Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-864/2025 07.05.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X1, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2 və həmin idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1 Təqsirləndirilən şəxs və müdafiəçi - Bakı şəhəri, “Ədalət” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 2002-ci ildə Bakı şəhərində anadan olmuş (FİN: xxxxxxx), Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda da yaşamış, 30 avqust 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 31 avqust 2024-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda - 5,787 qram çəkidə bir ədəd bükümdə psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospektində yerləşən “Tosoil” yanacaq doldurma məntəqəsinin yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 30 avqust 2024-cü il tarixdə saat 11:10-da yuxarıda qeyd edilən ünvanda saxlanılaraq ünvan 2 Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş və orada həmin gün saat 13:04-dən etibarən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan qara rəngli idman şalvarının sol yan cibindən qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 1 ədəd bükümdə 5,787 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İbtidai istintaq orqanı tərəfindən isə Təqsirləndirilən şəxs həmin əməli satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini əldə edib üzərində daşıyaraq saxlama kimi qiymətləndirilmiş, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş bütün sübutlar məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırıldı, bu zaman təqsirləndirilən şəxsin ondan aşkar olunmuş psixotrop maddəni satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması faktı öz təsdiqini tapmadı. Belə ki, məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədi. O, ifadəsində göstərdi ki, həm ibadətlə, həmdə idmanla məşğul olur. Saxlanıldığı gün dostu ilə kafedə oturub kofe içən zaman onun mobil telefonuna əvvəli 012 rəqəmləri ilə başlayan nömrədən zəng gəlmişdir. Telefonu açdıqda zəng edən şəxs ona bildirmişlər ki, guya o, təxminən 6 ay əvvəl “Umiko” kartı sifariş vermiş və həmin kartı gətirib ona təhvil vermək istəyir. O, kart sifariş verdiyini xatırlamadığını demiş, lakin əgər sifariş vermişdirsə, gətirmələrinin söyləmişdir. Zəng edən şəxs ondan olduğu yeri soruşmuş, o da, öz yerini bildirmişdir. Bir müddətdən sonra yenidən zəng gəlmiş və danışan şəxs ona kuryer olduğunu, kartı gətirdiyini söyləmişdir. O, kafedən çölə çıxmış, lakin orada heç kimi görməmişdir. Yenidən kafeyə içəri girəndə arxasında 5-6 nəfərin olduğunu görmüş, həmin şəxslər onu tutub maşına mindirmişlər. Yol boyu onlardan kim olduqlarını və onu hara apardıqlarını soruşsa da, heç bir cavab verməmişlər. Ziya Bünyadov prospektindən Heydər Əliyev prospektinə keçdikdə, ona “indi bildin, səni hara aparırıq?!” deyə söyləmişlər. Ona bir müddət əvvəl kiminləsə dalaşdığını bildirmişlər. O da, buna görə insanın tutulmasının düzgün olmadığını demişdir. Daha sonra onu Baş idarəyə gətirmişlər. Oraya rəis deyə müraciət etdikləri bir şəxs gəlmişdir. Sonra polis işçiləri stolun üzərinə bir büküm qoyaraq həmin bükümdə metamfetamin olduğunu və onu boynuna götürməsini söyləmişlər. O, idmanla məşğul olduğunu deyərək, onu məhv etməmələrini, əgər dalaşıbsa, cəzasını buna görə sənədləşdirmələrini xahiş etmişdir. Ona narahat olmamasını, sadəcə çəkiliş olacağını, metamfetamini boynuna götürdükdən sonra onu buraxacaqlarını söyləmişlər. O da, məcbur olub polis işçilərinin dedikləri ilə razılaşmışdır. Sanksiya üçün məhkəməyə aparılanda nə demək lazım olduğu yadından çıxmışdır. O, müstəntiqdən necə danışmalı olduğunu soruşanda, sonuncu, üzünü çevirərək ona bir şey deməmişdir. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs həmçinin bildirdi ki, o, idmanın qaydasız döyüş növü ilə məşğuldur. Telefonuna zəng gələndə Elvin adlı dostu onun yanında olmuşdur. Zəng edən şəxsin istəyi ilə kartı gətirib vermələri üçün həmin mobil nömrəyə konum atmışdır. Həmin gün kafeyə gəlməmişdən əvvəl poliklinikada qandan və sidikdən analiz vermişdir. Saxlanılan zaman dostu da kafenin içərisində olmuşdur. Onu 5-6 nəfər çöldə tutmuşlar. Polis işçiləri mübahisə etdiyi üçün onu saxladıqlarını bildirsələr də, onun kiminlə mübahisə etdiyini söyləməmişlər. O, tanımadığı bir şəxslə baxışmaq üstündə mübahisə etmişdir. Mübahisə etdiyi şəxs əvvəlcə onun adını soruşmuş, o da, adını demişdir. Sonradan ona məlum olmuşdur ki, həmin şəxsin qardaşı polisdə işləmişdir. Baş idarədə ona təklif olunan metamfetamini götürməsə, üzərinə 10 kq narkotik qoyacaqlarını bildirmişlər. Saxlanılarkən və Baş idarədə olarkən ona qarşı fiziki təzyiqlər göstərilməmiş, polis işçiləri tərəfindən döyülməmişdir. Təcridxanaya qəbul edilərkən həkim müayinəsindən keçmiş, lakin üzərində hər hansı xəsarət izi aşkar olunmamışdır. İfadələri arasında ziddiyyətlər olduğundan təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan və tədqiq edildi. Həmin ifadəsində Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, 30 avqust 2024-cü il tarixdə saat 11:10-da Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospektində yerləşən “Tosoil” yanacaq doldurma məntəqəsinin yaxınlığında olduğu zaman bir neçə nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib anket məlumatlarını soruşmuşlar. Özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib, “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış etmişlər. Yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb üzərində “patı” olduğunu bildirmiş, bundan sonra polis əməkdaşları onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Polis idarəsində müdafiəçi İlə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Hüquq və vəzifələri izah olunmuş, sonra üstünə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Ona edilmiş təklifdən sonra əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 1 ədəd “patı’’nı, sol çiynindən asdığı qara rəngli çantanın içərisindən “İphone” markalı mobil telefonu, həmin çantadan şəxsiyyət vəsiqəsini, sürücülük vəsiqəsini, “99-E-695” qeydiyyat nişanlı “Tufan CR200” markalı motosikla məxsus qeydiyyat şəhadətnaməsini və 17 manat pulu çıxarıb təqdim etmişdir. 1 ədəd bükümdə olan «patı»ya polis əməkdaşı tərəfindən baxış zamanı onun içərisində metamfetamin olması müşahidə edilmişdir. Həmin “patı” polis əməkdaşı tərəfindən bir ədəd kağız zərfə qablaşdırılmış və iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra 1 ədəd “İphone” markalı mobil telefonu, sürücülük, şəxsiyyət vəsiqələri və qeydiyyat şəhadətnaməsi polis əməkdaşı tərəfindən götürülmüş, digər əşyaları çantası İlə birlikdə qaytarılmışdır. Şifahi sorğu zamanı aşkar edilmiş 1 ədəd bükümdə olan “patı»nı 29 avqust 2024-cü il tarixdə yaşadığı evin yaxınlığında həyətdən tapdığını, həmin maddənin heç kimin əlinə keçməməsi üçün götürdüyünü, özünün narkotikdən istifadə etmədiyini bildirmişdir. Aşkar olunmuş “patı” ilə bağlı heç kimin məlumatı olmadığını, heç kimə satmadığını, satmaq niyyətinin olmadığını, pay və ya hədiyyə vermədiyini, “İphone" markalı mobil telefonun içərisində 055 ***-**-** saylı mobil nömrənin olduğunu bildirmişdir. Bundan başqa, iş üzrə Təqsirləndirilən şəxs əlavə ifadə verərkən ilkin ifadələrini təkzib edərək, ittiham üzrə özünü təqsirli bilmədiyini, BMCMİ-nin əməkdaşları tərəfindən saxlanılaraq Baş İdarəyə gətirildiyini, Baş İdarənin inzibati binasında olduğu zaman polis əməkdaşlarının ona təzyiq etdiyini, bundan sonra ona edilmiş psixi təzyiq nəticəsində içərisində psixotrop maddə olan bükümü götürüb cibinə qoyaraq çəkilişdə təqdim etdiyini, həqiqətə uyğun olmayan məzmunda ifadə verdiyini bildirmişdir. Elan olunmuş ifadə ilə bağlı verilən sualları cavablandıran Təqsirləndirilən şəxs dindirmə protokolundakı imzaların və sonda yazılmış qeydin ona məxsus olduğunu, həmin vaxt polis işçiləri necə demişdilərsə, həmin məzmunda ifadə verdiyini, ona psixoloji təzyiqlər göstərildiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid ifadəsində göstərdi ki, 30 avqust 2024-cü il tarixdə Rauf adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat- axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmiş, onun özünün rəhbərliyi ilə Baş İdarənin digər əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır. 30 avqust 2024-cü il tarixdə əməliyyat qrupunun üzvləri ilə birlikdə Təqsirləndirilən şəxs olması ehtimal edilən Ziya Bünyadov prospektinə getmişlər. Orada olan «Tosoil» yanacaq doldurma məntəqəsinin yaxınlığında zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşayan şəxsi görüb ona yaxınlaşmışlar və saxlayıb Baş idarəyə gətirmişlər. İnzibati binada təhqiqatçısı tərəfindən Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunmuş və videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs qanunsuz əşyaların təqdim ebdilməsi barədə təklifdən sonra əynində olan idman şalvarının cibindən “patı” adlandırdığı 1 ədəd şəffaf selofan bükümü, 1 ədəd “İphone” markalı mobil telefonu, şəxsiyyət vəsiqəsini, sürücülük vəsiqəsini, motosikla məxsus qeydiyyat şəhadətnaməsini və 17 manat pulu təqdim etmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 1 ədəd selofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddəni yaşadığı ünvanda həyətdən tapdığını, həmin maddənin heç kimin əlinə keçməməsi üçün götürdüyünü, özünün narkotik vasitə və ya psixotrop maddədən istifadə etmədiyini bildirmişdir. Verilən sualları cavablandıran Şahid ona daxil olmuş əməliyyat məlumatının narkotik vasitələrin qanunsuz dövriyyəsi barədə olduğunu, saxlanılarkən və Baş idarədə olarkən şübhəli şəxsə qarşı hər hansı fiziki və ya psixoloji təzyiqlər göstərilmədiyini, istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirdi. Məhkəmə iclasında şahidlər - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları X3, X2 və X4 ibtidai istintaq zamanı verdikləri ifadələr elan və tədqiq olunarkən, onların 30 avqust 2024-cü il tarixdə Təqsirləndirilən şəxs saxlanılarkən və Baş idarəyə gətirilib üzərinə şəxsi axtarış keçirilərkən üzərində 1 bükümdə psixotrop maddə metamfetaminin aşkar olunaraq götürülməsi ilə bağlı keçirilmiş tədbirdə əməliyyat qrupunun üzvləri kimi iştirak etdikləri və həmkarları Şahid məhkəmədəki ifadəsi ilə oxşar məzmunlu ifadə verdikləri müəyyən olundu (cild 1, iş vərəqi 107-109, 113-118). Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan 30 avqust 2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokola əsasən, həmin tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılıb Baş idarəyə gətirilmiş, müdafiəçinin iştirakı il əvə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılmışdır. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sol yan cibindən “patı” adlandırdığı 1 ədəd şəffaf selofan bükümü, sol çiynindən asdığı 1 ədəd qara rəngli çantasının içərisindən 1 ədəd “İphone” markalı mobil telefonu, həmin çantadan 1 ədəd şəxsiyyət vəsiqəsini, 1 ədəd sürücülük vəsiqəsini, 1 ədəd “99-E-695” qeydiyyat nişanlı “Tufan CR200” markalı motosikla məxsus qeydiyyat şəhadətnaməsini və 17 manat pulu çıxarıb təqdim etmişdir. 1 ədəd şəffaf selofan bükümə keçirilən baxış zamanı içərisində ağ rəngli, kristal formalı, xüsusi spesifik iyə malik olmayan psixotrop maddə metamfetaminə oxşar maddə olması müşahidə edilmiş, həmin maddə bir ədəd kağız zərfə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş 1 ədəd “İphone” markalı mobil telefon, 1 ədəd şəxsiyyət vəsiqəsi, 1 ədəd sürücülük vəsiqəsi, 1 ədəd “99-E-695” qeydiyyat nişanlı “Tufan CR200” markalı motosikla məxsus qeydiyyat şəhadətnaməsi iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüş, 17 manat pul və çantasından aşkar edilmiş dəmir pullar, 1 ədəd ağ rəngli sancaq iş üzrə əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 1 ədəd selofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddəni 29 avqust 2024-cü il tarixdə yaşadığı ünvanda həyətdən tapdığını, həmin maddənin heç kimin əlinə keçməməsi üçün götürdüyünü, özünün narkotik vasitə və ya psixotrop maddədən istifadə etmədiyini, aşkar olunmuş psixotrop maddədən heç kimin məlumatı olmadığını, heç kimə satmadığını, satmaq niyyəti olmadığını, pay və ya hədiyyə vermədiyini bildirmişdir. Təqsirləndirilən şəxs özünə məxsus olduğunu qeyd etdiyi “İphone” markalı mobil telefonunun içərisində 055 ***-**-** saylı mobil nömrəsinin olduğunu qeyd etmişdir (cild 1, iş vərəqi 27-29). İbtidai istintaq orqanının 06 dekabr 2024-cü il tarixli qərarı ilə şəxsi axtarış və götürmə videogörüntülərini əks etdirən 1 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 156-167). Məhkəmə-kimyəvi ekspertizasının 30 avqust 2024-cü il tarixli 6/4384 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN "Zərflər üçün N6" möhür əksi, "Təqsirləndirilən şəxs aşkar edilmiş maddə..." və s. soyadlar, imzalar olan kağız paketdəki 1 ədəd bükümdə təmiz çəkisi 5,787 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin"-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Metamfetaminin təmiz çəkisi 5,787 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 5,687 qram (cild 1, iş vərəqi 38-42). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 31 avqust 2024-cü il tarixli 5984 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorlardan istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcbur müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 146-147). Məhkəmə-tibbi ekspertizasının 30 sentyabr 2024-cü il tarixli 453/MEŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində 30-xx.xx.2024-cü il tarixlərdə yetirilməyə uyğun gələn xəsarət aşkar edilmədi (cild 1, iş vərəqi 143-145). İbtidai istintaq orqanının 12 noyabr 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 5,787 qram çəkidə psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalan 5,687 qram çəkidə psixotrop maddə metamfetamin məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN BMCMİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir (cild 1, iş vərəqi 134-136). Azərbaycan Respublikası Baş Prokurorluğu Xidməti Araşdırmalar İdarəsinin 06 dekabr 2024-cü il tarixli qərarından görünür ki, Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ibtidai istintaqı aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması barədə göstərdiyi xüsusatlar üzrə aparılan araşdırma zamanı cinayət hadisəsi müəyyən edilmədiyinə görə Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işi başlanması rədd edilmişdir (cild 1, iş vərəqi 153-155). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 11 oktybar 2024-cü il tarixli tələbnamədən görünür ki, Baş idarənin əməliyyatsorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (cild 1, iş vərəqi 132-133). Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, özünün həm ibadətlə, həm də idmanla məşğul olduğunu, narkotik və psixotrop maddələrdən uzaq duran bir şəxs olduğunu, saxlanıldığı gün dostu ilə kafedə olduğunu və həmin yerdən polis əməkdaşlarının onu tutub Baş idarəyə apardıqlarını, ona bir nəfərlə dalaşdığını və həmin şəxsin qardaşının polis əməkdaşı olduğunu bildirdiklərini, buna görə ona bir bükümdə psixotrop maddə verib boynuna almağa məcbur etdiklərini, əks halda onun üzərinə 10 kq narkotik vasitə qoyacaqlarını dediklərini, onun da edilmiş təzyiqlərə görə təklif edilən bir bükümdə metamfetamini cibinə qoyub videoçəkiliş vaxtı çıxarıb təqdim etdiyini və özünə məxsus olduğunu etiraf etdiyini bildirmiş, bununla da məhkəmədə öz müdafiəsi üçün dəlillər gətirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilərkən özü heç bir kənar təsir olmadan ittihamda qeyd olunmuş psixotrop maddəni polis əməkdaşlarına təqdim etmiş, həmin maddi sübut prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ilkin izahatında, həmçinin şübhəli şəxs və təqsirləndirilən şəxs qismində istintaqa verdiyi ifadələrində üzərindən aşkar edilmiş psixotrop maddənin özünə məxsus olduğunu, 29 avqust 2024-cü il tarixdə yaşadığı evin yaxınlığında həyətdən tapdığını, həmin maddənin heç kimin əlinə keçməməsi üçün götürdüyünü, özünün narkotikdən istifadə etmədiyini, aşkar olunmuş “patı” ilə bağlı heç kimin məlumatı olmadığını, heç kimə satmadığını, satmaq niyyətinin olmadığını, pay və ya hədiyyə vermədiyini bildirmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2006-cı il tarixli “Andandonski Rusiyaya qarşı” işi üzrə qərarında qeyd edilmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq və məhkəmə baxışında müdafiə hüququ pozulmamaqla verilmiş ifadələr məhkəmə tərəfindən yekun qərar qəbul edilərkən sübut kimi nəzərə alınmaqla, bu, Konvensiyanın 6cı maddəsinin 1-ci bəndinin və 3-cü bəndinin “d” yarımbəndinin pozuntusu hesab edilə bilməz. Bu səbəbdən, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmədə gətirdiyi dəlilləri, məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələrə münasibətdə ziddiyyətli ifadə verməsini, polis əməkdaşları tərəfindən psixoloji təzyiqlərə məruz qalması səbəbindən özünə aidiyyəti olmayan psixotrop maddəni etiraf etməsi barədə bildirdiklərini onun öz məsuliyyətini yüngülləşdirmək üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir, iş üzrə digər sübutlarla təsdiq olunduğuna görə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini iş üzrə obyektiv həqiqəti əks etdirən sübut kimi qəbul edir. Bütün bunlarla yanaşı, məhkəmə kollegiyası yuxarıda sadalanan və məhkəmədə tədqiq edilmiş bütün sübutları məcmu halında qiymətləndirərək belə hesab edir ki, Təqsirləndirilən şəxs bir bükümdə 5,787 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini məhz satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması ilə bağlı verilmiş ittiham məhkəmə iclasında sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 №-li Qərarında məhkəmələrə edilən tövsiyyələrə əsasən CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun yuxarıda adı çəkilən qərarının təfsirinə əsasən, şəxsə CM-nin 234.4.3-cü maddəsi ilə ittiham verilərkən narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Baxılan cinayət işi üzrə isə ittiham tərəfi bu cür halların mövcudluğunu müəyyən edib məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 144-cü maddəsinin tələblərinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 145.1, 145.2-ci maddələrinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən hüquqi qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə, öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. İşin ibtidai istintaqı zamanı Təqsirləndirilən şəxsun istifadəsində olmuş 055 711-41- 69 saylı nömrə ilə işləyən mobil telefona baxışı keçirilmiş, həmçinin məhkəmədə "xxxx" MMC-dən həmin mobil nömrə ilə aparılmış telefon danışıqlarına dair məlumatlar əldə olunub təhlil edilmişdir. Lakin bu zaman psixotrop və narkotik maddələrin satışı ilə bağlı iş üçün əhəmiyyət kəsb edən hər hansı bir hal müəyyən edilməmişdir. Göründüyü kimi, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs 5,787 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi, saxlaması və daşımasına dair hər hansı birbaşa və ya yanakı sübut əldə edə bilməmiş, məhkəmədə də bu hal öz təsdiqini tapmamışdır. Buna baxmayaraq, ibtidai istintaq orqanı tərəfindən heç bir əsas və sübut olmadan, yalnız fərziyyə və mülahizələrə əsaslanaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə ittiham verilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 23-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-nin 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-nin müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı, yəni təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə tədqiq olunmuş mötəbər və təkzibedilməz sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə verilmiş ittiham məhkəmə iclasında öz təsdiqini tapmadığından, lakin həmin hissədə onun hərəkətlərində Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinin cinayət tərkibi olduğundan, şəxsin əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş əməl ağır cinayətlər kateqoriyasına aiddir, qəsdən törədilmiş, başa çatmış cinayətdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs gənc olmaqla ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır, Azərbaycan Respublikası CM-nin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın başlanğıcı 30 avqust 2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmuş və hal-hazıra qədər həbsdə saxlanılır. Həmçinin, Təqsirləndirilən şəxsun 30 avqust 2024-cü il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası ambulator məcburi-narkoloji tibbi yoxlamanın 31 avqust 2024cü il tarixli 5984 nömrəli rəyini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs psixostimulyatorlardan istifadə etmə halları olsa da, müayinə zamanı onda narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmadığından və narkomaniya xəstəliyindən əzab çəkmədiyindən, ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməməli, lakin o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilməklə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 5,687 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntülərin əks olunduğu 1 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatı 110 (yüz on) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 110 (yüz on) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı bütün müddət cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 30 avqust 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll olunsun: - Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 5,687 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilsin; - Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı çəkilmiş videogörüntülərin əks olunduğu 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri hesab edilən 110 (yüz on) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün; İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov, Səbuhi Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-864/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-864/2025
07.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver