Məhkəmə qərarları › İş №1(101)-874/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-874/2023

26.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-874/2023 26.07.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X15, X7 və X9, dövlət ittihamçıları-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokurorları X16, X12 və Dövlət ittihamçısı, müdafiəçi- Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2000-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsi) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktına görə, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 2,740 qram çəkidə narkotik vasitə olan heroini əldə edib özündə saxlamaqla daşımış, 14 sentyabr 2022ci il tarixdə saat 11:00-da ünvan 3 ünvanın qarşısında olan zaman özünü şübhəli apardığından, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 02 bükümdə ayrı-ayrılıqda çəkiləri 2,672 qram və 0,068 qram olmaqla, ümumi təmiz çəkisi 2,740 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda həmin narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. İşin halları: Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 14 sentyabr 2022-ci il tarixdə, saat 10:30 radələrində yaşadığı ünvan 1 ünvanında yerləşən evdən çıxıb siqaret almaq üçün marketə daxil olub pulu verdikdə arxadan bir nəfər onu çağırıb harada yaşadığını soruşan zaman o, yaşadığı evin ünvanını demiş, evi ilə həmin market arasında 4-5 qapı məsafə olmuşdur. Polis əməkdaşı olan həmin şəxs ondan adsoyadını soruşduğuna görə məlumat verdikdən sonra onu axtardıqlarını dedikdə o da razılaşmışdır. Həmin vaxt işdən gələn anası onu görüb qaçaraq yanına gəldiyinə görə o, polis əməkdaşlarına anasını evə yola salmaq üçün icazə vermələrini xahiş etsə də, əllərinə qandal vurub anasını kənara itələmişlər. Avtomobillə 20-ci Polis Bölməsinə aparılmış, həmin bölmənin növbətçi hissəsində cibində olan əşyaların təqdim olunması tələb edildiyinə görə cibindəki pulu çıxarıb təqdim etmiş, üzərində başqa heç nə olmamışdır. Bölmənin inzibati binasında sağa döndükdən sonra soldakı qapısı olan otağa daxil olmuşlar. Avtomobildə, eləcə də həmin otaqda polis əməkdaşları narkotiki kimdən aldığını öyrənmək üçün əl-qol atıb onu döymüş, kənarda olan taxta parçası ilə yerə yıxmaq üçün vurmuşlar. Otaqda təxminən 4 nəfər polis əməkdaşı olmuşdur. Onu döyən polis əməkdaşları otaqdan çıxdıqdan sonra başqa bir polis əməkdaşı daxil olub yanında oturmuş, yenidən onu döyən polis əməkdaşları otağa qayıtmışdır. Polis əməkdaşlarından biri ondan nəyə görə döyüldüyünü, narkotik vasitənin özünə məxsus olduğunu etiraf etməsini dedikdə, döyülüb şikəst qalacağından qorxub deyilənlərlə razı olduğunu bildirmişdir. X10 xidməti otağına keçdikdən sonra müdafiəçisi gələrək üzərindən narkotik vasitənin çıxıb-çıxmadığını soruşduqda deyilənlərin doğru olduğunu söyləmiş, təhqiqatçı videoçəkilişin olacağı barədə onu xəbərdar etdikdən bir müddət sonra əlində avtomobil nömrəsi və Vüqar adlı şəxsin adı olan kağızı gətirib ondan həmin kağızda yazılanları oxuyub-oxuya bilmədiyini soruşduqda, o, gözü görmədiyindən oxuya bilməyəcəyini dediyinə görə “Z” və “R” hərfləri ilə başlayan adlar deyib həmin formada yadda saxlamasını söyləmişdir. O, həmin şəxslərin aralarında olan söhbət zamanı Vüqar adlı şəxsin tutulduğunu və Kürdəxanıda, yəni Bakı İstintaq Təcridxanasında vəfat etdiyini eşitmişdir. Polis əməkdaşları başqa otaqdan narkotik vasitə gətirərək cibinə qoyub videoçəkilişdə nümayiş etdirməsi üçün ona vermiş, həmin vaxt videoçəkiliş bir neçə dəfə aparılmış, ardınca Bakı şəhəri Nəsimi rayonu Polis İdarəsinin müvəqqəti saxlama yerində 3 gün saxlanılmış, prokurorluğa döyülməsi ilə bağlı məlumat vermişdir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, əvvəllər dönərxanada işləmiş, narkotik vasitə olan “kakos”-u, yəni heroini almaq üçün pulu anasından istəmiş, heroini pulu olduğu vaxtlarda yaşadığı ərazidə olan tanımadığı şəxslərdən alıb həftədə 2-3 dəfə istifadə etmiş, adətən aldığı vaxtlarda 5-10 manatlıq, yəni 0,1 qram çəkidə 1 çəkimlik almış, Vüqar adlı şəxsi tanımamış, şəxsi axtarış istintaq hərəkətinin müdafiəçinin iştirakı olmadan keçirilməsi ilə bağlı ərizəni yazmamış, həmin istintaq hərəkəti zamanı müdafiəçisi iştirak etməmiş, döyülməsi ilə bağlı ayaqları göyərmiş, ayaq damarları şişsə də, bununla bağlı hər hansı araşdırma aparılmamış, habelə özü həkimə müraciət etməmişdir. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin sahə inspektoru vəzifəsində işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət, düşmənçilik olmamışdır. 14 sentyabr 2022-ci il tarixdə, saat 11:00 radələrində həmin bölmənin əməliyyat müvəkkili Şahid1 ilə birgə Bakı şəhəri, Nəsimi rayonu, Namiq Məlikov küçəsində xidmətdə olarkən, həmin küçədə dalan 6 ünvanın qarşısında sonradan adını bildiyi Təqsirləndirilən şəxs marketə girərkən özünü şübhəli apardığını görüb, yaxınlaşaraq özlərini təqdim etdikdən sonra üzərində şəxsiyyət vəsiqəsi olmadığına görə onu polis bölməsinə aparmışlar. Həmin bölmədə təhqiqatçı tərəfindən videoçəkilişlə şəxsi axtarış istintaq hərəkəti həyata keçirilən zaman Təqsirləndirilən şəxs cins şalvarının cibindən 2 bükümdə xatırlamadığı miqdarda narkotik vasitə olan heroin aşkarlanmışdır. Təqsirləndirilən şəxs həmin vaxt narkotik vasitə olan heroinin yarısını şəxsi istifadəsi, yarısını da satmaq üçün 120-130 manata aldığını bildirmişdir. O, Təqsirləndirilən şəxs qarşı zorakılıq etməmiş, digər polis əməkdaşının da hər hansı zorakılığının şahidi olmamışdır. Təqsirləndirilən şəxs yaxınlaşdıqları zaman sonuncunun ailə üzvlərini görməmiş, satıcıdan başqa heç kim marketdə olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 Şahid2 məhkəmədə verdiyi ifadəyə oxşar məzmunda ifadə vermişdir. Məhkəmə istintaqında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, övladı Təqsirləndirilən şəxs heç bir günahı yoxdur. İşdən gəldiyi vaxt Bakı şəhəri, Nəsimi rayonu, N.Məlikov küçəsi, dalan 6 ünvanının yaxınlığında meyvə-tərəvəz dükanı işlədən Şahid5 ona polis əməkdaşlarının oğlu Təqsirləndirilən şəxs apardıqlarını dediyindən, təcili yaxınlaşdıqda 10-15 nəfər mülki geyimli şəxsin Təqsirləndirilən şəxs qolundan tutub apardıqlarını görərək hara apardıqlarını soruşanda Təqsirləndirilən şəxs ona evə getməsini demiş, polis əməkdaşları onu itələyib Təqsirləndirilən şəxs boynundan tutub maşına əyləşdirmişlər. Həmin şəxslərdən Təqsirləndirilən şəxs hara apardıqlarını soruşduqda Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinə getdiklərini dediyindən, atasına zəng edib bu barədə məlumat vermişdir. Taksi ilə gedərkən sürücü ona həmin ərazinin 20-ci Polis Bölməsinin nəzarətində olduğunu dediyinə görə oraya getmiş, bölmədə dəhlizdə olarkən otaqların birində oğlu Təqsirləndirilən şəxs qışqırıq səslərini, sonuncuya boynuna almasını tələb etmələrini eşitmişdir. Həmin otaqdan çıxan şəxsə övladını verməyi xahiş etdikdə, sonuncu övladının orada olmadığını dediyinə görə atası ilə birgə 22-ci Polis Bölməsinə getsələr də, oğlu Təqsirləndirilən şəxs həmin polis bölməsində olmadığını öyrənib 20-ci Polis Bölməsinə qayıtmış və orada olduğunu öyrənmişlər. Təqsirləndirilən şəxs 3 gün həmin polis bölməsində saxlanıldıqdan sonra azad olunmuş, bölmədə döyüldüyündən stressdə olub danışmamış, ayaqları şişdiyindən yerə basa bilməmişdir. Təqsirləndirilən şəxs həmin vəziyyətdə görüb psixoloji sarsıntı keçirmiş, xadimə işlədiyi hərbi hospitala apararaq orada hər hansı qeydiyyat aparılmadan müalicə olunmuşdur. O, Təqsirləndirilən şəxs narkotik istifadəsi və ya satmasını görməmiş, oğlu narkotik vasitədən istifadə etməmişdir. Məhkəmə istintaqında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı ərazinin sakini kimi tanımış, aralarında ədavət, düşmənçilik olmamışdır. O, Bakı şəhəri, Nəsimi rayonu, N.Məlikov küçəsi, dalan 6 ünvanının yaxınlığında meyvə-tərəvəz dükanı işlədir. Həmin gün o, dükanının qarşısında dayandığı vaxt Təqsirləndirilən şəxs də onun dükanından 5-10 metr irəlidəki Yaşar adlı şəxsin dükanının qarşısında olmuşdur. Anidən polis əməkdaşları xidməti polis avtomobili və qara rəngli avtomobillə gəlib Yaşar adlı şəxsin dükanının qarşısında dayanaraq Təqsirləndirilən şəxslə söhbət etmiş, həmin vaxt Təqsirləndirilən şəxs anasının yol ilə gəldiyini görüb Şahid3 polis əməkdaşlarının oğlunu saxladıqlarını dediyindən, anası tələsik yaxınlaşmışdır. Polis əməkdaşları Təqsirləndirilən şəxs avtomobilə əyləşdirib aparmışlar. Təqsirləndirilən şəxs saxlanılmasının səbəbini bilməmiş, hesab edir ki, günahsızdır. Məhkəmə istintaqında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qonşusudur. Aralarında ədavət, düşmənçilik olmamışdır. O, Bakı şəhəri, Nəsimi rayonu, N.Məlikov küçəsi, dalan 6 ünvanının yaxınlığında ərzaq dükanı işlədir. Təqsirləndirilən şəxs saxlanıldığı gün işlədiyi dükana siqaret almaq üçün gəldiyi vaxt 5 nəfər polis əməkdaşı gəlib sonuncunu mağazadan çölə çağıraraq nə etdiyini, harada yaşadığını soruşduqda Təqsirləndirilən şəxs də siqaret aldığını, yaşadığı evi göstərib yaxınlıqda yaşadığını bildirmiş, polis əməkdaşları şəxsiyyət vəsiqəsini istəmədən Təqsirləndirilən şəxs avtomobillərinə əyləşdirib aparmışlar. Məhkəmə istintaqında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X17 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun uşaqlıq dostudur, aralarında ədavət, düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs tutulduğu gün banka gecikməsi olduğuna görə o da 20-ci Polis Bölməsində olmuş, Təqsirləndirilən şəxs əli qandallı formada bölmənin inzibati binasına daxil olmasını görmüşdür. Təqsirləndirilən şəxs növbətçi hissəyə yaxınlaşmış, cibində olanı təqdim etmiş, dəqiq görməsə də, pul olduğunu güman etmişdir. Həmin yerdə koridor olduğundan siqaret çəkmək üçün çıxmışdır. Təqsirləndirilən şəxs otağa aparılan kimi üstünə qışqırılaraq narkotik vasitənin satışı ilə məşğul olduğu soruşulmuş, inkar etdiyinə görə Təqsirləndirilən şəxs döyməyə başlamışlar. O, digər qapının yaxınlığında dayandığından, sillə zərbələrinin səsini eşitmiş, daha sonra Təqsirləndirilən şəxs anası həmin polis bölməsinə gəlmişdir. O, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman nə təqdim etdiyini, habelə döyülməsini görməmiş, yalnız qışqırıq və sillə səslərini eşitmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs özünü şübhəli aparıb üzərində şəxsiyyət vəsiqəsi olmadığından, şifahi sorğu zamanı narkotik vasitənin aludəçisi olduğunu söylədiyindən, həmin gün saat 11:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, N.Məlikov küçəsi, dalan 6 ünvanının qarşısında saxlanılaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə dəvət edilmişdir. (Cild 1, iş vərəqə 3) xx.xx.2022-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” qərar və protokoldan görünür ki, həmin gün Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə şübhə yarandığından, şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, iş vərəqə 15-16; 19-20) xx.xx.2022-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” qərar və protokoldan görünür ki, şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofana və 1 ədəd siqaretin qızılı iç kağızına bükülmüş, içərilərində tünd-qəhvəyi rəngli maddə olan 2 ədəd bükümü çıxarıb təqdim edərək həmin maddənin heroin olduğunu, təxminən 1 həftə əvvəl **-ZR-*** dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü Vüqar adlı şəxsdən 130 manat müqabilində aldığını bildirmiş, aşkarlananlar qablaşdırıldıqdan sonra “188” nömrəli möhürlə möhürlənmişdir. (Cild 1, iş vərəqə 38-39; 44-49) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 14 sentyabr 2022-ci il tarixli, 6/5183 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №188” dairəvi möhür əksi və “...Şübhəli şəxs: Təqsirləndirilən şəxs- imza, iştirakçılar- iki imza, tərtib etdi: təhqiqatçı: Elşən Rəsulov-imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə iki ədəd bükümdə ümumi təmiz çəkisi 2,740 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanuni ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin təmiz çəkisi 2,740 qram olmuş, 0,05 qram tədqiqata sərf edildikdən sonra 2,690 qram qalıq qalmışdır. (Cild 1, iş vərəqə 59-60) xx.xx.2022-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin gün Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddə ilə ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 67-68) xx.xx.2022-ci il tarixli “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə” və “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi barədə” qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı müstəntiqin müvafiq vəsatətindən imtina edilərək o, müvəqqəti saxlama yerindən azad edilməklə barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (Cild 1, iş vərəqə 86-87; 88-89) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində cinayət xarakterli hər hansı məlumat yoxdur. (Cild 1, iş vərəqə 107) "xxxx" MMC-dən daxil olmuş xx.xx.2022-ci il tarixli, "xxxx" MMC-dən daxil olmuş xx.xx.2022-ci il tarixli, "xxxx" MMC-dən daxil olmuş xx.xx.2022-ci il tarixli məktublardan görünür ki, Təqsirləndirilən şəxs adına həmin mobil operatorlarda hər hansı nömrə qeydiyyatdan keçməmişdir. (Cild 1, iş vərəqə 129; 130; 137) Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli, 083-4550-1222 nömrəli məktubundan görünür ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışının həyata keçirməsi ilə bağlı məlumat əldə olunmamışdır. (Cild 1, iş vərəqə 141) Azərbaycan Respubikasının Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X19 15 dekabr 2022-ci il tarixli, 7632 nömrəli Ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin halhazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqə 165-166) Azərbaycan Respubikasının Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X19 15 dekabr 2022-ci il tarixli, 3343 nömrəli Ambulator məcburi məhkəməpsixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs həmin dövrdə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və həmin əməli idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 21.3 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və həmin əməli idarə etmək iqtidarında olduğundan Cİnayət Məcəlləsinin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür. (Cild 1, iş vərəqə 168-169) “Sübutların qiymətləndirilməsi və iş üzrə əməlin tövsif edilməsi haqqında” xx.xx.2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə tövsif edilmiş, təqsirləndirilən şəxsin istintaqın ilkin gedişatında verdiyi etirafedici ifadəsi, şahid ifadələri, şəxsi axtarışın aparılması və maddi sübutun götürülməsi və digər istintaq hərəkəti protokolları, ekspert rəyləri, şəxsi axtarış zamanı çəkilmiş içərisində videogörüntü olan 1 ədəd disk və digər sənədlər sübut kimi qiymətləndirilmişdir. (Cild 1, iş vərəqə 172-180) “Cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, həmin cinayət işinin materiallarından başqa cinayət işi ayrıca icraata ayrılmışdır. (Cild 1, iş vərəqə 183-184) “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə yeni məzmunda ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 188-189) Bakı şəhəri Nəsimi rayon prokurorluğunun xx.xx.2023-cü il tarixli, 366-c-22/sc1 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərində hər hansı xəsarətin aşkar edilməsi barədə məlumat prokurorluğa daxil olmadığından araşdırma aparılmamışdır. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli, 51/2-8102 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin idarənin müvəqqəti saxlama yerinə daxil olarkən üzərində heç bir xəsarət aşkar edilməmiş, şikayətinin olmadığını bildirmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı fiziki, psixi və sair zorakılığa, habelə hədə-qorxu və təzyiqə məruz qalmasına dair Bakı şəhəri Nəsimi rayon prokurorluğuna daxil olmuş məlumat əsasında aparılmış araşdırmanın nəticəsində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuşdur. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli, 51-2/2-8958 nömrəli məktubundan görünür ki, X13 xx.xx.2022-ci il tarixdə 20-ci Polis Bölməsinə gətirilməsi barədə Şəhər, Rayon Xətt Polis X2 Qeydiyyatı kitabında heç bir qeyd aparılmamışdır. Əməlin tövsifi və hüquqi məsələlər: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesindəədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulub-pozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar verilmiş, eyni zamanda öz lehinə ifadə verə biləcək şahidi dindirilmək imkanı təqdim edilmiş, öz alibisini sübut etmək üçün ona şərait yaradılmışdır. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə təqsirləndirilən şəxsin özünü müdafiə məqsədilə gətirdiyi dəlilləri araşdırmış, müdafiə tərəfi ittihamı mübahisələndirdiyi hissələrdəki mövqeyini ona qarşı ibtidai istintaq zamanı fiziki və psixi zorakılıq edilməsi ilə əlaqələndirmişdir. Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində tutulması ərəfəsində polis əməkdaşlarının ona qarşı zorakılıq etdiyini desə də, şahidlər Şahid1 və Şahid2 məhkəməyə verdikləri ifadələrində Təqsirləndirilən şəxs tutulmazdan əvvəl və ya sonra heç bir zorakılıq edilmədiyini bildirmişlər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarından görünür ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən şəxsin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıbqaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Cinayət işinin materiallarında olan Bakı şəhəri Nəsimi rayon prokurorluğunun xx.xx.2023-cü il tarixli, 366-c-22/sc1 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərində hər hansı xəsarətin aşkar edilməsi barədə məlumat prokurorluğa daxil olmadığından araşdırma aparılmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi həmin xüsusatın araşdırılması üçün müvafiq dövlət orqanlarına sorğu vermiş və cavabları alınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli, 51/2-8102 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin idarənin müvəqqəti saxlama yerinə daxil olarkən üzərində heç bir xəsarət aşkar edilməmiş, şikayətinin olmadığını bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı fiziki, psixi və ya sair zorakılığa, işgəncəyə və sair qeyri-qanuni rəftara məruz qalıb-qalmaması ilə bağlı araşdırma aparılması üçün Bakı şəhəri Nəsimi rayon prokurorluğuna müraciət etmiş və həmin araşdırmanın nəticəsində zorakılıq və digər qanunsuz hərəkətlərin törədilməsi faktı öz təsdiqini tapmadığından “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2023cü il tarixdə qərar qəbul edilmişdir. Həmin qərarın təsviri hissəsindən də görünür ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X11” X19 xx.xx.2023-cü il tarixli, 842 saylı məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkarlanmamışdır. Məhkəmə baxışı zamanı həmin xüsusatın aydınlaşdırılması üçün şahidlər Şahid1 və Şahid2 suallar verilmiş, Şahid1 və Şahid2 Təqsirləndirilən şəxs qarşı hər hansı polis əməkdaşı tərəfindən tutulmazdan əvvəl və ya sonra zorakılıq edilmədiyini bildirmişlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ona qarşı fiziki və psixi zorakılıq edilməsi barədə məhkəmədə verdiyi ifadəsi şahid ifadələri, eləcə də digər sənədlərlə öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyüldüyünü bildirməsi ilə bağlı ifadəsinə tənqidi yanaşır. Odur ki, məhkəmə baxışı zamanı Şahid1 və Şahid2 və ya digər polis əməkdaşı tərəfindən təqsirləndirilən şəxsə fiziki və ya psixi zorakılıq edilməsi müəyyən edilmədiyindən, təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən ona zorakılıq edilməsi ilə bağlı ifadəsini şübhə altına alır və ifadəsində göstərdiyi həmin xüsusatı həqiqətə uyğun olmayan, hər hansı dəlilə söykənməyən, özünümüdafiə xarakterli hesab edir. Göründüyü kimi, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona fiziki zorakılıq edilməsi ilə bağlı məhkəmədə verdiyi ifadəsi hər hansı dəlillərə söykənməmiş, əsaslı şübhə mövcud deyil. O, öz fikirlərini heç bir dəlillə möhkəmləndirməmiş, sadəcə videoçəkilişin və orada söylədiyi etirafedici ifadəsini ona fiziki və psixi zorakılığın tətbiq edilməsi nəticəsində verməsi ilə əlaqələndirməklə kifayətlənmişdir. Bu səbəbdən, məhkəmə həmin xüsusatla bağlı Təqsirləndirilən şəxs dediklərini özünü müdafiə xarakterli verdiyi ifadə kimi qiymətləndirir və göstərdiyi xüsusatı rədd etməklə, həqiqətə uyğun olmayan hesab edir. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi halları digər sübutlarla müqayisəli surətdə araşdıraraq qiymət vermişdir ki, onun həmin ifadəsi cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadədir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində 4 nəfər polis əməkdaşı tərəfindən saxlanıldığını, həmin vaxt üzərində hər hansı narkotik vasitənin olmadığını, polis əməkdaşlarının başqa otaqdan narkotik vasitə gətirərək cibinə qoyub şəxsi axtarış istintaq hərəkətinin aparılması zamanı videoçəkilişdə “Vüqar” adlı şəxsdən aldığını deyib nümayiş etdirməsi üçün ona verdiklərini, ardınca Bakı şəhəri Nəsimi rayonu Polis İdarəsinin müvəqqəti saxlama yerində 3 gün saxlanıldığı desə də, şahidlər Şahid1 və Şahid2 ifadələrində Təqsirləndirilən şəxs yalnız özləri tərəfindən saxlanıldığını, həmin vaxt digər polis əməkdaşlarının orada olmadığını, Təqsirləndirilən şəxs videoçəkilişdə bildirməsi üçün “Vüqar” adlı şəxsdən əldə etdiyini deyib nümayiş etdirməsi üçün heroin verərək həmin bükümlərin özünə aid olduğunu etiraf etməsini tələb etmədiklərini bildirmişlər. Təqsirləndirilən şəxs həmin 2 nəfər polis əməkdaşı tərəfindən saxlanılması xx.xx.2022-ci il tarixli, cinayət işinin materiallarının 3-cü vərəqində olan raportdan da görünür. Həmçinin, cinayət işinin materiallarında təqsirləndirilən şəxsin başqa polis əməkdaşı tərəfindən saxlanılması ilə bağlı hər hansı mötəbər sənəd də yoxdur, bu hal məhkəmə baxışı zamanı da müəyyən edilməmişdir. Cinayət işinin materiallarının 44-50-ci vərəqlərində olan xx.xx.2022-ci il tarixli “Şəxsi axtarışın aparılması və maddi sübutun götürülməsi haqqında” protokoldan, şahid ifadələrindən, eləcə də məhkəmə baxışı zamanı müvafiq videoçəkilişə cinayət prosesinin tərəflərinin iştirakı ilə baxışdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs 2 ədəd büküm olmuş, başqa büküm olmamış və o, həmin 2 ədəd bükümü istintaq hərəkəti zamanı könüllü olaraq təqdim etmişdir. Habelə, adları qeyd edilən protokollarda, eləcə də məhkəmə baxışında müvafiq videçəkilişə baxış zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni şəxsi istifadəsi üçün “Vüqar” adlı şəxsdən əldə etdiyini deməsi müəyyənləşmişdir. Eləcə də iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək müvəqqəti saxlama yerindən azad edilmişdir. Cinayət- Prosessual Məcəlləsinin 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Göründüyü kimi, Təqsirləndirilən şəxs cinayət işi üzrə şahid kimi qeyd edilməyən hər hansı digər polis əməkdaşı tərəfindən saxlanıldığını, Təqsirləndirilən şəxs videoçəkilişdə bildirməsi üçün “Vüqar” adlı şəxsdən əldə etdiyini deyib nümayiş etdirməsi üçün heroin verərək həmin bükümlərin özünə aid olduğunu etiraf etməsini tələb etdiklərini bildirməsi mötəbər sübutlarla təkzib edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılması ilə əlaqədar videoçəkilişin bir neçə dəfə aparıldığını söyləsə də, şahidlər Şahid1 və Şahid2 da müvafiq istintaq hərəkəti zamanı videoçəkilişin 1 dəfə aparıldığını bildirmişlər. Habelə, məhkəmə baxışı zamanı cinayət işinin materiallarına əlavə edilmiş 1 ədəd DVD diskdən görünür ki, videoçəkiliş bir dəfə aparılmışdır. Həmin videoçəkilişə əsasən, Təqsirləndirilən şəxs cibindəki narkotik vasitə olan heroini könüllü olaraq təqdim etmiş, həmin heroin bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 188 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Həmin qablaşdırılmış maddə xx.xx.2022-ci il tarixdə “Məhkəmə-kimyəvi ekspertiza təyin edilməsi barədə” qərarla ekspertizanın keçirilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 14 sentyabr 2022-ci il tarixli, 6/5183 nömrəli ekspert rəyinin təsviri hissəsindən görünür ki, tədqiqat obyekti üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №188” dairəvi möhür əksi və “...Təqsirləndirilən şəxs- imza, iştirakçılar- iki imza, tərtib etdi: təhqiqatçı: Elşən Rəsulov- imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə təqdim edilmiş, zərfin tamlığı pozulmamış, zərfi açdıqda içərisində iki ədəd bükümlərdə təmiz çəkiləri 2,672 qram və 0,068 qram olmaqla, ümumilikdə 2,740 qram qəhvəyi rəngli tozşəkilli maddə aşkarlanmışdır. Daha sonra keçirilmiş ekspertizanın nəticəsində həmin maddənin narkotik vasitə-heroin olması müəyyənləşmiş və rəyin nəticə hissəsində bu barədə qeyd edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs videoçəkişilin bir neçə dəfə aparıldığını iddia etsə də, bunu təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmiş, onun üzərində aşkar olunmuş narkotik vasitə olan heroinin 2,740 qram olması cinayət işinin materialları ilə tam sübuta yetirilmişdir. Bu səbəbdən, Təqsirləndirilən şəxs həmin xüsusatla bağlı ifadəsində göstərdikləri mötəbər sübutlarla təkzib edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi hallar hər hansı dəlillərə söykənməmiş, həmin halları təsdiq edən sübut olmamışdır. Bununla bağlı əsaslı şübhələr yoxdur. Bu səbəbdən, məhkəmə həmin xüsusatlarla bağlı Təqsirləndirilən şəxs dediklərini özünü müdafiə xarakterli verdiyi ifadə kimi qiymətləndirərək onun göstərdiyi xüsusatları rədd etməklə, həqiqətə uyğun olmayan hesab edir. Odur ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda təsvir olunanlara zidd olaraq dəlil kimi göstərdiyi hallar mötəbər sübutlarla təkzib olunduğundan, məhkəmə təqsirləndirilən şəxsin həmin hissələrdə verdiyi ifadəsini şübhə altına alır və ifadəsində göstərdiyi həmin xüsusatları həqiqətə uyğun olmayan, hər hansı dəlilə söykənməyən, özünümüdafiə xarakterli hesab edir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ittihamda təsvir olunanlara zidd olaraq məhkəmə istintaqında başqa məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Bu səbəbdən, məhkəmə cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratmış, məhkəmə sübutetmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən, Təqsirləndirilən şəxs verdiyi ifadələri mötəbər sübut hesab edilmir. Həmçinin, məhkəmə qeyd edir ki, müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid5, Şahid4 ifadələrində 14 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən avtomobilə əyləşdirilib aparılması şəraiti barədə məlumat vermiş, lakin həmin məlumatda hər hansı qanunsuzluq, özbaşınalıq müəyyən edilməmişdir. Digər şahidlər Şahid3 və X1 Ruslan Zülfi oğlunun qışqırıq səsini eşidib 20-ci Polis Bölməsində polis əməkdaşları tərəfindən fiziki və psixi zorakılıq edilməsi qənaətinə gəldiklərini bildirsələr də, onlar həmin zorakılığın bilavasitə şahidi olmamış, görməmişlər. Məhkəmə araşdırması zamanı da şahid ifadələri və digər sənədlərlə Təqsirləndirilən şəxs fiziki və ya psixi zorakılıq edilməsi müəyyən olunmamışdır. Habelə, şahid X17 14 sentyabr 2022-ci il tarixdə izahat vermək üçün 20-ci Polis Bölməsinə dəvət olunduğunu söyləsə də, 20-ci Polis Bölməsinin müvafiq məktubundan görünür ki, həmin tarixdə Emin Əliyev bölmədə müvafiq kitabda qeydiyyatdan keçirilməmişdir. Məhkəmə sübutları təhlil edib belə qərara gəlir ki, müdafiə tərəfinin verdiyi vəsatət əsasında dəvət edilmiş əlavə şahidlər Təqsirləndirilən şəxs anası, yəni yaxın qohumu, dostu, qonşuları olduğuna görə onların məhkəmədə verdiyi ifadələrini təqsirləndirilən şəxsin vəziyyətini yüngülləşdirmək məqsədilə verilmiş ifadə kimi qəbul edir, hər hansı mötəbər sübutla öz təsdiqini tapmır. Bu səbəbdən, məhkəmə Şahid5, Şahid4, Şahid3 və X13 verdiyi ifadələri sübut növü kimi qəbul etmir. Bundan əlavə, müdafiəçi məhkəmə çıxışı zamanı Təqsirləndirilən şəxs 14 sentyabr 2022-ci il tarixdə saat 11:00-da azadlığı faktiki məhdudlaşdırılsa da, onun saat 12:50-də şübhəli şəxs qismində tutulması barədə protokolun tərtib olunmasını pozuntu kimi qiymətləndirilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 14 sentyabr 2022-ci il tarixdə saat 11:00da Bakı şəhəri, Nəsimi rayonu, N.Məlikov küçəsi, dalan 6 ünvanın qarşısında polis əməkdaşları tərəfindən saxlanılıb Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə aparılmışdır. Həmin polis bölməsi ünvan 6 ünvanında yerləşir. İş materiallarından görünür ki, şəxs barəsində “Müdafiəçinin təyin edilməsi barədə” qərar qəbul edilmiş, həmin qərar icra olunması üçün göndərilmişdir. Təbii ki, Təqsirləndirilən şəxs 20-ci Polis Bölməsinə gətirilərkən yolda itirilən vaxt, müdafiəçinin təyin edilməsi üçün qərarın qəbul olunması, qərarın qeydiyyatdan keçirildikdən sonra icra edilməsi üçün müvafiq vəkil qurumuna göndərilməsi, həmin qurumdan növbətçi vəkilin ayrılması, vəkilin polis bölməsinə yol qət edib gəlməsi müəyyən vaxt tələb edir. Bu səbəbdən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra şübhəli şəxs qismində tutulması barədə protokol tərtib edildiyi vaxtadək keçən müddət ağlabatandır, hər hansı qanun pozuntusu müəyyən olunmur. Bundan başqa, dövlət ittihamçısı məhkəmə çıxışı zamanı bildirmişdir ki, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətləri yoxdur. Belə ki, həmin maddənin dispozisiyasına görə, satış məqsədilə narkotik vasitə və ya psixotrop maddəni əldə etmə, saxlama, daşıma, gəzdirmə və digər hərəkətlər etmə cinayət məsuliyyəti yaradır. Lakin məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs narkotik vasitəni satması müəyyən edilməmişdir. Bu səbəbdən, Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə tövsif edilməsini məhkəmədən xahiş etmişdir. Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə hesab edir ki, dövlət ittihamçısının həmin hüquqi mövqeyi əsaslıdır. Belə ki, mobil operatorlardan daxil olmuş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs adına mobil nömrə qeydiyyatdan keçməmişdir. Habelə, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli, 083-4550-1222 nömrəli məktubundan görünür ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışını həyata keçirməsi ilə bağlı məlumat əldə olunmamışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli qərarından görünür ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilkən şəxs Təqsirləndirilən şəxs adına mobil nömrə qeydiyyatdan keçmədiyindən, müvafiq məlumatların əldə edilməsinin mümkünsüzlüyünü, narkotik vasitələrin və ya psixotrop maddələrin satışını həyata keçirməsi ilə bağlı əməliyyat məlumatının əldə olunmadığını, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması kimi halların müəyyən edilmədiyini nəzərə alıb, əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməsini əsaslı hesab edir. Məhkəmə baxışı zamanı təqsirsizlik prezumpsiyası rəhbər tutulmuş, Cinayət- Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxılmış və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edilmiş, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanmış, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh ediləcəyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəlinmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə, yəni istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımasına görə ittiham irəli sürülmüşdür. Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə görə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdikdə, saxladıqda, hazırladıqda, emal etdikdə, daşıdıqda müvafiq cinayətin tərkibi yaranır. Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə görə isə bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə müvafiq cinayətin tərkibi yaranır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən edilir. Həmin Qanunun 21.3-cü maddəsinə əsasən isə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli qərarına əsasən, narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri qanunsuz olaraq əldə etmə, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama, narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi daşınma kimi qiymətləndirilməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 2 ədəd bükümdəki narkotik vasitə olan heroinin təmiz çəkisi 2,740 qram təşkil edir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Siyahıların 1-ci Siyahısının 5-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə olan heroin külli miqdar təşkil edir. Göründüyü kimi, Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış heroinin miqdarı külli miqdarda (təmiz halda qramlarla) istifadəsinin təmiz çəkisi üçün nəzərdə tutulmuş aşağı həddindən çoxdur. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, iş üzrə dindirilmiş şəxslərin ifadələrindən başqa, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş üzrə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmamışdır. Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Məhkəmə şahidlər Şahid1 və Şahid2 ifadələrini, müvafiq ekpert rəylərini, iş materiallarında olan digər sənədləri və predmetləri sübut kimi qəbul etməklə, təqsirləndirilən şəxsin şəxsi axtarış zamanı təqdim etdiyi narkotik vasitə-heroinin çəkisinin külli miqdarda olmasına əsasən, cinayət təqibi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından Cinayət Qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Belə ki, onun həmin cinayət əməlini törətməsi və əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinə əsasən, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarından görünür ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli Qərarına əsasən, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Cinayət Məcəlləsinin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün tərkib əlamətləri vardır. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin dispozisiyasına görə, həmin əməli törətmiş şəxs üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Cinayət Məcəlləsinin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Təqsirləndirilən şəxsin qardaşı X3 “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, qardaşı X6 müharibəsi iştirakçısı olmaqla medallarla təltif edilməsini, ailə vəziyyətini yüngülləşdirən hal kimi qəbul edir və qiymətləndirir. Məhkəmə tərəfindən onun əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, ondan aşkar edilmiş narkotik vasitənin növünü, çəkisini, habelə cəzanı yüngülləşdirən hal kimi ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, ailə vəziyyətini, cəzasını ağırlaşdıran halın olmamasını, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhz bu cəzanı ona təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cinayətlərin təsnifatına görə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum edilmiş şəxslərin cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə azadlığı faktiki olaraq məhdudlaşdırılmaqla Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2022-ci il tarixdə həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi əsası ilə azad edilərək barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2022-ci il tarixdən, xx.xx.2022-ci il tarixədək 3 (üç) gün müddətə şübhəli şəxs qismində tutularaq saxlanılmışdır. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Ona görə də, məhkəmə hesab edir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu 3 (üç) gün müddət bir günə bir gün hesabı ilə cəmi 3 (üç) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmalı və təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli 26 iyul 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli, onun barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-kimyəvi ekspertizası ilə əlaqədar Təqsirləndirilən şəxs 92 (doxsan iki) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınaraq, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsində saxlanılan 2 (iki) ədəd bükümdə ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,690 qram təşkil edən heroin məhv edilməli, cinayət işi üzrə maddi sübut kimi tanınmış şəxsi axtarış və götürmə aparılması videosunu özündə əks etdirən 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 99-1.1.2-ci maddəsinə əsasən isə şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Bununla belə, hazırki iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 26-cı bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Belə ki, cinayət işində olan Azərbaycan Respubikasının Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi X19 15 dekabr 2022-ci il tarixli, 7632 nömrəli Ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, X4 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu 3 (üç) gün müddət bir günə bir gün hesabı ilə cəmi 3 (üç) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulsun və təyin edilmiş cəzadan çıxılaraq 2 (iki) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 26 iyul 2023-cü il tarixdən hesablansın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 92 (doxsan iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi Bakı şəhəri Nəsimi rayon Polis İdarəsində saxlanılan 2 (iki) ədəd bükümdə ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,690 qram təşkil edən heroin məhv edilsin, 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Fərid Namazov Hakimlər Əhməd Quliyev Telman Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar