Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-883/2023 11.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Məcidov X16 və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı1, müdafiəçi - Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxxxx 1997-ci ildə Ağcabədi rayonu, Pərioğullar kəndində anadan olmuş, subay, natamam ali təhsilli, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmayan, işləməyən, Ağcabədi rayonu, Pərioğullar kəndində qeydiyyatda olan, həbs olunanadək Bakı şəhəri, Nərimanov rayonu, Gənclər şəhərciyi, bina 16, mənzil 7-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxansında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 234.4.4 və 240.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq istintaqa Elvin adı ilə məlum olan şəxslə internet informasiya ehtiyatlarından istifadə etməklə narkotik vasitə və psixotrop maddələrin satışı ilə bağlı qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, L.M.Şərifzadə küçəsində qanunsuz olaraq 03 ədəd şəffaf sellofan bükümdə olmaqla, ümumi təmiz çəkisi 3,028 qram olan külli miqdarda psixotrop maddə olan metamfetamin, 01 ədəd şəffaf sellofan bükümdə ümumilikdə 10 ədəd həbdə təsiredici maddəsinin ümumi təmiz çəkisi 1,24 qram olan psixotrop maddə MDMA, 03 ədəd şəffaf sellofan bükümdə olmaqla, ümumi təmiz çəkisi 5,837 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, üzərində “Pregabalin 150” yazısı olan 02 ədəd bütöv konvalyutada təsiredici maddəsinin ümumi təmiz çəkisi 4,5 qram təşkil edən, ümumilikdə 30 həbdən ibarət olan narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən preqabalin dərman preparatını əldə edib üzərində daşımaqla saxlamış, xx.xx.2022-ci il tarixdə, saat 17:00 radələrində ünvan 1 ünvanının qarşısında Xətai RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən narkotik vasitələrin qəbulu və satışı ilə məşğul olmasında özünü şübhəli apardığı üçün saxlanılaraq, ünvan 3 ünvanında yerləşən Xətai RPİ-nin 37-ci Polis şöbəsinə gətirilərək videoçəkilişdən istifadə edilməklə müdafiəçinin iştirakı ilə üzərində keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 03 ədəd bükümdə olan külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 1,019 qram, 0,986 qram və 1,023 qram olmaqla, ümumi təmiz çəkisi 3,028 qram olan ağ rəngli kristallik maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 01 ədəd şəffaf sellofan bükümdə ümumilikdə 10 həbdə təsiredici maddəsinin ümumi təmiz çəkisi 1,24 qram olan psixotrop maddə olan MDMA, 03 ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,948 qram, 1,968 qram və 1,921 qram olmaqla, ümumi təmiz çəkisi 5,837 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlamış narkotik vasitə qurudulmuş marixuana, həmçinin üzərində “Pregabalin 150” yazısı olan 02 ədəd bütöv konvalyutada təsiredici maddəsinin ümumi təmiz çəkisi 4,5 qram təşkil edən ümumilikdə 30 həbdən ibarət olan narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən preqabalin dərman preparatı aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, Ağcabədi rayonu, Pərioğullar kəndində anadan olmuş, natamam ali təhsillidir və hərbi xidməti yüksək səviyyədə keçmişdir. O, hərbi xidməti Naxçıvan Muxtar Respublikasında xüsusi təyinatlı “N” saylı hərbi hissələrdə snayper-kəşfiyyatçı və kəşfiyyatçı vəzifələrində keçmiş, dəfələrlə fəxri fərmanlarla, təşəkkür məktubları ilə təltif olunmuş, nümunəvi əsgər olaraq “N” saylı hərbi hissənin şərəf kitabına adı yazılmış, eləcə də müsbət xidməti xasiyyətnamə ilə hərbi xidməti bitirmişdir. 2020-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən X5 və Füzuli bölgələrində təmizləmə, mühafizə və yerləşmə əməliyyatlarında iştirak etmişdir. O, xüsusi təyinatlılar arasında keçirilmiş snayper yarışlarında 1-ci yeri tutmuşdur. O, hərbi xidməti bitirdikdən sonra Bakı şəhərinə qayıtmış və bundan sonra işsiz qalmışdır. İşlə bağlı müraciət səyləri uğursuz olmuşdur. Həmçinin kompüter bilikləri və ofis sahəsi üzrə bilikləri var. Hərbi xidmətdən sonra onda böyük ruh düşkünlüyü və psixoloji çətinliklər yaranmışdır. İşsizlik, maddi durumunun zəif olması, müharibədə keçirdiyi sarsıntılar, müharibədə olan dostlarının xatirələri, tənhalıq hissi və bu qəbildən olan sair hallarla bağlı o, zəif düşmüşdür. Bu ərəfədə o, müxtəlif narkotik istifadəçiləri ilə təmasda olmuşdur. Daha sonra o da narkotik vasitələrdən istifadə etməyə başlamışdır. Əvvəlcə o, az miqdarda “malla” (jarqon dildə narkotik vasitə və psixotrop maddə başa düşülür) kifayətlənmişdir. Daha sonra tələbatı olduğu üçün o, narkotik qurbanına çevrilmişdir. Narkotik vasitələrə olan tələbatı artdığı üçün o, sosial şəbəkələr vasitəsi ilə tanımadığı şəxslə öz istifadəsi üçün narkotik qarşılığında “işləməyə” başlamışdır. Bu iş 2022-ci ilin sentyabr ayının 26-dan oktyabr ayının 4-ə qədər davam etmişdir. Onun belə bir işə əl atması və narkotik çirkabına batmasına səbəb narkoman olması olmuşdur. O, bundan çox peşmandır və bunu xatırlamaq belə ona pis təsir edir. Tutulmamışdan əvvəl o, ölümlə üz-üzə qalmışdır. Bu pis işə əl atmasının səbəbi – ağrılarını azaltmaq istəməsi olmuşdur. Kaş ki, o, belə əmələ əl atmazdı, kaş ki, narkoman olmazdı. O, 04 oktyabr 2022-ci il tarixdə, saat 12:00-13:00 radələrində Bakı şəhəri, Xətai rayonu, K.Kərimbəyov 34 küçəsində saxlanılmışdır. Belə ki, telefonunda adı “Şirkət” kimi qeyd olunan şəxsin onda narkotik vasitələri qalmış və o, həmin ünvana gedərək orada onda qalan narkotik vasitələri gizlətmək istəmişdir. Bir gün əvvəl, yəni oktyabr ayının 3-ü o, bu işin düz olmadığını dərk etmiş və ona görə də Elvin adlı şəxsə bildirmişdir ki, “daha səninlə bu işi görmək istəmirəm”. Bu söhbət “WhatsApp” səsli zəng vasitəsi ilə aparılmışdır. Elvin adlı şəxs də onda qalan narkotik vasitələri atdığı yerlərə gizlətməsini ona bildirmişdir. O da onda qalan həmin narkotikləri gizlədib bu işi bitirəcəkdi. O, bu işi gördüyü zaman həmin küçədə bir kişi onun qarşısına çıxaraq təhdidlə “zaklatşiksən sən?” ona deyə çağırmışdır. O da həmin kişiyə yaxınlaşıb salam vermişdir. Bu zaman həmin şəxs onun əlini bərk tutub saxlamış və polis çağırmağa başlamışdır. O da qorxub qaçmışdır. Belə ki, o, həmin vaxt güclü metamfetaminin təsiri altında olmuşdur. O, qaçıb uzaqlaşaraq mağazaya girmiş və mağazadan su alıb çıxmışdır. Bu vaxt həmin şəxs yanında başqa bir şəxslə cip kuzası olan “Kia” markalı avtomobili onun üstünə sürmüşdür. Sonra həmin şəxslər onu tutub əl-ayağını bağlayaraq çəpərin kənarına atmışlar. O, görünməsin deyə maşını onun qarşısına sürmüşlər və telefonla zəng edib PPXB-nin əməkdaşlarını çağırmışlar. Polis əməkdaşları gəldikdən sonra isə onu polislərə təhvil vermişlər. Sonda ona demişlər ki, “sən bilmirdin ki, bu işlə məşğul olub istədiyin vaxt çıxanda tutulacaqsan?”. Bundan sonra onu 37-ci Polis bölməsinə aparmışlar. O, elə düşünür ki, onun işlədiyi Elvin adlı şəxs elə polislərlə bir olmuşdur. Onunla Elvin adlı şəxs arasında narkotik vasitələrlə bağlı əməkdaşlıq sosial şəbəkə üzərindən xx.xx.2022-ci il tarixdən başlanmışdır. Belə ki, əvvəlcə o, Elvin adlı şəxsə pul göndərmiş və pulun müqabilində Elvin adlı şəxsdən narkotik vasitə almışdır. Demək olar ki, o, bir-iki gündən bir 1 (bir) qram metamfetamin almışdır. Həmin ilin sentyabrın 21-dən 24-ə qədər Elvin adlı şəxs ona borca, yəni nisyə narkotik vasitə vermişdir. Sonra onun pulu vermək imkanı olmadığı üçün Elvin adlı şəxs sentyabrın 26-da bu işi görməyə ona təklif etmişdir. O da bununla razılaşmışdır. Lakin sonradan o, bu işin səhv olduğunu dərk edərək oktyabrın 3-ü bu işi bitirmişdir. O, gördüyü işin müqabilində heç vaxt pul almamış, əksinə gördüyü işə görə tələbatını ödəmək üçün Elvin adlı şəxs ona narkotik vasitə vermişdir. xx.xx.2023-cü il tarixdə onun övladı anadan olmuşdur. O, kasıb ailənin üzvüdür, atası 3-cü qrup Qarabağ əlilidir. Anası isə evdar qadındır, həmçinin xəstəlikdən əziyyət çəkən qardaşı var. Əmisi X1 döyüşlərində qəhrəmancasına şəhid olmuşdur. X3 da 1-ci qrup Qarabağ əlilidir. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə ona bəraət verilməsini, əməllərinin Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini və Cinayət Məcəlləsinin 234.1 və 240.2.1-ci maddələri ilə ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, digər polsi əməkdaşı ilə birlikdə K.Kərimov küçəsində xidmət aparan zaman bir nəfər şəxsin özünü şübhəli apardığını görmüşdür. Nəticədə onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər və həmin şəxs özünü şübhəli apardığı üçün onlar həmin şəxsi Polis Şöbəsinə dəvət etmişlər. Onun vəzifəsi həmin şəxsi Polis Şöbəsinə aparıb təqdim etməkdən və bu barədə raport yazaraq rəhbərliyə məlumat verməkdən ibarət olmuşdur. Polis Şöbəsində isə özünü şübhəli aparan şəxsin üzərindən çoxlu sayda külli miqdarda narkotik vasitə və psixotrop maddələr aşkar edilmişdir. Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə istintaqında elan edilməklə tədqiq eidlmiş ifadəsindən görünür ki, o, Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Xətai RPİ-nin PPXB-nin polis nəfəri vəzifəsində xidmət edir və polis serjantı rütbəsindədir. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamış və ona görə aralarında ədavətdüşmənçilik yoxdur. xx.xx.2022-ci il tarixdə, saat 17:00-da o, Xətai RPİ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 ilə birlikdə xidmətdə olarkən ünvan 5 ünvanının qarşısında bir nəfər şəxsin yeriyişindən və hərəkətlərindən özünü şübhəli aparmasını görüb bu səbəbdən həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər, habelə xidməti vəsiqələrini göstərərək Xətai RPİ-nin PPXB-nin əməkdaşları olmalarını bildirmişlər. Bundan sonra onlar həmin şəxsdən özünü təqdim etməsini istəmişlər. Həmin şəxs danışarkən suallardan yayınmağa və oradan getməyə çalışmış, rabitəsiz danışığından onlar həmin şəxsin narkotik vasitələrin təsiri altında olmasından və üzərində narkotik vasitə daşımasından şübhələnərək sonuncunu Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə dəvət etmişlər. Polis Şöbəsində məlum olmuşdur ki, həmin şəxs xx.xx.1997-ci ildə Ağcabədi rayonunda anadan olmuş, orta təhsilli, əvvəllər məhkum olunmamış, Ağcabədi rayonu, Pərioğulları kəndində qeydiyyatda olmaqla, faktiki olaraq ünvan 6 ünvanında yaşayan Təqsirləndirilən şəxsdur. Bu barədə raportla Polis Şöbəsinin rəhbərliyinə məruzə edilmişdir. Bundan sonra Xətai RPİ-nin 37-ci PŞ-nin inzibati binasında xidməti otaqların birində Xətai RPİ-nin 37-ci PŞ-nin təhqiqatçısı, polis kapitanı Kamran Əhmədov tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və sonuncu hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə təmin edilmişdir. Daha sonra isə Xətai RPİ-nin 37-cı PŞ-nin inzibati binasında xidməti otaqların birində onun, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dəvət edilmiş müdafiəçinin və Şahid2 iştirakı ilə Xətai RPİ-nin 37-ci PŞ-nin təhqiqatçısı, polis kapitanı Kamran Əhmədov tərəfindən şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına başlanılmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması istintaq hərəkəti videoçəkiliş aparılmaqla qeydə alınmışdır. Şəxsi axtarış zamanı şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən təklif edilmişdir ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən şəffaf sellofanın içərisində olan 7 (yeddi) ədəd bükümü və 2 (iki) ədəd dərmanı təqdim etmişdir. Həmin şəffaf sellofanın üçünün içərisində yaşıl rəngli ota bənzər maddə, digər üçünün içərisində ağ rəngli, kristalşəkilli maddə, birinin içərisində isə çəhrayı rəngli 10 ədəd həb və 2 ədəd 150 ml qramlıq içərisində 15 ədəd tabletkası olan Preqabalin markalı dərman olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs sol cibindən isə qara rəngli pul qabı və içərisində olan 5 ədəd plastik kartı, 5 manat pulu, arxa cibindən isə “Samsung A13” markalı telefonu çıxarıb təqdim etmiş, bundan başqa, sonuncunun üzərindən 16.050 manat məbləğində pul vəsaiti aşkar edilmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş 7 (yeddi) ədəd şəffaf sellofana bükülmüş maddələrin və 2 (iki) ədəd dərmanın narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş maddələr elektron tərəzidə çəkilmiş və məlum olmuşdur ki, həmin kütlələrdən ağ rəngli kristalşəkilli maddələrin çəkisi ayrı-ayrılıqda 1,27 qram, 1,30 qram, 1,41 qram, ot şəkilli yaşıl rəngli maddələrin ayrı-ayrılıqda çəkisi 2,41 qram, 2,39 qram, 2,39 qram, çəhrayı rəngli tabletka halında olan maddələrin çəkisi isə 2,65 qramdır. Təqsirləndirilən şəxs bildirmişdir ki, aşkar edilmiş narkotik vasitələri “Elvin” adlı şəxsdən onlayn qaydada sonuncunun dediyi yerdən götürmüş və 100 manat müqabilində həmin narkotik vasitələri Elvinin ona dediyi yerlərə yerləşdirəcəkdi. O, həmin narkotik vasitəni xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində “Elvin” adlı şəxsin bildirdiyi yerdən götürdüyünü, eləcə də narkotik vasitə marixuanadan istifadə etdiyini, maddi ehtiyacına görə narkotik vasitənin onlayn şəkildə çatdırılması ilə məşğul olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələr iştirakçılar və Təqsirləndirilən şəxs iştirakı ilə qablaşdırılmış, Azərbaycan Respublikası DİN-inin “Zərflər üçün” 153 nömrəli möhürü ilə möhürlənmişdir. Şəxsi axtarış və baxış zamanı hər hansı vəsatət və ya şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs saxlanılarkən ona heç bir təzyiq göstərilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 oxşar məzmunlu ifadə verməklə Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli raportdan (cild 1, iş vərəqə 5) görünür ki, həmin gün saat 17:00 radələrində ünvan 5 ünvanında özünü şübhəli aparan bir nəfər şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq 37-ci Polis Şöbəsinə aparılmış və orada həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 19) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 24) görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi qərara alınmışdır. xx.xx.2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 26-28) görünür ki, həmin gün müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və həmin vaxt o, əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən şəffaf sellofanın içərisində 07 ədəd bükümü və 02 ədəd dərmanı çıxararaq təqdim etmişdir. Həmin şəffaf sellofanın üçünün içərisində yaşıl rəngli ota bənzər kütlə, digər üçünün içərisində ağ rəngli kristalşəkilli maddə, birinin içərisində çəhrayı rəngdə 10 ədəd ekstazi adı ilə bilinən həb, 02 ədəd 150 ml qramlıq içərisində 15 ədəd tablektası olan Pregabalin dərmanı həbi, sol cibindən qara rəngli pul qabı və içərisində 5 ədəd plastik kart, 5 manat pul, arxa cibindən “Samsung A13” markalı mobil telefon, əynindəki göy rəngli şalvarın qarın hissəsindən cəmi 16.050 manat pul vəsaiti aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən kütlələri Elvin adlı şəxsin dediyi yerdən götürüb başqa yerlərə qoyacağını bildirmişdir. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/5713 saylı ekspertiza rəyindən (cild 1, iş vərəqə 44-46) görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №153 dairəvi möhür əksi olan, “...Təqsirləndirilən şəxs...” ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,019 qram, 0,986 qram, 1,023 qram, ümumi təmiz çəkisi 3,028 qram olan ağ rəngli kristallik maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, üzərində “Pregabalin 150” göstəricisi olan 02 ədəd konvalyutada ümumilikdə 30 ədəd göy-narıncı rəngli kapsulun tərkibində preqabalinin təsir maddəsinin ümumi miqdarı üzərindəki göstəriciyə əsasən 4,5 qram (bir ədəd kapsulda preqabalinin təsir maddəsinin miqdarı 0,150 qramdır) olduğu müəyyən edildi, hər birinin üzərində 02 xətt olan çəhrayı rəngli üçbucaq formalı ümumilikdə 10 ədəd həbin tərkibindəki MDMA-mn təsir maddəsinin ümumi miqdarı 1,24 qram (1 ədəd həbdə MDMA-nın təsir maddəsinin 0,124 qramdır) olduğu müəyyən edildi. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Preqabalin 2016-cı il 18 mart tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarda siyahısına” (l nömrəli əlavə) daxildir. MDMA 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 7/1141 saylı ekspertiza rəyindən (cild 1, iş vərəqə 51) görünür ki, tədqiqata təqdim edilmiş 3 (üç) ədəd şəffaf sellofan torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri 1,948 qram, 1,968 qram, 1,921 qram, ümumi çəkisi 5,837 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 64-65) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. xx.xx.2022-ci il tarixli Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-518/2022 saylı qərarından (cild 1, iş vərəqə 91-94) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. xx.xx.2022-ci il tarixli xasiyyətnamədən (cild 1, iş vərəqə 105) görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 98) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmiş və məhkum olunmamışdır. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 X11 X7 7177 saylı rəyindən (cild 1, iş vərəqə 140-141) görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. xx.xx.2022-ci il tarixli mobil telefon cihazına baxış keçirilməsi haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 153-265) görünür ki, Təqsirləndirilən şəxs ona aid telefonda “Şirkət” adı ilə qeydə alınmış şəxslə narkotik vasitə və psixotrop maddələrlə bağlı çoxlu sayda danışıq aparmış, bu danışıqlar vasitəsi ilə həmin nömrədən Təqsirləndirilən şəxs müxtəlif bağlamalarda olan kütlələrin şəkilləri və həmin kütlələrin yerləşdirildiyi yerlərin şəkilləri göndərmiş, Təqsirləndirilən şəxs isə ona göndərilmiş şəkillər və verilmiş məlumat əsasında həmin yerlərə gedərək oradan bağlamaları götürmüş, sonra götürdüyü bağlamaları ona deyilmiş yerlərə yerləşdirməklə gizlətmiş, bundan sonra isə faktiki olaraq görmüş işlərin hesabatını həmin şəxsə göndərmişdir. xx.xx.2022-ci il tarixli qəbzdən (cild 1, iş vərəqə 267) görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs götürülmüş 16.050 manat məbləğində pul vəsaiti onun atası Adil Qasımova təhvil verilmiş, sonuncu isə həmin pul vəsaiti şəxsən qəbul etmişdir. xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 268-280) görünür ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələrindən həmin Məcəllənin 234.4.1, 234.4.3, 234.4.4 və 240.2.1-ci maddələrinə tövsif edilməsi və həmin maddələr ilə ona yeni məzmunda ittiham elan edilməsi, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitələr və psixotrop maddələr, habelə güclü təsir edən dərman preparatlarının əldə edilməsi mənbəyinə görə ayrıca icraatda cinayət işinin ibtidai istintaqının aparılması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 284-286) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 234.4.4 və 240.2.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsinin tibbi arayışından (cild 2, iş vərəqə 46) görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasından "xxxx" diaqnozu ilə Müalicə Müəssisəsinə göndərilmiş, orada müalicə edilmiş və göndərilmə diaqnozu təsdiq edilmişdir. xx.xx.2019-cu il tarixli fəxri fərmandan, xx.xx.2020-ci il tarixli fəxri fərmandan, xx.xx.2020-ci il tarixli təşəkkür məktubundan, xx.xx.2021-ci il tarixli fəxri fərmandan, xx.xx.2021-ci il tarixli tərifnamədən, xx.xx.2021-ci il tarixli təşəkkür məktubundan (cild 2, iş vərəqə 64-69) görünür ki, Təqsirləndirilən şəxs döyüş və ictimai-siyasi hazırlıq məşğələrində, şəxsi nizam-intizamında yüksək nailiyyətlər əldə etmiş, “ən yaxşı snayper” adına layiq görülmüş, eləcə də adı “N” saylı hərbi hissənin “şərəf kitabına” yazılmışdır. Təşəkkür məktublarından, xidməti xasiyyətnamədən, tərifnamədən, fəxri fərmanlardan (cild 1, iş vərəqə 127-134) görünür ki, Təqsirləndirilən şəxs həqiqi hərbi xidmət keçərkən və 44 günlük Vətən Müharibəsində iştirak edərkən dəfələrlə vəzifəsini layiqli yerinə yetirdiyinə görə təltif edilmişdir. Hərbi biletin surətindən (cild 1, iş vərəqə 135-138) görünür ki, Təqsirləndirilən şəxs 44 günlük Vətən Müharibəsində kəşfiyyatçı-snayper vəzifəsində xidmət etmişdir. Vəsiqənin surətindən (cild 2, iş vərəqə 74) görünür ki, Təqsirləndirilən şəxs anası Rəfiqə Qasımova şəhid ailəsi statusuna malikdir. Əlillik barədə arayışdan və əlillik vəsiqəsinin surətindən (cild 2, iş vərəqə 76-77) görünür ki, Təqsirləndirilən şəxs atası Adil Qasımov İ Qarabağ müharibəsində gedən döyüşlərdə iştirak edərək yaralanmış və əlildir. Təqsirləndirilən şəxs aid şəxsi işdən və tibbi kitabçadan (cild 2, iş vərəqə 79-100) görünür ki, o, istintaq təcridxanasına təhvil verilərkən onun boğazının sağ nahiyəsində göyərti izi aşkar edilmiş və həmin xəsarətləri tutulmamışdan əvvəl aldığını bildirmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X6 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin seçdiyi müdafiəçi vasitəsi ilə suallar və vəsatətlər vermiş, eləcə də irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə bağlı hissədə məhkəmə qeyd edir ki, məhkəmə çıxışları mərhələsində dövlət ittihamçısı bəraətverici əsaslarla qeyd edilən hissədə Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan imtina etdiyini bildirərək bu hissədə iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli qərarının 40-cı bəndinə əsasən CPM-in 37.5-ci maddəsində göstərilən hallar olduqda dövlət ittihamçısı ittihamdan imtina etdiyi halda məhkəmə cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verməlidir. Həmin qərarın 63-cü bəndinə əsasən dövlət ittihamçısının ittihamdan imtina etməsi təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını istisna etməklə onun haqqında cinayət təqibinə xitam verilməsi haqqında qərarın çıxarılmasını şərtləndirir. Lakin nəzərə alınmalıdır ki, cinayət-prosessual qanun cinayət təqibinə xitam verilməsinə səbəb olan əsasları (cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları) dəqiq müəyyən edib onları bəraətverici olan və ya olmayan iki qrupa ayırdığından, dövlət ittihamçısının cinayət təqibindən imtina etməsi də həmin əsasların mövcud olmasına dair konkret və aydın qənaətindən irəli gəlməli və onun ittihamdan imtina etməsi ilə əlaqədar çıxarılan cinayət təqibinə xitam verilməsi haqqında məhkəmə qərarında da cinayət təqibinə CPM-in 39-cu maddəsində və yaxud 40-cı maddəsində göstərilən hansı, o cümlədən bəraətverici olan və ya olmayan əsasla xitam verilməsi aydın şəkildə əks etdirilməlidir. Bunlar eynilə xüsusi ittiham qaydasında şikayətlər üzrə materiallara baxılarkən xüsusi ittihamçının ittihamdan imtina etməsinə də aiddir. Xüsusi ittihamçının qanunda göstərilən əsasa istinad etmədən ittihamdan imtina etməsi cinayət təqibinə cinayət hadisəsinin olmaması kimi bəraətverici əsasla xitam verilməsi haqqında qərarın çıxarılması üçün əsas kimi nəzərdən keçirilməlidir. Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamın bir hissəsi - Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə bağlı olduğundan, dövlət itithamçısı qeyd edilən hissədə ittihamdan imtina etdiyindən və dövlət ittihamçısının bu hissədə ittihamdan imtinası qanunla müəyyən edilmiş tələblərə cavab verdiyindən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə bağlı irəli sürülmüş ittiham hissəsində cinayət işinə xitam verilməlidir (ayrıca aktla). Eyni zamanda ittihamın mübahisələndirilməsinə baxmayaraq, məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən toplanmış sübutların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr yoxdur və həmin sübutlar əsasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin bütün zəruri tərkib əlamətlərinin olması və həmin cinayət əməllərinin onun tərəfindən qəsdən törədilməsi tam təsdiq olunur. Belə ki, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 12-ci bəndinə əsasən - təmiz halda 500 (beş yüz) qramdan artıq çəkidə narkotik vasitə qurudulmuş marixuana və 2-ci Siyahısının 62, 67, 118-ci bəndlərinə əsasən - təmiz halda 5 (beş) qramdan artıq çəkidə MDMA tərkibli ekstazi həbləri, təmiz halda 2 (iki) qramdan artıq çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Məhkəmə istintaqında obyektiv araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs “Elvin” adlı şəxslə cinayət əlaqəsinə girərək Bakı şəhəri ərazisində narkotik vasitələrin və psixotrop maddələrin, eləcə də göstərilən vasitələrə aid olmayan güclü təsir edən dərman preparatlarının bəxşiş, daha dəqiq isə şəxsi istifadəsi üçün narkotik vasitə və psixotrop maddə əldə etməsi müqabilində realizə edilməsini həyata keçirmişdir. Bu isə onda ifadə olunmuşdur ki, Təqsirləndirilən şəxs sosial şəbəkə vasitəsi ilə tanış olduğu şəxs (istintaqla müəyyən edilmir, Təqsirləndirilən şəxs ifadəsinə əsasən Elvin adlı şəxs, habelə Təqsirləndirilən şəxs mobil telefonunda Elvin adlı şəxs “Şirkət” olaraq qeyd olunmuş) ona qabaqcadan Bakı şəhəri ərazisində yerləşdirilmiş narkotik vasitə, psixotrop maddə, narkotik vasitə və psixotrop maddələrə aid olmayan güclü təsir edən dərman preparatlarının şəkillərini və bununla bağlı digər məlumatları göndərmiş, Təqsirləndirilən şəxs həmin yerlərə gedərək ona göndərilmiş məlumatlarda əks olunan narkotik vasitə, psixotrop maddə, narkotik vasitə və psixotrop maddələrə aid olmayan güclü təsir edən dərman preparatlarını oradan götürərək özü ilə daşımış, sonradan isə həmin şəxsin verdiyi digər məlumatları əsasında deyilən başqa yerlərə yerləşdirməklə gizlətmiş, bütün göstərilən hərəkətlərinin müqabilində isə bəxşiş qismində öz istifadəsi üçün müxtəlif növdə və çəkidə narkotik vasitə, psixotrop maddə, narkotik vasitə və psixotrop maddələrə aid olmayan güclü təsir edən dərman preparatını həmin şəxsdən almışdır. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Məhkəmə göstərilən nəticəyə gələrkən həm Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələrini, həm də məhkəmədə tədqiq edilmiş mobil telefona baxış keçirilməsi haqqında prosessual hərəkətin nəticəsinə dair tərtib edilmiş protokolu və həmin protokola əlavə edilmiş fotoşəkilləri əsas tutmuşdur. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı ifadə verərək Elvin adlı şəxslə sosial şəbəkə vasitəsi ilə tanış olduğunu, bir neçə dəfə Elvin adlı şəxsdən əvəzli və nisyə şəkildə narkotik vasitə və psixotrop maddə aldığını, sonradan isə pulu olmadığı üçün öz istifadəsi üçün narkotik vasitə və psixotrop maddə almaq məqsədi ilə Elvin adlı şəxsin təklifi ilə razılaşaraq “işləməyə” başlamasını, yəni narkotik vasitə, psixotrop maddə, narkotik vasitə və psixotrop maddələrə aid olmayan güclü təsir edən dərman preparatlarının bir ərazidən götürülüb sonradan başqa ərazidə gizlətməsi, faktiki olaraq isə göstərilən vasitə və maddələrin “kuryerliyi” ilə məşğul olmasını açıq-aşkar bildirmişdir. Bundan başqa, məhkəmədə tədqiq edilmiş və Təqsirləndirilən şəxs məxsus mobil telefonda saxlanılmış fotoşəkillər əsasında təsdiq olunmuşdur ki, Təqsirləndirilən şəxs bəxşiş müqabilində, yəni şəxsi istifadəsi üçün narkotik vasitə, psixotrop maddə, narkotik vasitə və psixotrop maddələrə aid olmayan güclü təsir edən dərman preparatını alıb istifadə etmək məqsədi ilə Elvin adlı şəxslə cinayət əlaqəsinə girmiş və bu yolla Elvin adlı şəxsin göndərdiyi məlumatlar əsasında müxtəlif yerlərdən narkotik vasitə və psixotrop maddələri, eləcə də göstərilən vasitə və maddələrə aid olmayan derman preparatlarını qanunsuz şəkildə əldə edib saxlamaqla daşımış, sonradan isə Elvin adlı şəxsin dediyi başqa yerlərə yerləşdirmişdir. Həmçinin məhkəmədə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 17:00 radələrində ünvan 1 ünvanının qarşısında Xətai RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən saxlanılaraq Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə aparılmış, orada onun üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı onun əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 03 ədəd bükümdə olan külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 1,019 qram, 0,986 qram və 1,023 qram olmaqla, ümumi təmiz çəkisi 3,028 qram olan psixotrop maddə metamfetamin 01 ədəd şəffaf sellofan bükümdə ümumilikdə 10 həbdə təsiredici maddəsinin ümumi təmiz çəkisi 1,24 qram olan psixotrop maddə olan MDMA, 03 ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,948 qram, 1,968 qram və 1,921 qram olmaqla, ümumi təmiz çəkisi 5,837 qram olan narkotik vasitə qurudulmuş marixuana və üzərində “Pregabalin 150” yazısı olan 02 ədəd bütöv konvalyutada təsiredici maddəsinin ümumi təmiz çəkisi 4,5 qram təşkil edən ümumilikdə 30 həbdən ibarət olan narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən preqabalin dərman preparatı aşkar edilərək götürülmüşdür. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "04” mart 2011-ci il tarixli qərarının 9-cu bəndində tövsiyə edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi Ali Məhkəmə Plenumunun qərarında təqsirkarın narkotik vasitələri satmaq niyyətində olmasını müəyyən etmək üçün təkcə narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi deyil, bununla yanaşı, digər, yəni istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, onların hazırlanması üçün avadanlığın olması və s. halların da nəzərə alınması tövsiyə edilir. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11 –ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq, Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Qanunun mənasına görə, narkotik vasitələrin satışı dedikdə, yalnız qeyd olunan maddələrin əvəzli, qazanc əldə etmək, yaxud şəxsi maraq məqsədilə yayılması başa düşülür. Bu isə o, deməkdir ki, şəxsin narkotik vasitələri satış üçün əldə edib saxlaması haqda nəticəyə gəlmək üçün onun məhz sadalanan məqsədinin hər hansı birini izləyərək narkotik vasitələri əldə edib saxlaması sübut edilməlidir. "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 8-ci bəndinə əsasən isə şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan və yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə, onları CPM-nin 143- 146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin bütün tərkib əlamətləri mövcuddur. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri ilə tövsif edir. Cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs təqsirli əməlləri nəticəsində baş vermiş və bu cinayətlərin törədilməsində o, təqsirlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməllərin (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələrinə nisbətdə) cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün qanunla müəyyən edilmiş əsaslar yoxdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri ilə təqsirli bilinməklə həmin cinayətlərə görə cinayətlərin məcmusu qaydasında ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların şəxsiyyətini, cinayətlərin hər birinin xarakterini, ictimai təhlükəlilik dərəcələrini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cavan olmasını, 1 (bir) azyaşlı uşağının olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, 44 günlük Vətən Müharibəsində iştirak edərək dəfələrlə təltif edilməsini və atasının İ Qarabağ müharibəsində iştirak edərək əlil olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməllərində cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halların məcmusunu, onun əməllərində cəzanı ağırlaşdıran halların olmadığını, aşkar edilmiş narkotik vasitənin, psixotrop maddələrin və digər güclü təsir edən dərman preparatlarının çəkisini, həmin vasitə və maddələrin müxtəlif növlərə aid olmasını, habelə işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələrinin sanksiyalarına əsasən aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, həmin cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu qaydasında qismən toplanılmaqla ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzalar tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində göstərilən cinayət əməlləri həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına, Cinayət Məcəlləsinin 240.2.1-ci maddəsində göstərilən cinayət əməli isə az ağır cinayətlər təsnifatına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq qəti azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və onun həbsdə saxlanıldığı müddət qəti cəza müddətinə daxil edilməklə təyin ediləcək qəti cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 X11 X7 7177 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, maddi sübut kimi Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 2,878 qram təşkil edən psixotrop maddə metamfetamin, qalıq sayı 9 ədəd təşkil edən MDMA həbi, qalıq sayı 29 ədəd təşkil edən preqabalin həbi və qalıq çəkisi 5,777 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd “Samsung A13” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılmalı, 2 (iki) ədəd DVD disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 137 (yüz otuz yeddi) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 137 (yüz otuz yeddi) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.2.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və qəti cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 04 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olub Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,878 qram təşkil edən psixotrop maddə metamfetamin, qalıq sayı 9 ədəd təşkil edən MDMA həbi, qalıq sayı 29 ədəd təşkil edən preqabalin həbi və qalıq çəkisi 5,777 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd “Samsung A13” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılsın, 2 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 137 (yüz otuz yeddi) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əli Məmmədov Hakimlər Azad Məcidov Səbinə Məmmədzadə
Məhkəmə qərarları › İş №1(101)-883/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-883/2023
11.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver