Məhkəmə qərarları › İş №1(101)-876/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-876/2024

06.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-876/2024 06.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X5-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 38 saylı Vəkil bürounun vəkili Müdafiəçi iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, 20 avqust 1974-cü ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmayan, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna bağlar massivi, 368 nömrəli bağ evində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respulikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridaxanasında saxlanılan, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs başqa mənbədən və vaxtda satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni ümumilikdə 1025,981 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və külli miqdarda, yəni 12,981 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisində üzərində saxlamaqla daşımış və Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna bağlar massivində yerləşən kirayədə yaşadığı 368 nömrəli bağ evində saxlamış, 27 may 2023-cü il tarixdə saat 00:30 dəqiqədə Suraxanı rayon Polis İdarəsinin Dövlət X8 Yol- Patrul Xidmətinin əməkdaşları tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Səttar Bəhlulzadə küçəsində saxlanılaraq Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin inzibati binasında üzərində şəxsi axtarış aparılan zaman əynindəki gödəkçənin sağ yan cibindən bir ədəd sellofan bükümdə 9,481 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd şəffaf sellofan bükümdə 12,981 qram kustar üsulla hazırlanmış metamfetamin, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna bağlar massivində yerləşən kirayədə yaşadığı 368 nömrəli bağ evinə baxış aparılan zaman bağ evinin otağındakı çarpayının döşəkçəsinin altından bir ədəd sellofan bağlamada 1016,5 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür.. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü təqsirli bilməyərək ifadələrində göstərdi ki, 26 may 2023-cü il tarixdə axşamçağı polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra onu Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə apardılar. Səhərə qədər onu müvəqqəti saxlanılma yerində saxlamışlar. Polis əməkdaşları tərəfindən ona təzyiq göstərildiyinə görə məcbur olaraq polis əməkdaşlarının istəyi ilə razılaşaraq ittiham aktında deyilənləri boynuna götürmüşdür. Üzərinə şəxsi axatraış zamanı vəkil tələb etsə də onun üzərinə şəxsi axtarış zamanı yanında vəkil olmayıb. Hadisə 26 may gecə saatlarında baş verib. Heç vaxt üzərində narkotik vasitə olmayıb. Narkotik vasitə istifadəçisidir, lakin satışı ilə məşğul olmur. Narkotik vasitə kimi heroin istifadə edir. Xaşaxuna bağlar massivində yerləşən 368 nömrəli bağ evində yaşamır. O, Lənkəran rayonunda yaşayır. O, 21 may və 22 may 2023cü il tarixində bacanağıgilə getmişdir. Üzərindən aşkarlanan narkotik vasitənin ona aidiyyatı olmayıb. Sonradan vəkil gələndə sellofan torbadakı narkotik vasitənin birini saxladılar, digərini apardılar. O özü tikinti şirkətində işləmişdir. Onun üzərində olan plastik bank kartı özünə məxsus olub. O, tikinti şirkətində operator işləyir. Onun narkotik istifadəçisi olmağı ilə bağlı ekspertin rəyi ekspertin onunla söhbəti əsasında hazırlanıb. Yol Polis Xidməti maşını saxlayanda sürücü maşından düşüb getdi. Sonra polis əməkdaşları ona yaxınlaşmışlar. Onu polis əməkdaşları təsadüfən saxlayıblar. Polis əmkdaşları onu saxlayanda o, “Toyota Prius” markalı avtomobildə olmuşdur. Avtomobilin sürücüsü ilə tanışlığı olmamışdır. Onun barəsində qətimkan tədbiri məsələsinə baxılan zaman məhkəmədə özünü təqsirli bildiyini demişdir. Vəkil ona belə deməyini dediyinə görə məhkəmədə elə demişdir. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə istintaqın ilkin mərhələsində özünü təqsirli bilərək göstərmişdir ki, bir neçə ildir ki, narkotik maddə heroin və psixotrop maddə metamfetamindən istifadə edir. 27 may 2023-cü il tarixdə saat 22 radələrində İran İslam Respublikasının vətəndaşı Orxan adlı şəxsdən həm öz istifadəsi üçün, arada bir də satmaq məqsədilə cəmi 800 manata onlayn qaydada ödəniş etmiş və Orxan adlı şəxsin Keşlə qəsəbəsində göndərdiyi məkana gedib narkotik maddələri götürmək üçün Ələsgər və digər tanışı Vidadi ilə birlikdə Ələsgərin idarə etdiyi “Toyota Prius” markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobil İlə getmişlər. Orxan adlı şəxsin onun mobil telefonuna göndərdiyi məkana gedib oradan bir ədəd bükümdə heroin və bir ədəd bükümdə metamfetamini götürmüş və geri qayıtmışdır. Geri qayıdıb Suraxanı rayonuna gəlmişlər və Suraxanı rayonu, Suraxanı qəsəbəsində Ələsgərin idarə etdiyi həmin avtomobil ilə hərəkətdə olan zaman Ələsgər yol hərəkəti qaydalarını pozduğu üçün YPX-nin əməkdaşları avtomobli saxlamaq barədə işarə etmişdir. Ələsgər avtomobili yolun kənarına verib saxlamış və bu zaman onun üzərində narkotik maddələr olduğundan o, avtomobil dayanan kimi avtomobildən düşüb qaçmağa başlamışdır. Bu zaman polis əməkdaşları onun arxasınca qaçaraq onu tutub saxlamış və qaçmağının səbəbini soruşmuşlar. O da üzərində narkotik maddələr olduğundan qorxduğu üçün qaçdığını demişdir. Bundan sonra polis əməkdaşları ona və tanışları Ələsgər və Vidadiyə ərazi üzrə Suraxanı RPİ-nin 31-ci PB-nə dəvət etmişlər və onlar da razılaşıb Ələsgərin avtomobili ilə birlikdə 31-ci PB-nə gəlmişlər. 31-ci PB-də şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları videoçəkiliş aparılmaqla onun üzərində şəxsi axtarış keçirilməsinin zəruri olmasını bildirmişlər. O da buna etiraz etməmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, sonra isə dövlət hesabına vəkil təyin edilmişdir. Daha sonra polis əməkdaşları xidməti otaqların birində videoçəkilişlə şəxsi axtarış keçirmişlər. Şəxsi axtarış zamanı əvvəlcə ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmiş və olduğu halda çıxarıb təqdim etməyi təklif olunmuşdur. O isə əynində olan qara rəngli parça qısa qol gödəkçəsinin sağ yan cibindən iki ədəd bükümü və əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən sənəd qabını içərisindəki özünə məxsus AZE № 0******* seriya və nömrəli şəxsiyət vəsiqəsi və 4098-5844-6887-1908 nömrəli Leobank plastik kartı ilə birlikdə və əynindəki cins şalvarın sol yan cibindən qara rəngli “Samsung Duos” markalı, üzərində ***-***-**-** saylı mobil nömrə olan mobil telefonunu çıxarıb təqdim etmişdir. Ondan aşkar edilmiş bükümlər açılıb baxılmış və ondan həmin bükümlərdə olan maddələrin nə olması və haradan əldə etməyi barədə soruşulmuşdur. O isə həmin 02 ədəd bükümlərdən birinin içində heroin və digər bükümün içərisində isə metamfetamin kimi tanıdığı narkotik maddələr olduğunu, həmin narkotik maddələri 27 may 2023-cü il tarixdə axşam saatlarında onlayn qaydada İran İslam Respublikasının vətəndaşı Orxan adlı şəxsdən cəmi 800 manat pul ödəməklə onun göndərdiyi məkan üzrə Keşlə qəsəbəsindən gedib götürdüyünü, həmin narkotik maddələri həm özünün istifadəsi üçün və həm də arada bir satmaq məqsədilə əldə etdiyini bildirmişdir. Bundan başqa, yaşadığı evdə də narkotik vasitə saxladığını demişdir. Həmin 02 ədəd büküm, sənədlər və bir ədəd “Samsung Duos” markalı mobil telefon götürülərək qablaşdırılmışdır. Bundan sonra üzərində şəxsi axtarış keçirilmiş, lakin qanunsuz hər hansı bir əşya və ya maddə aşkar olunmamışdır. Axırda isə bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf o və iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra yaşadığı evə baxış keçirilməsinə etirazı olub-olmadığı soruşulmuş və o da etirazı olmadığını bildirmişdir. Bundan sonra onun və vəkilinin iştirakı ilə yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna bağları, nömrəsiz ünvanda yerləşən kirayədə yaşadığı həyət evinə baxış keçirilmişdir. Baxış zamanı evin yataq otağında olan taxta çarpayının döşəyini qaldıraraq altında olan bir ədəd bağlamanı və özünə məxsus ümumvətəndaş pasportunu təqdim etmişdir. Həmin bağlama açılaraq içinə baxıldıqdan sonra ondan həmin bağlamanın içərisində nə olması barədə soruşulmuşdur. O da həmin bağlamanın içərisində də heroin olduğunu, həmin narkotik maddəni də İran İslam Respublikasının vətəndaşı Orxan adlı şəxsdən 3-4 gün əvvəl 500 manata aldığını demişdir. Yaşadığı evdən aşkar edilmiş həmin 01 ədəd bağlama götürülərək qablaşdırılmışdır. Bundan sonra evinə baxış davam etdirilmiş, lakin qanunsuz hər hansı bir əşya və ya maddə aşkar olunmamışdır. Axırda isə bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Narkotik maddələri alıb əldə etdiyi şəxsin İran İslam Respublikasının vətəndaşı olmasını və adının Orxan olmasını bilmiş, lakin həmin şəxs barədə başqa heç bir məlumatı olmamışdır. O, narkotik maddələrin satışı ilə məşğul olmuş, üzərindən və yaşadığı evdən aşkar edilmiş narkotik maddələri həm öz şəxsi istifadəsi üçün, həm də satış məqsədilə alaraq əldə edib üzərində saxlamışdır. Tanışları Ələsgər və Vidadi adlı şəxslər onun üzərində satış məqsədilə əldə etdiyi külli miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olması barədə heç bir məlumatları olmamışdır. Saxlanılan zaman və Suraxanı RPİ-nin 31-ci PBdə olduğunuz zaman ona qarşı hər hansı bir formada təzyiq və ya təsir olmamışdır. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü istintaqın sonrakı mərhələlərində təqsirli bilməyərək göstərmişdir ki, 27 may 2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə aparılmış, 31-ci Polis Bölməsində üzərində şəxsi axtarış aparılmış, lakin üzərindən qanunsuz hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra polis əməkdaşları ona iki ədəd büküm verərək həmin bükümləri cibinə qoymağı, videoçəkilişlə üzərində şəxsi axtarış aparılan zaman hər iki bükümü çıxarıb təqdim etməyini, həmin bükümlərdən birinin içərisində heroin, digərinin içərisində isə metamfetamin olduğunu deməyini istəmiş, əvvəlcə buna razı olmasa da, polis əməkdaşları ona psixoloji təzyiq göstərdiyinə görə məcbur olaraq polis əməkdaşlarının istəyinə razılaşmış, daha sonra üzərində şəxsi axtarış aparılan zaman polis əməkdaşlarının dediyi kimi etmişdir. Bundan sonra Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna bağlar massivində yerləşən kirayədə yaşadığı 368 nömrəli bağ evinə baxış aparılmış, Baxış zamanı yaşadığı evdə çarpayının döşəkçəsinin altından 01 ədəd bağlama aşkar olunmuşdur. Həmin bağlamadan xəbəri olmamış, həmin bağlamanı da polis əməkdaşları onun evinə qoymuşdur. Heç vaxt narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamış, həmişə öz şəxsi istifadəsi üçün narkotik vasitə alıb istifadə etmişdir. İndiyə kimi heç kimə narkotik maddə pay verməmişdir. Şahid1 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs xidməti vəzifələrinin icrası ilə əlaqədar olaraq tanıyır. Onunla ədavəti və yaxınlığı yoxdur. 27 may 2023-cü il tarixdə saat 00:30 dəqiqədə iş yoldaşı Şahid2 ilə birlikdə xidmət aparan zaman Suraxanı rayonu, Bülbülə qəsəbəsi S.Bəhlulzadə küçəsində “Toyota Prius” markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü yol hərəkəti qaydalarını pozduğu üçün həmin sürücüyə işarə edərək saxlamasına dair göstəriş verdik. Həmin avtomobilin sürücüsü avtomobili saxladıqda avtomobilin arxa oturacağında əyləşən sərnişin avtomobildən düşərək qaçmağa başladı. Onlar həmin sərnişinin qaçmasına mane olaraq saxladılar və ondan qaçmağının səbəbini soruşduqda o, üzərində narkotik vasitə olduğunu dedi. Onlar həmin şəxsi, Suraxanı RPİ-nin 31-ci PB-nə gətirdilər. Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış həyata keçirilərkən iki ədəd büküm aşkar olundu. Hadisə 27 may 2023-cü il tarixdə baş verib. Hadisə vaxtı o, iş yoldaşı Şahid2 ilə birlikdə xidmət aparırdılar. İbtidai isintaq zamanı verdiyi ifadəni təsdiq edir. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid1 ibtidai istintaq zamanı göstərmişdir ki, Suraxanı RPİ-nin YPX-nin baş inspektoru vəzifəsində işləyir və polis leytenantı xüsusi rütbəsi daşıyır. 27 may 2023-cü il tarixdə saat 00:30 dəqiqədə iş yoldaşı Suraxanı RPİ-nin YPX-nin inspektoru, polis baş serjantı Şahid2 ilə birlikdə onlara təhkim olunmuş 589 çağırışlı xidməti avtomobil ilə Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisində xidmət aparan zaman Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsində “Toyota Prius” markalı, **- UD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü yol hərəkəti qaydalarını pozduğu üçün həmin sürücüyə işarə edərək saxlamasına göstəriş vermişlər. Həmin avtomobilin sürücüsü avtomobilin yolun sağına verib saxladıqda avtomobilin arxa oturacağında əyləşən sərnişin avtomobildən düşərək qaçmağa başlamışdır. Onlar həmin sərnişinin qaçmasına mane olaraq saxlamışlar və onun şəxsiyyəti barədə soruşmuşlar. Həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Ondan niyə avtomobildən düşərək qaçmaq istədiyini soruşmuşlar, o da üzərində narkotik vasitə olması səbəbindən tutulmamaqdan ötrü qaçmaq istədiyini demişdir. Onlar həmin şəxsi, avtomobilin sürücüsünü və digər sərnişini Suraxanı RPİ-nin 31-ci PB-nə təmin etmişlər. 31-ci PB-də xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına dəvət edilmiş müdafiəçi dəvət edilmiş və sonra isə Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış həyata keçirilmişdir. İlk öncə Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa, könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli parça qısa qol gödəkçəsinin sağ yan cibindən iki ədəd bükümü, əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən içində şəxsiyyət vəsiqəsini və “Leobank”a məxsus plastik kart və həmin şalvarın sol yan cibindən bir ədəd qara rəngli “Samsung Duos” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Ondan təqdim etdiyi bükümlərin içərisində nə olması və nə vaxt kimdən hansı üsulla əldə etməsi barədə soruşulmuşdur. Bu zaman Təqsirləndirilən şəxs həmin bükümlərdən birinin içərisində heroin, digər bükümün içərisində isə metamfetamin kimi tanıdığı narkotik maddələr olduğunu, həmin narkotik maddələri 26 may 2023-cü il tarixdə axşam saatlarında İran İslam Respublikasının vətəndaşı olan tanımadığı şəxsdən onlayn qaydada aldığını, yəni İran İslam Respublikasının onun mobil telefonuna göndərdiyi məkan üzrə “Keşlə” qəsəbəsinə gedərək oradan götürdüyünü və bundan başqa kirayədə yaşadığı evdə də narkotik maddə saxladığını bildirmişdir. Bundan sonra aşkar edilmiş həmin iki ədəd büküm, şəxsiyyət vəsiqəsi, bank kartı və bir ədəd mobil telefonun götürülərək qablaşdırılmışdır. Sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra aparılmış şəxsi axtarışla bağlı protokol tərtib olunmuş, protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs kirayədə yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna bağları yaşayış sahəsi, nömrəsiz ünvanda yerləşən evə baxış keçirilməsinə etirazının olub-olmadığı soruşulmuş və o, etirazının olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs və onun müdafiəçisinin iştirakı ilə onun yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna bağlan yaşayış sahəsi, nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evinə baxış keçirilmişdir. Baxış zamanı həmin evdə çarpayının üstündəki döşəkçənin altından bir ədəd qara rəngli sellofan bağlama aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin sellofan bağlamanın içərisində də narkotik vasitə heroin olduğunu, onu da İran İslam Respublikasının vətəndaşı olan tanımadığı şəxsdən üç gün əvvəl götürdüyünü, həmin şəxsin deyəcəyi yerə qoymaq müqabilində ona 500 manat pul verəcəyi barədə razılaşdıqlarını demişdir. Həmin bir ədəd qara rəngli sellofan bağlama da götürülərək qablaşdırılmışdır. Bundan sonra evə baxış davam etdirilmiş, lakin qanunsuz heç bir əşya və ya maddə aşkar olunmamışdır. Axırda isə Təqsirləndirilən şəxs kirayədə yaşadığı evə baxış keçirilməsi haqqında protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən və Suraxanı RPİ-nin 31-ci PB-də olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixoloji təsir olmamışdır. Şahid2 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs xidməti vəzifələrinin icrası ilə əlaqədar olaraq tanıyır. Onunla ədavəti və yaxınlığı yoxdur. Mahiyyəti üzrə bildirir ki, iş yoldaşı Şahid1 ilə birlikdə xidmət aparan zaman 27 may 2023-cü il tarixdə saat 00:30 dəqiqədə Suraxanı rayonu, Bülbülə qəsəbəsi S.Bəhlulzadə küçəsində “Toyota Prius” markalı, Az **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü yol hərəkəti qaydalarını pozduğu üçün həmin sürücüyə işarə edərək saxlamasına göstəriş verdikdə atomobilin sürücüsü avtomobili saxladı. Lakin avtomobilin arxa oturacağında əyləşən sərnişin avtomobildən düşərək qaçmağa başladı. Onlar həmin sərnişinin qaçmasının səbəbini soruşduqda o, üzərində narkotik vasitə olması səbəbindən qaçdığını dedi. Onlar Təqsirləndirilən şəxsı Suraxanı RPİ-nin 31-ci PB-nə gətirmişlər. Orada Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış həyata keçirilərkən iki ədəd büküm aşkar olundu. İbtidai isintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid2 ibtidai istintaq zamanı Şahid1 ilə analoji ifadələr vermiş və onun ifadələrində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və yaşadığı evə aparılmış baxış istintaq hərəkətlərinə əlavə olunmuş DVD formatlı disklərə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən ümumilikdə 1025,981 qram narkotik vasitə heroin və 12,981 qram psixotrop maddə metamfetaminin aşkar edilərək götürülməsi müəyyən edilmişdir. Məhkəmədə elan olunub araşdırılmış məhkəmə-fiziki-kimyəvi ekspertizasının 27 may 2023-cü tarixli, 6/3060 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N°197” dairəvi möhür əksi, “vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” yazısı və imzalar olan paketdəki, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 9,481 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir və 1 (bir) bükümdə təmiz çəkisi 12,981 qram ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində : “Azərbaycan Respublikası DİN Zərflər üçün Nə197 dairəvi möhür əksi, “vətəndaş Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşakr edilmiş ...” yazısı və imzalar olan paketdəki 1 (bir) ədəd bağlamada təmiz çəkisi 1016,5qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Vət. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş heroinin ümumi təmiz çəkisi 1025,981 qram (1 kq 25,981 qr) təşkil edir və həmin heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından əlavə olunmuş maddi sübut kimi tanınma qərarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş tədqiqata sərf olunduqdan sonra qalıq çəkisi 9,381 qram və 1016,3 qram qalmış narkotik vasitə heroin və 12,881 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Xəzər RPİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilmiş, 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmışdır. Məhkəmədə Təqsirləndirilən şəxs ifadələrində polis bölməsində polis əməkdaşlarının ona qarşı təzyiq etdiyini, üzərindən və evi kimi göstərilən mənzildən aşkar olunan psixotrop maddənin və narkotik vasitənin ona aid olmadığını, narkotik vasitələrin satışı ilə məşğul olmadığını göstərdi. Məhkəmədə Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması şahid ifadələri, ekspertiza rəyləri, şəxsi axtarış və götürmə protokolu, baxış və götürmə aparılması haqqında protokolu və digər sübutlarla sübuta yetirildi. Məhkəmədə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona təzyiqlərə məruz qalması və ondan aşkarlanan psixotrop maddələrin və narkotik vasitələrin ona aid olmaması, narkotik vasitələrin satışı ilə məşğul olmaması ilə bağlı olan ifadələri öz təsdiqini tapmadı. Bu səbəbdən də məhkəmə, onun bu ifaədələrini, faktiki əsası olmayan və öz müdafiəsinə yönələn ifadələr kimi qiymətləndirilmişdir. Belə ki, məhkəmə bu hallarla bağlı qeyd edir ki, təqsirləndirilən şəxs sərbəst ifadə vermək hüquna malikdir. O, bilə-bilə yalan xəbərçilik etməkdən başqa özünün müdafiəsi üçün göstərdiyi hallara görə məsuliyyət daşımır. O, xəbərçilik etdikdə isə bunu təsdiq edən sübutları da təqdim etməlidir. Əks halda özündə dəqiq faktı nəzərdə tutmayan məlumatın əsassız olaraq yoxlanılması hüquq müstəvisinə çıxarılardı. Bu da hüququ müəyyənlikdən “in abstrakto”-ya, yəni mücərəddiyə, qeyri-müəyyənliyə çevirərdi. Buna isə qanunla yol verilmir. Beləliklə də, məhkəmə, yuxarıda təsvir olunan sübutlar əsasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda nəzərdə tutulmuş cinayət əməlini anlaqlı vəziyyətdə, qəsdən törətməsinin sübuta yetirildiyi qənaətinə gəlir və Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunmasını əsaslı sayır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində nəzərdə tutulan cinayət əməlini qəsdən törətməsi qənaətinə gəldiyindən bu əmələ görə onun həmin maddədə nəzərdə tutulan qaydada cəzalanmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməlin cinayət olmasını aradan qaldıran hal, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməllərinin xarakterini və Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən məlumatları nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmədə istintaq zamanı materialların məhkəmə ekspertizasının keçirilməsinə 114 (yüz on dörd) manat xərclənməsi müəyyən olundu. Məhkəmə bu məbləğin dövlət büdcəsi hesabına ödənilməsini təmin edib, ekspertizasının keçirilməsinə sərf edilmiş 114 (yüz on dörd) manat vəsaitin Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə qaytarılmasını əsaslı sayır. Məhkəmədə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərmiş olduğu hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil bürosunun vəkili X2 240 (iki yüz qırx) manat pul vəsaiti, məhkəmədə Təqsirləndirilən şəxs göstərmiş olduğu 55 (əlli beş) saat hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 38 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 330 (üç yüz otuz) manat pul vəsaiti ödənilməli olması müəyyən olundu. Məhkəmə həmin məbləğlərin dövlət büdcəsi hesabına ödənilməsini təmin edib Təqsirləndirilən şəxs həmin ödəmələrdən azad olunmasını əsaslı sayır. Məhkəmə, iş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Xəzər RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq çəkisi 9,381 qram və 1016,3 qram qalmış narkotik vasitə heroin və 12,881 qram psixotrop maddə metamfetaminin sərbəst dövriyyəsi qadağan olunmuş əşya kimi məhv edilməsini, şəxsi axtarış və götürmə, həmçinin baxış və götürmə aparılması zamanı qeydə alınaraq yaddaş daşıyıcısına köçürülmüş, özündə videgörüntüləri əks etdirən 02 (iki) ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılmasını əsaslı sayır. Məhkəmə, cinayət işinin predmetini təşkil edən və iş üzrə maddi sübut kimi tanınmış psixotrop maddənin miqdarları arasında yaranmış fərqi onların ekspertiza tədqiqatı zamanı istifadə edilib aşınmasının nəticəsi kimi qəbul edir. Məhkəmə, narkotik xassəli vasitələrin məhv edilməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq, yaradılmış komissiya tərəfindən həyata keçirilməsini nəzərə alır. Məhkəmədə elan edilib araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi ibtidai istintaq zamanı təqsirli bilindiyi əməlin törədilməsi halları barəsində qismən etirafedici ifadələr verməsi və əvvəllər məhkum olunmaması müəyyən olundu. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə 27 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 28 may 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən həmin halı nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmədə elan edilib, araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş məhkəmə-narkoloji ekspertizasının 08 avqust 2023-cü il tarixli, 5056 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və PSİXOSTİMULYATORLARİN birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməsini və onun narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınmaması əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halın olmasını, ağırlaşdıran halın olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına, həyat və ailə şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) il 6 ( altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin başlanğıcı 27 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Dövlət büdcəsi hesabına məhkəmə kimyəvi ekspertizasının keçirilməsinə sərf olunmuş 114 (yüz on dörd) manat vəsait Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Həmin məbləğ Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə qaytarılsın. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil bürosunun vəkili X2 ödənilməsi üçün 240 (iki yüz qırx) manat, məhkəmədə Təqsirləndirilən şəxs göstərmiş olduğu hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 38 saylı Vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün 330 (üç yüz otuz) manat Azərbaycan Respublikası Vəkillər X3 və Tədris Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs müdafiə xərclərindən azad olunsun. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Bakı şəhəri Xəzər RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 9,381 qram və 1016,3 qram narkotik vasitə heroin, o cümlədən 12,881 qram psixotrop maddə metamfetamin məhv edilsin, 02 (iki) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar