Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-882/2024 14.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Əli İrfan oğlu və Məcidov X8 ibarət tərkibdə, X1 və Qafarova-Məmmədova Turan Zakir qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1981-ci ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(008)-416/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 7 (yeddi) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddələri əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, ittiham aktına əsasən, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 07 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə baxmayaraq, məhkumluğu ödənilmədən və ya qanunvericilikdə nəzərdə tutulmuş qaydada götürülmədən yenidən qəsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı «Sahib» adlı şəxs və qeyriləri ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarındakı cinayətkar razılaşmaya əsasən İran İslam Respublikasının vətəndaşı «Sahib» adlı şəxs və qeyrilərinin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in İ siyahısına daxil edilən külli miqdarda narkotik vasitə heroini, külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı və «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in İ siyahısına daxil edilən külli miqdarda psixotrop maddə metamfetamini gizlədiləcəyi yerdən götürüb özündə saxlamaq və digər şəxslərə satışını təşkil etmək barədə verdiyi təlimatına, həmçinin bu qanunsuz fəaliyyəti yerinə yetirmək müqabilində qazanc olaraq pul və narkotik vasitə vədinə əsasən qeyd edilən narkotik vasitə və psixotrop maddələri əldə etmək qərarına gəldikdən sonra İran İslam Respublikası vətəndaşı «Sahib» adlı şəxs və qeyrilərinin göndərdiyi 18 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 933,0 qram, 937,4 qram, 928,8 qram, 675,2 qram, 950,7 qram, 938,4 qram, 929,3 qram, 956,3 qram, 929,0 qram, 937,7 qram, 940,4 qram, 937,5 qram, 924,8 qram, 732,4 qram, 925,0 qram 2486,1 qram, 2338,2 qram, 954,2 qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda 19354,4 qram çəkidə narkotik vasitə heroini, 04 ədəd bağlamada və 01 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 4006,3 qram, 2793,0 qram, 2735,0 qram, 1909,0 qram və 11,992 qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda 11455,292 qram çəkidə psixotrop maddə metamfetamini və 01 ədəd bağlamada ümumi təmiz çəkisi 5050 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz olaraq əldə edib ümumi təmiz çəkisi külli miqdarda 11,992 qram çəkidə olan psixotrop maddə metamfetamini üzərində, digər ümumi təmiz çəkisi külli miqdarda 19354,4 qram çəkidə narkotik vasitə heroini, külli miqdarda 11443,3 qram çəkidə psixotrop maddə metamfetamini və külli miqdarda 5050 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı yaşadığı ünvan 2 ünvanında saxlamaqla daşımış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 25 iyul 2023-cü il tarixdə, saat 05:55-də ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq ünvan 3 yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilərək həmin tarixdə saat 08:15-dən etibarən üzərində şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli şalvarın sol yan cibindən qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 01 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 11,992 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin aşkar edilərək götürülmüşdür. Əməliyyat-tədbirlərinin davamı olaraq Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 25 iyul 2023-cü il tarixdə saat 10:25-də Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanında yerləşən evinə özünün razılığı və iştirakı ilə baxış keçirilən zaman qanunsuz olaraq əldə edib evdə gizlətməklə saxladığı İran İslam Respublikası vətəndaşı «Sahib» adlı şəxs və qeyrilərinin göndərdiyi 18 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 933,0 qram, 937,4 qram, 928,8 qram, 675,2 qram, 950,7 qram, 938,4 qram, 929,3 qram, 956,3 qram, 929,0 qram, 937,7 qram, 940,4 qram, 937,5 qram, 924,8 qram, 732,4 qram, 925,0 qram 2486,1 qram, 2338,2 qram, 954,2 qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda 19354,4 qram çəkidə eyni tərkibli narkotik vasitə heroin, 04 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 4006,3 qram, 2793,0 qram, 2735,0 qram və 1909,0 qram olmaqla həm öz aralarında, həm də üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminlə eyni tərkibli olan ümumi təmiz çəkisi külli miqdarda 11443,3 qram çəkidə psixotrop maddə metamfetamin və 01 ədəd bağlamada ümumi təmiz çəkisi külli miqdarda 5050 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana evin qonaq otağının sol tərəfində yerləşən kreslonun arxa hissəsindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bildiyini qeyd etsə də ifadəsində göstərdi ki, o, bir ilə yaxındır ki, “nəşə” və “kola” adı ilə tanıdığı narkotik vasitələrdən istifadə edir. O, tutulmamışdan bir müddət əvvəl polis əməkdaşları onun qardaşını tutmuş, bu zaman o, polis əməkdaşlarının avtomobilinin təkərini bıçaqla deşmiş, buna görə də polis əməkdaşları onun bu əməli ilə bağlı bir neçə gün sonra evinə gəlib onu da tutmuşlar. Qardaşı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tutulmuş, onun özünün də əvvəllər narkotik vasitələrlə bağlı məhkumluqları olmuşdur. Polis əməkdaşları onu tutub Baş İdarəyə aparmış, idarədə ondan başqa daha 2 nəfər də olmuş, polislər həmin şəxslərdən aşkar olunmuş narkotik vasitələri götürüb onun evinə yerləşdirmişlər. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, BNMİ-nin əməkdaşlarının avtomobilinin təkərini öz evlərinin qarşısında bıçaqla deşmiş, onlar qardaşını evdən tutub aparmışlar. Belə ki, onun qardaşı da narkotik vasitələrin istifadəçisidir. O, həmin evdə ailə üzvləri ilə yaşayır. Onun uşaqlarının 10 və 13 yaşları var. O, mətbuat işçisi olmuş, “Ədalət və qanun” qəzetinin təsisçisidir, həmin qəzet 7-8 il fəaliyyət göstərmiş, lakin sonradan faəliyyəti dayandırılmışdır. O, həbs olunmamışdan əvvəl taksi sürücüsü kimi fəaliyyət göstərmiş, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Tutulduğu gün o, evdə olmuş, həmin zaman evdə usta işləmiş, mətbəxdə kafel işləri görmüşdür. Polis əməkdaşları evə gələn zaman ustanı görməmiş, onu götürüb getmişlər. Yay ayları olduğu üçün usta gecə saatlarında işləmişdir. O, evdə olan zaman həyətdə quraşdırılmış kameradan polis əməkdaşlarının evə girdiyini görmüş, polis əməkdaşları onu evdən tutub İdarəyə aparmışlar. İdarədə ondan başqa daha 2 nəfər olmuş, həmin şəxslərdən 3 bağlamada, 100 kiloqramdan artıq narkotik vasitə çıxmış, polis əməkdaşları qeyd olunan şəxslərdən aşkar olunmuş bağlamaları onun cibinə və mənzilinə yerləşdirmişlər. Tutulan zaman onun nə üzərində, nə də mənzilində heç bir narkotik vasitə olmamış, polis əməkdaşları çəkilişdən əvvəl bir bağlamanı onun cibinə yerləşdirib, onu uşaqları ilə təhdid etmişlər. O da məcbur qalıb həmin narkotik vasitənin ona məxsus olduğunu bildirmişdir. Polis əməkdaşları onu döyməmiş, ona heç bir fiziki təyiq olmamışdır. Üzərindən aşkar olunan narkotik vasitəni polis əməkdaşları onun cibinə qoymuş, o, həmin əməkdaşın adını bilmir. O, narkotik vasitələrin istifadəçisi olaraq, həmin maddələrin qramını 30 manata almışdır. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq həmçinin bildirmişdir ki, onun yaşadığı ev 3 otaqdan ibarətdir. Polis əməkdaşları gələn vaxt usta hamamda olmuş, ustanın adının Ramid olduğunu bilir, lakin onun harada yaşadığını, əlaqə vasitələrini bilmir. Ramid adlı usta onun polislər tərəfindən aparılmağını görmüşdür. Polis əməkdaşları onu aparan zaman usta həyətdə olmuş, ailə üzvləri də evdə olmuşlar.Onu idarəyə apardıqdan sonra onun üzərinə baxış keçirmişlər. O, narkotik vasitələrdən istifadə etdiyi üçün özünü qismən təqsirli bilir. O, tutulan zaman nə üzərində, nə də evində narkotik vasitə olmamışdır. Evdə quraşdırılmış kameranı da polis əməkdaşları söküb aparmışlar. O, istintaq zamanı ona qarşı hər hansı qanunsuz hərəkətin edilməsi ilə bağlı heç kimə iradını bildirməmiş, heç bir orqana şikayət etməmişdir. O, bir dəfə narkotik vasitələrin satışı ilə məşğul olmuş, ona görə də məhkum olunmuşdur.Onun heç bir İran vətəndaşı ilə əlaqəsi olmamış, o, Sahil və ya Sahib adlı şəxsi tanımır. Eyni zamanda təqsirləndirilən şəxs məhkəmə iclasında Şahid1 dindirilən zaman ona verilən çarpaz suala cavab olaraq, polis əməkdaşlarının onu məhəllənin başında tutduqlarını, onun evinə narkotik vasitəni kimin yerləşdirdiyini bilmədiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq külli miqdarda heroin və marixuana narkotik vasitəsini, habelə metamfetamin psixotrop maddəsini əldə etməsi, üzərində gəzdirməsi, daşıması və saxlaması, yəni Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, 24 iyul 2023-cü il tarixdə Ramid adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat əsasında əməliyyat qrupu yaradılmış, xx.xx.2023-cü il tarixdə Sabunçu rayonu, Sabunçu qəsəbəsi, D.Kişvəri küçəsi ev 21Z ünvanın yaxınlığında Ramid adlı şəxsə yaxınlaşaraq, özlərini təqdim edib onu DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Baş İdarədə xidməti otaqların birində üzərinə baxış keçirilmiş və onun üzərindən metamfetaminə bənzər maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddəni İran İslam Respublikasının vətəndaşı Sahib adlı şəxsdən öz istifadəsi üçün əldə etdiyini bildirmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs evində də narkotik vasitə və psixotrop maddə olduğunu bildirmiş, baxış zamanı təqsirləndirilən şəxsin evinin qonaq otağının sol tərəfində kreslonun arxa hissəsindən 1 ədəd ağ rəngli kisəni təqdim etmiş, kisənin içindən təxminən 5 kiloqram marixuana, 19 kiloqrama yaxın heroin və metamfetamin aşkar olunmuşdur. Təqsirləndirilən şəxs evindən aşkar olunan maddələri də İran vətəndaşı Sahib adlı şəxsdən götürdüyünü, 4000 manat məbləğində pul müqabilində Sahibin dediyi yerlərə yerləşdirəcəyini bildirmişdir. Şahid1 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanın yaxınlığında saxlamış, ona yaxınlaşaraq özlərini təqdim edərək Baş İdarəyə dəvət etmişlər, bu zaman təqsirləndirilən heç nəyə etiraz etməmiş, səmimiyət göstərmişdir. Əməliyyatda Şahid2, Şahid3 və o iştirak etmişdir. Onlar Ramidi küçədə saxlamış, ordan Baş Narkotiklərlə Mübarizə idarəsinə aparıb, üzərində şəxsi axtarış keçirilmiş, daha sonra evinə baxış keçirmək üçün getmişlər. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş mobil telefon istintaqa təhvil verilmiş, həmçinin üzərindən aşkar olunan bank kartları ilə bağlı Təqsirləndirilən şəxs bildirmişdir ki, narkotik vasitələrin satışı ilə bağlı pullar həmin kartlara köçürülür. Təsirləndirilən şəxsin evində kamera olmamış, onlar evdən hər hansı kamera və ya yaddaş qurğusu götürməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, o da ibtidai istintaq zamanı digər şahidlər Şahid1 və Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş: - «şəxsi axtarış və götürmə aparılması haqqında» 25 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və ya maddə varsa təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən 1 ədəd sarı rəngli sellofan bükümü, 1 ədəd yaşadığı evin açarını, sağ yan cibindən 1 ədəd içərisində ***-***-**-** nömrə olan «Honor» markalı, 1 ədəd içərisində ***-***-**-** nömrə olan «Samsung» markalı mobil telefonlarını, 15 manat pulu, 1 ədəd sürücülük vəsiqəsini, 1 ədəd üzərində **********411891 rəqəmləri əks olunmuş «Leo Bank»a məxsus bank kartını, 1 ədəd üzərində **********221798 rəqəmləri əks olunmuş «Beynəlxalq Bank»a məxsus bank kartını, üzərində **********773395 və **********640301 rəqəmləri əks olunmuş 2 ədəd «Kapital Bank»a məxsus bank kartlarını təqdim edərək masanın üzərinə qoymuşdur. Tədqiq olunan həmin protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi sarı rəngli sellofan bükümün içərisinə baxış keçirilmiş, baxış zamanı həmin bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər maddə olduğu aşkar edilmiş, həmin büküm elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Tədqiq olunan protokoldan həmçinin görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümün içərisindəki maddənin «patı» adı ilə tanıdığı psixotrop maddə metamfetamin olduğunu, öz istifadəsi üçün üzərində saxladığını, həmin maddəni həmin gün səhərə yaxın saatlarda Bakı şəhəri Binəqədi rayonu ərazisində «Sahil» adlı İİR-nın vətəndaşı vasitəsi ilə əldə etdiyini, həmin şəxsi 1 ilə yaxındır ki tanıdığını, onun nömrəsinin telefonunda da qeyd edildiyini, yaşadığı Sabunçu rayonunda yerləşən evində də narkotik tərkibli maddələrin qalan hissəsini saxladığını, həmin evə baxış keçirilməsinə etirazının olmadığını, bundan öncə də ona narkotik vasitə göndərildiyini, əvvəlki göndərilən maddələri ona deyilən yerə qoyduğunu, ona deyilən yerlərə evində olan maddələri qoymaqla ümumilikdə hər iki əməli üçün 4000 manat pul əldə etməli olduğunu, bundan əvvəl 1 dəfə ona deyilən yerdən narkotik maddəni götürməklə başqa yerə qoymasını, özünün 1 ilə yaxındır ki, narkotik vasitə istifadəçisi olmasını, bu əməlindən heç kimin məlumatının olmamasını, saxlanılan zaman və baş idarədə olan zaman onun üzərinə əvvəlcədən baxış keçirilmədiyini, ona qarşı heç bir zor tətbiq edilmədiyini bildirmişdir. (cild İ, i/v: 28-30). Cinayət işinin materiallarına əlavə edilmiş DVD diskdə əks olunmuş video görüntülər məhkəmə iclasında nümayiş etdirilməklə bilavasitə tədqiq edilmiş və müəyyən edilmişdir ki, həmin video görüntülər «şəxsi axtarış və götürmə aparılması haqqında» 25 iyul 2023cü il tarixli protokolun məzmununa uyğundur. - «Telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında» 17 avqust 2023-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən alınmış 14 avqust 2023-cü il tarixli 17626 saylı məktubla daxil olmuş 01 ədəd CD diskə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs məxsus ***-***-**-** mobil telefon nömrəsi ilə müxtəlif nömrələr arasında cinayət işi üzrə sübut əhəmiyyyəti kəsb edən aşağıdakı məzmunda SMS yazışmaları aşkar edilmişdir: xx/xx/2022,23:49:13,**********84,**********97,Ramid agridan dogranam niye acmrsan xx/xx/2022,13:38:25,**********34,**********97,Heci cox sagol sozumu yere salmadin ama azda olsaydi qebuluydu gerey limon duzu qatmiyaydin cunki sene dedim emimdi temiz mal ver valah heci 05 de deyild xx/xx/2022,23:21:31,**********97,**********09, A ac yekə kişisən o balaxanıdaki uşağların nömrəsin ver bərk ağrıyıram xx/xx/2022,19:58:51,**********97,**********04, 1 gram bitənən sonra öz 3 badam 1 gozmuda sənə yeridəçəm onda pridoz gedəsən xx/xx/2022,01:52:14,**********97,**********03, sən məni sigaretsiz öldürdün mən səni lomkadan öldürəçəm cox sagol xx/xx/2022,19:21:17,**********11,**********97, Qaqa men 20 manati duzeltmiwem bawiva donerem atim karrta gelim ora men olum bidene alindirde gucnen tapdim ograwdi yalan deyen xx/xx/2023,23:34:11,**********66,**********97, Das qoymasan mene gelde 10 alacam senen yolpulu xx/xx/2023,13:11:55,**********66,**********97, 55 atim yarini duzqos elede (cild İ, i/v: 140) - Məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 iyul 2023-cü il tarixli 3-16-16/2-6/4004 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 7”-li dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 bükümdə metamfetaminə bənzər kütlə... Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 11,992 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №7”li dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş kütlələr... Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan kisədəki - 18 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 933,0 qram, 937,4 qram, 928,8 qram, 675,2 qram, 950,7 qram, 938,4 qram, 929,3 qram, 956,3 qram, 929,0 qram, 937,7 qram, 940,4 qram, 937,5 qram, 924,8 qram, 732,4 qram, 925,0 qram 2486,1 qram, 2338,2 qram, 954,2 qram ümumi təmiz çəkisi 19354,4 qram (19 kq 354,4 qr) qəhvəyi rəngli tozşəkilli maddə kütlələri kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, - 4 (dörd) ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 4006,3 qram, 2793,0 qram, 2735,0 qram, 1909,0 qram, ümumi təmiz çəkisi 11443,3 qram (11 kq 443,3 qr) ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Vət. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evindən aşkar edilərək götürülmüş metamfetaminin ümumi təmiz çəkisi 11455,292 qram (11 kq 455,292 qr) təşkil edir və həmin metamfetamin kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: 1) üzərindən aşkar edilmiş metamfetaminin təmiz çəkisi: 11,992 qr, tədqiqata sərf edildi - 0,1 qr, qalıq - 11,892 qr. 2) evindən aşkar edilmiş heroinin ümumi təmiz çəkisi: 19354,4 qr, tədqiqata sərf edildi - 0,54 (hər maddədən 0,03 qr), qalıq: 19353,86 qr 3) evindən aşkar edilmiş metamfetaminin ümumi təmiz çəkisi: 11443,3 qr, tədqiqata sərf edildi: ümumi 0,4 qr, (hər maddədən 0,1 qr) qalıq: 11442,9 qr. (cild İ, i/v: 49-55) - Məhkəmə-bioloji ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 iyul 2023-cü il tarixli 3-16-16/2-7/1074 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdən...” yazıları və imzalar olan ağ rəngli sintetik torbadakı 01 (bir) ədəd polietilen bağlamada təmiz çəkisi - 5050 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuana bir ədəd bağlamada olduğu üçün müqayisəli tədqiqat aparılmadı. Qeyd: 1) marixuananın təmiz çəkisi - 5050 qram, tədqiqata istifadə olundu - 0,2 qram, qalıq - 5049,8 qram. (cild İ, i/v: 56-59) - Məhkəmə-narkoloji ekspertizasının 18 sentyabr 2023-cü il tarixli 5976 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin, kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild İ, i/v: 169-170) - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli 5(008)- 691/2023 nömrəli qərarı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 “təxirəsalınmaz əməliyyat keçirilməsinə dair” 24 iyul 2023-cü il tarixli qərarı qanunauyğun hesab edilmişdir. (cild İ, i/v: 143) - «Maddi sübut hesab edilməsi haqqında» 28 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 11454,792 qram çəkidə olan psixotrop maddə metamfetamin, qalıq çəkisi 19353,86 qram çəkidə olan narkotik vasitə heroin və qalıq çəkisi 5049,8 qram çəkidə olan narkotik vasitə qurudulmuş marixuana maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanması üçün Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilmişdir. (cild İ, i/v: 118-119) - Həmçinin cinayət işinin materiallarında olan istintaq orqanının «cinayət işi üzrə sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında» 19 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin və yaşadığı mənzilə baxış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntülərin olduğu 02 ədəd DVD formatlı disk və "xxxx" MMC-dən alınmış 01 ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. (cild İ, i/v: 171- 183) Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.4.1 və 234.4.3-cü maddələri üzrə təqsirli olması özünün qismən etirafedici ifadələri, iş üzrə dindirilmiş şahidlərin ifadələri, habelə məhkəmədə tədqiq edilən aparılmış istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri, maddi sübutlar və digər sübut növləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə bu nəticəyə gəlməklə yanaşı təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsində qeyd olunan xüsusatların hər birinə ayrı-ayrılıqda qiymət verilməsini zəruri hesab edir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadəsində özünü qismən təqsirli bilib, üzərində və mənzilində heç bir narkotik vasitənin olmadığını, o, tutulmamışdan əvvəl qardaşının həbs olunduğunu, polis əməkdaşları onun qardaşını aparmasın deyə o, polis əməkdaşlarının avtomobilinin təkərini bıçaqla deşdiyini, buna görə də polis əməkdaşlarının ondan acıq çıxmaq məqsədi ilə onu tutduqlarını, ona məxsus olmayan bükümü cibinə, həmçinin bağlamaları evinə yerləşdirərək sonradan videoçəkiliş apardıqlarını demişdir. Məhkəmə əvvəlcə qeyd edir ki, təqsirləndirilən şəxs öz ifadəsində polis əməkdaşları onu saxlayan zaman evdə olduğunu, həmin zaman ailə üzvlərinin də evdə olduğunu, həmçinin mətbəxdə Ramid adlı ustanın işlədiyini, qeyd olunan şəxslərin onun hansı qaydada tutulmasını gördüklərini bildirsə də, müdafiə tərəfi adı çəkilən şəxslərin şahid qismində məhkəmə iclasında dindirilməsi ilə bağlı heç bir vəsatətlə məhkəməyə müraciət etməmiş, Ramid adlı şəxsin anket məlumatları və əlaqə vasitələri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin polis əməkdaşlarının onu evindən tutub İdarəyə aparması və sonradan cibinə və mənzilinə narkotik vasitə yerləşdirmələri ilə bağlı ifadəsinə əsasən həmçinin qeyd edir ki, təqsirləndirilən şəxs sərbəst ifadə verdikdən bir müddət sonra məhkəmə iclasında Şahid1 dindirilən zaman ona verilən çarpaz suala cavab olaraq, polis əməkdaşlarının onu məhəllənin başında tutduqlarını, onun evinə narkotik vasitəni kimin yerləşdirdiyini bilmədiyini qeyd etmişdir. Bundan başqa, təqsirləndirilən şəxs öz ifadəsində narkotik vasitələrin istifadəçisi olduğunu, lakin heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirsə də, cinayət işinin materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, o, 2012-ci ildə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmuşdur. Eyni zamanda təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində polis əməkdaşlarının ona heç bir fiziki təzyiq göstərmədiyini bildirmiş, belə olan halda özünün ifadəsində qeyd etdiyi kimi hansı səbəbdən polis əməkdaşlarının onun cibinə və mənzilinə narkotik vasitələr yerləşdirməsi ilə razılaşması və ibtidai istintaq zamanı etirafedici ifadələr verməsi məhkəmə üçün anlaşılmaz qalır. Təqsirləndirilən şəxs ifadəsində polis əməkdaşlarının ona psixoloji təzyiq göstərdiklərini, onu uşaqları ilə təhdid etdiklərini bildirsə də, həmin təhdidin konkret olaraq nədən ibarət olmasını göstərməmiş, həmçinin məhkəməyədək icraat dövründə polis əməkdaşları tərəfindən qanunsuz davranışlara məruz qalması ilə bağlı heç bir orqana şikayət etməmişdir. Yuxarıda qeyd olunanları, o cümlədən təqsirləndirilən şəxsin övladlarının azyaşlı olmalarını da nəzərə almaqla (başqa sözlə, azyaşlı uşaqların həbs olunması ilə bağlı polis əməkdaşlarının onu təhdid etməsi ağlabatan deyil) məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması ilə bağlı ifadəsi əsassızdır və öz təsdiqini tapmamışdır. Məhkəmə əlavə olaraq qeyd edir ki, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində cinayətin törədilməsi üsulu və mexanizmini geniş izah etmiş, narkotik vasitələri əldə etmə yeri, vaxtı və mənbəsi barədə məntiqi ardıcıllığı olan ifadə vermiş, lakin sonradan məhkəmə iclasında ifadəsini dəyişərək bağlamaların ona ona məxsus olmamasına dair bir-birinə zidd ifadələr vermişdir. Bundan əlavə, məhkəmə istintaqı zamanı tədqiq olunan sms yazışmalarından da görünür ki, müxtəlif şəxslər Təqsirləndirilən şəxs pul göndərməyi təklif edərək müqabilində narkotik vasitə tələb etmələri, habelə aldıqları narkotik vasitənin keyfiyyəti ilə bağlı narazılıqlar ifadə edən smslər yazmışdır. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsinə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadələr yuxarıda qeyd olunanlar da nəzərə alınaraq qeyri-səmimi və özünü müdafiə xarakteri daşımaqla, məsuliyyətdən yayınmaq və ya əməlinin daha yüngül maddəyə tövsif edilməsinə nail olmaq məqsədi güdmüşdür. Buna görə də məhkəmə təqsirləndirilən şəxsin həmin ifadəsinə tənqidi yanaşır və inandırıcı hesab etmir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin və metamfetamin psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram, marixuana narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdar daxil olmaqla aşağı həddi 500 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş narkotik vasitə heroinin ümumi təmiz çəkisi 19 kiloqramdan, marixuananın ümumi təmiz çəkisi 5 kiloqramdan, metamfetamin psixotrop maddəsinin ümumi təmiz çəkisi ilə 11 kiloqramdan artıq olmaqlaq «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş heroin və marixuana narkotik vasitəsinin miqdarı külli miqdar həddindən dəfələrlə artıq miqdarda olmuşdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Həmin Plenum qərarının 22-ci bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 240-cı maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olubolmamasını müəyyən edərkən məhkəmələr maddələrin güclü təsir edən və ya zəhərli olub-olmamasını, avadanlığın belə maddələr hazırlamaq, emal etmək üçün nəzərdə tutulub-tutulmadığını araşdırmalıdırlar. Bunlara dair nəticə müvafiq ekspert rəyinə əsaslanmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.11.-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəlcədən İran İslam Respublikasının vətəndaşı ilə əlaqə saxlamaqla ona göndərilmiş ünvandan qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və marixuananı, habelə psixotrop maddə metamfetamini əldə edərək daşıması, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı mobil əlaqələri, qeyd olunan məzmunda kifayət qədər aydın sms yazışmaları, təqsirləndirilən şəxsin həmin narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə etməsinə, saxlamasına və daşımasına dəlalət edir. Azərbaycan Respublikası CM-nin 31-ci maddəsinə əsasən «İki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılıq sayılır». Qanunun qeyd olunan normasında iştirakçılığa verilən anlayış özündə üç əlaməti – cinayətin edilməsində iki və ya daha artıq şəxsin iştirakını, cinayətin edilməsində iki və ya daha artıq şəxsin birgə iştirakını və onların qəsdən törədilən cinayətdə qəsdən birgə iştirakını ehtiva edir. Hər hansı cinayət əməli baş verən zaman hər üç əlamət ardıcıl qaydada mövcud olduğu təqdirdə şəxsin əməli cinayətdə iştirakçılığın növü və ya forması baxımından tövsif edilə bilər. Cinayətin iştirakçılığının birinici və ikinci əlamətinə görə cinayətdə iştirakçılıqda ən azı iki nəfər olmalıdır və həmin şəxslərin hərəkətləri «birgə» olmalıdır. Cinayətin birgə edilməsi anlayışı özündə üç tərkib ünsürünü – cinayətin hər bir iştirakçısının hərəkəti digər iştirakçının edəcəyi hərəkətə kömək etməsini; bütün iştirakçıların hərəkəti vahid nəticəyə doğru istiqamətlənməsini; iştirakçıların hər birinin hərəkəti ilə baş verən ictimai təhlükəli nəticə arasında səbəbli əlaqə olmasını ehtiva edir. Cinayətdə iştirakçılığın sonuncu əlaməti – cinayətin qəsdən törədilməsinə yönələn qəsdən birgə fəaliyyətdə ifadə olunur. Məhkəmə təqsirləndirilən şəxsin qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət törətməsi ilə bağlı ittihamla əlaqədar qeyd edir ki, təqsirləndirilən şəxsin narkotik vasitəni İran İslam Respublikasının vətəndaşı ilə əvvəlcədən razılaşmaqla və onun vasitəsi ilə əldə etməsi, götürdüyü narkotik vasitələrin Azərbaycan Respublikasının ərazisində satışını həyata keçirməsi, başqa sözlə onların hər ikisinin hərəkətinin ortaq nəticəyə yönəlməsi onların cinayəti qabaqcadan əlbir olan bir qrup şəxs halında törətmələrinə dəlalət edir. Buna görə də, təqsirləndirilən şəxsin əməli istintaq orqanı tərəfindən düzgün olaraq iştirakçılığa, yəni qabaqcadan əlbir olan bir qrup şəxs əlamətinə görə tövsif olunmuşdur. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq külli miqdarda heroin və marixuana narkotik vasitəsini, metamfetamin psixotrop maddəsini alıb əldə etməklə, daşımaqla və saxlamaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuş, həmin məhkumluqları ödənilmiş, o, sonuncu dəfə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(008)-416/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 7 (yeddi) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. (cild İ, i/v: 148-150; 164-168) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə təqsirli bilindiyi cinayət əməllərini törədərkən Bakı şəhəri Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(008)-416/2021 nömrəli hökmü ilə təqsirli bilindiyi az ağır cinayət əməlini törətməyə görə üzərində yaranmış məhkumluğu ödənilməmişdir. Beləliklə, məhkəmə yuxarıda şərh olunanları əsas götürərərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli cinayətlərin residivi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Belə ki, müdafiə tərəfinin təqdim etdiyi şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 25 avqust 2010-cu il təvəllüdlü X3 adlı və 15 dekabr 2014-cü il təvəllüdlü X2 adlı iki azyaşlı övladı var. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, sosial ədalətin bərpası və təqsirləndirilən şəxsin islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3cü maddələrinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi nəzərdə tutulmuşdur. Yuxarıda şərh edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 25 iyul 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs 25 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş (cild İ, i/v: 19), Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli qərarı ilə barəsində «həbs» qismində qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 25 iyul 2023-cü il tarixdən hesablanmışdır (cild İ, i/v: 108-113). Bundan sonra məhkəmə hökmü çıxarılanadək təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 25 iyul 2023-cü il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası CPM-nin 90 və 90.1.2-ci maddələrinin tələbinə görə cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxs şübhəli şəxs hesab edilir. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanır. Həmin Məcəllənin 158.2 və 158.2.1, 158.2.2-ci maddəsinin tələbinə görə isə təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan ambulator məcburi-narkoloji yoxlama üzrə 18 sentyabr 2023-cü il tarixli, 5976 nömrəli rəy əsas götürülməli, narkoloji müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin, kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunması və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması nəzərə alınmalı və barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməli, həmçinin tibbi rəyin tövsiyələrinə uyğun olaraq o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut qismində tanınaraq Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən və mənzilindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 11454,792 qram təşkil edən psixotrop maddə metamfetamin, qalıq çəkisi 19353,86 qram təşkil edən narkotik vasitə heroin və qalıq çəkisi 5049,8 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinin və mənzilində baxış və götürmə aparılmasının videogörüntülərini özündə əks etdirən 02 ədəd DVD disk, habelə "xxxx" MMC-dən daxil olmuş 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə məhkəmə məsrəfləri olaraq 192 (bir yüz doxsan iki) manat məbləğində ekspertiza xərci müəyyən edilmişdir ki, qeyd olunan həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi 55 (əlli beş) saat hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi 330 (üç yüz otuz) manat məbləğində pul ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 25 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin. O, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – AR DİN-nin BMCMİ-nin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən və mənzilindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 11454,792 qram psixotrop maddə metamfetamin, 19353,86 qram narkotik vasitə heroin və 5049,8 qram qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, 02 ədəd DVD, 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 192 (yüz doxsan iki) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi 330 (üç yüz otuz) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Səbinə Məmmədzadə Hakimlər Əli Məmmədov Azad Məcidov
Məhkəmə qərarları › İş №1(101)-882/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-882/2024
14.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver