Məhkəmə qərarları › İş №1(101)-875/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-875/2023

04.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-875/2023 04.04.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: Məcidov X12 və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, Niyazova Nəzrin Əbülfət qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, ev 19-da qeydiyyatda olub, Abşeron rayonu, Novxanı qəsəbəsi, fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, ittiham aktına əsasən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 5,467 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, Nəsimi rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə saat 14:40-da ünvan 1 ünvanının qarşısında saxlanılaraq polis idarəsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın sol yan cibindən 01 bükümdə təmiz çəkisi 5,467 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, narkotik vasitələrin istifadəsi ilə məşğul olmuş, tutulan zaman üzərində 1 qramdan da az miqdarda narkotik vasitə olan heroin olmuşdur. Polis əməkdaşları onu Nəsimi RPİ-yə aparıb, axşam saat 19-20 radələrinə qədər orada saxlamışlar. Çəkiliş zamanı onun qarşısına 5 qram narkotik vasitə qoymuşlar. O, orada olan zaman vəkilinə də demişdir ki, onun üzərində cəmi 1 (bir) qram narkotik vasitə olub. Buna baxmayaraq çəkilişdən qabaq onun üzərində 5 qram narkotik vasitə olmasını deməyi barədə polis əməkdaşları ona hədə-qorxu gələrək, onu məcbur etmişlər ki, Turala 5 manata narkotik vasitə satmağı barədə ifadə versin. O, Turalla telefonla danışmamışdır. Müstəntiq müvəqqəti saxlama yerinə gələndə ona da üzərində 1 qram narkotik vasitə olmasını demişdir. O, narkotik vasitələrin istifadəsi ilə məşğul olmuş, lakin satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs məhfkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, gündə yarım qram narkotik vasitə qəbul etmiş, tutulan zaman işləməmiş, ailə üzvləri ona narkotik vasitə almaq üçün pul vermişdir. Narkotik vasitənin 1 qramını 40 manata almışdır. Pulu ailə üzvlərindən almış, o, valideynləri ilə birlikdə yaşamışdır. Himayəsində bir uşağı var. Polis əməkdaşları onu tutub bölməyə gətirmiş, üzərində 5 qram narkotik vasitə olmamışdır. Çəkiliş zamanı polis əməkdaşları narkotik vasitəni stolun üstünə qoymuşlar. Üzərinə narkotik vasitə qoyan polis əməkdaşları Səməd və Ruslan adlı şəxslər olmuşdur. Narkotik vasitəni satış məqsədilə əldə etməmişdir. O, məcbur olub həmin narkotik vasitələrin onun olduğunu demişdir. Polis əməkdaşı onu buraxmaq üçün ailəsindən pul istəmişdir. Narkotiki sosial şəbəkədə tanış olduğu, şəxsən tanımadığı İİR-nın vətəndaşından şəxsi istifadəsi üçün almışdır. Polis əməkdaşları ona fiziki təsir göstərməmiş, lakin psixi təsir göstərmişlər. Müstəntiq ona Cinayət Məcəllasinin 234.1-ci maddəsi ilə ittiham verəcəyini demiş, o da sənədləri oxumadan imzalamış, müstəntiq sənədləri oxumağa imkan verməmişdir. O, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. O, 5-6 ildir ki, narkotik vasitə istifadə edir, həm tək, həm də başqaları ilə birlikdə narkotik vasitə istifadə etmişdir. Səhər saat 12 radələrində rus məktəbinin yanında, Sevil parkı tərəfdə dayanacaqda olan zaman polis əməkdaşları ona yaxınlaşmışlar. Həmin vaxt üzərində 1 qramdan az, şəxsi istifadəsi üçün əldə etdiyi narkotik vasitə olmuş, üzərində başqa heç nə olmamışdır. Çəkilişdən qabaq polis əməkdaşları 5 qram narkotik vasitəni onun üzərinə qoymuşlar ki, çəkiliş zamanı həmin narkotik vasitənin ona məxsus olmasını etiraf etsin. Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun satış məqsədilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini əldə etməsi, üzərində gəzdirməsi, daşıması və saxlaması, yəni Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, o, 29 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs adlı şəxsin narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə ona məlumat daxil olmuş, həmin gün təxminən saat 10-11 radələrində Tural adlı şəxs saxlanılmış və Tural adlı şəxs də ifadəsində narkotik vasitəni Kənan adlı şəxsdən əldə etdiyini bildirmişdir. Onlara daxil olmuş məlumatla da Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması faktı bir daha təsdiqini tapmışdır. Həmin gün təxminən saat 14 radələrində Kənan adlı şəxs tərəflərindən saxlanılmış və Nəsimi RPİ-yə dəvət edilmişdir. O, heç bir müqavimət göstərmədən onlarla birlikdə Nəsimi RPİ-yə gəlmişdir. Təqsirləndirilən şəxs üzərinə təhqiqatçının iştirakı ilə inzibati otaqların birində baxış keçirilmiş, video çəkiliş zamanı üzərində narkotik vasitə aşkar edilmişdir. Təqsirləndirilən şəxs səmimi şəkildə həmin narkotik vasitələrin ona məxsus olmasını və İran İslam Respublikasının vətəndaşından əldə etdiyini bildirmiş, həmçinin Tural adlı şəxsə də 5 manata narkotik vasitə satdığını etiraf etmişdir. Məhkəmə iclasında ona verilən suallara cavab olaraq Şahid1 bildirmişdir ki, təqsirləndirilən şəxsi saat 14 radələrində saxlamışlar, şəxsə qarşı heç bir təzyiq göstərməmişlər, özü narkotik vasitəni İİR-nın vətəndaşından aldığını etiraf etmişdir. Təqsirləndirilən şəxsi bölməyə dəvət etdikdə o, yayınmağa çalışmamış, saxlanılan zaman narkotik vasitələrin təsiri altında olmuşdur. Şəxsin narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı ona məlumat daxil olmuşdur. Tural və Kənanın arasında üzləşdirmə keçirilib-keçirilməməsi barədə məlumatı yoxdur. Kənanın üzərində tərəzi olmamış, 5 qram narkotik vasitə bir bükümdə olmuş, şəxsin evinə baxış keçirilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 Şahid1 ifadəsinə oxşar məzmunda ifadə vermişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması özünün qismən etirafedici ifadəsi, iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən aparılmış istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri və digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan «şəxsi axtarış və götürmə aparılması haqqında» 29 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması zamanı əynində olan qara rəngli idman şalvarının sol yan cibindən içərisində qəhvəyi rəngli tozşəkilli maddə olan 01 ədəd şəffaf sellofan bükümü çıxararaq təqdim etmiş, daha sonra təqsirləndirilən şəxsin üzərində axtarış aparılmış, lakin başqa heç bir predmet aşkar edilməmişdir. Tədqiq olunan həmin protokoldan görünür ki, təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisindəki qəhvəyi rəngli tozşəkilli maddənin el içində «kokos» adı ilə tanınan narkotik vasitə heroin olduğunu bildirmiş, ondan həmin narkotik vasitəni haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini soruşduqda o, uzun müddətdir ki, narkotik vasitədən istifadə etdiyini, həmin narkotik vasitəni 3 gün əvvəl 100 manata İİR-nın vətəndaşı Nüsrət adlı şəxsdən aldığını, Nüsrətin qeyd etdiyi ünvandan, yəni Xəzər rayonunda xatırlamadığı ünvanda olan reklam lövhəsinin altından götürdüyünü, həmin narkotik vasitənin bir hissəsini tanıdığı şəxslərə satdığını, qalan hissəsini isə özünün istifadə etdiyini, həmçinin əldə etdiyi narkotik vasitəni dünən tanışı Turala 5 manata satdığını bildirmişdir. Həmin protokola əsasən həmçinin müəyyən edilmişdir ki, qeydə alınmış videogörüntü hər bir iştirakçıya nümayiş etdirilmiş, həm şübhəli şəxs, həm də digər iştirakçılar tərəfindən heç bir şikayət olmamış və vəsatət daxil olmamışdır (iş vərəqə: səh. 49-52). Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan «iş üzrə şəxsi axtarış və götürmə aparılması protokolu və həmin prosesin videogörüntüləri ilə tanış olma haqqında» 29 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntüləri müdafiəçi X2 təqdim olunmuş, müdafiəçi tərəfindən heç bir etiraz və vəsatət daxil olmamışdır (iş vərəqə: səh. 55). Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 30 sentyabr 2022-ci il tarixli 6/5621 nömrəli rəyindən görünür ki, üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №186» dairəvi möhür əksləri olan, «Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş...» sözləri, ad soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 5,467 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir (iş vərəqə 61-62). Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan ambulator məcburi-narkoloji tibbi yoxlama üzrə xx.xx.2022-ci il tarixli 6800 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: səh. 132-133). Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Psixiatriya Xəstəxanası» X10 23 noyabr 2022-ci il tarixli 11107 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmamışdır (iş vərəqə: səh. 111). Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X1 03 dekabr 2022-ci il tarixli 1/2322 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün həmin xəstəxanaya müraciət etməmişdir (iş vərəqə: səh. 112). Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan əməliyyat tapşırığına verilmiş 15 dekabr 2022-ci il tarixli 086-13233-1222 nömrəli cavabdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitəni əldə etdiyi mənbəni və narkotik vasitəni satdığı Tural adlı şəxsin və digər şəxslərin şəxsiyyətini müəyyən etmək mümkün olmamış, lakin onun narkotik vasitələrin satışı ilə məşğul olması öz təsdiqini tapmışdır (iş vərəqə: səh. 113). Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan «baxış keçirilməsi haqqında» 24 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, DİN-nin Baş İnformasiya Kommunikasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli 20/1-460m nömrəli məktubuna əlavə edilmiş, yaddaşında Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə dair məlumatların olduğu 01 ədəd CD diskə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrə ilə sorğu edilən tarixlərdə çoxsaylı telefon danışıqları aparılmış və sms mətnləri daxil olmuşdur. Sms mətnlərinə baxış zamanı orada «Kera, 100ze iki yarım düzdü o heç birdəki qardaşıvın ad günüdü senol bi dene ayrı nə qoyarsan qoyarsan kola qret qoyrasan məncün hamsini özümə almıram senol», «Ay qaqaü noldu salamatçılıqdı ac bu teli gor ne dirəmdə zağ astlar bir qıraqa qalsun tema lazımdı oncun yığıram», «Agi 19 qumu 21 torpağı veracay busafardan odaki borcumua kömək elayiram», «Qaqaş birinci didime 15 diy onu yarım elə təmiz bir dəndə təmiz1 opsi bir yarım», «Keri bidənə fe 5 diy elave pati menim ucun», «Qaqas çatmışame men 1 dene kola», «stunen götürdüm qalanını getirib qaytrdim ozuve onuda sen satmısan orxana düzdü amma sne ionuda menim ayağıma seher su aldım kola almaga gelirdi», «Kera yıgda məni torpaq ptda lazimdiye pulnan», «Brat 10 man kola elede gelirəm nese lazımdı maqazinen?», «Brat kolani yari eliyersen pulu düzəltdim 25man eledim», «Kera 1 dene yarım ele anam canı neqdi koz kimi 20m mendedi gelem teli ac», «Ok kera qrban senen de il balaca 1dene das pt mecun qoyda 1 iki tustuluk cekmey isdirem maci elesonde saqol elemesonde», «Yetim pulu getirir usaq bidene yarim birfe 5 diy pati» sms mətnlərinin Təqsirləndirilən şəxs istifadəsində olan telefona göndərildiyi müəyyən edilmişdir (iş vərəqə: səh. 139). İbtidai istintaq orqanının işdə olan «sübutların qiymətləndirilməsi haqqında» 24 yanvar 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş bir ədəd bükümdəki maddə, təmiz çəkisi 5,467 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra 5,417 qram narkotik vasitə heroinin qalığı saxlanılması üçün Bakı şəhəri Nəsimi RPİ-nin Növbətçi Hisəssinə təhvil verilmişdir (iş vərəqə: səh. 155-164). Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 5,467 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.11.-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 5,467 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşıması, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı mobil əlaqələri, qeyd olunan məzmunda sms yazışmaları təqsirləndirilən şəxsin həmin narkotik vasitəni satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə etməsinə, saxlamasına və daşımasına dəlalət edir. Bununla belə məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında özünü təqsirli bilməməsi, üzərində cəmi 1 (bir) qramdan az miqdarda narkotik vasitənin olması, cinayət işinin materiallarında qeyd olunan 5,467 qram narkotik vasitənin ona məxsus olmaması ilə bağlı ifadəsinə qiymət verərək qeyd edir ki, təqsirləndirilən şəxs məhkəmə iclasında sərbəst ifadə verərkən narkotik vasitəni polis əməkdaşlarının onun qarşısına qoyduqlarını, ona təzyiqlər göstərdiklərini, bu səbəbdən də həmin narkotik vasitəni öz üzərinə götürdüyünü bildirmişdir. Lakin şahidlər məhkəmə iclasında dindirilən zaman təqsirləndirilən şəxs ona verilmiş çarpaz suala cavab olaraq narkotik vasitəni onun üzərinə kimin qoyduğunu xatırlamadığını bildirmişdir. Bundan başqa təqsirləndirilən şəxsin üzərinə videoçəkiliş aparılmaqla baxış və axtarış keçirilmiş, üzərindən aşkar olunmuş maddə qanuna müvafiq qaydada qablaşdırılaraq ekspertizaya göndərilmiş, müvafiq olaraq ekspertizanın rəyi ilə həmin maddənin narkotik vasitə heroin olduğu və çəkisinin 5,467 qram təşkil etdiyi müəyyən edilmişdir. Bundan başqa təqsirləndirilən şəxs polis əməkdaşlarının ona heç bir fiziki zor tətbiq etmədiklərini, lakin psixi təsir göstərdiklərini bildirsə də, psixi təsirin konkret olaraq nədə ifadə olunması ilə bağlı məhkəməyə heç bir məlumat verə bilməmişdir. Bundan əlavə təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində polis əməkdaşlarının onu buraxması müqabilində onun ailə üzvlərindən pul tələb etdiklərini bildirsə də, müdafiə tərəfi qeyd olunanlarla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Təqsirləndirilən şəxs həmçinin məhkəmə iclasında ifadə verərkən, ona Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə ittiham veriləcəyini zənn etdiyi üçün etirafedici ifadələr verdiyini, həmin ifadələri imzaladığını və ifadəsindəki “təqsirli bilirəm” qeydini özünün yazdığını bildirmişdir. Bununla da məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadələr özünü müdafiə xarakteri daşıyır və daha ağır məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə irəli sürdüyü dəlillər kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla və daşımaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə baxışı zamanı cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 332.2.3cü maddəsi ilə 300 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2013-cü ildə cəriməni tam ödədiyindən qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsində qeyd edilmişdir ki, azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs xx.xx.2013-cü il tarixdə cəzasını çəkib qurtardığından və həmin gündən bir ildən artıq müddət keçdiyindən, o, məhkumluğu olmayan şəxs hesab edilməlidir (iş vərəqə səh. 101-102). Təqsirləndirilən şəxs məhkəmə iclasında himayəsində 1 azyaşlı uşağının olduğunu bildirsə də, müdafiə tərəfi bununla bağlı məhkəməyə heç bir sənəd təqdim etməmiş, lakin məhkəmə tərəfindən Elektron Məhkəmə İnformasiya Sistemində bununla bağlı axtarış edildikdə, təqsirləndirilən şəxsin X6 adlı xx.xx.2014-cü il təvəllüdlü övladının olduğu müəyyən edilmişdir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, sosial ədalətin bərpası və təqsirləndirilən şəxsin islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2022-ci il tarixli 6800 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin aşkar olunması və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması nəzərə alınmalı və barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməli, həmçinin tibbi rəyin tövsiyələrinə uyğun olaraq o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, onun ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən şəxs olmasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 29 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs 29 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 01 oktyabr 2022-ci il tarixli qərarı ilə barəsində «həbs» qismində qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 29 sentyabr 2022-ci il tarixdən hesablanmışdır. Bundan sonra məhkəmə hökmü çıxarılanadək təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 29 sentyabr 2022-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası CPM-nin 90 və 90.1.2-ci maddələrinin tələbinə görə cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxs şübhəli şəxs hesab edilir. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanır. Həmin Məcəllənin 158.2 və 158.2.1, 158.2.2-ci maddəsinin tələbinə görə isə təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, Nəsimi RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, ekspertiza tədqiqatından sonra 5,417 qram qalıq qalan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin olduğu 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə məhkəmə məsrəfləri olaraq 65 (altmış beş) manat məbləğində ekspertiza xərci müəyyən edilmişdir ki, qeyd olunan həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi 25 saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X3 150 (bir yüz əlli) manat məbləğində pul ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 29 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin. O, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut - Bakı şəhəri Nəsimi RPİ-də saxlanılan və ekspertiza tədqiqatından sonra 5,417 qram təşkil edən narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin olduğu 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 65 (altmış beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 04 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 150 (bir yüz əlli) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Səbinə Məmmədzadə Hakimlər Azad Məcidov Əli Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar