat cədvəllərinin hesablanması nəticəsində alınır.) kişilər üçün müvafiq olaraq 70,1 və 71,3 olmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə barəsində olan yüngülləşdirici halları məcmu halda, eləcə də 74 yaşında olmaqla ömrünün ahıl çağında olmasını və Azərbaycan Respublikası Prezidentinin 2 noyabr 2011-ci il tarixli sərəncamı ilə “Əməkdar artist” fəxri adına layiq görülməsini müstəsna hal kimi nəzərə alaraq barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq edilməsini və təqsirləndirildiyi maddənin sanskiyasında nəzərdə tutulmuş, qanunvericiliyin tələbinə əsasən təyin edilməli olan azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də az cəza təyin etməyi onun islah və yenidən tərbiyə olunmasına, cəzanın məqsədlərinə cavab verəcəyi qənaətinə gəlir. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, onun ömrünün ahıl çağında ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və 74 yaşında olmaqla kifayət qədər yaşlı olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də aşağı həddə cəza təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 19 oktyabr 2022-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuş, 21 oktyabr 2022-ci il tarixdə isə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Həmçinin Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə 28 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 30 oktyabr 2022-ci il tarixli qərarı ilə onun barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu 28 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. Daha sonra həmin məhkəmənin qərarı ilə həbsdə saxlanılma müddti uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, i.v. 21-22, 74, 102-103, 158-160, 270-273, Cild 2, i.v. 19-23) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 28 oktyabr 2022-ci il tarixdən hesablanmalı, 19 oktyabr 2022-ci il tarixdən 21 oktyabr 2022-ci il tarixədək şübhəli şəxs kimi 2 (iki) gün tutulma müddəti ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmaması nəzərə alınmaqla onun ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir və iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri, Yasamal RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan - tədqiqatlardan sonra qalıq çəkisi 8,814 və 0,592 qram olmaqla, ümumilikdə çəkisi 9,406 qram olan narkotik vasitə heroin məhv edilməli, iş materiallarında olan 2 (iki) ədəd disk hazırki cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının CPM-in 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 147 (bir yüz qırx yeddi) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün, məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının CPM-in 26.3-cü maddəsinin tələbinə əsasən cinayət mühakimə icraatının aparıldığı dili bilməyən cinayət prosesi iştirakçılarının bu Məcəllənin 26.2.2-ci maddəsində göstərilən hüquqlarının təmin olunması Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 1 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi və tərcüməçinin tərcümə xidmətləri ilə ilə bağlı təqdim etdikləri hesabatlara uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müəddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 2 (iki) gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən günə gün hesabı ilə hesablanmaqla ona hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 28 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Bakı şəhəri, Yasamal Rayon Polis İdarəsində saxlanılan - 8,814 və 0,592 qram olmaqla, ümumilikdə çəkisi 9,406 qram olan narkotik vasitə heroin məhv edilsin, 2 (iki) ədəd disk hazırki cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 147 (bir yüz qırx yeddi) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-857/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-857/2023
19.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver