Məhkəmə qərarları › İş №1(101)-872/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-872/2021

28.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-872/2021 28.07.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Hüseynova Aytac Faiq qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi: Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə xx xxxx 1983-ci ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 86, İnzibati Binada pasport qeydiyyatında olan, Xəzər rayonu, Türkan qəsəbəsi, Üzümçülük sovxozu, özəl tikililərdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə 10 iyun 2020-ci il tarixdə saat 22:30 radələrində ünvan 1 ünvanında Zərərçəkmiş şəxs idarə etdiyi “Reno” markalı **-VJ-*** dövlət nömrə nişanlı avtomobildə sərnişin qismində əyləşərkən özündə olan istintaqa məlum olmayan iti uclu əşyadan silah qismində istifadə edərək Zərərçəkmiş şəxs sağ böyür nahiyəsinə dirəməklə hücuma məruz qalmış şəxsin həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı basqın edərək sonuncuya məxsus, avtomobilin salonunun dirsəkaltı hissəsindən 325 manat pulu və qabaq alın aynasına maqnitlə bərkidilmiş 01 ədəd 240 manat dəyərində “Xiaomi” markalı “Redmi Note 8 T” modelli, üzərində zərərçəkmiş şəxsin deməsinə görə 5 manat dəyərində ***-***-**-** nömrəli, 2 manatlıq danışıq konturu olan 860-396-042-809-815 və 860-396-042-809- 823 imei kodlu mobil telefonunu talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 572 manat dəyərində maddi ziyan vurub hadisə yerindən qaçmaqla quldurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 2020-ci il 10 iyun tarixdə saat təxminən saat 14-15 radəsində Xəzər rayonu, Türkan qəsəbəsi, Üzümçülük Sovxozunda idi, həmin günü saat təxminən 14-15 radələrində istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə *8777 saylı taksi xidmətinə müraciət edərək, taksi sifariş etdi. Sifarişi Türkan qəsəbəsi, X2 metrostansiyasına və 20 yanvar dairəsinə sifariş etdi, zəngindən təxminən 20 dəqiqə sonra adını sonradan bildiyi Zərərçəkmiş şəxs idarə etdiyi taksi fəaliyyəti ilə məşğul olduğu Reno markalı 99-VJ 256 dövlət nömrə nişanlı avtomaşını ilə gəldi. Bundan sonra həmin Reno markalı 99-VJ 256 dövlət nömrə nişanlı avtomaşının qabaq salonuna əyləşdi, maşına əyləşəndən sonra ilk öncə həmin taksi ilə Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən Kitay Restoranın qarşısına getdilər ki, orada tanışı Fuadla görüşsün və Fuadın vasitəsilə ona məxsus olan Kitay istehsalı mobil telefonunu satsın. O Fuada həmin zaman zəng etsə də Fuad ona cavab vermədi. Fuad gəlmədiyindən yenidən taksiyə əyləşib 20 yanvar metrosu yaxınlığına gəldi, həmin zaman, yəni taksi sifariş edib şəhərə gələn zaman özündə olan markasını xatırlamadığı Kitay istehsalı olan mobil telefonu satmaq istəyirdi. 20 yanvar dairəsi yaxınlığına gələndə telefonunda şəbəkə olmadığından heç yerə zəng edə bilmədi və buna görə də taksi sürücüsü Rövşənin mobil telefonunu istədi. Rövşən ona öz telefonunu verəndən sonra Rövşənin mobil telefonu ilə tanışı Fuadın nömrəsinə zəng etdi və Fuada nəyə görə görüş yerinə gəlmədiyini soruşanda, Fuad dedi ki, işi olduğundan gələ bilməyib. Bundan sonra Rövşənin icazəsi ilə Rövşənin telefonunu əlində saxlamaqla 20 yanvar metrosunun yeraltı keçidinin çıxışı istiqamətində irəlilədi və orada tanımadığı şəxsə Rövşənin telefonunu 100 manata satdı. Telefonu satandan sonra başqa bir yol maşını ilə çıxıb getdi, bundan sonra Rövşəni görmədi. Rövşəni silahla hədələməmişdir, üzərində silah olmayıb. Rövşəni maşınında hədələyib onun pulunu və telefonunu almamışdır. O, öz iradəsilə ona telefonunu maşından kənarda vermişdir. Əməlindən peşmandır. Məhkəmə iş materiallarını araşdıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs oğlu ifadəsində göstərmişdir ki, o hadisə olduğu vaxt taksi şirkətində işləyirdi. Türkan qəsəbəsi, Üzümçülük sovxozundan Nərimanov rayonuna marşrut hərəkəti sifarişi daxil oldu. O da sifarişi qəbul edib həmin ünvana gedib marketin qarşısından əvvəllər tanımadığı və adını sonradan bildiyi Xəyalı götürdü. Xəyal maşına əyləşdikdən sonra bir neçə yerə getməli olduğunu dedi, buna görə də o da ona sifarişi ləğv etməyi təklif etdi və o da qəbul etdi. Xəyalı maşınla ilk növbədə Nərimanov rayonuna, sonra Gənclik metrosu yaxınlığına, daha sonra isə Abşeron rayonu, Sulu Təpə qəsəbəsinə gətirdi. Abşeron rayonu, Sulutəpə qəsəbəsində olarkən Xəyal ondan maşını saxlamağı və həmin ərazidə bir dostu ilə görüşəcəyini dedi. O maşını saxladı, maşından düşdükdən sonra Xəyal dostuna zəng etməli olduğunu bildirib ondan telefonunu ona verməyini xahiş etdi. O da telefonunu verdi və özü də bir az kənarda dayandı, lakin Xəyalın kimləsə görüşməsini görmədi. Bir az sonra Xəyal qayıtdı və yenidən avtomobilə əyləşdi. Təqribən 2-3 saat müxtəlif yerlərə getdilər və axşam saatlarında avtomaşınla Nəsimi rayonu, 20 yanvar metrosu yaxınlığına gəldilər. Xəyal orada telefonunu yenidən verməyini xahiş etdi və o da ona telefonunu verdi. Bundan sonra 20 Yanvar metrosunun yanında bir nəfər ilə görüşəcəyini deyib ondan uzaqlaşdı. Sonra qayıdıb telefonunu ona verdi və yenidən getdi. Bundan sonra gəldi və işinin alınmadığını və gedə biləcəyini dedi və maşına əyləşdi. O maşını idarə edərkən, sola baxanda Xəyal əli ilə ona sağ tərəfdən toxundu və “tərpənmə” dedi. Bundan sonra o, telefonu və qabaq oturacaqlarının arasında olan qoltuqaltı saxlanc yerində olan 325 manat pulları götürüb qaçdı. Sonra Xəyalın yaşadığı Türkan qəsəbəsi, Üzümçülük Sovxozuna dostu İlqarla gəldi, bir neçə nəfərlə maraqlanandan sonra Xəyalın evini tapıb onun evinə gəldi. Xəyalın evinə gələndə Xəyal evdə yox idi, o hadisəni Xəyalın anasına danışdı, lakin Xəyalın anası “istəyirsənsə polisə şikayət et” dedi. O da bundan sonra DİN-nin 102 zəng xidmətinə zəng edib məlumat verdi. Hazırda təqsirləndirilən şəxslə barışmış, 325 manat pulu geri qaytarılmış və telefonunun dəyəri miqadarında 465 manat pul ona geri ödənmişdir, buna görə də Xəyala qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsində qanuna uyğun cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o Nəsimi rayonu, 20 Yanvar metrosu yaxınlığı, Velotrek ticarət mərkəzinin 1-ci girişinin sol tərəfində olan 1-ci telefon mağazasında telefon və telefon aksesuarlarının satışı ilə məşğul olur. Xəyal isə onun müştərilərindən biri olub və ondan dəfələrlə telefon aksesuarları alıb. Xəyal sonuncu dəfə yanında tanımadığı bir şəxslə işlədiyi mağazaya gəldi. Həmin vaxt Xəyal özünə məxsus olduğunu bildirdiyi telefonu almağı ona təklif etdi. O da sənədləşdirmə ilə həmin telefonu 180 manata aldı. Lakin həmin telefonun alışı zamanı sənədləşdirmə Xəyalın yanında gələn tanımadığı şəxsin şəxsiyyət vəsiqəsi vasitəsilə olundu. Bundan sonra həmin telefonu 220 manata başqasına satdı. Bir neçə gün sonra onu polis əməkdaşları polis bölməsinə çağırdılar və o da gedib həmin telefonun alışı ilə əlaqədar sənədləri polis əməkdaşlarına təhvil verdi. Onun Xəyalın həmin telefonu oğurluq yolu ilə əldə etməsindən xəbəri yox idi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 2020-ci il 10 iyun tarixdə saat təxminən 06 radəsində evdən çıxaraq işlədiyi Səbail rayonunda yerləşən 7 saylı MİKS-ə getdi, saat 19 radəsində isə evə qayıtdı. O həmin gün işdən yaşadığı evə gələndə əri Xəyal evdə yox idi, işdə olan zamanda dəfələrlə Xəyal ilə mobil nömrəsi ilə danışırdı. Xəyal tez-tez evə gəlməməsi onun üçün adi hal olduğundan Xəyalın həmin gün evə gəlməməsi onun üçün adi bir hala çevrilmişdi. Həmin gün axşam saat 22-23 radələrində o evdə olan zaman Zərərçəkmiş şəxs yaşadığı evə gələrək, bildirdi ki, əri Xəyal onun mobil telefonunu aparıbdır. Rövşən yaşadığı evə gələn zaman onun yanında İlqar adlı tanışı var idi, Rövşən və İlqar Xəyalın harada olmasını ondan soruşsalar da, Xəyalın harada olmasını bilmədiyini bildirdi. Həmin zaman Rövşən şikayət edəcəyini bildirdi. O da Rövşənə heç bir söz demədi, bir neçə saatdan sonra Rövşən polis əməkdaşları ilə yaşadığı evə gəldi, bundan sonra, Rövşən və polis əməkdaşları ilə 19-cu PŞ-nə getdi, hətta polisə gedən zaman da Xəyala zəng edib bu barədə bildirdi, hətta Rövşəndən xahiş etdi ki, şikayət etməsin, Rövşənin mobil telefonunu alıb verəcək. Xəyalın Rövşənə qarşı cinayət etməsini biləndən sonra bir evin xanımı kimi əri Xəyalın tutulmasını istəmədi, buna görə də Rövşəndən xahiş edərək şikayət etməməsini və Rövşənə mobil telefon alacağını dedi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, mən Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Bölməsində baş əməliyyat müvəkkili işləyir. Onun xidmət etdiyi inzibati ərazidə 2020-ci il 10 iyun tarixdə quldurluq hadisəsinin baş verməsi barədə 102 zəng xidmətinə məlumat daxil olmuşdu. Zərərçəkmiş şəxs verdiyi məlumat əsasında Təqsirləndirilən şəxs şəxsiyyətini və onun yaşadığı yeri müəyyənləşdirdilər. Dəfələrlə Təqsirləndirilən şəxsı tutmaq üçün onun yaşadığı Xəzər rayonu, Türkan qəsəbəsi, Üzümçülük sovxozu özəl tikililərdə olan evinə getsələr də, onu tapa bilmədilər. Bundan sonra ona əməliyyat yolu ilə məlum oldu ki, Təqsirləndirilən şəxs gecə evinə gəlsədə, səhər tezdən evdən çıxır və onu yaşadığı ərazidə tapmaq çətin olur. Bundan sonra onun, 19-cu Polis Şöbəsinin əməliyyat müvəkkilləri Şahid4 və Şahid3 iştirakı ilə 2020-ci il 16 iyun tarixdə saat 05:00 radəsində Təqsirləndirilən şəxs yaşadığı Xəzər rayonu, Türkan qəsəbəsi, Üzümçülük sovxozu özəl tikililərdə olan evinə gəldilər, özlərini təqdim edərək, 19-cu Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirib Təqsirləndirilən şəxs 2020-ci il 10 iyun tarixdə Zərərçəkmiş şəxs qarşı quldurluq faktı ilə qeydiyyata alınmış hadisə ilə bağlı Təqsirləndirilən şəxs Polis Şöbəsinə gəlməyini təklif etdilər. Təqsirləndirilən şəxs onlara onu polis şöbəsinə apararkən Zərərçəkmiş şəxs telefonunu və səhv etmirsə təqribən 320 manat pulunu götürdüyünü etiraf edib peşman olduğunu bildirdi. Təqsirləndirilən şəxsı polis şöbəsinə apardıqdan sonra ifadəsinin alınması üçün Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması sübüta yetirilir və onun törətmiş olduğu cinayət istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə tövsif edilmişdir. Cinayət işindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 05 fevral 2021-ci il tarixdə tutulmuşdur. Cinayət işində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 avqust 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-177.3.3, 178.3.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək, 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir, Bakı şəhəri Xətai rayon məhkəməsinin 19.02.2018-ci tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında 20.10.2017-ci tarixli qanun tətbiq edilərək, əməli Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddəsinə tövsif edilməklə 05 il, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 02 il 06 ay, Azərbaycan Respublikası CM-nin 178.3.3-cü maddəsi hökmdən xaric edilməklə, Azərbaycan Respublikası CM-nin 66.2 maddəsi ilə 06 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılıb, Bakı şəhəri Xətai rayon məhkəməsinin 09.07.2019-cu tarixli qərarı ilə 1 ay 4 ay 14 gün vaxtından şərti olaraq azad edilmişdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədiyindən və götürülmədiyindən o, məhkumluğu olan təqsirləndirilən şəxs hesab edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırki ağır cinayəti qəsdən əvvəlki cinayəti üzrə verilmiş cəzanın çəkilməmiş hissəsi ərzində törətdiyindən onun Xətai rayon məhkəməsinin 09.07.2019-cu tarixli qərarı ilə vaxtından əvvəl şərti azad edilmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən ləğv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Cinayət işi üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 05 noyabr 2020ci il tarixli 9/4203 Ns-li rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarın təsviri hissəsində və təqdim olunan məlumatda göstərilən -1 ədəd “Xiaomi” markalı, “Redmi Note 8T” modelli mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmamasını və istifadədə olmasını nəzərə alaraq hal-hazırki orta bazar qiyməti 200,00 manat, 2020-ci ilin iyun ayına 240,00 manat müəyyən olunur. “Xiaomi” markalı, “Redmi Note 8T” modelli mobil telefonun 2020-ci ilin fevral ayına olan təzə vəziyyətdə orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 440,00 manat müəyyən olunur. Cinayət işi materiallarında olan ambulator məhkəmə psixiatrik ekspertizasının 09 fevral 2021-ci il tarixli 289 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansi bir Psixi xəstəlikdən əziyyət çəkmir. Onda xassiyyətin psixiopatik cizgilərimüəyyən edilir. Cinayət işi materiallarından və hal-hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlıhesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idfarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə təqsirləndirilən şəxsin quldurluq etməməsi barədə verdiyi ifadəsinə tənqidi yanaşır və onun ifadəsini özünü müdafiə etməsi kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 05 fevral 2021-ci il tarixdən hesablanmaqla, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-ci maddəsinin tələblərinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini məqsədə müvafiq sayır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənilməsini cəzanı yüngülləşdirən hal kimi, cinayətlərin residivini isə cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” 07.03.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 50 (əlli) manat alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tətbiri dəyişdirilməməlidir. İş üzrə maddi sübut, mülki iddia verilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 avqust 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.3, 178.3.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 9 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai rayon məhkəməsinin 19.02.2018-ci tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında 20.10.2017-ci tarixli qanun tətbiq edilərək, üzərində saxlanılmış 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasının Bakı şəhəri Xətai rayon məhkəməsinin 09.07.2019-cu tarixli qərarı ilə 1 il 4 ay 14 gün vaxtından şərti olaraq azad edilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən ləğv edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirməklə, Təqsirləndirilən şəxs qəti olaraq 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 05 fevral 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 50 (əlli) manat alınaraq dövlət büdcəsinə keçirilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Cavid Hüseynov Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar