Məhkəmə qərarları › İş №1(101)-862/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-862/2025

09.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-862/2025 09.10.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: X6 oğlunun sədrliyi ilə, Hakimlər: X3 və İmanova Nigar Arzu qızından ibarət tərkibdə, Qafarova-Məmmədova Turan Zakir qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Müdafiəçi: Bakı şəhəri Sirius Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1986-cı ildə Ermənistan Respublikası Noyemberyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. İşin faktiki halları Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda 5,093 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində daşımaqla saxlamış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 27 avqust 2024-cü il tarixdə, saat 16:55-də ünvan 2 ünvanının yaxınlığında olduğu zaman saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş və orada həmin gün saat 18:41-dən etibarən üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qəhvəyi rəngli şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümdə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib üzərində daşımaqla saxladığı külli miqdarda 5,093 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsin təqsirli olmasına dəlalət edən və məhkəmə iclasında tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hadisə günü o məşqə gedərkən məhlədə Elşənlə görüşüb söhbət etmiş, Elşən məşqlərin necə keçdiyini soruşmuş, o da yaxşı getdiyini bildirmişdir. Elşən özü də bir ara onlarla birlikdə məşq etmişdir. Sonra qardaşı rəhmətə getdiyi üçün məşqə fasilə vermişdir. Söhbət zamanı Elşənə məsləhət bilmişdir ki, özü də məşqə davam etsin. O da qardaşı rəhmətə gedəndən sonra özünü tam toparlaya bimədiyini bildirmişdir. Bu zaman onunla birlikdə məşqə gedən İlham adlı oğlan gəlib onlarla salamlaşmış və həmin anda polis əməkdaşları gəlib onları tutmuşlar. Onları idarəyə aparmış, orda onları sorğu-sual etmişlər. Elşəni, onu və İlhamı dindirmişlər. Üzərilərinə baxış keçirilmiş, üzərilərində olan əşyaları çıxarıb polis əməkdaşlarına təqdim etmişlər. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid bildirmişdir ki, onları günorta saatlarında saxlamışlar, saatı dəqiq xatırlamır. Təxminən saat 14-dən sonra olmuşdur. Onlar saxlanılarkən ətrafda çox insan olmuş, İlham da yanlarında olmuş, polis əməkdaşları onlara yaxınlaşan kimi özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmiş, sonra onlara özlərini təqdim etmələrini bildirmiş, polis əməkdaşları onu, İlhamı və Elşəni saxlamış, üçünü də maşına oturdub BMCMİ-nə aparmışlar. Növbətçi hissədə üçünü bir yerdə sorğu-sual etmiş, üçünün bir yerdə üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı onun üzərində şəxsi telefonu, İlhamın üzərində telefon və xarici pul, Elşənin üzərindən isə telefon, pul və sellofonda nəsə çıxmış, Elşənin üzərindən çıxanın nə olduğunu bilməmiş, o predmetdən heç vaxt görməmişdir. Həmin predmetin nə olduğu barədə Elşənə sual verilmiş, amma nə cavab verdiyini xatırlamır. BMCMİ-də onlara heç bir təzyiq göstərilməmiş, onun yanında Elşənə təsir, təzyiq göstərilməmiş, şəxsi axtarışdan sonra onu biraz saxlayıb sonra buraxmışlar. İdarəyə İlhamla onu bir maşında aparmışlar. İdarəyə gələndən sonra növbətçi hissədə şəxsi məlumatlarını dəqiqləşdirib sonra başqa bir otağa aparmışlar. Onlar gedəndə Elşən həmin otaqda olmuşdur. İdarəyə gətirilməkləri ilə üzərilərinə şəxsi axtarış aparılması arasında 10-15 dəqiqə vaxt keçmiş, müstəntiq tərəfindən ifadəsi alınmış, ona heç bir təzyiq olunmamış, heç vaxt Elşənin narkotik vasitələrdən istifadə etdiyini eşitməmiş, görməmişdir. Saxlanılan zaman ətrafda olan şəxslərdən Anar adlı dəmirçi işləyən oğlan, moykada işləyən adını bilmədiyi bir nəfər olmuşdur. Elşəni necə saxlayıb apardıqlarını görməmiş, qabağında İlham dayanmış, onunla söhbət etmiş, polis əməkdaşı sağ tərəfindən yaxınlaşıb qolundan tutub özünü təqdim etmiş, sonra onu soruşmuş, ad soyadını dedikdən sonra maşına dəvət etmişdir. İlhamla onu bir yerdə maşına aparmışlar. Etiraz etməmişlər, İlham sadəcə polis əməkdaşlarına onları hansı səbəbdən apardıqlarını soruşmuş, polis əməkdaşları da bildirmişlər ki, idarəyə gedək, araşdıracağıq, əgər günahsız olsanız buraxılacaqsınız. Saxladıqları yerdə polis əməkdaşları üstlərinə baxış keçirməmiş, video çəkiliş olmamışdır. İlhamla onu bir otağa salmışlar. Portalda məlumatlarını çıxartdıqdan sonra onları Elşənin olduğu otağa aparmışlar. Elşəni tanıyıb-tanımadıqlarını soruşmuş, məhlə uşağı olduğunu, bir yerdə məşq etdiklərini demişlər. Portaldan məlumatlar təxminən 5-10 dəqiqəyə gəlmiş, üzərilərinə baxış keçirildikdən sonra Elşənin üzərindən çıxan əşyalarla bağlı sual vermişlər, Elşəndən soruşmuşdurlar ki, bu şəxslər sizinlə salamlaşarkən üzərində bu predmet olduğundan onların xəbəri var idi?- Elşən xeyr deyə cavab vermişdir. Onlardan Elşənin üzərində belə bir predmet olduğundan xəbəriniz var idi deyə soruşmuşlar, onlar da xeyr deyə cavab vermişlər. Həmin vaxt video çəkiliş aparılmışdır. Elşənin üzərindən sellofonda nəsə çıxmış, onunla bağlı Elşənə sual vermişlər ki, bu sənə məxsusdur? O da bəli deyə bildirmişdir. Elşənin üzərindən çıxan sellefondakı predmeti açıb-açmadıqlarını xatırlamır. Elşəni təxminən 5-10 il olar ki, tanımış, Elşənin üzərində narkotik vasitə daşıdığını, istifadə etdiyini heç vaxt görməmiş, Elşənin məhlədə narkotik vasitə satanlara irad bildirdiyini bir dəfə eşitmiş, Təqsirləndirilən şəxsla sadəcə idman zalında görüşmüş, o həmişə onlara idmanı davam etdirmək barədə tövsiyyələr etmiş, Elşən heç vaxt onlara narkotik vasitə təklif etməmiş, sonradan Elşənin narkotik vasitə ilə bağlı tutulduğunu öyrənmişlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 avqust 2024-cü il tarixli, 6/4352 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N6-İİ dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs aşkar edilmiş... Təqsirləndirilən şəxs (imza) yazısı və imzalar olan paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 5,093 qram ağ rəngli kristallşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: Metamfetaminin ümumi təmiz çəkisi - 5,093 qr, tədqiqata sərf edildi- 0,1 qr, qalıq -4,993 qr. (cild 1, iş vərəqi 50-54). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator məcburi-narkoloji tibbi yoxlamasının 28 avqust 2024-cü il tarixli 5930 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs Kannabinoidlərdən və psixostimulyatoriardan istifadə etmə halları olub. Lakin, hal- hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Həmin rəydə Təqsirləndirilən şəxs deməsinə görə arabir düşəndə narkotik vasitə olan marixuanadan çəkməklə istifadə etdiyi göstərilmişdir. (cild 1, iş vərəqi 172-173). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxsin məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 444/MEŞ saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində 27.xx.xx.2024-cü il tarixlərdə yetirilməyə uyğun gələn xəsarətlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş boyun nahiyəsinin, qarın nahiyəsinin, sol bazunun, sol saidin və sağ baldırın çapıqları müayinədən təxminən 1- 1,5 ildən artıq müddətdə əmələ gəlmişdirlər, atrofiyaya uğramış və ilkin xüsusiyyətlərini itirmiş yara izləri olduqları üçün onların əmələ gəlmə mexanizmi, şəraiti, xarakteri və sağlamlığa zərər vurma dərəcəsi haqqında dəqiq fikir söyləmək mümkün deyildir. (cild 1, iş vərəqi 174-177). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxsin məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 2959/K saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən Kannabinoid və fenilalkilamin qrupuna aid olan Amfetamin və Metamfetamin aşkar edilmişdir. Barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilmədi. (cild 1, iş vərəqi 178- 181). Şəxsi axtarış, baxış və götürmə aparılması barədə protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 27 avqust 2024-cü il tarixdə saat 16:55-də ünvan 2 ünvanının yaxınlığında olduğu zaman saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş və orada həmin gün üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qəhvəyi rəngli şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış, baxış və götürmə zamanı videoçəkiliş aparılmış və 01 ədəd diskə köçürülmüşdür. Şəxsi axtarış, baxış və götürmə aparılmasını Özündə əks etdirən 01 ədəd DVD disk maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. (cild 1, iş vərəqi 27-31). DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.1 və 127.2.3-cü maddələri ilə təqsirli bilinərək Nəsimi Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə 20% olmaqla 02 il islah işləri cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-in 221.2.1 -ci maddəsi ilə təqsirli bilinərək Nəsimi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-in 127.2.3 və 221.2.1-ci maddələri ilə təqsirli bilinərək Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə 02 il 02 ay 14 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatdığından şöbənin qeydiyyatından çıxarılmışdır. (cild 1, iş vərəqi 151-153). Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü dəlillər aşağıdakılardır: Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, məhəllədə çayxana var, orada oturmuş, həmin vaxt polis əməkdaşları gəlib onu tutub aparmışlar. Narkotik vasitənin həmişə əleyhinə olmuşdur. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, məhəllədə yerləşən çayxanada onu tutmuş, polis əməkdaşları saat 5-ə işləmiş onu saxlamış, kafelmetlax obyekti olmuş və ev kirayə vermiş, əvvəllər xuliqanlıqla bağlı məhkum olunmuş, idarəyə gətiriləndən 4 saat sonra üzərinə baxış keçirilmiş, nəyə görə idarəyə aparıldığını bilməmiş, üzərində narkotik vasitə olmamış, video çəkilişdə narkotik vasitəni tapdığını demiş, tutulanda birlikdə 3 nəfər olmuşlar. Video çəkiliş vasitəsilə baxış keçiriləndə həmin şəxslər də orada olmuş, digər 2 şəxsə təzyiq olunması ilə bağlı məlumatı olmamış, ondan götürülən narkotik vasitə qablaşdırılmış və özü də imzalamış, Nərimanov rayon məhkəməsində qətimkan tədbiri seçilərkən hakimə ittihamla razılaşmadığını bildirmiş, müstəntiq tərəfindən ona heç bir təzyiq gösərilməmiş, həbsə çıxmamışdan qabaq müstəntiq onu dindirmiş, ifadə vermiş, ifadəni imzalamış və müstəntiq ona təzyiq göstərməmişdir. Müstəntiqə yazı yaza bilmədiyini demiş və müstəntiq özü ifadəni yazmış, ifadəni məcburiyyət halında vermiş, barəsində həbs təqimkan tədbiri seçiləndə narkotik vasitədən istifadə etdiyini demiş, amma əslində istifadə etməmişdir. Bu sözləri digər o 2 şəxsə görə demişdir ona görə ki, onlarıda tutacaqları barədə polis tərəfindən psixi təsirə məruz qalmışdır. Həmin şəxslər onun məhəllə uşaqları, gənc oğlanlar olmuşlar. Təqsirləndirilən şəxs həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, narkotik vasitə ilə razılaşandan sonra müstəntiqin ona ifadəni nə vaxt imzalatmağı yadında qalmamış, polislər onu saxlayanda hava günəşli olmuş, əlini, qolunu burub onu avtomobilə əyləşdirmişlər. Saxlandığı yerdə heç bir video çəkiliş olmamış, onların dedikləri ilə razılaşmamış, belə olan halda onu təhdid etməyə başlamışlar. İdmanla məşğul olur, halhazırda boks idman növü ilə məşğul olur. Həmişə narkotik vasitələrə qarşı olmuşdur. 2018-ci ildən bəri evindən çölə çıxmayan adam olmuşdur. Ona psixoloji zorakılıq tətbiq olunmuş, zorakılıq tətbiq olunandan 4 saat sonra çəkiliş olmuşdur. Yüngül xəsarətləri olmuş, evli olmuşdur. Sanksiyaya aparılanda digər 2 şəxsi azad etmişlər. Məhkəmədə narkotik vasitənin ona aid olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, onların məhləsində böyümüşdür, qonşudurlar. Bir tək öz adından deyil, məhlədəki bütün anaların adından danışır. Elşən atasız uşaq böyüdən bütün analara çox dəstək olmuş, Elşənin onun üzərində çox haqqı olmuşdur. Oğlunun birini sağlam həyata Elşənin əli ilə qaytarmışdır. Düzdür Elşən dalaşqandır, səbrsizdir, amma pis işlərlə məşğul olan adam deyil. Pis yola gedən uşaqları Elşənə xahiş etmişlər ki, o yoldan çəkib çıxartsın. Elşən narkotiklə mübarizə edən oğlandır. Bu gün onun bu maddə ilə məhkəməyə verməsi ona pis təsir edir, ona görə özünə borc bilir ki, gəlib məhkəmədə ifadə versin. Elşən həmişə məhlənin narkotikə meyl edən uşaqlarını o yoldan çəkindirib. Bu gün oğlu Vüsalın sağlam yasamasının, uşağının yanında olmasının səbəbi Elşəndir. Elşənin polislər tərəfindən aparılmasının şahidi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, 2001-ci ildən Səma 3 MTK-də beş il mühafizəçi işləmiş, 15 ildir ki, komendant işləyir. Bu MTK Elşən yaşayan küçənin başındadır. Elşəni yaxşı, xeyirxah insan kimi tanıyır. Elşənin bu günədək səhlənkar hərəkətini görməmişdir. MTK-nin yanında onun çay evi var. Elşən tutulan gün Elşən və iki nəfər dostu oturub onun çay evinin yanında söhbət etmiş, ondan çay istəmişlər. Onlara çay verib qayıtmış, 3-5 dəqiqə sonra ağ rəngli Prado markalı maşın gəlib dayanmışdır. İçindən üç nəfər düşdü və heç nə demədən bunlara hücum etmişlər, Elşən qışqırdı ki, nolub? Kim olduqlarını demədən onları qandallayıb, maşına mindirib aparmışlar. İki gündən sonra o biri iki nəfəri buraxmış, Elşəni saxlamışlar. Şahid ona verilən suallara cavab olaraq bildirmişdir ki, Elşəngili saxlayanda video çəkiliş olmamış, hansı təşkilatdan gəldiklərini deməmişlər, saxladıqları yerdə Elşəngili vurmamış, onlar da müqavimət göstərməmişlər. Sakitçə maşına minib getmişlər. Elşəngili saat təxminən 16-17 radələrində saxlamışlar. Elşəngili tutduqları yerin ünvanı Nərimanov rayonu, Maqsud Əlizadə küçəçi 20-dir. Binanın qabağında Azər-Türk Med klinikası var. Onun da qabağında moyka var. Moykanın da qabağında maşın düzəltmə sexləri var. Maqsud Əlizadə 4B adresi o bir küçədir. Onlar Elşəni “Qara” kimi tanımış, Elşənə hamı öz mədəniyyətinə görə hörmətlə yanaşmış, məhlədə 80 yaşında qoca kişilər görəndə ki, Elşən çayxanada çay içir, onun pulunu vermişlər. Elşən idmançı oğlandır. Məhlənin cavan uşaqlarını idmana yönəldir. Elşənin dava etdiyini görməmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsi: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət əməlinin törədildiyi zaman qüvvədə olan «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahına əsasən təmiz çəkisi 0,15 qram olan metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramdan artıq olduqda isə külli miqdar hesab olunur. Cəza təyini zamanı nəzərə alınmalı olan hallar: “Şübhəli şəxsin tutulması haqqında” 27 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 avqust 2024-cü il tarixdə, saat 18:04-dən tutulmuş hesab edilmişdir (cild 01; i.v.19). Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 avqust 2024-cü il tarixli, 4(005)- 1077/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 27 avqust 2024-cü il tarixdən hesablanmaqla 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 01; i.v.124-128). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmənin hüquqi dəyərləndirməsi: Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmadığından Təqsirləndirilən şəxs əməli AR CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməklə ona həmin maddənin sanksiyası daxilində ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitələrin miqdarına, yəni külli miqdar təşkil etməsinə münasibətdə məhkəmə qeyd edir ki, narkotik vasitənin külli miqdar təşkil etməsi həmin narkotik maddənin satışına və ya həmin maddənin satış məqsədi ilə əldə edilməsinə dəlalət edən digər hər hansı sübutun olmadığı təqdirdə özüözlüyündə həmin narkotik vasitənin məhz satış məqsədi ilə əldə edilərək saxlanılmasının göstəricisi kimi qiymətləndirilə bilməz. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin miqdarının külli miqdarda olması onun həmin maddəni satış məqsədi ilə əldə etməsinə dəlalət etməməklə öz şəxsi istifadəsi üçün də həmin miqdarda narkotik vasitəni əldə edərək saxlaması mümkündür. Göstərilən bu hallar onu deməyə əsas verir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlamasına dair nəticəyə gələrkən həmin vaxt qüvvədə olmuş Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixitrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 nömrəli qərarında ifadə olunmuş Ali Məhkəmənin Plenumunun hüquqi mövqeyini nəzərindən qaçırmışdır. Belə ki, həmin Plenum qərarının 9-cu bəndinin 2-ci abzasında göstərilmişdir ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Plenum qərarında narkotik vasitənin miqdarının və yaxud nə cür qablaşdırılmasının ayrıca olaraq deyil, “başqa sübutlarla yanaşı” nəzərə alınması tövsiyyə olunur. Qeyd edilən izaha görə aşkar edilmiş narkotik vasitənin və ya psixotrop maddənin miqdarı həmin maddənin məhz satış üçün əldə edilib saxlanılmasına dair nəticəni əvvəlcədən müəyyən edən, satış məqsədinin mövcudluğunu sübuta yetirmək vəzifəsini ittiham tərəfinin üzərindən qaldıran hallar kimi şərh edilə bilməz. Plenum qərarının izahı ilə müqayisə etməklə hazırki işin hallarına baxdıqda görünür ki, Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitənin külli miqdar təşkil etməsi müəyyən edilsə də, onun digər istehlakçılarla razılıq əldə etməsi, məhz özünün satış üçün narkotik vasitələri xırda bükümlərə qablaşdırması, narkotik vasitələrin hazırlanması, çəkilməsi üçün avadanlığın olması kimi hallar müəyyən edilməmişdir. Göründüyü kimi ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ittihamın irəli sürülməsinə baxmayaraq, nə ibtidai istintaq dövründə, nə də ki, məhkəmə istintaqı zamanı onun narkotik vasitələrin satışı ilə məşğul olması, narkotik vasitələrin satışı ilə bağlı kiminləsə danışıq aparması və bu barədə sövdələşməsi, “müştərilərdən” narkotik vasitələrlə bağlı sifarişlər alması və həmin sifarişləri icra etməsi, “müştəri” çevrəsinə malik olması ilə əlaqədar hər hansı bir sübut əldə edilməmişdir. Məhkəmə hesab edir ki, hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və ya psixotrop maddələri əldə etməsi, qeyd edilən vasitə və maddələrin satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübutlarla (məsələn, “müştəri” ilə telefon danışıqları, sms yazışmaları, “müştərilərin” psixotrop maddələrlə bağlı sifarişləri, “şərti alıcı” ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. Bununla yanaşı, nə ibtidai istintaq, nə də məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin istifadəsində olmuş mobil telefonla Təqsirləndirilən şəxs narkotik vasitələrinin dövriyyəsi ilə məşğul olmasına dəlalət edən hər hansı bir hala rast gəlinməmişdir. Məhkəmə qeyd edir ki, şəxsin üzərindən külli miqdarda narkotik vasitənin aşkar olunması faktı yuxarıda sadalanan digər mühüm halların müəyyən edilmədiyi halda, yalnız öz-özlüyündə həmin şəxsin narkotik vasitələrin satışı ilə məşğul olmasını, eləcə də onun həmin vasitələri satış məqsədi ilə əldə etməsini təsdiq edən hal kimi qiymətləndirilə bilməz. Həmçinin, məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərdən də (polis əməkdaşları) heç biri Təqsirləndirilən şəxs narkotik vasitələrin satış məqsədi ilə əldə edilməsi, saxlanılması və daşınmasında təqsirli bilinməsi üçün əsas ola biləcək hər hansı tutarlı sübuta dayanan məlumat verməmişlər. Onlar Təqsirləndirilən şəxs üzərindən yuxarıda qeyd olunan narkotik vasitənin aşkar edilib götürülməsi faktını təsdiq etmişlər. Həmin şahid ifadələrinə münasibətdə məhkəmə həmin şahidlərin əməliyyat məlumatı əsasında əməliyyat tədbiri keçirərək təqsirləndirilən şəxsi saxladıqlarını, təqsirləndirilən şəxsin hər hansı şəxsə narkotik vasitə satmasının şahidi olmamaqla (məhkəmədə əlavə şahid qismində dindirilmiş şahidlər də təqsirləndirilən şəxsin hər hansı şəxsə narkotik vasitə satmasının və ya özünün istifadə etməsinin şahidi olmadıqlarıa dair hər hansı fakta istinad etmədiklərini) satış niyyəti ilə əldə etməsinə dair hər hansı fakta istinad etmədiklərini, sadəcə təqsirləndirilən şəxsin üzərindən narkotik vasitənin aşkar edilməsinə və həqiqiliyi sübuta yetirilməyən narkotik vasitələrin dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatına əsaslanaraq ifadə verdiklərini nəzərə alaraq həmin şahid ifadələrinin şəxsə AR CM-nin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülməsi üçün yetərli olmaması qənaətindədir. Göründüyü kimi, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs əməlinin tövsifində həlledici rol oynamasına baxmayaraq Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitəni əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən etməmiş və sadəcə heç bir sübuta dayanmayan ehtimallar əsasında ona AR CM-nin 234.4.3-cü maddəsi ilə ittiham elan edilməsini məqbul hesab etmiş, ittiham aktında nəinki çoxsaylı sübutlara, narkotik vasitələrin satılmasını və ya satış məqsədi ilə əldə edilməsini təsdiq edən hər hansı bir sübuta istinad etməmiş, sadəcə təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitənin miqdarına istinad etməklə kifayətlənmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun “CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Göstərilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs qeyd edilən narkotik vasitəni öz şəxsi istifadəsi üçün əldə etməsini daha ağlabatan və inandırıcı hesab etməklə onun üzərindən aşkar edilmiş narkotik vasitəni satmaq məqsədi ilə deyil, öz şəxsi istifadəsi üçün qanunsuz olaraq əldə etmə, saxlama və daşıma kimi qiymətləndirir. Məhkəmə yuxarıda sadalananları hazırkı iş üzrə tətbiq edərək hesab edir ki, ibtidai istintaq orqanının gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmadığından Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə ittiham olunduğu əməli CM-in 234.1-1-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə iclasında təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda təqsirli bilməyərək üzərində narkotik vasitənin olmadığını, ümumiyyətlə heç vaxt narkotik vasitə satmadığını, polis bölməsində narkotik vasitənin ona məxsus olması ilə sənədləşmə aparılmasına baxmayaraq belə bir halın olmadığını bildirsə də, məhkəmə onun narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edən sübutların olmaması ilə razılaşsa da, onun üzərində ümumiyyətlə narkotik vasitənin olmamasına dair ifadəsini özünümüdafiə xarakterli və işin həqiqi halları ilə uzlaşmayan ifadə kimi qiymətləndirir. Belə ki, yuxarıda sadalanan şəxsi axtarış, baxış və götürmə protokolunda göstərilən xüsusatlarla, həmçinin məhkəmə-narkoloji ekspertizasının 28 avqust 2024-cü il tarixli 5930 nömrəli rəyi ilə təqsirləndirilən şəxsin ifadəsində səmimi olmaması açıq-aşkar görünməkdədir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tam əhatə olunduğundan o, həmin maddə ilə təqsirli bilinməlidir. Qeyd edilən AR CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona həmin maddə ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladının olması Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alınır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halın olması, cəzasını ağırlaşdıran halın olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), onun cəmiyyətdən tam təcrid edilmədən islah olunmasının və cəzanın digər məqsədlərinə nail olunmasının mümkün olmaması nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı ibtidai istintaq zamanı tutulduğu tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut narkotik vasitə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 27 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlama kamerasına təhvil verilmiş ekspertizadan sonra qalıq qalan 4,993 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilsin, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 114 (bir yüz on dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Seyidov Hakimlər: Nigar İmanova Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar