Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-874/2024 15.01.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Əsgərova-Məmmədova Leyla Səyavuş qızının sədrliyi ilə, hakimlər Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1994-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, 8 saylı inzibati binada qeydiyyatda olan və barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 iyun 2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 14 iyun 2023-cü il tarixdə, səhər saatlarında, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 5,353 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, 15 iyun 2023-cü il tarixdə, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində o, saat 21:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, İsfahani küçəsində saxlanılaraq ünvan 1 ünvanda yerləşən Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə gətirilmiş, orada saat 23:55də üzərinə şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş halda təmiz çəkisi 5,353 qram olan ağ rəngli, kristalşəkılli kütlə kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, o narkotik vasitələrin istifadəsinin əleyhinədir. Hazırki iş üzrə tutulmamışdan əvvəl Bakı şəhəri Binəqədi rayon ərazisində saxlanılmış, lakin sonra azad edilmişdir. 15 iyun 2023-cü il tarixində yenidən, dostu Ələkpər İbrahimov ilə birlikdə tutularaq aparılmışdır. O, ittiham aktında göstərilən yerdə deyil evdən, yatdığı yerdən durğuzularaq aparılmışdır. Belə ki, tutulmamışdan dörd gün əvvəl onun ayağına dolab düşdüyü üçün evdən çıxmırmış. Ələkpər İbrahimovun barəsində olan cinayət işi isə onun barəsindən başlanılmış cinayət işindən ayrılmışdır. İttiham aktında narkotik vasitəni 35 manata əldə etdiyi qeyd edilmişdir. Lakin 35 manata külli miqdarda narkotik vasitə almaq mümkün deyildir. O, əvvəllər narkotik vasitəyə görə 2 dəfə məhkum olunmasına baxmayaraq həmin narkotik vasitə də ona məxsus olmamışdır. Ona verilən əvvəlki hökmlərdən şikayət verməməsinin səbəbi isə qanunları yaxşı bilməməsi olmuşdur. Onlar narkotik vasitəni satan şəxslərə həmin narkotik vasitənin satışını qadağan etmişdirlər. Tutulmasını narkotik vasitələrin əleyhinə olması ilə əlaqələndirir. Ona narkomaniyadan məcburi müalicə analiz üçün qan nümunələri götürülmədən yalnız ekspert tərəfindən verilmiş suallar əsasında təyin edilmişdir. O evdən 12-13 nəfər polis əməkdaşı tərəfindən aparılarkən gəlmiş, onu aparmaq üçün gələn polis əməkdaşlarını tanımamışdır. Evdə atası, anası və dostu Ələkpər olmuşdur. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsindən görünür ki, o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, heç bir yerdə rəsmi olaraq işləmir, gündəlik fəhləliklə məşğul olur. Narkotik maddə alüdəçisidir. xx.xx.2023-cü il tarixdə, səhər saatlarında Qaradağ rayonu, Sahil qəsəbəsində tanmadığı şəxsdən şəxsi istifadəsi üçün 35 manata “patı” kimi adlanan psixotrop maddə metamfetamini alaraq üzərində saxlayaraq gəzdirirmişdir ki, istifadə etsin. xx.xx.2023-ci il tarixdə, axşam saat 21:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi İsfahani küçəsində olan zaman iki nəfər tanımadığı mülkü geyimdə olan şəxslər ona yaxınlaşmışdırlar. Özlərini təqdim edərək bildirmişdirlər ki, 43-cü Polis Bölməsinin əməkdaşlarıdırlar. Polis işçiləri onu narkotik vasitə və psixotrop maddə gəzdirməkdə şübhəli bildikərini bildirmişdirlər və onu Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə dəvət etmişdirlər. Onlar birlikdə Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə gəlmişdirlər. Polis bölməsində hüquq və vəzifələri ona izah olunmuşdur. Vəkilin iştirakı olmadan üzərimə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Üzərinə baxış keçirilən zaman üzərinə geydiyi qara rəngli cins şalvarın sağ yan cibində olan bir ədəd şəffaf sellafon bükümü çəkiliş və sol yan cibində olan 3 manat nəqd pulu cıxararaq masanın üzərinə qoymaqla təqdim etmişdir. Məhkəmə iclasında və ibtidai istintaq dövründə verdiyi ifadələri arasındakı ziddiyyəti o, ibtidai istintaq dövründə fiziki təzyiqə məruz qalması ilə izah etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən sübutların toplanması məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, təqsirləndirilən şəxs 15 iyun 2023-cü il tarixdə, əməliyyat məlumatı əsasında, Şahid1lə birlikdə apardıqları əməliyyat axtarış tədbirləri nəticəsində Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində saxlanılmışdır. Təqsirləndirilən şəxsi Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə gətirdikdən sonra onun üzərinə baxış keçirilmiş, təqsirləndirilən şəxsin şalvarının cibindən şəffaf sellofanda “metamfetamin” adlı psixotrop maddə aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs narkotik vasitəni şəxsi istifadəsi məqsədilə 35 manat müqabilində Sahil qəsəbəsində tanımadığı şəxsdən aldığını bildirmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən ona qarşı fiziki təzyiq olunmamış, polis əməkdaşlarına qarşı hər hansı müqavimət göstərməmiş, könüllü olaraq onlarla polis bölməsinə getmişdir. Şəxsin üzərinə baxış keçirilərkən şalvarının cibindən bir bükümdə psixotrop maddə aşkar olunaraq götürülmüşdür. Əməliyyat məlumatı Turala Əliyevə daxil olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, 15 iyun 2023-cü il tarixində Təqsirləndirilən şəxs narkotik vasitə əldə etməsi və saxlaması ilə əlaqədar əməliyyat məlumatı daxil olmuş, Şahid2 və özünün daxil olduğu əməliyyat qrupu yaradılmış, Təqsirləndirilən şəxs axşam saatlarında yolda hərəkətdə olarkən saxlanılaraq Polis Bölməsinə dəvət edilmişdir. Polis Bölməsində təhqiqatçının otağında təqsirləndirilən şəxsin üzərinə baxış keçirilərkən psixotrop maddə olan “metamfetamin” aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs saxlanılan zaman onlar iki nəfər olmuş, əməkdaşlara müqavimət göstərməmişdirlər. Ona ilk dəfə Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı daxil olmuşdur.Təqsirləndirilən şəxs onların xidmət etdiyi ərazidə olmuş, lakin əvvəllər sonuncu barəsində narkotik vasitə ilə bağlı əməliyyat məlumatı daxil olmamışdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. “Şəxsi axtarış və götürülmə aparılması haqqında” protokoldan və həmin istintaq hərəkətlərinin video-görüntülərini əks etdirən DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs 15 iyun 2023-cü il tarixdə, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 21:30-da Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, İsfahani küçəsində saxlanılaraq ünvan 1 ünvanda yerləşən Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə gətirilmiş, orada saat 23:55-də üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü, sol yan cibindən isə üç ədəd bir manatlıq əskinası təqdim etmiş, sorğu zamanı o, bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümün içərisində olan maddənin “şüşə” kimi tanınan narkotik maddə olduğunu bildirmiş, həmin maddəni tanımadığı şəxsdən 35 manata alıb üzərində gəzdirdiyini bildirmişdir (cild 1, iş vərəqə 32-34). Məhkəmə-kimyəvi ekspertizanın 16 iyun 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün N-243» möhür əksi, «....Təqsirləndirilən şəxs...» və s. Sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 5,353 qram olan ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Ekspertiza tədqiqatından sonra metamfetaminin qalıq çəkisi 5, 253 qram təşkil etmişdir (cild 1, iş vərəqə 40-44). “Maddi sübut kimi tanıma haqqında” 17 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 5,353 qram olan psixotrop maddə metamfetamin maddi sübut əhəmiyyəti kəsb etdiyindən, iş üzrə maddi sübut kimi tanınmış və qalıq qalmış 5,253 qram psixotrop maddə olan metamfetamin saxlanılması üçün Binəqədi Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmişdir (cild 1, iş vərəqə 73). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X7 tərəfindən tərtib edilmiş 14 sentyabr 2023-cü il tarixli, 11670 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs adı göstərilən xəstəxanada müalicədə olmamışdır (cild 1, iş vərəq 109). “Sübutların qiymətləndirilməsi haqqında” 19 sentyabr 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, maddi sübut qismində tanınmış və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5,253 qram təşkil edən psixotrop maddə olan metamfetaminin saxlanılması üçün Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilməsinin nəzərə alınması, təqsirləndirilən şəxsin barəsində həyata keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən 01 ədəd CD diskin maddi sübut kimi tanınması və iş materiallarına saxlanılması müəyyən edilmişdir (cild 1, iş vərəqə 131-139). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın 2-ci Siyahısının 67-ci bəndinə (köhnə redaksiya) əsasən - təmiz halda 2 (iki) qram və daha artıq çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Məhkəmə, təqsirləndirilən şəxs psixotrop maddənin ona məxsus olmaması, fiziki zorakılığa məruz qalması səbəbindən məhkəmədə etirafedici ifadələr verməsi barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs həm barəsində şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılarkən, həm şübhəli, həm də təqsirləndirilən şəxs qismində ifadə verərək həmin maddənin özünə məxsus olmasını bildirmiş, məhkəmə iclasında isə fiziki zorakılığa məruz qalması səbəbindən ibtidai istintaq dövründə etirafedici ifadələr verməsini qeyd etdiyinə görə məhkəmənin təşəbbüsü ilə Təqsirləndirilən şəxs saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından onun barəsində tibbi müayinə sənədləri tələb edilmişdir. Təqsirləndirilən şəxs təcridxanaya daxil olarkən müayinədən keçirilməsinin nəticələrini özündə əks etdirən əldə edilmiş tibbi müayinə sənədlərindən görünür ki, o, həbs olunmadan əvvəl hər hansı zədə və ya bədən xəsarət almasını inkar etmiş, baxış zamanı dəri səthində çapıqlar və zədələr aşkar olunmamışdır . Göründüyü kimi Təqsirləndirilən şəxs həm barəsində şəxsi axtarış və götürmə istintaq hərəkətinin nəticələrini özündə əks etdirən protokol və ona əlavə edilmiş DVD diskin, həm də şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsi protokollarının mötbərliliyinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.2–ci maddəsinə əsasən şübhə altına alınması üçün əsaslar müəyyən edilmədiyindən təqsirləndirilən şəxsin üzərindən aşkar edilərək götürülən psixotrop maddənin ona məxsus olması halı işin mübahisəsiz halını təşkil edir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. Həmin əməl Təqsirləndirilən şəxs tərəfindən qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmaqla ağır cinayət hesab olunur. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 11 yanvar 2018-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.3 və 234.1ci maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 66.2 və 69.3-cu maddələrinin tələbləri nəzərə alınmaqla 3 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 16 mart 2020-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon məhkəməsinin həmin tarixli qərarı ilə 10 ay 21 gün vaxtından əvvəl şərti azad edilmiş, 6 fevral 2021-ci il tarixində təyin edilmiş cəza müddəti bitdiyi üçün şöbənin qeydiyyatından çıxarılmış, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 17 mart 2023-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 10 ay 10 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həbsdə saxlanıldığı müddət təyin olunmuş cəza müddətini əhatə etdiyindən, cəzasını faktiki çəkmiş hesab edilmişdir (cild 1, iş vərəqə 117-118). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsində qeyd edilmişdir ki, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanunu qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayəti törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, məhkumluqları ödənilmiş hesab edilməlidir. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətlərin residivi yaradır. Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 11 yanvar 2018-ci il tarixli hökmü ilə təyin edilmiş cəzadan Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 16 mart 2020-ci il tarixli qərarı ilə 10 ay 21 gün vaxtından əvvəl şərti azad edilməsi səbəbindən həmin cinayətə görə məhkumluq hazırki cinayət törədilən ana ödənildiyindən özü ilə bağlı bütün hüquqi nəticələri (cəza təyin edilməsi zamanı residivin müəyyən edilməsi, cəzaçəkmə müəssisəsinin seçilməsi və s.) ləğv etmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli hökmü ilə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının faktiki çəkilmiş hesab edildiyinə görə məhkəmə hesab edir ki, məhkumluğun ödənilməsi müddəti həmin gündən hesablanmalı (həmin hökmlə həbsdə saxlanıldığı müddət təyin olunmuş cəza müddətini əhatə etdiyindən, cəzasını faktiki çəkmiş hesab edilmişdir) və həmin gündən müvafiq əmələ görə məhkumluğun ödənilməsi üçün zəruri olan iki il müddət keçmədiyi dövrdə Təqsirləndirilən şəxs tərəfindən hazırki ittihama daxil olan ağır cinayət törədilməsinə görə qeyd olunan hal Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1 və 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi kimi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş sanksiya həddinin yarısından az olmayan müddətə azadlıqdan məhrumetmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar cəzanı ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. “Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 iyun 2002-ci il tarixli Qərarının 3-cü bəndinə əsasən Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələbinə görə cinayətlərin residivi zamanı azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxsə cəzanın çəkilməsi o zaman ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilir ki, o, əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş olsun. Həmin Qərarın 4-cü hissəsinə əsasən əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxslər dedikdə, keçmişdə törətdikləri cinayətlərə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzalarını müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaçəkmə müəssisələrində, həbsxanalarda azadlıqdan məhrum edilmiş şəxslər üçün müalicə müəssisələrində, təsərrüfat və məişət xidməti işlərinə görə istintaq təcridxanalarında saxlanılmış (CİM-nin 66-cı maddəsi) və yeni cinayət hadisəsi törədilənədək qanunla müəyyən edilmiş qaydada məhkumluğu götürülməmiş və ödənilməmiş şəxslər başa düşülməlidir. Hazırki iş üzrə təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 17 mart 2023-cü il tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsə də o, həbsdə saxlanıldığı müddət təyin olunmuş cəza müddətini əhatə etdiyindən, cəzasını faktiki çəkmiş hesab edilmiş, yəni real olaraq müvafiq cəzaçəkmə müəssisəsində cəza çəkməmişdir. Qanunun qeyd edilən tələbi baxımdan məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 15 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş (cild 1, iş vərəqə 20), Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 iyun 2023-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 15 iyun 2023-cü il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 82-85). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 15 iyun 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator məcburi-narkoloji tibbi yoxlamasının 20 iyul 2023-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyatorların qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomanıya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqə 128-129). Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5,253 qram təşkil edən psixotrop maddə metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs barəsində həyata keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən bir ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən 92 (doxsan iki) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 162). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ibtidai istintaq orqanı və məhkəmənin qərarları ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi ibtidai istintaq zamanı Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən, məhkəmə zamanı “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla ibtidai istintaq mərhələsində göstərilmiş 50 iş saatı həcmində hüquqi yardımla bağlı X3 vəkil işlədiyi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat məbləğində, məhkəmə mərhələsində göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi “Pro Bono” Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” 28 iyun 2002-ci il tarixli , “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 15 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5,253 qram təşkil edən psixotrop maddə metamfetamin məhv edilməli; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinin videogörüntülərini özündə əks etdirən bir ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs 92 (doxsan iki) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. İbtidai istintaq mərhələsində göstərilmiş 50 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına vəkil X6 üçün 300 (üç yüz) manat məbləğində pul köçürülsün. Məhkəmə mərhələsində göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına “Pro Bono” Vəkil Bürosunun hesabına vəkil Müdafiəçi üçün 180 (yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov
Məhkəmə qərarları › İş №1(101)-874/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-874/2024
15.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver