Məhkəmə qərarları › İş №1(101)-863/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-863/2023

29.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-863/2023 29.08.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Həsənzadə İradə Xəlil qızı və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: X3 və Qasımzadə Banu Pənah qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və X2 Müdafiəçi: Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxx 1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2əsiz evdə yaşamış, barəsində «həbs» növündə qətimkan tədbiri seçilməklə 3 saylı istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs ittiham verilmişdir ona görə ki, o satış məqsədi ilə qanunsuz olaraq, külli miqdarda narkotik vasitə heroini əldə edib, üzərində saxlamaqla daşımış, 29 sentyabr 2022-ci il tarixdə saat 20:45-də Bakı şəhər Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Bizim market”in yaxınlığında saxlanılaraq Suraxanı RPİ-nin 30-cu PŞ-nin inzibati binasına aparılıb, üzərinə şəxsi axtrarış və götürmə istintaq hərəkətlərini keçirilən zaman əynində olan qara rəngli cins şalvarın sağ cibindən 01 ədəd bükümdə təmiz çəkisi 4,115 qram qəhvəyi rəngli tozşəkilli maddə - kustar üsula hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, onu Hövsanda bir nəfər şəxsin evində olan zaman evin içində tutmuşlar. Ona “Bizim market”-in yanında əməliyyatçılar yaxınlaşmamışlar. Onun üzərində telefon, saat, sep olmuşdur. Onu qoluna girib evin içindən rəisin otağına aparmışlar. Rəis ona zalentli 1 kiloqramı göstərərək “Al bunu boynuna” demişdir. O da narazılıq etmişdir. Əvvəlcə ona 1 kiloqramı yükləmək istəmişlər. O birinci heç nəyə qol çəkməmişdir. Sonra onu döydükləri üçün razı olmuşdur. Narkotik vasitədən istifadə edirmiş. Üzərindən hər hansı narkotik vasitə aşkar olunmamışdır. İstifadə etdiyi narkotik vasitəni bildiyi satan şəxslərdən alırmış. Ona təzyiqlər olmuşdur. Şəxsi axtarış və götürmə zamanı ona ağzını açmağına imkan verməmişlər. Narkotik vasitəni özləri ona vermişlər. Ona döydüklərini qətimkan tədbiri seçilən zaman məhkəməyə demişdir. Hövsanda tutulduğu evə elə-belə getmişdir, həmin evin yiyəsi narkotik istifadəçisi deyil. Əməliyyatçılar gəlib onu aparan zaman günorta vaxtları imiş. Qətimkan tədbiri seçilən zaman o məhkəmədə “əgər satışla üzərimə qoyublarsa, mənim telefonumu ekspertə versinlər. Orada kimsə mənə yığıb deyibsə ki, “Satırsan, pul verim, alım” o halda nə qədər iş verirlər, versinlər” demişdir. İstintaq zamanı verdiyi ifadəsi həqiqəti əks etdirmir. Evində olduğu şəxsin valideynləri avtoqəzada ölmüşdür. Həmin şəxsə yazığı gəldiyi üçün polisdə deyilənlərlə razılaşmışdır. Çünki rəis ona “Bu narkotiki gedib həmin evən çıxaracam, o da sənin gəlib üzünə duracaq ki, bu sənindir” demişdir. O dabu səbəbdən razı olmuşdur. Xəsarəti olsa da görünən yerdə deyilmiş. Təcridxanaya aparılan zaman xəsarətini göstərməmişdir¸ancaq döyüldüyünü demişdir. Prokurorluq orqanına döyülməsi ilə bağlı şikayət etməmişdir. Tutulmamışdan 1 gün qabaq narkotik vasitədən istifadə etmişdir. Təcridxanaya onun izahatını almaq üçün heç bir prokurorluq nümayəndəsi gəlməmişdir. Təcridxanada döyüldüyünü deməmişdir, məhkəmədə demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Suraxanı rayon Polis idarəsinin 30-cu Polis şöbəsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində çalışır. Narkotik vasitənin dövriyyəsi barədə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxsı saxlamışlar. Narkotik vasitənin dövriyyəsi dedikdə onun istifadəsi, satışı başa düşülür. Təqsirləndirilən şəxsi Hövsan qəsəbəsində, Bizim market adlanan marketin yaxınlığında saxlayıb şöbəyə gətirmişlər. Şöbədə üzərinə baxış keçirtmişlər. Üzərindən bir büküm narkotik vasitə çıxmışdır. Özü də etiraf etmişdir ki, öz şəxsi istifadəsi üçün tanımadığı şəxsdən, üzdən tanıdığı, adını bilmədiyi şəxsdən almışdır. Narkotik vasitə cibində olmuşdur. Hansı cibində olduğu dəqiq yadında deyil. Təqsirləndirilən şəxsə hər hansı fiziki təzyiq göstərməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o Suraxanı rayon Polis idarəsinin 30-cu Polis şöbəsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində çalışır. Təqsirləndirilən şəxsi narkotik vasitənin istifadəsi və dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı əsasında tutmuşlar. Hövsanda “Bizim market”-in yaxınlığında şəxsi götürüb 30-cu şöbəyə aparmışlar. Təhqiqatçının iştirakı ilə şəxsin üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs istifadəçi olduğunu boynuna almışdır. Əməliyyyat məlumatı istifadə, üstündə gəzdirmə və dövriyyə ilə bağlı olmuşdur. Təqsirləndirilən şəxsə qarşı təzyiq göstərməmişdir. Çəkilişdə iştirak etmişdir. Narkotik vasitənin hansı cibindən çıxdığını xatırlamır, lakin təqsirləndirilən şəxs şəxsi istifadəsi üçün olduğunu etiraf etmiş, lakin satışla məşğul olmadığını bildirmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir təzyiq göstərilməmişir. Məhkəmə Təqsirləndirilən şəxs hərəkətlərini araşdırılmış sübutlar əsasında qiymətləndirərək, ona elan edilmiş satış məqsədi ilə narkotik vasitəni qanunsuz əldə edib, həmin narkotik vasitənin satmasına dair ittihamını təsdiq edilməməsi qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs həmin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə tövsif edilməli və həmin maddənin sanksiyası həddində cəza təyin olunmalıdır. Belə ki, əməlin tövsifi ilə əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs verilmiş ittihamda narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi nəticəsini heç cür əsaslandırmamışdır və iş materiallarından da görünür ki, belə nəticəyə gəlmək üçün hər hansı bir əsas da olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilərək ifadəsi alınan polis əməkdaşları da ayrı-ayrılıqda verdikləri ifadələrində bildirmişlər ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı narkotik vasitlərin istifadəsi və dövriyyəsi barədə olsa da o, üzərindən aşkar olunan narkotik vasitəni öz şəxi istifadəsi üçün üzərində daşıdığını bildirmişdir. Yuxarıda qeyd olunduğu kimi, ittiham aktında istinad edilən sübutların (ifadələrin) heç birində belə bir məlumat yoxdur ki, narkotik vasitənin məhz satış məqsədi ilə əldə edilməsi qənaətinə gəlməyə əsas versin və iş materiallarından görünür ki, belə nəticəyə gəlmək üçün hər hansı bir əsas da olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs belə niyyətinin olduğunu göstərə bilən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayətləri üzrə məhkəmə təcrübəsi haqqında”» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının izahlarını da nəzərə alır. Belə ki, həmin Qərarın 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işlərə baxılarkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorların dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorların dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinin tələbinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 8-ci bəndində izah edilmişdir ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Bu halların mövcud olmadığını vurğulamaqla yanaşı məhkəmə qeyd edir ki, ibtidai araşdırma zamanı və məhkəmə iclasında Təqsirləndirilən şəxs narkotik vasitənin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə əldə etməsi heç bir sübutla öz təsdiqini tapmamışdır. Bundan başqa, adı çəkilən qərarın 9-cu bəndindəki izahda sadalanan hallar da mövcud deyildir. Həmin bəndə izah olunur ki,“... Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Bununla əlaqədar məhkəmə qeyd edir ki, narkotik vasitənin miqdarı da onun satış məqsədi ilə əldə olunmasına dəlalət etmir və təcrübədə bundan yüksək miqdarda narkotik vasitənin satış məqsədi olmadan əldə olunmasına rast gəlinir. Bundan başqa, adı çəkilən Plenumun qərarının 11-ci bəndində izah edilmişdir ki, məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Sadalanan xüsusatlarə əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhz satış məqsədi ilə narkotik vasitənin əldə edilməsi qənaətinə gəlməyə əsas (o cümlədən Plenumun qeyd olunan izahında göstərilən hallar) iş üzrə mövcud deyildir. Bu baxımdan məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə müvafiq olaraq məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandırılmalıdır. Bütün bunları nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 21.2, 145.3, 351.3.4 maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli olmasına dair, eləcə də Azərbaycan Respublikası CPM-nin 351.2 maddəsinin ittiham hökmünün ehtimallara əsaslanmasının yol verilməməzliyi barədə tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik vasitənin əldə etməsi və həmin narkortik vasitəni satması təsdiq olunmur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun müddəalarını əsas tutaraq məhkəmə Təqsirləndirilən şəxs əməllərini qanunsuz olaraq istehlak miqdarından artıq miqdarda narkotik vasitinənin əldə edib saxlaması kimi qiymətləndirir. Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə görə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdikdə, saxladıqda, hazırladıqda, emal etdikdə, daşıdıqda müvafiq cinayətin tərkibi yaranır. Həmin Məcəlləsinin 234.1-1-ci maddəsinə görə isə bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə müvafiq cinayətin tərkibi yaranır. Beləliklə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə tövsif edilməli və ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə prosesində narkotik vasitənin ona məxsus olmaması barədə verdiyi ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və hesab edir ki, o cinayət əməlini yüngülləşdirmək üçün belə ifadə verir, onun törətmiş olduğu cinayət əməli şahid ifadələri, ekspertiza rəyləri və istintaq materialları ilə tam sübuta yetirilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il qərarından görünür ki, Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır.Lakin, nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. Cinayət işində olan 29 sentyabr 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nin təhqiqatçısı, polis kapitanı X5 tərəfindən tərtib edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” 29 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış aparılmasından əvvəl barəsində şəxsi axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ cibindən 01 ədəd bükümü çıxarıb təqdim edərək həmin bükümdə heroin olduğunu bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddələri xx.xx.2022-ci il tarixdə “Əhmədli” metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd büküm götürülərək bir ədəd kağız zərfə qoyulub qablaşdırılmış, həmin zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalandıqdan sonra möhürlənmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin materialların məhkəmə ekspertizasına dair 30 sentyabr 2022-ci il tarixli 6/5623 №-li rəyində göstərilir ki, tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 4,115 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in İ siyahısına daxildir. Qeyd: heroinin təmiz çəkisi-4,115 qram, tədqiqata sərf edildi-0,100 qram, qalıq- 4,015 qram(ekspertiza tədqiqatın dəyəri 81 (səksən bir) manat) Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 4(010)-584/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında üzərində az miqdarda narkotik vasitə olduğunu bildirmiş, barəsində həbsetmənin əvvəli 29 sentyabr 2022-ci il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işi üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika narkoloji mərkəzi publik hüquqi şəxsi ambulator məcburi-narkoloji yoxlaması üzrə 05 noyabr 2022-ci il tarixli 6653 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorlarm birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicə müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə eyni zamanda Təqsirləndirilən şəxs polis idarəsində təzyiq altında olması barədə verdiyi ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və onun ifadəsini özünü müdafiəedilməsi kimi qiymətləndirir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Suraxanı rayon prokurorluğunun müstəntiqi, kiçik ədliyyə müşaviri X4 tərəfindən qəbul olunmuş cinayət işi başlanmasının rədd edilməsi barədə 01 iyun 2023-cü il tarixli qərardan görünür ki, məhkəmə-tibbi ekspertinin 19 may 2023-cü il tarixli, 46 saylı rəyi ilə Təqsirləndirilən şəxs təcridxanaya daxil olarkən heç bir xəsarət aşkar olunmamış və onun polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması toplanmış material üzrə təsdiqini tapmadığından toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol verilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu nəzərə alınmaqla barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəza seçilməli və cəzasını tutulduğu vaxtdan hesablanmaqla ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən etməmişdir. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş materiallarından müəyyən edilir ki, məhkəmə ekspertizasının rəylərinin verilməsi üçün aparılmış tədqiqatın ümumi dəyəri 81 (səksən bir) manat təşkil edir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 4,015 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətinin video çəkilişi zamanı qeydə alınmış görüntüləri özündə əks etdirən 01 ədəd dvd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.1-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 81 (səksən bir) manat alınıb dövlət büdcəsinə verilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 29 sentyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 81 (səksən bir) manat alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Azərbaycan Respublikası DİNin Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 4,015 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətinin video çəkilişi zamanı qeydə alınmış görüntüləri özündə əks etdirən 01 ədəd dvd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) İradə Həsənzadə Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar