Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-870/2025 11.08.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əsgərova-Məmmədova Leyla Səyavuş qızının sədrliyi, hakimlər Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçıları- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2, müdafiəçi - Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1985-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki həmin ünvanda yaşayan, barəsində ibtidai istntaq orqanının 03 dekabr 2024-cü il tarixli qərarı ilə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ:
1. Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni və narkotik vasitəni xeyli miqdarda təkrar əldə edib saxlayaraq daşımaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəni ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir.
İşin faktiki halları
2. Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda 0,646 qram narkotik vasitə heroini əldə edib ünvan 2 ünvanın yaxınlığına qədər daşımış, 01 may 2024-cü il tarixdə saat 15:30-da Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin ünvanda saxlanılaraq Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə aparılmış, orada üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı əynindəki büsqalterdən bir ədəd gümüşü rəngli kağıza bükülmüş xeyli miqdarda təmiz çəkisi 0,646 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür.
3. Bundan başqa Təqsirləndirilən şəxs təkrar satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda 0,507 qram narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, N.İbrahimov küçəsi 41 ünvanın yaxınlığına qədər daşımış, 18 iyul 2024-cü il tarixdə saat 20:05-də Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində həmin ünvanda saxlanılaraq Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə aparılmış, orada üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı əynindəki göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş xeyli miqdarda təmiz çəkisi 0,507 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür.
4. Bundan başqa Təqsirləndirilən şəxs təkrar satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,304 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq ünvan 5 ünvana qədər daşımış, 13 avqust 2024-cü il tarixdə saat 23:00-da özünü şübhəli apardığı üçün Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən həmin ünvanda saxlanılaraq Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinə aparılmış, orada videoçəkilişlə üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynindəki ağ rəngli şalvarın arxa sağ yan cibindən bir bükümdə xeyli miqdarda təmiz çəkisi 0,304 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:
5. 01 may 2024-cü il tarixli şəxsi axtarış, baxış və götürmə aparılması haqqında protokol və həmin protokola əlavə edilmiş müvafiq istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki büsqalterdən bir ədəd bükümü çıxardıb təqdim etmiş,həmin bükümdə heroin olduğunu və Xəzər rayonu, Buzovna qəsəbəsində Eldar adlı şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir (cild 1, iş vərəqə 182-184, cild 2, iş vərəqə 132-133).
6. 02 may 2024-cü il tarixli məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №193” möhür əksi olan, “vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri,soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 01(bir) ədəd gümüşü rəngli folqa bükümdə təmiz çəkisi 0,646 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Ekspertiza tədqiqatından sonra heroinin qalıq çəkisi 0,596 qram, ekspertiza tədqiqatına çəkilmiş xərc isə 65 manat təşkil etmişdir (cild 1, iş vərəqə 189- 193).
7. 18 iyul 2024-cü il tarixli şəxsi axtarış, baxış və götürmə aparılması haqqında protokol protokol və həmin protokola əlavə edilmiş müvafiq istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarın sol yan cibindən bir ədəd bükümü çıxardıb təqdim etmiş, həmin bükümün içərisində heroin olduğunu, Buzovna qəsəbəsindən tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir (cild 1, iş vərəqə 105-107).
8. 19 iyul 2024-cü il tarixli məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “Arayışlar üçün №193" möhür əksi, “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə: /imza/ Təqsirləndirilən şəxs: /imza/ Şahid4: /imza/ P.Cavadov: /imza/ S.Məmmədov: /imza/ A.Eyvazova: Təhqiqatçı :/imza/ F.Məmmədov” yazıları olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi: 0,507 qram olan qəhvəyi rəngli, tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Ekspertiza tədqiqatından sonra heroinin qalıq çəkisi 0,457 qram, ekspertiza tədqiqatına çəkilmiş xərc 60 manat təşkil etmişdir (cild 1, iş vərəqə 112-116).
9. 13 avqust 2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokol protokol və həmin protokola əlavə edilmiş müvafiq istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki ağ rəngli şalvarın arxa sol yan cibindən bir ədəd qara rəngli mobil telefon, həmin şalvarın arxa sağ yan cibindən bir büküm çıxardıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümdə ağ rəngli kristal halında psixotrop maddə “patı” olduğunu, həmin maddəni xx.xx.2024-cü il tarixdə tanımadığı şəxsdən 20 manat müqabilində aldığını bildirmişdir (cild 1, iş vərəqə 26-27, 66).
10. 14 avqust 2024-cü il tarixli məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Arayışlar üçün №160” möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş..şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs..” yazısı və imzalar olan zərfdəki, 1(bir) ədəd bükümdə təmiz çəkisi 0,304 qram ağ rəngli krsitalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir .Ekspertiza tədqiqatından sonra metamfetaminin qalıq çəkisi 0,254 qram, ekspertiza tədqiqatına çəkilmiş xərc 114 manat təşkil etmişdir (cild 1, iş vərəqə 33-37).
11. 16 avqust 2024-cü il tarixli ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair rəydən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (cild 2, iş vərəqə 38-39).
12. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən 03 dekabr 2024-cü il tarixli məktubla göndərilmiş və cinayət işi materiallarına əlavə edilmiş təqsirləndirilən şəxsin istifadəsində olan telefon mömrəsinə dair məlumatları özündə əks etdirən diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxslə müxtəlif şəxslər arasında narkotik vasitələrin satışı ilə əlaqədar ayrı-ayrı vaxtlarda danışıqlar aparılmışdır. Belə ki, həmin məlumatlara əsasən Təqsirləndirilən şəxs məxsus olan +99***-***-**-** saylı mobil telefon nömrəsinə xx.xx.2024-cü il tarixdə saat 04:11:40-da +99***-***-**-** nömrəsindən “слушай мне колу дай да не много совсем я болею это я Али» kimi məzmunlu, təqsirləndirilən şəxs tərəfindən isə xx.xx.2024-cü il tarixdə saat 20:49 radələrində ********** nömrəli mobil telefon nömrəsinə “mənə təcili cavab ver konuma gedirəm”, 16 aprel 2024-cü il tarixdə saat 01:39 radələrində təqsirləndirilən şəxs tərəfindən ********** nömrəsinə “Brat mənəm qapıda”, məzmunlu məsajına sonuncu nömrə tərəfindən ona “hardadı aygun” kimi məzmunlu mesajlar aşkar edilmişdir (cild 2,iş vərəqə 61, 131).
13. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsindən daxil olmuş 05 sentyabr 2024-cü il tarixli tələbnamədən və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25 noyabr 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib 200 manat cərimə cəzasına məhkum edilmişdir (cild 1, iş vərəqə 67-68, cild 2, iş vərəqə 34-35).
14. 05 dekabr 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş təmiz çəkisi 0,304 qram psixotrop maddə metamfetamin, təmiz çəkisi 0,507 qram narkotik vasitə heroin və təmiz çəkisi 0,646 qram narkotik vasitə heroin maddi subut hesab edilmiş və tədqiqata sərf edildikdən sonra qalıq qalmış 0,596 qram narkotik vasitə heroin, 0,457 qram narkotik vasitə heroin və 0,254 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Sabunçu rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş, Təqsirləndirilən şəxs barəsində həyata keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinin video görüntülərini əks etdirən 03 ədəd disk və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən təqdim olunmuş 02 ədəd disk maddi sübut kimi tanınmış və cinayət işini materiallarına əlavə edilmişdir (cild 2, iş vərəqə 134-141).
15. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, Sabunçu rayon ərazisində Leyla Məmmədbəyli küçəsində gölün ətrafnda xidməti avtomobillə hərəkətdə olarkən bir nəfər şəxsin gölün ətrafında telefon işığı ilə nəsə axtardığını görmüşdür. Şübhələndiyi üçün yaxınlaşıb özünü təqdim etmiş, həmin şəxs adının Aygün olduğunu bildirmişdir. Orada nə axtardığını soruşduqda yayınmağa cəhd etmişdir. Sonra həmin şəxsi Sabunçu rayon 13-cü Polis Şöbəsinə təqdim etmişlər, barəsində tutulma tətbiq edilmiş, vəkil dəvət olunmuş, videoçəkiliş vasitəsilə keçirilmiş baxış zamanı təqsirləndirilən şəxsin ağ şalvarının sol arxa cibində “Huawei” markalı telefon, sağ arxa cibində isə ağ kristala bənzər maddə aşkar edilmiş, sonuncu həmin maddənin adının “metamfetamin” olduğunu qeyd etmişdir. Aşkar olunmuş maddə qablaşdırılmış, möhürlənmiş, imzalanmışdır. Polis bölməsində və ya yolda polis əməkdaşları tərəfindən təqsirləndirilən şəxsə hec bir fiziki və psixoloji şiddət olmamışdır.
16. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, 13 avqust 2024-cü ildə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində Leyla Məmmədbəyli küçəsində Göl deyilən ərazidə xidmətdə olarkən Təqsirləndirilən şəxs görmüşlər. Yaxınlaşıb ad soyadını soruşduqda sonuncu adının Aygün deyib uzaqlaşmaq istəmişdir. Onlar Aygünə suallar vermiş, amma sonuncu sualara qeyri-səmimi cavab verdiyi üçün şübhə doğurmuşdur. Sonra Təqsirləndirilən şəxs Polis Şöbsinə aparmışlar, orada onun tutulması haqqında protokol tərtib edilmiş, vəkil dəvət olunmuş, videoçəkiliş vasitəsilə üzərinə baxış keçirilmişdir. Onlar Aygündən üzərində qeyri-qanuni nəsə olduğunu soruşmuşlar. Təqsirləndirilən şəxs isə onlara üzərində telefon və bir büküm olduğunu, həmin maddəni tanımadığı şəxsdən istifadə etmək məqsədilə aldığını bildirmişdir.Polis Bölməsində və ya yolda polis əməkdaşları tərəfindən təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və psixoloji şiddət olmamışdır.
17. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərmişdir ki, O 2018-ci ildən Xəzər Rayon Polis Şöbəsində işləyir.18 iyul 2025-ci il tarixində bölməyə daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradıldıqdan sonra təqsirləndirilən şəxsi Buzovna qəsəbəsində saxlamış və onu Polis Bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxsin üzərinə baxış keçirilərkən sol yan cibindən narkotik vasitə aşkar olunmuşdur. Şahid3 məhkəmədə ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, təqsirləndirilən şəxs məsuliyyətdən yayınmağa cəhd göstərməmiş, səmimi olaraq narkotik vasitənin istifadəçisi olduğunu bildirmişdir. Təqsirləndirilən şəxsin yaşadığı ərazi üzrə sahə rəisi kimi fəaliyyət göstərmiş və onun narkotik vasitə istifadəçisi olmasından başqa hər hansı bir pis xüsusiyyətin eşitməmişdir. İbtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etmişdir. Əməliyyat məlumatı bölməyə daxil olmuş və təqsirləndirilən şəxs küçədə saxlanılmışdır. Əməliyyat məlumatı narkotik vasitənin istifadəsi ,saxlanılması və satışı ilə bağlı olmuşdur. Əməliyyat qrupunun digər üzvləri Tural və Hüseyn adlı polis əməkdaşları olmuşdur.
18. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sarıyev X4 istintaq dövründə verdiyi ifadəsini təsdqi edərək göstərmişdir ki, 18 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə Polis Bölməsinə məlumat daxil olmuşdur.Əməliyyat məlumatı əldə edildikdən sonra dərhal şəxsin saxlanılması barəsində əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir.Həmin tarixdə axşam saatlarında Buzovna qəsəbəsində məlumatda verilən vizual görkəminə uyğun gələn şəxsə yaxınlaşmışlar. Təqsirləndirilən şəxsin şəxsiyyəti müəyyən olunduqdan sonra həmin şəxsi Xəzər rayon 2-ci Polis Şöbəsinə dəvət etmişlər. Təqirləndirilən şəxs təhqiqat qrupuna təhvil verildikdən sonra üzərinə baxış keçirilməsi barədə qərar qəbul edilmişdir. Təqsirləndirilən şəxsə üzərində qanuna uyğun olmayan hər hansı maddənin və ya predmetin olması ilə bağlı sual verildikdə həmin şəxs üzərindən bir ədəd büküm çıxarıb təhqiqat qrupuna təhvil vermişdir. Həmin bükümün narkotik vasitə heroin olduğunu və tanımadığı şəxsdən aldığını bildirmişdir. Şahid4 məhkəmədə ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, təqsirləndirilən şəxs onlara qarşı heç bir müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs Buzovna qəsəbəsi ərazisində saxlanılmış, o saxlanılan zaman tək olmuşdur Təqsirləndirilən şəxsin üzərinə əməliyyat müvəkkili baxış keçirmişdir. Əməliyyat məlumatı ona daxil olmamışdır.Təqsirləndirilən şəxsi Polis Bölməsinə gətirərkən onun barəsində başqa cinayət işinin mövcudluğundan xəbəri olmamışdır. Əməliyyat məlumatı təqsirləndirilən şəxsin narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə olmuşdur.
19. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid5 ibtidai istintaq dövründə verdiyi ifadələrindən görünür ki, o, Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsində əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 01 may 2024-cü il tarixdə Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə daxil olmuş əməliyyat məlumatından Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması bildirilmişdir. Bu barədə dərhal əməliyyat qrupu yaradılmış və Təqsirləndirilən şəxs saxlanılması istiqamətində əməliyyat axtarış tədbirləri keçirilməsinə başlanılmışdır. Həmin tarixdə saat 15:30 radələrində keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs ünvan 8 ünvanın yaxınlığında saxlanılaraq şəxsiyyəti dəqiqləşdirildikdən sonra Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə gətirilmişdir. Polis şöbəsində vəkil dəvət edilmiş, Təqsirləndirilən şəxs barəsində tutma protokolu tərtib edilmiş, hüquq vəzifələri izah edilmiş və üzərində şəxsi axtarış və götürmə aparılması barədə qərar qəbul edilmişdir. Şəxsi axtarış və götürmə aparılmamışdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla daşınması və saxlanılması qadağan edilmiş nəsə varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan busqalterdən bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bir bükümü çıxardıb təqdim etmişdir. Həmin bükümə baxış keçirilən zaman qəhvəyi rəngli spesifik iyə malik olan maddə olması aşkar edilmişdir. Aygün həmin maddənin narkotik vasitə olduğunu və həmin maddəni Xəzər rayonu Buzovna qəsəbəsindən Eldar adlı şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Daha sonra həmin maddə zərfə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib edilərək İmzalanmışdır. (cild 2, iş vərəqə 49-50). Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır:
20. Təqsirləndirilən şəxs məhkəmə baxışında özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, o, “Razin”də polislər tərəfinən tutularkən üzərində narkotik vasitə olmuş, amma Xəzər rayonunda polislər tərəfindən tutularkən üzərində narkotik vasitə olmamışdır. Post Patrul Xidmətinin əməkdaşları yaxınlaşıb sənədlərini təqdim etməyini bildirmişlər. Polis əməkdaşları sonradan onu şübhəli şəxs qismində Polis Bölməsinə aparmışlar. Təqsirləndirilən şəxs məhkəmədə ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, uzun müddət narkotikdən, həmçinin “patı”dan istifadə etmişdir, hal-hazırda 1 aya yaxındır ki, narkotik vasitə istifadə etmir. Xəzər rayonunun polis əməkdaşları tərəfindən onun üzərinə narkotik vasitə qoyulmuşdur.Əvvəllər məhkum olunmamışdır, cərimə olunmuşdur. Tərəfindən həmin cərimə ödənilmişdir. Xəzər rayonu Polis Bölməsində çəkilişlər aparıldıqdan, sənədlər yazıldıqdan sonra vəkil onun yanına gəlmişdir. Narkoktik vasitələrin satışı ilə məşğul olmamışdır. Birinci dəfə Xəzər Rayon Polis Şöbəsində qorxduğu üçün ona nə deyilibsə onu da etmişdir. İkinci dəfə isə hamilə olmuş, həyəcandan uşağını itirmişdir. Xəsarət almamış, döyülməyi ilə bağlı polisə müraciət etməmişdir. Xəzər rayonunda üzərində narkotik vasitə aşkarlanması həqiqəti əks etdirmir. Bir qızı var,analıqdan məhrum olunmasa da hal-hazırda qızı Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət komitəsi tərəfindən sığınacağa alınmışdır.
Hüquqi məsələlər:
Azərbaycan Respublikası Cinayət Məcəlləsi:
21. Maddə 234.2. Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
22. Maddə 234.4.2. Cinayət Məcəlləsinin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllərin təkrar törədilməsi beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
23. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
24. Maddə 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.
25. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.
26. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
27. Maddə 56.1.2. Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir.
28. Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır.
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi:
29. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
30. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.
31. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.
32. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.
33. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.
34. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.
35. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.
36. Maddə 132.1.6. Maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir;
37. Maddə 132.1.7. Maddi sübut olan dəyəri olmayan digər əşyalar məhv edilməlidir.
38. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.
Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu:
39. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları”nın 1-ci Siyahısının 109.1-ci bəndinə əsasən – 0,15 qram və daha artıq çəkidə (2 qrama qədər) narkotik vasitə heroin, 2-ci Siyahısının 118-ci bəndinə əsasən 0,15 qram və daha artıq çəkidə (2 qrama qədər) psixotrop maddə metamfetamin xeyli miqdar təşkil edir.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu
40. Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir.
41. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir.
42. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir.
43. Maddə 1.0.11. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir.
“Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli Qərarı
44. Qeyd olunan Plenum Qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.
45. Həmin Qərarın 14-cü bəndinə əsasən, şəxsin qanunsuz olaraq satış məqsədi ilə əldə edib saxladığı narkotik vasitəni və ya psixotrop maddəni vahid qəsdlə (məsələn, bütöv məbləğ təşkil edən müəyyən miqdarda pul əldə etmək üçün) bir şəxsə bir neçə dəfəyə (müxtəlif vaxtlarda) hissə-hissə və yaxud eyni vaxtda eyni bir hərəkətlə müxtəlif şəxslərə satması, burada narkotik vasitələrin (psixotrop maddənin) satış məqsədi ilə əldə edilməsi və daha sonra satılması, eləcə də satmanı təşkil edən ayrı-ayrı epizodlar cinayətlərin çoxluğunu yaratmadığından və vahid cinayətin tərkib elementləri kimi çıxış etdiyindən, əməl cinayətin təkrar törədilməsi əlaməti üzrə CM-in 234.4.2-ci maddəsi ilə tövsif edilə bilməz. Lakin şəxsin satış məqsədi ilə əldə edib saxladığı narkotik vasitənin və ya psixotrop maddənin müəyyən hissələrini müxtəlif vaxtlarda müxtəlif şəxslərə və yaxud vahid qəsdlə əhatə olunmadığı halda, bir şəxsə müxtəlif vaxtlarda satması, eyni bir dispozisiyada alternativ cinayət tərkibləri kimi təsbit olunmasına baxmayaraq, narkotik vasitəni satış məqsədi ilə əldə etmə və saxlama ilə müqayisədə narkotik vasitəni (psixotrop maddəni) təkrar satma ictimai təhlükəliliyi daha yüksək olan əməl kimi çıxış etdiyindən və narkotik vasitənin (psixotrop maddənin) satışı obyektiv olaraq da yenidən törədilməklə həmin cinayətin çoxluğu kimi vəziyyət meydana gəldiyindən, narkotik vasitənin (psixotrop maddənin) satış məqsədi ilə əldə edilməsi və saxlanılması əlaməti narkotik vasitənin təkrar satışını əhatə edən əlamət kimi nəzərdən keçirilə bilməz və belə hallarda əməl CM-in 234.2-ci və ya 234.3-1-ci maddəsi ilə deyil, narkotik vasitəni (psixotrop maddəni) satma cinayətinin təkrar törədilməsi əlaməti üzrə - CM-in 234.4.2-ci maddəsi ilə tövsif edilməlidir.
Avropa Məhkəməsinin president hüququ:
46. “Şenk İsveçrəyə qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir.
47. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir.
48. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmənin hüquqi dəyərləndirməsi:
49. Məhkəmə, Təqsirləndirilən şəxs Xəzər rayon polis əməkdaşları tərəfindən təzyiqə məruz qalması, narkotik vasitənin satışı ilə məşğul olmaması barədə məhkəmə iclasında dindirilən zaman qeyd etdiklərini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə tam təkzib olunur.
50. Belə ki, təqsirləndirilən şəxsin barəsində ayrı-ayrı vaxtlarda keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti nəticəsində üzərindən aşkar edilmiş narkotik vasitələrin miqdarı bilavasitə onun qanunla dövriyyəsi qadağan olunmuş predmetleri satma məqsədilə əldə etməsinə dəlalət etməsə də məhkəmə, həm təqsirləndirilən şəxsin qısa zaman kəsiyində qeyd edilən eyni əməllərə yol verməsi halını, həm onun istifadəsində olan telefon nömrəsi vasitəsilə mütəmadi olaraq narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmasına məzmunda məsajlarının göndərilməsi faktı barədə CD disk məlumatlarının əsas götürərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vasitə heroini və psixotrop maddə metamfetamini satış məqsədilə əldə etmiş, saxlamış və daşımışdır.
51. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətdir. Qeyd olunan əməl təqsirləndirilən şəxs tərəfindən qəsdən törədilmişdir və başa çatmış cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir.
52. Narkotik vasitənin təqsirləndirilən şəxsin üzərindən aşkar edilməsi, qablaşdırılması, həmin vasitələrin kimyəvi tərkibinin müəyyən edilməsi ilə bağlı ilkin sübutların əldə edilməsi ilə əlaqədar istintaq hərəkətlərinin etibarsız hesab olunması üçün əsaslar müəyyən edilmədiyindən (qərarın 30-32-ci bəndləri) həmin hərəkətlərin nəticələri iş üzrə mötəbər sübutlar kimi qəbul edilir.
53. Bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunmuşdur. (qərarın 46-48-ci bəndləri).
54. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir (qərarın 29-cu bəndi).
55. Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət qanunun müvafiq normasının sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. (qərarın 21-22-ci bəndləri).
56. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır (qərarın 23-26-cı bəndləri).
57. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59cu və 61-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir.
58. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.
59. Təqsirləndirilən şəxs ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxs hesab edildiyindən cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir (qərarın 27-ci bəndi).
60. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 01 may 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş (cild 1, iş vərəqə 170-171), ibtidai istintaq orqanının 02 may 2024-cü il tarixli qərarı ilə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş (cild 1, iş vərəqə 217-218), 18 iyul 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş (cild 1, iş vərəqə 93-94), ibtidai istintaq orqanının 20 iyul 2024-cü il tarixli qərarı ilə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş (cild 1, iş vərəqə 136-137), 13 avqust 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş (cild 1, iş vərəqə 15), ibtidai istintaq orqanının 15 avqust 2024-cü il tarixli qərarı ilə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş (cild 1, iş vərəqə 59), ibtidai istintaq orqanının 03 dekabr 2024-cü il tarixli qərarı ilə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (cild 2, iş vərəqə 128-129). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 01 may 2024-cü il tarixdən 02 may 2024-cü il, 18 iyul 2024-cü il tarixdən 20 iyul 2024-cü il, 13 avqust 2024-cü il tarixdən 15 avqust 2024-cü il tarixədək tutulduğu 5 gün müddət ona təyin ediləcək cəzadan çıxılmalı, ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı hökm çıxarıldığı tarixdən, yəni barəsində hökmlə həbs qətimkan tədbiri seçildiyi gündən hesablanmalıdır (qərarın 30, 35-36-cı bəndləri).
61. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri ləğv edilməli, onun barəsində həbs qətimkan tədbiri seçilməlidir. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bakı Şəhəri Xəzər rayon Məhkəməsinin 16 iyul 2025-ci il tarixli qərarı ilə həbsdə saxlanılması nəzərə alınmalıdır.
62. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, məhkəmə zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 28 aprel 2025-ci il tarixədək göstərilmiş xidmət müqabilində 6 manat, 28 aprel 2025-ci il tarixdən sonra 11 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla dövlət büdcəsinin vəsaiti hesabına məhkəmə mərhələsində göstərilmiş 40(qırx) iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi işlədiyi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına 340 (üç yüz qırx) (120+220) manat məbləğində pul köçürülməlidir.
63. İş üzrə maddi sübut olan, Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,596 qram təşkil edən narkotik vasitə heroin, 0,457 qram narkotik vasitə heroin və 0,254 qram psixotrop maddə metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini əks etdirən 03 ədəd disk və X3 Cəmiyyət tərəfindən təqdim olunmuş 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır (qərarın 6, 8, 10, 14, 35-38-ci bəndləri).
64. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. (qərarın 11-ci bəndi).
65. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar (iki yüz otuz doqquz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir (qərarın 6,8,10,40-cı bəndləri).
66. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
hökm etdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun 01 may 2024-cü il tarixdən 02 may 2024-cü il, 18 iyul 2024cü il taridən 20 iyul 2024-cü il, 13 avqust 2024-cü il tarixdən 15 avqust 2024-cü il tarixədək tutulduğu 5 gün müddət ona təyin edilmiş 5(beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 4 (dörd) il 11(on bir) ay 25 (iyirmi beş) gün müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri ləğv edilsin. Barəsində həbs qətimkan tədbiri seçilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Haqqında Bakı Şəhəri Xəzər rayon Məhkəməsinin 16 iyul 2025-ci il tarixli qərarına əsasən həbsdə saxlaması nəzərə alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 11 avqust 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,596 qram təşkil edən narkotik vasitə heroin, 0,457 qram narkotik vasitə heroin və 0,254 qram psixotrop maddə metamfetamin məhv edilsin; Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini əks etdirən 03 ədəd disk və X3 Cəmiyyət tərəfindən təqdim olunmuş 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın; Təqsirləndirilən şəxs 239 (iki yüz otuz doqquz) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş 40(qırx) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Müdafiəçi ödənilməsi üçün onun işlədiyi 20 Saylı Vəkil Bürosunun hesabına 340 (üç yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova
Rasim Sadıxov
Novruz Kərimov