Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-878/2023 13.11.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Əsgərova-Məmmədova Leyla Səyavuş qızının sədrliyi ilə, hakimlər Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər - Bakı şəhəri 25 saylı vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 7 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, 3 fevral 2002-ci ildə Abşeron rayonu Məhəmmədi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşayan, barəsində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni külli miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 2,009 qram külli miqdarda psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış və xx.xx.2022-ci il tarixdə saat 20:00 radələrində Bakı şəhəri Sabunçu rayonu, Balaxanı qəsəbəsi «Fazenda» yaşayış massivində özünü şübhəli apardığına görə Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə aparılmış, orada üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,245 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 09 ədəd bükümdə ayrı ayrılıqda təmiz çəkiləri 0,126 qram, 0,324 qram, 0,429 qram, 0,238 qram, 0,316 qram, 0,223 qram, 0,116 qram, 0,181 qram, 0,056 qram olmaqla ümumi təmiz çəkisi 2,009 qram külli miqdarda ağ rəngli kristallardan ibarət maddə kütlələri xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadə verərək bildirmişdir ki, o, heç vaxt narkotik vasitə satmamışdır. Üç aydır ki, gündə bir dəfə olmaqla narkotik vasitədən istifadə edir. Həm tutulma vaxtını, həm də üzərindən aşkar edilən narkotik vasitənin miqdarını mübahisələndirərək təqsirləndirilən şəxs bildirmişdir ki, tutulduğu gün saat 4-5 radələrində evdən çıxmış, evin yaxınlğındakı marketin yaxınlığında ona ilk öncə polis əməkdaşlarından biri, daha sonra digəri yaxınlaşaraq özlərini təqdim etmədən onu tutub döyərək “Chevrolet Cruise” markalı maşına yerləşdirmiş və narkotik vasitə istifadəçisi olduğunu bildirərək 12-ci polis bölməsinə aparmışdırlar. Tutulduğu zaman o, tək olmuş, polis əməkdaşları tərəfindən aparılarkən ailə üzvlərinin bu barədə xəbəri olmamışdır. Onun polis bölməsinə aparılmasına qonşular şahidlik etmiş və “uşağı aparırlar” deyə qışqırmışdırlar. O, həm maşında, həm də idarədə döyülmüşdür. Baş nahiyəsindən vurmaqla üzərində narkotik vasitə olub-olmaması ilə əlaqədar verilən suallara o yalnız narkotik vasitə istifadəçisi olması məzmununda cavab vermişdir. İstintaq təcridxanasında o, müayinə edilmədiyindən barəsində döyülmə faktı qeydə alınmamışdır. O, dayısıgilin evinə qonaq qismində gəlmiş, üç gün orada yaşamış, həmin mənzildə narkotik vasitə saxlamışdır. Polis əməkdaşları hər hansı icazə almadan yaşadığı həmin evə daxil olaraq baxış keçirərkən təqsirləndirilən şəxsin nənəsi və dayısı arvadı da evdə olmuş, həmin mənzilin həyətində olan zibil vedrəsinin altında gizlətdiyi narkotik vasitəni aşkar edərək götürmüşdürlər. Üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilərkən polis əməkdaşlarının dediklərini təkrar etmişdir. Həyət evində gizlətdiyi narkotik vasitə 2 qramdan az olmuşdur. Həmin 9 büküm narkotik vasitəni “İnstagram” sosial şəbəkəsindən, İran İslam Respublikasının vətəndaşı hesab etdiyi şəxsdən şəxsi istifadəsi məqsədilə əldə etmişdir. Həmin şəxsin telefon nömrəsi onda olmadığından sonuncu ilə yalnız instagram sosial şəbəkəsi vasitəsilə əlaqə saxlamış, narkotik vasitənin yeri barədə də sosial şəbəkə vasitəsilə məlumatlandırmışdır. O, Balaxanıdan 1 qram yarım “metamfetamin” olmaqla, ümumilikdə 9 büküm narkotik vasitə götürmüşdür. Həmin bükümlərin hər birində yalnız “metamfetamin” psixotrop maddəsi olmuşdur. Polis bölməsində olarkən həmin 9 büküm narkotik vasitəni orada görmüş, ittiham aktında isə ekspertizadan keçirilən narkotik vasitənin miqdarının 2,009 qram olması qeyd olunmuşdur. Lakin narkotik vasitəni satanlar ona miqdarın 2 qramdan az olduğunu bildirmiş, eyni zamanda 70 manat pul verdiyindən, həmin pula yalnız 2 qramdan az narkotik vasitə düşmüşdür. Çəkiliş zamanı üzərindən aşkar edilən narkotik vasitə olan heroini videoçəkiliş aparılması üçün dəvət edildiyi xidməti otaqda görmüşdür. Polis əməkdaşlarının onun üzərinə tərəzi qoyulması ilə bağlı cəhdləri ilə razılaşmamış, heroin narkotik vasitəsinin ona məxsus olması ilə isə məcburiyyət qarşısında razılaşmışdır. Belə ki, heroin adlı narkotik vasitənin də şəxsi istifadə məqsədilə əldə etməsi kimi qeyd ediləcəyinə inandırılmışdır. Dayısının arvadı onu polis əməkdaşları “Çiçək” marketin yanında maşına mindirilərkən görmüşdür. Hər gün narkotik vasitə almaması üçün 9 büküm narkotik vasitəni əldə edərək yanında saxlamışdır. O, narkotik vasitə olan metamfetamini 9 hissəyə bölünmüş formada əldə etmişdir. Polis orqanları və əməkdaşları ilə ədavəti yoxdur və əvvəllər məhkumluğu olmamışdır. Heroin adlı narkotik vasitəni əvvəllər görmüş ancaq istifadə etməmişdir. Ekspertlə söhbət etdikdə, ondan heroindən istifadə edib-etmədiyini soruşmuş, o isə cavabında metamfetamindən istifadə etdiyini, heroindən istifadə etmədiyini bildirmişdir. O, narkotik vasitəni almaq üçün getdikdə onun miqdarını bilmişdir. Bir bükümü 1 gün 1 dəfəyə istifadə etmişdir. Bükümlərdə narkotik vasitənin miqdarı çox olarkən onları bölərək istifadə etmişdir. Narkotik vasitənin bükümdəki miqdarının az və yaxud çox olmasını isə ona baxaraq müəyyən etmişdir. Narkotik vasitəni aldıqdan sonra da yalnız özü istifadə etmişdir. Narkotik vasitəni 27 sentyabr tarixində almışdır. İbtidai istintaq dövründə imza etdiyi dindirmə protokollarını oxumağa müstəntiq tərəfindən icazə verilməmişdir. Məhkəmə iclasında elan edilərək tədqiq edilən təqsirləndirilən şəxsin ibtidai istintaq dövründə verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməmiş, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan olunmuş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, hazırda Sabunçu rayonu Balaxanı qəsəbəsində Fazenda yaşayış massivində yerləşən xalası Nərminəyə məxsus nömrəsiz evdə yaşayır. Təxminən 5 aydır ki, narkotik vasitənin heroin növündən qəbul edir. 27 sentyabr 2022-ci il tarixdə səhər saatlarında sosial şəbəkədə tanış olduğu, üzünü görmədiyi, ona İranlı olduğunu deyən şəxslə tanış olub ondan özünün qəbul etməsi üçün heroin və ya «patı» adlandırılan psixotrop maddə metamfetamin istəmişdir. Özünü İranlı kimi təqdim edən şəxs həmin maddələrin 10 bükümünü 78 manata təklif etmiş və onun pulu bank hesabına ödədikdən sonra həmin maddələri haraya qoyduğunu deyəcəyini, bundan sonra onun həmin maddələri oradan götürə biləcəyini bildirmişdir. O da özünü İranlı kimi təqdim edən şəxslə razılaşmış, həmin şəxsin ona bildirdiyi “Kapitalbank”a aid hesab nömrəsinə 78 manat pul ödəmişdir. Bundan sonra özünü İranlı kimi təqdim edən şəxs ona demişdir ki, heroini və metamfetaminləri Balaxanı qəsəbəsndən Zabrata gedən yolun kənarına qoymuşdur. O, həmin yerə getmiş və oradan 1 ədəd şəffaf sellofan zərfə qoyulmuş 10 ədəd ağ rəngli sellofanda olan bükümləri götürmüşdür. Bükümlərdən 4 ədədi bir ədəd sellofan kəsiyinə bükülmüş, 6 ədədi isə ayrıayrılıqda olmuşdur. Sonra o, təxminən saat 20 radələrində yaşadığı məhəlləyə gəlmiş və orda piyada gedərkən iki nəfər polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim etmişlər. Üzərində narkotik vasitə heroin olduğundan polis əməkdaşlarını görən kimi həyəcanlanmış və özünü şübhəli aparmağa başlamışdır. Onun hərəkətləri polis əməkdaşlarında şübhə yaratdığından şəxsiyyətinin müəyyən edilməsi üçün Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə dəvət edilmişdir. O da buna etiraz etməyərək polis əməkdaşları ilə birlikdə 12-ci Polis Şöbəsinə getmişdir. Həmin vaxt fürsət tapıb üzərindəki heroini və metamfetaminləri tullaya bilməmişdir. Polis Şöbəsində olarkən şəxsiyyəti müəyyən edilmiş, hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət olunmuşdur. Həmin vəkil ona təqdim edilmiş və o, bildirmişdir ki, hüquqlarının Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Səməd Əliyev tərəfindən müdafiə olunmasına etirazı yoxdur. Bundan başqa o, şübhəli şəxs qismində tutulmuş və ona şübhəli şəxs qismində Azərbaycan Respublikası CPM-ninn 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilməklə bildiriş verdilmişdir. Qeyd olunanlarla bağlı 12- ci Polis Şöbəsinin təhqiqatçısı tərəfindən müvafiq protokollar tərtib edilmiş, həmin protokolları o, imza etmişdir. Sonra üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməsi təklif edildikdə o, etiraz etməmiş, lakin ərizə ilə müraciət edərək bildirmişdir ki, üzərinə şəxsi axtarış vəkilin iştirakı olmadan keçirilsin. Bunun səbəbi də onunla bağlı olmuşdur ki, üzərində narkotik vasitə heroin olmasını bilirmiş və istəmirmiş ki, həmin heroin vəkilin yanında aşkar edilsin. Çünki fikirləşmişdir ki, əgər üzərində saxladığı heroin və metamfetaminlər vəkilin yanında aşkar edilsə vəkil onu gələcəkdə məhkəmədə müdafiə edə bilməyəcəkdir. Məhz bu səbəbdən 12-ci Polis Şöbəsində üzərinə videoçəkilişlə şəxsi axtarış vəkilin iştirakı olmadan keçirilmişdir. Şəxsi axtarış keçirilərkən 12-ci Polis Şöbəsinin təhqiqatçısı tərəfindən ona bildirilmişdir ki, üzərində saxlanılması qanunla qadağan olunmuş əşya və predmetin olduğu təqdirdə təqdim etsin. Həmin vaxt o, əynində olan qara rəngli şalvarın sağ yan cibində olan 1 ədəd şəffaf sellofan zərfə qoyulmuş 10 ədəd bükümlərdə heroini və metamfetaminləri təqdim edərək bildirmişdir ki, həmin maddələrdən biri torpaq, kakos kimi tanıdığı heroin, digər 9 bükümdə olanlar isə “patı”, “şüşə” kimi tanıdığı psixotrop maddə olan metamfetamindir. Həmin heroini və metamfetamini tanımadığı özünü İranlı kimi təqdim edən şəxsin hesabına 78 manat pul ödəməklə almış, özünü İranlı kimi təqdim edən şəxs də həmin heroini və metmfetamini Zabrat yolunun kənarına qoymuş, o da heroini və metmfetamini həmin yerdən götürmüşdür. Ondan aşkar edilmiş heroin və metamfetaminlər təhqiqatçı tərəfindən götürülərək qablaşdırılmış, qablaşdırılmış zərf möhürlənmişdir. Möhürlənmiş zərfi o və şəxsi axtarış zamanı iştirak etmiş polis əməkdaşları imzalamışlar. Bildirilmişdir ki, ondan aşkar edilmiş heroinin və metamfetaminin çəkisi, tərkibinin müəyyən edilməsi üçün ekspertizaya göndəriləcəkdir. Şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmişdir. Həmin protokola o və şəxsi axtarış zamanı iştirak etmiş polis əməkdaşları imza etmişlər. Bundan başqa ondan xalası Nərminə məxsus ***-***-**-** nömrəsi ilə istifadə etdiyi Redmi Note 8 markalı mobil telefon aşkar olunmuş, həmin telefonda sübut əhəmiyyətli heç nə aşkar olunmamışdır. Onun özünün istifadə etdiyi mobil telefonu yoxdur, ümumiyyətlə mobil telefondan istifadə etmir, xalası Nərmindən isə arabir mobil telefonunu alır ki, evlə əlaqə saxlaya bilsin. Ona təqdim olunan ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** nömrlərindən istifadə etməmişdir, həmin nömrələrin adına necə rəsmiləşməsi barədə məlumatı yoxdur. O, bir bükümdə heroin və 9 bükümdə isə metamfetamin almışdır. O, həyəcanlı olması səbəbindən şəxsi axtarış zamanı metamfetami və heroini satış məqsədilə əldə etməsini bildirmiş, əslində isə o, heroin və metamfetamini şəxsi istifadə üçün əldə etmişdir. İran İslam Respublikasının vətəndaşı kimi özünü təqdim edən şəxsin səhifəsi onun səhifəsinə təsadüfən gəlmiş, hazırda həmin səhifəni və pulu göndərdiyi hesabı xatırlamır. Həmin pulu da Balaxanı qəsəbəsində yerləşən paypoint ödəmə terminalından göndərmişdir. Üzərindən aşkar edilmiş heroin və metamfetamindən başqa heç bir yerdə narkotik vasitə və ya psixotrop maddə saxlamır. Başqa heç bir cinayət hadisəsi etməmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən ona qarşı heç bir fiziki zor və ya təzyiq tətbiq edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı qismən etirafını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən sübutların toplanması məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, Balaxanı qəsəbəsində Təqsirləndirilən şəxs tutmuş, onu narkotik vasitələrinin satışı və istifadəsində şübhəli bilərək “Hyundai” markalı avtomobildə polis bölməsinə aparmışdırlar. Sonuncu polis əməkdaşlarına müqavimət göstərməmiş, saat 20:00 radələrində Polis Bölməsinə çatdıqdan sonra şəxsiyyəti müəyyənləşdirilmişdir. Polis bölməsində təhqiqatçı Şahid3 tərəfindən sonuncunun xidməti otağında videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, baxış zamanı onun üzərindəki şalvarın sağ yan cibindən narkotik vasitə aşkar edilərək götürülmüşdür. O, videoçəkiliş mərhələsində iştirak etmiş və Təqsirləndirilən şəxs şalvarının cibindən narkotik vasitələri çıxarmasının şahidi olmuşdur. Videoçəkiliş zamanı təqsirləndirilən şəxsin cibindən neçə büküm narkotik vasitə çıxdığını xatırlamasa da bükümlərin sayının çox olduğunu xatırlayır. Ayxanın üzərində biri heroin olmaqla 2 növ narkotik vasitə aşkar edilmişdir. Onlar narkotik vasitələrinin alıcısı barədə məlumat əldə edə bilməmişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, onlar Şahid1la birlikdə Balaxanı ərazisində saat 20:00 radələrində Təqsirləndirilən şəxs sonuncunun şübhəli hərəkətlərinə görə yaxınlaşmış, əməliyyat müvəkkili vəzifəsində çalışdığına görə Təqsirləndirilən şəxs görərkən onun narkotik vasitə ilə məşğul olmasını bilmiş, saat 22:00 radələrində təhqiqatçının yanında onun üzərinə baxış keçirmiş və daha sonra məlumatlar sənədləşdirilmişdir. O, sonuncunu polis şöbəsinə gətirdikdən sonra rəhbərliyə bununla bağlı məruzə etmişdir. Videoçəkiliş zamanı təqsirləndirilən şəxs vəkilin iştirakının olmamasına etiraz etməmiş, sonuncunun üzərindən 6 ya 7 büküm narkotik vasitə aşkar edilmiş, eyni zamanda cibində telefon da olmuşdur. Sonuncu narkotik vasitələri satış və öz istifadəsi üçün əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən metamfetamin və heroin maddələr aşkar edilmişdir. Videoçəkiliş zamanı Şahid1 və təhqiqatçı da iştirak etmişdir. Məhkəmə iclasında tərəfindən verilmiş rəyə dair müvafiq izahlar verən ekspert Aysel Cavadova bildirmişdir ki, maddi sübutlar qəbul edilərkən fotoşəkli çəkilməsə də əməliyyatçının iştirakı ilə polietilen paketdən ayrılaraq çəkisi ölçülür. Belə ki, polietilen paketin öz ağırlığı olduğu üçün o, heç vaxt maddi sübutla bir yerdə çəkilə bilməz. Açılmış hər hansı polietilen paketdə olan bükümün içində aşkar edilmiş əlavə büküm rəydə qeyd edilir. Bükümlərdən hər hansı biri zərfin içinə töküldükdə tökülmüş narkotik vasitəni ağzı açıq olan və yaxud deşilmiş polietilen paketdən tökülən narkotik vasitənin üzərinə əlavə edilir. Ekspertizaya maddi sübut ağzı bağlı, üzərində hal şahidlərinin imzası olan və möhürlənmiş zərfdə təqdim edilməlidir. Həmin şərtlərdən birinin pozulması maddi sübutun tədqiq üçün qəbul edilməsindən imtina üçün əsasdır. Hazırki iş üzrə Təqsirləndirilən şəxs götürülmüş nümunələr 1 büküm şəffaf rəngli polietilen bükümdə 0.245 qram olan qəhvəyi rəngli, toz şəkilli “Heroin”, 9 ədəd bükümdə “metamfetamin” olmuşdur. Ümumiyyətlə bir bükümün içində başqa bükümlər vardırsa bütün bükümlər tək-tək sayılır. Əgər təqdim edilən bükümlərdən birinin içindən əlavə büküm aşkar edilərsə həmin büküm mütləq şəkildə digər bükümlərə əlavə edilərək qeyd edilməlidir. Maddi sübut kimi narkotik vasitə və ya psixotrop maddə “Akt” vasitəsilə qəbul edilir və geri qaytarılır. “Akt” rəydən öncə tərtib olunur və vahid olur. Yəni həm qəbul edilən, həm də qaytarılan maddələr, sayı və s . məlumatlar eyni aktda öz əksini tapmaqla, müvafiq maddi sübutu təqdim edən və təhvil alan əməliyyatçının iştirakı ilə tərtib edilir. “Akt” tərtib edilmədən maddi sübutun qəbul edilməsinə yol verilmir. Bu həmçinin ona görə əhəmiyyət kəsb edir ki, “Akt”da həm qəbul edilən həm də qaytarılan büküm sayları eyni olmalıdır və hazırki aktdan da görünür ki, qəbul edilən və qaytarılan aktlarda büküm sayı eynidir. Əməliyyat müvəkkili Elvin Məmmədovun iştirakı ilə hazırki iş üzrə maddi sübutu açılmış, bir- bir onların çəkisi qeyd edilmiş, həmin şəxs də qeyd edilən çəkilərə uyğun olaraq aktı imzalamışdır. Əgər narkotik vasitə olan bükümlərdən böyük bükümün içinə dağılanı olarsa, həmin dağılan narkotik vasitələr ayrıca büküm kimi hesablanır. Yəni, böyük bükümün içində üç büküm narkotik vasitə vardırsa həmin bükümlərdən dağılan narkotik vasitə ayrıca büküm kimi hesablanaraq dörd büküm kimi qeyd edilir. Hazırki iş üzrə böyük bükümün içində az miqdarda narkotik vasitə olduğu üçün o da ayrıca büküm kimi qeyd edilmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və həmin istintaq hərəkətlərinin videogörüntülərini özündə əks etdirən DVD diskdən görünür ki, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Fazenda yaşayış massivində fərdi evin qarşısında inzibati ərazidə xidmət apararkən Təqsirləndirilən şəxs özünü şübhəli apardığına görə saxlanılmış, həmin şəxsin üzərində qanunla əldə edilməsi, saxlanılması və daşınması qadağan edilən maddə, əşya və ya predmet ola bilməsi şübhəsi ilə Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis şöbəsinə dəvət edilmişdir. Üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı bir əşya və ya predmet olduğu təqdirdə təqdim etməsini təklif edildikdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan zərfdə 07 ədəd ağ rəngli sellofan bükümləri, şalvarın sol yan cibindən 01 ədəd mobil telefon aparatını çıxarıb təqdim etmiş, təhqiqatçı tərəfindən bükümlər bir-bir açılarkən bir ədəd bükümün içərisindən qəhvəyi rəngli, 5 ədəd bükümün içərisindən ağ rəngli kristalşəkilli maddə, 7-ci büküm addıqda isə 03 ədəd ayrı-ayrı bükümdə ağ rəngli sellofan bükümlər aşkar edilir. Təqsirləndirilən şəxs sorğu zamanı bildirmişdir ki, qəhvəyi rəngli olan maddə torpaq, kakos kimi tanıdığı heroindir, digər bükümlərdəki ağ rəngli kristal hissəciklərdən olan maddələr isə «patı» adlandırılan psixotrop maddə metamfetamindir. Həmin bükümləri xx.xx.2022-ci il tarixdə xarici vətəndaşdan həm istifadə etməsi, həm də satması üçün əldə etmişdir( cild 1, iş vərəqə 24-25). Məhkəmə-kimyəvi ekspertizasının 29 sentyabr 2022-ci il tarixli rəyindən görünür ki, üzərində “Azərbaycan Respublikası DİN-nin zərflər üçün №-159 dairəvi möhür əksi, Təqsirləndirilən şəxs götürülmüş bükümlər, Təqsirləndirilən şəxs -imza, imzalar, tərtib etdi Şahid3-imza...” yazı əlavəsi qeyd ediliş bir ədəd kağız zərfdə 01 ədəd bükümdə təmiz çəkisi-0,245 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasit-heroindir, 09 ədəd bükümlərdəki təmiz çəkiləri - 0,126 qram, 0,324 qram, 0,429 qram, 0,238 qram, 0,316 qram, 0,223 qram, 0,116 qram, 0,181 qram, 0,056 qram omaqla ümumi təmiz çəkisi 2,009 qram olan ağ rəngli kristallardan ibarət maddə kütlələri xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Ekspertiza tədqiqatından sonra heroinin qalıq çəkisi 0,195 qram, metamfetaminin qalıq çəkisi 1,919 qram təşkil etmişdir (cild 1, iş vərəqə 31- 35). Təqsirləndirilən şəxs yaşadığı Sabunçu rayonu, Fazenda yaşayış masivində yerləşən nömrəsiz evdə axtarış keçirilməsinə etiraz etməməsi barədə 1 oktyabr 2022-ci il tarixli ərizəsinə əsasən aparılmış “Axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, axtarış aparılan zaman hər hansı narkotik vasitələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və sənədlər aşkar edilməmişdir ( cild 1, iş vərəqə 78, 84). 21 yanvar 2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası”nda daxil olan məktubdan görünür ki, Təqsirləndirilən şəxs adı göstərilən xəstəxanada qeydiyyatda olmamışdır (cild 1, iş vərəqə 119). 24 yanvar 2023-cü il tarixli “Toplanmış sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, cinayət işi üzrə maddi sübut əhəmiyyəti kəsb edən təmiz çəkisi 0, 245 qram heroinin və 2,009 qram metamfetaminin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0, 195 qram heroin və 1, 919 qram metamfetamin saxlanılması üçün Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin saxlancına verilmiş, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış keçirilməsi və götürmə aparılması prosesinin videogörüntüsünün əks olunduğu 01 ədəd CD diskin iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir ( cild 1, iş vərəqə 154-163). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir . “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Qanunun mənasına görə CM-nin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Cinayət-Prosessual Məcəlləsinin 139.0.3-cü maddəsinə əsasən sübut edilməli olan hallardan biridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunda “satış” məqsədinin anlayışı verilməsə də, həmin Qanunun 1.0.11-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına aydınlıq gətirilmişdir. Belə ki, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər “satma” kimi başa düşülür. Bu kontektsdə “satış” məqsədi də narkotik vasitələrin və ya psixortop maddələrin “əvəzli, qazanc əldə etmək və ya sair şəxsi maraqdan yayılması” məqsədi kimi şərh edilə bilər. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 №-li Qərarına əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın 1-ci Siyahısının 5-ci bəndinə əsasən təmiz halda 2 (iki) qram və daha artıq artıq çəkidə narkotik vasitə heroin və 2-ci Siyahısının 67-ci bəndinə əsasən 2 (iki) qram və daha artıq artıq çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Məhkəmə iclasında araşdırılmış sübutlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilərkən aşkar edilmiş narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetaminin bir hissəsini şəxsi istehlakı, digər hissəsini isə satış məqsədilə əldə etdiyini bildirmişdir. O cümlədən izahatında əldə etdiyi maddələri tanışları arasında paylaşdıracağını qeyd etmişdir. Təqsirləndirilən şəxs istintaqın sonrakı mərhələsində əməlində satış məqsədinin olmamasını məhkəmə iclasında isə həmçinin heroinin ona məxsus olmaması mübahisələndirsə də həmin ifadələrin tərəfindən təkzib edilməsi üçün yetərli səbəblər təqdim edə bilməmişdir. Məhkəmə onu da qeyd edir ki, məhkəmə iclasında ifadə verərkən Təqsirləndirilən şəxs heroinin ona məxsus olmamasına baxmayaraq heroinin ona məxsus olmasını dediyi halda belə əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və ya 234.1-1-ci maddəsi ilə, yəni şəxsi istifadəsi ilə əlaqədar narkotik vasitə əldə etməyə görə cinayət məsuliyyətinə cəlb ediləcəyinə inandırılmasını qeyd etsə də şəxsi axtarış keçirilərkən özü həmin maddələri satış məqsədilə əldə etdiyini bildirmişdir. Bundan başqa məhkəmə iclasında müdafiə tərəfi həmçinin şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı təqsirləndirilən şəxsin üzərindən 1 büküm narkotik vasitə heroinin, 9 büküm psixotrop maddə metamfetaminin aşkar edilməsinə , 9 bükümdən birinin boş olmasına baxmayaraq verilmiş məhkəmə kimyəvi ekspertiza rəyində 9 bükümün hər birində psixotrop maddə metamfetamin olmasının qeyd edilməsini göstərərək müvafiq ekspertiza rəyinin mötəbərliliyini də mübahisələndirmişlər. Müdafiə tərəfinin qeyd olunan dəlili ilə əlaqədar məhkəmə qeyd edir ki, şəxsi axtarış və götürmə istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən DVD diskdən görünür ki, təqsirləndirilən şəxsin üzərindən bir büküm qəhvəyi rəngli maddə, 6 bükümdə isə ağ rəngli maddələr aşkar edilmiş, bükümlərdən birinin içərisində isə 3 əlavə büküm olmuşdur. Bükümlər hər biri açılaraq baxılmış, hər bükümün zərfə qoyulmamışdan əvvəl ağzı yandırılmaq yolu ilə bağlanmış, lakin üç büküm ağzı açıq şəkildə dördüncü bükümün içərinə qoyulmuş və yalnız içərisinə qoulduğu dördüncü bükümün ağzı bağlanmışdır. Məhkəmə iclasında qeyd edilən anlaşılmazlığa aydınlıq gətirilməsi üçün iş üzrə izahat vermiş ekspert bildirmişdir ki, əvvəla maddi sübut üzəri imzalanmış, möhürlənmiş zərflə təqdim edildikdə tədqiq edilməsi üçün qəbul edilir. Həmçinin bükümlər onu təqdim edən əməliyyatçının yanında bir-bir açılaraq sayılır və müvafiq aktda öz əksini tapır. Hazırki iş üzrə metamfetamin olan üç ədəd büküm ağzı açıq şəkildə dördüncü bükümün içərisinə qoyulduğu üçün müvafiq maddənin bir hissəsi dördüncü bükümün içərisinə dağılmış və bu səbəbdən içərisinə metamfetamin dağılmış polietilen büküm də əlavə büküm kimi nəzərə alınmaqla təhvil alınmışdır. Göründüyü kimi təqsirləndirilən şəxsin üzərindən narkotik vasitə heroinin, psixotrop maddə metamfetaminin aşkar edilməsi hallarını və əməlində satış məqsədinin olmasını etiraf etməsi barədə ifadələrini özündə əks etdirən şəxsi axtarış və götürmə istintaq hərəkətlərinin protokolu və müvafi istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən DVD diskin mötəbərliliyinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125.2-ci maddəsində nəzərdə tutulmuş əsaslarla şübhə altına alınması üçün hallar müəyyən edilməmişdir. Məhkəmə, təqsirləndirilən şəxsdən həm narkotik vasitə, həm psixotrop maddə aşkar edilməsini, həmin maddələri bir gün əvvəl əldə etməsinə baxmayaraq bütün bükümləri üzərində gəzdirməsini, bükümlərin sayını, habelə əvvəlki ifadələrində də müvafiq maddələri satmaq, paylaşdırmaq məqsədilə əldə etməsini etiraf etməsi kimi halları birə qiymətləndirərək onun narkotik vasitələrin satışı ilə məşğul olmaması barədə məhkəmədə verdiyi ifadəsini müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Qeyd olunan əməl təqsirləndirilən şəxs tərəfindən qəsdən törədilmişdir və başa çatmış cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs gənc olmasını, törətdiyi əməldən səmimi şəkildə peşman olmasını, üstündən aşkar edilərək götürülən narkotik vasitənin miqdarını, əvvəllər məhkum olunmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs gənc olmasını, törətdiyi əməldən səmimi şəkildə peşman olmasını, üstündən aşkar edilərək götürülən narkotik vasitənin miqdarını, əvvəllər məhkum olunmamasını cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş sanksiyanın aşağı həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 28 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 28 sentyabr 2022-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 14, 73-74). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 28 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. 24 yanvar 2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (cild 1, vərəqə 126-127). Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin saxlancına verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,195 qram təşkil edən heroin və 1,919 qram təşkil edən metamfetamin məhv edilməli, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış keçirilməsi və götürmə aparılması videogörüntüsünün əks olunduğu 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən 92 (doxsan iki) manat manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 33). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarları ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məhkəmə zamanı 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəllənin 193.2-ci maddəsinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri 25 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona həmin məcəllənin 234.4.3-cü maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 28 sentyabr 2022-ci il il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin saxlancına verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,195 qram təşkil edən heroin və 1,919 qram təşkil edən metamfetamin məhv edilsin; - Təqsirləndirilən şəxs barəsində həyata keçirilmiş şəxsi axtarış keçirilməsi və götürmə istintaq hərəkətinin videogörüntülərinin əks olunduğu 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 92 (doxsan iki) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 25 saylı Vəkil Bürosunun hesabına vəkil Müdafiəçi1 üçün 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov
Məhkəmə qərarları › İş №1(101)-878/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-878/2023
13.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver