Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-865/2022 08.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Cavid İbadulla oğlu Hüseynovun sədrliyi ilə, hakimlər Eldar Herov oğlu İsmayılov və Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və «Verdiktum» Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında məhkəmə hazırlıq iclasında 23 avqust 1979-cu ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, 16 noyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 18 noyabr 2021-ci il tarixdə barəsində 4 (dörd) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 16 mart 2022-ci il tarixdən 15 (on beş) gün müddətinə - 31 mart 2022-ci il tarixədək uzadılmış, Bakı Ağır Cinayətlər Məhkəməsinin mart 2022-ci il tarixli qərarına əsasən məhkəmə hazırlıq iclasında qətimkan tədbiri ilə bağlı məsələyə baxılanadək “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddəsi, xx xxxxxxxx 1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu, 5-ci Nərimanov döngəsi, ev 15/13-də qeydiyyatda olan, ünvan 2 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddəsi və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair həmin cinayət işi məhkəmənin icraatına daxil olmuş, cinayət işi üzrə məhkəmə hazırlıq iclası 31 mart və 08 aprel 2022-ci il tarixlərə təyin edilməklə cinayət prosesi tərəflərinin iştirakı ilə irəli sürülmüş ittihamın mahiyyəti üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanması üçün ilkin dinləmələr aparılmışdır. Həmin cinayət işi üzrə ibtidai istintaq Azərbaycan Respublikası DİN-nin, BBPİ-nin Səbail RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X3 tərəfindən aparılaraq tamamlanmış, cinayət işi üzrə ittiham aktı 15 mart 2021-ci il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Səbail rayon prokuroru tərəfindən təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. İş üzrə Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində aşağıdakı qaydada cəlb edilmişdir: O, yəni Təqsirləndirilən şəxs1 30 iyul 2021-ci il tarixdə isitntaqa məlum olmayan mənbədən satış məqsədi ilə bir ədəd sellofan bükümdə təmiz çəkisi 2,037 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üstündə saxlamış və 30 iyul 2021-ci il tarixdə, saat 04:50 radələrində Abşeron RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən özünü şübhəli apardığı üçün saxlanılaraq Abşeron RPİ-yə gətirilib, polis idarəsinin inzibati binasında xidməti otaqda üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan tünd boz rəngli şalvarının sol yan cibindən təmiz çəkisi 2,037 qram olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən 2021-ci ilin noyabr ayının əvvəllərində satış məqsədi ilə istintaqa məlum olmayan şəxsdən, yəni istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq ayrı-ayrılıqda təmiz çəkisi 0,910 qram, 0,845 qram 0,923 qram, 0,831 qram, 0,817 qram, 0,910 qram, 0,891 qram, 0,876 qram, 0,837 qram, 0,882 qram, 0,880 qram, 0,928 qram, 0,884 qram, 0,838 qram, 0,833 qram olan cəmi 15 ədəd bükümdə ümumi təmiz çəkisi 13,085 qram olan külli miqdarda, eyni tərkibli kustar üsulla hazırlanmış narkotik vasitə heroini, təmiz çəkisi 0,486 qram olan 01 ədəd bükümdə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və üzərində “F\M40” göstəricisi olan eyni tərkibli 09 ədəd tərkibindəki ümumilikdə təsir maddəsinin miqdarı 0,360 qram təşkil edən metadon həblərini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, bundan sonra o, yenidən təkrarən 16.11.2021-ci il tarixdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etmə, saxlama və satma barədə tanışı Təqsirləndirilən şəxs2 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 isitntaqa şəxsiyyəti məlum olmayan şəxsdən əldə etdiyi məlumata əsasən istifadəsində olan mobil telefon vasitəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil telefon nömrəsinə “watsapp” proqramı vasitəsilə psixotrop maddə metamfetaminin yerinin işarələndiyi şəkilləri göndərib həmin psixotrop maddəni bir yerdə gedib götürmələrinə dair sövdələşdikdən sonra hər ikisi həmin gün, təxminən saat 20 radələrində Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospektində yerləşən “Sapce” TV-nin yaxınlığında yerləşən parka gəlmiş, Təqsirləndirilən şəxs2 həmin parkdakı şəkillərdə işarələnmiş ağacın dibindən 01 ədəd bükümdə təmiz çəkisi 16,508 qram olan külli miqdarda psixotrop maddə metamfetamini götürüb birlikdə qanunsuz əldə etdikdən sonra Təqsirləndirilən şəxs1la birlikdə həmin yerdən uzaqlaşmaq istəyərkən həmin gün saat 20:00 radələrində Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin (bundan sonra: DİN, BNMİ) əməkdaşları tərəfindən ünvan 3 ünvanın yaxınlığında birlikdə saxlanılıb həmin İdarəyə gətirilmiş, orada 16 noyabr 2021-ci il tarixdə saat 21:40-dan etibarən üzərində şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli şalvarının sağ yan cibindən 2021-ci ilin noyabr ayının əvvəllərində satış məqsədilə qanunsuz əldə etmiş olduğu ayrı-ayrılıqda təmiz çəkisi 0,910 qram, 0,845 qram 0,923 qram, 0,831 qram, 0,817 qram, 0,910 qram, 0,891 qram, 0,876 qram, 0,837 qram, 0,882 qram, 0,880 qram, 0,928 qram, 0,884 qram, 0,838 qram, 0,833 qram olan cəmi 15 ədəd bükümdə ümumi təmiz çəkisi 13,085 qram olan külli miqdarda eyni tərkibli kustar üsulla hazırlanmış narkotik vasitə heroin, təmiz çəkisi 0,486 qram olan 01 ədəd bükümdə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və üzərində “F\M40” göstəricisi olan eyni tərkibli 09 ədəd tərkibindəki ümumilikdə təsir maddəsinin miqdarı 0,360 qram təşkil edən metadon həbləri, üzərində narkotik vasitə heroin izləri olan 01 ədəd elektron tərəzi, habelə Təqsirləndirilən şəxs2lə həmin gün birlikdə qanunsuz əldə etdikləri 16,508 qram olan külli miqdarda psixotrop maddə sonuncunun üzərinə şəxsi axtarış aparılan zaman əynində olan cins şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümdə aşkar edilərək götürülmüşdür. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə qeyd olunan hərəkətləri ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Cinayət işinin materialları öyrənilərkən və məhkəmənin hazırlıq iclasında ilkin dinləmələr zamanı müəyyən edildi ki, cinayət işi üzrə ittiham aktı Azərbaycan Respublikası CPM-nin 289-cu maddəsinin tələblərinə uyğun deyil, həmçinin CPM-nin 91.5.1-ci maddəsində nəzərdə tutulmuş təqsirləndirilən şəxsin nədə təqsirləndirildiyini bilmək kimi müdafiə hüququ pozulmuş, bir sıra aradan qaldırılması mümkün olmayan və digər prosessual pozuntulara yol verilmişdir. Azərbaycan Respublikası CPM-nin 289.3.4-cü maddəsinə əsasən ittiham aktının təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsi səciyyələndirən hallar, həmin Məcəllənin 289.4-cü maddəsinə əsasən ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və s. məsələlər əks etdirilməlidir. Məhkəmənin hazırlıq iclasında ilk növbədə müəyyən edildi ki, cinayət işi üzrə ittiham aktının təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsi səciyyələndirən hallar hissəsində və ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar düzgün qeyd edilməmiş, təqsirləndirilən şəxsin ad, soyad və ata adı Təqsirləndirilən şəxs1 olaraq düzgün göstərilsə də, təqsirləndirilən şəxsə dair sair anket və demoqrafik məlumatlar ona aid olmamışdır. Belə ki, iş materiallarında olan Təqsirləndirilən şəxs1 şəxsiyyəti ilə bağlı bütün materiallarla, o cümlədən onun şəxsiyyətini təsdiq edən, 22 oktyabr 2015-ci ildə ASAN- GƏNCƏ-dən verilmiş AZE ******** seriya-nömrəli şəxsiyyət vəsiqəsi, Azərbaycan Respublikası DİN-ə aid portal məlumatları, Azərbaycan Respublikası DİN-nin ƏSİİ-dən alınmış demoqrafik məlumatlar, həçinin barəsində həbs qətimkan tədbiri seçilməsi haqqında Bakı şəhəri Səbail rayon Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli qərarı ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs1 23 avqust 1979-cu ildə Gəncə şəhərində anadan olmuş, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, Kəpəz rayonu, D.Bünyadzadə küçəsi ev 32-də qeydiyyatda olmaqla ünvan 4 ünvanda yaşamış Azərbaycan Respublikası vətəndaşıdır. Lakin cinayət işi üzrə ittiham aktının təsviri-əsaslandırıcı hissəsinin təqsirləndirilən şəxsi səciyyələndirən hallar hissəsində və ittiham aktının nəticəvi hissəsində Təqsirləndirilən şəxs1 barəsində anket və demoqrafik məlumatlar onun 25 may 1986-cı ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, evli, orta təhsilli, əvvəllər məhkum olunmayan, Bakı şəhəri, Səbail rayonu, Səbail RPİ, A.Abbaszadə küçəsində qeydiyyatda olan və ünvan 5 ünvanında yaşayan Azərbaycan Respublikası vətəndaşı kimi göstərilmişdir. Bundan başqa, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərkən Azərbaycan Respublikası CPM-nin 223-cü maddəsinin tələbləri pozulmuş və bu pozuntu təqsirləndirilən şəxsin müdafiə hüququnun pozuntusuna, eyni zamanda yenə də ittiham aktının Azərbaycan Respublikası CPM-nin 289-cu maddəsinin tələblərinə uyğun tərtib olunmamasına gətirib çıxarmışdır. Belə ki, Təqsirləndirilən şəxs1 qarşı Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddəsi ilə irəli sürülən ittihamın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs1 2021-ci ilin noyabr ayının əvvəllərində təkbaşına törətdiyi təkrarən satış məqsədi ilə naməlum mənbədən qanunsuz olaraq 15 ədəd bükümdə ümumi çəkisi 13,085 qram təşkil edən külli miqdarda heroin narkotik vasitəsi və s. əldə etmə, saxlama və daşıma cinayətinin, yəni Azərbaycan Respublikası CM-nin 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin onun 16 noyabr 2021-ci il tarixdə təkrarən satış məqsədi ilə qanunsuz olaraq tanışı Təqsirləndirilən şəxs2 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında ümumi təmiz çəkisi 16,508 qram təşkil edən külli miqdarda metamfetamin psixotrop maddəsini əldə etmə, saxlama və daşıma cinayəti, yəni Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməli ilə əməlin tövsifi baxımından heç bir bağlılığı olmadığı halda, ibtidai istintaq orqanı Azərbaycan Respublikası CPM-nin 223cü maddəsinin tələblərini pozaraq 2021-ci ilin noyabr ayının əvvəllərində və 16 noyabr 2021-ci il tarixdə baş vermiş cinayət hadisələrini birləşdirməklə Təqsirləndirilən şəxs1 qarşı ümumiləşdirilmiş ittiham irəli sürmüşdür ki, qeyd olunan bu hal törədilmiş konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunsuzluğa səbəb olmaqla təqsirləndirilən şəxsin CPM-nin 91.5.1-ci maddəsində nəzərdə tutulmuş nədə təqsirləndirildiyini bilmək kimi müdafiə hüququnun pozulmasına gətirib çıxarmışdır. Azərbaycan Respublikası CPM-nin 91.5.1-ci maddəsinə əsasən nədə təqsirləndiyini bilmək (ittihamın məzmunu verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi) təqsirləndirilən şəxsin hüququdur. Azərbaycan Respublikası CPM-nin Kommentariyasında CPM-nin 223.5-ci maddəsinə şərh verən hüquqşunas alimlər qeyd etmişdir ki, əgər şəxs bir neçə cinayətin törədilməsində ittiham olunursa, təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərarda CPM-nin 223.3-cü maddəsində göstərilmiş hallar barədə məlumatlar törədilmiş cinayətlərdən hər biri üzrə ayrılıqda öz ifadəsini tapmalıdır. Təqsirləndirilən şəxs cinayət qanununun müxtəlif maddələri ilə tövsif edilən bir neçə cinayətin törədilməsinə görə məsuliyyətə cəlb edildikdə, qərarın təsviri-əsaslandırıcı hissəsində məhz hansı cinayətlərin törədildiyi, nəticə hissəsində isə cinayət qanununun həmin cinayətlərə görə məsuliyyət nəzərdə tutan maddəsi göstərilməlidir. Azərbaycan Respublikası CPM-nin 223.4-cü maddəsinə əsaəsn təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərarın nəticə hissəsində şəxsin cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar və törədilmiş cinayətə görə məsuliyyət nəzərdə tutan cinayət qanununun maddəsi göstərilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına əsasən cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət-hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarında, həmçinin, nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin, konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Həmçinin məhkəmə hazırlıq iclasında müəyyən edildi ki, iş materiallarında cinayət işi üzrə ittiham aktının surətinin Təqsirləndirilən şəxs2 və həbsdə olan Təqsirləndirilən şəxs1 göndərilməsi barədə 15.03.2022-ci il tarixli məktublar mövcud olsa da, cinayət işinin Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilməsi barədə eyni tarixli müşaiyət məktubunda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ittiham aktının surətinin təqdim edilməsi qeyd olunmasına baxmayaraq, işi üzrə ittiham aktının surəti təqsirləndirilən şəxslərə təqdim olunmamışdır. Belə ki, iş materiallarında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ittiham aktının surətini almalarını təsdiq edən hər hansı sənəd müəyyən olunmamış və məhkəmənin 31 mart 2022-ci il tarixli hazırlıq iclasında isə təqsirləndirilən şəxslər iş üzrə ittiham aktının surətinin onlara təqdim olunmadığını bildirdilər. Cinayət işi üzrə ittiham aktının surətinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 31 mart 2022-ci il tarixli qəbz sənədi əsasında təqdim olunması təmin edilmişdir. Azərbaycan Respublikası CPM-nin 292.3-cü maddəsinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror təqsirləndirilən şəxsə və onun müdafiəçisinə imza etdirməklə ittiham aktının və ona əlavələrin təsdiq edilmiş surətlərinin verilməsini təmin etməlidir. Məhkəmə kollegiyası məhkəmə hazırlıq iclasında qeyd olunan məsələni müzakirə edib, cinayət prosesi tərəflərini dinləyib, cinayət işinin materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, məhkəməyədək icraat zamanı həm Azərbaycan Respublikası CPM-nin 303.3.1 və 303.3.6-cı maddələrində nəzərdə tutulan kobud, həmçinin Cinayət-Prosessual Məcəlləsinin maddələrində nəzərdə tutulan sair prosessual pozuntulara yol verilmişdir. Ona görə də cinayət işinə baxılmasına xitam verilməli, cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, həmçinin cinayət işinə baxılmasına xitam verilməsinə və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına əsas vermiş kobud prosessul pozuntulara yol vermiş cinayət işi üzrə ibtidai istintaqı aparmış Bakı şəhər Səbail RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X4 oğlu barəsində xüsusi qərar çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 303.3.1 və 303.3.6-cı maddələrinə əsasən, təqsirləndirilən şəxsin nədə təqsirləndirildiyini bilmək kimi müdafiə hüququnun pozulması, cinayət işi üzrə ittiham aktının bu Məcəllənin 289-cu maddəsinin tələblərinə uyğun olmaması məhkəmə baxışı mərhələsində aradan qaldırılması mümkün olmayan kobud qanun pozuntusudur və belə pozuntuya yol verildikdə cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır. Azərbaycan Respublikası CPM-nin 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyi müəyyən edildikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin Məcəllənin 300.1 və 300.1.5-ci maddəsinə əsasən cinayət işinə baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində çıxarılır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ədalətli məhkəmə araşdırılması hüququ “İnsan hüqüqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasında da öz əksini tapmışdır. Konvensiyanın 6-cı maddəsinin tələbinə görə hər kəs, onun hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsi Milli məhkəmələrə tövsiyə edir ki, aşağı məhkəmədə işə baxan hakim apardığı məhkəmə icraatının 6-cı maddəyə uyğunluğunu təmin etməyə görə cavabdehlik daşıdığı üçün yuxarı məhkəmənin onun səhvlərini düzəldəcəyinə arxayın olmamalıdır. Azərbaycan Respublikası CPM-nin 307.1-ci maddəsinin tələbinə görə məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Azərbaycan Respublikasının CPM-nin 307.2-ci maddəsinə əsasən məhkəmənin xüsusi qərarında onun hansı cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə və kim tərəfindən çıxarıldığı qeyd edilməli, işin mahiyyəti, dəqiq olaraq həmin Məcəllənin 303.3-cü maddəsində nəzərdə tutulmuş kobud pozuntulardan hansı pozuntu və kimin tərəfindən yol verildiyi ətraflı göstərilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 300.1.5-ci maddəsinə əsasən cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edərkən həmin Məcəllənin 306cı maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri ilə bağlı məsələyə də baxmalıdır. İş materialları öyrənilərkən müəyyən edilmişdir ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs1 16 noyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 18 noyabr 2021-ci il tarixdə barəsində 4 (dörd) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 16 mart 2022-ci il tarixdən 15 (on beş) gün müddətinə - 31 mart 2022-ci il tarixədək uzadılmış, Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 mart 2022-ci il tarixli qərarına əsasən məhkəmə hazırlıq iclasında qətimkan tədbiri ilə bağlı məsələyə baxılanadək “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, yəni Təqsirləndirilən şəxs1 faktiki həbsdə saxlama müddəti qalmamışdır və o, hazırda Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılmaqdadır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 306.2 və 306.2.1-ci maddələrinə əsasən ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarın çıxarıldığı andan 7 (yeddi) gün müddətində qurtardıqda təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə məsələyə baxılmalıdır. Həmin Məcəllənin 300.2.3-cü maddəsinə görə isə qətimkan tədbirinə dair məsələnin həlli məhkəmə hazırlıq iclasında həll edilən məsələlərdən biridir. Azərbaycan Respublikası CPM-nin 159.7.3-cü maddəsinə əsasən, cinayət işinin məhkəməyədək icraatı zamanı ağır cinayətlər üzrə təqsirləndirilən şəxsin həbsdə saxlanılmasının son müddəti bir qayda olaraq 10 (on) aydan artıq ola bilməz. Məhkəmə hazırlıq iclasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulduğu 16 noyabr 2021-ci il tarixdən cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarın qəbul edildiyi 08 aprel 2022-ci il tarixədək qanuni əsaslarla 04 (dörd) ay 22 (iyirmi iki) gün müddətində həbsdə saxlanılmışdır. Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməli Azərbaycan Respublikası CM-nin 15.4-cü maddəsinə əsasən təsnifatına görə ağır cinayətlər kateqoriyasına aid olduğunu nəzərə alan məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddətini nizamlayan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 159-cu maddəsinin tələbləri onun barəsində pozulmamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması ilə əlaqədar təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri və onun həbsdə saxlanılma müddəti ilə əlaqədar məsələni müzakirə edib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 azadlıqda qalacağı təqdirdə istintaqdan və ya məhkəmədə qaçıb gizlənmə, istintaqın və ya məhkəmə baxışının gedişatına maneçilik törətmə və ən nəhayət, yeni cinayətlər törədə bilmə ehtimalının olması nəzərə alınmaqla barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməli, onun həbsdə saxlanma müddəti hazırlıq iclasının qərarının çıxarıldığı 08 aprel 2022-ci il tarixdən 1 (bir) ay, yəni 08 may 2022-ci il tarixədək uzadılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.1, 300.1.5, 303.3.1, 303.3.6, 306.2 və 306.2.1-ci və 307.1-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.2 və 234.4.3cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin məhkəməyədək icraatı mərhələsində kobud qanun pozuntularına yol verildiyindən, bu pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhər Səbail rayon prokurorluğuna qaytarılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın, onun həbsdə saxlanma müddəti hazırlıq iclasının qərarının çıxarıldığı 08 aprel 2022-ci il tarixdən 1 (bir) ay müddətində, yəni 08 may 2022-ci il tarixədək uzadılsın. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol vermiş Azərbaycan Respublikası DİN-nin Bakı Şəhər Baş Polis İdarəsinin Səbail rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X2 haqqında xüsusi qərar çıxarılsın. Qərarın surəti proses iştirakçılarına və Təqsirləndirilən şəxs1 şəxsi işinə əlavə edilib icrası təmin edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin.
Məhkəmə qərarları › İş №1(101)-865/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-865/2022
08.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver