Məhkəmə qərarları › İş №1(101)-871/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-871/2025

31.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-871/2025 31.01.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), X10 və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Nuşirəvan oğlunun, təqsirlənirilən şəxs Təqsirləndirilən şəxs, müdafiəçi, Bakı şəhəri 2 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1984-cü ildə Beyləqan rayonunun Bahar qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olan, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Beyləqan rayonunun Bahar qəsəbəsində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Südçülük sovxozu, nömrəsiz fərdi evdə yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 19 iyun 2024-cü il tarixdə saat 20 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Heydər Əliyev prospekti 323 ünvanında yerləşən Bakı Olimpiya Stadionunun yaxınlığında avtomobilin içərisində aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı xüsusi amansızlıqla tanışı Zərərçəkmiş şəxs Nuşirəvan oğluna xüsusi əzab verdiyini dərk etdiyi halda, buna məhəl qoymayaraq onu cəzalandırmaq məqsədi ilə əvvəlcədən əldə edərək özü ilə gətirib, əl çantasında saxladığı içərisində aşılandırıcı kimyəvi maddə (kislota) olan plastik butulkanın qapağını açaraq Zərərçəkmiş şəxs Nuşirəvan oğlunun üz və baş nahiyəsinə tökərək, ona sağ sifət-sağ qulaq seyvanı-boyun, döş qəfəsi, sağ bazu, sağ said, sol bazu-çiyin qurşağı, sol said, qarının ön divarı və hər iki bud nahiyələrinin ümumi bədən səthinin 30-35%-ni təşkil edən İİ-İİİ dərəcəli, sağ çiyin qurşağı nahiyəsinin ümumi bədən səthinin 1%-nə qədərini təşkil edən İ dərəcəli kimyəvi yanıq yaraları kimi ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, əri Mehdi Hüseynovla 2005-ci ildə ailə həyatı qurmuş və birgə nigahdan 2006, 2009 və 2010-cu il təvəllüdlü 3 uşaqları olmuşdur. Əri tez-tez evə içkili vəziyyətdə gəldiyindən onunla arasında soyuqluq yaranmışdır. Əri Mehdi öz xalası nəvəsi Zərərçəkmiş şəxslə birlikdə tez-tez spirtli içki qəbul etmişdir. Əslində onun əri Mehdi ilə münasibəti əvvəl yaxşı olmuş, lakin onlarla bir yerdə yaşayan qaynanası Sədaət Hüseynova onların münasibətlərinə çox müdaxilə etmiş, evlərində çox söz-söhbət yaratmış, evlərinə dava salmışdır. Axırıncı dəfə əri Mehdi evə Zərərçəkmiş şəxslə içkili vəziyyətdə gəlmiş, o, Azərə əri Mehdini nəyə görə içirtdiyini demiş, Azər də ona əri Mehdinin onu başqa qadınla aldatdığını, Mehdinin həyatında başqa qadının olduğunu və ona xəyanət etdiyini bildirmişdir. O, Azərə inanmadığını demiş, Azər də ona kiçik sadə mobil telefon verərək əri Mehdinin onu aldatdığını sübut edəcəyini bildirmişdir. Azər həm qohum, həm qonşu olduğuna görə evlərinin bütün sözsöhbətlərini bilmiş, bu səbəbdən o, Azərlə ailə haqda, evdəki əri ilə münasibətləri barədə danışmışdır. Əri Mehdi onun Azərlə danışdığı mobil telefonu evdə tapmış, ona Azərlə əlaqəsinin olduğunu demiş, o da Mehdiyə onu aldatdığını, Azərlə bu barədə danışdıqlarını demiş, əri Mehdi də Azərin ünvanına söyüşlər işlətmiş, onu da döyərək ona qarşı şiddət göstərmişdir. Bundan başqa əri Mehdinin əmisi oğlu İlham da onu vurmuş, sonra onu maşınla atasının evinə aparmışlar, orda da onun üstünə hücum edib döymüşlər. Bundan sonra əri Mehdi ilə boşanmış, uşaqları ataları ilə qalmış, o da atasından icazə alaraq Bakı şəhərinə gəlib istixanada işləməyə başlamış, iş yoldaşları ona köməklik göstərmiş, Bakı şəhərində kirayə ev tutmuş və iş yoldaşları ilə orada yaşamağa başlamışdır. O, Bakıya gələndən sonra keçmiş əri Mehdi və Zərərçəkmiş şəxs Beyləqan rayonunda olmuşlar, Azərlə Mehdi hər dəfə üz-üzə gələndə bir-birilərinə hücum edib dalaşmışlar. O, Mehdiyə zəng vurub uşaqlarını görmək istədiyini, onları yanına buraxmasını deyərkən Mehdi Azərlə dalaşdıqlarını, Azərin onun ünvanına nalayiq sözlər işlətdiyini demişdir. O da Azərə zəng edərək bu məsələni həll etməsini, ona görə ailəsinin dağıldığını demişdir. Əri Mehdi də əgər onun Azərlə heç bir yaxın əlaqəsi olmayıbsa, əgər sevgili olmamışlarsa gedib bunu sübut etməsini demişdir. Bu səbəbdən Azər ona zəng edərkən o, Azərə görüşüb danışmaq istədiyini demişdir. Onun çantasında əvvəlki iş yerindən götürdüyü, içərisində təmizləyici vasitə olan meyvə şirəsi “Cappy”nin qabı olmuşdur. Azər ona zəng vuranda həmin meyvə şirəsi qabında təmizləyici onun çantasında olmuş, Azər ona zəng vurarkən səhər saat 5-dən Bakı şəhərində olduğunu, görüşmək və söhbət etmək istədiyini, ona sözü olduğunu demişdir. O da çantasını götürərək Azərlə görüşə getmiş, Azərin avtomobilinin arxa qapısını açaraq maşına əyləşmiş, Azər maşınını bir qədər irəli sürərək söhbət etmələri üçün saxlamış, həmin vaxt o, çox əsəbi olmuş, uşaqları gözünün qabağına gəlmiş, ona görə nə etdiyini bilməmiş, içərisində kislota olan “Cappy” qabının qapağını açıb, içindəki kislotanı qorxutmaq məqsədilə Azərin üz nahiyəsinə tərəf atmışdır. Bundan sonra maşının qapısını açaraq maşından düşüb oradan qaçmış, sonra isə özü 102-yə zəng edərək Azərin üzərinə kislota atdığını demişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs ailəsinin dağılmasının səbəbkarının Zərərçəkmiş şəxs olduğunu, Azərin ona evində hücum etdiyini, onu döymədiyini, lakin ona qarşı etdiyi hərəkəti burada deyə bilmədiyini, ailəsini geri yığmaq üçün Azəri cəzalandırmaq qərarına gəldiyini, Mehdinin onun qarşısına Azərə nəsə etsə, uşaqlarını görəcəyi şərtini qoyduğunu, əməlindən çox peşman olduğunu, Azərdən üzr istədiyini bildirdi. Bununla yanaşı, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunmuş ifadəsində göstərmişdir ki, 2005-ci il tarixdə X6 ilə ailə həyatı qurmuş, həmin nikahdan onların 2006, 2009, 2010-cu il təvəllüdlü övladları dünyaya gəlmiş və ailədaxili münaqişələr səbəbindən 2023-cü ilin yanvar ayında həyat yoldaşından ayrılmaq qərarına gəlmişdir. Həyat yoldaşı Mehdi Hüseynov onun mobil telefonunda olan həmkəndlisi və tanışı Zərərçəkmiş şəxs arasında olan telefon danışıqlarını aşkar etdikdən sonra ona qarşı inamı azalmışdır. 2022-ci ilin yay aylarında o, yaşadığı evin həyətində yerləşən hamam kimi istifadə etdikləri köməkçi tikilidə olan zaman Zərərçəkmiş şəxs səssiz olaraq hamama daxil olaraq onun istəyi olmadan onunla cinsi əlaqədə olmuş, o, ailəsinin dağılmasından qorxduğu üçün bu barədə həyat yoldaşına heç bir məlumat verməsə də, Zərərçəkmiş şəxs ilə onun arasında olan telefon danışıqlarının Mehdi tərəfindən aşkar edilməsindən sonra o, Azərin onun razılığı olmadan zorla onunla cinsi əlaqədə olmasını həyat yoldaşına demişdir. Onunla Zərərçəkmiş şəxs arasında yaşanmış hadisənin məlum olmasından sonra Mehdi Hüseynov onunla birlikdə yaşamaq istəməmiş, onu evdən qovmuş və o, ailəsinin dağılmasını istəmədiyi üçün Zərərçəkmiş şəxs barəsində Beyləqan rayon prokurorluğuna müraciət etmiş və eyni zamanda “Xəzər” televiziyasında yayımlanan televiziya proqramlarında çıxış edərək Zərərçəkmiş şəxs onun ailəsinin dağılmasında əsas səbəbkarın olmasını bildirmişdir. O, ailəsinin dağılmasında Zərərçəkmiş şəxs günahkar bildiyi üçün onunla görüşmək qərarına gəlmiş və Azərə məxsus mobil telefon nömrəsinə “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə zəng edərək onunla görüşmək istədiyini bildirmiş və Azərlə 19 iyun 2024-cü il tarixdə saat 20:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Heydər Əliyev prospekti 323 ünvanında yerləşən “Olimpiya” stadionunun yaxınlığında “Socar” YDM-in qarşısında görüşüb Azərin idarə etdiyi “Mercedes Benz E-240” markalı **-FK-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağına əyləşmişdir. O, Zərərçəkmiş şəxs avtomobili bir qədər irəlidə saxlamasını xahiş etmiş, Azər avtomobili yolun hərəkət hissəsinin sağ kənarında saxladıqdan sonra o, planlı şəkildə iş yerindən gətirdiyi 500 ml həcmli plastik “Cappy” meyvə suyu qabında saxladığı aşılandırıcı mayeni Azərin baş nahiyəsinə tökmüş, plastik qabı avtomobilə atıb avtomobildən enərək DİN-nin “102” XZM-ə zəng edərək hadisə barəsində məlumat vermiş və könüllü olaraq Xəzər RPİ-nin 1-ci Polis şöbəsinə gedərək izahat vermişdir (cild 1, iş vərəqi 85-87). Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Nuşirəvan oğlu ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əri Mehdidən boşandıqdan, uşaqları Mehdinin yanında qaldığından, Beləqan Rayon Məhkəməsi hər uşaq üçün Həcərdən 80 manat aliment alınması barədə qərar qəbul etmişdir. 15 may 2024-cü il tarixində Həcər ona zəng edərək məhkəmənin kəsdiyi alimenti ödəyə bilmədiyini, əri Mehdinin hər gün ona “Whatsapp”da yazaraq alimenti ödəməsini tələb etdiyini, cavab vermədikdə yenidən yazıb sual işarələri qoyduğunu demiş və onunla görüşmək istədiyini, alimentin ödənilməsində ona kömək etməyini bildirmişdir. O da Həcərə: “Mehdi kimdir ki, mən gedib ona aliment ödəyim, 2 metr boyu var, gedib özü işləyib uşaqlarını saxlasın, saxlaya bilmir uşaqları sənə versin” demişdir. Lakin Həcər ondan əl çəkməmiş, görüşmək istədiyini demişdir. Sonuncu dəfə 19 iyun 2024-cü il tarixdə Bakıda olduğu vaxt Həcər ona “Whatsapp” vasitəsilə yığaraq yenə görüşmək istədiyini demiş, o da “Əzizbəyov” tərəfə gəlmişdir. O, Həcərdən şübhələnmişdir. Belə ki, Mehdi Həcərdən ona qarşı çox istifadə etmiş, bu səbəbdən o, yanacaq dolurma məntəqəsinin içərisinə gəlmiş, orada adam çox olmuş, oraya çatarkən Həcərin artıq orada gözlədiyini görmüşdür. Maşınla Həcərə yaxınlaşmış, Həcər maşının arxa qapısını açıb maşına əyləşmişdir. Həcərdən oraya kimlə gəldiyini soruşmuş, Həcər ona tək, 1 manatlıq taksi ilə gəldiyini demiş, sonra Həcər ona maşını bir qədər irəliyə sakit yerə sürməyini demiş, o da maşını bir qədər irəliyə sürərək saxlamış, arxaya çönüb Həcərdən nə baş verməsini soruşarkən, Həcər çantasından “Cappy” qabının çıxarıb qapağını açaraq ona uzatmış, su içmək istəyib-istəmədiyini soruşmuş, o da şübhələndiyindən içmək istəmədiyini demiş, bundan sonra Həcər bir dəfə “Cappy” qabının içərisindəki mayeni onun üstünə tökmüş, sonra isə qabı üstünə ataraq maşından düşüb qaçıb getmişdir. Bundan sonra o, maşınında 2 litrlik qabda olan su ilə üzünü yumuş, maşınını işə salıb hərəkətə gətirmək istəyərkən, sürətlər qutusu dəyişməmiş və maşın hərəkət etməmişdir. Həcərin tökdüyü kislotaya görə maşının sürətlər qutusu, sobası və salonda başqa yerlər yanaraq yarasız vəziyyətə düşmüşdür. Bundan sonra tez Xətai rayonunda yaşayan qardaşına zəng vurmuş, qardaşı hadisə yerinə gələrək onu xəstəxanaya aparmışdır. Hadisə nətcəsində üzü, qolları, ayaqları və bədəni yanmış, ilk əvvəl bədəninin maye dəyən yerlərində göynəmələr olmuş, qardaşının apardığı xəstəxanadan sonra Zərifə Əliyeva adına göz xəstəxanasına getmiş, orada gözlərini aparat vasitəsilə yoxlamışlar və gözlərinin üst qatının yandığını bildirmişlər. Oradan 5 №-li xəstəxanaya getmiş, orada həkim tez onu palata yerləşdirmək barədə göstəriş vermişdir. O, həkimdən nə qədər xəstəxanada qalacağını soruşduqda, həkim 1-2 ay xəstəxanada müalicə olunmalı olduğunu demiş, o, həkimin bu sözündən təəccüblənərək bədənində yalnız qızartı izləri olduğunu, nəyə görə bu qədər xəstəxanada qalmalı oluğunu soruşarkən, həkim ona bu xəsarətlərin hələ sonrakı günlərdə vəziyyətinin necə olacağını gözləməyini demişdir. Həqiqətən də xəstəxanaya gəldikdən 2-3 gün sonra çox pis ağrıları başlamışdır. Hazırda bədəni hələ sağalmamışdır. Təqsirləndirilən şəxs ilə də barışmamışdır. O, müalicəsi üçün hal-hazıradək 10000 manatadək pul xərcləmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq zərərçəkmiş şəxs Ağayev X2 atası ilə onun atasının xalaoğlu olduqlarını, Mehdi ilə əvvəllər heç bir ədavətinin olmadığını, Təqsirləndirilən şəxs ilə sevgili münasibətinin olmadığını, Mehdinin Həcərin gizlin işlətdiyi və onunla danışdığı mobil telefonu tapdığını və onunla Həcərin arasında nəsə olması barədə fikirləşdiyini, əslində isə aralarında heç nə olmadığını, Mehdinin sonra Həcəri çox döyüb incitdiyini, Həcərin başına tüfəng çəkərək zorla aralarında sevgili münasbəti olması barədə etirafedici sözər dedizdirərək Həcərin səsini yazdığını, sonra həmin səsdən ona qarşı istifadə etdiyini, sonuncu dəfə Həcərə onun zəng vurmadığını, Həcərin ona zəng vurduğunu, Həcərin ona zəng edərək onunla söhbəti olduğunu dediyini, o nə ilə bağlı söhbət etmək istədiyini soruşarkən, telefon söhbəti olmadığını, görüşüb söhbət etməklərini, alimentlə bağlı danışacaqlarını dediyini, heç vaxt Həcərə aliment məsələsində köməklik etmədiyini, heç vaxt maddi yardımının dəymədiyini, onun Həcərlə heç bir münasibətinin olmadığını, Həcərin nəyə görə ondan kömək istədiyini bilmədiyini bildirdi. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 16:23 radələrində vətəndaş X4 DİN-nin 102 xidmətinə zəng edərək Həcər adlı qadının onun qardaşının üzünə kislota atması barədə məlumat vermişdir (cild 1, iş vərəqi 4). - vətəndaş Zərərçəkmiş şəxs Nuşirəvan oğlunun xx.xx.2024-cü il tarixli ərizəsidən görünür ki, xx.xx.2024-cü il tarixdə “Olimpiya” stadionunun qarşısında Təqsirləndirilən şəxs onun sifətinə kislota ataraq sifətini və bədənini yandırmışdır. Təqsirləndirilən şəxs məsuliyyətə cəlb edilməsini xahiş etmişdir (cild 1, iş vərəqi 5). - hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, “Olimpiya” stadionunun qarşısında baxış keçirən zaman müəyyən edilmişdir ki, iki tərəfli asfalt örtüklü yolun sağ kənarında 500-600 metr aralıqda yerləşən “Olimpiya” stadionu yerləşdir. Hadisə yerinə baxış keçirilən zaman sübut əhəmiyyət kəsb edən əşya aşkar edilməmişdir (cild 1, iş vərəqi 8-10). - xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 20:44-də Xaşaxuna bağlarında yaşayan Təqsirləndirilən şəxs DİN-nin 102 xidmətinə zəng edərək Zərərçəkmiş şəxs adlı şəxsin ona zəng edərək narahat etməsi səbəbilə sonuncunun üzərinə kislota tökdüyünü bildirmişdir (cild 1, iş vərəqi 15). - Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, əvvəllər tanıdığı Zərərçəkmiş şəxs Nuşirəvan oğlu onu telefon vasitəsilə zəng edərək narahat edirmiş. Eyni zamanda onu və uşaqlarını nalayiq sözlərlə təhqir edirmiş. Zərərçəkmiş şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir (cild 1, iş vərəqi 16). - xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 23:00-da 2 saylı TTYS-dən həkim Muxtarzadədən (**********) məlumat daxil olmuşdur ki, xx.xx.1984cü il təvəllüdlü Zərərçəkmiş şəxs Nuşirəvan oğlu sağ gözün kimyəvi yanığı ilə müraciət etmişdir (cild 1, iş vərəqi 18). - məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 1516 nömrəli rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs Nuşirəvan oğlunda sağ sifət-sağ qulaq seyvanı-boyun, döş qəfəsi, sağ bazu, sağ said, sol bazu-çiyin qurşağı, sol said, qarının ön divarı və hər iki bud nahiyələrinin ümumi bədən səthinin 30-35%-ni təşkil edən İİ-İİİ dərəcəli; sağ çiyin qurşağı nahiyəsinin ümumi bədən səthinin 1%-nə qədərini təşkil edən İ dərəcəli kimyəvi yanıq yaraları müəyyən edildi. Xəsarətlər aşılandırıcı kimyəvi maddənin təsirindən törənmişdir, qərarda göstərilən və şəxsin qeyd etdiyi xx.xx.2024-cü il tarixə və şəraitə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aiddir.

2. Xarakter və lokalizasiyasına görə xəsarətlərin müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur.

3. Vət. Zərərçəkmiş şəxs Nuşirəvan oğlunun sifət nahiyəsində olan yanıq xəsarətləri vaxt keçdikcə öz gedişləri boyu və eləcə də qeyri-cərrahi vasitələrlə əhəmiyyətli dərəcədə bərpa olunan, çəkilib gedən xəsarətlər olduğundan bu xəsarətlər sifətin silinməz xəsarətlərinə aid edilmir (cild 1, iş vərəqi 26-28). - ittiham elan etmək üçün şübhəli şəxs barəsində axtarış elan edilməsi və tutulması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, xx.xx.1984-cü ildə Beyləqan rayonu, Bahar qəsəbəsində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, Beyləqan rayonu, Bahar qəsəbəsində qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində tutulmaqla axtarış elan edilmişdir (cild 1, iş vərəqi 34). - Zərərçəkmiş şəxs Nuşirəvan oğlunun xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, məlum cinayət hadisəsinə görə onun sağlamlığına zərər dəymişdir. Odur ki, ********* nömrəli cinayət işi üzrə onu zərərçəkmiş şəxs qismində tanınmasını, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir (cild 1, iş vərəqi 38). - zərərçəkmiş şəxs qismində tanımaq haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs Nuşirəvan oğlu zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, iş vərəqi 39-41). - axtarışda olan şəxsin tutulması barəsində xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Sabunçu RPİ İstintaq şöbəsi tərəfindən ********* nömrəli cinayət işi üzrə CMnin 126.1-ci maddəsi ilə təqsirləndirilən, xx.xx.1984-cü il təvəllüdlü, Xəzər rayonu, X15 nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs Sabunçu rayonu ərazisində saxlanılaraq MSY-nə təhvil verilməsi üçün 12-ci Polis şöbəsinə gətirilmişdir (cild 1, iş vərəqi 52). - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (cild 1, iş vərəqi 73-74). - doğum haqqında şəhadətnamələrdən görünür ki, X7 (xx.xx.2010-cü il), X11 (xx.xx.2016-cı il) və X1 xx.xx.2009-cu il) valideynləri X8 (atası) və Təqsirləndirilən şəxsdır (anası) (cild 1, iş vərəqi 89-91). - cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, vətəndaş Təqsirləndirilən şəxs əri Mehdi tərəfindən öldürülməklə hədələnməsi barədə Beyləqan rayon Polis şöbəsinə daxil olmuş müraciətləri əsasında toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət işinin başlanması rədd edilmişdir (cild 1, iş vərəqi 92-94). - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(008)-504/2024 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin olunmamış, Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş və qətimkan tədbirinin əvvəli 20 avqust 2024-cü il tarixdən, saat 18:00-dan hesablanmışdır (cild 1, iş vərəqi 99-110). - xx.xx.2024-cü il tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs Sabunçu rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqinin çağırışlarına vaxtlı-vaxtında gələcəyi barədə öhdəlik götürmüşdür (cild 1, iş vərəqi 111). - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 112-113). - Sabunçu RPİ-nin 12-ci Polis şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, 19 iyun 2024-cü il tarixdə vətəndaş Təqsirləndirilən şəxs vətəndaş Zərərçəkmiş şəxs Nuşirəvan oğlunun üzərinə Sabunçu rayonu, Heydər Əliyev prospekti 323 ünvanında yerləşən "Socar" YDM-in qarşısında aşılandırıcı maye tökərək ona ağır xəsarət yetirməsi faktı ilə bağlı həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni görən şəxsləri müəyyən etmək mümkün olmamışdır (cild 1, iş vərəqi 114). - xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı X12, həmin arayışı tərtib etmişdir, ondan ötrü ki, icraatında olan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs ilə istintaq hərəkətlərinin keçirilməsi zərurəti yarandığı üçün 07 sentyabr 2024-cü il tarixdə onun istifadəsində olan ***-***-**-** nömrəsinə istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Sabunçu rayon Polis İdarəsinə gəlməsini və istintaq hərəktlərinin keçirilməsini bildirmək üçün zəng etmiş, lakin həmin nömrəyə zəng çatmadığı üçün Təqsirləndirilən şəxs ilə əlaqə saxlamaq mümkün olmamışdır (cild 1, iş vərəqi 115). - Sabunçu RPİ-nin 12-ci Polis şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ********* nömrəli cinayət işi üzrə 09 sentyabr 2024-cü il tarixli tapşırığın icrası ilə əlaqədar olaraq keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı ünvanda olmaması müəyyən edilmiş və onun olduğu yerin müəyyən edilməsi mümkün olmamışdır (cild 1, iş vərəqi 119). - qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və tutulması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qətimkan tədbirinin şərtlərini pozduğuna görə barəsində tutulmaqla axtarış elan edilmişdir (cild 1, iş vərəqi 120-121). - Zərərçəkmiş şəxs Nuşirəvan oğlunun xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Beyləqan rayonu, Birinci Şahsevən kəndində yaşayır. Ailəlidir. İki övladı var. İki ilə yaxındır ki, kənd sakini X6 ilə aralarında aldığı borc pulu qaytarmadığı üçün yaranmış mübahisə sonralar Mehdinin ona qarşı atdığı çoxlu şər-böhtan və başqa təhqiramiz hərəkətlər nəticəsində, demək olar ki, düşmənçilik həddinə çatmışdır. Artıq onun tərəfdarı olan bir neçə nəfərlik qrup onu daimi ölümlə hədələyirmişlər. 19 iyun 2024-cü il tarixdə bu məqsədlə həmin qrupun tapşırığı ilə onu öldürmək məqsədi ilə hazırladıqları sui-qəsdi yerinə yetirmək üçün həmin qrupun üzvü Təqsirləndirilən şəxs vasitəsi ilə onların tapşırığına görə onun üstünə kislota məhlulu atmaqla ona ciddi bədən xəsarəti yetirməyə nail olmuşlar. O, iki aya yaxın Bakı şəhəri 5 saylı xəstəxanada müayinə və müalicə olunmuş və həkimlərin sayəsində ölümdən dönmüşdür. Faktla əlaqədar Bakı şəhəri Sabunçu rayonu 12-ci Polis şöbəsində araşdırılma aparılsa da, bu işə laqeyd yanaşılması hiss olunur. Hadisədən iki ay keçməsinə baxmayaraq cinayət hadisəsini törədən şəxslər barədə heç bir tədbir görülmür, elə bir ciddi nəticə yoxdur. Bu məsələ ilə əlaqədar, cinayətkarlar barədə lazımi tədbir görülməsinə köməklik edilməsini xahiş etmişdir (cild 1, iş vərəqi 129). - axtarışda olan şəxsin könüllü gəlməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikasının CM-nin 126.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs könüllü olaraq Sabunçu rayon Polis İdarəsinə gələrək daimi yaşadığı ünvanda bir müddət yaşamadığından, istifadəsində olan mobil telefon nömrəsini işlətmədiyi üçün istintaq orqanının çağırışlarından məlumatının olmadığını, polis əməkdaşları tərəfindən axtarıldığını bildiyi üçün könüllü olaraq istintaq orqanına gəldiyini, bundan sonra da bütün çağırışlara vaxtında gələcəyini bildirmişdir (cild 1, iş vərəqi 148). - əməlin tövsif edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsindən, həmin Məcəllənin 126.2.3-cü maddəsinə tövsif edilmişdir (cild 1, iş vərəqi 155-156). - təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham dəyişdirilərək o, Azərbaycan Respublikası CM-nin 126.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (cild 1, iş vərəqi 158-159). - ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 2977 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs ilə istintaq hərəkətlərinin aparılması mümkündür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 175-176). - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.3-cü maddəsi ilə nəzərdə tutulan ittiham və barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri nəzərə alınmış, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 29,120, 221.3 və 228.4-cü maddələri ilə nəzərdə tutulan cinayətin tərkib hissəsi aşkar olmadığından barəsində həmin fakta görə cinayət təqibinin başlanması rədd edilmiş, CM-nin 126.2.4-cü maddəsinin tərkib hissəsi aşkar olmadığından həmin xüsusat üzrə barəsində cinayət təqibinə xitam verilmişdir (cild 1, iş vərəqi 178-183). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2002-ci il tarixli 3 saylı Qərarının 8-ci bəndində məhkəmələrə tövsiyə edilir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi ilə zərərçəkmişin xüsusi amansızlıqla həyatdan məhrum edilməsi əhatə olunmuşdur. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Ali Məhkəmə Plenumunun qeyd olunan mövqeyini nəzərə alan məhkəmə belə hesab edir ki, həmin tövsiyələr qəsdən adam öldürmə işləri üzrə verilsə də, qəsdən sağlamlığa ağır zərər vurma cinayətləri üzrə də xüsusi amansızlığın mahiyyəti eynidir. Bu səbəbdən, məhkəmə hazırkı iş üzrə sübutları məcmu halında qiymətləndirərkən, eyni zamanda Ali Məhkəmə Plenumunun həmin tövsiyələrini də nəzərə alır. Zərərçəkmiş şəxsə ağır xəsarət yetirmə fikrinin olmaması, sonuncunu ancaq qorxutmaq istəməsi barədə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadələrinə məhkəmə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadələri özünü müdafiə xarakteri daşımaqla ağır cinayət törətdiyinə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaq və cəzasını yüngülləşdirmək məqsədi daşıyır və özünün ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, hadisədən əvvəl təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs arasında qarşılıqlı münasibətlər kəskin şəkildə pisləşmiş, təqsirləndirilən şəxslə əri arasındakı nikah pozulmuş və təqsirləndirilən şəxs ailəsinin dağılmasında və uşaqlarından ayrı düşməsində səbəbkar kimi Zərərçəkmiş şəxs görmüş, bu səbəbdən o, zərərçəkmiş şəxsdən qisas almaq qərarına gəlmiş və bunun üçün əlverişli məqam axtarmışdır. Nəhayət o, zərəçəkmiş şəxslə görüş təyin edərək meyvə şirəsi qabına aşılandırıcı maye olan kisota tökərək cinayətə hazırlıq tədbirləri görmüş, həmin mayeni özü ilə götürüb, hadisə yerinə gələrək Zərərçəkmiş şəxslə sonuncunun avtomobilində görüşmüş, bu vaxt o, özü ilə gətirdiyi aşılandırıcı mayeni Zərərçəkmiş şəxs Nuşirəvan oğlunun üzərinə tökərək sonuncunun sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə həmçinin o nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Nuşirəvan oğlunun bədəni üzərinə aşılandırıcı maye tökərkən həmin mayenin zərərçəkmiş şəxsə şiddətli ağrılar, əzab verəcəyini dərk etmiş, lakin qisas hissi təqsirləndirilən şəxsin iradəsinə hakim olduğundan o, öz hərəkətlərini davam etdirərək başa çatdırmışdır. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xüsusi amansızlıqla, yəni zərərçəkmiş şəxsə ağır iztirablar verməklə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurması kifayət qədər sübuta yetirilir, Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirlidir, həmin əməllər birbaşa qəsdlə törədilmişdir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, əməlindən peşman olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsinin sanksiyasında altı ildən on bir ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayət kimi təsnif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzalarının ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, ev dustaqlığında və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmənin qərarından görünür ki, Təqsirləndirilən şəxs 20 avqust 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, o həbsdən azad edilmiş, qətimkan tədbirinin əvvəli 20 avqust 2024-cü ildən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq ev dustaqlığında saxlanılmışdır (cild 1, iş vərəqi 52, 99-110). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməli, onun barəsində həbs qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından həbsə alınaraq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına yerləşdirilməlidir. Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 20 avqust 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Məhkəmənin 31 yanvar 2025-ci ildə baş tutmuş iclasında Zərərçəkmiş şəxs Nuşirəvan oğlu məhkəməyə mülki iddia ərizəsi təqdim edərək cinayət nəticəsində təqsirləndirilən şəxs - cavabdeh Təqsirləndirilən şəxs onun səhhətinə vurduğu ziyana görə 3200 manat, səhhətinin gələcəkdə bərpası üçün 2500 manat, gözünün bərpa edilməsi üçün 800 manat, maşınına vurulmuş maddi ziyana görə 1300 manat və əmək fəaliyyətində ola bilmədiyi üçün 1600 manatın, cəmi 9400 manatın alınıb ona ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, məhkəmə iclasında zərərçəkmiş şəxs tərəfindən təqdim edilən mülki iddia ərizəsinin icraata qəbul edilib-edilməməsi məsələsini müzakirə edərək onu icraata qəbul etmiş, Zərərçəkmiş şəxs Nuşirəvan oğlu mülki iddiaçı qismində, Təqsirləndirilən şəxs isə mülki cavabdeh qismində tanınmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar həmin Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 185 və 354-cü maddələrinə əsasən cinayət mühakimə icraatı zamanı məhkəmə mülki iddiaçının vəsatəti ilə verilmiş mülki iddianın təmin edilməsi üçün tədbirlər görməli, hökmdə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi və ya iddianın rədd edilməsi, yaxud iddianın baxılmamış saxlanması barədə qərarlardan birini qəbul etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarında məhkəmələrə tövsiyə edilir ki, cinayət-prosessual qanuna əsasən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində mülki iddianın tam və ya qismən təmin edilməsi və yaxud rədd edilməsi üzrə motivlərini, müvafiq maddi və prosessual hüquqi normaları və zəruri hallarda təmin edilmiş tələblərə aid olan hesablamaları göstərməklə gəldiyi nəticəni əsaslandırır. Belə əsaslandırma aparılarkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud əməlin törədilməsi ilə əlaqədar vurulmuş ziyanın xarakteri və təmin edilməli olan tələblər üzrə ödənişlərin məbləği (o cümlədən, mülki cavabdeh mülki iddianı qəbul etdiyi hallarda) məhkəmə baxışında tədqiq edilmiş sübutlar göstərilməklə onların məcmusu ilə əsaslandırılmalıdır. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq, eləcə də zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs Nuşirəvan oğlunun mülki iddiasını iş materialları ilə əlaqəli şəkildə tədqiq edərək bu hissədə də yekun hüquqi nətiəcəyə gəlmişdir. Qeyd olunan mülki iddia ilə bağlı məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iş üzrə təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs törətdiyi cinayət nəticəsində zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs Nuşirəvan oğlunun səhhətinə 3200 (üç min iki yüz) manat məbləğində ziyan vurulmuşdur, buna görə də həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs Nuşirəvan oğluna ödənilməlidir. Məhkəmə hesab edir ki, mülki iddia qalan hissədə baxılmamış saxlanılmalıdır. Belə ki, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs Nuşirəvan oğlunun iddia tələbini digər hissələrdə təsdiq edə biləcək hər hansı sübutu, sənədi məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. Ona görə də, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs Nuşirəvan oğluna mülki iddiasının təmin olunmadığı hissəsində sonradan mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilməlidir. İş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 20 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin və barəsində həbs qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından həbsə alınsın və saxlanılması üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına yerləşdirilsin. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs Nuşirəvan oğlunun mülki iddiası qismən təmin edilsin. Cinayət nəticəsində zərərçəkmiş şəxsin səhhətinə vurduğu zərərə görə mülki cavabdeh Təqsirləndirilən şəxs 3200 (üç min iki yüz) manat məbləğində pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs Nuşirəvan oğluna ödənilsin. İş üzrə zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs Nuşirəvan oğluna iddia tələbinin təmin olunmadığı hissəsində mülki mühakimə icraatı qaydasında sonradan mülki iddia vermək hüququnun olması izah edilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakimlər: (Sədrlik edən) Telman Hüseynov

Aygün Qurbanova

Fərid Namazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar