Məhkəmə qərarları › İş №1(101)-861/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-861/2023

23.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-861/2023 23.05.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Bakı şəhəri 12 saylı Vəkil bürosunun vəkili X3 iştirakları ilə, 23 avqust 1987-ci ildə Yardımlı rayonunun Astanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 3 azyaşlı övladı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs silah qismində istifadə edilən əşyanı tətbiq edərək özgənin əmlakını ələ keçirmək məqsədilə yaşayış sahəsinə qanunsuz daxil olaraq hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə müşayiət olunan basqın edərək quldurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 27 sentyabr 2022-ci il tarixdə, saat 03:15 radələrində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzvona qəsəbəsi, 150 G nömrəli bağ evinə qanunsuz daxil olub özgənin əmlakını talama məqsədilə, tanınmamaq üçün qara rəngli parçadan maska, həmçinin evdə hər hansı şəxs olduğu və ona müqavimət göstərəcəyi təqdirdə xəsarət yetirmək üçün bıçağı əldə edib göstərilən ünvanın yaxınlığına getmiş, orada maskanı başına geyinəndən sonra əvvəlcə hasardan keçmə yolu ilə yaşayış sahəsi hesab olunan evin həyətinə, ardınca isə evə qanunsuz daxil olmuş, evin yataq otağında yatan ev sahibi Zərərçəkmiş şəxs əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin, yəni Zərərçəkmiş şəxs həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla basqın edərək əlində olan silah qismində istifadə etdiyi bıçağı sonuncunun qarın nahiyəsinə tərəf tutub hədə gələrək ondan evdə olan pulların və qızıl-ziynət əşyalarının yerini deməsini tələb etmiş, nəticədə Zərərçəkmiş şəxs əl çantasında olan 100 manatı, yataq otağında olan dolabın içərisindəki 1300 manatı və həmin dolabın içərisindəki 50 avro Azərbaycan ekvivalentində 81,92 manat pulu almaqla Zərərçəkmiş şəxs cəmi 1481,92 manat pulunu ələ keçirib quldurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.3 və 181.2.5-ci maddələri ilə elan edilmiş ittiham üzrə qismən təqsirli bildi və ifadəsində göstərdi ki, hadisə baş verən gün gecə saatlarında həmin evə oğurluq niyyəti ilə getmiş, evdə adam olduğunu bilməmişdir. Evə pəncərədən daxil olmuşdur. Otaqdan xorultu səsi eşitmiş, həmin zaman ayağı otağın qapısına dəymiş və zərərçəkmiş şəxs yuxudan oyanmışdır. Bu zaman o, özünü itirmiş və cibindən bıçağı çıxartmışdır. Zərərçəkmiş şəxsə hər hansı şəkildə toxunmaq niyyəti olmamış, sadəcə sonuncudan pul verməsini tələb etmişdir. Zərərçəkmiş şəxs ona 1390 manat və 50 avro miqdarında pul vermişdir. Pulu aldıqdan sonra sadəcə qorxutmaq niyyəti ilə zərərçəkmiş şəxsə polisə xəbər verərsə, onu öldürəcəyini demiş, daha sonra çıxıb getmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, oğurluq etmək üçün zərərçəkmiş şəxsin evini seçməsində səbəb o olmuşdur ki, zərərçəkmiş şəxs adətən axşam saatlarında evdən getmiş və ev boş olmuşdur. Hadisə günü gecə saat 11- 12 aralığında evin yaxınlığına gəlmiş, evin işıqlarının yanmadığını görmüş, zərərçəkmiş şəxsin yenə evdə olmadığını düşünmüş, bir az da vaxtın keçməsini gözləmiş, daha sonra hasardan tullanıb həyətə daxil olmuşdur. Evə mətbəxin pəncərəsindən daxil olmuş, evdə əlində olan alışqanın işığı ilə hərəkət etmişdir. Üzünə kameraya görə maska geyinmiş, evə daxil olanda əvvəl çıxartmış, sonra xorultu səsini eşitdikdə yenidən üzünə maskanı taxmışdır. O, bıçağı zərərçəkmişin qarın nahiyəsinə tutmamış, bıçaq sadəcə olaraq əlində olmuş və onunla zərərçəkmiş arasında iki metrə kimi məsafə olmuşdur. Pulları aldıqdan sonra gəldiyi yerdən də evdən çıxmışdır. Pəncərədən çıxıb getdikdən sonra təkrar qayıdaraq, evə daxil olmadan zərərçəkmişə polisə şikayət edəcəyi təqdirdə gəlib onu bıçaqla vuracağını demişdir. Zərərçəkmiş şəxsin evdə adam olduğunu bilsəydi qətiyyən evə daxil olmazdı. Onun niyyəti sadəcə pul oğurlamaq olmuşdur. Etdiyi əməldən peşmandır. Məhkəmədə dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, bir il yarımdır ki, hadisə baş vermiş mənzilə köçmüş və burada yaşayır. 27 sentyabr 2022-ci il tarixində gecə saat 3-də yuxudan oyanmış, əlində fənər və bıçaq, üzündə isə qara rəngli maska ilə təqsirləndirilən şəxsi başının üstündə görmüşdür. Təqsirləndirilən şəxs ona “xanım dur və pullarını mənə ver” demiş, o, yatağının üstündə oturmuş və qorxudan ayaqları tutulmuş və həmin şəxsə ayağa dura bilmədiyini demişdir. Təqsirləndirilən şəxs ona qışqırmamağı və işıqları yandırmamağı demişdir. O, hələ də ayağa dura bilməmiş, təqsirləndirilən şəxs gedib mətbəxdən ona bir stəkan su gətirmiş və suyu içib sakitləməyi demişdir. O, suyu içdikdən sonra təqsirləndirilən şəxs ona ayağa qalxmağı və pulları gətirib verməyi demiş, o, yataqdan qalxmış, ilk öncə pulqabını götürüb, oradan 100 manat çıxarıb təqsirləndirilən şəxsə vermişdir. Təqsirləndirilən şəxs 100 manatı gördükdə ona bu qədər pula görə gəlmədiyini, borclarının olduğunu, qalan pullarını da verməyi demişdir. Sonra o, yataq otağına qayıtmış, orada dolabda olan 1300 manat və 100 avro məbləğində pulları təqsirləndirilən şəxsə vermişdir. Təqsirləndirilən şəxs yenə verdiyi pullarla qane olmamışdır. Daha sonra təqsirləndirilən şəxs dolabın üzərində olan qabdakı qızılları ona verməyini demişdir. Qabda qızıllar və bijuteriyalar olmuşdur. O, təqsirləndirilən şəxsə bunların qızıl olmadığını, onun qızılı sevmədiyini demiş, ona görə də təqsirləndirilən şəxs qızılları götürməmişdir. Daha sonra təqsirləndirilən şəxs mətbəxə doğru getmişdir. Təqsirləndirilən şəxsin pənəcərədən çıxıb getdiyini görmüşdür. Təqsirləndirilən şəxs getmədən öncə bıçağı ona tərəf tutaraq heç kimə zəng etməməyi və qışqırmamağı tapşırmışdır. O da təqsirləndirilən şəxs gedəndən sonra polisə zəng etmiş, olanları danışmışdır. Məhkəmədə verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs bildirdi ki, o, təqsirləndirilən şəxsin əlində bıçağı görmüş, hətta yatağından qalxanda bıçaq ona toxunmuşdur. Təqsirləndirilən şəxsin qardaşı ona dəyən ziyanı ödəmiş, yəni təqsirləndirilən şəxs ondan nə qədər pul almışdısa, qardaşı hamısını ona qaytarmışdır. Onun artıq təqsirləndirilən şəxsə qarşı bir şikayəti yoxdur, onu bağışlayır. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək ona vurulmuş zərərin təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənildiyini, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı tələb və şikayətinin olmadığını, gələcəkdə də olmayaçağını bildirmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli, 1548 nömrəli raportdan görünür ki, hadisə yeri Şüvəlan yolu, “Duz-çörək” restoranın yanıdır. X1 iş yoldaşı Zərərçəkmiş şəxs ev ünvanına əli bıçaqlı, maskalı şəxsin daxil olaraq sonuncunu hədələməsi və ondan 1300 AZN pul alaraq hadisə yerindən uzaqlaşması barədə məlumat vermişdir (cild 1, iş vərəqi 5). İşdə olan xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə saat 03:15 radələrində naməlum şəxsin üzündə maska ilə yaşadığı evə plastik pəncərədən daxil olaraq əlində bıçaqla ona hədə-qorxu gələrək 1400 manat pulunu alması və evi tərk etməsi barədə məlumat vermişdir (cild 1, iş vərəqi 6). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi barədə xx.xx.2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, hadisə yeri Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 150 G saylı bağ evi olan ərazidə yerləşir. Baxış zamanı müəyyən olunmuşdur ki, hadisə baş verən ünvanın bir tərəfində yaşayış evi, digər tərəfində isə bağ torpaq sahəsi vardır. Ev isə Mərdəkan qəsəbəsindən Buzovna qəsəbəsinə gedən yolun sağ tərəfində, yol kənarında yerləşir. Baxış zamanı müəyyən olundu ki, hadisə baş verən ev bir mərtəbəlidir. Ev dörd otaqdan, mətbəx otağı, sanitar qovşaqdan ibarətdir. Baxış zamanı Zərərçəkmiş şəxs bildirdi ki, hadisə törədən şəxs evə mətbəx otağının açıq vəziyyətdə olan pəncərəsindən daxil olmuşdur (cild 1, iş vərəqi 9- 11). İşdə olan zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, iş vərəqi 15-16). İşdə olan Bakı şəhəri, Xəzər rayon Polis İdarəsinin 2-ci Polis şöbəsinin xx.xx.2022-ci il tarixli, 07-12249 nömrəli məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdə Xəzər rayonu, Buzovna qəsəbəsi, 150 G saylı bağ evində yaşayan Zərərçəkmiş şəxs qarşı quldurluq etmiş xx.xx.1987-ci ildə Yardımlı rayonuda anadan olmuş, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Komsomol küçəsi, ev 10-da qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs saxlanılaraq istintaqa təqdim edilmışdır (cild 1, iş vərəqi 113). İşdə olan Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 2-ci Polis şöbəsinin xx.xx.2022-ci il tarixli, 057-19944 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı törətdiyi quldurluq cinayəti zamanı istifadə etdiyi bıçağın, əlcəyin və maskanın zibil qutusuna atılmasını nəzərə alaraq və həmin zibil qutusu hər gün saat 06-07 radələrində rayonun MKİS-nin işçiləri tərəfindən boşaldıldığı üçün onların, eləcə də hadisənin şahidlərinin müəyyən edilməsi mümkün olmamışdır. Həmçinin müəyyən edilmişdir ki, o, qeyd olunan cinayət əməlini tək törətmiş, onunla həmin cinayətin törədilməsində heç kəs iştirak etməmişdir (cild 2, iş vərəqi 5). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi yer Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Buzvona qəsəbəsi, 150 G ünvanında yerləşən bağ evidir. Təqsirləndirilən şəxs verdiyi ifadəsində qeyd etdiklərini əyani olaraq göstərməsi və baş vermiş hadisənin faktiki hallarına dair ifadə verməsi təklif olunanda, o, Xəzər rayonu, Buzvona qəsəbəsi, 150 G ünvanında yerləşən bağ evini göstərib bildirmişdir ki, 27 sentyabr 2022-ci il tarixdə, saat 03-04 radələrində özü ilə götürdüyü maskanı üzünə, əlcəyi əlinə geyinib başına da beysbol papağı, bıçağı da cibinə qoyaraq hasardan aşaraq sözügedən həyətə düşmüş, evin mətbəxinin açıq pəncərəsinin torunu çıxarıb mətbəxə daxil olub evin yataq otağında cibindən bıçağı çıxarıb səsə oyanmış Zərərçəkmiş şəxs yaxınlaşmış, fanarlı alışqanın işığını onun üzünə salıb əlində olan bıçaqla hədələyərək 1400 manat pulunu və 50 avrosunu ələ keçirmişdir (cild 2, iş vərəqi 49-54). İşdə olan “Respublika Psixiatriya xəstəxanası” Publik Hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli, 10030 nömrəli məktubundan görünür ki, xx.xx.1987-ci təvəllüdlü, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Komsomol küçəsi, ev 10-da qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya xəstəxanası” Publik Hüquqi şəxsində müalicədə olmamışdır (cild 1, iş vərəqi 184). İşdə olan şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs X6 ilə ailə həyatı qurmuş, bu nikahdan xx.xx.2014-cü il təvəllüdlü X13, xx.xx.2015-ci il təvəllüdlü X11 və xx.xx.2021-ci il təvəllüdlü X14 anadan olmuşlar (cild 2, iş vərəqi 51-52). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.3 və 181.2.5-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarında məhkəmələrə izah edilmişdir ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Oğurluq edilərkən, təqsirli şəxsin hərəkətləri mülkiyyətçi və ya əmlakın digər sahibi, yaxud da digər şəxs tərəfindən aşkar edilərsə, təqsirli şəxs bunu dərk etsə də əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərsə və ya həmin əmlakı saxlamağa çalışarsa, o zaman belə hərəkətlər soyğunçuluq, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə müşayət edildiyi hallarda isə quldurluq kimi tövsif edilməlidir. Yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, digər qurğular aiddir. Quldurluq cinayəti özgənin əmlakını talamaq məqsədilə, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından bitmiş sayılır. Həmin Qərarın 23-cü bəndində məhkəmələrə tövsiyə olunur ki, həyat və sağlamlıq üçün təhlükəli zorakılıq (CM-nin 181-ci maddəsi) dedikdə, elə zorakılıq başa düşülməlidir ki, təqsirkarın hərəkətləri zərərçəkmişə ağır, az ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddət pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş sağlamlığa yüngül zərər vurma ilə nəticələnmiş olsun. Özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın o zaman CM-nin 181.1-ci maddəsi ilə tövsif edilir ki, zərərçəkmişin sağlamlığına zərər yetirilməsə də, basqın anında onun həyatı və ya sağlamlığı üçün real təhlükə yaranmış olsun. Həmin Qərarın 25-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, silah qismində istifadə edilən əşya dedikdə, zərərçəkmişə həyatı və ya sağlamlığı üçün təhlükəli xəsarətlər yetirə bilən predmetlər (məsələn, qatlanan və ya mətbəx bıçaqları, ülgüc, ling, dəyənək, balta və i.a.), həmçinin, hədəfi vurmaq, zərərçəkmişi halsızlaşdırmaq, onun müqavimətini qırmaq üçün nəzərdə tutulmuş predmetlər (məsələn, mexaniki püsgürdücülər, gözyaşardıcı və qıcıqlandırıcı maddələrlə doldurulmuş aerozol və digər qurğular) başa düşülməlidir. Məhkəmə hazırkı iş üzrə sübutları məcmu halında qiymətləndirərkən, eyni zamanda Ali Məhkəmə Plenumunun həmin tövsiyələrini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs niyyətinin quldurluq deyil, oğurluq olması barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır və onun bu ifadələrini müdafiə taktikası kimi qiymətləndirir və hesab edir ki, belə ifadələr verməklə təqsirləndirilən şəxs cəzasını yüngülləşdirmək məqsədi güdür, habelə həmin ifadələr cinayət işi üzrə toplanmış mötəbər subutlarla təkzib olunduğundan inandırıcı hesab olunmur. Belə ki, Təqsirləndirilən şəxs hadisə yerinə əvvəlcədən hazırlıqlı, yəni bıçaqla silahlanaraq getməsi onun niyyətinin oğurluğa deyil, məhz qulduqluğa yönəlməsini tam sübut edir. Bundan başqa, Ali Məhkəmənin Plenunumnun qərarında deyildiyi kimi, Təqsirləndirilən şəxs evə daxil olduqdan sonra onun hərəkətləri evin sahibi Zərərçəkmiş şəxs tərəfindən aşkar edilmiş, təqsirləndirilən şəxs bunu dərk edərək, Zərərçəkmiş şəxs həyat və ya sağlamlığı üçün silah qismində istifadə edilən bıçağı nümayiş etdirməklə, yəni təhlükəli zorakılığın tətbiq ediləcəyi hədəsi ilə basqın etməklə özünə məxsus olmayan əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirmişdir. Beləliklə, məhkəmə tam, hərtərəfli və obyektiv araşdırma aparıb, tədqiq olunan sübutları məcmu halında qiymətləndirib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını əldə etmək məqsədilə silah qismində istifadə edilən əşya tətbiq etməklə hücuma məruz qalmış şəxsin həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın edib qanunsuz olaraq saxlanc yerinə daxil olub zərərçəkmiş şəxsin əmlakını ələ keçirərək quldurluq cinayəti törətməsi təsdiq olunur, o, həmin cinayət əməlini törətməkdə təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı uşağın olmasını Cinayət Məcəlləsinin 59.1.4-cu maddəsinə, zərərçəkmiş şəxslə barışıq əldə etməsini Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, vurulmuş zərəri könüllü olaraq tamamilə ödəməsini Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə, əməlindən səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir və nəzərə alır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsnin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası Milli Məclisinin ilə “8 noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” xx.xx.2021-ci il tarixli Qərarının 2.5-ci bəndinə əsasən cəzadan azad edilmişdir (cild 2, iş vərəqi 56). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Beləliklə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsnin xx.xx.2020-ci il tarixli hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs həmin cəzadan azad edildiyi vaxtdan bir ildən çox vaxt keçdiyinə görə məhkəmə onu məhkumluğu olmayan şəxs hesab edir. Şərh edilən səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayətin residivi mövcud deyildir. Beləliklə, məhkəmə o nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 181.2.3 və 181.2.5-ci maddələrinin sanksiyasında səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməllər ağır cinayət kimi təsnif edilmişdir. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə görə, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 59.1.12-ci və 59.1.13-cü maddələrində nəzərdə tutulmuş dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsi və zərərçəkmiş şəxslə barışıq əldə edilməsi kimi cəzanı yüngülləşdirən hallar mövcuddur. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 60.1-ci maddəsi tətbiq edilməlidir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma haqqında protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 03 oktyabr 2022-ci il tarixdə şübəhli şəxs qismində tutulmuş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə barəsində 05 oktyabr 2022-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 03 oktyabr 2022-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 128-129, 171-175; cild 2, iş vərəqi 90-92). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 03 oktyabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. İş üzrə mülki iddia verilməmişdir, maddi sübut və məhkəmə məsrəfi yoxdur. Cinayət işində olan ittiham aktına əlavə edilmiş arayışdan və cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı dövlət hesabına dəvət edilmiş Bakı şəhəri 08 saylı Vəkil bürosunun vəkili X8 25 (iyirmi beş) saat prosessual hərəkətlərdə iştirak etməklə Təqsirləndirilən şəxs, cinayət işinə məhkəmədə baxılarkən məhkəmə tərəfindən dövlət hesabına dəvət edilmiş Bakı şəhəri 12 saylı Vəkil bürosunun vəkili X12 35 (otuz beş) saat prosessual hərəkətlərdə iştirak etməklə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli, 31 nömrəli qərara və həmin qərara dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin 02 may 2018-ci il tarixli, 202 №-li qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməyə görə müdafiəçilər, Bakı şəhəri 08 saylı Vəkil bürosunun vəkili X4 150 (yüz əlli) manat, Bakı şəhəri 12 saylı Vəkil bürosunun vəkili X7 210 (iki yüz on) manat pul vəsaiti dövlət hesabına təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.3 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 03 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs hüquqlarını ibtidai istintaq zamanı müdafiə etməyə görə vəkil X4 150 (yüz əlli) manat pul vəsaiti onun işlədiyi Bakı şəhəri 08 saylı Vəkil bürosunun hesabına keçirilsin. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə müdafiə etməyə görə vəkil X12 üçün 210 (iki yüz on) manat pul vəsaiti onun işlədiyi Bakı şəhəri 12 saylı Vəkil bürosunun hesabına keçirilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Əhməd Quliyev Fərid Namazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar