Məhkəmə qərarları › İş №1(101)-869/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-869/2024

13.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-869/2024 13.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhəri “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində 2007 və 2008-ci il təvəllüdlü uşaqları olan, orta təhsilli, işləməyən, əvvəlllər məhkum olunmuş, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Zeynalov küçəsi döngə 2, ev 4-də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edərək daşımış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib satmaq məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək naməlum tarixdə və şəraitdə əvvəlcədən aralarında olan razılaşmaya əsasən sonuncundan satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 5,088 qram psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2023-cü il tarixdə saat 22:00-da Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Zeynalov küçəsi, döngə 2, 4 saylı evin yaxınlığında saxlanılıb oradan ünvan 1 ünvanda yerləşən 43-cü Polis Bölməsinə gətirilərək üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki tünd boz rəngli şalvarın sağ yan cibində bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə təmiz çəkisi 5,088 qram olan külli miqdarda ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitələrdən artıq 20 ildir ki, istifadə edir, narkomandır, dörd dəfə narkotik vasitələrdən istifadə etdiyinə görə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə həbs olunmuş və ona cəza verilmişdir. X4 ilə sonuncunun yaşadığı mənzildə olarkən Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PB-nin əməkdaşları onların olduğu mənzilə gələrək, üzərlərində heç bir qanunsuz narkotik və ya psixotrop maddə olmamasına baxmayaraq onları Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PB-nə gətirmişlər. Onun dostu Əkbər Qurbanovda narkomandır, o Kürdəxanıda olan istintaq təcridxanasında saxlanılır, ibtidai istintaq orqanı Əkbər Qurbanova Azərbaycan Respublikasının CM-nin 234.1-1-ci maddəsi ilə ittiham vermişdir, işinə bu məhkəmədə baxılır, lakin hansı hakimin icraatında olması ilə bağlı məlumatı yoxdur. X9 məxsus evdə olarkən üzərlərində heç bir qanunsuz əşya olmamışdır onlar artıq narkotik vasitədən istifadə edib lomkadan çıxmışdılar. Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PB-nə gətirildikdən sonra onların hər birinin üzərinə 05 qram metamfetamin qoyulmuş, dostu Əkbər Qurbanova Azərbaycan Respublikasının CM-nin 234.1-1-ci maddəsi ilə ona isə Azərbaycan Respublikasının 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham elan olunmuşdur. Onu Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PB-nə gətirən polis əməkdaşlarını tanımır, yalnız onun üzərinə qanunsuz narkotik vasitə qoyan polis əməkdaşlarından birinin adının Şahid1 olduğunu bildirir. Ona qarşı yüngül fiziki zor tətbiq olunub, lakin gözlə görünə bilinən xəsarət almamışdır. Təcridxanaya qəbul olunarkən həkimə bununla bağlı şikayət etməmişdir. Məhkəmə iclasında qismində dindirilmiş Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PB-nin CA üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanımışdır, onunla heç bir ədavəti və ya düşmənçiliyi yoxdur. Belə ki, xx.xx.2023-cü il tarixdə ona etibarlı mənbədən əməliyyat məlumatı daxil olmuşdur ki, Binəqədi qəsəbəsi ərazisində yaşayan Təqsirləndirilən şəxs yaşadığı ünvana narkomanları yığaraq onlarla birlikdə metamfetamin qəbul edir. Həmin əməliyyat məlumatının yoxlanılması və Təqsirləndirilən şəxs ifşası üçün əməliyyat tədbirinin keçirilməsinə dair qərar qəbul edilmiş, əməliyyat qrupu yaradılaraq qrupa o və həmkarı Şahid2 daxil edilmiş, bundan sonra həmin gün saat 22 radələrində keçirdikləri əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı Binəqədi qəsəbəsi Zeynalov küçəsində saxlanılaraq Binəqədi RPİ-nin 43-cü PŞ-nə gətirilmişdir. Orada Təqsirləndirilən şəxs bölmənin təhqiqatçısı Ruhid Yaqubluya təqdim etmişlər. Sonuncu müdafiəçi dəvət edərək və Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxladıqdan sonra müdafiəçinin iştirakı olmadan Təqsirləndirilən şəxs üzərinə baxış keçirmiş, baxış zamanı Təqsirləndirilən şəxs özü sərbəst və könüllü olaraq əynində olan şalvarın cibindən bir ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Təhqiqatçının suallarına cavab olaraq bildirmişdir ki, bükümün içində «şüşə»dir, həmin şüşəni bir gün əvvəl Ramana qəsəbəsindən 30 manata tanımadığı bir şəxsdən şəxsi istifadəsi üçün əldə etmişdir. Təhqiqatçı tərəfindən həmin büküm qablaşdırılmış, möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Tərtib olunmuş protokolu şəxsi axtarışın bütün iştirakçıları imzalarla təsdiq etmişlər. Məhkəmə iclasında qismində dindirilmiş Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PB-nin sahə rəisi, polis baş leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanımışdır, onunla heç bir ədavəti və ya düşmənçiliyi yoxdur. Belə ki, xx.xx.2023-cü il tarixdə həmkarı Şahid1 daxil olmuş əməliyyat məlumatı əsasında Binəqədi qəsəbəsi ərazisində yaşayan Təqsirləndirilən şəxs barəsində əməliyyat tədbiri keçirilmiş, həmin gün saat 22 radələrində keçirdikləri əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı Binəqədi qəsəbəsi Zeynalov küçəsində saxlanılaraq Binəqədi RPİ-nin 43-cü PŞ-nə gətirilmişdir. Orada Təqsirləndirilən şəxs bölmənin təhqiqatçısı Ruhid Yaqubluya təqdim etmişlər. Sonuncu müdafiəçi dəvət edərək və Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxladıqdan sonra müdafiəçinin iştirakı olmadan Təqsirləndirilən şəxs üzərinə baxış keçirmiş, baxış zamanı Təqsirləndirilən şəxs özü sərbəst və könüllü olaraq əynində olan şalvarın cibindən bir ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Təhqiqatçının suallarına cavab olaraq bildirmişdir ki, bükümün içində «şüşə»dir, həmin şüşəni bir gün əvvəl Ramana qəsəbəsindən 30 manata tanımadığı bir şəxsdən şəxsi istifadəsi üçün əldə etmişdir. Təhqiqatçı tərəfindən həmin büküm qablaşdırılmış, möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Tərtib olunmuş protokolu şəxsi axtarışın bütün iştirakçıları imzalarla təsdiq etmişlər. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlləri üzrə təqsirli olması qismən özünün və şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə tədqiq edilmiş cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PB-nin rəisinə ünvanlanmış xx.xx.2023-cü il tarixli raportdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlama və daşıması bildirilir. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2023-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan və eyni tarixli “əməliyyat qrupunun təşkil edilməsi barədə” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələri əldə etmə, saxlama və daşıması ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılması, cinayət əməllərinin ifşa olunması, onların cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması məqsədi ilə yaradılmış əməliyyat qrupunun üzvlərinin iştirtakı ilə gizli və aşkar üsullarla müvafiq əməliyyataxtarış tədbirlərinin keçirilməsi üçün əməliyyat qrupu təşkil edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PB-nin rəisinə ünvanlanmış xx.xx.2023-cü il tarixli raportdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs qeyd olunan tarixdə saat 22:00-da Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Zeynalov küçəsi döngə 2 ev 4 yaxınlığında saxlanılaraq polis bölməsinə gətirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs müdafiəçisinin işitirakı ilə tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PB-nin rəisinə ünvanlanmış xx.xx.2023-cü il tarixli Təqsirləndirilən şəxs tərəfindən ünvanlanan ərizədən müəyyən olunur ki, şübhəli şəxs qismində üzərinə şəxsi axtarış və götürmə hərkətlərinin müdafiəçinin iştirakı olmadan aparılmasına etiraz etməmişdir. Məhkəmədə elan edilib araşdırılmış «şəxsi axtarış və götürmə aparılması haqqında» xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, vedoçəkiliş aparılmaqla, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmamışdan öncə üzərində olan qeyri-qanuni əşyalar və ya maddələr varsa, təqdim etməsi barədə təklif edildikdən sonra o, əynində olan tünd boz rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Onun üzərindən aşkar olunmuş 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümün iştirakçılar tərəfindən açılaraq içərisinə baxılan zaman həmin bükülüdən birinin içərisindən aşkar olunmuş ağ rəngli maddənin psixotrop maddə olan “metamfetamin” olduğunu bildirmiş və o, həmin maddəni xx.xx.2023-cü il tarixdə saat 22 radələrində Sabunçu rayonu, Ramanı qəsəbəsində tanımadığı şəxsdən 30 manata öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bunların ardınca Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş büküm müvafiq ekspertizadan keçirilməsi üçün olduğu kimi bükülərək boş zərfə qoyulmuş və qablaşdırılaraq möhürlənmişdir. Sonra tərtib edilmiş protokol ucadan oxunulmuş, protokolun doğruluğu iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı videogörüntü çəkilmiş və DVD diskə köçürülərək tərtib olunmuş protokola əlavə olunmuşdur. Məhkəmədə elan edilib araşdırılmış 5(001)-1375/2023 saylı xx.xx.2023-cü il tarixli Bakı şəhəri Binəqədi rayon məhkəməsinin qərarından müəyyən olunur ki, Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid1 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “əməliyyat-axtarış” fəaliyyətinin həyata keçirilməsi barədə qərar qanuni hesab edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış 4(001)-636/2023 saylı xx.xx.2023-cü il tarixli Bakı şəhəri Binəqədi rayon məhkəməsinin qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəli xx.xx.2023-cü il tarixdən saat 22:00-dan olmaqla barəsində 04 (dörd) ay müddətinə həbsqətimkan tədbiti seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizanın xx.xx.2023-cü il tarixli, 6/3363 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün № 243” dairəvi möhür əksi və “...Təqsirləndirilən şəxs –imza, İştirakçılar- üç imza, Ruhid Yaqublu-imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki bir ədəd bükümdəki təmiz çəkisi – 5,088 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Metamfetamin-2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in İ siyahısına daxildir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizanın xx.xx.2023cü il tarixli, 4611 saylı rəyindən müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (NARKOMANİYA Xəstəliyi) xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış ambulator məhkəmə-psixiatrik ekspertizanın xx.xx.2023-cü il tarixli, 2629 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir xroniki psixi xəstəlik və ya sair psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində ANLAQLİ hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**- ** "xxxx" MMC-yə məxsus kart nömrəsinə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək daxil olan və həmin nömrəsindən çıxan zənglərdən çıxarışları, SMS-lərdən çıxarışları, nömrələrə aid ötürücü antenalar cədvəlinin, çıxarışda əks olunan nömrələrin abonentlərinin anket məlumatların və SMS-lərin açıqlanmış mətnlərinin siyahısı "xxxx" MMC tərəfindən təqdim olunmuşdur. Belə ki, baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: Bir ədəd “CD” fomatlı disk Binəqədi RPİ-nin İstintaq Şöbəsinin 305 saylı xidməti otaqda olan «HP» markalı kompyuterin DVD oxuyucusu vasitəsilə açıldıqda içərisində 05 ədəd fayllar aşkar olundu. Birinci fayl açıldıqda ekranda içərisindəki mətndən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinin “X7”na məxsus olması və həmçinin də qeyd olunan telefon nömrəsi ilə telefon əlaqəsi saxlamış müxtəlif mobil nömrələrin kimin adına qeydiyyatda olması qeyd olunmuşdur. İkinci və üçüncü fayllar açıldıqda ekranda içərisindəki mətnlərdən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə müxtəlif vaxtlarda “ƏLƏKBƏR,AĞRİDAYAM,PUL,VERİM,KÖMƏK,ELƏ”, “Qaqas menem cemil.bidene 15lik alinar”, “Eliekber neynirsen..qaqas canim agriyir..qardasva bir tike tema vere bilersen?mende sene bidene orginal reybon acki verim.Allahaqqi original birseydi 70manatdi”, “1 Dene Alinar 50manat Var”, “Qaqaw salam.qaqaw sene bir işim düşüb sabah seher 6da buzonaya ıwe gedecem mendekı teli görmüşdünde sen mene 15manatlğ kola bırdekı alımsa 1atımlıq das lazımdı ısdisen teli vererdim temanın yerıne yox pulu verıb teli göturerdim” və bu kimi müxtəlif tipli mesajların olması qeyd olunmuşdur. Dördüncü fayl açıldıqda ekranda içərisindəki mətnlərdən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə giriş-çıxış zənglərinin olması qeyd olunmuşdur. Beşinci fayl açıldıqda ekranda içərisindəki mətnlərdən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə gələn mobil nömrələrin anket məlumatları qeyd olunmuşdur. Məhkəmədə elan edilib araşdırılmış ibtidai araşdırma orqanının əməliyyat tapşırığına verilmiş 060-4275-1223 saylı, xx.xx.2023-cü il tarixli məktubdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs psixotrop maddələrin satışı ilə məşğul olması müəyyən edilsədə, sonuncunun psixtrop maddələri əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2023-cü il tarixli qərardan müəyyən olunur ki, psixotrop maddənin mənbəyini müəyyən etmək üçün cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi ayrılmışdır. Məhkəmədə tədqiq olunmuş «sübutların qiymətləndirilməsi haqqında» xx.xx.2023-cü il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsindən həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilmiş, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş psixotrop maddələri əldə edərək qabaqcadan əlbir olduğu şəxsiyyəti istintaqa məlum olmayan mənbə barəsində ********* nömrəli cinayət işindən AR CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca nömrə altında cinayət işi ayrılmış, onun üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 5,088 qram (qalıq 4,988 qr) psixotrop maddə olan “metamfetamin” iş üzrə maddi sübut kimi tanınsın və məhkəmənin qanuni qüvvəsini alacaq hökmünün icrasınadək saxlanılması üçün Binəqədi RPİ-nin saxlanc yerinə təhvil verilmiş, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasına dair videogörüntünü əks etdirən 01 ədəd disk, həmçinin də "xxxx" MMC-nə məxsus olan 01 ədəd disk iş üzrə maddi sübut kimi tanınsın və cinayət işinin materiallarına əlavə olunmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs xarakterizə edən digər sənədlərdən müəyyən olunur ki, o ailəlidir, himayəsində 2007 və 2008-cü il təvəllüdlü uşaqları vardır. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, xx.xx.2021-ci ildə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. Bundan əlavə Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2023-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, cəzaçəkmə müddətinin əvvəli 04 noyabr 2023-cü il tarixdən hesablanmaqla 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində saxlanıldığı 02 gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 05 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Hökm 27 noyabr 2023-cü il tarixdə qanuni qvvəyə minmiş və 28 noyabr 2023-cü il tarixdə icraya yönldilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının xx.xx.2024-cü il arayışından müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2023-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın 03 ay 09 gün müddəti çəkilmişdir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddtinə hesablanır. Belə olan halda Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin olunmuş cəza baxılan iş üzrə azadlıqdan məhrum etmə cəzası təyin olunduqda həmin cəzalar cinayətlərin məcmusu üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.5-ci maddələrinə əsasən toplanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə görə, cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qeyd edilən qaydalara uyğun olaraq, cinayətlərin məcmusu üzrə, azadlıqdan məhrum etmə növündə qəti cəza təyin edilməlidir. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi qismən özünün, şahidlərin ifadələri, ekspertiza rəyləri, "xxxx" MMC-dən daxil olmuş məlumatlarla eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxsin dindirilməsi protokolunda” Təqsirləndirilən şəxs göstərmişdir ki, istifadəsində olan mobil telefon nömrəsi ***-***-**-** saylı mobil nömrədir. Beləki, qeyd olunan mobil telefon nömrəsi ilə bağlı ibtidai istintaq orqanı "xxxx" MMC-yə sorğu verilmiş, əldə edilmiş "xxxx" MMC-dən daxil olan sorğuya cavab məktubuna əlavə ediliş CD diskdəki məlumatlardan Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olduğu aşkar olaraq əks olunur. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı onun özünü narkotik və psixotrop maddələrin satışı ilə deyildə istifadəsi ilə təqsirli bildiyi verdiyi ifadəsini özünü təkzib edərək, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində göstərilən əməli törətməsini təsdiq edir. Məhkəmə nəzərə alır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur, məcburi müalicəyə ehtiyacı vardır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki yetkinlik yaşına çatmayan uşağın olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni 15 iyun 2023-cü il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Belə olan halda Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş Binəqədi RPİ-nin saxlanc yerinə təhvil verilmiş ümumi təmiz çəkisi 5,088 qram (qalıq 4,988 qr) psixotrop maddə olan “metamfetamin” məhv edilməli, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasına dair videogörüntünü əks etdirən 01 ədəd disk, həmçinin də "xxxx" MMC-nə məxsus olan 01 ədəd disk iş üzrə maddi sübut kimi tanınsın və cinayət işinin materiallarında saxlanılmalıdır. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. İş üzrə ekspertiza xərcləri olan 92 (doxsan iki) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafəçi Müdafiəçi üçün isə 300 AZN (yüz manat) pul “Kredo” Vəkil Bürosunun nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 05 (beş) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən təyin olunmuş cəzaya qismən toplamaqla ona qəti olaraq 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 15 iyun 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Binəqədi RPİ-nin saxlanc yerinə təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 4,988 qr psixotrop maddə olan metamfetamin məhv edilsin, cinayət işinin materiallarına əlavə edilmiş 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci 92 (doxsan iki) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafəçi Müdafiəçi üçün isə 300 AZN (yüz manat) pul “Kredo” Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar