Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-870/2023 06.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X1, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1 və həmin idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və müdafiəçi - Bakı şəhəri, 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1992-ci il tarixdə İmişli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, İmişli şəhəri, Xiyabani küçəsi, ev 173 ünvanında qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, 03 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 7,306 qram çəkidə narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla Abşeron rayonu, Masazır qəsəbəsi, «Bağçalı evlər» yaşayış kompleksi, ev 15 “B” ünvanının yaxınlığına qanunsuz daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 03 noyabr 2022-ci il tarixdə saat 10:00-da qeyd olunan ünvanda saxlanılaraq ünvan 2ş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunub üzərinə həmin gün saat 12:09-da şəxsi axtarış və götürmə keçirilərkən əynindəki qara rəngli idman şalvarının sol yan cibindən iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,276 qram və 3,030 qram olmaqla, ümumilikdə külli miqdarda, yəni 7,306 qram çəkidə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İbtidai istintaq orqanı tərəfindən isə Təqsirləndirilən şəxs həmin əməli satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma kimi qiymətləndirilmiş, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş bütün sübutlar məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırıldı, bu zaman təqsirləndirilən şəxsin ondan aşkar olunmuş narkotik vasitəni satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması faktı öz təsdiqini tapmadı. Belə ki, məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, o, polis işçiləri tərəfindən şərlənmişdir. Onun narkotiklə heç bir bağlılığı yoxdur. Təxminən bir neçə ay əvvəl onu Bakı şəhəri, Nəsimi rayon polis idarəsi silahla şərləmişdir. Bundan sonra onun işinə bəraətverici əsaslarla xitam verilmişdir. Sonra bir dəfə də onu aparıb döymüşlər, bunun şəkilləri də var. O, torpaq alğı-satqısı ilə məşğul olmuş, həmçinin özü idmançıdır. 2010-cu ildə Dünya kubokunu qazanmış, dəfələrlə çempion olmuşdur. Narkotik vasitələrin nəinki satışı ilə, hətta istifadəsi ilə heç vaxt məşğul olmamışdır. Hadisə baş verdiyi gün o, iş dalınca getməli olmuş, kafedə oturub çörək yemiş və sonra çıxıb getmək istəyən zaman maşına əyləşəndə bir neçə nəfər onun üstünə tökülüşmüşlər. O, əvvəllər iki dəfə nahaqdan tutulmuş, bir dəfə ona çox böyük işgəncələr verilmişdir. O da, həmin vaxt polislərin əlindən qaçıb evdəkilərə məlumat vermişdir. Sonra barəsində heç bir axtarış olmadığı dəqiqləşdirilmişdir. Bundan sonra evdən çıxmamışdır. Hadisədən üç gün əvvəl xalası oğlu ilə danışmış və xalası oğlu ona axtarışda olub-olmadığını yoxlamaq üçün şəxsiyyət vəsiqəsini istəmişdir. O, yenə də evdən çıxmamışdır. Bir gün səhər saat təxminən 09:00-09:30 arası anası evdən çıxandan sonra qapının döyüldüyünü eşitmiş, həmin vaxt polis işçilərinin qapını qırdığını görmüşdür. O, bu barədə evdəkilərə məlumat vermiş və onlar isə qapını açmamasını, özlərinin gəldiklərini ona bildirmişlər. Daha sonra təxminən 15-20 nəfər polis əməkdaşı qapını sındırıb içəri girmişlər. Evə girəndən sonra onun qollarını buraraq evə baxmışlar. O, fiziki cəhətdən sağlam adamdır, heç vaxt narkotiklərdən istifadə etməmişdir. Yolda polis işçiləri ona konkret olaraq yüklənməyə getdiyini bildirmiş, onlara ya silah verməyi, ya da ki, onun narkotiklə yüklənəcəyini demişlər. O, polis işçilərinə özünün silahı olmadığını, silahı əsgərlikdə gördüyünü bildirmişdir. O, çox yalvarsa da, sözlərinə heç kim məhəl qoymamış, onun tutulmasının «tapşırıq» olduğunu demişlər. Sonra narkotik vasitəni, həmçinin pulu da polislərin özləri onun cibinə qoymuşlar. Həmin vaxt onun özünün cibində nağd pulu olmamış, pulu kartda olmuşdur. O, saxlanılarkən idman şalvarında olmuş, onu evdən düşürdüb öz maşınına arxada otuzduraraq əvvəlcə «Əllincə Arena»nın yanına, təxminən 20 dəqiqə orada saxladıqdan sonra isə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar. Baş idarədə isə onu yükləmişlər. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs bildirdi ki, o, bu hadisədən qabaq da iki dəfə şərlənmiş, sonra isə bəraət almışdır. Onun cavan vaxtlarında bir dostu olmuş, həmin dostu kimlərləsə dalaşanda, o, həmin dostuna kömək edib dalaşırmış, bundan sonra o, bu vəziyyətdədir. O, Şotokan karate idman növü ilə məşğul olmuş, 10 dəfə Azərbaycan çempionu olmuş, dünya kubokunu udmuşdur və beynəlxalq turnirlərdə erməni idmançıları dəfələrlə məğlub etmişdir. Sonuncu dəfə polis əməkdaşları onu saxlayanda döyməmiş, onu vurmamış və ona hər hansı xəsarət yetirməmişlər. Sadəcə olaraq ona demişlər ki, narkotiki boynuna götürməsə, başına hansı işlər gələcəyini özü fikirləşsin. O da, gətirildiyi idarənin hara olduğunu bildyinə görə polis işçilərinin dedikləri ilə razılaşmışdır. Polis işçiləri onu tutmaq üçün içəri girəndə təxminən 4-5 dəqiqə ərzində qapını döymüşlər və həmin vaxt əgər onun üstündə narkotik vasitə olsaydı, o, həmin narkotiki çox sadə yolla, məsələn, ayaqyolunda suya atmaqla məhv edə bilərdi. Əməliyyat tədbirində iştirak edən şəxsləri əvvəllər görmüş, onlardan Şamil, İlqar və digərlərini tanımışdır. Polis işçiləri tərəfindən yaşadığı evdən tutulub öz maşını ilə polis idarəsinə aparıldığını səs-küyə çıxan qonşular da görmüşlər. Həmin vaxt ona öz vəkilini dəvət etməyə imkan verməmişlər. Özləri ona vəkil təyin etmiş, özləri hər şeyi təşkil eləmiş və sonda ona imza etdirmişlər. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmışdır. Çəkiliş ümumiyyətlə 3-4 dəfə aparılmışdır, alınmadığına görə yenidən çəkiliş aparılmış, sonda isə gəlib onun evini də çəkmişlər. Çəkiliş vaxtı ona olanları deməyə imkan verməmişlər. Əvvəllər o, narkotik vasitələrdən istifadə etməmişdir. Cinayət işinin materialları ilə tanışdır, lakin o, zü bilir ki, narkotikdən heç vaxt istifadə etməmişdir. Laki niş materiallarında ekspert rəyi var ki, guya o, narkotik vasitələrdən istifadə etmişdir. Məhkəmədə verdiyi ifadəsini birinci dəfədir ki, burada verir. Barəsində həbs qətimkan tədbiri seçilən zaman onu məhkəməyə aparmışlar, lakin o, həmin vaxt hakimə heç bir şey deməmişdir. Çünki oradan onun yenidən Baş idarəyə aparılacağını, hakimin yanında ifadəsini dəyişib baş verənləri danışacağı təqdirdə, işgəncələrə məruz qalacağını və döyülə biləcəyini göz önünə gətirmişdir. Təcridxanaya yerləşdiriləndən 3-4 gün sonra apellyasiya şikayəti vermiş və apellyasiya məhkəməsinə gələndə orada olan hakimlərə nəyə görə etirafedici ifadələr verdiyini bildirmişdir. Apellyasiya məhkəməsində artıq öz vəkili iştirak etmişdir. Hadisə baş verən gün anası evdən gedəndən təxminən 40 dəqiqə sonra polis əməkdaşları onların qapısına gəlmişlər. Polis əməkdaşları təxminən 4-6 dəqiqə qapını döymüş, həmin vaxt da o, öz anasına zəng edib məlumat vermişdir. Həmin vaxt özünün istifadəsində olan 055 458 44 44 olan nömrədən anasının istifadəsində olan 055 882 86 84 nömrəsinə zəng vurmuş, anası isə özü gələnə qədər qapını açmamağı tapşırmışdır. Evin qapısı dəmirdən olmuş və polis işçiləri həmin qapını qırıb içəri girmişlər. Polis əməkdaşları onu evdən aparanda anası hələ evə gəlməmişdir. Saxlanılandan təxminən 3-5 saat sonra onun üzərinə Baş idarədə baxış keçirmişlər. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Təqsirləndirilən şəxs həmin ifadəsində elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 3-4 aya yaxındır hərdən narkotik vasitə heroindən iynəmək yolu ilə qəbul etmiş, narkotik vasitəni təsadüfi şəxslərdən əldə etmişdir. Sonuncu dəfə 02 noyabr 2022-ci il tarixdə saat 20 radələrində adını və anket məlumatlarını bilmədiyi şəxslə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən “Bank Respublika” filialının qarşısında qarşılaşmış, həmin şəxs ucuz qiymətə yüksək keyfiyyətli narkotik vasitə olan heroini 70 manata təklif etmişdir. O, razılaşıb həmin iki bükümdə narkotik vasitə heroini ondan alıb şəxsi istifadə üçün üstündə saxlamışdır. 03 noyabr 2022-ci il tarixdə saat 10:00 radələrində yaşadığı evin yaxınlığında “BMV” markalı ** AC *** dövlət nömrə nişanlı avtomobilin yanına yaxınlaşan zaman ona dörd nəfər mülki geyimdə olan şəxslər yaxınlaşıb özlərini təqdim edib Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan özünü təqdim etməyini xahiş etmiş, o, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. O, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, üzərində narkotik vasitə heroin olmuşdur. Bundan sonra polis əməkdaşları onu polis idarəsinə dəvət etmişlər. O, buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinə gəlmişdir. Polsi idarəsində ona üzərindən narkotik vasitə psixotrop maddə olduğu halda təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra o, üzərində narkotik vasitə heroin olduğunu bildirib, əynindəki qara rəngli idman şalvarının sol yan cibindən 2 ədəd selofan bükümü, bündan başqa üzərində olan maşın açarını, şəxsiyyət vəsiqəsini, 20 manat pulu və 1 ədəd “İphone 13” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Həmin 2 ədəd selofan bükümə baxış keçirilərkən bükümlərin içərisində narkotik vasitə heroin olması müəyyən edilmişdir. Bundan sonra üzərindən aşkar olunmuş 2 ədəd selofan bükümdə olan narkotik vasitə heroin polis əməkdaşı tərəfindən bir ədəd kağız zərfə qablaşdırılıb möhürlə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Aşkar edilmiş 20 manat pul və maşın açarı ona geri qaytarılmışdır. Şəxsi axtarış davam etdirilərkən üzərindən digər əşya və ya predmetlər aşkar edilməmişdir. Şifahi sorğu zamanı o, üzərindən aşkar edilmiş narkotik vasitə heroini bir gün əvvəl Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində 70 manata tanımadığı şəxsdən aldığını, şəxsi istifadə məqsədi ilə üzərində gəzdirdiyini bildirmişdir. Ardınca videoçəkiliş dayandırılmış və müvafiq protokol tərtib edilmişdir. Bundan sonra onun razılığı əsasında idarə etdiyim avtomobilə və daha sonra yaşadığı evə baxış keçirilmiş, lakin heç bir qanunsuz əşya aşkar edilməmişdir. Avtomobildən aşkar edilən maşının şəhadətnaməsi, sürücülük vəsiqəsi və etibarnamə götürülmüşdür (cild 1, iş vərəqi 68-69). Elan olunmuş ifadələrlə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs həmin protokoldakı imzaların ona məxsus olduğunu, həmin sənədləri təzyiq altında olduğu üçün imzaladığını, öz müdafiəçisi işə qoşulandan sonra ifadə verməkdən imtina etdiyini və məhkəmədə həqiqəti danışacağını bildirdiyini, dindirmə protokolunu oxumadan imzaladığını və həmin ifadəni təsdiq etmədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Şahid1 ifadəsində göstərdi ki, 03 noyabr 2022-ci il tarixdə Baş İdarəyə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında 03 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilmiş və həmin gün o, saat 10:00-da Abşeron rayonu, Masazır qəsəbəsi, “Bağçalı evlər” yaşayış kompleksi ünvanının yaxınlığında idarə etdiyi “BMW” markalı avtomobilin yanında olduğu zaman saxlanılmışdır. Sonra o, əməliyyat qrupu üzvlərinin müşaiyəti ilə idarə etdiyi avtomobillə Baş İdarəyə gətirilmişdir. Həmin tarixdə saat 12 radələrində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasında videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs şəxsi axtarışı aparılmışdır. Ona edilmiş təklifə cavab olaraq Təqsirləndirilən şəxs üzərində narkotik vasitə heroin olduğunu bildirib, əynindəki idman şalvarının cibindən iki ədəd şəffaf selofan bükümü, həmçinin 1 ədəd mobil telefonu, 20 manat pulu və maşının açarını təqdim etmişdir. Həmin selofan bükümlər açıldıqda içərisində narkotik vasitə heroinə oxşar maddələr olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş iki ədəd selofan bükümdə olan heroini 02 noyabr 2022-ci il tarixdə saat 20:00 radələrində Masazır qəsəbəsində adını və anket məlumatlarını bilmədiyi şəxsdən 70 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra həmin iki ədəd selofan bükümdə olan maddələr kağız zərfə qoyularaq möhürlənmiş və zərfin üstü, həmçinin keçirilmiş şəxsi axtarışa dair protokol iştirakçılar tərəfindən imzalanmışdır. 20 manat pul və avtomobil açarı Təqsirləndirilən şəxs qaytarılmış, “İphone” markalı mobil telefon və şəxsiyyət vəsiqəsi iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi “BMW” markalı avtomobilə və yaşadığı Masazır qəsəbəsi, “Bağçalı evlər” yaşayış kompleksi, ev 15B, mənzil 7 ünvanına baxış keçirilmiş, iş üzrə əhəmiyyət kəsb edən şər hansı əşyalar və predmetlər aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları X2, Şahid2 və Şahid3 03 noyabr 2022-ci il tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxsin saxlanılması və Baş İdarəyə gətirilərək üzərində şəxsi axtarış keçirilməsi zamanı külli miqdarda narkotik vasitənin aşkar edilərək götürülməsi zamanı əməliyyat qrupunun üzvlər kimi iştirak etdiklərini bildirərək, həmkarları Şahid1la oxşar məzmunlu ifadələr verdilər. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid5 bildirdi ki, Təqsirləndirilən şəxs onun oğludur. Hadisə baş verən gün, yəni 03 noyabr 2022ci il tarixdə o, səhər nəvəsini kursa aparmış, yolda olarkən oğlu Eltun ona zəng vuraraq polis əməkdaşlarının onların qapısınqa gəldiklərini, qapını sındırıb içəri girmək istədiklərini bildirmiş, özünün nə etməli olduğunu soruşmuşdur. O, əvvəllər də oğlunun dalınca polis əməkdaşlarının gəldiklərini bildiyindən, Eltuna qapını açmamağı, özünün tezliklə gəlib çatacağını bildirmişdir. Şahid5 sözlərinə görə, o, oğlunun polislər tərəfindən təqib edilməsi ilə bağlı dəfələrlə nazirlikdə rəhbər vəzifəli şəxslərin qəbulunda olmuşdur. Oğlunun günahının nə olması və nəyə görə təqib olunması ilə maraqlananda ona bildirmişlər ki, Eltunun heç bir günahı yoxdur. Ona görə də, oğlunun nəyə görə həbs edilməsi bu gün də onun üçün qaranlıq qalır. Onun oğlu heç vaxt narkotik vasitələrdən istifadə etməmişdir və narkotiklərdən uzaq olan bir adamdır. Şahid5 ifadəsində həmçinin bildirdi ki, o, Eltunun zəngindən sonra evə qayıtdıqda, artıq polis işçilərinin oğlunu apardıqlarını görmüş, bu barədə qonşuları da ona bildirmişlər. Evə girdikdə qapının sındırıldığını, Eltunun yatdığı divanın altındakı əşyaların dağıdıldığını görmüşdür. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid7 bildirdi ki, o, Təqsirləndirilən şəxs və onun anası ilə qonşuluqda yaşayır. Hadisə baş verən gün evdə olduğu zaman səs-küy eşitmiş, qapının gözlüyündən baxanda Eltungilin giriş qapısının mülki və polis geyimdə olan tanımadığı şəxslər tərəfindən açmağa cəhd olunduğunu, daha sonra qapının açılaraq Eltunun aparıldığını görmüşdür. Onların evinin girişində kamera olsa da, o, həmin kameradan istifadə edə bilməmişdir. Hadisədən bir neçə gün sonra tanımadığı polis işçiləri onun evinə gələrək kameranın yaddaşını çıxarıb aparmış, bir neçə gündən sonra isə çıxartdıqları qurğunu gətirib ona qaytarmışlar. Lakin o, həmin kameradan istifadə edə bilmədiyinə görə həmin hadisənin kameranın yaddaşına yazılıb-yazılmadığını bilməmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid4 Təqsirləndirilən şəxs və onun anası ilə qonşuluqda yaşadığını bildirərək, digər qonşu Şahid7 ifadəsi ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş 03 noyabr 2022-ci il tarixli raporta əsasən, Təqsirləndirilən şəxs 03 noyabr 2022-ci il tarixdə saat 10:00-da ünvan 4 ünvanının yaxınlığında idarə etdiyi "BMW" markalı **-AC-*** qeydiyyat nişanlı avtomobilin yanında olduğu zaman Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq avtomobillə birlikdə həmin idarəyə gətirilmiş və müdafiəçinin iştirakı ilə Baş idarədə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki idman şalvarının cibindən 2 ədəd selofan bükümdə narkotik vasitə heroinə bənzər kütlələr aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqi 27-29). Məhkəmə-kimyəvi ekspertizasının 03 noyabr 2022-ci il tarixli 6/6381 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən....” sözləri yazılmış paketdəki iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,276 qr. və 3,030 qr., ümumi təmiz çəkisi 7,306 qram olan kimyəvi komponent tərkİbnlərinə və xarici əlamətlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qalıq 7,206 qram. Həmçinin rəyə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişə əsasən, aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat təşkil etmişdir (cild 1, iş vərəqi 53-55). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 05 noyabr 2022-ci il tarixli 6646 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 178-179). Məhkəmə-kimyəvi ekspertizasının 23 noyabr 2022-ci il tarixli 4183/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində tramal aşkar edilmişdir (cild 1, iş vərəqi 183-186). Təqsirləndirilən şəxs aşkar olunmuş külli miqdarda narkotik vasitənin mənbəyinin müəyyən olunması məqsədilə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvanlanmış tapşırığa cavab olaraq daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitənin onun satış məqsədi ilə əldə edib-etməməsini, aşkar edilmiş narkotik vasitənin əldə etdiyi şəxsin kimliyini, onun əlaqələrini, ondan götürülmüş narkotik vasitəni əldə etməsini görə biləcək şəxsləri, eləcə də tapşırıda göstərilən digər halları müəyyən etmək mümkün olmamışdır (cild 1, iş vərəqi 173). Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 03 noyabr 2022-ci il tarixli əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair qərar qanuni və əsaslı hesab edilmişdir (cild 1, iş vərəqi 133-134). İbtidai istintaq orqanının 04 noyabr 2022-ci il tarixli qərarına əsasən, bir ədəd kağız paketdə qablaşdırılan tədqiqatdan sonra qalıq qalan 7,206 qram çəkidə narkotik vasitə heroin, 10 yanvar 2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 1 ədəd DVD disk iş üzrə maddi sübut hesab edilmişdir (cild 1, iş vərəqi 100-101, 187-192). Cinayət işinə əlavə edilmiş İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 14 noyabr 2022-ci il tarixli arayışından və həmin tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs atası Yaqub Məmmədov və bacısı Gülnar Məmmədova ilə birlikdə İmişli şəhəri, Xiyabani küçəsi, ev 173 ünvanında qeydiyyatdadır, ərazi üzrə müsbət xarakterizə olunur (cild 1, iş vərəqi 123-124). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən daxil olmuş 17 dekabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 2018-ci ildə şərti məhkum edilsə də, xx.xx.2020-ci il tarixdə ona təyin olunmuş sınaq müddəti başa çatmışdır və hazırda o, məhkumluğu olmayan şəxs hesab edilməlidir (cild 1, iş vərəqi 140-141). Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, polis işçiləri tərəfindən şərləndiyini, onun narkotiklə heç bir bağlılığı olmadığını, narkotik vasitələrin nəinki satışı ilə, hətta istifadəsi ilə heç vaxt məşğul olmadığını, polis işçilərinin ona “tapşırıq” əsasında tutulmalı olduğunu deyərək narkotik vasitəni boynuna götürməsi üçün psixoloji təsir göstərdiklərini, narkotik vasitəni polis işçilərinin onun cibinə qoyduqlarını, polis əməkdaşları onu saxlayanda döyməsə də və ona hər hansı xəsarət yetirməsə də, narkotiki boynuna götürməyə məcbur etdiklərini bildirib, öz müdafiəsi üçün dəlillər gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilərkən özü heç bir kənar təsir olmadan ittihamda qeyd olunmuş narkotik vasitəni polis əməkdaşlarına təqdim etmiş, həmin maddi sübut prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ilkin izahatında, həmçinin şübhəli şəxs və təqsirləndirilən şəxs qismində istintaqa verdiyi ifadələrində üzərindən aşkar edilmiş narkotik vasitənin özünə məxsus olduğunu, həmin heroini 02 noyabr 2022-ci il tarixdə saat 20 radələrində Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən “Bank Respublika” filialının qarşısında adını və anket məlumatlarını bilmədiyi şəxsdən 70 manata şəxsi istifadəsi üçün aldığını və üzərində saxlamaqla daşıdığını bildirmişdir. 03 noyabr 2022-ci il tarixdə saat 10:00 radələrində yaşadığı evin yaxınlığında “BMV” markalı ** AC *** dövlət nömrə nişanlı avtomobilin yanına yaxınlaşan zaman ona dörd nəfər mülki geyimdə olan şəxslər yaxınlaşıb özlərini təqdim edib Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmiş və onu saxlayaraq Baş idarəyə dəvət etmişlər. Orada şəxsi axtarışı zamanı həmin narkotik vasitəni özü əynindəki idman şalvarının cibindən çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadələrinə görə, polis əməkdaşları tərəfindən saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən ona qarşı hər hansı fiziki və ya psixoloji təzyiqlər göstərilməmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə dindirilmiş və bütün dindirmə protokolları onlar tərəfindən imzalanmışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2006-cı il tarixli “Andandonski Rusiyaya qarşı” işi üzrə qərarında qeyd edilmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq və məhkəmə baxışında müdafiə hüququ pozulmamaqla verilmiş ifadələr məhkəmə tərəfindən yekun qərar qəbul edilərkən sübut kimi nəzərə alınmaqla, bu, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin və 3-cü bəndinin “d” yarımbəndinin pozuntusu hesab edilə bilməz. Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 03 noyabr 2022-ci il tarixli əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair qərarı qanuni və əsaslı hesab edilmişdir. Təqsirləndirilən şəxsin özünün heç vaxt narkotik və ya psixotrop maddələrdən istifadə etməməsi ilə bağlı məhkəmədə gətirdiyi dəlillə bağlı isə məhkəmə qeyd etməyi lazım bilir ki, işdə olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 05 noyabr 2022-ci il tarixli 6646 nömrəli rəyinə əsasən, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Həmçinin, ibtidai istintaq zamanı təyin olunaraq keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 23 noyabr 2022-ci il tarixli 4183/K nömrəli rəyinə əsasən, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində tramal aşkar edilmişdir. Eləcə də, iş üzrə keçirilmiş məhkəmə-tibb ekspertizasının 25 noyabr 2022-ci il tarixli 504/MEŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarətlər aşkar edilməmişdir. Bu səbəbdən, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmədə gətirdiyi dəlilləri, məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələrə münasibətdə ziddiyyətli ifadə verməsini, psixoloji təzyiqlərə məruz qalması nəticəsində cinayət əməlini etiraf etməsi barədə bildirdiklərini onun məsuliyyətdən yayınmaq üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir, iş üzrə digər sübutlarla təsdiq olunduğuna görə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini iş üzrə obyektiv həqiqəti əks etdirən sübut kimi qəbul edir. Məhkəmə kollegiyası həmçinin məhkəmədə əlavə şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs anası Şahid5, qonşuları Şahid7 və Şahid4 da ifadələrinə tənqidi yanaşaraq, onları işdə olan digər sübutlarla müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, onların verdikləri ifadələr obyektiv həqiqəti əks etdirmir, adları çəkilən şahidlər həmin ifadələri verərkən təqsirləndirilən şəxsi məsuliyyətdən yayındırmaq məqsədi güdmüşlər. Bütün bunlarla yanaşı, məhkəmə kollegiyası yuxarıda sadalanan və məhkəmədə tədqiq edilmiş bütün sübutları məcmu halında qiymətləndirərək belə hesab edir ki, Təqsirləndirilən şəxs 7,306 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması ilə bağlı verilmiş ittiham məhkəmə iclasında sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarında məhkəmələrə edilən tövsiyyələrə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 144-cü maddəsinin tələblərinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1, 145.2-ci maddələrinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən hüquqi qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə, öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. İşin ibtidai istintaqı zamanı Təqsirləndirilən şəxsin istifadəsində olmuş 055 458-44-44 saylı mobil telefonla aparılan danışıqlar, anten məlumatları və “SMS” yazışmalarına dair məlumatlar "xxxx" MMC-dən alınıb 26 dekabr 2022-ci il tarixdə baxışı keçirilsə də, həmin məlumatlarda iş üçün əhəmiyyət kəsb edən hər hansı bir hal müəyyən edilməmişdir. Həmçinin ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs aşkar olunmuş külli miqdarda narkotik vasitənin mənbəyinin müəyyən olunması məqsədilə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvanlanmış tapşırığa cavab məktubundan aydın olur ki, Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitənin onun satış məqsədi ilə əldə edib-etməməsini, aşkar edilmiş narkotik vasitənin əldə etdiyi şəxsin kimliyini, onun əlaqələrini, ondan götürülmüş narkotik vasitəni əldə etməsini görə biləcək şəxsləri, eləcə də tapşırıda göstərilən digər halları müəyyən etmək mümkün olmamışdır Ali Məhkəmə Plenumunun yuxarıda adı çəkilən qərarının təfsirinə əsasən, şəxsə CM-nin 234.4.3-cü maddəsi ilə ittiham verilərkən narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Baxılan cinayət işi üzrə isə ittiham tərəfi bu cür halların mövcudluğunu müəyyən edib məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs 7,306 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi, saxlaması və daşımasına dair hər hansı birbaşa və ya yanakı sübut əldə edə bilməmiş, məhkəmədə də bu hal öz təsdiqini tapmamışdır. Buna baxmayaraq, ibtidai istintaq orqanı tərəfindən heç bir əsas və sübut olmadan, yalnız fərziyyə və mülahizələrə əsaslanaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 351.2-ci və 351.3.4-cü maddəsilərə əsasən, ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 23-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-nin 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilibyetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilibyetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-nin müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı, yəni təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə tədqiq olunmuş mötəbər və təkzibedilməz sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsi ilə verilmiş ittiham məhkəmə iclasında öz təsdiqini tapmadığından, lakin onun hərəkətlərində Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinin cinayət tərkibi olduğundan, şəxsin əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs qeydiyyatda olduğu ərazi üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır, CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın başlanğıcı 03 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılmış və hal-hazıra qədər həbsdədir. Həmçinin Təqsirləndirilən şəxs 03 noyabr 2022-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının 05 noyabr 2022-ci il tarixli 6646 nömrəli rəyini əsas tutaraq hesab edir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan və narkomanıyadan məcburi müalicəyə ehtiyacı olduğundan, ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli, həmçinin o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş və Təqsirləndirilən şəxs aşkar olunaraq götürülməklə ekspertiza tədqiqatından sonra qalıq qalan 7,206 qram çəkidə narkotik vasitə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi videogörüntülərinin qeydə alındığı 1 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatı 65 (altmış beş) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 03 noyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll olunsun: - Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilməklə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 7,206 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; - Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı çəkilmiş videogörüntülərin qeydə alındığı 1 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri hesab edilən 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Səbuhi Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-870/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-870/2023
06.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver