Məhkəmə qərarları › İş №1(101)-874/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-874/2022

19.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-874/2022 19.05.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmanverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X2, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı və ədliyyə müşaviri X3, Təqsirləndirilən şəxs və müdafiəçi - Bakı şəhəri, 2 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, 30 avqust 1984-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 14 oktyabr 2021cı il tarixdə şübhəli şəxs qismində tutulmuş, 16 oktyabr 2021-ci il tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməsindən imtina olunmuş və həmin tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, 11 noyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin 13 noyabr 2021-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Teleh oğlu oğlu satış məqsədi olmadan qanunsuz olaraq məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,605 qram olan tünd qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış, 14 oktyabr 2021-ci il tarixdə saat 20:00-da Bakı şəhəri, Suraxanı rayon Polis idarəsi 31-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, M.Bəydəmirov küçəsində yaşadığı evin yaxınlığında narkotik vasitələrin istifadəsində, saxlanılmasında şübhəli bilinərək saxlanılmış və Bakı şəhəri, Suraxanı RPİ-nin 31-ci Polis bölməsinə gətirilərək üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd gümüşü rəngli bükümdə təmiz çəkisi 0,605 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs naməlum mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 1 (bir) ədəd bükümdə təmiz çəkisi 3,226 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış, 11 noyabr 2021-ci il tarixdə saat 15:05-də Bakı şəhəri, Suraxanı RPİ 32-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanın qarşısında narkotik vasitələrin istifadəsində, saxlanılmasında şübhəli bilinərək saxlanılmış və Bakı şəhəri, Suraxanı RPİ-nin 32-ci Polis bölməsinə gətirilərək üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli şalvarının sağ yan cibindən 1 (bir) ədəd bükülü vəziyyətdə şəffaf selofan bükümdə təmiz çəkisi 3,226 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, saxlanılarkən onun üzərində narkotik vasitə olmamışdır. Onu birinci dəfə polis işçiləri yaşadığı evdə saxlamış, sonra polis bölməsinə aparmışlar. Həmin vaxt polis əməkdaşı olan Anar adlı şəxs ondan maşınlarının düzəldilməsini tələb etmiş, o da, bununla razılaşmadığı üçün tutulmuşdur. Sonra razılaşdığına görə onu həbsdən buraxmışlar. Bundan sonra özünün pulu olmadığı üçün maşınlara lazım olan ehtiyat hissələrinin alınmasını istəmişdir. Sonra onun birinci ittihamla işinin istintaqı gedən vaxt idarəyə dəvət olunmuş, orada onun birinci işini, yəni CM-nin 234.1-ci maddə ilə ittiham olunduğu işin istintaqını aparan müstəntiq onu 32-ci Polis bölməsinin əməkdaşlarına vermişdir. O, 32-ci Polis bölməsinə gətirilmiş və orada polis əməkdaşları ona təzyiq göstərdikləri üçün məcbur olub onların dediklərini etmiş və bütün sənədlərə imza etmişdir. Sualları cavablandıran Təqsirləndirilən şəxs ona təzyiq olunmasını barəsində həbs qətimkan tədbirilə bağlı məsələyə baxan hakimə dediyini, 32-ci Polis bölməsində ona təzyiqlər edildiyini, istintaq təcridxanasına gələn zaman bu barədə heç bir şey demədiyini, ifadəni imzalamaqdan imtina etdikdə təzyiqlərə görə məcbur olub imzaladığını, özünün narkoman olduğunu amma üzərində heç bir narkotik olmadığını bildirdi. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələri elan və tədqiq olundu. O, Azərbaycan Respublikası CM-nin 234.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamlar üzrə özünü qismən təqsirli bilərək ifadələrində göstərmişdir ki, 14.10.2021-ci il tarixdə təxminən saat 20:20-da Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, M.Bəydəmirov küçəsində yaşadığı evin yaxınlığında olan zaman 2 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını bildirmiş və narkotik vasitələrin daşınmasında, saxlanılmasında şübhəli olduğu üçün onu Bakı şəhəri, Suraxanı RPİ, 31-ci PB-yə dəvət etmişlər. O da, buna etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə bölməyə getmişdir. Orada xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra videogörüntü ilə üzərinə baxış keçirilmişdir. Baxış zamanı o, qara rəngli gödəkçənin sağ yan cibindən iki ədəd üzərinə “Winchester Silver" yazısı olan siqaret, qırmızı rəngli üzərinə "Silverer” yazısı yazılmış alışqan, qara rəngli gödəkçəsinin sol iç cibindən üç ədəd hər biri 1 manatlıq olmaqla 3 manat pul və qara rəngli şalvarının sağ yan cibindən 1 ədəd gümüşü rəngli bükümü təqdim etmiş və gümüşü rəngli bükümün içərisindəki maddənin narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitəni bu gün tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün alaraq saxlayıb gəzdirdiyini bildirmişdir. Bundan sonra həmin 1 ədəd büküm polis əməkdaşı tərəfindən götürülərək zərfə qoyulub qablaşdırılmış, üzəri o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Bundan sonra üzərində axtarış həyata keçirilmiş və hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Polis əməkdaşları tərəfindən heç bir təzyiqə məruz qalmamışdır. Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsində həmçinin göstərmişdir ki, bundan başqa, 11.11.2021-ci il tarixdə təxminən saat 15:05-də ünvan 3 ünvanın qarşısında olan zaman 2 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını bildirmiş və narkotik vasitələrin daşınmasında, saxlanılmasında şübhəli olduğu üçün onu Bakı şəhəri, Suraxanı RPl-nin 32-ci PB-yə dəvət etmişlər. O da, buna etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Bakı şəhəri, Suraxanı RPl-nin 32-ci PB-yə getmişdir. Bakı şəhəri, Suraxanı RPl-nin 32-ci PB-də xidməti otaqların birində hüquq və vəzifələri ona izah edildikdən sonra videogörüntü ilə üzərinə baxış keçirilmişdir. Baxış zamanı ona üzərində hər hansı qeyri-qanuni əşya və ya predmetin olub-olmadığı soruşmuş, olduğu təqdirdə könüllü olaraq təqdim etməyi bildirilmişdir. O da, xidməti otaqda göy rəngli şalvarın sağ yan cibindən 1 ədəd bükülü vəziyyətdə şəffaf selofan bükümü təqdim etmiş və bükümün içərisindəki maddənin narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitəni 10.10.2021-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində yerdən tapdığını bildirmişdir. Həmin narkotik vasitəni yerdən tapdığına görə şəxsi istifadəsi üçün üzərində gəzdirmişdir. Bundan sonra həmin 1 ədəd büküm polis əməkdaşı tərəfindən götürülərək zərfə qoyulub qablaşdırılmış, üzəri o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Bundan sonra üzərində axtarış həyata keçirilmiş və hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. O, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Polis əməkdaşları tərəfindən heç bir təzyiqə məruz qalmamışdır (cild 1, iş vərəqi 135-136, 171-172). Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Suraxanı RPİ, 31-ci Polis bölməsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 14 oktyabr 2021-cİ il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumatla əlaqədar ondan və Suraxanı RPİ, 31-ci Polis bölməsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin gün saat 20 radələrində ərazidə xidmət aparan zaman Bülbülə qəsəbəsi, M.Bəydəmirov küçəsində xarici əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsi görüb ona yaxınlaşaraq saxlamış və bölməyə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlarla birlikdə 31-ci Polis bölməsinə gəlmişdir. Xidməti otaqların birində onun üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən 1 ədəd bükümü çıxarıb təqdim etmişdir. Ondan təqdim etdiyi bükümün içərisində nə olması, nə vaxt, kimdən, hansı məqsədlə əldə etməsi barədə soruşulmuş, Təqsirləndirilən şəxs həmin bükümün içərisində heroin olduğunu, onu həmin gün tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün alıb saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinə bənzər maddə kağız zərfə qoyularaq qablaşdırılmış və möhürlənmiş, iştirakçılar tərəfindən İmza edilmişdir. Sonra isə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Suraxanı RPİ, 31-ci Polis bölməsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili Şahid2 14 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs müəyyən edilərək saxlanılması və üzərində şəxsi axtarış keçirilməsi zamanı əməliyyat qrupunun üzvü kimi iştirak etdiyini bildirərək, həmkarı Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Suraxanı RPİ, 32-ci Polis bölməsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərdi ki, 11 noyabr 2021ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumatın icrası ilə əlaqədar ondan və Suraxanı RPİ, 32-ci Polis bölməsinin cinayət-axtarış üzrə kiçik əməliyyat müvəkkili Şahid4 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin gün ərazidə xidmət aparan zaman Qaraçuxur qəsəbəsi, Mədən küçəsi 2 ünvanının qarşısında xarici əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsi görüb onu saxlamışlar və ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu 32ci Polis bölməsinə dəvət emişlər. Təqsirləndirilən şəxs razılaşaraq onlarla birlikdə 32-ci Polis bölməsinə gəlmişdir. Bölmədə xidməti otaqların birində müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Bu zaman saxlanılan şəxs əynindəki şalvarın sağ yan cibindən 1 ədəd bükümü çıxarıb təqdim etmiş, bükümün içərisində heroin olduğunu, onu 10 noyabr 2021-ci il tarixdə Bülbülə qəsəbəsi ərazisində öz istifadəsi üçün yerdən tapdığını bildirmişdir. Bundan sonra aşkar edilmiş narkotik vasitə zərfə qoyularaq qablaşdırılmış və götürülmüşdür. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Suraxanı RPİ, 32-ci Polis bölməsinin cinayət-axtarış üzrə kiçik əməliyyat müvəkkili Şahid4 11 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs müəyyən edilərək saxlanılması və üzərində şəxsi axtarış keçirilməsi zamanı əməliyyat qrupunun üzvü kimi iştirak etdiyini bildirərək, həmkarı Şahid3 ifadəsi ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 14 oktyabr 2021-ci il tarixli protokola əsasən, həmin tarixdə saat 20:00-da Bakı şəhəri, Suraxanı rayon Polis idarəsi, 31-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, M.Bəydəmirov küçəsində yaşadığı evin yaxınlığında narkotik vasitələrin istifadəsində şübhəli bilinərək saxlanılmış və Bakı şəhəri, Suraxanı RPİ-nin 31-ci Polis bölməsinə gətirilərək üzərində videoçəkiliş vasitəsilə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd gümüşü rəngli bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqi 106-107). Cinayət işində olan şəxsi axtarış və götürmə aparılması haqqında 11 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 15:05-də Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı RPİ, 32-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanın qarşısında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılmış və 32-ci Polis bölməsinə gətirilərək üzərində videoçəkiliş vasitəsilə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli şalvarının sağ yan cibindən 1 ədəd şəffaf selofan bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqi 32- 33). Cinayət işinə əlavə edilmiş baxış protokollarına əsasən, 14 oktyabr 2021-ci İl və 11 noyabr 2021-ci tarixlərdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış görüntülərini əks etdirən bir ədəd diskə baxış keçirilmiş, baxış zamanı polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə həyata keçirilməsi, Təqsirləndirilən şəxs üzərində saxlanılması, daşınması və ya gəzdirilməsi qadağan edilmiş əşya və predmet varsa, könüllü təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs hər iki şəxsi axtarış zamanı özü könüllü olaraq heç bir kənar təsir olmadan üzərində saxladığı narkotik vasitə heroinə bənzər maddələri təqdim etmişdir (cild 1, iş vərəqi 37, 70). Məhkəmə kimyəvi ekspertizasının 15 oktyabr 2021-ci il tarixli 6/4585 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzrərində "Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan zərfdəki bir dəd bükümdə təmiz çəkisi 0,605 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-cİ il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir (cild 1, iş vərəqi 112-117). Məhkəmə kimyəvi ekspertizasının 11 noyabr 2021-ci il tarixli 6/5001 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs: (imza) Təqsirləndirilən şəxs ...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 3,226 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"-in siyahısına (Siyahı İ) daxildir (cild 1, iş vərəqi 38-43). İş materiallarına əlavə edilmiş 19 fevral 2022-ci il tarixli 832 saylı ambulator məcburi narkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan mcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 236-237). İbtidai istintaq orqanının qərarı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş və ekspertiza tədqiqatına təqdim edilmiş 0,605 qram narkotik vasitə heroin və 3,226 qram narkotik vasitə heroin cinayət işi üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatlarından sonra qalıq qalan 0,555 qram narkotik vasitə heroin və 3,176 qram narkotik vasitə heroin məhkəmənin yekun qərarı qəbul olunanadək saxlanılması üçün Suraxanı RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. Həmçinin həmin qərara əsasən, 14 oktyabr 2021-ci il və 11 noyabr 2021-ci il tarixlərdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış görüntülərini özündə əks etdirən iki ədəd disklər maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir (cild 1, iş vərəqi 243-249). Azərbaycan respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 18.10.2012-cİ il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 228.4cü maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 66.3-cü maddəsi tətbiq edilməklə 01 il 08 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, AR Milli Məclisinin 07.05.2013-cü il tarixli “Amnistiya” qərarının 3-cü bəndinə əsasən cəzası 06 ay azaldılmış, 19.09.2013-cü il tarixdə isə cəzasının sonu ilə azad olunmuşdur (cild 1, iş vərəqi 207-209). Məhkəmə iclasında Təqsirləndirilən şəxs öz müdafiəsi üçün dəlillər gətirərək, hər iki dəfə saxlanılarkən onda heç bir narkotik vasitə olmadığını, 31-ci və 32-ci Polis bölmələrində ona təzyiqlər edildiyini, istintaq təcridxanasına gələn zaman bu barədə heç bir şey demədiyini, ifadəni imzalamaqdan imtina etdikdə təzyiqlərə görə məcbur olub imzaladığını, özünün narkoman olduğunu, amma üzərində heç bir narkotik olmadığını bildirdi. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilərkən özü heç bir kənar təsir olmadan ittihamda qeyd olunmuş narkotik vasitələri polis əməkdaşlarına təqdim etmiş, həmin maddi sübutlar prosessual qaydada qablaşdırılaraq götürülmüş, ilkin izahatlarında, həmçinin şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi bütün ifadələrində narkotik vasitələrin ona məxsus olduğunu bildirmişdir. Ona görə də, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələrlə ziddiyyətli ifadə verməsini onun məsuliyyətini yüngülləşdirmək üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir, onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini iş üzrə obyektiv həqiqəti əks etdirən sübut kimi qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarında məhkəmələrə tövsiyyə olunur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs təqsirli bilindiyi hər bir maddə üzrə ayrı-ayrılıqda cəza təyin edilməklə, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplama yolu ilə ona qəti cəza təyin olunmalıdır. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmədə müəyyən edildi ki, Təqsirləndirilən şəxs birinci cinayət epizodu üzrə 14 oktyabr 2021-cı il tarixdə şübhəli şəxs qismində tutulub 16 oktyabr 2021-ci il tarixədək həbsdə saxlanılmış, həmin tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməsindən imtina olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs 11 noyabr 2021-ci il tarixdə ikinci cinayət epizodu üzrə şübhəli şəxs qismində tutulmuş və barəsində həbs qətimkan tədbiri seçilərək hal-hazıra qədər həbsdə saxlanılır. Cinayət-prosessual qanunvericiliyinin yuxarıda qeyd olunan müddəalarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs 14 okyabr 2021-ci il tarixdən 16 oktyabr 2021-ci il tarixədək həbsdə olduğu 2 gün təyin olunacaq cəza müddətinə daxil edilməklə çıxılmalı, ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 11 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, Suraxanı RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş və Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş ekspertiza tədqiqatlarından sonra qalıq qalan 0,555 qram narkotik vasitə heroin və 3,176 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 14 oktyabr 2021-ci il və 11 noyabr 2021-ci il tarixlərdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış görüntülərini özündə əks etdirən iki ədəd disklərin cinayət işində saxlanılması nəzərə alınmalıdır. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatları 163 manat (yüz altmış üç manat) 64 qəpik dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 163 manat (yüz altmış üç manat) 64 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxsdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının 19 fevral 2022-ci il tarixli 832 saylı rəyini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan, ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli, həmçinin o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. 14 oktyabr 2021-cı il tarixdən 16 oktyabr 2021-ci il tarixədək onun həbsdə saxlanıldığı 2 (iki) gün təyin olunmuş cəza müddətinə daxil edilməklə çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 6 (altı) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 11 noyabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll olunsun: - Bakı şəhəri, Suraxanı RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş və Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş ekspertiza tədqiqatlarından sonra qalıq qalan 0,555 qram narkotik vasitə heroin və 3,176 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; - 14 oktyabr 2021-ci il və 11 noyabr 2021-ci il tarixlərdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış görüntülərini özündə əks etdirən iki ədəd disklərin cinayət işində saxlanılması nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfləri hesab edilən 163 (yüz altmış üç) manat 64 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev Əsli ilə düzdür Hakim Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar