Məhkəmə qərarları › İş №1(101)-883/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-883/2021

14.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-883/2021 14.06.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Məmmədov Əli İrfan oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1 və X2, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Bakı şəhəri 14 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 oğlunun iştirakları ilə, xx xxxx 1983-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 1 azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq küllü miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib üzərində saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 05 noyabr 2020-ci il tarixdə Sumqayıt şəhərində istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısı”na daxil olan 9,825 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə - heroini və bir ədəd şəffaf sellofana bükülmüş 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısı”na daxil olan 0,242 qram çəkidə psixotrop maddə - metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq Abşeron rayonu, Saray qəsəbəsində daşımış, 05 noyabr 2020-ci il tarixdə saat 23:15 radələrində Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həmin qəsəbənin ərazisində saxlanılaraq Abşeron Rayon Polis İdarəsinə gətirilib, idarənin inzibati binasında üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan boz rəngli şalvarının ön sol hissəsində kəmərin altına yerləşdirdiyi göy rəngli siqaret qutusunun içərisindən həmin bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş 9,825 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd şəffaf sellofana bükülmüş 0,242 qram çəkidə olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü qismən, yəni CM-nin 234.1-ci maddə ilə təqsirli bilərək, ifadəsində göstərdi ki, o, təxminən 10 il olar ki, narkotik vasitələrin istifadəçisidir. Özü narkomaniya xəstəliyindən əziyyət çəkir. Gündəlik 0,5 qram narkotik vasitə olan heroin və ya metamfetamin istifadə etmişdir. Narkotik vasitələrdən istifadə etmədikdə ağrıları olmuşdur. O, dəfələrlə narkotik vasitələrdən istifadəni dayandırmaq istəsə də buna nail ola bilməmişdir. 05 noyabr 2020-ci il tarixdə onun yenə ağrıları olduğu üçün narkotik vasitələrdən istifadə etmək qərarına gəlmişdir. Bunun üçün o, Sumqayıt şəhərinə getmiş və orada tanımadığı bir nəfər şəxsdən 25 manat pul müqabilində narkotik vasitə olan heroin və metamfetamin almışdır. Bundan sonra aldığı həmin narkotik vasitələri istifadə elədiyi göy rəngli siqaretin qutusuna qoymuş və əynindəki boz rəngli cins şalvarın ön sol tərəfində kəmərin altında gizlətmişdir. Bundan sonra o, evə qayıtmaq istəyən zaman Abşeron rayonu, Saray qəsəbəsi ərazisində qəbiristanlığın yanında taksi gözləyərkən axşam saat 21:00 dəqiqəni keçdiyi və komendant saatı artıq başladığı üçün onu post-patrul xidməti əməkdaşları saxlamış və Abşeron Rayon Polis İdarəsinə aparmışlar. Abşeron RPİ-də xidməti otaqların birində onun üzərinə müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Ona hüquqları izah edildikdən sonra üzərində qanunla qadağan olunan əşya və ya predmetin olub-olmadığı soruşulmuşdur. O, bu zaman əynində olan boz rəngli cins şalvarının kəmərinin altında gizlətdiyi göy rəngli siqaretin qutusunu çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin siqaretin qutusunun içərisinə videoçəkiliş ilə baxış keçirilən zaman oradan Sumqayıt şəhərindən aldığı siqaretin gümüşü kağıza bükülmüş metamfetamin və şəffaf sellofana bükülmüş heroin polis əməkdaşları tərəfindən aşkar edilərək zərfə qoyulub götürülmüş və möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş, eyni zamanda protokol iştirakçılar tərəfindən imzalanmışdır. O, narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini öz şəxsi istifadəsi üçün almışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Abşeron Rayon Polis İdarəsinnin post-patrul xidməti bölməsinin polis nəfəri vəzifəsində işləyir. 05 noyabr 2020-ci il tarixdə axşam vaxtı Abşeron rayonu, Saray qəsəbəsində iş yoldaşı Şahid1 ilə birlikdə ərazidə patrul avtomobili ilə xidmət apararkən təxminən saat 23:00 radələrində bir nəfər şəxsin Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yolun kənarında dayandığını görüb həmin şəxsə yaxınlaşaraq, özlərini təqdim etmişlər. Həmin şəxsin COVİD-19 pandemiyası ilə əlaqədar tətbiq edilən komendant saatı ilə bağlı sərbəst hərəkətinə icazəsinin olub-olmadığını soruşduqdan sonra həmin şəxsin icazəsinin olmadığı məlum olmuşdur. Bu səbəbdən həmin şəxsi protokol tərtib edilməsi üçün Abşeron Rayon Polis İdarəsinə dəvət etmişlər. Abşeron Rayon Polis İdarəsində həmin şəxsin Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 22 a, mənzil 31 ünvanında qeydiyyatda olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yaşayan, xx.xx.1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs özünü şübhəli apardığından Abşeron Rayon Polis İdarəsinin təhqiqatçısı, polis kapitanı Rövşən Şahkərəmov müdafiəçinin və onların iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya və ya predmet varsa təqdim etməsi xahiş edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın kəmərinin ön sol tərəfinin alt hissəsindən göy rəngli siqaretin qutusunu çıxararaq təqdim etmişdir. Həmin göy rəngli siqaret qutusunun içərisində iki büküm olmuşdur. Bir büküm siqaretin gümüşü rəngli kağızına bükülmüşdür. Digər büküm isə şəffaf rəngli sellofana bükülmüşdür. Siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümdə ağ rəngli kristallara bənzər maddə kütləsi olmuşdur. Təqsirləndirilən şəxs həmin kütlənin psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Digər şəffaf rəngli sellofana bükülmüş bükümdə isə narkotik maddə heroinə bənzər maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin isə narkotik maddə heroin olduğunu bildirmiş və həmin maddələri Sumqayıt şəhərində tanımadığı şəxsdən aldığını qeyd etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümlər onların iştirakı ilə təhqiqatçı tərəfindən zərfə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib edilmişdir. Protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşı Şahid1 eyni məzmunlu ifadə verərək Şahid2 göstərdiyi xüsusatları tam təsdiq etdi. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə tədqiq olunan ifadəsində Abşeron RPİ-nin Narkotiklərlə Mübarizə qrupunun baş əməlivvat müvəkkili, polis mayoru Şahid3 göstərmişdir ki, 20.06.83-cü il təvəllüdlü, ünvan 3 ünvanında qeydiyyatda olan ünvan 4da yaşayan Təqsirləndirilən şəxs narkotik və psixotrop maddələrin satışı ilə məşğul olması barədə bir neçə dəfə ona əməliyyat məlumatları daxil olmuşdur. Təqsirləndirilən şəxs barəsində Abşeron RPİ-nin İstintaq şöbəsində istintaqı aparılan ********* saylı cinayət işi üzrə verilmiş əməliyyat tapşırığı ilə bağlı keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Qəzənlər oğlunun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması öz təsdiqini tapmış, lakin Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri satdığı şəxslərin dairəsini, eləcə də narkotik vasitələri və psixotrop maddələri Təqsirləndirilən şəxs satan şəxsin şəxsiyyətini, kimliyini və yeri keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən etməsi mümkün olmamışdır (cild 1, iş vərəqi 129a-129b). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 06.11.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş video diskin məzmunundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Qəzənlər oğlunun üzərinə şəxsi axtarış keçirilmiş, onun əynində olan boz rəngli şalvarının qabaq hissəsində sol tərəfdə qarnının şalvarla birləşdiyi yerdən göy rəngli siqaret qutusunun içərisində olan siqaret kağızına bükülmüş bir büküm metamfetaminə bənzər və şəffaf sellefona və üstündən bir də sarımtıl sellofana bükülmüş heroinə bənzər maddə aşkar edilərək götütürlmüşdür (cild 1, iş vərəqi 23-25). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş diskə baxış keçirlməsi barədə 07.11.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxış keçirilən zaman əynində olan boz rəngli şalvarının kəmərinin ön sol hissəsinin alt hissəsində gizlətdiyi göy rəngli siqaret qutusunun içərisində siqaretin gümüşü rəngli kağızına bükülmüş və ağ rəngli sellofana bükülmüş iki bükümü təqdim edərək, həmin bükümlərdən siqaretin gümüşü kağızına bükülmüş olanının içərisində psixotrop maddə olan metamfetaminin, şəffaf rəngli sellofana bükülmüş bükümdə isə heroinin olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər, təhqiqatçı tərəfindən açılıb baxılmış və sonra qablaşdırılaraq müvafiq ekspertizanın keçirilməsi üçün götürülmüşdür (cild 1, iş vərəqi 67-68). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə kimyəvi ekspertizasının 06.11.2020-ci il tarixli, 6/2403 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «... Təqsirləndirilən şəxs üzərindən ..» yazısı olan bir ədəd bükümdə təmiz çəkisi 0,242 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir və bir ədəd bükümdə təmiz çəkisi 9,825 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı l) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı l) daxildir. Aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd) manat təşkil edir (cild 1, iş vərəqi 31-34). İşdə olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 11.01.2021-ci il tarixli, 63 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticəsində aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 139-140). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialı tərəfindən verilmiş 04 fevral 2021-ci il tarixli, **********0 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs filialdan 31.12.2020-ci il tarixədək İİİ qrup ümumi əlil kimi 110 manat müavinət alımışdır (cild 1, iş vərəqi 137). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının 24.11.2020-ci il tarixli, 2319 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. X3 hal-hazırda öz hərəkətlərini ölçüb biçib ona rəhbərlik etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs Qazənfər oğlunda emosional davamsız şəxsiyyət pozuntusu aşkar olunur. Təqsirləndirilən şəxs aşkar edilen şəxsiyyət pozuntusu onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs Qəzənfar oğlunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə özünə və ətrafdakılara qarşı təhlükə kəsb etmir (cild 1, iş vərəqi 131-132). İşdə olan maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan təmiz çəkisi 9,825 qram narkotik vasitə heroin, 0,242 qram çəkidə psixotrop maddə olan metamfetamin maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından qalıq qalmış 9,725 qram heroin və 0,192 qram metamfetamin saxlanılması üçün Abşeron RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir (cild 1, iş vərəqi 87-88). İşdə olan sübutların qiymətləndirilməsi haqqında 16.02.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesinin köçürüldüyü bir ədəd CD disk maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 154-160). İşdə ola cinayət işinin materiallarından digər cinayət işinin ayrılması barədə 16.02.2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işindən külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin əldə edilmə mənbəsi ilə bağlı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayırılmışdır (cild 1, iş vərəqi 162-163). Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (cild 1, iş vərəqi 133). İşdə olan doğum haqqında şəhadətnamənin surətindən, yaşayış yeri və həbsdə saxlama yeri üzrə xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs 11.08.2011-ci il təvəllüdlü Uğur adlı bir övladı var. Ünvanda yaşadığı dövr ərzində Təqsirləndirilən şəxs özünü intizamlı aparmış, birgəyaşayış qaydalarına əməl etmişdir. Bakı İstintaq təcridxanasında saxlandığı müddət ərzində təcridxananın daxili rejim qaydalarına riayət edərək əməkdaşların qanuni tələblərinə əməl etmiş, barəsində tənbeh tədbiri tətbiq eilməmişdir. Onunla bir yerdə saxlanılan şəxslərlə rəftarı qənaətbəxşdir (cild 1, iş vərəqi 145; cild 2, iş vərəqi 39-41). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin və metamfetaminin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni satış məqsədilə deyil, şəxsi istehlakı üçün əldə etməsi barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadələri özünü müdafiə xarakteri daşımaqla ağır cinayət törətməyə cəhd etdiyinə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaq və cəzasını yüngülləşdirmək məqsədi daşıyır və özünün ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Əksinə, məhkəmə yuxarıda şərh olunan bütün sübutları müqayisəli şəkildə təhlil edib onları məcmu halda qiymətləndiriərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs həmin narkotik vasitəni məhz satış məqsədilə əldə edib daşımış və saxlamışdır. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməsi, daşıması və saxlaması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağın olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, cavanlığını, yaşayış yeri və həbsdə saxlanma yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə bütün bunları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməllər ağır cinayət kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 05 noyabr 2020-ci ildə şübhəli şəxs qismində tutulmuş, Abşeron Rayon Məhkəməsinin qərarı ilə barəsində 07 noyabr 2020-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 05 noyabr 2020-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 18, 73-78). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 05 noyabr 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Qeyd edilənlərə və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından qalıq qalmış 9,725 qram heroin və 0,192 qram metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesinin köçürüldüyü bir ədəd CD disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olması barədə məhkəmə-narkoloji ekspertizasının rəyi ilə əlaqədar aşağıdakıları bildirməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 3.2-ci bəndinə əsasən narkomanlıq xəstəliyinə düçar olmuş əlilliyi olan şəxslərə məcburi müalicə tətbiq oluna bilməz. Yuxarıda şərh olunan sübutlardan da görünür ki, Təqsirləndirilən şəxs 05 noyabr 2020-ci il tarixdə tutulmuş, 31.12.2020-ci il tarixədək İİİ qrup əlil hesab edilmiş, o, həbsdə olarkən məhkəmə narkoloji rəy verilmişdir. Onun əlilliyinin ləğv edilməsi və ya əlil olmamasını təsdiq edən hər hansı sənəd iş materiallarında yoxdur. Həmçinin, Təqsirləndirilən şəxs əlilliyi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialı tərəfindən arayış 04 fevral 2021-ci il tarixdə verilsə də, məhkəmə narkoloji ekspert öz rəyində həmin arayışa o verilməmişdən xeyli əvvəl, yəni 11.01.2021-ci il tarixdə istinad etmişdir. Qeyd edilən ziddiyyətləri, habelə məcburi müalicə nəticəsində gələcəkdə baş verə biləcək mümkün fəsadları nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin etməni məqsədəuyğun hesab etmir. Məhkəmə məhkəmə narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 114 (yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 05 noyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - Abşeron Rayon Polis İdarəsində saxlanılan maddi sübutlar, ekspertiza tədqiqatından sonra qalıq qalmış 9,725 qram heroin və 0,192 qram metamfetamin məhv edilsin, bir ədəd CD diski iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 114 (yüz on dörd) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar