Məhkəmə qərarları › İş №1(101)-883/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-883/2022

21.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-883/2022 21.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), İsmayılov Eldar Herov oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, “Pro bono” Vəkil bürosunun vəkili Müdafiəçi oğlunun iştirakları ilə, xx xxxxxx 1981-ci ildə Bakı şəhərində anadan olmuş, orta təhsilli, evli, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin rayon Qaçaq Nəbi küçəsi, ev 103 ünvanında yaşamış, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı toplanmış mötəbər və təkzibolunmaz sübutlarla təqsirləndirilir ondan ötrü ki, o, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmiş, həmçinin satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs 2021-ci ilin aprel ayında yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində 16 ədəd və dibçəklərdə 6 ədəd olmaqla külli miqdarda ümumilikdə 22 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini əkib xüsusi aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə kultivasiya etmiş, bundan başqa satış məqsədi ilə qanunsuz olaraq “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxil edilən ümumi təmiz çəkisi 265 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib yaşadığı evin həyətyanı sahəsinə daşıyaraq orada olan dibçəkdə saxlamış, bu barədə əldə edilmiş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 03 iyul 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı həmin gün saat 14:30-da Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilərkən torpaq sahəsində 16 ədəd, dibçəklərdə 6 ədəd olmaqla külli miqdarda ümumilikdə 22 ədəd təmiz çəkisi 1855 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri və sellofan bağlamada olmaqla bir ədəd dibçəkdə 265 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 237.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, o, narkotik vasitə istifadəçisidir, arabir marixuanadan istifadə edir. O, marixuana çəkərkən çətənə kollarının tumlarını yığmış və 22 kol əkmiş, onlara su verib, mütəmadi qulluq etmişdir. Əvvəlcədən həyətində iki kolu olmuş, onları əkib qurutmuşdur. Həmin o qururdulmuş marixuanalar sarı sellofan torbanın içində olmuş, marixuananın çəkisi 150 qrama yaxın olmuşdur. Onları da çəkmək üçün istifadə etmişdir. Saxlanıldığı gün o, qapını açmış və polis əməkdaşları həyətinə girmişlər. Qapını açan kimi adını bilmədiyi polis əməkdaşı onun qolundan tutmuş və əkdiyi çətənə kollarının yerini deməsini istəmişdir. Polis əməkdaşları həyətinə baxmışlar, o özü polis əməkdaşlaına kolları əkdiyini və arada marixuanadan istifadə etdiyini bildirmişdir. O, kolları satmaq üçün əkmədiyini demişdir. Bundan sonra çətənə kolları polis əməkdaşları tərəfindən torpaqdan köklərindən çıxarılıb sayılmaqla sintetik kisəyə yığılmış, daha sonra o, qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, indiyə qədər cəmi 2 ağac qurutmuşdur. Bir balaca ağac 50 qram olur. Ondan götürülmüş marixuananın düzgün çəkilməmişdir, belə ki, onda 150 qrama yaxın marixuana olmuşdur. O, 1-2 həftədən bir narkotikdən istifadə etmiş, bir dəfəyə neçə qram istifadə etdiyini bilmir. Sonuncu dəfə narkotiki tutulmazdan 3 həftə əvvəl qəbul etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbə sakini Təqsirləndirilən şəxs Buzovna və yaxın qəsəbələrin ərazisində narkotik vasitə olan qurudulmuş marixuananın satışı ilə məşğul olması, həmçinin yaşadığı evin həyətyanı sahəsində çətənə kollarını əkib becərməsi barədə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə əməliyyat məlumat daxil olmuş, Təqsirləndirilən şəxs cinayət başında yaxalanması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında onun tərəfindən 03 iyul 2021-ci il tarixdə qərar qəbul edilmiş, bundan sonra Baş İdarə rəisinin əmri ilə onun, həmkarları Şahid2, Şahid3 və təhiqiqatçı Yusif Yusifovdan ibarət əməliyyat qrupu yaradılaraq qeyd edilən şəxsin ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanılmışdır. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həmin gün yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdə çətənə bitkilərini əkib-becərməsi barədə məlumat olduğundan həmin yerə baxış keçiriləcəyi və çətənə bitkisinin əkilməsi faktı öz təsdiqini tapacağı təqdirdə rəy verməsi üçün əvvəlcədən təhqiqatçı tərəfindən aqronommütəxəssis X3 dəvət edilmişdir. 03 iyul 2021-ci il tarixdə saat 14:25 radələrində onlar tərəfindən Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə getmişlər. Orada Təqsirləndirilən şəxs iştirakı ilə videoçəkiliş aparılmaqla baxış keçirilməyə başlanılmış, baxış keçirilməsi evin həyətinin giriş qapısından içəri hissədə başlanılmış, ilk olaraq Təqsirləndirilən şəxs üzərində, yaşadığı evdə və həyətyanı sahədə narkotik vasitələrin, psixotrop maddələrin, həmçinin həyətyanı sahəsində çətənə bitkisini əkibəkməməsi soruşulmuş, öz növbəsində Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmadığını, lakin həyətyanı sahədə çətənə bitkisini əkdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs həyətdəki həmin sahəni göstərməsini təklif etmişlər, sonuncu da etiraz etməyərək həyətə giriş qapısından daxil olduqda qarşı tərəfə doğru getdikdə sağ istiqamətdə evin yan tərəfində dibçəklərdə olan bitkiləri və evin arxa tərəfində yerləşən 1,5x2 metr ölçülərdə olan sellofanla örtülmüş sahədə olan bitkiləri göstərib həmin bitkilərin narkotik tərkibli çətənə kolları olduğunu bildirmişdir. Bundan sonra baxışda iştirak üçün dəvət olunmuş mütəxəssis Mərdan Tağıyev ilk olaraq sahədə əkilmiş bitkilərin narkotik tərkibli çətənə bitkisi olduğunu, bitkilərə gübrə, peyin, su verilməklə xüsusi olaraq qulluq edildiyini bildirmişdir. Daha sonra aqronom dibçəklərdə olan çətənə bitkilərinə baxaraq həmin bitkilərə aqrotexniki qaydada xüsusi qulluq olunduğunu bildirmişdir. Həmçinin aqronom tərəfindən dibçəkdə əkilmiş və boyu digərlərinə nisbətən uzun olan çətənə kolunun hissələrinin yığıldığını bildirmişdir. Həmin zaman təhqiqatçı Təqsirləndirilən şəxs çətənə bitkisinin hissələrini yığıb-yığmadığını soruşduqda sonuncu çətənə bitkisinin solduğunu, buna görə də hissələrini qırdığını, dibçəklərdəki çətənə kollarını təxminən bir ay, sahədə olan çətənə kollarını isə iki-üç ay əvvəl əkdiyini bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs həmin dibçəklərdə əvvəllər başqa çətənə kollarını əkdiyini və həmin bitkilərin hissələrini yığıb qurudaraq saxladığını bildirmiş və həmin dibçəyin yaxınlığındakı boş saxsı dibçəkdən göy rəngli sellofanı çıxarıb təqdim edərək həmin torbada qurudulmuş marixuana olduğunu bildirmişdir. Həmin sellofan bağlamaya baxış zamanı içindəki maddələrin ot kütləsi halında, spesifik iyli narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər bitki kütləsinin olduğu məlum olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs hazırkı vaxtda narkotik vasitə istifadəçisi olmadığını və çətənə bitkilərini maddi çətinliyi ilə əlaqədar olaraq satmaq üçün əkib-becərdiyini bildirmişdir. Bundan sonra onlar tərəfindən sahədəki və dibçəklərdəki çətənə kolları bir-bir torpaqdan çıxarılıb sayılmış və dibçəklərdə əkilmiş çətənə kollarının sayının 6 (altı) ədəd, sahədə əkilmiş çətənə kollarının sayının isə 16 (on altı) ədəd olmaqla, ümumi sayının 22 ədəd olması müəyyən edilmişdir. Bundan sonra göy rəngli sellofanda olan qurudulmuş marixuanaya oxşar bitki kütləsi elə həmin sellofanda, çətənə kolları isə bir ədəd sintetik kisəyə yığılmaqla qablaşdırılaraq onlar tərəfindən götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşı Şahid2 şahid Təqsirləndirilən şəxs ifadəsinə uyğun məzmunda ifadə verməklə onun ifadəsində göstərdiyi xüsusatları tam olaraq təsdiq etdi. Digər polis əməkdaşı Şahid3 ibtidai istintaq zamanı şahid qismində verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunan ifadəsində Təqsirləndirilən şəxs göstərdiyi xüsusatları tam olaraq təsdiq etmişdir (iş vərəqi 161-164). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirmə və götürmə aparılması haqqında 03.07.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi barədə daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı 03 iyul 2021-ci il tarixdə saat 14:25-də Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanında videoçəkiliş aparılmaqla aqronom mütəxəssisin iştirakı ilə baxış keçirilmiş, qeyd olunan ünvanda evin yan tərəfində dibçəklərdə əkilmiş 6 ədəd və sahədə əkilmiş 16 ədəd əkilib yetişdirilməklə kultivasiya edilmiş cəmi 22 (iyirmi iki) ədəd çətənə bitkiləri aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olmadığını, həmin kolları satış məqsədilə əkib-becərdiyini bildirmiş, eyni zamanda baxış kemirilən yerdə boş dibçəyin saxsı materialdan olan qabın içindən göy rəngli sellofan bağlamanı təqdim edərək bağlamanın işində narkotik vasitə marixuana olduğunu bildirmişdir. Aşkar edilmiş 22 ədəd kol torpaqdan çıxarılaraq kisəyə yağılmış, kisə və göy rəngli sellofan möhürlənərək müvafiq qaydada götürülmüşdür (iş vərəqi 15-17). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş aqronomik rəydən görünür ki, Təqsirləndirilən şəxs məxsus həyətyanı sahəyə baxış keçirilən zaman aşkar edilmiş bitkilər narkotik tərkibli çətənə bitkisi kollarıdır, həmin bitkilərə aqrotexniki qaydada qulluq göstərilmişdir (iş vərəqi 18). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş video çəkilişə dair diskə baxış keçirilməsi haqqında 04.07.2021-ci il tarixli protokoldan görünür ki, baxış evin həyətinin giriş qapısından içəri hissədə başlanılır. İlk olaraq təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində, yaşadığı evində və həyətyanı sahədə narkotik vasitələrin, psixotrop maddələrin, həmçinin həyətyanı sahəsində tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya edildiyi barədə soruşulur, öz növbəsində Təqsirləndirilən şəxs üzərində qanunsuz əşyanın və maddənin olmadığını, lakin həyətyanı sahədə narkotik tərkibli çətənə bitkisini əkibbecərməklə kultivasiya etdiyini bildirir. Daha sonra Təqsirləndirilən şəxs çətənə bitkilərini əkdiyi yeri göstərməsi təklif edilir. Bundan sonra Təqsirləndirilən şəxs etiraz etməyərək həyətə giriş qapısından daxil olduqda qarşı tərəfə doğru getdikdə sağ istiqamətdə evin yan tərəfində dibçəklərdə olan bitkiləri və evin arxa tərəfində yerləşən sellofanla əhatələnmiş sahədə olan bitkiləri göstərib həmin dibçək və torpaq sahəsində çətənə kollarının olduğunu bildirir. Baxışda iştirak üçün dəvət olunmuş mütəxəssis Mərdan Tağıyev dibcəklərdə və sahədə əkilmiş bitkilərin narkotik tərkibli çəənə bitkisi olduğunu, aqrotexniki qaydada əkilməklə, xüsusi qulluq olunduğunu bildirir. Təqsirləndirilən şəxs dibçəklərdə və sahədə əkilmiş bitkilərin çətənə bitkisi olduğunu bir daha təsdiq etməklə, dibçəklərdə olan bitkiləri təxminən 1 ay, sahədə olan bitkiləri isə 2-3 ay əvvəl əkdiyini bildirir. Təqsirləndirilən şəxs həmçinin narkotik tərkibli çətənə bitkisinin tumlarını əvvəllər narkotik vasitə olan marixuana aldığı şəxslərdən alıb yığıb özündə saxladığını, hazırkı vaxtda narkotik vasitə istifadəçisi olmadığını və çətənə bitkilərini satış məqsədi ilə əkib-becərdiyini bildirmişdir. Bundan sonra polis tərəfindən sahədəki və dibçəkdəki tərkibində narkotik maddələr olan çətənəyə bənzər bitkilər bir-bir torpaqdan çıxarılıb sayılmaqla sintetik kisəyə yığılır. Baxış zamanı dibçəkdə olan çətənə kollarının sayının 06 ədəd, sahədə olan çətənə kolların sayının isə 16 ədəd olmaqla, ümumi sayın 22 ədəd olduğu məlum olur. Daha sonra Təqsirləndirilən şəxs dibçəklərdə əvvəldən əkib-becərdiyi çətənə kollarını yığıb saxladığını və baxış keçirilən yerdə boş dibçəyin saxsı materialdan olan qabının içindən göy rəngli sellofan bağlamanı təqdim edərək həmin sellofanda qurudulmuş marixuana olduğunu bildirir. Baxış zamanı Təqsirləndirilən şəxs maddi imkanınin olmadığını, buna görə də çətənə bitkilərini əkib becərdiyini və əldə edəcəyi qurudulmuş marixuananı satacağını bildirir (iş vərəqi 63). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş mobil telefonla ötürülən məlumatlara baxış keçirilməsi haqqında 23.09.2021-ci il tarixli protokoldan görünür ki, CD diskdəki telefon nömrəsi ilə ötürülən məlumatlara baxış zamanı ***-***-**-** saylı nömrədən iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əlaqə və ya SMS yazışmalarının olmaması müəyyən edilir (iş vərəqi 140). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 06.10.2021-ci il tarixli, 007- 12768 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitələrin mənbəyinin müəyyən edilməsi, onun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasının yoxlanılması, habelə həmin şəxsin digər cinayət əməllərinin və cinayətkar əlaqələrinin müəyyənləşdirilməsi və tapşırıqda göstərilən istiqamətlərdə əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, lakin müsbət nəticə əldə etmək mümkün olmamışdır (iş vərəqi 141). İşdə olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06.07.2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən daxil olmuş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 03.07.2021-ci il tarixli qərarı qanuni hesab edilmişdir (iş vərəqi 137-138). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş mobil telefon aparatına baxış keçirilməsi haqqında 06.07.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş “Samsung” markalı telefon aparatına baxış keçirilmiş, aparatın ani mesajlaşma mübadilə sistemində və digər bölmələrdə iş üçün əhəmiyyət kəsb edən yazışmalar, məlumatlar və fotoşəkillər aşkar edilməmişdir (iş vərəqi 114). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 03.07.2021-ci il tarixli, 7/631 saylı rəyindən görünür ki:

1. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs məxsus evin həyətyanı sahəsindən...” sözləri yazılmış polietilen torbada təmiz çəkisi 265 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır.

2. Tədqiqata təqdim olunmuş ağ kağız üzərində Təqsirləndirilən şəxs məxsus evin həyətyanı sahəsindən...” sözləri yazılmış sintetik torbada ümumi sayı 22 (iyirmi iki) ədəd yaş vəziyyətdə, ümumi çəkisi 1855 qram (1 kilo 855 qram) olan bitki nümunələri əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir.

3. Aqronomun rəyinə əsasən həmin çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir.

4. Tədqiqata təqdim olunmuş marixuanalar və çətənə (kannabis) bitkiləri tərkiblərinə görə eynidirlər. Aparılmış tədqiqatın dəyəri 89 (səksən doqquz) manat təşkil edir (iş vərəqi 47-51). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 04.10.2021-ci il tarixli, 3756 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (iş vərəqi 153-154). İşdə olan maddi sübut kimi tanıma haqqında 22.07.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evinin həyətyanı sahəsindən aşkar edilmiş ekspert tədqiqatından sonra qalıq qalan 264,95 qram narkotik vasitə qurudulmuş marixuana və bir ədəd sintetik torbada qablaşdırılmış halda 22 (iyirmi iki) ədəd narkotik tərkibli çətənə bitkiləri maddi sübut kimi tanınmış və saxlanılması üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasına verilmişdir (iş vərəqi 128-129). Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqi 133-134). İşdə olan sənədlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 05.03.2010-cu il təvəllüdlü Təhməzov Üzeyir adlı övladı vardır (iş vərəqi 132). Məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs eroziv antral qastrit, kardial çatışmazlıq, xroniki prostatit xəstəliklərindən əziyyət çəkir. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 237.2.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılara əsasən qurudulmuş marixuananın təmiz halda 5 qrama qədəri şəxsi istehlak miqdarı, 500 qram və ondan artıq miqdarı külli miqdar, qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilərdən çətənə növlü bitkilərin 16 ədədi və ondan yuxarı miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.6-cı maddəsinə əsasən tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya onların (onların hissələrinin) toplanmasıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun həmin Qərarının 19-cu bəndində məhkəmələrə izah edilir ki, Azərbaycan Respublikası CM-in 237-ci maddəsində nəzərdə tutulmuş cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir (siyahı İİİ - qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər). Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs ondan aşkar edilmiş marixuananın çəkisinin az olması, özünün narkotik vasitə aludəçisi olması, narkotik vasitələrin satışı ilə məşğul olmaması barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadələri özünü müdafiə xarakteri daşımaqla ağır cinayət törətməyə görə cəzasını yüngülləşdirmək məqsədi daşıyır və özünün ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Əksinə, məhkəmə yuxarıda şərh olunan bütün sübutları, o cümlədən təqsirləndirilən şəxsin narkotik vasitələri satmasına dair məlumatların mövcud olması barədə iş üzrə məhkəmədə dindirilmiş şahidlərin ifadələrini, həyətinə baxış keçirilən zaman özünün verdiyi izahatı, məhkəmə-bioloji ekspertizasının və məhkəmənarkoloji ekspertizasının rəylərini və iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş digər sübutları müqayisəli şəkildə təhlil edib onları məcmu halda qiymətləndiriərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə marizuananı məhz satış məqsədilə əldə edib saxlamış və daşımışdır. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri əkib yetişdirməklə külli miqdarda kultivasiya etməsi, həmçinin satış məqsədilə qanunsuz olaraq satış məqsədilə narkotik vasitəni əldə etməsi, daşıması və saxlaması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, müxtəlif xəstəliklərdən əziyyət çəkməsini Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətlərin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, cəza təyin edilməsinin ümumi əsaslarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndiriyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinin tələblərinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 03 iyul 2021-ci ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən barəsində 05 iyul 2021-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli onun tutulduğu 03 iyul 2021-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (iş vərəqi 33, 108-112, 156-160, 173- 177). Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs kimi tutulduğu 03 iyul 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan, Təqsirləndirilən şəxs yaşadığı evinin həyətyanı sahəsindən aşkar edilmiş ekspert tədqiqatından sonra qalıq qalan 264,95 qram narkotik vasitə qurudulmuş marixuana və bir ədəd sintetik torbada qablaşdırılmış halda 22 (iyirmi iki) ədəd narkotik tərkibli çətənə bitki kolları məhv edilməlidir. Məhkəmə hesab edir ki, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 89 (səksən doqquz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 237.2.3cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 234.2-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 237.2.3cü maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 03 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş ekspert tədqiqatından sonra qalıq qalan 264,95 qram narkotik vasitə qurudulmuş marixuana və 22 (iyirmi iki) ədəd narkotik tərkibli çətənə bitkisi kolları məhv edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 89 (səksən doqquz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar