Məhkəmə qərarları › İş №1(101)-878/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-878/2024

19.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-878/2024 19.09.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Kərimova Mahirə Nəzər qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Fəxri Afiq oğlu və X2 ibarət tərkibdə, Abbasov Fəxrəddin Səlahəddin oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Tərcüməçi – X4, Müdafiəçi – Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1983-cü il tarixdə Rusiya Federasiyası, Sankt-Peterburq şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissəsində – CM) 234.2 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda əkib yetişdirərək kultivasiya etmiş, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni hazırlamış, daşımış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxt və şəraitdə naməlum şəxsdən tərkibində narkotik maddələr olan çətənə (kannabis) toxumlarını əldə edib yaşadığı ünvan 2 ünvanın həyətyanı sahəsində əkib, mütəmadi olaraq suvarma işləri aparıb, aqrotexniki qaydada qulluq edərək becərib, külli miqdarda kultivasiya etmiş, onların bir hissəsini yetişdirdikdən sonra naməlum vaxtda qurudaraq satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə qurudulmuş marixuana hazırlayaraq saxlamış, 23 may 2023-cü il tarixdə hazırladığı 115,0 qram çəkidə qurudulmuş narkotik vasitə marixuananı daşıyaraq həmin gün saat 19:50-də Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində saxlanılaraq Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə gətirilərək saat 21:05-də üzərinə şəxsi axtarış keçirilən zaman sağ əlində saxladığı 1 ədəd ağ rəngli sellofan torbada təmiz çəkisi 115,0 qram olan çətənə (kannabis) bitkisindən küstar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürüldükdən sonra həmin gün saat 22:05-də yaşadığı ünvan 1 ünvanın həyətyanı sahəsinə baxış keçirilən zaman ümumi çəkisi 2200,0 qram olan yaş vəziyyətdə külli miqdarda 150 ədəd əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.2 və 237.2.3cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 11:30-da polis əməkdaşları atasının həyətindən onun həyətinə keçərək onu saxlamışlar. Polis əməkdaşları ondan psixotrop maddələri, “kakos” və “patı”nı təqdim etməyini istəmişlər. Həmin psixotrop maddələrin onda olmadığını, sadəcə üstündə 25 qram narkotik maddə olduğunu bildirərək onlara təqdim etmişdir. Polis əməkdaşları onu küçədə saxlamamışlar. Narkotik bitki kimi ağac yox, sadəcə ştillərin olduğunu deyə bilər. O, narkotik maddədən istifadə edərkən tumlarını həyətə atmışdır. Tumları əkib-becərmək məqsədi ilə həyətə atmamış, atdığı tumlar da torpaqda özü yetişmişdir. Orda 150 ədəd narkotik tərkibli bitki olmamışdır. Polis əməkdaşları həmin narkotik tərkibli bitkiləri torpaq qarışıq çəkmişlər və 2 kq olduğunu bildirmişlər. Sonra onu avtomaşınla Binəqədi RPİ-nin 40-cı polis bölməsinə apararkən əməliyyatçı maşının arxa tərəfindən nəsə çıxarıb maşının saxlanc yerinə qoymuşdur. O, nə olduğunu soruşmuş, narahat olmamağını bildirmişdir. 40-cı polis bölməsində aparılan narkotik vasitəni çəkmişlər və 127 qram olduğunu bildirmişlər. O, həmin çəkidə narkotik vasitənin ona aid olmadığını bildirsə də 500 qrama qədər şəxsi istifadə üçün olduğunu bildirdikləri üçün deyilənlərlə razılaşmışdır. Onda 127 qram narkotik maddə olmamışdır. Çox sənədləri başa düşməmişdir, amma hamısını imzalamışdır. O, suallara cavab olaraq bildirmişdir ki, istintaq dövründə olan bütün sənədləri imzalamışdır. Müstəntiq ona CM-in 234.1-ci maddəsi ilə cinayət işi açdıqlarını bildirmişdir. Özü də həmin sənəddə CM-in 234.1-ci maddəsi ilə ittiham olunduğunu oxumuş, sonradan CM-in 234.2-ci maddəsi ilə ittiham oldunduğunu bilmişdir. O, CM-in 234.2-ci maddəsi ilə ittiham olunmağı ilə bağlı təqsirini boynuna alaraq hansısa sənədi imzalamamışdır. O, marixuana istifadə etmişdir. Narkotik vasitənin tumunu özü səpmişdir. Həmin tumları ayrıca almamışdır. Narkotik tərkibli bitkinin gülün kibrit qutusunda 25 qram almışdır. Tumlar da həmin gülün özündə olur. O, narkotik tərkibli bitkinin gülün bütöv formada almışdır. Narkotik bitkinin gülündə olan tumları saxlamışdır. Həmin tumları həyətə, bağa atmışdır. Bağ da zibillik kimi bir yer olduğundan həmin tumları ora atmışdır. Bağda yetişən narkotik bitkilərin o qədər olacağını gözləmirdi. Ümumiyyətlə, narkotik tumları bağa atarkən yetişəcəyini düşünmürdü. Onun narkotik bitkiləri əkmək fikri olmamışdır. Bağda olan narkotik tərkibli bitkilərin sayının nə qədər olduğunu bilməmiş, xəbəri olmamışdır. Həmin narkotik bitkiləri onun yanında saymışlar və torpaqdan çıxarmışlar. Həmin vaxt aşkarlanan narkotik bitkilərin marixuanaya oxşamadığını bildirmişdir. O, marixuananın yalnız istifadə edəni olsa da, maraqlandığı üçün internetdən bitkilərinin şəkillərinə də baxmışdır. Polis əməkdaşlarına aşkarlanan narkotik bitkilərin ona aid olduğunu bildirmiş və buna səbəb isə həmin bitkilərin onun bağından çıxmağıdır. Bağda narkotik bitkilər aşkarlanıb götürülən vaxt vəkil də orda olmuşdur. Videoçəkilişdə, ifadəsində və məhkəmədə qətimkan tədbiri təyin olunarkən nə olubsa onu bildirmişdir. Sonra müstəntiqə ifadəsində də onda 127 qram narkotik maddə yox, 25 qram olduğunu bildirmişdir. Evə daxil olan 3 nəfər polis əməkdaşı ona məhkəmə qərarı və ya başqa bir sənəd göstərməmişlər. Polis əməkdaşları evə daxil olanda vəkil yox idi. Mülki formada olan polis əməkdaşı Anar, digəri Azər idi. Onu Binəqədi RPİ-nin 40-cı PB-ə aparanda saat 16:00 olardı. Bölməyə apardıqdan sonra onu vəkillə təmin etmişlər. Polis əməkdaşları 3 saat həyətdə onunla danışmışlar. 3 saat sonra vəkil və aqronom gəlmişdir. Bitkişünas bağda aşkarlanan bitkilərin marixuana olduğuna rəy vermişdir. Ona qarşı fiziki və ya psixoloji təsir edilməmişdir. Şahid1 yaşadığı evə keçirilən baxışda iştirak etmişdir. Yaşadığı evdə 150 ədəd kol çətənə bitkisi aşkar olunmamışdır. Həmin kolların içində pomidor ştilləri olmuşdur. Ona görə də, kolların sayı elə çoxdur. Polis əməkdaşlarına da 35 ədəd çətənə kolunun olduğunu demişdir. Video çəkiliş zamanı 35 ədəd çətənə kolunun olduğunu deməmişdir. Üzərindən 25 qram narkotik vasitə aşkar olunmuş, amma sonradan üzərindən aşkar olunan narkotik vasitə marixuananın nə üçün 115 qram olduğunu bilmir. Şübhəli şəxs qismində dindirilmə protokolunda üzərindən 127 qram və yaşadığı evdən 150 çətənə kolunun aşkar olunduğunu bildirməmiş və həmin protokolu oxumamış imza etmişdir. Latın qrafikasında oxuya bilmir. Şübhəli şəxs qismində dindirilmə protokolunu tərtib olunan vaxt tərcüməçisi olmamışdır. O, məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Məhkəmə qanunun sadalanan bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də iş üzrə sübut növləri kimi qəbul edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, 23 may 2023-cü il tarixdə, saat təxminən 19:50 radələrində yaşadığı Bakı şəhəri, ünvan 3 ünvanının yaxınlığında sağ əlində olan ağ rəngli sellofan torba ilə birlikdə piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmişlər, onun narkotik vasitələrin qanunsuz dövriyyəsində və külli miqdarda tərkiblində narkotik vasitə olan bitkilərin kultivasiyasında şübhəli olduğunu bildirmişlər, barəsində əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdikdən sonra onu Binəqədi RPİ-nin 40-cı PB-nə dəvət etmişlər, polis əməkdaşları ilə birlikdə Polis Bölməsinə getdikdən sonra orada olan zaman hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət edilmiş, ona hüquq və vəzifələri izah edilməklə buna dair bildiriş təqdim edilmiş, müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərində qanunla qadağan olan hər hansı əşya var isə təqdim etməsi xahiş edilmiş, bu təklifdən sonra o, əynindəki boz rəngli cins şalvarının sol yan cibindən evinin açarını, 1 ədəd şəxsiyət vəsiqəsini, 1 ədəd sürücülük vəsiqəsini, 2 ədəd plastik kartını, sağ yan cibindən içərisində ***-***-**-** və ***-***-**-** GSM nömrəli telefonu olan “İnoi” markalı mobil telefonunu və sağ əlində saxladığı ağ rəngli sellofan torbanı təqdim etmiş, ona məxsus evin açarı özünə qaytarılsa da, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, 2 ədəd plastik kartı və telefonu izah edilməklə götürülmüş, təqdim etdiyi sellofan torbaya baxış keçirilən zaman içərisində qurudulmuş marixuna olduğunu bildirmişdir. Sonra həmin sellofan torbadakı qurudulmuş marixuana elektron tərəzi ilə çəkilmiş, çəkisinin sellofan torba ilə birlikdə təxminən 127 qram olması müəyyən edilmiş, həmin maddə 1 ədəd sellofan torbaya qoyularaq qablaşdırılmaqla götürülmüş, şifahi sorğu zamanı üzərində olan maddənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin maddəni öz istifadəsi üçün yaşadığı evin həyətyanı sahəsində əkdiyi çətənə kollarını qurutmaqla istifadə etmək üçün üzərində saxladığını bildirmiş, hal-hazırda da həyətində çətənə kolları olduğunu bildirmiş, bundan sonra onun razılıq ərizəsi əsasında dəvət edilmiş aqronom, müdafiəçi və polis əməkdaşları ilə birlikdə evin həyətinə baxış keçirilmiş, baxış zamanı həyətində özü qulluq etdiyi 150 ədəd çətənə kolları və ştilləri aşkar edilmiş, həyətindən aşkar edilmiş 150 ədəd çətənə kolunu və şitillərini isə 2 ay bundan qabaq istifadə etdiyi qurudulmuş marixuanaya qulluq edərək əkməklə becərdiyini, 20 ilə yaxındır ki, narkotik vasitə istifadəçisi olduğunu, başqa heç bir yerdə narkotik vasitə saxlamadığını, bu əməlindən heç kimin məlumatının olmamasını, saxlanılan zaman, eləcə də, polis bölməsində ona qarşı heç bir zor tətbiq edilmədiyini bildirmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs barəsində BNMİ-nin əmədaşı Şahid2 əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında Şahid2 və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Binəqədi rayonu, Sulutəpə qəsəbəsində tərəflərindən saxlanılmışdır. Təqsirləndirilən şəxs saxladıqdan sonra Binəqədi RPİ-nin 40-cı PB-yə dəvət etmişlər. 40-cı PB-də Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman əlində olan ağ sellofanda narkotik maddə olan marixuanaya bənzər maddə, telefon, bank kartları, ev açarı, şəxsiyyət və sürücülük vəsiqələri aşkar olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, yaşadığı evin həyətində öz istifadəsi üçün çətənə bitkisi əkdiyini bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilən zaman 150 ədəd kol çətənə bitkisi aşkar olunmuşdur. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs və aqronomun iştirakları ilə sonuncunun yaşadığı evə baxış keçirtmişlər. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilən zaman digər ailə üzvləri olmamışdır. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunan çətənə bitkilərinin sayı ilə bağlı heç bir şikayəti olmamışdır. Təqsirləndirilən şəxs aşkar olunan çətənə bitkilərinin sayılmasında şəxsən iştirak etmişdir. Təqsirləndirilən şəxs video çəkiliş zamanı yaşadığı evdən aşkar olunan çətənə bitkilərini öz istifadəsi üçün əkdiyini bildirmişdir. Təqsirləndirilən şəxs əlində aşkar olunan narkotik maddəni də öz istifadəsi üçün əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs saxlanılmazdan qabaq, əvvəllər tanımamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Təqsirləndirilən şəxs axşam 20:00 radələrində saxlamışlar. Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində ara məhlədə hərəkətdə olan zaman saxlamışlar. Təqsirləndirilən şəxs saxladıqdan sonra Binəqədi RPİnin 40-cı PB-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitə marixuananı yaşadığı evdə deyil, 40-cı PB-də video çəkiliş zamanı təqdim etmişdir. Təqsirləndirilən şəxs saxladıqları vaxt qaçmaq fikri olmamışdır. Təqsirləndirilən şəxs yaşadığı evə 40-cı PB-də üzərinə baxış keçiriləndən dərhal sonra baxış keçirtmişlər. Yaşadığı evə saat neçədə baxış keçirtməkləri yadında deyil. Axşam radələri olması yadındadır, çünki axşam olduğu üçün süni işıqlanma ilə Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə baxış keçirtmişlər. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatda Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi və kultivasiyası ilə məşğul olması göstərilmişdir. xx.xx.2023-cü il tarixdə Binəqədi rayonu, Sulutəpə qəsəbəsində Təqsirləndirilən şəxs əlində ağ sellofanla hərəkətdə olan zaman yaxınlaşmışlar. Təqsirləndirilən şəxs yaxınlaşdıqdan sonra Binəqədi RPİ-nin 40-ci PB-yə dəvət etmişlər. 40-cı PB-də Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman əlində ağ sellofandan narkotik vasitə qurudulmuş marixuana aşkar olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı ünvanda da narkotik vasitə marixuana əkdiyini bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilən zaman 150 ədəd çətənə bitkisi aşkar olunmuşdur. Baş verənlər sənədləşdirilib araşdırılması üçün istintaq orqanına təhvil verilmişdir. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs özü narkotik vasitə marixuana istifadəçisi olduğu üçün kultivasiya ilə məşğul olduğunu bildirmişdir. Çətənə bitkilərini Təqsirləndirilən şəxs yaşadığı həyət evinə daxil olanda evin qarşısındakı bağın içərisində torpaqda əkmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvana özünün, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə baxış keçirtmişlər. Təqsirləndirilən şəxs saxlanıldığı vaxt və evinə baxış keçirən zaman heç bir narazıçılıq bildirməmiş, öz razılıq ərizəsi ilə sonuncun yaşadığı ünvana baxış keçirtmişlər. Təqsirləndirilən şəxs yaşadığı ünvanda kim ilə yaşaması barədə məlumatı yoxdur. Təqsirləndirilən şəxs yaşadığı evin qapısını özü tərəfindən açıldıqdan sonra daxil olmuşlar. Təqsirləndirilən şəxs yaşadığı evə özü ilə birlikdə daxil olmuşlar, hasardan daxil olmamışlar. Onlara Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi və kultivasiyası barədə məlumat ona daxil olmuşdur. Əvvəllər Təqsirləndirilən şəxs barəsində heç bir məlumatları olmamışdır. Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında saxlamışlar. Təqsirləndirilən şəxs yaxınlaşdıqdan sonra özünü təqdim etdikdən sonra yaxınlaşdıqları şəxsin daxil olmuş məlumatdakı şəxs olduğunu bilmişlər. Təqsirləndirilən şəxs saxladıqları vaxt heç bir narazılıq bildirməmiş və sonuncuya qarşı tərəflərindən heç bir fiziki, psixoloji təsir və ya təzyiqlər göstərilməmişdir. Təqsirləndirilən şəxs axşam 20:00 radələrində, hərəkətdə olan zaman saxlamışlar. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitədən başqa mobil telefon, Unibanka məxsus plastik bank kartı və yaşadığı evin açarı aşkar olunmuşdur. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirən zaman evdə kənar şəxs görməmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi materialları onun tərəfindən tərtib olunmuşdur. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, cinayət işi materiallarında olan Şahid2 dindirmə protokolu, mobil telefona baxış keçirilməsi haqqında protokol, xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığı onun tərəfindən tərtib olunmuş, qeyd olunan tarixlər sadəcə texniki səhv olaraq həmin tarixlərdə qeyd olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.1 və 237.2.3-cü maddələri ilə ********* saylı cinayət işi başlanılmışdır. (l cild i.v. 1) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin satışı ilə məşğul olması və külli miqdarda tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya edərək dövriyyəsi ilə məşğul olması bildirilmişdir. (l cild i.v. 3) xx.xx.2023-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin satışı ilə məşğul olması və külli miqdarda tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya edərək dövriyyəsi ilə məşğul olması barədə BNMİ-yə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. (İ cild i.v. 4-5) xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 20:30-da CM-in 234.2 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli şəxs qismində tutulmuş, azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdə, saat 19:50-də tutulmuş hesab edilmişdir. (l cild i.v. 23) xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan, xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının sağ yan cibindən 1 ədəd içərisində (070) ***-**-** və ***-***-**-** GSM nömrələr olan “İnoi” markalı mobil telefonunu, sol yan cibindən 1 ədəd yaşadığı evinin açarını, 1 ədəd şəxsiyyət vəsiqəsini, 1 ədəd sürücülük vəsiqəsini, 1 ədəd üzərində Umico və 232-0176-9924 yazıları əks olunmuş plastik kartını, 1 ədəd üzərində 4098-0944-2243-9420 rəqəmləri əks olunmuş Unibanka məxsus bank kartını təqdim edərək masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi ağ rəngli sellofan torbanın içərisindən aşkar edilmiş şəffaf sellofan paketə baxış keçirilən zaman içərisində tünd yaşıl rəngli, kəskin iyli narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə olması müəyyən edilmişdir. Aşkar edilmiş kütlələrin təxmini çəkilərinin müəyyən edilməsi məqsədilə sıfırlanmış halda olan elektron tərəzi ilə çəkilmiş, ümumi çəkisinin 127 qram olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan paketdə olan maddənin qurudulmuş marixuana olduğunu, həmin maddəni yaşadığı evinin həyətyanı sahəsində əkdiyi bitkilərdən quruduaraq götürdüyünü, təxminən 2 ay bundan öncə istifadə etdiyi narkotik vasitə olan qurudulmuş marixuananın toxumunu əkməklə əldə etdiyini, özünün 20 ilə yaxındır ki, narkotik vasitə istifadəçisi olmasını, bundan başqa yaşadığı evin həyətyanı sahəsində də, əkdiyi narkotik tərkibli bitkilər olmasını, başqa heç bir yerdə narkotik vasitə saxlamadığını bildirmişdir. (l cild i.v 32-35, 111-112) xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi və götürmə haqqında” protokoldan, xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilmədən öncə Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı qeyd etdiyi narkotik tərkibli bitkiləri əkdiyi yeri göstərməsi təklif edilmiş, bu təklifdən sonra o, evin həyətyanı sahəsində narkotik tərkibli maddələr əkdiyini bildirərək həyətdə əkdiyi, qulluq etdiyi kolları və ştilləri göstərmişdir. Aqronom tərəfindən baxış zamanı həmin bitkilərin tərkibində narkotik maddələr olan çətənə bitkisi olduğunu, bitkilərə aqrotexniki qaydada qulluq edildiyini, diblərinin yumşaldığını, gübrələnmiş, mütəmadi olaraq suvarma işləri aparıldığını bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman 150 ədəd çətənə bitkisinə bənzər bitkilər torpaq sahəsindən kökü ilə birlikdə bir-bir qoparılaraq göy rəngli sellofan torbaya yerləşdirilmiş, sonra həmin göy rəngli sellofan torbada maddənin təxmini çəkisinin 2190 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq həyətindən aşkar edilmiş kütlələrin özünə məxsus olduğunu, özünün 2 ay bundan əvvəl öz istifadəsi üçün əkdiyini bildirmişdir. (l cild i.v 44-46, 113) Alim-aqronom (mütəxəssis) X3 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli rəydən görünür ki, baxış zamanı yaşayış evinin həyətyanı sahəsində torpaqda əkilmiş, 150 ədəd çətənə birkiləri, ştilləri aşkar olmuşdur. Həmin bitkilər tərkibində narkotik maddələr olan çətənə bitkiləridir, bitkilərə aqrotexniki qaydada qulluq edilmiş, dibləri yumşaldılmış, mütəmadi olaraq suvarma işləri aparılmışdır. Ən kiçiyinin hündürlüyü 5 sm, ən uzununu hündürlüyü 60 sm olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 7/766 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə” yazılar və imzalar olan üzəri skoçla bağlanmış ağ rəngli polietilen bağlamada 1 ədəd sellofan torbada təmiz çəkisi – 115,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş 150 ədəd bitkilər......” yazılar və imzalar olan ağız hissəsi skoçla bağlanmış göy rəngli polietilen torbada yaş vəziyyətdə, ümumi sayı 150 ədəd, ümumi çəkisi – 2200,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən həmin bitkilərə aqrotexniki qaydada qulluq göstərilmişdir. Çətənə bitkilərində və həmin növ bitkilərdən hazırlanmış marixuanaların tərkibində olan kannabinoidli komponentlərə görə eynilik təşkil edirlər. (İ cild i.v. 54-57) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1 və 237.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ cild i.v. 73-75) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 4(001)-536/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmış, həmin Məhkəmənin xx.xx.2023-ci il tarixli, 4(001)-988/2023 saylı qərarı ilə həbsdə saxlanılma müddəti xx.xx.2023-cü il tarixədək uzadılmışdır. (İ cild i.v. 93-97, 227-232) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (İ cild i.v. 99-100) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X12 Ambulator Məhkəmə-Psixiatrik Ekspertizasının xx.xx.2023-cü il tarixli, 2146 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəliyin, psixi fəaliyyətinin müvəqqəti pozulmasının, kəmağıllılığın və sair psixi xəstəliyin əlamətləri aşkar olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. (İ cild i.v. 137-138) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi, X10 Ambulator X1 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 4916 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İ cild i.v. 139-140) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 4(001)-1219/2023 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarı qanuni hesab edilmişdir. (İ cild i.v. 145-146) xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1 və 237.2.3-cü maddələrindən həmin Məcəllənin 234.2 və 237.2.3-cü maddələrinə tövsif edilmişdir. Şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 ədəd və evin həyətyanı sahəsinə baxış keçirilməsi zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 ədəd “CD” disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş təmiz çəkisi 115,0 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli külli miqdarda yaş vəziyyətdə ümumi çəkisi 2200,0 qram 150 ədəd narkotik vasitə çətənə (kannabis) bitkiləri maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından qalıq qalmış 114,95 qram qurudulmuş marixuana, 2199,35 qram yaş halda çətənə bitkiləri saxlanılması üçün Binəqədi RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. (İ cild i.v. 147-162) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.2 və 237.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan yenidən ittiham elan edilmişdir. (İ cild i.v. 169-171) Cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadələrini, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə CM-in 234.2 və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməllərinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri CM-in 234.2 və 237.2.3-cü maddələri ilə düzgün olaraq tövsif olunmuş və o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlərdir, təsnifata görə az ağır (CM 234.2) və ağır (CM 237.2.3) cinayətlərdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilməsi, yaşadığı evinin həyətyanı sahəsindən aşkar edilmiş narkotik maddənin tumlarını əkibbecərmək məqsədi ilə həyətə atmaması, atdığı tumların torpaqda özü yetişməsi, yaşadığı evinin həyətyanı sahəsində 150 ədəd narkotik bitki olmaması, üzərində 127 qram deyil, 25 qram narkotik maddə olduğunu və s. ilə bağlı verdiyi ifadələri iş üzrə toplanmış sübutlar, o cümlədən “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol, “baxış keçirilməsi və götürmə haqqında” protokol, şahid ifadələri və işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin iş materiallarında olan sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən məhkəmə Təqsirləndirilən şəxs həmin ifadələrini işin faktiki hallarına uyğun olmayan və özünü müdafiə xarakterli ifadə, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yayınmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək sübut qismində qəbul etmir. Təqsirləndirilən şəxs yaşadığı evinin həyətyanı sahəsindən aşkar edilmiş narkotik maddənin tumlarını əkib-becərmək məqsədi ilə həyətə atmaması, atdığı tumların torpaqda özü yetişməsini bildirsə də, onun ifadəsində göstərdikləri həyətyanı sahəsinə baxış keçirilərkən iştirak etmiş aqronomun (mütəxəssisin) cinayət işinin materiallarında olan rəyi, xx.xx.2023-cü il tarixli ekspert rəyi ilə təkzib edilmişdir. Cinayət işinin materiallarından müəyyən olunur ki, ibtidai istintantaqın ilkin mərhələsindən başlayaraq Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə verdiyi izahatından, şübhəli şəxs qismində dindirilməsi protokolundan, sonradan isə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsindən görünür ki, o, yaşadığı evin həyətindən aşkar edilmiş 150 ədəd çətənə kolunu və ştillərini 2 ay bundan qabaq istifadə etdiyi qurudulmuş marixuanaya qulluq edərək əkməklə becərdiyini bildirmişdir. Təqsirləndirilən şəxs istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqı zamanı ifadələrində yalnız şəxsi istifadəsi üçün narkotik vasitəni əldə etməsini bildirsə də məhkəmə həmin ifadələrə tənqidi yanaşaraq qeyd edir ki, təqsirləndirilən şəxsdə aşkar olunmuş narkotik vasitənin miqdarı şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında xx.xx.2005-ci il tarixli qanununda qurudulmuş marixuananın xeyli miqdar üçün nəzərdə tutulmuş həddindən dəfələrlə çox olması, qeyd edilən çəkidə narkotik vasitəni üzərində daşıması, eləcə də yaşadığı ünvanda 150 ədəd çətənə kolu əkib-becərməsi və iş materiallarında olan digər sübutlarla şəxsi istifadə üçün narkotik vasitənin əldə edilməsini inandırıcı və ağlabatan hesab etmir. Məhkəmə qeyd edir ki, cinayət işi materiallarında olan Şahid2 dindirmə protokolu, mobil telefona baxış keçirilməsi haqqında protokol, xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığında tarixlərdə olan anlaşılmazlıqlarla bağlı məhkəmə iclasına dəvət edilərək müstəntiq X6 dindirilmiş, A.Aslanlı qeyd edilən sənədlərin onun tərəfindən tərtib olunduğunu, qeyd olunan tarixlərin sadəcə texniki səhv olaraq həmin tarixlərdə tərtib olunduğunu bildirmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 №-li qərarının 21-ci bəndində göstərilmişdir ki, CM-in 237.1-ci maddəsində nəzərdə tutulan cinayətin predmeti xeyli miqdarda əkilməsi və yetişdirilməsi qadağan edilən, tərkibində narkotik maddələr olan bitkilər və ya onların hissələridir. Belə bitkilərin siyahısı, xeyli, külli və ya xüsusilə külli miqdarı (habelə hissələrinin xeyli, külli və ya xüsusilə külli miqdarı) 961-İİQ nömrəli Qanun ilə (İİİ siyahı) müəyyən edilmişdir. Əkmə dedikdə, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə, tərkibində narkotik maddələr olan bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Tərkibində narkotik maddələr olan bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 25 fevral 2013-cü il tarixli qərarında göstərilmişdir ki, elmi mənasına görə “kultivasiya” anlayışı tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz olaraq əkilməsi, yetişdirilməsi, eləcə də, bu bitkilərin toxumlarının seleksiyası, müxtəlif bitki sortlarının calaq edilməsi də daxil olmaqla texnologiyasının təkmilləşdirilməsi, bəzən isə bu bitkilərin əkilməsi və yetişdirilməsini özündə əks etdirən əkinçilik, yeni növlərin alınması, onların məhsuldarlığının artırılması, əlverişli olmayan hava şəraitinə dözümlülüyünün artırılması deməkdir. Əkmə, tərkibində narkotik maddələr olan bitkilərin toxumlarının, şitillərinin istənilən formada torpağa əkilməsini nəzərdə tutur. Yetişdirmə, özündə bu bitkilərin əkilməsini və yetişdirilən bitkilərin onu əkən (və ya bunları əkməyən) şəxslər tərəfindən yetişmə səviyyəsinə çatdırılması üçün qulluq göstərilməsini (suvarma, alaq etmə, kübrə vermə və sair) ehtiva edir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin həmin Məcəllənin 237-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 6 iyul 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “Qanunsuz olaraq xeyli və ya külli miqdarda əkilmiş, yetişdirilmiş tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsi ilə tövsif edilməlidir. Toplanılan narkotik tərkibli bitkilərdən və ya onların hissələrindən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda və yaxud satış məqsədi ilə istənilən miqdarda narkotik vasitənin hazırlanması və bundan sonra onun saxlanılması, daşınması, göndərilməsi, emal edilməsi, yaxud satılması kimi cinayət əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 17.1-ci maddəsinin tələblərinə müvafiq olaraq bu Məcəllənin 234 və 237-ci maddələri ilə tövsif edilməlidir.” “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Deveyer Belçikaya qarşı» iş üzrə qərarında göstərmişdir ki, «ittiham» termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və Məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. CM-in 59.2-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hal kimi müəyyən edir. CM-in 61-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.2 və 237.2.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halı nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 20:30-da şübhəli şəxs qismində tutulmuş, azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdə, saat 19:50-də tutulmuş hesab edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 4(001)-536/2023 saylı qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmış, həmin Məhkəmənin xx.xx.2023-ci il tarixli, 4(001)-988/2023 saylı qərarı ilə həbsdə saxlanılma müddəti xx.xx.2023-cü il tarixədək uzadılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalı və həbsdə saxlanması müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə ekspertizası tədqiqatlarının dəyəri olan 72 manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə hesabına keçirilməlidir. Məhkəmə, CM-in 93.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Binəqədi RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından qalıq qalmış 114,95 qram narkotik vasitə qurudulmuş marixuana, 2199,35 qram yaş halda çətənə bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən və evin həyətyanı sahəsinə baxış keçirilməsi zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmiş, mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətinə, Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Binəqədi RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından qalıq qalmış 114,95 qram narkotik vasitə qurudulmuş marixuana, 2199,35 qram yaş vəziyyətdə narkotik tərkibli çətənə bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən və evin həyətyanı sahəsinə baxış keçirilməsi zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 72 (yetmiş iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmiş, mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Mahirə Kərimova Hakimlər: Fəxri Məmmədov Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar