Məhkəmə qərarları › İş №1(101)-880/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-880/2022

19.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-880/2022 19.05.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 15:55-də Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1982-ci il tarixdə Tovuz şəhərində anadan olmuş. Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, 2-ci dərəcəli əlil, əvvəllər məhkum olunmamış, Tovuz şəhəri, F.Ələkbərov küçəsi ev 14-də pasport qeydiyyatında olan və barəsində Nizami rayon məhkəməsinin 17.11.2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilərək AR ƏN PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və şəraitdə şəxsiyyəti istintaqa “Maqa" adı ilə məlum olan İran İslam Respublikasının vətəndaşından sonuncunun göndərdiyi elektron kart hesabına 100 (yüz) manat nağd pul köçürməklə satış məqsədi ilə külli miqdarda, bir ədəd bükümdə təmiz çəkisi 4,677 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq “Maqa” adlı şəxs tərəfindən qabaqcadan qoyulmuş Abşeron rayonunun, Mehdiabad qəsəbəsində ünvanı istintaqa məlum olmayan yerdən götürüb əldə etməklə üzərində daşımış, 15 noyabr 2021-ci il tarixdə saat 18 radələrində psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Bakı şəhəri, Nizami Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən ünvan 2 ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılaraq ünvan 3 ünvanda yerləşən Nizami rayon Polis İdarəsinə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qırmızı rəngli paltosunun sağ yan cibində saxladığı bir ədəd şəffaf şüşə qabın içərisində bir ədəd bükümdə təmiz çəkisi 4,677 qram təşkil edən külli miqdarda ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, onkoloji xəstə olduğundan ağrılarını kəsmək üçün psixotrop maddə olan metamfetamindən istifadə etmişdir. O, tutulmamışdan bir neçə gün əvvəl qabaqcadan hesab nömrəsi ona məlum olan “Maqa” kimi tanıdığı İran İslam Respublikasının vətəndaşının hesab nömrəsinə '‘paypoint" aparatı ilə 100 manat pul yükləmiş və şəxsi istifadəsi üçün aldığı həmin psixotrop maddə metamfetamini, Mehdiabad qəsəbəsində yolun kənarından təxminən 1 saat sonra götürə biləcəyi ona məlum olmuşdur. O, həmin deyilən yerdən bir ədəd bükümdə olan 4 qramdan çox çəkidə psixotrop maddə metamfetamini götürüb həmin metamfetamini özündə olan şəffaf şüşə qaba qoymaqla əynində olan qırmızı rəngli paltosunun sağ yan cibində saxlamışdr. O, həmin ərazidən bir qədər aralandıqdan sonra yol avtomobili ilə Q.Qarayev metrostansiyasının yaxınlığına getmişdir. Oradan şəxsi işi ilə bağlı M.Şərifli küçəsi ilə hərəkət edib 15 noyabr 2021-ci il tarixdə saat 18 radələrində sonradan ona M.Şərifli küçəsi 9 kimi məlum olan ünvanın qarşısından piyada keçərkən iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim edərək polis işçiləri olduqlarını bildirərək, onu Nizami RPİ-nə dəvət etmişlər. Polis İdarəsində xidməti otaqların birində öncədən ona hüquq-vəzifələri izah edilməklə video çəkiliş aparılacağı bildirilməklə ona təklif edilmişdir ki, üstündə hər hansı qeyri-qanuni əşya varsa, onları təqdim etsin. Təklifə əsasən o, əynində olan qırmızı rəngli paltosunun sağ yan cibində saxladığı şəffaf şüşə qabdakı bükümdə olan psixotrop maddə metamfetamini onlara təqdim etmişdir. Həmin vaxtı o, polis əməkdaşlarına bildirmişdir ki, həmin psixotrop maddəni şəxsi istifadəsi üçün almışdır. O, heç bir zaman narkotik vasitələrin, psixotrop maddələrin satışı ilə məşğul olmamış və ya satış məqsədi ilə əldə etməmişdir. Belə ki, o onkoloji xəstə olmaqla, 2-ci qrup əlil olduğu üçün dözülməz ağrıları olduğundan psixotrop maddə metamfetamindən istifadə etmək məcburiyyətində olmuşdur. Ankoloji ağrıları kəsən ağrı kəsici dərmanlar çox baha olduğundan, onları almağa onun pulu çatmamış, bəzən də aldığı ucuz ağrı kəsici dərmanlar isə onun arğılarını kəsməyə təsir etməmişdir. Buna görədə o, əlacsız qalıb psixotrop maddə metamfetamindən istifadə etmişdir. Psixotrop maddə onun ağrılarını qismən kəsmiş, ona görədə o, psixotrop maddə metamfetamini satış məqsədi ilə deyil, şəxsi istifadə üçün əldə etmişdir. Eynizamanda o, 2-ci qrup əlildir, hazırda onun həbsdə saxlanılmasını onun səhhətini günü-gündən pisləşdirir. Onun ankoloji xəstə olmasını, nəzərə alınaraq, əməlinə düzgün hüquqi qiymət verilməsini və barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri, Nizami RPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Bakı şəhərində yaşayan İradə adlı şəxsin mütəmadi olaraq narkotik vasitələri əldə etməsi, saxlaması və qəbulu ilə məşğul olması barədə əməliyyat yolu ilə əldə olunmuş məlumatı yoxlamaq məqsədi ilə 15 noyabr 2021-ci il tarixdə ondan, CAŞ-nin kiçik inspektoru Şahid2 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Sonradan keçirilmiş tədbirlər nəticəsində saat 18 radələrində ünvan 2 ünvanın qarşısında zahiri əlamətləri «İradə» adlı şəxsin əlamətləri ilə üst-üstə düşən, sonradan tanıdıqları Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək, onu Nizami RPİ-nə dəvət etmişlər. Polis idarəsində xidməti otaqların birində Təqsirləndirilən şəxs üstünə video çəkiliş aparılmaqla baxış keçirməmişdən əvvəl ona təklif edilmişdir ki, üstündə hər hansı qeyri-qanuni nə varsa onları təqdim etsin. Həmin təklifə əsasən Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan qırmızı rəngli paltonun sağ yan cibindən saxladığı 1 ( bir) ədəd şəffaf şüşə qabın içərisində olan kütləni çıxardaraq onlara təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi kütlə psixotrop maddə metamfetamindir, onu Mehdiabad qəsəbəsində yolun kənarından ünvanını və anket məlumatlarını bilmədiyi “Maqa” adlı şəxsin vasitəsilə özü üçün istifadə etməkdən ötrü almış, daşıyaraq üstündə saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs götürülmüş psixotrop maddə metamfetamin bükümü zərfə qablaşdırılaraq DİN-nin 162 №-li möhürü ilə möhürlənmişdir. Daha sonra bu barədə tərəflərindən müvafiq protokol tərtib edilmişdir. Həmin protokol iştirakçılara ucadan oxunmuş və düzgün tərtib edildiyinə görə imzalanmışdır. Baxış zamanı İradə Rəsulovaya qarşı heç bir təzyiq olunmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri, Nizami RPİ-nin CAŞ-nin kiçik inspektoru Şahid2 ifadəsində göstərdi ki, Bakı şəhərində yaşayan İradə adlı şəxsin mütəmadi olaraq narkotik vasitələri əldə etməsi, saxlaması və qəbulu ilə məşğul olması barədə əməliyyat yolu ilə əldə olunmuş məlumatı yoxlamaq məqsədi ilə 15 noyabr 2021-ci il tarixdə Nizami RPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili Şahid1 və ondan ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Sonra keçirilmiş tədbirlər nəticəsində saat 18 radələrində ünvan 2 ünvanın qarşısında zahiri əlamətləri « İradə » adlı şəxsin əlamətləri ilə üst-üstə düşən, sonradan tanıdıqları Təqsirləndirilən şəxs qızma yaxınlaşıb özlərini təqdim edərək, onu Nizami RPİ-nə dəvət etmişlər. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs üstünə video çəkiliş aparılmaqla baxış keçirməmişdən əvvəl ona təklif edilmişdir ki, üstündə hər hansı qeyri-qanuni nə varsa onları təqdim etsin. Həmin təklifə əsasən Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan qırmızı rəngli paltonun sağ yan cibindən saxladığı 1 ( bir) ədəd şəffaf şüşə qabın içərisində olan kütləni çıxardaraq onlara təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi kütlə metamfetamindir, onu Mehdiabad qəsəbəsində yolun kənarından ünvanını və anket məlumatlarını bilmədiyi “Maqa” adlı şəxsin vasitəsilə özü üçün istifadə etməkdən ötrü almış, daşıyaraq üstündə saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs götürülmüş psixotrop maddə metamfetamin bükümü zərfə qablaşdırılaraq DİN-nin 162 №-li möhürü ilə möhürlənmişdir. Daha sonra bu barədə tərəflərindən müvafiq protokol tərtib edilmişdir. Həmin protokol iştirakçılara ucadan oxunmuş və düzgün tərtib edildiyinə görə imzalanmışdır. Baxış zamanı İradə Rəsulovaya qarşı heç bir təzyiq olunmamışdır. İş üzrə məhkəmə-kimyəvi ekspertizasının 6/5059 saylı 16 noyabr 2021-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün N 162” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd şəffaf şüşə qabın içərisində bir ədəd bükümdə təmiz çəkisi - 4,677 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. (iş vərəqə 38-42). İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 5023 saylı 10.12.2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə metamfetaminin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş vərəqə 122-123). İş materiallarında olan Təqsirləndirilən şəxs psixotrop maddə metamfetaminin aşkar edilib götürülməsi barədə 15.11.2021-ci il tarixli protokoldan görünür ki, videoçəkiliş aparılmaqla şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs ona edilmiş təklifə əsasən əynində olan qırmızı rəngli paltonun sağ yan cibindən saxladığı 1 (bir) ədəd şəffaf şüşə qabdakı bir ədəd bükümün içərisində olan psixotrop maddə metamfetamin olmaqla çıxardaraq təqdim etmiş, sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi kütlə metamfetamindir, onu Mehdiabad qəsəbəsi ərazisindən ünvanını və anket məlumatlarını bilmədiyi “Maqa” adlı şəxsin vasitəsilə özü üçün istifadə etməkdən ötrü almışdır. (iş vərəqə 28-29) İş materiallarında olan “DVD” diskə baxış keçirilməsi haqqında 17 noyabr 2021-ci il tarixli protokolda göstərilmişdir ki, şəxsi axtarış və götürmə zamanı, yəni 15 noyabr 2021ci il tarixdə Təqsirləndirilən şəxs ona edilmiş təklifə əsasən qırmızı rəngli paltosunun sağ yan cibindən saxladığı 01 (bir) ədəd şəffaf şüşə qabın içərisində olan psixotrop maddə metamfetamin olmaqla çıxardaraq təqdim etməsi, sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi maddə psixotrop maddə metamfetaminin olmasını, həmin psixotrop maddə metamfetamini özü üçün istifadə etməkdən ötrü Mehdiabad qəsəbəsində yolun kənarından ünvanını və anket məlumatlarını bilmədiyi "Maqa” adlı şəxsin vasitəsilə almasını bildirməsi müşahidə olunur. Əlavə olaraq təqsirləndirilən şəxs bildirmişdir ki, həmin görüntüdə olan narkotik vasitənin aşkar edildiyi şəxs özü, yəni Təqsirləndirilən şəxsdır. (iş vərəqə 71) Məhkəmə iş üzrə toplanmış hüquqi sənədləri, ekspert rəylərini, təqsirləndirilən şəxsin, eləcə də şahidlərin ifadələrini tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilməmişdir. Məhkəmə iş materiallarını tədqiq edərkən Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə edib saxlaması barədə sübut etmə predmetinin müəyyən edilməsi üçün, heç bir mötəbər sübutlar müəyyən etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddənin onun tərəfindən məhz satış məqsədi ilə əldə edilməsini təsdiq edən sübutlar nə ibtidai istintaqda, nə də məhkəmə baxışı zamanı müəyyən olunmamışdır. Təqsirləndirilən şəxsə satış məqsədi ilə külli miqdarda psixotrop maddə metamfetamini əldə etməsi, saxlama və daşıması barədə verilən ittihama baxmayaraq bunu təsdiq edə bilən, elan edilmiş ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün zəruri olan sübutlar təqdim olunmamışdır. İş materiallarında olan 15.11.2021-ci il tarixli “təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan, həmçinin, 15.11.2021 və 16.11.2022-ci tarixli raportlardan görünür ki, əməliyyat məlumatı Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini əldə edib saxlaması, daşıması, istifadə etməsi, barədə daxil olmuş, yəni Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə edib saxlaması və ya satması barədə heç bir məlumat əldə edilməmişdir. (iş vərəqə 03-05) Eyni zamanda 15.11.2021-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs AR CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (iş vərəqə 16-17) İş materiallarında olan 15.11.2021-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” qərardan və protokoldan görünür ki, AR CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmış, Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini şəxsi istifadəsi üçün əldə etməsini qeyd etmişdir. (iş vərəqə 25-29) İş materiallarında olan Təqsirləndirilən şəxs izahatından, 16.11.2021-ci il tarixli şübhəli şəxsi dindirmə protokolundan, eləcə də həmin tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs qeyd etmişdir ki, psixotrop maddə metamfetamini şəxsi istifadəsi üçün əldə etmişdir. (iş vərəqə 30-31; 47- 48; 58-59) İş materiallarında olan 28 fevral 2022-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini əldə etdiyi mənbənin müəyyənləşdirilməsi ilə bağlı zəruri əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin, hər hansı müsbət nəticə əldə edilməmişdir. (iş vərəqə 121) İş materiallarında olan "xxxx" MMC-dən alınmış Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəsinə dair məlumatlara baxış keçirilməsi haqqında 05 mart 2022-ci il tarixli protokoldan görünür ki, keçirilmiş baxış nəticəsində istintaq əhəmiyyəti kəsb edən hər hansı məlumatlar əldə edilməmişdir. (iş vərəqə 133) Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə 17 noyabr 2021-ci il tarixli qərarın müəyyən etdim hissəsində qeyd edilir ki, xx.xx.1982-ci ildə Tovuz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı,subay,əvvəllər məhkum olunmamış, orta təhsilli, Tovuz şəhəri, F.Ələkbərov ev 14-də X1 ittiham elan edilməsi üçün əsas verən kifayət qədər ilkin sübutlar məcmusu olduğundan, təqsirləndirilir ondan ötürü ki, satış məqsədi ilə külli miqdarda psixotrop maddəni əldə edib, daşımaqla saxlamışdır. Bütün qeyd edilənlərə baxmayaraq, ibtidai istintaq orqanı 17.11.2021-ci il tarixli qərarı ilə kifayət qədər əsaslar olmadan, heç bir mötəbər sübut əldə edilmədən, Təqsirləndirilən şəxs AR CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. (iş vərəqə 50) Nəzərə alınmalıdır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” 04.03.2011-ci il tarixli qərarında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Nəzərə alınmalıdır ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinin anlayışı «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.5-ci maddəsində dəqiq müəyyən edilmişdir. Belə ki, həmin maddəyə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər başa düşülür. Göründüyü kimi, bu Qanunun mənasına görə qanunsuz dövriyyə geniş anlayışdır və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarda əldə edilməsi əməlini də özündə ehtiva edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Plenum qərarının 11-ci bəndinin üçüncü hissəsində göstərilir ki, «təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir.» Yuxarıda qeyd olunan Plenum qərarının 4-cü bəndinin ikinci abzasında qeyd edilir ki, törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxsm aşkar edilən psixotrop maddə metamfetaminin mənbəyinin müəyyən edilməsi istiqamətində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə olunmaması, eləcə də psixotrop maddə metamfetaminin bükümlərə ayrılmaması, yalnız bir bükümdə olması, Təqsirləndirilən şəxs məxsus mobil nömrənin məlumatlarına baxış keçirilərkən hər hansı əhəmiyyətli materialın əldə edilməməsi, onun ankoloji xəstə olması, psixotrop maddə vetamfetamindən istifadə etməsi Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini şəxsi istifadəsi üçün əldə etməsinə dəlalət edən faktlardır. Lakin, ibtidai istintaq orqanı narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsini, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsini, eləcə də digər sübutların əldə edilməsinin vacibliyini nəzərə almamışdır. Məhkəmə baxışı zamanı da araşdırılmış sübutlarda və işin materiallarında Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş narkotik vasitəni əvəzli və ya qazanc məqsədi ilə əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkət edilməsini, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsini təsdiq edən sübutlar aşkar olunmamışdır. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşları Şahid2 və Şahid1 da istər ibtidai istintaq zamanı, istərsədə məhkəmə istintaqı zamanı ifadələrində qeyd etmişlər ki, sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi kütlə psixotrop maddə metamfetamindir, onu Mehdiabad qəsəbəsində yolun kənarından ünvanını və anket məlumatlarını bilmədiyi “Maqa” adlı şəxsin vasitəsilə özü üçün istifadə etməkdən ötrü almış, daşıyaraq üstündə saxlamışdır. Beləliklə, ibtidai istintaq orqanı heç bir əsası olmayan ehtimallara və fərziyyələrə əsaslanaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə ittiham irəli sürmüşdür. Göründüyü kimi, İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini satış məqsədilə əldə edib gəzdirməsinin aşkar edilməsi formal olaraq qeyd edilsə də ona dair heç bir sübut əldə edilməmiş, onun psixotrop maddə metamfetaminin satışı ilə məşğul olması haqqında əməliyyat məlumatının həqiqətə uyğun olubolmamasının yoxlanılması üçün isə - əlavə heç bir əməliyyat-axtarış və ya istintaq hərəkəti aparılmamış və təbii olaraq göstərilən narkotik vasitənin başqa istehlakçısı müəyyən edilməmiş, eləcə də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs qarşı AR CM-in 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham sübuta yetirilməmiş, onun psixotrop maddə metamfetamini şəxsi istifadəsi üçün əldə etməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İİ-ci bəndinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsində (təqsirsizlik prezumpsiyası) qeyd edilir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Cinayət Məcəlləsinin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. AR CPM-in 21-ci maddəsində insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmadan qorunmasına yönəlmiş mühüm bir prinsip-təqsirsizlik prezumpsiyası təsbit edilmişdir. Təqsirsizlik prezumpsiyası beynəlxalq insan hüquqları konsepsiyasının tərkib hissəsindən biri kimi insan hüquqlarına dair başlıca sənədlərdə-insan hüquqları haqqında Ümumi Bəyamnamənin 11-ci maddəsində, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsində, mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təqsirsizlik prezumpsiyası insanın mühüm şəxsi hüquqlarından biri kimi göstərilmişdir. Adı çəkilən konstitusiya normasında təqsirsizlik prezumpsiyası təkcə təqsirləndirilən şəxsə deyil, hər bir şəxsə mənsub olan hüquq kimi təsbit edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Əsaslı şübhələr dedikdə, şəxsin təqsirinin təsdiq edilməsində mühüm rol oynaya biləcək sübutların məzmunu, mənbəyi, işə aid olması ilə bağlı olan şübhələr, habelə müxtəlif sübutlar arasında olan elə ziddiyyət və anlaşılmazlıqlar başa düşülməlidir ki, onları heç bir prosessual vasitə ilə aradan qaldırmaq mümkün olmasın. Başqa sözlə, təqsirsizlik prezumpsiyası tələb edir ki, şübhəli və ya təqsirləndirilən şəxsin təqsiri heç bir şübhə doğurmayan sübutlarla təsdiq olunsun. Şərh olunan maddənin məzmununa əsasən sübutlarla bağlı elə şübhələrdən söhbət gedir ki, iş üzrə toplanmış materiallarda onların mövcud olması şəxsin təqsiri barədə məsələni birmənalı şəkildə həll etməyə imkan vermir. Belə şübhələr cinayət işinin faktiki tərəfi ilə, yəni cinayət işi üzrə sübut edilməli olan ayrıayrı hallarla bağlı ola bilər. Cəza təyin etmənin ayrı ayrı məsələləri, habelə cinayət və ya cinayət prosessual qanunun tətbiqi ilə bağlı yaranan şübhələr qanunvericiliyin təfsiri vasitəsilə həll edilir. Lakin belə şübhələr (cinayət və ya cinayət prosessual qanunvericiliyin tətbiqi ilə bağlı olan və aradan qaldırılmamış şübhələr) də təqsirləndirilən və ya şübhəli şəxsin xeyrinə həll olunur. Bu tipli şübhələr qanunvericilikdəki boşluqlarla, ayrı-ayrı normalar və müxtəlif normativ hüquqi aktlar arasındakı kolliziya ilə bağlı ola bilər. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası CPM-nin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “24” dekabr 2021-ci il tarixli 15 saylı qərarının 22-ci bəndinin 1, 2 və 3-cü abzaslarında qeyd edilmişdir ki, Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi-hakimin həm vəzifə, həm də mənəvi borcudur. Odur ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddə əsasında təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş 06.12.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (iş vərəqə 73) İş materiallarında olan AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin 28 saylı Tibbi Sosial Ekspert Komissiyasının 08.07.2015-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs “sağ yumurtalığın Cr-i İİ kl.qr. T1N1M0 İ mərhələ. Sağ tərəfli tuboovarektomiya. Sol yumurtalığın rezeksiyasından sonrakı vəziyyət. Bronxial astma xəstəliyi, orta gedişli, teztez boğulma tutmaları. Ağciyərlərin emfizeması, t/ç-ğı İİ dərəcə” diaqnozu qoyulmaqla müddətsiz olaraq ikinci dərəcəli əlillik verilmişdir. (iş vərəqə 91) Məhkəmə AR CM-in 59-cu maddəsini rəhbər tutaraq Təqsirləndirilən şəxs onkoloji xəstə olmaqla 2-ci dərəcəli əlil olmasını, qadın olmasını, ilk dəfə cinayət əməli törətməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və cəzasını ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli, 2668 nömrəli Sərəncamında qeyd edilir ki, İbtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Qeyd edilən Sərəncamın 8-ci bəndində ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunması, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi qərara alınmışdır. Həmin Sərəncamın 13-cü bəndində cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutulması məhkəmələrə tövsiyyə olunmuşdur. Məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o, cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin həyat şəraitinə təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olduğundan, ona təqsirli bilindiyi AR CM-in 234.1-ci maddəsinin sanksiyası daxilində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. İş materiallarında olan 15.11.2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan və Bakı şəhəri Nizami rayon Məhkəməsinin 17.11.2021-ci il tarixli 4(007)- 374/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 15 noyabr 2021-ci il tarixdən hesablanmışdır. (iş vərəqə 17, 69-70) Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilməli, o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməli, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. AR CM-in 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 15 noyabr 2021-ci il tarixdən, hökmün elan edildiyi vaxta, yəni 19 may 2022-ci il tarixədək həbsdə saxlanıldığı 06 ay 04 gün müddət, azadlığın məhdudlaşdırılmasının iki günü həbsdə saxlanılma müddətinin bir gününə bərabər hesablanmaqla, 01 il 08 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində hökmün icrası onun qeydiyyatda olduğu yer üzrə AR Ədliyyə Nazirliyi Tovuz rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. AR CM-in 52-1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, qeydiyyatda olmaqla yaşadığı Tovuz rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X2 Şəxsi məhkəmənarkoloji ekspertizasının 5023 saylı 10.12.2022-ci il tarixli rəyinə əsasən, Təqsirləndirilən şəxs hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmaması nəzərə alınaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicə təyin edilməməli, lakin, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmə AR CPM-in 132-ci maddəsinə əsasən, iş üzrə maddi sübutlarla bağlı məsələni müzakirə edərək, belə nəticəyə gəlir ki, Nizami RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş bir ədəd şəffaf şüşə qabdakı 01 ədəd bükümdə təmiz çəkisi 4,677 qram, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 4,627 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərcləri – ekspertiza tədqiqatının dəyərini təşkil edən 65 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. AR CM-in 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 15 noyabr 2021-ci il tarixdən, hökmün elan edildiyi vaxta, yəni 19 may 2022-ci il tarixədək həbsdə saxlanıldığı 06 ay 04 gün müddət, azadlığın məhdudlaşdırılmasının iki günü həbsdə saxlanılma müddətinin bir gününə bərabər hesablanmaqla, 01 il 08 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 01 il 11 ay 22 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilsin, o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. AR CM-in 52-1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, qeydiyyatda olmaqla yaşadığı Tovuz rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın Təqsirləndirilən şəxs barəsində hökmün icrası onun qeydiyyatda olduğu yer üzrə AR Ədliyyə Nazirliyi Tovuz rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. İş üzrə maddi sübutlar - Nizami RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan 01 ədəd şəffaf şüşə qabdakı 01 ədəd bükümdə qalıq çəkisi 4,627 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcləri – ekspertiza tədqiqatının dəyərini təşkil edən 65 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Əhməd Quliyev Hakimlər Azər Paşayev imza: İradə Həsənzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar