Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-876/2022 18.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçilər – Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1996-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, məcburi köçkün, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, Laçın rayonu, Türklər kəndində qeydiyyatda olan, faktiki olaraq Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi 43 ünvanında yerləşən 2 saylı peşə liseyinin yataqxanasında nömrəsiz evdə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməlini törətmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs 15 dekabr 2021-ci il tarixdə, saat 01:00 radələrində Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi 43 ünvanında yerləşən 2 saylı peşə liseyinin yataqxanasının qarşısında icarə əsasında idarə etdiyi “Toyota Prius” markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobilin farasını təmir edərkən qonşusu Zərərçəkmiş şəxs sərxoş vəziyyətdə onu təhqir etməsi və yumruqla vurması səbəbindən aralarında yaranmış mübahisə zamanı, şəxsi münasibətlərin pozulması zəminində əlində olan bıçaqla Zərərçəkmiş şəxs 1 (bir) dəfə qarın nahiyəsindən vuraraq sonuncuya döş qəfəsinin sol plevra boşluğuna nüfuz edən və soltərəfli hemotoraksa səbəb olan 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarasından ibarət həyat üçün təhlükəli olan bədən xəsarəti yetiıməklə qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməlini törətmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, əslən Laçın rayonu, Türklər kəndindən olsa da, məcburi köçkün kimi faktiki olaraq ailəsi ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi 43 ünvanında yerləşən 2 saylı peşə liseyinin yataqxanasında nömrəsiz evdə yaşayır. O, icarəyə götürdüyü “Toyota Prius” markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. O, evlidir, onun nikahdan bir övladı olmuş, lakin övladı rəhmətə getmişdir. O, Zərərçəkmiş şəxs uşaqlıqdan tanıyır. O, Fərman ilə qonşuluqda yaşayır və onlar uşaqlıqdan birlikdə böyümüşlər. Fərman da onun kimi məcburi köçkündür. Uşaqlıqdan onların arasında dostluq münasibətləri olmuşdur. Onun Fərman ilə heç vaxt düşmənçiliyi və ədavəti olmamışdır. O, taksi fəaliyyəti ilə məşğul olmaqla, ailəsini dolandırmışdır. O, 14 dekabr 2021-ci il tarixdə hər gün olduğu kimi səhər saatlarında idarə etdiyi “Toyota Prius” markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olmaq üçün evdən çıxmışdır. O, bütün günü işlədikdən sonra gecə vaxtı, yəni 15 dekabr 2021-ci il tarixdə, təxminən saat 01:00 radələrində yaşadığı ünvana qayıtmışdır. O, yaşadığı evə qayıtdıqdan sonra avtomobilində yaranmış nasazlıqla bağlı həmin nasazlığı düzəltməyə başlamışdır. Belə ki, avtomobilinin qabaq farası yanmamış və o, faranı təmir etməyə başlamışdır. Avtomobilinin farasını təmir etmək üçün bıçaq lazım olduğundan o, yaşadığı evə getmiş və evdən bıçaq götürərək avtomobilinin yanına qayıtmışdır. Bu vaxt sərxoş vəziyyətdə olan Fərman onun yanına gəlmişdir. O, faranı düzəldə-düzəldə Fərman ilə söhbət etməyə başlamışdır. Həmin vaxt onların yanında heç kəs olmamışdır. O, Fərman ilə danışanda Fərmanın sərxoş olduğunu başa düşmüşdür. Onlar təxminən 5 dəqiqə söhbət etdikdən sonra Fərman ona avtomobilinə oturmağını bildirmişdir. O, Fərmandan hansı səbəbdən avtomobilə oturmalı olduğunu soruşduqda, Fərman içkinin təsiri altında olduğundan onun üstünə qışqırmış və tez avtomobilə oturmağını demişdir. O, Fərmandan normal tərzdə onunla danışmasını xahiş etmişdir. Lakin Fərman onun iradına məhəl qoymaraq onu təhqir etməyə başlamış və təkidlə avtomobilə oturmağını bildirmişdir. O, Fərmana fikir verməməyə çalışsa da, bu vaxt Fərman anidən onun üzündən yumruqla vurmuşdur. Bundan sonra o da yumruqla Fərmanın üz nahiyəsinə bir dəfə vurmuşdur. Sonra onların arasında əlbəyaxa dava başlamışdır. Həmin vaxt ətrafda heç kim olmadığından onları heç kim ayırmamışdır. Bir neçə dəqiqədən sonra onlar sakitləşərək bir-birndən aralanmışlar. Sonra Fərman yaşadığı evə doğru getməyə başlamışdır. Fərman təxminən bir neçə metr getdikdən sonra yenidən onu təhqir edə-edə onun üzərinə doğru qaçmağa başlamışdır. Bu zaman o, əlində olan bıçaqla avtomobil farasını təmir etmişdir. Fərman isə onun üzərinə qaçaraq üstünə tullanıb yumruqla vurmaq istədikdə, o, zərbədən yayınmaq üçün əyilmiş və nəticədə Fərmanın yumruğu ona dəyməmişdir. Bundan sonra o, hisslərini cilovlaya bilməmiş və əlindəki bıçaqla Fərmanın qarın nahiyyəsinə 1 (bir) dəfə zərbə endirmişdir. Bu zaman onların səsinə tanışları Rauf və Toğrul gəlmişlər. Həmin vaxt o və Fərman artıq biri-birindən ayrılmışlar. Bundan sonra Fərman qışqıra-qışqıra onu təhqir etməyə davam etmişdir. Rauf və Toğrul ondan nə baş verdiyini soruşduqda, o, bildirmişdir ki, Fərman onu təhqir etdiyinə və vurduğuna görə sonuncunu bıçaqla vurmuşdur. Bundan sonra Fərman çıxıb yaşadığı evə getmişdir. O da bıçağı yerə ataraq oradan uzaqlaşmış və yaşadığı evə getmişdir. Bir neçə dəqiqədən sonra polis əməkdaşları onun yaşadığı evə gələrək onu Xətai rayon Polis İdarəsinin 34-cü Polis şöbəsinə aparmışlar. O da polis əməkdaşları ilə birlikdə Polis şöbəsinə gedərək orada Fərmanı bıçaqlamasını polis əməkdaşlarına etiraf etmişdir. Bundan başqa, təqsirləndirilən şəxs ifadəsində törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi etirafedici ifadəsini, zərərçəkmiş şəxsin və şahidin ifadəsini, məhkəmə istintaqında elan edilmiş şahid ifadəsini, habelə cinayət işinin materiallarında olan bütün sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alaraq və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, əslən Zəngilan rayonu, Baharlı kəndindən olsa da, məcburi köçkün kimi ünvan 1 ünvanında yerləşən 2 saylı peşə liseyinin yataqxanasında ailəsi ilə birlikdə müvəqqəti məskunlaşaraq yaşayır. O, heç bir yerdə işləmir və hazırda subaydır. O, təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs uşaqlıqdan tanıyır. Belə ki, Cəsarətin ailəsi də Laçın rayonundan məcburi köçkün olduğundan onun ailəsi kimi 2 saylı peşə liseyinin yataqxanasında məskunlaşmışdır. Onunla Cəsarət ilə arasında heç bir ədavət və ya düşmənçilik olmamışdır. Əksinə həmişə onun Cəsarət ilə dostluq münasibətləri olmuşdur. O, Cəsarətin ailəsini, Cəsarət də onun ailəsini tanımış və ailəvi gediş-gəlişləri də olmuşdur. O, mütəmadi olaraq spirtli içki içən deyildir. Ümumiyyətlə, hadisə baş verənədək o, heç vaxt spirtli içki içməmişdir. Lakin 14 dekabr 2021-ci il tarixdə, saat 18:00 radələrində o, yaşadığı evdən çıxaraq tanışları ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsində yerləşən “011” çay evinə getmişdir. O, orada bir neçə saat oturduğu müddət ərzində bir neçə bakal pivə içmişdir. O, ilk dəfə spirtli içki içdiyindən möhkəm sərxoş olmuşdur. O, gecə saat 00:00 radələrində sərxoş olduğunu hiss etdiyindən çay evindən çıxaraq yaşadığı məhəlləyə doğru getmişdir. 15 dekabr 2021-ci il tarixdə, saat 01:00 radələrində o, evdə olduğu zaman ürəyi sıxılmış və ona görə də həyətə düşmüşdür. O, həyətdə Cəsarəti görmüşdür. Cəsarət həmin vaxt avtomobilinin farasını təmir etmişdir. O, Cəsarətə yaxınlaşaraq salamlaşmışdır. Sonra onlar söhbət etməyə başlamışlar. O, Cəsarət ilə söhbət etdikdən təxminən 5 dəqiqə sonra sərxoş olduğundan Cəsarətə çıxıb getməyini bildirmişdir. Cəsarət isə cavabında avtomobilin farasını təmir etdiyini və təmir bitdikdən sonra çıxıb gedəcəyini demişdir. O, sərxoş olduğuna görə Cəsarətin onun dediyini etməməsi xoşuna gəlməmişdir. O, Cəsarətin bu sözündən əsəbiləşərək sonuncunun üstünə qışqırmış və sillə ilə vurmaq istəmişdir. Bundan sonra onların arasında mübahisə başlamış və onlar əlbəyaxa olmuşlar. Mübahisə etdikləri zaman onların yanında heç kim olmamışdır. Onlar bir neçə dəqiqə əlbəyaxa olduqdan sonra birbirlərindən aralanmışlar. O, əsəbi olduğu üçün Cəsarəti təhqir etmişdir. Lakin həmin vaxt o, sərxoş olduğundan demək olar ki, hadisəni təfərrüatı ilə xatırlamır. Lakin o, Cəsarətdən kənarlaşdıqdan sonra əsəblərinə hakim ola bilmədiyi üçün yenidən Cəsarətin üzərinə getdiyini xatırlayır. O, hətta tullanaraq Cəsarəti yumruqla vurmaq istəmişdir. Lakin bu vaxt Cəsarət əyilmiş və onun yumruğu Cəsarətə dəyməmişdir. Bundan sonra Cəsarət faranı düzəltdiyi bıçaqla onun sol qarın nahiyəsinə 1 (bir) dəfə vurmuşdur. Bundan sonra da o, Cəsarəti söyməyə və təhqir etməyə davam etmişdir. Sonra onların yanına qonşuları Rauf və Toğrul gəlmişlər. X6 nə baş verdiyni soruşmuşlar. Cəsarət də onu bıçaqla vurduğunu demişdir. Bundan sonra o, bıçaqlandığını başa düşmüş və oradan uzaqlaşmışdır. Sonra o, təcili tibbi yardım stansiyasına zəng etmişdir. Bundan sonra təcili tibbi yardım stansiyasının əməkdaşları onun yaşadığı evə gəlmişər. Bundan sonra həkimlər onu təcili tibbi yardım avtomobilinə mindirərək 3 saylı Şəhər Kliniki Xəstəxanasına aparmışlar. O, 3 saylı Şəhər Kliniki Xəstəxanasına bir neçə gün qalmış və orada əməliyyat olunmuşdur. Zərərçəkmiş şəxs ifadəsində, həmçinin Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncuya qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Ağdam rayonu, Seyidli kəndində qeydiyyatda olsa da, faktiki olaraq ünvan 3nvanında yerləşən yataqxanada məcburi köçkün kimi valideyinləri ilə birlikdə yaşayır. O, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs uşaqlıqdan tanıyır. Onun Fərmanla və Cəsarətlə həmişə yaxşı dostluq münasibətləri olmuşdur. O, 15 dekabr 2021-ci il tarixdə, təxminən saat 00:00 radələrində yaşadığı evin həyətində olmuşdur. Bu vaxt o, yaxınlıqda yerləşən 2 saylı peşə liseyinin yataqxanasından qışqırıq səsinin gəldiyini eşitmişdir. O, dərhal həmin yataqxananın qarşısına getmişdir. O, həmin yataqxananın qarşısına çatdıqda, onun digər dostu Rauf da orada olmuşdur. Sonra o, Fərmanın əli ilə qarnının sol tərəfini tutub yüksək səslə qışqıraraq Təqsirləndirilən şəxs ağır söyüşlərlə təhqir etdiyini görmüşdür. Sonradan o, bilmişdir ki, Fərman sərxoş olduğundan Cəsarəti söymüş və sonuncuya yumruq zərbəsi vurmuş, nəticədə də Cəsarət Fərmana bıçaqla xəsarət yetirmişdir. O, hadisənin necə baş verdiyini dəqiq olaraq görməmişdir. O, hadisə yerinə gələnədək artıq Cəsarət Fərmana bıçaqla xəsarət yetirmişdir. O, orada Cəsarətdən nə baş verdiyini soruşduqda, Cəsarət həmin gün axşam saatlarında taksi fəaliyyəti ilə məşğul olub yaşadığı evə qayıtdıqdan sonra avtomobilinin farasını düzəltdiyini, həmin vaxt Fərmanın Cəsarətə yaxınlaşaraq söhbət etdiyini, Fərman sərxoş olduğundan Cəsarəti təhqir etdiyini və sonuncudan maşına oturmasını tələb etdiyini, bu məsələ üstündə Fərmanla Cəsarətin arasında sözlü mübahisənin yarandığını, sözlü mübahisə zamanı Fərmanın Cəsarəti təhqir etdiyini, sonra Fərmanın Cəsarəti yumruqla vurduğunu, bundan sonra Cəsarətin də Fərmana əlində olan bıçaqla 1 (bir) dəfə xəsarət yetirdiyi bildirmişdir. Bir neçə dəqiqədən sonra hadisə yerinə təcili tibbi yardım avtomobili gəlmiş və sonra Fərman təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılmışdır. Cəsarət də bıçağı yerə ataraq yaşadığı evə getmişdir. Bundan sonra o da hadisə yerindən kənarlaşaraq yaşadığı evə getmişdir. Şahid1 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, ünvan 2 ünvanında qeydiyyatda olsa da, faktiki olaraq ünvan 3nvanında yerləşən yataqxanada məcburi köçkün kimi valideynləri ilə birlikdə yaşayır. O, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs uşaqlıqdan tanıyır. Onun Fərman və Cəsarətlə heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Onun həm Fərmanla, həm də Cəsarətlə dostluq münasibətləri olmuşdur. O, 15 dekabr 2021-ci il tarixdə, saat təxminən 01:00 radələrində yaşadığı evə gedən zaman həyətdən səs-küy eşitdiyi üçün evə qalxmamışdır. O, səsin haradan gəldiyi ilə maraqlanmış və ünvan 4 ünvanda yerləşən yataqxananın qarşısından səsin gəldiyini eşitmişdir. Bundan sonra o, dərhal ora getmişdir. O, həmin yataqxananın qarşısına çatan zaman Cəsarətin əlində bıçağın olduğunu, Fərmanın isə əli ilə qarnının sol tərəfini tutub iti addımlarla hərəkət edərək Cəsarəti təhqir etdiyinin şahidi olmuşdur. O, nə baş verdiyini Cəsarətdən soruşan zaman Cəsarət Fərmanın içkili olduğunu və Cəsarəti təhqir etdiyini ona bildirmişdir. Ona görə də Cəsarət Fərmanı bıçaqla vurmuşdur. Sonra o, Fərmanı sakitləşdirməyə çalışmışdır. Bundan sonra Fərman yaşadığı evə getmişdir. Bir neçə dəqiqədən sonra hadisə yerinə təcili tibbi yardım avtomobili gələrək Fərmanı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparmışdır. Cəsarət isə bıçağı yerə ataraq yaşadığı evə getmişdir. O da oradan kənarlaşaraq yaşadığı evə getmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin) ifadələri ilə yanaşı, elan edilmiş şahid ifadəsini, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 dekabr 2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 4-8) görünür ki, cinayət hadisəsi ünvan 5 ünvanda yerləşən 2 saylı peşə liseyinin yataqxanasının qarşısında baş vermişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 dekabr 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 24) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 dekabr 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 37-38) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 dekabr 2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan (cild 1, iş vərəqə 70-71) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 27 dekabr 2021-ci il tarixli əşyaların götürülməsi haqqında qərardan (cild 1, iş vərəqə 78) görünür ki, Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş paltarların götürülməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 27 dekabr 2021-ci il tarixli baxış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 80-81) görünür ki, Zərərçəkmiş şəxs hadisə əynində olmuş sviter və alt köynəyin arxa səthində solda 1 (bir) ədəd zədə izi olmuş, həmin zədənin ətrafında və köynəyin üzərində qanabənzər maddə aşkar edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 yanvar 2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 X9 21 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 107-108) görünür ki, vət. Zərərçəkmiş şəxs döş qəfəsinin sol yarısının sol plevra boşluğuna nüfuz edən və soltərfli hemotoraksa səbəb olan 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası müəyyən edildi. Xəsarətlər deşici-kəsici alətin (bıçağın) təsirindən törənmişdir, qərarda göstərildiyi kimi 15.12.2021-ci il tarixdə kənar şəxs tərəfindən törənə bilərdi, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilir. Vət. Zərərçəkmiş şəxs müəyyən edilmiş xəsarətlərin xarakter və lokalizasiyalarına görə şəxsin öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gəlməsi inkar olunur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 yanvar 2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 10 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 117-119) görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-lazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 yanvar 2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 82) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 yanvar 2022-ci il tarixli ərizədən (cild 1, iş vərəqə 93) görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış və onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 yanvar 2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 X9 02-MTKŞ/2022 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 110-111) görünür ki, ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus sviterin arxa səthində solda 1 (bir) ədəd, alt köynəyin arxa səthində solda 1 (bir) ədəd dəlib-keçən zədə aşkar olundu. Bu zədələr deşilmiş-kəsilmiş zədələr olub, küpü, kafi itilikdə olan ülgücü və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin (bıçağın) təsirindən törənə bilərdi. Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus sviterin arxa səthində solda 1 (bir) ədəd, alt köynəyin arxa səthində solda 1 (bir) ədəd dəlib-keçən zədə xətti ölçülərinə görə iz törədən alətin (bıçağın) eni, daxili olma səviyyəsində 1,5 sm-ə qədər ola bilər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 yanvar 2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 X9 03/2022-MTBŞ nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 113-115) görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu O/İ/-dir (şəxsiyyət vəsiqəsinin kseros ürətinə əsasən). Ekspertizaya təqdim edilən Zərərçəkmiş şəxs məxsus sviter və alt köynəyi üzərində insan qanı ləkələri aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda H antigeni və bəzi ləkələrdə həmçinin alfa, beta aqqlyutininləri də alındı. Beləliklə, bu qan ləkələri O-alfa,beta/İ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 fevral 2022-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 104-106) görünür ki, Təqsirləndirilən şəxs 15 dekabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirdiyi yeri, eləcə də törətdiyi cinayətin mexanizmini və üsulunu hadisə yeri olan ünvan 5 ünvanda yerləşən 2 saylı peşə liseyinin yataqxanasının qarşısında əyani şəkildə göstərmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 04 mart 2022-ci il tarixli arayışdan (cild 1, iş vərəqə 94) görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi 43 ünvanında yerləşən Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin yataqxanasında məskunlaşmış, o, məcburi köçkündür və onun ailə tərkibi arvadı X2 ibarətdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 sentyabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 124-133) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan olunmuş ittihamın qüvvəsində saxlanılması, onun əməllərində Cinayət Məcəlləsinin 29,120, 126.2.4, 221 və 228.4-cü maddələrinin tərkib əlamətləri olmadığından həmin maddələr üzrə barəsində cinayət təqibinin başlanmasının rədd edilməsi, cinayət hadisəsi baş verən vaxt zərərçəkmiş şəxsin əynində olmuş 1 (bir) ədəd sviterin və 1 (bir) ədəd maykanın maddi sübut kimi tanınması və saxlanması üçün Bakı şəhəri Xətai rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 mart 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan (cild 1, iş vərəqə 135) görünür ki, həmin gün Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə yeni məzmunda ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 13 noyabr 1998-ci il tarixli əlillik haqqında şəhadətnamənin surətindən (cild 1, iş vərəqə 210) görünür ki, Təqsirləndirilən şəxs atası X7 İİ qrup Çernobıl əlilidir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 31 iyul 2013-cü il tarixli məcburi köçkün vəsiqəsinin surətindən (cild 1, iş vərəqə 218-220) görünür ki, Təqsirləndirilən şəxs məcburi köçkün statusuna malikdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş tibbi sənədlərin surətlərindən (cild 1, iş vərəqə 221-236) görünür ki, Təqsirləndirilən şəxs atası X7 uzun müddətdir ki, ağır xəstəlikdən əziyyət çəkir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X3 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmış, lakin təqsirləndirilən şəxs və onun seçdiyi müdafiəçi həmin sübutlara dair öz etirazlarını bildirməmişlər, eləcə də irəli sürülmüş ittihamı və ittiham tərəfinin əldə etdiyi, o cümlədən məhkəmə istintaqında tədqiq edilmiş sübutları mübahisələndirməmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 dekabr 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda, həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmənin qarşısında duran başlıca vəzifə - təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsindən ibarətdir. Bu səbəbdən də məhkəmə ittihama daxil olan cinayət əməlinin təhlil edilməsini zəruri hesab edir. Cinayət hüququ nəzəriyyəsinə görə Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulmuş cinayət yalnız qəsdən törədilə bilər. Həmin cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, həmin cinayətin törədilməsi nəticəsində ən mühüm dəyərlərdən biri olan insan sağlamlığına zərər vurulur. Bu cinayətin obyektiv tərəfi bir şəxs tərəfindən başqa şəxsin sağlamlığına ağır zərərin vurulmasından ibarətdir. Obyektiv tərəfə daxil olan əməllər təqsirkarın xarici aləmin mexaniki, fiziki, kimyəvi, bioloji amillərdən istifadə etməklə təsir göstərməsində və ya psixi təsir göstərməsində ifadə oluna bilər. Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin dispozisiyası sağlamlığa vurulan ağır zərərin iki növünü nəzərdə tutmuşdur: həyat üçün təhlükəli olan zərər və həyat üçün təhlükəli olmayan, lakin öz nəticəsinə görə ağır hesab edilən zərər. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, cinayət hadisəsi baş verənədək Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs bir-birlərini tanımışlar və qonşu olmuşlar. Cinayət hadisəsinə qədər onların arasında normal dostluq münasibətləri olmuşdur. Hadisə baş verən gün, yəni 15 dekabr 2021-ci il tarixdə, təxminən saat 01:00 radələrində Təqsirləndirilən şəxs yaşadığı evinin qarşısında icarə əsasında idarə etdiyi avtomobilin farasını təmir etmişdir. Belə ki, avtomobilin farasında yerləşən naqillərdə nasazlıq olduğundan o, həmin vaxt təmir işlərini görərkən digər ləvazimatlarla yanaşı, həmçinin bıçaqdan istifadə etmişdir. Məhkəmə istintaqında hadisədən əvvəl Təqsirləndirilən şəxs spirtli içki qəbul etməsi və sərxoş olması müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs avtomobilinin farasında yaranmış nasazlığı təmir edərkən onun yanına sərxoş halda olan Zərərçəkmiş şəxs yaxınlaşmışdır. Məhkəmə istintaqında cinayət hadisəsinə qədər Zərərçəkmiş şəxs hansı həcmdə və hansı spirtli içki içməsini müəyyən etmək mümkün olmamış, lakin hadisə vaxtı onun sərxoş halda olması özünün ifadəsi ilə yanaşı, həmçinin təqsirləndirilən şəxsin və şahid ifadələri ilə tam şəkildə təsdiq olunmuşdur. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs yaxınlaşdıqdan sonra onla bir qədər söhbət etdikdən sonra Zərərçəkmiş şəxs sərxoş olduğundan hərəkətlərini idarə edə bilməmiş və nəticədə Təqsirləndirilən şəxs qarşı əxlaqsız hərəkətələr etmiş, yəni təqsirləndirilən şəxsi nalayiq ifadələrlə söymüş, ağır sözlərlə təhqir etmiş, habelə yumruq ataraq zor tətbiq etmişdir. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır və məhkəmə istintaqında dindirilmiş şəxslərin (təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs, şahid) ifadələri ilə tam şəkildə təsdiq olunmuşdur. Zərərçəkmiş şəxs əxlaqsız hərəkətlərinin nəticəsində onların arasında əvvəlcə sözlü mübahisə yaranmış, daha sonra isə qısa zaman içində sözlü mübahisə real əlbəyaxa davaya çevrilmişdir. Sözlü mübahisənin yaranmasına səbəb Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs təhqir etməsi və ağır sözlər işlətməsi olmuşdur. Onların arasında əlbəyaxa davaya səbəb isə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs yumruq atması olmuşdur. Onların arasında əlbəyaxa dava başladıqdan sonra qısa zaman içində həmin əlbəyaxa dava başa çatmışdır. Bundan sonra onlar bir-birlərindən aralanmışlar. Onlar bir-birlərindən aralandıqdan sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı sərgilədiyi əxlaqsız hərəkətlərə son qoymamış, əksinə daha da ağır söyüşlər söymüş və bir neçə dəqiqədən sonra yenidən Təqsirləndirilən şəxs üzərinə hücum edərək onu yumruqla vurmaq istəmişdir. Lakin Təqsirləndirilən şəxs əyildiyinə görə Zərərçəkmiş şəxs yumruqla onu vurmağa müvəffəq olmamışdır. Bu vaxt Təqsirləndirilən şəxs avtomobilinin farasını təmir edərkən istifadə etdiyi bıçaqla Zərərçəkmiş şəxs sol qarın nahiyəsinə 1 (bir) dəfə zərbə endirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs yaşadığı evə getmiş və təcili tibbi yardım stansiyasına zəng etmişdir. Bir qədər sonra təcili tibbi yardım stansiyasının əməkdaşları yaşadığı evə gələrək Zərərçəkmiş şəxs 3 saylı şəhər kliniki xəstəxanasına aparmışlar. Zərərçəkmiş şəxs 3 saylı şəhər kliniki xəstəxanasında əməliyyat olunmuşdur. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Zərərçəkmiş şəxsin aldığı ağır bədən xəsarəti ilə təqsirləndirilən şəxsin törətmiş olduğu əməl (fəal hərəkət) arasında birbaşa səbəbli əlaqə olmuş və zərərçəkmiş şəxs həmin xəsarəti məhz təqsirləndirilən şəxsin bıçaqla ona yetirdiyi zərbə nəticəsində almışdır. Eyni zamanda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini məhz sonuncunun ona qarşı sərgiləmiş olduğu aqressiv davranışı və əxlaqsız hərəkətlərinin təsiri altında törətmişdir. Qeyd edilən hallar həm təqsirləndirilən şəxsin, həm zərərçəkmiş şəxsin, eləcə də şahidin məhkəmə istintaqında vermiş olduqları ifadələr əsasında tam şəkildə təsdiq olunduğundan sözügedən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Bu hissədə məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini məhz zərərçəkmiş şəxsin ona qarşı sərgiləmiş olduğu aqressiv davranışın və əxlaqsız hərəkətlərin təsiri altında törətsə də, bu hallar onun cinayət törətməsinə haqq qazandıra bilməz. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs törətdiyi zoraki əmələ tənqidi yanaşaraq bu kimi halları qınayır. Bununla da Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Bundan başqa, zərərçəkmiş şəxs məhkəmə istintaqında bir daha təqsirləndirilən şəxslə barışdığını, habelə təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Göstərilən halları məcmu halda təhlil edib məhkəmə bir daha belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs həqiqətən də Zərərçəkmiş şəxs qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmiş, lakin o, sözügedən cinayət əməlini məhz zərərçəkmiş şəxsin ona qarşı sərgiləmiş olduğu aqressiv davranışı və qanunsuz hərəkətləri nəticəsində törətmişdir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və qeyd edilən cinayət əməli məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməli kimi tövsif edir və hesab edir ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 dekabr 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cavan, məcburi köçkün və evli olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi cinayət əməlini etiraf edərək həmin əməldən peşman olmasını, təqsirləndirilən şəxsin cinayət əməlini məhz zərərçəkmiş şəxsin əxlaqsız hərəkətlərinin təsiri altında törətməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, atasının İİ qrup əlil olmaqla yanaşı, ağır xəstəlikdən əziyyət çəkməsini, habelə ailədə yeganə qazanc gətirən şəxs olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən cinayət zərərçəkmiş şəxsin qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında törədildikdə (Cinayət Məcəlləsinin 59.1.8ci maddə) və təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdıqda (Cinayət Məcəlləsinin 59.1.12-ci maddə) təqsirləndirilən şəxsə təyin ediləcək cəza Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtaliyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı hissədə qeyd edir ki, ona məhz hansı növ cəzanın təyin edilməsi məsələsi məhkəmə tərəfindən ətraflı şəkildə araşdırılmışdır. Araşdırma nəticəsində onun cəzasını yüngülləşdirən bütün hallar həm ayrı-ayrılıqda, həm də məcmu halda təhlil edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və cinayət əməlinin ağırlığını, cinayətin törədilmə üsulunu və mexanizmini, törədilmiş cinayət əməlinin zoraki cinayət kateqoriyasına aid olmasını, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə, o cümlədən pozulmuş sosial ədalətin bərpasına nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində göstərilən cinayət cinayətlərin təsnifatına görə ağır cinayətlər kateqoriyasına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid 15 dekabr 2021-ci il tarixdən 17 dekabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət ona təyin ediləcək cəza müddətinə daxil edilməklə ona təyin ediləcək cəzadan çıxılmalıdır və üzərində saxlanılacaq cəzanın əvvəli hökmün çıxarıldığı tarixdən, yəni 18 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün ilə hesablanır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli, onun barəsində həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalında dərhal həbs edilməli və onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bu hissədə hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Bakı şəhəri Xətai rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan və cinayət hadisəsi baş verən vaxt zərərçəkmiş şəxsin əynində olmuş 1 (bir) ədəd sviter və 1 (bir) ədəd alt köynəyi məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfləri, mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 15 dekabr 2021-ci il tarixdən 17 dekabr 2021-ci tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət ona təyin edilmiş cəza müddətinə daxil edilsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablamaq yolu ilə həmin müddət ona təyin edilmiş cəzadan çıxılsın və onun üzərində 3 (üç) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin, onun barəsində həbs qətimkan tədbiri seçilsin, o, məhkəmə iclas zalında dərhal həbs edilsin və onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Bu hissədə hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə olunsun. Təqsirləndirilən şəxs üzərində saxlanılmış cəzanın əvvəli onun həbs edildiyi gündən, yəni 18 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut olub Bakı şəhəri Xətai rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan və cinayət hadisəsi baş verən vaxt zərərçəkmiş şəxsin əynində olmuş 1 (bir) ədəd sviter və 1 (bir) ədəd alt köynəyi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfləri, mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-876/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-876/2022
18.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver