Məhkəmə qərarları › İş №1(101)-880/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-880/2024

06.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-880/2024 06.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Əsgərova-Məmmədova Leyla Səyavuş qızının sədrliyi ilə, hakimlər Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Müdafiəçi1 Mürov oğlunun iştirakları ilə, xx xxxxxx 1990-cu ildə Zəngilan rayonunda anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Zəngilan rayonu, Məhəmmədbəyli kəndində qeydiyyatda olan ünvan 1 ünvanda yaşamış, hal -hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni külli miqdarda əldə edərək saxlamaqla daşımışdır. Belə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq, 01 ədəd sellofana bükülmüş təmiz çəkisi 10,988 qram küstar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlayaraq daşımış və 10 aprel 2023-cü il tarixdə saat 11 :15 radələrində Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat- axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanın qarşısında saxlanılaraq ünvan 3rləşən Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin inzibati binasına gətirilmiş, orada üzərinə şəxsi axtarış və götürmə aparılan zaman əynindəki göy rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd sellofana bükülmüş təmiz çəkisi 10,988 qram olmaqla külli miqdarda küstar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadə verərək göstərmişdir ki, 10 aprel 2023-cü il tarixdə həbs olunmamışdan öncə Sabunçu rayonu Su Kanal İdarəsində işləmiş, işdə olarkən saat 10:39 radələrində həyat yoldaşına “whatsapp” mobil tətbiqi vasitəsilə mesaj yazmışdır. Təxminən 10 dəqiqə sonra işdən marketə getmək üçün icazə almışdır. O, iş yerinin yerləşdiyi həyətə dönərkən iki nəfər mülki geyimli polis əməkdaşı tərəfindən qarşılanmış,barəsində şikayət daxil olduğu bildirilmiş və Polis Bölməsinə dəvət edilmişdir. Polis şöbəsinə iki qapılı “Niva” markalı polis əməkdaşlarına məxsus avtomobillə aparılmışdır. İttiham aktında göstərildiyi kimi xüsusi nəzarət altında olmamış, avtomobildə onun yanında heç kim əyləşməmişdir. Bu səbəbdən şəxsi axtarış zamanı “üzərindən aşkar edilmiş” maddəni atmaq imkanına malik olmuşdur. Polis Bölməsinə gətirildikdən sonra rəis müavininin otağına aparılmış, sonuncunun İrana hansı səbəblərdən getməsi barədə suallarına 10 il əvvəl xarici pasport alması, lakin heç bir ölkəyə səfər etməməsi məzmunda cavab vermişdir. Nurlan adlı polis əməkdaşı tərəfindən həmin gün üzərində olan telefona baxış keçirilmişdir. Polis əməkdaşları narkotik vasitəni öz üzərinə götürməyi tələb etsələr də o, bununla razılaşmamışdır. Polis əməkdaşlarından biri barəsində fiziki zor tətbiq ediləcəyini və ya iki nəfər çağıracaqlarını, əleyhinə şahidlik ediləcəyini bildirməklə ona təsir göstərmişdir. Digər polis əməkdaşı bəzi hallarda narkotik vasitəyə görə tutulan şəxslərin sənədləri imzaladıqdan sonra azadlığa buraxılması barədə misallar çəkmişdir. Daha sonra vəkilinin gələcəyini, müstəntiqlə danışdıqdan sonra sərbəst buraxılacağı bildirildikdən sonra polis əməkdaşları ilə razılaşmışdır. Videoçəkiliş zamanı narkotik vasitədən başqa üzərində heç bir əşya aşkar edilməmişdir. Halbuki, saxlanılarkən üzərində telefonu, pul qabı, açarlar və kartlar olmuşdur. Ona məxsus bank kartları Bakı İstintaq təcridxanasında ondan təhvil alınmışdır. Bu da ona dəlalət edir ki, videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl də barəsində axtarış keçirilmişdir. Bundan başqa şərait yaradılmadığına görə tutulması barədə ailə üzvlərinə məlumat verə bilməmiş, vəkil tutmaq üçün maddi imkanının olubolmadığı ümumiyyətlə araşdırılmamış,dövlət hesabına dəvət edilmiş vəkili isə sənədlərə imza etdikdən sonra görmüşdür. Əslində 10 aprel 2023-cü il tarixdə saat 11-də tutulmuşdur. Saxlanıldığı vaxtla üzərinə baxış keçirilməsi vaxtı arasında 1 saat fərq olmuşdur. O, saxlanılan zaman Şahin adlı iş yoldaşı onu görmüşdür. Saxlanılmamışdan öncə saat 10:39-da həyat yoldaşına mesaj yazmışdır. Saxlanıldıqdan sonra üzərində olan mobil telefonu Nurlan adlı polis əməkdaşı tərəfindən alınmışdır və telefonun harada olduğunu bilmir. İbtidai istintaq dövründə guya üzərindən aşkar edilən psixotrop maddəni bir gün əvvəl əldə etdiyi barədə ifadə versə də əslində 9 aprel 2023-cü il tarixdə axşam saatlarında əmisigildə olmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən sübutların toplanması məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, Sabunçu rayonu Polis Bölməsinə əməliyyatçı Şahid2 narkotik vasitələrin saxlanılması və daşınması barədə daxil olmuş əməliyyat məlumatı əsasında 10 aprel 2023-cü il tarixdə əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs Polis Bölməsinə dəvət edildikdən sonra Polis Bölməsinin inzibati otaqlarının birində barəsində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti nəticəsində üzərindən narkotik vasitəyə bənzər maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs Xasməmmədov küçəsində saxlanılmış, sonuncunun üzərində mobil telefon olması və ya ona telefon zəngi gəlməsi halını müşahidə etməmişdir. Təqsirləndirilən şəxs onlara qarşı müqavimət göstərməmiş, habelə polis bölməsinə gətirilərkən üzərində olan narkotik vasitəni atmaq imkanı olmamışdır. Şəxsi axtarış istintaq hərəkəti keçirilməmişdən əvvəl qanun yol vermədiyindən təqsirləndirilən şəxsin üzərinə tərəflərindən baxış keçirilməmişdir. Onlar təqsirləndirilən şəxsin işlədiyi yer barədə sonuncu müvəqqəti saxlama yerinə yerləşdirilərkən məlumatlı olmuşdurlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, 10 aprel 2023-cü il tarixdə Möhübbət adlı şəxs tərəfindən narkotik vasitələrin daşınması və saxlanılması barədə ona daxil olmuş əməliyyat məlumatı raportla rəhbərliyə məruzə edildikdən sonra yaradılmış əməliyyat qrupu tərəfindən aparılan əməliyyat axtarış tədbirləri nəticəsində təqsirləndirilən şəxsi Xasməmmədov küçəsi 7 ünvanında, 10 aprel 2023-cü il tarixində saat təxminən saat 11-12 aralığında saxlayaraq 13-cü Polis Bölməsinə gətirmişdirlər. Polis Bölməsində təqsirləndirilən şəxsin üzərinə baxış keçirilərkən üzərindən “metamfetamin” adlı psixotrop maddə aşkar olunmuşdur. Xatırladığına görə təqsirləndirilən şəxsi “Azərsu” idarəsindən çıxarkən saxlamışdırlar. Onlar təqsirləndirilən şəxsin həmin İdarədə işləyib-işləməməsini dəqiq bilməmişdir. Təqsirləndirilən şəxsin saxladıqları yerdən Polis Bölməsinə aparılması təxminən 10 dəqiqə çəkmişdi. Təqsirləndirilən şəxs saxlanılarkən onun üzərində mobil telefon olmamış, sonuncu avtomobilin arxa oturacağında əyləşmişdir. Təqsirləndirilən şəxsin saxlanılması barədə rəhbərliyə məruzə etmiş, onun üzərinə təhqiqatçının otağında baxış keçirtmişdirlər. Şəxsi axtarış təxminən 5- 6 dəqiqə çəkmişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş şahid X3 ifadə verərək göstərmişdir ki, 10 aprel 2023-cü ildə saat 10:30-11:00 aralığında bir avtomobil Möhübbətin önünü kəsmiş, sonuncunu avtomobilə əyləşdirib aparmışdırlar. Onlar sonradan Möhübbətə zəng etməyə başlamış, lakin o telefona cavab verməmişdir. Orxan, o, Rövşən və Şahin hətta Polis İdarəsinə gedib bu barədə məlumat vermişlər. Möhübbət otaqdan çıxan zaman onun heç bir şəxsi əşyası otaqda qalmamışdır. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərmişdir ki, o Sabunçu rayon Su Kanal idarəsində mühasib vəzifəsində çalışır. Həmin idarənin ünvanı Xasməmmədov 7 küçəsi olmuşdur. Möhübbət də onunla bir yerdə işləmişdir. Hadisə günü çöldə siqaret çəkərkən Möhübbətin könüllü olaraq avtomobilə əyləşdiyinin şahidi olmuşdur. Möhübbəti aparan şəxslər polis formasında olmamışdırlar. Möhübbəti kimin apardığını maraqlanmaq üçün xatırlamadığı Polis Bölməsinə müraciət etmiş, Möhübbətin atasına da bu barədə məlumat vermişdirlər. O, hadisə günü Möhübbətə zəng etsə də telefona cavab verən olmamışdır. O, telefona sonradan baxdıqda telefonun zənginin açıq qaldığını və Möhübbətlə bir neçə dəqiqə danışıq olduğunu görmüşdür. O, Möhübbətə zəng edərkən yanında İlqar və Rövşən adlı şəxslər də olmuşdur. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. 10 aprel 2023-cü il “şəxsi axtarış və götürmə haqqında” protokol və həmin protokola əlavə edilmiş müvafiq istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD diskdən görünür ki, Sabunçu rayon Polis İdarəsi 13-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılan şəxs Təqsirləndirilən şəxs barəsində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti nəticəsində əynində olan göy rəngli cins gödəkçəsinin sağ yan cibindən sellofana bükülmüş bir bükümdə psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddəni evinin yaxınlığında ağacın dibindən tapıb üzərində gəzdirdiyini bildirmişdir(cild 1, iş vəqərə 28- 29). 10 aprel 2023-cü il tarixli məhkəmə-kimyəvi ekspertizası rəyindən görünürki, tədqiqata təqdim edilmiş üzərində "... Təqsirləndirilən şəxs üzərindən ...” və sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 10,988 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Ekspertiza tədqiqatından sonra psixotrop maddə metamfetaminin qalıq çəkisi 10,938 qram təşkil etmişdir (cild 1, iş vəqərə 34-38). 25 iyun 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 1 bükümdə olan təmiz çəkisi 10,988 qram olan maddə kütləsi küstar üsulla hazırlanmış psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və ekspertizanının tədqiqatından sonra qalıq çəkis10,938 qram təşkil edən psixotrop maddə metamfetaminin saxlanması üçün Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə təhvil verilməsi nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə istintaq hərəkətlərinin videogörüntüləri özündə əks etdirən 01 ədəd «DVD» disk iş üzrə maddi sübüt kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 1, iş vəqərə 48, 135-136). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın 1-ci Siyahısının 67-ci bəndinə əsasən(köhnə redaksiyada) - təmiz halda 2 (iki) qram və daha artıq çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Məhkəmə, təqsirləndirilən şəxsin narkotik vasitənin və psixotrop maddənin ona məxsus olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. İş materiallarından görünür ki, müdafiə tərəfi təqsirləndirilən şəxsin cinayət işi materiallarında göstərildiyi kimi 10 aprel 2023-cü il tarixdə saat 11 :15 radələrində deyil, saat 11:00 radələrində işlədiyi iş yerinin qabağından tutularaq aparılmasını, saxlanılakən üzərində mobil telefon olmasına baxmayaraq şəxsi axtarış zamanı üzərindən mobil telefonun aşkar edilməməsini bildirərək bu halın sonuncu barəsində videoçəkilişlə qeydə alınan şəxsi axatış və götürmə istintaq hərəkəti aparılmasına qədər baxış keçirilməsinə dəlalət etməsini iddia etmişlər. Məhkəmə müdafiə tərəfinin həmin dəlili ilə əlaqədar qeyd edir ki, əvvəla cinayət işi materiallarına əlavə edilmiş sənədlərdə təqsirləndirilən şəxsin 10 aprel 2023-cü il tarixdə saat 11:00 radələrində tutulmasının göstərilməsinə, habelə şəxsi axtarış zamanı üzərindən hər hansı telefon aşkar edilməməsinə baxmayaraq Bakı şəhəri Sabunçu rayon məhkəməsinin qərarı ilə əldə edilmiş "xxxx" MMC-dən daxil olan diskə baxış keçirilərkən təqsirləndirilən şəxsin istifadəsində olan telefon nömrəsi ilə saat 11:04 radələrində danışıqlar aparılmasının müəyyənləşdirilməsi səbəbindən ibtidai istintaq dövründə şəxsin tutulma saatının araşdırılması məqsədilə 01 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin təhqiqatçısı Tərlan Mayılov dindirilmiş, sonuncu təqsirləndirilən şəxsin üzərində hər hansı telefon aparatının olmamasını, polis əməkdaşları tərəfindən təqsirləndirilən şəxsin 11:15 radələrində tutulmasını, lakin yol verilmiş texniki səhvə görə sənədlərdə sonuncunun saat 11:00 radələrində tutulmasının göstərilməsini, habelə sonuncunun saat 11:30 radələrində polis bölməsinə təhvil verilməsini bildirmişdir.Digər tərəfdən Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə gətirilmiş şəxslərin qeydiyyat kitabçasının əldə edilmiş surətindən də görünür ki, Təqsirləndirilən şəxs 10 aprel 2023-cü il tarixdə saat 11:30 radələrində həmin bölməyə gətirilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin tutulması vaxtı müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş şahid ifadələri ilə də şübhə altına alına bilinməmişdir. Məhkəmə onu da qeyd edir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin 10 aprel saat 11:15 radələrində tutulmasının müəyyən edilməsinə və “Sübutların qiymətləndirilməsi haqqında” qərarda cinayət işi materiallarına əlavə edilmiş bütün sənədlərdə təqsirləndirilən şəxsin tutulma saatının 11:15 kimi göstərilməsinin qeyd edilməsinə baxmayaraq ittiham aktında həmin saat “11:00” kimi əks edilmişdir. Məhkəmə toplanmış sübutları məcmu şəkildə qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin saat 11:15-də tutulmasının şübhə altına alınması üçün əsaslar yoxdur və ittiham aktında təqsirləndirilən şəxsin tutulmasının “11:00” kimi göstərilməsi texniki səhv kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs tutularkən üzərində telefon olub-olmaması faktı müəyyən edilərkən saxlanıldığı gün saat 11:04 radələrində ona zəng etmiş şəxs Şahid3 məhkəmə iclasında dindirilmiş və həmin şəxsin ifadəsi ilə telefon zəngini təqsirləndirilən şəxsin açması, onun polis əməkdaşları yanında və ya polis bölməsində olması halı müəyyən edilə bilməmişdir. Müdafiə tərəfinin sorğusu əsasında əldə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 19 aprel 2024-cü il tarixli müşaiyət məktubu ilə göndərilən 11 aprel 2023-cü il tarixli protokolun surətindən görünür ki, təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerinə təhvil verilərkən üzərindən iki ədəd plastik kart aşkar edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin şəxsin tutulması zamanı üzərində telefon aparatının olması barədə müdafiə tərəfinin dəlili iş üzrə toplanmış sübutlarla təkzib edilir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxs barəsində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı üzərində bank kartlarının götürülməməsi(kartlar vizual baxış zamanı hər hansı büküm təəssüratı yaratmaması), istintaq planlaşdırmasının səmərələliyinə təsir etsə də(məsələn əməlində satış məqsədinin olub-olmaması üçün həmin banka kartlarına ödənişin edilib-edilməməsi barədə sorğular verilməsi və s.) , onun üzərinə faktiki olaraq daha əvvəl şəxsi axtarış istintaq hərəkətinin keçirilməsinə dəlalət edə və ya mövcud şəxsi axtarış və istintaq hərəkətinin mötəbərliliyini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən şübhə altına ala bilməz. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə tutulduğu gün saat 11:04 radələrində telefon zəngi gəlməsi ilə əlaqədar onun üzərindən şəxsi axtarış istintaqı keçirilənədək telefon aparatının qərəzli şəkildə götürülməsi barədə müdafiə tərəfinin dəlili də iş materialları ilə təkzib edilir. Belə ki, cinayət işi materiallarından da görünür ki, təqsirləndirilən şəxsə saat 11:04 radələrində telefon zəngi gəlməsi xüsusatı istintaqın sonrakı gedişində, yəni barəsində şəxsi axtarış istintaq hərəkəti keçirilməsindən sonra, istifadəsində olan telefon nömrəsi ilə aparılan danışıqlara dair məlumatlar əldə edilməsindən sonra müəyyən edilmişdir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. Həmin əməl Təqsirləndirilən şəxs tərəfindən qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmaqla ağır cinayət hesab olunur. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs 22 aprel 2022 və 09 may 2019-cu il təvəllüdlü himayəsində iki azyaşlı övladının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır və qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61 -ci maddəsi ilə nəzərdə tutulan ağırlaşdıran hallar müəyyən edilməyib. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsindən daxil olmuş 19 aprel 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə təqsirli bilinib 3000 manat məbləğində cərimə cəzasına məhkum olunmuşdur(cild 1, iş vərəqə 81-82). Azərbaycan Respublikası Ədlyyə Nazirliyi Bakı şəhər Probasiya İdarəsindən daxil olmuş 06 may 2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 19 iyun 2023cü il tarixdə ona təyin edilmiş 000 manat məbləğində cərimə cəzasını tam ödədiyi üçün Bakı şəhər Probasiya İdarəsinin qeydiyyatından çıxarılmışdır Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, üstündən aşkar edilərək götürülən narkotik vasitənin miqdarını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş sanksiya həddinin aşağı həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 10 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş (Cild 1, iş vərəqə 18), Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 aprel 2023-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 10 aprel 2023-cü il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 71-74). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 10 aprel 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizanın 10 iyun 2023-ci il tarixli rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vəqərə 143-144). Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olduğunu nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin növbətçi hissəsinə təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 10,938 qram təşkil edən psixotrop maddə metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinin video görüntülərini özündə əks etdirən bir ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən 81 (səksən bir) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 35). Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 10 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 10,938 qram təşkil edən psixotrop maddə metamfetamin məhv edilsin; - Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış istintaq hərəkətinin video görüntülərini özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 81 (səksən bir) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar