Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-880/2025 19.11.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Məmmədzadə Səbinə Adil qızı və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X3, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı3 və həmin idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs2 nümayəndəsi - Bakı şəhəri, “MƏRKƏZ” Vəkil Bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs, müdafiəçilər - Bakı şəhəri, “UNİVERSAL” Vəkil Bürosunun vəkili Müdafiəçi1, Şərur rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri, “FİDES” Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakı ilə, xx xxxxxxx 1978-ci ildə Ermənistan Respublikası, Vedi rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, işləməyən, Bakı şəhəri, Nərimanov rayonu, X6 küçəsi ev 92, mənzil 9-da qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, yeni massivdə fərdi yaşayış evində yaşamış, 28 avqust 2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham elan edilmiş və həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 dekabr 2024-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs2 X2 “BMW” markalı “530” modelli avtomobil gətirəcəyinə dair yalan vəd verib aldadaraq, 23 aprel 2021-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, R.Zorge küçəsində yerləşən “Mariot” otelin qarşısında avtomobilin içərisində həmin dövrün rəsmi məzənnəsi ilə 51.850 manat təşkil edən 30.500 ABŞ dolları, avtomobil ehtiyat hissələri gətirib gömrük rüsumunu ödədikdən sonra həmin ehtiyat hissələrini satıb aldığı pulu qaytaracağı adı ilə 2021-ci ilin oktyabr ayında Bakı şəhəri, Səbail rayonunda yerləşən “Bakı” kafesində 2.000 manat, kart hesabına köçürmə yolu ilə 2.300 manat, 2021-ci ilin noyabr ayının əvvəllərində kart hesabına köçürmə yolu ilə 2.500 manat, özünə məxsus avtomobilini lizinqə salıb pul götürüb aldığı puldan qaytaracağı adı ilə 2021-ci ilin dekabr ayının əvvəllərində kart hesabına köçürmə yolu ilə 1.120 manat, avtomobil alıb lizinqə salıb pul götürüb ondan aldığı puldan qaytaracağı adı ilə 2021-ci ilin dekabr ayının ikinci yarısında həmin dövrün rəsmi məzənnəsi ilə 33.150 manat təşkil edən 19.500 ABŞ dolları, avtomobil alıb lizinq kreditinə salıb gəlir əldə edərək sonuncuya məxsus “BMW” markalı “530” modelli avtomobilin kredit məbləği olan 18000 ABŞ dolları pulu ödəmək adı ilə 2022-ci ilin mart ayında 14.450 manat, Zərərçəkmiş şəxs2 məxsus avtomobilin kreditini ödəmək adı ilə 25 aprel 2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, X1 küçəsi, ev 28 ünvanının yaxınlığında kart hesabına köçürmə yolu ilə 1500 manat olmaqla, ümumilikdə 108.870 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək, Zərərçəkmiş şəxs2 külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrar, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 X4 Dubay şəhərindən “Toyota” markalı “Camry” modelli avtomobil gətirib satdıqdan sonra əldə olunan gəliri yarı böləcəklərinə dair yalan vəd verib aldadaraq, 2023-cü ilin iyun ayının sonlarında 54.000 manat, 2023-cü ilin iyul ayının ortalarında 5.000 manat, 2023-cü ilin iyul ayının sonlarında 6.000 manat olmaqla, ümumilikdə 65.000 manat pulu ünvan 2 ünvanında vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək, Zərərçəkmiş şəxs1 külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, Zərərçəkmiş şəxs1 maşın almaq məqsədilə pul götürmüşdür. Sonra o, maşını almış, daha sonra Tahirə xanıma bildirmədən maşını satıb pulunu xərcləmişdir. Xəzərin maşınına görə isə 9900 manat kredit ödəmişdir. İstintaqda verdiyi ifadəni təsdiq edir. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs bildirdi ki, Zərərçəkmiş şəxs2 ona maşın gətirtmək üçün 30.500 manat pul vermiş, başqa ödəniş etməmişdir. Tahirə xanım isə ona 30.000 dollar, 5.000 manat və sonra yenə 5.000 manat olmaqla pul vermişdir. 30.500 manat puldan 9.900 manatını Xəzərə qaytarmışdır. Zərərçəkmiş şəxs2 çoxdan tanıyır, Xəzərdən 10.800 manat pul almışdır. Hazırda Xəzərə 30.500 manat borcu qalmışdır. Tahirə xanımdan maşın gətirmək üçün 60.000 manat pul almışdır. Təqsirləndirilən şəxsin ifadələri arasında ziddiyyətlər olduğundan onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan və tədqiq edildi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, təxminən 15 ildir avtomobil alqı-satqısı ilə məşğul olur. Zərərçəkmiş şəxs2 təxminən 10 il olar ki, tanıyır. 2021-ci ilin aprel ayında Zərərçəkmiş şəxs2 ilə söhbət zamanı razılaşmışdır ki, X2 şərikli «BMW 530» markalı avtomobil gətirib həmin avtomobili sataraq birgə qazanc əldə etsinlər. Xəzər də onunla razılaşmışdır. Aralarında olan razılaşmaya əsasən Xəzər həmin avtomobil üçün 30.500 ABŞ dolları pul verəcəyini, avtomobili gətirib satdıqdan sonra isə Xəzər öz pulunu götürəcəyini və yerdə qalan pulu ikisinin arasında böləcəklərini razılaşmışlar. 23 aprel 2021-ci il tarixdə saat 16-17 radələrində Bakı şəhəri, Nərimanov rayonu, “Kral” şadlıq evinin qarşısında Xəzərlə görüşmüş, Xəzər öz avtomobilinin içərisində ona 30500 ABŞ dolları pul vermişdir. O da, həmin pulu sayıb götürmüş, 15-20 gün sonra avtomobilin Azərbaycana gələcəyini bildirmişdir. Dediyi müddət başa çatdıqda, Xəzər ondan avtomobilin gəlib-gəlmədiyi maraqlanmış, o, bildirmişdir ki, avtomobili “pityorka” almalı idilər, lakin avtomobil “troyka” gəlib çıxıbdır. Həmin avtomobili Dubaydan aldığı şəxsə geri qaytarmış, həmin şəxs də avtomobil üçün verdiyi pulları hissə-hissə olmaqla ona geri qaytarmışdır. Lakin həmin puldan avtomobili geri qaytardığı üçün 5.000 manat əksik pul vermişdir. Bundan sonra Xəzərlə razılaşmışlar ki, hissə-hissə olmaqla Xəzərin 30.500 ABŞ dolları pulunu ona geri qaytaracaqdır. Xəzər də etiraz etməmişdir. 2021-ci ilin avqust ayında Xəzərə 5000 manat pul qaytarmış və pulun qalan hissəsini də bir müddət sonra qaytaracağını bildirmişdir. 2021-ci ilin oktyabr ayında Xəzərə bildirmişdir ki, ehtiyat hissələri gətirib satmaq istəyir və buna görə ona pul lazımdır. 2021-ci ilin oktyabr ayında Xəzərdən ehtiyat hissələri gətirib satmaq üçün 2000 manat pul almışdır. Xəzərə demişdir ki, ondan aldığı 2000 manat pulun müqabilində 20 günə ona əlavə olaraq 800 manat xeyir verəcəkdir. 20 gün keçdikdən sonra Xəzər ondan pulunu istədikdə, Xəzərin sürücüsü Rüfət adlı şəxsin vasitəsilə ona 2.800 manat pul qaytarmışdır. 2021-ci ilin dekabr ayında Xəzər ona zəng vurub bildirmişdir ki, “Best Cars” avtosalonunda “Range Rover” markalı avtomobil var, həmin salonun sahibini tanıyırsa, orada olan həmin avtomobili ucuz qiymətə danışıb alsın, əvəzində özünə məxsus “X8” markalı ** AV *** dövlət qeydiyyat nişanlı avtomobili versin. Bundan sonra “Best Cars” avtosalonunun sahibi ilə danışmış və Xəzərə bildirmişdir ki, birlikdə həmin salona getsinlər. Xəzərlə birlikdə qeyd olunan avtosalona getmişlər. Orada avtosalonun sahibi ilə danışıb həmin “Range Rover” markalı avtomobilin qiymətini aşağı salmış, Xəzər də onlarla razılaşmışdır. “Best Cars” avtosalonunun sahibi ona bildirmişdir ki, 500 ABŞ dolları müştəri gətirdiyi üçün ona pul verəcəkdir. Özü də Xəzərə bildirmişdir ki, ona salonun sahibi 500 ABŞ dolları hörmət kimi pul verəcəkdir, həmin pulu istəmir, avtomobilə görə onlara verəcəyi puldan 500 ABŞ dolları əksik pul verər. Bundan sonra lizing şirkəti ilə danışmış, Xəzər də özünə məxsus “X8” markalı ** AV *** dövlət qeydiyyat nişanlı avtomobili aparıb lizinqə salıb pulunu götürmüş və həmin puldan “Best Cars” avtosalona “Range Rover” markalı avtomobili aldığına görə pul ödəmişdir. Həmçinin Xəzərə əvvəlcədən təklif etmişdir ki, “X8” markalı avtomobilini lizinqə salanda ona verməli olduğu borcundan onun kreditlərini ödəməkdə köməklik göstərəcəkdir. Lakin pulu olmadığı üçün Xəzərin kreditlərini ödəyə bilməmiş, Xəzər həmin kreditini özü ödəmişdir. 2022-ci ilin mart ayında Xəzər onunla görüşüb özünə məxsus 2014-cü il buraxılışlı, «Mercedes E» markalı ** LR *** dövlət qeydiyyat nişanlı avtomobili «BMW 530» markalı avtomobillə dəyişmək istədiyini bildirmiş, özü də Xəzərə demişdir ki, ona həmin avtomobili tapıb məlumat verəcəkdir. Təxminən 10 gün sonra Xəzərə «BMW 530» markalı avtomobili tapdığını, həmin avtomobili 33000 ABŞ dollarına satdıqlarını, ona məxsus «Mercedes E» markalı avtomobili həmin şəxsə verəcəyini, həmin şəxs onun avtomobilini 20000 ABŞ dollar məbləğində dəyərləndirdiyini, «BMW 530» markalı avtomobili girov qoyaraq 18000 ABŞ dolları məbləğində kredit götürəcəyini, həmin puldan 13000 ABŞ dolları «BMW 530» markalı avtomobili satan şəxsə verəcəyini bildirmişdir. Həmçinin Xəzərə bildirmişdir ki, həmin kreditindən də ona borclu olduğu pulun əvəzində kreditini ödəyəcəkdir. Xəzər də onunla razılaşmışdır. «BMW 530» markalı avtomobili "xxxx" MMC-yə girov qoyub hazırda xatırlamadığı məbləğdə pul götürmüşdür. Lakin Xəzər ona həmin puldan 10.000 manat pul vermişdir. Həmçinin Xəzər ona pul verməsini təsdiq etməsi üçün onunla birlikdə notariat kontoruna gedib əvvəlki borclarına görə 30000 manat borc müqaviləsi bağlamağı təklif etdikdə onunla razılaşmışdır. Həmin avtomobilə görə Xəzərin lizinq kreditindən üç ay hər ay 3.300 manat olmaqla, 9.900 manat pul ödənişləri etmişdir. Lakin sonradan pulu olmadığı üçün ödəniş edə bilməmişdir. Xəzər ona zəng vurub krediti nə üçün ödəmədiyini soruşduqda, ona ödəyəcəyini bildirmiş, lakin heç bir ödəniş edə bilməmişdir. Həmin avtomobilin kredit ödənişləri olunmadığı üçün "xxxx" MMC avtomobillə bağlı şikayət etmiş, buna görə də “Range Rover” markalı avtomobili polis əməkdaşları dayanacağa yerləşdirmişlər. Bundan sonra "xxxx" MMC-nin əməkdaşları avtomobili dayanacaqdan çıxarıb satışa qoymuşdur. 1 aydan sonra Xəzər ona zəng vurub "xxxx" MMC-dən ona zəng edildiyini və avtomobilin ödənişi edilməyəcəyi halda satılacağı barədə məlumat gəldiyini bildirmişdir. Xəzərə avtomobilin satılmayacağım demiş, 1 ay keçdikdən sonra Xəzər ona zəng vurub "xxxx" MMC-nin əməkdaşlarının ona zəng vurub avtomobilin satıldığını və avtomobildə olan əşyaları götürməsini dediklərini, buna görə də o, 10000 manat borc götürüb "xxxx" MMC-nin avtomobilin satıldığı Vüqar adlı şəxslə görüşmüş və ona 8000 manat pul verərək avtomobili öz adına sənədləşdirmişdir. 2000 manat puldan isə 750 manat “Range Rover” markalı avtomobilin aylıq kreditini, 1250 manat isə «BMW 530» markalı avtomobilin aylıq kreditini ödəmişdir. Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsinə görə, Zərərçəkmiş şəxs1 kirvəsi Cavidan Musayevin anasıdır. 2015-ci ildə Cavidan Musayevin adına olan «Mersedec S» markalı avtomobili 250000 manata satıb, avtomobilin pulunu bir neçə ilə vermişdir. 2023cü ilin iyun ayında Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 3 ünvana getmişdir. Həmin vaxt Tahirə və əri Şahid evdə olmuşlar. Söhbət əsnasında İlqara əgər pulları varsa, ona verməyi, 2023-cü il buraxılışlı «Toyota Camry» markalı avtomobil Dubaydan 65000 manata alıb Azərbaycana gətirib 42000 ABŞ dollarına, yəni 71400 manata satmaqla əldə olunan gəliri yarı böləcəklərini bildirmişdir. İlqar və onun həyat yoldaşı onunla razılaşmışlar. Təxminən 2-3 gün keçdikdən sonra 2023-cü ilin iyun ayının sonlarında təkrar onların yaşadığı evə gedib bildirmişdir ki, Dubayda olan dostu ilə danışmış və avtomobil almaq üçün pul vermək lazımdır. Buna görə də İlqar ona 54.000 manat pul vermiş, 54.000 manatı götürmüş və bildirmişdir ki, 15-20 günə avtomobil Azərbaycana gələcəkdir. Daha sonra onlardan gömrük rüsumu üçün 5.000 manat, nömrə üçün isə 6.000 manat pul almışdır. 2023-cü ilin avqust aymın sonlarında ona “Toyota Camry” markalı avtomobili satmaq üçün etibarnamə vermişlər, lakin həmin avtomobil gəlməmişdir. Avtomobilə görə pulu verdiyi Dubayda olan İlqar adlı şəxs onu aldatmış və avtomobili göndərməmişdir. Sonradan öyrənmişdir ki, İlqar Dubayda həbs olunmuşdur. Lakin İlqarın anket məlumatlarını və əlaqə nömrəsini bilmir (cild 1, iş vərəqi 247-250). Elan olunmuş ifadə ilə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs dindirmə protokolunda olan imzaların və qeydlərin ona məxsus olduğunu, lakin həmin ifadəsini təsdiq etmədiyini bildirdi. İş üzrə dindirilmiş zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Təqsirləndirilən şəxsi tanıyır, onunla münasibətləri normal olmuşdur. Dubaydan maşın gətirmək üçün İsaya 30.500 dollar pul vermişdir. Sonradan İsa həmin puldan 5000 manatı qaytarmış, ancaq üstündən xeyli müddət keçməsinə baxmayaraq qalan pulu verməmişdir. Daha sonra İsa ona maşının ehtiyat hissələrini gətirdiyini demiş, buna görə ondan pul istəmiş və İsaya 2000 manat, 2500 manat və 1200 manat olmaqla yenə də üç dəfəyə pul vermişdir. Ümumilikdə isə Təqsirləndirilən şəxs ona 151.500 dollar ziyan vurmuşdur. Hazırkı vaxta qədər İsa ona 30.000 manat bir, 5.000 manat da bir dəfəyə pul qaytarmış, ona 108.870 manat borcu qalmışdır. Verilən sualları cavablandıran Zərərçəkmiş şəxs2 bildirdi ki, indiyə qədər İsa ona 35.000 manat pul ödəmişdir. Özü ticarətlə məşğuldur, İsanı ortaq tanışları Ramin vasitəsi ilə tanımışdır. İsadan 35.000 manat pulu geri almaq üçün əlavə ona 2000 manat da vermişdir. İsaya 30.500 dollar pulu Dubaydan maşın gətirmək üçün vermiş, lakin İsa maşını gətirməmişdir. Pulunu geri almaq üçün İsa müxtəlif bəhanələrlə ondan əlavə də pul almışdır. Qəbzlərə özü imza etsə də, pulları İsa götürmüşdür. Bankdan 47.500 dollar pul götürülmüşdür. Müqavilə 33.000 dollar dəyərində bağlanılsa da, 30.000 dollar pul götürülmüşdür. Borc müqaviləsini ona görə imzalamışdır ki, gələcəkdə ondan pul alınmasını İsaya sübut edə bilsin. Xırda pulu, yəni 2000 manatı İsaya «Bakı» kafesində nağd şəkildə vermişdir. 2300 manatı isə lizinqlə bağlı İsanın kart hesabına köçürmüş, 1200 manat və 2 dəfəyə 2500 manat da pul vermişdir. Sonradan o, «Best Cars» şirkətindən «Range Rover» markalı maşın almış, həmin maşına görə 47.500 manat lizingə borc yazılmışdır. İsa ondan aldığı pullara görə həmin maşının 3 aylıq kreditini ödəmişdir. Sonra ödənişlər etmədiyinə görə lizinq şirkəti maşını satmışdır. Hazırda «BMW» maşını ondadır, «Range Rover» maşını isə axtarışdadır. Bankla 30.000 manata görə müqavilə bağlanmışdır. Lizing məsələsinə görə İsaya pul verməmişdir, pulu bank özü götürmüşdür. İsa «Range Rover» markalı maşını aldıqdan sonra ona zəng eləmişdir. Həmin maşını 68.500 dollara almışdır, 40.000 dollar maşının dəyəri olmuş, 28.500 dolları isə İsa özünə götürmüşdür. İsa ümumilikdə onun 108.870 manat pulunu alıb ələ keçirmiş, həmin pullardan hissə-hissə olmaqla ümumilikdə 35.000 manat pul qaytarmış, qalan pulunu qaytarmamışdır. Məhkəməyə elektron poçt vasitəsilə daxil olmuş 02.11.025-ci il tarixli və şəxsən təqdim olunmuş xx.xx.2025-ci il tarixli ərizələrində Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 108.870 manat maddi zərərin tam şəkildə ödənildiyini, onunla barışdığını, ona qarşı şikayəti və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Təqsirləndirilən şəxs onun nəvəsinin kirvəsidir. İsa bundan əvvəl də onlar üçün maşın gətirmiş, buna görə də ona etibar etmişlər. İsa xarici ölkədən maşın gətirmə adı ilə ondan pul almış, lakin onları aldadaraq sözünə əməl etməmişdir. Heç vaxt İsanın onları aldada biləcəyinə inanmamışlar. Verilən sualları cavablandıran Zərərçəkmiş şəxs1 bildirdi ki, maşının pulunu İsaya özünün həyat yoldaşının yanında vermişdir. İsa maşın alqı-satqısı ilə məşğul olmuşdur. Onlar da İsaya maşın gətirmək üçün 65.000 manat pul vermişlər. Həmin pulu iki dəfəyə – 60.000 manatı bir dəfə, 5.000 manatı isə bir dəfəyə vermişlər. Razılaşmaya görə İsa maşını gətirib sataraq onların pulunu verməyi öhdəsinə götürmüşdür. Maşına nömrə almaq üçün də İsaya 5.000 manat pul vermişdir. İstintaqa verdiyi ifadəni təsdiq edir və ona vurulmuş maddi ziyanın ödənilməsini tələb edir. Zərərçəkmiş şəxs1 məhkəmə iclasında qeyd olunan ifadəni verdikdən sonra növbəti, yəni 23 aprel 2025-ci il tarixli iclasda təqsirləndirilən şəxsin qohumları tərəfindən ona vurulmuş maddi ziyanın ödənildiyini, ona qarşı heç bir şikayəti və tələbinin olmadığını bildirərək, bu barədə notarial qaydada təsdiq olunmuş ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirərək, həyat yoldaşı Zərərçəkmiş şəxs1 ifadəsi ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə edilmiş 27 noyabr 2024-cü il tarixli üzləşdirmə protokollarına əsasən, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs ilə aralarında keçirilmiş həmin istintaq hərəkətləri zamanı sərbəst ifadələrində göstərdikləri halları biri-birilərinin üzünə qarşı bir daha təsdiq etmişlər (cild 1, iş vərəqi 212-222). İş materiallarında olan Zərərçəkmiş şəxs2 təqdim etdiyi 1 ədəd CD diskə baxış keçirilməsi haqqında 02 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 “whatsapp” vasitəsilə “BMW 530” markalı avtomobilin fotoşəklini göndərərək alacağı avtomobilin həmin avtomobil olduğunu, digər fayllarda avtomobilin konteynerdə olduğunu, 1-ci günü yola çıxacağını bildirir, digər fayllarda isə “whatsapp” vasitəsilə avtomobil ehtiyat hissələrinin videogörüntülərini göndərdiyi müəyyən edilmişdir (cild 1, iş vərəqi 178-185). Elektron Məhkəmə portalından əldə olunmuş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs evlidir, himayəsində 2016 və 2017-ci il təvəllüdlü iki azyaşlı uşağı vardır. Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhşəri, Nərimanov rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə hər ay qazancının 15%-i dövlət nəfinə tutulmaqla 11 ay 12 gün islah işləri cəzasına məhkum edilmiş, xx.xx.2015-ci ildə cəzanı tam çəkib qurtarmışdır (cild 1, iş vərəqi 49-50). Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan olunmuş ittihamlar üzrə özünü qismən təqsirli bilsə də, öz müdafiəsi üçün dəlillər gətirməmiş və məhkəmə baxışının sonunda hər iki zərərçəkmiş şəxsə vurulmuş maddi zərəri ödəyərək onlarla barışıq əldə etmişdir. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, himayəsində iki nəfər azyaşlı uşaqlarının olmasını, 59.1.12-ci maddəsinə əsasən, zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini və 59.1.13-cü maddəsinə uyğun olaraq, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə kollegiyası hesab edir ki, CM-nin 59.1.12 və 59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halların olması və cəzanı ağırlaşdıran halların olmaması Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Belə ki, həmin maddəyə görə, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs şəxsiyyətini, himayəsində iki nəfər azyaşlı uşaqlarının olmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini və zərərçəkmiş şəxslərin ona qarşı iddia tələbi və şikayətlərinin olmamasını nəzərə alaraq, onun cəza çəkmədən də islah oluna biləcəyini mümkün hesab edir. Bu səbəbdən, məhkəmə kollegiyası təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq edilməsini, həmin Məcəllənin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti təyin olunmaqla onun şərti məhkum edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə görə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən, şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 70.5-ci maddəsinə əsasən, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsi zamanı Təqsirləndirilən şəxs üzərinə həmçinin vəzifələr qoyulmalı və həmin Məcəllənin 70.6-cı maddəsinə əsasən onun üzərində nəzarət müvafiq dövlət orqanlarına həvalə olunmalıdır. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Məhkəmədə müəyyən edildi ki, 07 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və 11 sentyabr 2023-cü il tarixdə keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində o, tutulmuşdur. 12 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ittiham elan edilmiş və həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. 01 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və həmin tarixdə iş üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. 17 oktyabr 2023-cü il tarixdə iş üzrə icraat təzələnmiş və 18 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində Səbail rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. 12 dekabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və həmin tarixdə iş üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Təqsirləndirilən şəxs 07 iyun 2024-cü il tarixdə könüllü olaraq Səbail RPİnin İŞ-nə gəldiyindən, həmin tarixdə iş üzrə icraat təzələnərək istintaq davam etdirilmişdir. 25 avqust 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə yenidən ittiham elan edilmiş və həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 dekabr 2024-cü il tarixli qərarına əsasən barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmiş və hazırda Bakı İstintaq təcridxanasında saxlanılır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021ci il tarixli qərarının 2-ci bəndində nəzərdə tutulan “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarında dəyişiklik edilmişdir. Həmin dəyişikliyə əsasən məhkəmələrə verilmiş tövsiyələrə görə, cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Təqsirləndirilən şəxs şərti məhkum etmənin tətbiq olunması ilə əlaqədar məhkəmə hesab edir ki, onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək hökm qanuni qüvvəsini alanadək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından dərhal həbsdən azad olunmalıdır. Göstərilənlərlə yanaşı, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Cinayət işi üzrə mülki iddia verilməməsi, maddi sübutların və məhkəmə məsrəflərinin olmaması, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində şərti məhkumetmə tətbiq edilsin və ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti ilə şərti hesab olunsun. Sınaq müddəti ərzində hökmün icrasını həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində hökmün icrasına nəzarət qeydiyyatda olduğu ərazi üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya idarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilniş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad olunsun. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə mülki iddia verilməməsi, maddi sübutların, məhkəmə məsrəflərinin olmaması, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Səbinə Məmmədzadə, Səbuhi Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-880/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-880/2025
19.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver