Məhkəmə qərarları › İş №1(101)-860/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-860/2021

15.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-860/2021 15.09.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Mikayılov Eldar Əli oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçi - Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 16 avqust 1987-ci ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmuşdur: belə ki, Təqsirləndirilən şəxs 16 iyun 2020-ci il tarixdə saat 23:21 radələrində Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, 137 A saylı evin arxa hissəsində Zərərçəkmiş şəxs ilə rastlaşdıqda sonuncu tərəfindən 15 iyun 2020-ci il tarixdə ünvan 2 ünvanda yerləşən "X8” adlı kafedə ona məxsus "Samsung A 50” markalı mobil telefonun oğurlanmasında şübhələndiyi üçün xuliqanlıq niyyəti ilə, cüzi səbəbi, yəni Zərərçəkmiş şəxs onun telefon zənglərinə cavab verməməsini və onunla görüşməkdən yayınmasını bəhanə edərək ağır cinayət törədilmişdir - heç bir hüquqi və faktiki əsas olmadan üzərində olan təyinatı istintaqa məlum olmayan bıçaqla qəsdən bir dəfə Zərərçəkmiş şəxs qarnının sol yan hissəsindən vuraraq, sonuncuya dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarəti yetirməklə, qəsdən xuliqanlıq niyyəti ilə sağlamlığa ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmişdir. Təqsirləndirilən şəxs məhkəmə zamanı özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, 2020-ci ilin aprel ayında Nizami rayonu ərazisində yerləşən «Nazlı» şadlıq sarayının yaxınlığında yerləşən adını bilmədiyi kafedə işləyən Aygün adlı qadınla tanış olmuş, Aygünlə münasibəti yarandığından mütamadi olaraq sonuncunun işlədiyi kafeyə getmiş, 15 iyun 2020-ci i tarixdə axşam saat 19 radələrində Aygünün çalışdığı kafeyə getmiş, masada əyləşərək çay içməyə başlamış, istifadə etdiyi (070) ***-**-** nömrəli mobil “Samsung A 50" markalı mobil telefonu və siqaretini masanın üzərinə qoyaraq kafenin tualetinə getmiş, qayıtdıqdan sonra mobil telefonun masanın üzərində olmadığını görmüş, Aygün ona bildirmişdir ki, telefon itən zaman kafedə narkotik vasitələrin istifadəçisi olan Ceyhun adlı şəxs olmuş və ola bilsin ki, onun telefonunu Ceyhun götürmüş olsun, bundan sonra Aygün bir neçə nəfərə zəng vuraraq Ceyhunun istifadə etdiyi mobil telefonun nömrəsini tapıb ona vermiş, o, özünə məxsus ikinci mobil telefonla Ceyhunun mobil nömrəsinə zəng vurmuş, Ceyhun mobil telefonu oğurlamasını boynuna almamış, səhəri gün, yəni 16 iyun 2020-ci il tarixdə istifadə etdiyi (051) ***-**-** nömrəli mobil telefon vasitəsi ilə Ceyhuna zəng vurmuş və sonuncu ilə «Nazlı» şadlıq sarayının yaxınlığına görüşmüş, Ceyhun ona məxsus mobil telefonu oğurlamasını və satmasını etiraf etmiş və həmin gün axşama qədər ya mobil telefonu, ya da telefonun pulunu verəcəyini demiş, həmin vaxt Ceyhunun üzərində bıçaq olduğunu görmüş, 16 iyun 2020-ci il tarixdə axşam saatlarında Ceyhunun istifadəsində olan mobil telefona bir neçə dəfə zəng vurmuş, Ceyhun onun zənglərinə cavab verməmiş, Ceyhuna "mənim ya mobil telefonumu, yada pulu verməsən mən səni tapacam” mətnli SMS yazmış və sonuncunu tapmaq üçün Aygünün çalışdığı kafenin yanına gəlmək üçün evdən çıxmış, günorta Ceyhunun üzərində bıçaq gördüyündən və sonuncunun onu bıçaqla vura biləcəyindən ehtiyat etdiyindən evdən bıçaq götürüb cibinə qoymuş, qapıda o, dostu Şahid1la qarşılaşmış və sonuncuya bildirmişdir ki, onu kafenin yanına aparsın, Emilin idarə etdiyi **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərək Aygünün çalışdığı kafenin yaxınlığına gəlmiş, avtomobildən enmiş və Emilə onu gözləməsini, qızla görüşüb gələcəyini bildirmiş, Ceyhunu tapmaq niyyəti ilə binalar istiqamətində hərərkət edən zaman binanın tinindən Ceyhunun gəldiyini görmüş, bıçağını cibindən çıxarıb əlində hazır saxlamış, Ceyhuna yaxınlaşaraq sağ əli ilə sinəsindən tutub zənglərinə nəyə görə cavab verməməsini və nəyə görə oğurlamış olduğu mobil telefonunu qaytarmamasını soruşduqda, Ceyhun onun üzərinə bıçaq çıxarmış, bundan sonra o, sağ əlində tutduğu bıçaqla sonuncunun qarın nahiyyəsindən bir dəfə vurub qaçmışdır, onlardan 200 metr uzaqda dayanan Emilin avtomobilinə yaxınlaşmış və sonuncuya getmələrini demişdir. Həmin vaxt Emil ondan nə baş verməsini soruşmuşdur. O, Emiolə heçnə olmadığını demiş, Emilin avtomobili işə düşmədiyindən sonuncuya: «Bakıxanovda görüşərik»,- deyib qaçmış, yaxınlıqda başqa bir taksiyə əyləşib Bakıxanovda düşmüşdün, Emilə zəng edərək sonuncu ilə orada görüşüb onun avtomobilinə əyləşmiş və "20 Yanvar" metrostansiyasının yaxınlığına onu aparmasını bildirmiş, yolda Emil ondan nə baş verdiyini soruşduqda o, sonuncuya bildirmişdir ki, Aygünlə görüşən zaman qardaşı gəldiyindən qaçmışdır. “20 Yanvar" metrostansiyasının yaxınlığında o, Emilin avtomobilindən enərək Biləsuvar rayonu Bəydilli kəndinə getmişdir. Bundan təxminən iki gün sonra Emil onunla mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq bildirmişdir ki, onu 24-cü Pş-nə çağırırlar. Həmin vaxt o, Emilə demişdir: «Mən heçnə etməmişəm». Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, 16 iyun 2020-ci il tarixdə gecə saatlarında bir nəfər şəxs onun istifadəsində olan mobil nömrəyə zəng vuraraq özünü 24-cü PŞ-nin əməkdaşı olmasını, atası Zərərçəkmiş şəxs bıçaqla vurulduğunu və Azərsutikinti xəstəxanasına aparıldığını bildirmiş, o, əmisi Vüqar Dadaşovla qeyd olunan xəstəxanaya getmiş, orada onlara məlum olmuşdur ki, atası bıçaqla vurlumuş və həddindən artıq qan itirmişdir. Atası təxminən 10 gün xəstəxanada müalicə olduqdan sonra xəstəxanadan çıxmış, atası bir neçə gün onlarla ünvan 3 ünvanında birlikdə yaşadıqdan sonra Cəlilabad rayonuna getmiş, 13 avqust 2020ci il tarixdə Cəlilabad rayonunda qonşuluqda yaşayan Fariz adlı şəxs babası Oruc Dadaşova zəng vuraraq bildirmiş ki, atası Zərərçəkmiş şəxs ürəktutmadan həmin gecə ölmüşdür. Eyni zamanda bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmış, sonuncuya qarşı şikayətivə tələbi yoxdur. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, fərdi əməklə məşqul olaraq ailəsini dolandırır. Şahid4 təxminən bir il müddətdir ki tanıyır. Belə ki, ona məxsus “Hyundai Accent” markalı **-UK-*** dövlət qeydiyyat nişanlı avtomobili sonuncuya icarəyə vermişdir. Şahid4 Şahbaia oğlu həmin avtomobil ilə “UBER”də taksi fəaliyyəti ilə məşqul olmuş, 16 iyun 2020-ci il tarixdə axşam saatlarında istifadə etdiyi mobil telefon vasitəsi İlə Şahid4 istifadəsində olan mobil telefona zəng vurmuş, Şahid4 onun zənginə: “Bir dəqiqə gözlə, özüm sənə zəmg edəcəm”,- deyə cavab vermişdir; bundan narahat olaraq sonuncuya təxminən 10 dəfə zəng etmiş, Şahid4 onun zənglərinə cavab verməmiş, zənglərinin cavabsız qaldığını görüb, “UBER” şirkətinə zəng vuraraq şirkətdən ona məxsus HUNDAİ AKCENT markalı **-UK-*** dövlət qeydiyyat nişanlı avtomobilin olduğu yeri soruşmuşdur; şirkətdə olan operator ona avtomobilin Nizami rayonu ərazisində yerləşən «Nazlı» şadlıq sarayının yanında olmasını bildirmişdir. O, həmin yerə getmiş, ona məxsus HUNDAİ AKCENT markalı **-UK-*** dövlət qeydiyyat nişanlı avtomobil şadlıq sarayının yaxınlığında olmuş, avtomobilin yanında Şahid4 və daha bir nəfər şəxs olmuş, bu zaman avtomobilin ön oturacağından bir nəfər də düşmüşdür. Şahid4la dayanan şəxs qaçaraq oradan uzaqlaşmış, avtomobilin ön oturacağından düşən şəxsdə oradan uzaqlaşmış, o və Şahid4 avtomobillərinə əyləşərək oradan uzaqlaşmışlar. Təxminən 100 metr aralaşdıqdan sonra o, Şahid4 polisə zəng etməyi məsləhət görmüş, Şahid4 mobil telefon vasitəsi ilə DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermiş, 10 dəqiqə sonra Nizami RPİ-nin 24-cü PŞ-nin əməkdaşları gəlmişlər. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid4 ifadə verərək göstərmişdir ki, idarə etdyi «Hundaİ Aksent» markalı 99 ÜK 789 dövlət qeydiyyat nişanlı avtomaşınla taksi fəaliyyəti ilə məşğul olur. 16.06.2020-ci il tarixdə təxminən saat 23:30 radələrində sifariş əsasında Bakı şəhəri, Nizami rayonu, E.Sülemanov küçəsində yerlşən «Nazlı» şadlıq sarayının yanında olduğu vaxtı iki nəfər şəxs ona yaxınlaşmış, həmin şəxslərdən biri qarın nahiyyəsindən yaralı olmuş, digəri isə yaralıya kömək edirmişdir; yaralı şəxsə kömək edən şəxs ona yaxınlaşaraq həmin yaralını xəstəxanaya aparmasını xahiş etmiş, o, əvvəl razılaşamamış, lakin həmin şəxs yaralı şəxsi avtomaşının qabaq oturacağında otuzdurmuş özü isə arxa oturacaqda oturmuş və ona bildirmişdir ki, onları Bakı şəhəri, Sabunçu xəsətəxanasına aparsın, sonuncuları həmin xəstəxanaya aparmış, 3 saylı Şəhər Klinik Xəsatəxanasının qarşısına çatanda arxa oturacaqda əyləşən şəxs bildirmişdir ki, onları «X7»na aparsın, səbəbini soruşanda sonuncu orada Post Patrul Xidmətinin əməkdaşaları olması ilə əlaqələndirmişdir; həmin şəxsin göstərişi ilə o, sonuncu ilə birlikdə yaralı şəxsi Bakı şəhəri, «X7»nın qaraşısına gətirmiş, yol gedən zaman avtomobildə, arxa oturacaqda, əyləşmiş şəxs mütamadi olaraq mobil telefonla danışaraq danışdığı şəxsə onların harada olduğlarını deyirmiş. «X7»ın qarşısına gəldikdən sonra orada avtomobilə həmin şəxsləri tanıyan iki nəfər şəxs yaxınlaşmış, avtomobilin arxa oturacağında əyləşmiş şəxs avtomobildən düşərək onlara yaxınlaşmış və bildirmişdir ki, ön oturacaqda əyləşən şəxs yaralıdır. Bu zaman həmin şəxslərdən biri əlində bıçaqla avtomobilin ön sağ qapısını açıb orada əyləşmiş şəxsə «pulu çatdırmasını» demiş, avtomobilin arxa oturacaqından enmiş şəxs həmin vaxt qapını açan şəxsə: “Pulu tez bir zamanda çatdıracaq”,- demişdir. Bu zaman qapını açan şəxs şillə ilə yerə enmiş şəxsi vurmuş və əlində olan bıçaqı yaralı şəxsə göstərərək: “Səni vuraram”, - demişdir. O, bu hərəkətləri görüb sonunculara yaralını xəstəxanaya çatdrmalı olduqlarını dedikdə, sonradan gələn şəxslərdən digəri ona: “Bizim səninlə işimiz yoxdur”, - demişdir. Bundan sonra həmin şəxslər hər üçü avtomobilin arxa oturacağına əyləşmiş və ona yaralı şəxsi haradan götürmüşdürsə ora getmələrini bildirmişlər. Yol gedən zaman o, sonunculara: “Əgər pul lazımdırsa mən sizə verim”, demiş, əlində bıçaq olan şəxs isə ondan soruşmuşdur: "Səndə 100 manat var?”. O, həmin şəxsə bildirmişdir ki, onun 40 manatı var. Həmin şəxs ona: “Əgər sənin cibində 100 manat olsa səni bıçaqla boynundan vuracam”, - demişdir. Həmin şəxslə gələn şəxs ona: “Sənin pulun bizə lazım deyil”, - demiş və onlar yaralını götürdükləri yerə aparmalarını demişdir. Onlar «Nazlı» şadlıq sarayının yanına qayıtmışlar. Avtomobili dayandırdıqdan sonra əlində bıçaq tutan və yaralıya kömək edən şəxs avtomobildən enmişdir. Əlində bıçaq olan şəxs digər şəxsə bildirmişdir ki, onu buraxmasın. O, həmin şəxsə qaçmayacağını demiş və onlar yaxınlıqdakı binaya getmişlər. Yaralı şəxs ondan su istəmiş və avtomobildən enərək səkidə əyləşmişdir. O, avtomobilin baqac hissəsindən su çıxararaq sonuncuya vermişdir. Bundan sonra o, digər şəxsə yaxınlaşmış və ona yaralını xəstəxanaya çatdırmaq lazım olduğunu demişdir. Həmin şəxs yaralı və ona kömək edən şəxsin narkoman olmalarını bildirmişdir. Taksi kimi istifadə etdyi avtomaşının sahibi Şahid2 və sonuncunun tanışları söhbət əsasında olduğu yeri təyin edərək onların olduğu yerə gəlmişlər. Bundan sonra həmin səxslər avtomaşından kənarlaşmışlar, yaralı şəxs isə özü əli ilə qarın nahiyyəsini tuturaq avtomaşını tərk etmişdir. Bundan sonra o, dərəhal X4 «102» ximətinə zəng edərək hadisə barədə məlumat vermişdir. O, əvvəllər həmin şəxsləri görməmiş və ilk dəfə onlarla qarşılaşmışdır. İbtidai istinaq zamanı şahid qismində dindirilmiş və məhkəmə zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid3 göstərmişdir ki, Zərərçəkmiş şəxs təxminən bir il müddətdir ki, tanıyır. Maddi vəziyyətləri pis olduğundan Zərərçəkmiş şəxs meyvə alaraq ara-bir onun yaşadığı mənzilə gəlib oğluna verirmiş. 16 iyun 2020-ci il tarixdə gecə saatlarında o, və oğlu evdə olan zaman qapı döyülmüş, qapını açdıqda qapıda Zərərçəkmiş şəxs əlini qarın nahiyyəsinə tutaraq dayandığını görmüş, Zərərçəkmiş şəxs ona bıçaqlandığını bildirirmiş və yarasını bağlamaq üçün ondan dəsmal istəmiş, evdən dəsmal gətirib sonuncuya vermiş, Ceyhuna həkimə aparmağı təklif etdikdə Zərərçəkmiş şəxs ona: “Özüm gedəcəm, sən uşağıvın yanında qal”, - ifadəsini işlədib oranı tərk etmiş, Zərərçəkmiş şəxs onların yaşadığı mənzili tərk etdikdən sonra sonuncunu küçədə qonşuluqda yaşayan Həmid adlı şəxs görmüş və xəsdəxanaya aparmışdır; təxminən bir saat sonra Nizami Rayon Polis İdarəsinin əməkdaşları onun yaşadığı mənzilə gələrək onu 24-cü Polis şöbəsinə dəvət etmişlər. Zərərçəkmiş şəxsla 16 iyun 2020-ci il tarixdə mübahisə edərək xəsarət yetirmiş şəxsin kimliyi barəsində heç bir məlumatı yoxdur (1-ci cild iş vərəqi 229-231). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid1 göstərmişdir ki, Biləsuvar rayonu, Bəydili kəndində yaşamış, həmkəndlisi Təqsirləndirilən şəxs onun qonşusu olmuş, təxminən 9 aydır ki, Təqsirləndirilən şəxsla birlikdə Bakı şəhəri, Balaxanı qəsəbəsi, Yeni Tikilidə kirayəşin yaşayır, 16 iyun 2020- ci il tarixdə təxminən saat 22:30 radələrində Cavad kirayəşin qaldığı evə gəlib avtomobillə onu 8-ci kilometr qəsəbəsinə aparmasını xahiş etmiş, ona məxsus Mercedes Benz E 270 CDİ maraklı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Cavadı ünvan 5 ünvanına aparmış, orada Cavad onun tanımadığı qızla görüşüb qayıdacağını bildirərək avtomobildən düşüb getmiş, təxminən 5 dəqiqədən sonra Cavad qaçaraq geri qayıdıb avtomobilə əyləşmiş və avtomobili sürüb getməsini deyərək, qızla görüşərkən həmin qızın qonşularının sonuncunu görməsini və onun arxasınca gələ biləcəklərini bildirmişdir, o, avtombili idarə etmək istədikdə avtomobilin mühərriki işə düşməmiş və Cavad avtomobildən düşərək qaçıb getmişdir, bundan təxminən bir neçə dəqiqə sonra avtomobil işə düşmüş, o, bir qədər yol getmişdir ki, Cavad ona zəng edərək bildirmişdir ki, Sabunçu qəsəbəsində icra hakimiyyətinin yanındadır və sonuncunu oradan gedib götürsün. O, həmin yerə gedib Cavadı götürmüşdür. Sonra isə Balaxanı qəsəbəsində işlədiyi ət satılan dükanın yanında avtomobildən düşərək getmiş və o, kirayəşin qaldığı evə getmişdir. Təqsirləndirilən şəxs üzərində və əlində qan ləkəsi, əlində və cibində bıçaq olmamışdır (1-ci cild iş vərəqi 24-25). İşdə olan götürmə haqqında 17 iyun 2020-ci il tarixli protokoldan görünür ki, 16.06.2020-ci il tarixdə ünvan 6 ünvanın qarşısında baş vermiş hadisəni özündə əks etdirən görüntü götürülmüşdür (1-ci cild iş vərəqi 18). İşdə olan videogörüntüyə baxış keçirilməsi haqqında 07 avqust 2020-ci il tarixli protokoldan görünür ki, Nizami RPİ-nin 24-cü PŞ-dən 089-11510-1220 nömrəli 23 iyun 2020-ci il tarixli müşahidə məktubu ilə daxil olmuş videogörüntüləri özündə əks etdirən 1 ədəd CD-ə baxış keçirilmiş və diskdə «20200617_170819.mp4», «20200617_172009.Mp4», «20200617_175429.mp4», «20200617_175912.mp4» və «20200618_163608.mp4» adlı 3 ədəd fayl müəyyən edilir: - «20200617_170819.mp4» adlı fayl açıldıqda faylın 01.21 dəqiqə davamlı olması və 16 iyun 2020-ci il tarixdə saat 23.21 əhatə etməsi müəyyən edilir. Görüntüdə qara köynəkli şəxsin videokamera olan istiqamətdən ünvan 7 ünvanın arxa hissəsində olan ara yoldakı cığırla hərəkət etməsi, həmin zaman sonuncunun sağ əlində üzərinə işıq düşdükdə parıldayan predmet olması müəyyən edilir. Həmin şəxs ona doğru əlində sellofan paket olan Zərərçəkmiş şəxs piyada hərəkət etməsi, sonuncunun arxasından isə başqa ağ köynəkli şəxsin də eyni istiqamətdə hərəkət etməsi, Zərərçəkmiş şəxsla birinci şəxsin cığırın darlaşan hissəsində qarşılaşmaları və bir neçə saniyədən sonra isə qara köynəkli şəxsin sağ əlində olan predmetlə Zərərçəkmiş şəxs qarnının sol nahiyəsindən vurub və dərhal qaçması müəyyən edilir. Həmin ağ köynəkli şəxsin də yol ilə keçməsi və həmin şəxslər aralarında olan mübahisəni görməsi müəyyən edilir; - «20200617_172009.mp4» adlı fayl açıldıqda faylın 2,53 dəqiqə davamlı olması və görüntüdə avtomaşının dayandıqdan sonra sərnişin tərəfdən, yəni qabaq sağ oturacaqda əyləşən qara köynəkli şəxsin siqaret yandıraraq avtomaşından düşməsi və piyada E.Süleymanov küçəsi 137A saylı ünvanın arxasına doğru hərəkət etməsi, bu zaman əynində olan şalvarının sağ arxa cibindən predmet çıxardaraq sağ əlində tutmaqla hərəkət etməsi müəyyən edilir; - «20200617_175429.mp4» adlı fayl açıldıqda faylın 2.28 dəqiqə davamlı olması və görüntüdə qara köynəkli şəxsin qaçaraq yol kənarında dayanmış avtomaşına yaxınlaqaraq sağ ön qapısını açması, həmin zaman ağ köynəkli şəxsin də digər istiqamətdən qaçaraq binaların yanına gəlməsi, daha sonra avtomaşından aralaşaraq iti addımlarla avtomaşından aralaşması, avtomaşının sürücüsünün avtomaşından düşərək matorxananın qapısını açması, daha sonra isə sürücünün avtomaşını hərəkətə salaraq həmin yerdən uzaqlaşması müşahidə olunur; «20200617_175912.mp4» adlı fayl açıldıqda faylın 0.18 dəqiqə davamlı olması və görüntüdə qara köynəkli şəxsin iti addımlara uzaqlaşması müşahidə olunur. «20200618_163608.mp4» adlı fayl açıldıqda faylın 0.18 dəqiqə davamlı olması və görüntüdə qara köynəkli şəxsin iti addımlara uzaqlaşması müşahidə olunur ( 1-ci cild iş vərəqi 97-97). İşdə olan 25 yanvar 2021-ci il tarixli telefon danışıqlarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, «Azercell» GSM şirkətindən 22 yanvar 2021-ci il tarixli 1432 saylı müşahidə məktubu ilə daxil olmuş CD-də olan telefon danışıqlarına dair fayl açıldıqda Təqsirləndirilən şəxs istifadəsində olan (051) 317- 02-03 mobil telefon nömrəsi ilə Zərərçəkmiş şəxs ilə (050) ***-**-** mobil telefon nömrəsi aralarında 16 iyun 2020-ci il tarixdə saat 03.38-dən başlayaraq aşağadı qeyd olunan qaydada telefon danışıqlarının aparılması müəyyən edilir: **********03 ********** 2020-06- 03:38:36 45 **********03 ********** 2020-06- 03:39:37 34 **********03 ********** 2020-06- 03:40:28 180 ********** 513170203 2020-06- 07:39:24 36 ********** 513170203 16 2020-06- 09:29:44 39 **********03 **********3030 2020-06- 09:56:44 52 ********** 513170203 2020-06- 10:39:11 41 **********03 **********3030 2020-06- 11:38:18 70 **********03 **********3030 16 2020-06- 12:05:51 15 **********03 **********3030 16 2020-06- 12:38:55 10 **********03 **********3030 2020-06- 12:55:27 8 **********03 **********3030 2020-06- 13:14:48 **********03(**********00) **********3030 2020-06-16 20:38:55 SMS **********03(**********00) **********3030 2020-06-16 20:38:59 SMS **********03(**********00) **********3030 2020-06-16 20:39:04 SMS **********03(**********00) **********3030 2020-06-16 20:39:27 SMS; o cümlədən, həmin CD-ə baxış keçirilən zaman aşağıda qeyd olunan mətni SMS yazışmaların aparılması, SMS-lərin Təqsirləndirilən şəxs istifadəsində olan (051) ***-**-** mobil telefon nömrəsindən Zərərçəkmiş şəxs istifadəsində olan (050) ***-**-** mobil telefon nömrəsinə yazılması müəyyən edilir; 16/06/2020,20:38:55,**********03,**********30, «Cehun sen kime ilişdüyü bilmedin bize qehbelik eden bağışdanmır sen» 16/06/2020,20:38:55,**********03,**********30, «yer aralanıb yerin dibinede girsen sen ordan tapıb çıxardılacaqsan» 16/06/2020,20:38:59,**********03,**********30, bunu bi elediyün qehbeliye göraa cavab vereceysen 16/06/2020,20:39:01,**********03,**********30, yer aralanıb yerin dibinede girsen sen ordan tapıb çıxardılacaqsan SMS mətnləri «HP» markalı printer vasitəsi ilə çap edilərək 2 vərəqədə protokola əlavə edilmişdir (1-ci cild iş vərəqi 237-240). İşdə olan məhkəmə-tibb ekspertizası üzrə 30 iyul 2020-ci il tarixli TS-78 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs daxili qanaxma ilə müşaiyət olunan on iki barmaq bağırsaq-qaraciyər bağının, qaraciyərin kvadrat payının zədələnməsi ilə nəticələnən qarnın ön divarının 1 ədəd daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası olmuşdur. Qeyd edilən xəsarətlər deşici-kəsici əşyanın təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 16.06.2020-ci il tarixdə yarana bilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilir (1-ci cild iş vərəqi 35-37). İşdə olan məhkəmə-tibb ekspertizası üzrə 13 avqust 2020-ci il tarixli 15 saylı ekspert rəyindən görünür ki, 1.Mərhum Zərərçəkmiş şəxs ölümünə tiryək qrupuna aid olan alkoloidlə zəhərlənmə nəticəsində əmələ gəlmiş intoksikasiya səbəb olmuşdur; 2. mərhum Zərərçəkmiş şəxs meyitinin üzərində hər hansı bir xəsarət aşkar olunmadı; 3. mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində tiryək qrupuna aid olan alkoloid aşkar edilmiş, etil spirti aşkar edilməmişdir; 4. ilkin meyit əlamətlərinə əsasən demək olar ki, meyit meyitxanada müayinə olunmağa başlandığı vaxtdan 10-16 saat əvvəl baş vermişdir; 5. mərhum Zərərçəkmiş şəxs ölümünün, onun əvvəllər aldığı hər hansı bir xəsarətlə səbəbli əlaqəsinin olması aşkar edilməmişdir (1-ci cild iş vərəqi 145-148). İşdə olan ambulator məhkəmə-psixiatrik ekspertiza üzrə 23 oktyabr 2020-ci il tarixli 2112 saylı ekspert rəyindən görünür ki, yuxarıda göstərilənləri nəzərə alan ekspert belə qənaətə gəlir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal- hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki verilmiş ifadələr, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Ekspert cinayət işi materiallarının, həmin cinayət işindəki toplanmış anamnestik məlumatların, həmçinin ambulator məhkəmə-psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində yekun nəticəyə gələrək qarşıya qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: hal-hazırda Təqsirləndirilən şəxs öz hərəkətlərinin mənasını dərk etmək və onu idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hal- hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs ittiham edilən əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə kəmağıllılıq, hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcbüri müalicəyə ehtiyacı yoxdur (1-ci cild iş vərəqi 201-203). İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 26 iyun 2020-ci il tarixli tələbnamədən və Biləsuvar rayon məhkəməsinin 07 may 2018-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Biləsuvar rayon məhkəməsinin 07 may 2018ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib barəsində CM-in 70-ci maddəsi tətbiq edilməklə 3 il 3 ay 10 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına 2 il sınaq müddəti təyin edilməklə şərti məhkum edilmişdir (1-ci cild iş vərəqi 31-32 və 179-187). İşdə olan Biləsuvar rayon İcra və Probasiya şöbəsindən verilmiş 02 iyun 2020-ci il tarixli 73-18/2018 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Biləsuvar rayon məhkəməsinin 07 may 2018-ci il tarixli hökmü ilə təyin edilmiş şərti cəzasını çəkib qurtardığı üçün 01 iyun 2020-ci il tarixdə Biləsuvar rayon İcra və Probasiya şöbəsinin qeydiyyatından çıxaırlmışdır (1-ci cild iş vərəqi 144). Azərbaycan Respublikası CM-in 83.3.1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda məhkumluqları ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini 16 iyun 2020-ci il tarixdə yəni, 01 iyun 2020-ci il tarixdə sınaq müddəti başa çatdıqdan sonra törətmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən məhkumluğu ödənilmiş şəxs hesab edilir. İşdə olan axtarışda olan şəxsin tutulması haqqında 03 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03 oktyabr 2020-ci il tarixdə tutulmuşdur (1-ci cild iş vərəqi 72). İşdə olan Bakı şəhəri Nizami rayon məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilmiş və həbs etmənin əvvəli 03 oktyabr 2020-ci il tarixdən hesablanmışdır (1-ci cild iş vərəqi 118-120). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 126.2.4-cü maddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 126.2.4-cü maddəsinin sanksiyasında altı ildən on bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 126.2.4-cü maddəsi ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsini Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edir. Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halın olması və cəzasını ağırlaşdıran halların olmaması və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələbləri də nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə görə, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən, yəni Təqsirləndirilən şəxs törətdiyi əməli nəzərdə tutan Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddi olan 11 il müddətə azadlıqdan məhərum etmə cəzasının dörddə üçündən - 7 yeddi il 6 (altı) aydan artıq ola bilməz. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə: - hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir; - cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; - cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərarın tövsiyyəsinə əsasən məhkəmələr işin konkret hallarını nəzərə alaraq daha yüngül cəza təyin edilməsi məsələsini də müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. «Məhkəmə Hökmü Haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən halın olmasını və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün saymır, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 126.2.4-cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddə (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinn tələbləri nəzərə alınmaqla) azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə olduğu müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin başlanğıcı 03 oktyabr 2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələblərinə əsasən ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən halın olmasını və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün saymır, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 126.2.4-cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddə (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinn tələbləri nəzərə alınmaqla) azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəzaçəkməsinin başlanğıcının 03 oktyabr 2020-ci il tarixdən hesablanmasını və həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 03 oktyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia olmaması nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Rahib Salmanov Eldar Mikayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar