Məhkəmə qərarları › İş №1(101)-867/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-867/2020

16.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-867/2020 16.10.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, müdafiəçi: «FİDES» Vəkil Bürosunun vəkili X9 iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.1980-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində 2004, 2006 və 2010-cu il təvəllüdlü uşaqları olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Mingəçevir şəhəri, H.Əliyev prospekti ev 88, mənzil 35-də qeydiyyatda olmaqla, Abşeron rayon, Masazır qəsəbəsində kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1 və 128-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq müəyyən etdı: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma və qəsdən digər şəxsin həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, o, xx xxxxxx 2020-ci il tarixdə saat 06 radələrində sərxoş vəziyyətdə kirayədə yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən fərdi evində olarkən tanışı Şakir adlı şəxsin digər tanışı Şahid1 mobil telefon vasitəsi ilə zəng edərək sonuncuya olan 20 manat borcunu qaytarması ilə bağlı onun yaşadığı evinə dəvət etdikdən sonra Şahid1 tanışları Zərərçəkmiş şəxs1 və X7 ilə birlikdə borcunu almaq məqsədi ilə onun yaşadığı evinə gələrək içəri daxil olmuş, Zərərçəkmiş şəxs1la Zərərçəkmiş şəxs2 isə qapının ağzında duraraq Şahid1 gözləyən zaman, onların evə daxil olmaları barədə evdə olan şəxslər tərəfindən təklif olunmasına baxmayaraq Zərərçəkmiş şəxs1la Zərərçəkmiş şəxs2 onların təklifini qəbul etməyərək çöldə qalmaları ilə bağlı aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs üzərində olan zavod üsulu ilə hazırlanmış ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici xassəyə malik olan məişət təyinatlı turist bıçağı ilə Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyyələrinə qəsdən 7 dəfə, X2 döş qəfəsi nahiyyəsindən qəsdən 1 dəfə vuraraq Zərərçəkmiş şəxs1-döş qəfəsinin sağ yarısının arxa səthinin 1(bir) ədəd, bel nahiyyəsinin sağ yarısının 1(bir) ədəd, bel nahiyyəsinin sol yarısının 1(bir) ədəd, bel nahiyyəsinin sol yan səthinin 1(bir) ədəd, sağ bazunun yuxarı 1/3-nin bayır səthinin 1(bir) ədəd, sol saidin aşağı 1/3-nin arxa səthinin 1(bir) ədəd və sol budun yuxarı 1/3-nin bayır səthinin 1(bir) ədəd daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaralarından ibarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan Yüngül zərərvurmaya aid bədən xəsarətləri, Zərərçəkmiş şəxs2 isə döş qəfəsinin sol yarısının plevra boşluğuna keçərək daxili qanaxma törədən 1(ədəd) deıilmiş-kəsilmiş yarasından ibarət dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tanımır. O, tanışları Elvin, Tural və Şakirlə birlikdə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən fərdi evdə kirayədə yaşamışdır. Şakirin kiməsə 20 manat borcu olduğu üçün xx.xx.2020-ci il tarixdə gün ərzində borclu olduğu şəxslə bir neçə dəfə telefonla danışmışdır. Həmin gün axşamdan dostları ilə şam yeməyi zamanı araq da içmişlər. İçkili olduğu üçünnə baş verdiyini xatırlamır. xx.xx.2020-ci il tarixdə səhər saat 06 radələrində evinə kimlərinsə gəlməsini, mübahisə baş verməsini, bu iki zərərçəkmiş şəxsi bıçaqlamasını ümumiyyətlə xatırlamır. Həmin gün o ayıldıqda bilmişdir ki, Respublika xəstəxanasındadır və onu ora polis əməkdaşları gətirmişlər. İş ondadır ki, o, epilepsiya xəstəliyindən əzab çəkir. Spirtli içki qəbul etdikdə isə nə baş verdiyini ümumiyyətlə xatırlamır. Artıq polis idarəsində müstəntiq ona bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə səhər saat 06 radələrində evlərinə gələn 3 nəfər şəxslə mübahisə etmiş, onlardan ikisini, yəni Nicat və Vələdi özündə olan turist bıçağı ilə vuraraq xəsarət yetirmişdir. Nicatı və Vələdi polis idarəsində görmüş, orada bu şəxslərlə üzləşdirilmiş, o zaman bilmişdir ki, birinə 7 dəfə, digərinə isə bir dəfə bıçaqla xəsarət yetirmişdir. Əlavə edir ki, istintaq zamanı bir neçə dəfə də səhhəti pisləşdiyi üçün polis əməkdaşları onu xəstəxanaya aparmışlar. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilk dəfə hadisə günü görmüşdür. Digər Zərərçəkmiş şəxs2 və bu işdə şahid qismində keçən Şahid1 Xırdalan şəhərində yaşayan və dostluq etdiyi şəxslər kimi tanıyır. xx.xx.2020-ci il tarixdə saat 06:30 radələrində atasına məxsus və Xırdalan şəhərində yerləşən “Aytac” restoranından çıxıb evə gedən zaman dostları Həsən ilə Vələdi görmüş, onlara yaxınlaşıb bu vaxtı küçədə nə etdiklərini soruşmuş, Həsən demişdir ki, bir nəfər gəlib pul verməlidir, onu gözləyir. Təxminən 3-4 dəqiqə sonra Həsənin telefonuna zəng gəlmiş, bu zəngdən sonra Həsən demişdir ki, ona pul borcu olan şəxs pulu vermək üçün evinə çağırır. Üçü birlikdə hal-hazırda məhkəmədə gördüyü Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişlər. Orada Həsən evin giriş qapısını döydükdə qapını sonradan adını Şakir kimi bildiyi şəxs açıb onları evə dəvət etmişdir. Evdə bu zaman 6-7 nəfər şəxs olmuşdur. Həsən ilə Vələd evə daxil olmuş, o, isə içəri keçməmişdir. Hətta Şakir ona içəri keçməyi təklif etdikdə bundan imtina etmişdir. Bu vaxt Şakir ona demişdir ki, “həyətə qədər gəlmisənsə, keç içəri”. İçəri keçməkdən imtina etdiyi üçün Şakir qapını bağlamaq istəmiş, lakin Vələd onun içəri keçmədiyi halda o və həsən də içəri keçməyəcəklərini Şakirə demişdir. Bundan sonra evdə olan saqqallı bir şəxs Vələdin qolundan tutaraq burmuş və Vələdi vurmuşdur. Bundan sonra həmin şəxslər evin həyətinə çıxmış və bu zaman aralarında dava başlamışdır. Dava zamanı Vələd, Həsən və ona yumruq və təpiklə zərbələr endirilmişdir. Konkret olaraq ona bıçaqla soxsaylı zərbələr endirən şəxsi görməmişdir. Çünki qış ayı olduğu üçün hava qaranlıq idi, həmçinin yağış yağırdı. Bir də ki, o kütlənin içində kimin-kimə zərbələr endirməsi, kimin-kimə bıçaqla vurmasını müəyyən etmək mümkün deyildir. Hətta o, Vələd və Həsən həyətin çöl qapısını dava başlamadan əvvəl açıb çxıb getmək istədikdə qapının bağlı olduğunu görmüşlər və bundan istifadə edən Asif, Şakir və digərləri onları döymüşlər. Şakir qapını yanız o bıçaqla xəsarət aldıqdan sonra açmış, onların üçünü də itələyib çölə çıxarmışlar. Çöldə bilmişdir ki, Vələdə də bıçaqla xəsarət yetirilmişdir. Həsən isə döyülmüş, lakin ona bıçaq xəsarəti yetirməmişlər. Piyada Xırdalanın mərkəzinə doğru getmişlər, orada Həsən ayağından ayaqqabısının düşməsini bəhanə edərək evinə getmiş, o isə dostu İlkinə zəng edərək bıçaqlandığını bildirmiş, ondan gəlib onu xəstəxanaya aparmasını xahiş etmişdir. İlkin təxminən 5-10 dəqiqəyə onların yanına gələrək taksi saxladıb onu və Vələdi Abşeron rayonu, Xırdalan şəhər TTY xəstəxanasına gətirmişdir. İbtidai istintaq zamanı müstəntiqdən bilmişdir ki, onu bıçaqlayan şəxs məhz Təqsirləndirilən şəxsdur. Onlara xəsarət yetirən Şakiri və digər şəxsləri ibtidai istintaq zamanı görməmişdir. Onun heç kəsdən şikayəti yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs hadisə ilə əlaqədar tanıyır. O, Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllə, Nizami küçəsi ev 4-də anası ilə birlikdə yaşayır. Digər Zərərçəkmiş şəxs1 Xırdalan şəhər sakini olmaqla onun dostudur. Həmçinin bu iş üzrə şahid qismində keçən Şahid1 da onun dostudur, Xırdalan şəhər sakinidir. xx.xx.2020ci il tarixdə saat 06:30 radələrində işə gedən zaman Xırdalan şəhəri “Aytac” restoranının yaxınlığında dostu Həsəni görmüşdür. Həsəndən bu zaman burada nə etdiyini soruşmuş, o da ona bildirmişdir ki, Şakir adlı şəxsin ona 20 manat pul borcu var, gedir Şakirin olduğu yerə pulunu alsın. Elə bu vaxt dostları Nicat da onlara yaxınlaşmışdır. Belə ki, Nicat həmin vaxt özlərinə məxsus olan mağazanı açmışdır. Nicat məsələni bildikdə onlarla birlikdə gedəcəyini bildirmiş və üçü birlikdə Şakirin olduğu evə getmişlər. Masazır qəsəbəsində yerləşən, Şakirin Həsənə bildirdiyi evin həyətinə çataraq qapını döymüşlər, qapını Şakir açıb onları evə dəvət etmişdir. Şakir bu zaman içkili idi. Həsənlə o, evə daxil olmuş, Nicat isə içəri girməkdən imtina etmişdir. Belə olan halda o və Həsən də evə girməmiş, evdə olan şəxslərlə onların mübahisəsi, sonra isə davaları düşmüşdür. Səbəb isə Şakirin Həsənə olan borcunu qaytarmaması olmuş, Şakirin yanında olan digər şəxslər də bu məsələyə görə onları döymüşlər. Dava fərdi evin həyətində baş vermişdir. Hətta onlar hasarın qapısını açıb oradan uzaqlaşmaq istədikdə qapı bağlı olduğu üçün buna nail ola bilməmişlər. Həyətdə kütləvi dava olmuş, qarşı tərəfdən ən azı 5-6 nəfər onların üçünü də döymüşlər. Hava qaranlıq və yağışlı olduğundan kimin-kimi vurması bilinmirdi. Elə bu zaman hiss etmişdir ki, həmin şəxslərdən biri onu bıçaqla bir dəfə sol döş qəfəsi nahiyyəsindən vuraraq xəsarət yetirmişdir. Nicatı vurmaqlarını isə görməmişdir. Bundan sonra Şakir darvazanın qapısını açmış və onlar oradan çıxaraq, Abşeron rayonu, Xırdalan şəhəri, “Aytac” restoranın yanına gəlmişlər. Həsən ayağında ayaqqabı olmadığını bildirərək evinə getmiş, Nicat isə dostu İlkinə zəng edib bıçaqlandıqlarını bildirərək köməyə çağırmışdır. İlkin təxminən 5-10 dəqiqəyə onların olduğu yerə gələrək bir taksi saxladıb onları Abşeron rayonu, Xırdalan şəhəri, TTY xəstəxanasına aparmışdır. Oradan isə onu X20 maşını ilə X18 aparıb əməliyyat etmişlər. Onun məhz Təqsirləndirilən şəxs tərəfindən bıçaqlandığını polisdə demişlər. Şəxsən özü kim tərəfindən bıçaqlandığını görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsləri hadisə ilə əlaqədar tanımışdır. Belə ki, xx xxxxxx 2020-ci il tarixdə saat 07 radələrində işlədiyi və həmin tarixdə növbədə olduğu Abşeron rayon X16 rayonu, Masazır qəsəbəsində yerləşən fərdi evlərdən birində Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 naməlum şəxs tərəfindən bıçaqlanaraq Bakı şəhəri, X13 müraciət etmələri ilə bağlı növbətçi hissəyə məlumat daxil olmuşdur. Rəhbərliyin göstərişi ilə əməliyyat qrupu yaradılmış və o da həmin əməliyyat qrupunun tərkibində hadisə yerinə getmişdir. Hadisə yerinə müstəntiqin iştirakı ilə baxış keçirilmiş, həmin ünvanda yaşayan və Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 bıçaqla xəsarət yetirmiş Təqsirləndirilən şəxs müəyyən edilərək idarəyə aparılmışdır. Təqsirləndirilən şəxs səhhətində heç bir problem olmamış, onu xəstəxanaya aparmağa heç bir ehtiyac olmamış, əksinə evinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs müstəntiqə iki nəfər şəxsə bıçaqla xəsarət yetirdiyini etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tanımır, zərərçəkmiş şəxslər isə onun dostlarıdır. Şakir adlı bir nəfər şəxsin ona 20 manat borcu olmuşdur. Lakin Şakir pulu qaytarmadığı üçün onunla telefon əlaqəsi saxlamış və xx.xx.2020-ci il tarixdə saat 02 radələrində Şakir ilə Xırdalan şəhərində, yaşadığı məhəllədə görüşmüş və 30 dəqiqə ərzində 20 manat pulu çatdıracağını deyərək məhəllədə onu gözləməsini bildirmişdir. Lakin Şakir dediyi vaxt gəlməmişdir. Buna görə də o, Şakirə zəng etmiş və harada olmasını soruşmuş, sonuncu ona Masazır qəsəbəsindəki bir ünvanı deyərək ora gəlməsini təklif etmişdir. Həmin vaxt o, dostları Nicat və Vələt ilə görüşərək birlikdə Şakirin dediyi ünvana getmişlər. Həmin ünvan fərdi həyət evidir. Hasarın qapısını döydükdə qapını Şakir açmış və evə keçməyi təklif etmişdir. O və Vələd içəri keçmək istəmiş, lakin Nicat evə girməyəcəyini deyərək bayırda dayanmışdır. O və Vələd evə daxil olduqda orada Şakirlə birlikdə 4 nəfər şəxsin, o cümlədən də Təqsirləndirilən şəxs olduğunu görmüşdür. Həmin şəxslər onunla və Vələdlə kobud və aqressiv danışaraq pulun verilməyəcəyini bildirmişlər. Bu zaman aralarında mübahisə yaranmış və mübahisə əlbəyaxa davaya çevrilmiş,həmin şəxslər onları həyətə döyə-döyə çıxarmış və orada onu, Nicatı və Vələdi bu şəxslər döymüşlər. Hətta onlar hasarın qapısını açıb qaçıb getmək istədikdə qapının bağlı olduğunu görmüşlər. Orada olan şəxslərdən Tural və Asif onun sifətindən və bədənindən yumruqla vurmuşlar. Həmin vaxt Asif adlı şəxs cibindən çıxartdığı bıçaqla birinci Nicatın belindən və kürəyindən 3-4 dəfə, sonra isə Vələdin sol döş qəfəsi nahiyyəsindən bir dəfə vurmuşdur. Yalnız bundan sonra Şakir hasarın qapısını açmış və onlar oradan qaçıb getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımır, lakin zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tanıyır. Belə ki, o, Nicat kimi Abşeron rayonu, Xırdalan şəhərində yaşayırlar. xx.xx.2020-ci il tarixdə səhər-səhər saat 06:51-də Nicat ona zəng edərək bıçaqlandıığını deyərək gəlib onu xəstəxanaya aparmasını xahiş etmişdir. O, dərhal Nicatın atasının işlətdiyi Xırdalan şəhəri, 25-ci məhəllədə yerləşən mağazanın yanına getmiş və görmüşdür ki, Nicat və Vələd mağazanın qarşısında qan içində dayanmışlar. O, yoldan keçən bir maşını saxladaraq Nicatı və Vələdi Xırdalan şəhəri, X20 xəstəxanasına çatdırmışdır. Nicat və Vələd çoxlu qan itirdikləri üçün onlardan nə baş verdiyi barədə heç bir şey soruşa bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, onunla dostdur. Hadisə baş verən gündən əvvəlki gün o, X1 yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsində fərdi yaşayış evində qonaq olmuşdur. Ondan savayı orada Asif və Şakir adlı Elvinin dostları da olmuşdur. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə keçən gecə Elvingildə ad günü qeyd etmiş, yemək yeyib spirtli içkilər qəbul etmişlər. xx.xx.2020-ci il tarixdə saat 05 radələrində həmin evdə olan zaman qapı döyülmüş və uşaqlardan biri qapını açdıqda evə üç nəfər tanımadığı şəxs daxil olmuş, onlardan biri Şakirdən borc verdiyi 20 manat pulu çox kobud şəkildə tələb etmiş, bu səbəbdən əvvəl Şakirlə pulu tələb edən şəxs arasında, sonra isə digərləri ilə mübahisə baş vermiş, mübahisə əlbəyaxa davaya çevrilmişdir. Dava edə-edə hamı həyətə çıxıb əlbəyaxa davanı davam etmişlər. O, idman bədən quruluşlu bir şəxslə əlbəyaxa olduğu zaman yanında, yəni həyətdə digər şəxslər həm onun tərəfindən, həm də gələn şəxslərdən olan arasında əlbəyaxa dava davam etmişdir. Elə bu vaxt eşitmişdir ki, gələn uşaqlardan iki nəfərə, adlarını sonra bildiyi Nicatla Vələdə bıçaq xəsarəti yetirilmişdir. O, bu şəxslərə kim tərəfindən xəsarət yetirildiyini görməmişdir. Belə ki, başı gələnlərdən biri ilə əlbəyaxa davaya qarışmışdır. O, həmin şəxslə davada yüngülvari xəsarətlər alsa da şikayətçi deyildir.Nicatla Vələd bıçaqlandıqlarını qışqırıb bildirdikdən sonra dava dayanmış, evlərinə gələn 3 nəfər şəxs çıxıb getmişdir. Ona cinayət işinin materiallarında olan, Təqsirləndirilən şəxs polisə cinayət aləti kimi təqdim edilmiş bıçağın fotoşəkli təqdim edilmişdir. Bu bıçaq ona tanışdır. Belə ki, həmin bıçaq Təqsirləndirilən şəxs evində olmuş, məişət məqsədləri üçün istifadə edilirdi. Ona ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. İfadəsini təsdiq edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsirliliyi zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Abşeron PRİ-nin rəisinə ünvanlanan xx.xx.2020-ci il tarixli raportdan müəyyən olunur ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 döş qəfəsinin kəsilmiş-deşilmiş yarası xəsarəti alması ilə bağlı KTM-dən məlumat daxl olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1un Abşeron RPİ-nin rəisinə ünvanladığı xx.xx.2020-ci il tarixli ərizələrindən müəyyən olunur ki, xx xxxxxx 2020-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsində aralarında yaranmış mübahisə zamanı tanımadıqları şəxs (şəxslər) bıçaqla onlara xəsarət yetirmişdir. Məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs2 Abşeron RPİ-nin rəisinə ünvanladığı xx.xx.2020-ci il tarixli ərizəsindən müəyyən olunur ki, xx xxxxxx 2020-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsində tanımadıqları şəxslərlə aralarında yaranmış mübahisə zamanı tanımadığı şəxs (şəxslər) bıçaqla ona xəsarət yetirmişdir. Məhkəmədə elan edilib araşdırılmış «baxış və götürmə aparılması haqqında» xx.xx.2020-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs bir ədəd bıçaq təqdim edərək həmin bıçaqla xx.xx.2020-ci il tarixdə, saat 06 radələrində kirayədə yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən fərdi evində Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 vuraraq xəsarət yetirdiyini bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış “təqdim edilmiş paltarların götürmə və baxış keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli protokoldan müəyyən olunur ki, Bakı şəhəri, X11 Zərərçəkmiş şəxs1 məxsus geyim əşyaları olan bir ədəd göy rəngli uzun qol köynək, bir ədəd ağ rəngli mayka, bir ədəd boz rəngli uzun qol alt paltar, Zərərçəkmiş şəxs2 məxsus geyim əşyaları olan bir ədəd göy rəngli gödəkçə, bir ədəd ağ rəngli mayka, bir ədəd qara rəngli üzərində qırmızı yazılar olan uzun qol kofta götürülmüşdür. Məhkəmədə elan edilib araşdırılmış “hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli protokoldan müəyyən olunur ki, bıçaqlama xx.xx.20202-ci il tarixdə, saat 06 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Ş.Qurbanov küçəsində yerləşən fərdi evin həyədində baş vermişdir. Sorğu zamanı Zərərçəkmiş şəxs1 bildirdi ki, tanıdığı şəxs Təqsirləndirilən şəxs həmin fərdi evin həyətində onunla və tanışı Zərərçəkmiş şəxs2 ilə aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı əlində olan bıçaqla onun bədənin müxtəlif nahiyyələrinə 4 dəfə, Zərərçəkmiş şəxs2 sol döş qəfəsi nahiyyəsindən qəsdən 1 dəfə vuraraq onlara xəsarət yetirmişdir. Baxış zamanı hadisə yerindən iş üzrə əhəmiyyət kəsb edən heç bir alət və vasitə aşkar olunmamışdır. Məhkəmədə elan edilib araşdırılmış «tutma haqqında» xx.xx.2020-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinərək tutulmuş, şübhəli şəxs qismində müdafiəçinin iştirakı ilə verdiyi ifvdəsində hadisə zamanı cibində olan bıçağı çıxarıb Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 xəsarətlər yetirdiyini təsdiq etmişdir. Cinayət işində olan Abşeron rayon məhkəməsinin xx.xx.2020-cu il tarixli, 4(012)- 60/2020 saylı qərarından müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CMnin 126.2.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs qismində müdafiəçinin iştirakı ilə verdiyi ifadəsində Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə bıçaqla xəsarətlər yetirdiyini təsdiq etmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibb ekspertizasının xx.xx.2020-ci il tarixli, 284 saylı rəyindən görünür ki, 1994-cü il təvəllüdlü Şahid2 bədəni üzərində aşkar olunan xəsarətlər –sol bazu və sol said nahiyyələrinin çapıqları, səthi kəsilmiş yaraların izləri olmaqla iti kənara malik olan əşyanın (əşyaların) və ya alətin (alətlərin) təsirindən törənmişdir, sol dirsək oynağı nahiyyəsinin sıyrığı bərk küt əşya təsirindən törənmişdir, qərarda qeyd olunan müddətə və şəraitdə yəni xx.xx.2020-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi, sağlamlığa zərərvurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin olunmur. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibb ekspertizasının xx.xx.2020-ci il tarixli, 320 saylı rəyindən müəyyən olunur ki, 1996-cı il təvəllüdlü Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar olunan xəsarətlər –döş qəfəsinin sağ yarısının arxa səthinin 1(bir) ədəd, bel nahiyyəsinin sağ yarısının 1(bir) ədəd, bel nahiyyəsinin sol yarısının 1(bir) ədəd, bel nahiyyəsinin sol yan səthinin 1(bir) ədəd, sağ bazunun yuxarı 1/3-nin bayır səthinin 1(bir) ədəd, sol saidin aşağı 1/3-nin arxa səthinin 1(bir) ədəd və sol budun yuxarı 1/3-nin bayır səthinin 1(bir) ədəd daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları, iti deşici-kəsici alətin(alətlərin) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətə və şəraitdə yəni xx.xx.2020-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə, eləcə də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibb ekspertizasının xx.xx.2020-ci il tarixli, 321 saylı rəyindən müəyyən olunur ki, 1997-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar olunan xəsarətlər–döş qəfəsinin sol yarısının plevra boşluğuna keçərək daxili qanaxma törədən 1(ədəd) deıilmiş-kəsilmiş yarası, iti deşici-kəsici alətin(alətlərin) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətə və şəraitdə yəni xx.xx.2020-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya elmi-təcrübi və tədris birliyinin xx.xx.2020-ci il tarixli, 128/2020-MTBŞ saylı rəyindən müəyyən ki, Zərərçəkmiş şəxs2 şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış vərəqəsinin kserosurətinə əsasən qan qrupu AB0 sistemi üzrə 0 (İ).

2. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus gödəkçə, kofta, mayka və bıçaq üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Gödəkçə, kofta və mayka üzərində olan ləkələrdə qanın qrup göstəricisi AB0 sistemi üzrə tətbiq edildikdə yalnız “H” antingenti alındı. Belə olan halda bu qan ləkələri Qalfa, beta(İ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs2 məxsus ola bilər

3. Ekspertizaya təqdim edilmiş bir ədəd bıçaq üzərində ləkələrdə qanın qrup göstəricisi AB0 sistemi üzrə tətbiq edildikdə qrup antingentləri və aqlyutininlər alınmadığı üçün qrup barəsində fikir söyləmək mümkün olmadı. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya elmi-təcrübi və tədris birliyinin xx.xx.2020-ci il tarixli, 129/2020-MTBŞ saylı rəyindən müəyyən ki, Zərərçəkmiş şəxs1 şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış vərəqəsinin kserosurətinə əsasən AB0 sistemi üzrə qan qrupu A-beta /İİ/.

2. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus vadalaska, alt köynəyi və mayka üzərindəki ləkələrdə insan qanı aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda A antingenti, həmçinin beta aqqlyutinini də alındı. Beləliklə bu qan ləkələri A-bet /İİ/ qruplu şəxsə, o cümlədən AB0 sistemi üzrə Zərərçəkmiş şəxs1 məxsus ola bilər.

3. Ekspertizaya təqdim edilmiş bıçaq üzərində insan qanı aşkar olunmuşdur. Qanın qrup göstəriciləri tədqiq olunduqda qrup antingentləri alınmağı üçün qanın qrup mənsubiyyəti barədə fikir söyləmək mümkün olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-ballistik və məhkəmə-kriminalistik ekspertizasının xx.xx.2020-cu il tarixli 74-MTKŞ/2020 saylı rəyindən müəyyən olunur ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus sviterin arxa sol səthində bir ədəd, sviterin arxa orta səthində bir ədəd, sviterin arxa sağ səthində bir ədəd, sviterin sağ qolunun arxa səthində bir ədəd, alt köynəyin arxa sağ səthində bir ədəd, alt köynəyin arxa sol səthində bir ədəd, alt köynəyin sağ qolun ön yuxarı səthində bir ədəd, maykanın arxa sol səthində üç ədəd, maykanın sağ yan tikişi üzərində bir ədəd dəlib-keçən zədələr aşkar olundu. Bu zədələr deşilmiş-kəsilmiş zədələrdir, ülgücü və küpü olan yastı tiyə tipli deşicikəsici alətin(alətlərin)təsirindən, o cümlədən ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin və ya ona oxşar konstruktiv xüsusiyyətə malik digər bıçağın tiyəsinin təsirindən əmələ gəlməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus sviterin sağ qoltuqaltı tikişi üzərində bir ədəd, sviterin sol qoltuqaltı tikişi üzərində bir ədəd, maykanın arxa boyun tikişi üzərində üç ədəd cırılma zədələri aşkar olundu. Bu da sviter və maykanın müvafiq nahiyyələrində küt qüvvə tədbiq etməklə gərilib qartılması nəticəsində əmələ gəlmişdir.

3. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus alt köynəyinin sol yan tikişi üzərində iki ədəd, alt köynəyin sağ çiyin tikişi üzərində bir ədəd sökülmə zədələri aşkar olundu. Bu da alt köynəyin müvafiq nahiyyələrində küt qüvvə tədbiq etməklə gərilib qartılması nəticəsində əmələ gəlmişdir.

4. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı turist bıçağıdır və soyuq silah hesab edilmir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-ballistik və məhkəmə-kriminalistik ekspertizasının xx.xx.2020-cu il tarixli, 76-MTKŞ/2020 saylı rəyindən müəyyən olunur ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus gödəkçənin ön sol yarım hissəsində bir ədəd; sviterin ön sol səthində bir ədəd və maykanın ön sol səthində bir ədəd (cəmi bir ədəd), dəlib-keçə zədə aşkar olundu. Bu zədə deşilmiş-kəsilmiş zədədir, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin(alətlərin)təsirindən, o cümlədən ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin və ya ona oxşar konstruktiv xüsusiyyətə malik digər bıçağın tiyəsinin təsirindən əmələ gəlməsi inkar olunmur.

2. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı turist bıçağıdır və soyuq silah hesab edilmir. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs məhkumluğuna dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X6 tərəfindən cavablandırılmış tələbnamədən müəyyən olunur ki, o, əvvəllər məhkum olunmamışdır. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs xarakterizə edən digər sənədlərdən müəyyən olunur ki, onun himayəsində 2004, 2006 və 2010-cu il təvəllüdlü üç uşağı vardır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmədə elan edilib araşdırılmış «sübutların qiymətləndirilməsi haqqında» xx.xx.2020-ci il tarixli qərardan müəyyən olunur ki, hadisə yerindən götürülmüş Zərərçəkmiş şəxs1 məxsus geyim əşyaları olan bir ədəd göy rəngli uzun qol köynək, bir ədəd ağ rəngli mayka, bir ədəd boz rəngli uzun qol alt paltarı, Zərərçəkmiş şəxs2 məxsus geyim əşyaları olan bir ədəd göy rəngli gödəkçə, bir ədəd ağ rəngli mayka, bir ədəd qara rəngli üzərində qırmızı yazılar olan uzun qol kofta və Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bıçaq Abşeron rayon Pİ-nin saxlanc anbarına təhvil verilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1 və 128-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi özünün, zərərçəkmiş şəxslərin və şahid ifadələri, ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma və Zərərçəkmiş şəxs1 oğlna qəsdən həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma cinayət əməli törətməsi Təqsirləndirilən şəxs cinayətin aləti olan bıçağı polisə təqdim etməsi, ibtidai itstintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadələri, zərərçəkmiş və şahid ifadələri, hadisə yerinə baxış protokolları, məhkəmə ekspertiza rəyləri və məhkəmədə tədqiq edilmiş işin digər sənədləri ilə tam təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs əməllərini düzgün olaraq Azərbaycan Respublikası CM- 126.1 və 128-ci maddələri ilə tövsif etmişdir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlini törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı və yetkinlik yaşına çatmayan 3 uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs2 məhkəmə ərizə təqdim edərək Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmamasını bildirmişdir. Eyni zamanda Zərərçəkmiş şəxs1 da məhkəmə ərizə təqdim edərək Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmamasını, onunla barışdığını bildirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə bütün bunları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 barışdığından, ona qarşı heç bir tələb və şikayətinin olmadığından Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətindən Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən azad olunmalı, təqsirli bilindiyi Cinayət Məcəlləsinin 126.1-ci maddəsində maddəsinin sanksiyası həddində cazalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ədalət prinsipini nəzərdə tutan 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədləri açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin CM-nin 15.4-cü maddəsinə əsasən CM-nin 126.1-ci maddəsi ağır cinayətlərə aiddir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisələrində müəyyən edilir. Həmçinin, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini barəsində həbs qətimkan tədbiri seçilmiş xx.xx.2020-ci il tarixdən hesablamalıdır. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” x xxxx 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda iş üzrə maddi sübut olan və Abşeron rayon Pİ-nin saxlanc anbarına təhvil verilmiş hadisə yerindən götürülmüş Zərərçəkmiş şəxs1 məxsus geyim əşyaları olan bir ədəd göy rəngli uzun qol köynək, bir ədəd ağ rəngli mayka, bir ədəd boz rəngli uzun qol alt paltarı, Zərərçəkmiş şəxs2 məxsus geyim əşyaları olan bir ədəd göy rəngli gödəkçə, bir ədəd ağ rəngli mayka, bir ədəd qara rəngli üzərində qırmızı yazılar olan uzun qol kofta və Təqsirləndirilən şəxs götürülmüş bir ədəd bıçaq məhv edilməlidir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Təqsirləndirilən şəxs hüquqlarını ibtidai istintaq zamanı Abşeron rayon Vəkil Bürosunun vəkili X17 (c.1, i/v 276), məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla «FİDES» Vəkil Bürosunun vəkili X14 müdafiə etmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X17 üçün Abşeron rayon Vəkil Bürosunun nəfinə 240 AZN (iki yüz qırx manat), müdafəçi X12 üçün isə 220 AZN (iki yüz iyirmi manat) pul FİDES» Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-354, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə,

hökm etdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 128-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən həmin Məcəllənin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Abşeron rayon Pİ-nin saxlanc anbarına təhvil verilmiş hadisə yerindən götürülmüş Zərərçəkmiş şəxs1 məxsus geyim əşyaları olan bir ədəd göy rəngli uzun qol köynək, bir ədəd ağ rəngli mayka, bir ədəd boz rəngli uzun qol alt paltarı, Zərərçəkmiş şəxs2 məxsus geyim əşyaları olan bir ədəd göy rəngli gödəkçə, bir ədəd ağ rəngli mayka, bir ədəd qara rəngli üzərində qırmızı yazılar olan uzun qol kofta və Təqsirləndirilən şəxs götürülmüş bir ədəd bıçaq məhv edilsin. İbtidai istintaq zamanı göstərdiyi hüquqi yardımla bağlı müdafiəçi X17 üçün 240 AZN (iki yüz qırx manat) pul Abşeron rayon Vəkil Bürosunun, məhkəmə iclaslarında göstərdiyi hüquqi yardımla bağlı isə müdafiəçi X14 üçün 220 AZN (iki yüz iyirmi manat) pul «FİDES» Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar