Məhkəmə qərarları › İş №1(101)-868/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-868/2020

24.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-868/2020 24.08.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Xankişiyev Mirzə Aslan oğlu və Mahmudov İlham Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Əhmədli Səxavət Böyükağa oğlunun, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1986-cı il tarixdə Zəngilan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan, faktiki Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, «Sevinc» uşaq bağçasında məcburi köçkün kimi məskunlaşaraq yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əldə edərək saxlamış və üstündə daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini əldə edib əynindəki tünd qəhvəyi rəngli gödəkçənin sol yan cibində qara rəngli dəridən olan qabın içərisində saxlamış və üzərində daşımış, xx xxxxxx 2020-ci il tarixdə saat 20:15 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, «Qurtuluş 93» yaşayış kompleksində Abşeron rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb İdarəyə gətirilərək üzərinə baxış keçirilən zaman əynindəki gödəkçənin sol yan cibindən bir ədəd gümüşü folqaya bükülüdə təmiz çəkisi 0,833 qram olan metamfetamin və bir ədəd sellofan paketə bükülüdə təmiz çəkisi 4,280 qram olan heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək göstərdi ki, əvvəllər bir müddət zərgərlik işi ilə məşğul olmuş, sonradan qazanc əldə edə bilmədiyindən Xırdalan şəhərində ayrı-ayrı tikinti yerlərində hər günü 15 manat müqabilində fəhləlik etməyə başlamışdır. Maaşını hər 10 gündən bir 150 manat olmaqla almışdır. Ailəsi ilə birlikdə məcburi köçkün kimi uşaq bağçasının binasında məskunlaşmışlar. Özü bağçanın birinci mərtəbəsində bir otaq düzəldərək ailəsi - həyat yoldaşı və üç azyaşlı uşağı ilə birlikdə, yaşlı valideynləri isə bağçanın ikinci mərtəbəsində bir otaqda yaşayırlar. Tutulmamışdan təxminən iki ay əvvəldən başlayaraq narkotik vasitələrdən istifadə etməyə başlamışdır. Narkotik vasitələri tanımadığı şəxslərdən almış, onları bir qayda olaraq yaşadığı ünvanda heç kimin görmədiyi bir şəraitdə qəbul etmişdir. Valideynləri və həyat yoldaşı onun bu əməlindən məlumatsız olmuşlar. Tanımadığı şəxslərdən dəfələrlə özünün şəxsi istifadəsi üçün narkotik vasitələr almış və bir neçə dəfə çəkidə aldadıldığını başa düşmüşdür. Ona görə də son vaxtlarda narkotik vasitə almağa gedərkən zərgərliklə məşğul olduğu vaxtlardan etibarən onda qalmış kiçik elektron tərəzini də aldadılmaması üçün özü ilə götürmüşdür. xx xxxxxx 2020-ci il tarixdə növbəti dəfə 150 manat məbləğində maaş almış və iki gün sonra narkotik vasitə almaq üçün günorta saatlarında metronun «Neftçilər» stansiyasının yaxınlığında olan evlərin qarşısına getmişdir. Orada tanımadığı şəxsə 1 qram heroin və 1 qram metamfetamin sifariş etmiş, az sonra xarici əlamətləri və geyindiyi paltarlar barədə ona qabaqcadan bildirilmiş şəxs yaxınlaşmışdır. Binanın arxasında tələsik şəkildə tərəzidə narkotik vasitələri çəkib götürmüş, həmin tanımadığı şəxsə 1 qram heroinə görə 25 manat, 1 qram kimi bildiyi metamfetaminə görə 50 manat pul ödəmişdir. Onları tərəzinin də olduğu özünə məxsus qara rəngli dəridən olan qabın içərisinə qoymuşdur. Bundan bir müddət əvvəl Masazırda yaşayan Ramin adlı dostundan maaşa qədər ödəyəcəyini söz verməklə 24 manat pul borc almışdır. Həmin gün, yəni xx xxxxxx 2020-ci il tarixdə aldığı maaşı tam xərcləməmiş Raminə borcunu qaytarmaq qərarına gəlmiş və ona görə də axşam saatlarında Raminin yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, «Qurtuluş 93» yaşayış kompleksinə getmişdir. Raminin yaşadığı mənzilə çatıb qapını döymüş, amma qapını açan olmamışdır. Ramin evdə olmadığı üçün həyətə düşüb yaşadığı ünvana qayıtmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılmış və ona üstündə narkotik vasitə olduğundan şübhələndikləri deyilmişdir. Oraya gəlməsinin məqsədi də soruşulmuş və o da səmimi şəkildə polis əməkdaşlarına tanışı Ramin haqqında ətraflı məlumat vermiş və hətta onun mənzilinin yerini də göstərərək Raminə 24 manat borcu olduğunu, maaş aldığı üçün buraya da həmin borcunu vermək üçün gəldiyini, amma Raminin yaşadığı mənzilin qapısının bağlı olduğunu, evdə heç kimin olmadığını bildirmişdir. Polis əməkdaşları həmin mənzilə qalxaraq qapını döymüş, həqiqətən də mənzildə heç kimin olmadığına əmin olmuşlar. Sonra polis əməkdaşları onu Abşeron rayon Polis İdarəsinə dəvət etmişlər. O, etiraz etməyərək polis əməkdaşları ilə birlikdə həmin idarəyə getmiş, orada otaqların birində müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış başlanılmazdan əvvəl polis əməkdaşları ondan üstündə qanunla dövriyyəsi qadağan olunmuş əşya olub-olmadığını soruşmuş və əgər varsa təqdim etməsini təklif etmişlər. Polis əməkdaşlarının onun üstündə narkotik vasitə olmasından dəqiq məlumatlı olduqlarını başa düşüb səmimi şəkildə gödəkçəsinin sol yan cibində olan qara rəngli dəridən olan qabın içərisindəki 25 manata aldığı heroini və 50 manata aldığı metamfetamini çıxardıb təqdim etmişdir. Elə oradaca polis əməkdaşlarına onları haradan və neçəyə əldə etməsini ətraflı şəkildə danışmış, narkotik vasitə aludəçisi olduğu üçün onları özünün istifadəsi məqsədilə aldığını, alarkən aldanmamaq üçün özü ilə elektron tərəzi də apardığını demiş, həmin tərəzini də polis işçilərinə vermişdir. Bundan sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş, lakin üstündən özünün təqdim etdiklərindən başqa hər hansı qanunsuz əşya aşkar edilməmişdir. Bundan sonra üstündən aşkar edilmiş heroin, metamfetamin və bir ədəd elektron tərəzi polis əməkdaşları tərəfindən onun iştirakı ilə ağ zərfə qoyularaq möhürlənmiş, zərf, habelə şəxsi axtarış və götürmə ilə bağlı tərtib olunmuş protokol iştirakçılar tərəfindən imzalanmışdır. O özü də heç nəyi oxumadan polis işçilərinə etibar edərək sənədləri imzalamışdır. Amma sonradan heroinin 4 qram olduğu deyilərkən bu onun üçün çox gözlənilməz olmuşdur. Tam səmimiyyətlə bildirir ki, heroinin 1 qram və ya 4 qram olmasının narkomaniyaya düçar olmuş şəxs kimi onun üçün heç bir əhəmiyyəti yoxdur. Ancaq məsələ ondadır ki, o satıcıya məhz 1 qramın pulunu vermişdi və tələsik olduğundan əslində aldıqlarını tərəzi ilə də dəqiq çəkə bilməmişdir. Özlüyündə daha çox onu düşünmüşdür ki, bir neçə dəfə narkotik vasitə aldığı həmin satan şəxs özünün də tərəzi gətirdiyini görsün və aldatmaq fikrinə düşməsin. Əslində həmin tərəzinin səhv və ya düz çəkdiyini də yoxlayıb dəqiqləşdirməmişdir. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, heç kəsə heç bir halda narkotik vasitə verməmişdir. Ümumiyyətlə heç vaxt belə bir niyyəti də olmamışdır. İki növdə narkotik vasitə - metamfetamin və heroin əldə etməsinin səbəbi isə bu olmuşdur ki, onları ayrı-ayrılıqda qəbul etmişdir. Belə ki, folqa kağızının üzərinə atıb əritməklə istifadə etdiyi metamfetamin insana çox gümrahlıq verir. O dərəcədə gümrahlıq verir ki, gecə yuxu da qaçır və yatmaq olmur. Ona görə də gündüzlər metamfetamin qəbul etdiyi vaxtlarda həmin günün axşamı yatmaq üçün mütləq “kokos” adlandırılan heroindən istifadə etmişdir. Çünki, heroini qəbul etdikdən sonra orqanizmə sakitlik verir, bədən süstləşir və daha rahat şəkildə yatmaq olur. Ona görə də əməlinin narkotik vasitə istifadəçisi kimi qiymətləndirilməsini, müalicəsi üçün imkan yaradılmasını və ona məhz istifadəçi kimi, həm də humanist cəza verilməsini xahiş edir. Narkotik vasitə aludəçisinə çevrilərək onsuz da ağır maddi vəziyyətdə olan ailəsini daha da çətin vəziyyətə saldığı üçün vicdan əzabı çəkir. Himayəsində üç körpə uşağının, məcburi köçkün olan yaşlı və xəstə valideynlərinin olmasının, əməlindən çox peşmançılıq çəkməsinin nəzərə alınmasını xahiş edir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı etirafını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Abşeron rayon X3 Mübarizə İdarəsinin sabiq baş əməliyyat müvəkkili Şahid2 göstərdi ki, idarəyə xx xxxx 1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitə olan heroinin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. xx xxxxxx 2020-ci il tarixdə həmin şəxsin müəyyən olunub ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş və idarənin Cinayət axtarış şöbəsinin əməliyyat müvəkkili Şahid1 ilə birlikdə əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə saat 22:00 radələrində Masazır qəsəbəsindəki «Qurtuluş 93» yaşayış kompleksinin ərazisində keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs müəyyən edilərək saxlanılmışdır. Sənan oraya tanışına olan pul borcunu vermək üçün gəldiyini, amma tanışı evdə olmadığı üçün geri qayıtdığını bildirmişdir. Sənanın göstərdiyi mənzilə tərəf getmişlər və həqiqətən də həmin mənzildə heç kimin olmadığını dəqiqləşdirmiş, sonra da üzərində şəxsi axtarış keçirilməsi üçün Sənan Abşeron rayon Polis İdarəsinə dəvət edilmişdir. İdarədə rəhbərliyə raportla məruzə edildikdən sonra xidməti otaqların birində videoçəkilişdən istifadə edilməklə Sənanın üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarışa başlanmazdan əvvəl Təqsirləndirilən şəxs üstündə qanunla qadağan olunmuş hər hansı əşyanın olubolmaması soruşulmuş və əgər varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynindəki tünd qəhvəyi rəngli gödəkçənin sol yan cibində qara rəngli dəridən olan qabın içərisində saxladığı bir ədəd gümüşü rəngli “Digiti scase” markalı elektron tərəzini, bir ədəd gümüşü folqaya bükülü, ağ rəngli kristallardan ibarət metamfetaminə oxşar kütləni və bir ədəd sellofan paketə bükülü heroinə oxşar kütləni təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin maddələrin nə olduğu soruşulduqda sonuncu təqdim etdiyi maddələrin heroin və metamfetamin olduğunu, heroini 25 manata, metamfetamini isə 50 manata metronun “Neftçilər” stansiyasının yaxınlığında tanımadığı şəxsdən özünün şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi maddələr zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Sonra bu barədə protokol tərtib edilmiş, tərtib olunmuş protokol və maddələrin qablaşdırıldığı zərf iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı onun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, o cümlədən üstündən tapılmış narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə əldə etməsini təsdiq edə biləcək hər hansı məlumat əldə olunmamış və dəlillər müəyyən edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Abşeron rayon X9 axtarış şöbəsinin sabiq əməliyyat müvəkkili Şahid1 Şahid2 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid3 ifadəsində göstərmişdir ki, Sənan onun oğludur. Sənan ailəli olmaqla «Sevinc» bağçasının həyətində tikdiyi kiçik otaqda məskunlaşmışdır. xx xxxxxx 2020-ci il tarixdə saat 20:30 radələrində evdə olarkən oğlu Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən tutulması barədə məlumat almışdır. Oğlunun tutulması ilə bağlı maraqlandıqda ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Abşeron rayonu, Masazır qəsəbəsi, «Qurtuluş 93» yaşayış kompleksinin qarşısında olarkən polis əməkdaşları tərəfindən saxlanılmış və narkotik vasitələrin aludəsində şübhəli olduğu bildirilərək Abşeron rayon Polis İdarəsinə dəvət edilmiş, Polis idarəsində müdafiəçinin iştirakı ilə və videoçəkilişlə oğlunun üzərində şəxsi axtarış aparılmış və şəxsi axtarış zamanı onun əynindəki tünd qəhvəyi rəngli gödəkçənin sol yan cibində olan qara rəngli dəridən olan qabın içərisində saxladığı narkotik vasitə heroin və psixotrop maddə metamfetamin, həmçinin bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Oğlu Təqsirləndirilən şəxs polis tərəfindən tutulanadək ümumiyyətlə oğlunun narkotik vasitələrdən və yaxud psixotrop maddələrdən istifadə etməsindən xəbərsiz olmuş və onun belə hərəkətlərindən şübhələnməmişdir. Oğlunun narkotik vasitələri, həmçinin psixotrop maddələri haradan və kimdən əldə etməsi barədə heç bir məlumatı yoxdur (cild 1, iş vərəqə 102-104). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan və həmin istintaq hərəkətinə dair videoçəkilişdən görünür ki, xx xxxxxx 2020-ci il tarixdə Abşeron rayon Polis İdarəsində Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı onun əynindəki tünd qəhvəyi rəngli gödəkçənin sol yan cibindəki qara rəngli dəridən olan qabın içərisində saxladığı bir ədəd gümüşü rəngli “Digiti scase”markalı elektron tərəzi, bir ədəd gümüşü folqaya bükülü ağ rəngli kristallardan ibarət metamfetaminə oxşar kütlə və bir ədəd sellofan paketə bükülüdə heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Həmin şəxsi axtarış və götürmə zamanı videoçəkilişdən istifadə olunmuş və müvafiq disk cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 27-29) Məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 1595 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «…Təqsirləndirilən şəxs üzərindən...» sözləri və imzalar olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 4,280 qram təşkil edən maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. 01 ədəd bükümdə təmiz çəkisi 0,833 qram təşkil edən ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir. Bir ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinin izləri vardır, heroin iz şəklində olduğu üçün tədqiqata təqdim olunmuş heroinlə eynilik aparılması mümkün deyildir. Metamfetamin adlı preparat 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına» daxildir. İlkin tədqiqat zamanı heroinin ümumi təmiz çəkisi 4,280 qram olmuş, tədqiqata 0,05 qram sərf edildikdən sonra qalıq çəkisi 4,230 qram qalmış, metamfetaminin ümumi təmiz çəkisi 0,833 qram olmuşdur (cild 1, iş vərəqə 35-38). Ambulator məcburi narkoloji tibbi yoxlamanın xx xxx 2020-ci il tarixli 1228 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır (cild 1, iş vərəqə 122-123). Yaşayış yeri üzrə verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur (cild 1, iş vərəqə 82). Cinayət işinin materiallarına əlavə edilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2009, 2012 və 2019-cu il təvəllüdlü üç azyaşlı uşağı var (cild 1, iş vərəqə 81). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 80). Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini əldə edərək saxlamağa və üstündə daşımağa görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan edilmişdir. Amma Təqsirləndirilən şəxs narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən ibtidai istintaq orqanının iş materiallarında olan istinad etdiyi sübutların hər hansı biri bu qənaəti təsdiq etmir. Məhkəmə baxışında da narkomaniya xəstəliyindən əziyyət çəkən Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitəni, psixotrop maddəni satış məqsədi ilə əldə etməsi, saxlaması və daşımasını təsdiq edən heç bir sübut müəyyən olunmadı. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitəni və psixotrop maddəni məhz satış məqsədi ilə əldə etməsi və saxlaması ilə bağlı ittihamın əsaslandırılması üçün hər hansı mötəbər sübut təqdim edilməmişdir. Daxil olmuş əməliyyat məlumatı ilə bağlı tərtib edilmiş raportda və əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ilə bağlı qərarda şəxsin heroinin satışında şübhəli bilinməsinə dair əks olunmuş fikirlər Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqəsirli bilinməsi üçün heç bir halda yetərli mötəbər sübut kimi, ümumiyyətlə ittihamın həlli üçün sübut kimi qəbul edilə bilməz. Bu qənaəti tam əsaslı edən məqamlardan biri də elə həmin əməliyyatı həyata keçirmiş polis əməkdaşlarının təqsirləndirilən şəxsin narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasına dair hər hansı əməliyyat məlumatları əldə etmədikləri ilə bağlı ifadələridir. Təqsirləndirilən şəxsin narkotik vasitəni və ya psixotrop maddəni satmaq niyyətinin olub-olmaması ilə bağlı qənaətə gəlmək üçün mühüm əhəmiyyət kəsb edən məqamlardan biri də onun hər hansı istehlakçı ilə əvvəlcədən razılıq əldə edib-etməməsinin müəyyənləşdirilməsidir. Bu məqamla bağlı isə ibtidai istintaq orqanı tərəfindən hər hansı yanakı sübut belə əldə edilməmişdir. Ona görə də məhkəmə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəalarının tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilib götürülmüş heroinin çəkisinin külli miqdar təşkil etməsi və onun üzərindən tərəzi aşkar edilməsi xüsusatı Təqsirləndirilən şəxs ittiham edildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməlini törətməsini təsdiq edən yetərli mötəbər dəlillər hesab oluna bilməz. Məhkəmə əməliyyat tədbirinin keçirilməsi və şəxsi axtarış və götürmə haqqında protokolu, aşkar edilmiş narkotik vasitənin və psixotrop maddənin növünün və çəkisinin müəyyən edilməsinə dair məhkəmə kimyəvi ekspertizasının rəyini sübut növləri kimi qəbul edir və onları qiymətləndirərək qeyd edir ki, bu sübutlar təqsirləndirilən şəxsə elan edilmiş satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etməsi, saxlaması və daşıması barədə ittihamı təsdiq etmir. Amma həmin sübutlar iş üzrə məhkəmə istintaqında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə narkomaniya xəstəliyindən əziyyət çəkən təqsirləndirilən şəxsin yalnız satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə və psixotrop maddəni əldə etmə, saxlama və daşıma cinayətini törətməsi ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» x xxxx 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Lakin məhkəmə baxışı zamanı araşdırılmış sübutlarda və işin materiallarında Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş narkotik vasitəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut aşkar olunmadı. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1997-ci il tarixli 4 saylı qərarının 4-cü bəndində qeyd edilirki, məhkəmələr nəzərə almalıdırlar ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmədə araşdırılmış sübutların məcmusundan göründüyü kimi, baxış zamanı Təqsirləndirilən şəxs əynindəki gödəkçənin cibindən 0,833 qram metamfetamin və 4,280 qram heroin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vasitəni və psixotrop maddəni qanunsuz olaraq əldə edib saxlaması onun özünün ifadələri, baxış və götürmə barədə protokol, əməliyyat tədbiri keçirmiş polis əməkdaşlarının ifadələri, məhkəmə-kimyəvi ekspertizasının rəyi ilə tam sübuta yetirilir. Onun həmin narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə əldə etməsi, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən heç bir sübut əldə olunmamış və faktiki olaraq bu istiqamətdə hər hansı istintaq hərəkəti yerinə yetirilməmişdir. Cinayət işinin materiallarında Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasını, üzərində aşkar olunan narkotik vasitəni və psixotrop maddəni satmaq məqsədi ilə əldə etməsini, onu bükümlərə ayırmasını, istehlakçı ilə əvvəlcədən hər hansı razılığının olmasını təsdiq edən heç bir sübut yoxdur. Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat-axtarış tədbirinə rəhbərlik etmiş polis əməkdaşı X5 və həmin əməliyyat tədbirində iştirak edən əməliyyat müvəkkili Şahid1 da məhkəmədə verdikləri ifadələrində göstərmişlər ki, Təqsirləndirilən şəxs barəsində cinayət təqibi başlandıqdan sonrakı vaxtlarda keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı da onun narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması, o cümlədən üstündən tapılmış narkotik vasitəni və psixotrop maddəni satış məqsədilə əldə etməsi barədə heç bir məlumat əldə edilməmiş, bunu təsdiq edə biləcək hər hansı dəlil müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, digər mötəbər sübutların mövcud olmadığı şəraitdə narkotik vasitənin yalnız külli miqdarda olması və üzərindən tərəzinin aşkar olunması şəxsin ağır cinayət törətməkdə - satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni qanunsuz əldə etməkdə, saxlamaqda və daşımaqda təqsirli bilinməsinə əsas verə bilməz. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə olan heroinin yalnız külli miqdarda - 4,280 qram olması kriteriyasından yanaşılıb onun əməlinin satış kimi qiymətləndirilməsi üçün hüquqi əsas olmadığı qənaətinə gəlir. Təqsirləndirilən şəxs narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə əldə etməsinə dair fikir istintaq orqanının mülahizəsidir ki, o da ittihamın əsasına qoyula bilməz. Təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş tərəzi ilə bağlı isə məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tanımadığı şəxslərdən dəfələrlə özünün şəxsi istifadəsi üçün narkotik vasitələr alarkən bir neçə dəfə çəkidə aldadıldığını başa düşdüyünü, ona görə də son vaxtlarda narkotik vasitə almağa gedərkən zərgərliklə məşğul olduğu vaxtlardan etibarən onda olan elektron tərəzini də aldadılmaması üçün özü ilə götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxsin narkotik vasitə və psixotrop maddə alarkən çəkidə aldanmaması üçün özü ilə tərəzi götürməsi ilə bağlı gətirdiyi həmin dəlili təkzib edə biləcək hər hansı sübut əldə olunmamışdır. Belə olan halda yalnız tərəzinin mövcudluğu faktı narkotik vasitənin və ya psixotrop maddənin məhz satış məqsədilə əldə olunmasını təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. Bu əşyanın mövcudluğu ilə bağlı şübhələr isə toplanmış sübutların məcmusu nəzərə alınmaqla Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» xx xxxx 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair» xx xxx 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. X1rşı işində X11 Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. X11 Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə xx xxxxxx 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə xx xxxxxxx 1982-ci il tarixli qərar, X12rşı iş üzrə xx xxxxxxx 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə olan əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmişdir, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə az ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olmasını, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən özünü təqsirli bilərək səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət xasiyyətlənməsini onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəlinin xx xxxxxx 2020-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 8, 26, 63- 64). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Abşeron rayon Polis İdarəsində saxlanılan bir ədəd gümüşü rəngli “Digiti scase” markalı elektron tərəzi, qalıq çəkisi 4,230 qram olan heroin və çəkisi 0,833 qram olan metamfetamin məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə dair videoçəkilişin köçürüldüyü bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ibtidai istintaq orqanının və məhkəmənin qərarları ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçilər təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi ibtidai istintaq zamanı Xırdalan şəhər Vəkil Bürosunun vəkili X8 və Abşeron rayon Vəkil Bürosunun vəkili X10 tərəfindən, məhkəmə mərhələsində isə Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, məhkəmə mərhələsində Təqsirləndirilən şəxs göstərilmiş 25 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına 150 (yüz əlli) manat məbləğində, ibtidai istintaq mərhələsində göstərilmiş 35 iş saatı həcmində hüquqi yardımla bağlı X4 vəkil işlədiyi Xırdalan şəhər Vəkil Bürosunun hesabına 210 (iki yüz on) manat, göstərilmiş 15 iş saatı həcmində hüquqi yardımla bağlı X6 vəkil işlədiyi Abşeron rayon Vəkil Bürosunun hesabına 90 (doxsan) manat məbləğində pul köçürülməlidir (cild 1, iş vərəqə 153, 161). Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Abşeron rayon Polis İdarəsində saxlanılan bir ədəd gümüşü rəngli “Digiti scase” markalı elektron tərəzi, narkotik vasitə - qalıq çəkisi 4,230 qram heroin və psixotrop maddə - çəkisi 0,833 qram olan metamfetamin məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə dair videoçəkilişin köçürüldüyü bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülsün. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına Müdafiəçi üçün 150 (yüz əlli) manat məbləğində pul köçürülsün. İbtidai istintaq mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Xırdalan şəhər Vəkil Bürosunun hesabına X8 üçün 210 (iki yüz on) manat, Abşeron rayon Vəkil Bürosunun hesabına X10 üçün 90 (doxsan) məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar