Məhkəmə qərarları › İş №1(101)-884/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-884/2020

24.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-884/2020 24.09.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən),Qəribov Fikrət Atlıxan oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, müdafiəçi, Bakı şəhəri 14 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2, onların və digər zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 nümayəndəsi, fərdi fəaliyyət göstərən vəkil X3 iştirakları ilə, xx xxxx 1965-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-3.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs şəxsləri aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cəlb edərək insan alveri məqsədi ilə zərərçəkmiş şəxsin pasportunu götürüb saxlamaqla iki və daha artıq şəxs barəsində təkrarən insan alveri cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2016-cı ilin oktyabr ayının əvvəllərində ünvan 2 ünvanında kirayədə yaşayan Zərərçəkmiş şəxs1 ilə "Whatsapp" ani mesajlaşma mübadilə sistemindən əlaqə saxlayaraq X2 Dubay şəhərində iş təşkil edəcəyini vəd edib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs1 razılığını bildirdikdən sonra Təqsirləndirilən şəxs təşkil etdiyi təyyarə bileti və viza vasitəsilə xx xxxxxxx 2016-cı il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı hava limanından keçməklə Dubay şəhərinə getmiş, sonuncu Zərərçəkmiş şəxs1 qarşılayıb kirayədə yaşadığı mənzildə yerləşdirdikdən sonra ona məxsus ümumvətəndaş pasportunu insan alveri məqsədi ilə götürüb özündə saxlamaqla xx xxxxxxx 2016-cı il tarixdən xx xxxxxxx 2016-cı il tarixədək həmin şəhərdə yerləşən istintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə insan alveri cinayətini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən 2018-ci ilin mart ayının ortalarında ünvan 3 ünvanında kirayədə yaşayan Zərərçəkmiş şəxs2 ilə "Whatsapp" ani mesajlaşma mübadilə sistemindən əlaqə saxlayaraq X2 Dubay şəhərində iş təşkil edəcəyini vəd edib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs2 razılığını bildirdikdən sonra Təqsirləndirilən şəxs təşkil etdiyi təyyarə bileti və viza vasitəsilə xx xxxx 2018-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı hava limanından keçməklə Dubay şəhərinə getmiş, sonuncu Zərərçəkmiş şəxs2 qarşılayıb kirayədə yaşadığı mənzildə yerləşdirdikdən sonra ona məxsus ümumvətəndaş pasportunu insan alveri məqsədi ilə götürüb özündə saxlamaqla xx xxxx 2018-ci il tarixdən xx xxxxx 2018-ci il tarixədək həmin şəhərdə yerləşən istintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasmı təşkil edərək cinsi istismar etməklə təkrarən iki şəxs barəsində insan alveri cinayətini törətmişdir. Həmçinin, Təqsirləndirilən şəxs təkrarən 2018-ci ilin mart ayının ortalarında Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Yavər Səfərov küçəsində yeni tikililərdə kirayədə yaşayan Zərərçəkmiş şəxs4 ilə “Whatsapp" ani mesajlaşma mübadilə sistemindən əlaqə saxlayaraq X2 Dubay şəhərində iş təşkil edəcəyini vəd edib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasmm dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs4 razılığını bildirdikdən sonra Təqsirləndirilən şəxs təşkil etdiyi təyyarə bileti və viza vasitəsilə xx xxxx 2018-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı hava limanından keçməklə Dubay şəhərinə getmiş, sonuncu Zərərçəkmiş şəxs4 qarşılayıb kirayədə yaşadığı mənzildə yerləşdirdikdən sonra qeydiyyata salmaq adı ilə ona məxsus ümumvətəndaş pasportunu insan alveri məqsədi ilə götürüb özündə saxlamaqla xx xxxx 2018-ci il tarixdən xx xxxxx 2018-ci il tarixədək həmin şəhərdə yerləşən istintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə təkrarən iki və daha artıq şəxs barəsində insan alveri cinayətini törətmişdir. Eləcə də, Təqsirləndirilən şəxs təkrarən 2018-ci ilin mart ayının ortalarında Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Yavər Səfərov küçəsində yeni tikililərdə kirayədə yaşayan Zərərçəkmiş şəxs3 ilə "Whatsapp" ani mesajlaşma mübadilə sistemindən əlaqə saxlayaraq X2 Dubay şəhərində iş təşkil edəcəyini vəd edib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs3 razılığını bildirdikdən sonra Təqsirləndirilən şəxs təşkil etdiyi təyyarə bileti və viza vasitəsilə xx xxxx 2018-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı hava limanından keçməklə Dubay şəhərinə getmiş, sonuncu Zərərçəkmiş şəxs3 qarşılayıb kirayədə yaşadığı mənzildə yerləşdirdikdən sonra qeydiyyata salmaq adı ilə ona məxsus ümumvətəndaş pasportunu insan alveri məqsədi ilə götürüb özündə saxlamaqla xx xxxx 2018-ci il tarixdən xx xxxxx 2018-ci il tarixədək həmin şəhərdə yerləşən istintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə təkrarən iki və daha artıq şəxs barəsində insan alveri cinayətini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-3.4-cü maddələri ilə elan edilmiş ittihamda təqsirli bilmədi və ifadəsində göstərdi ki, o, 1965-ci ildə Bakı şəhərində anadan olmuşdur. Rəsmi olaraq həyat yoldaşından ayrılmışdır. 1 qızı və 1 oğlu vardır, qızı ailəlidir. Oğlu isə vərəm xəstəliyindən əziyyət çəkir. O, orta təhsillidir, 1990-1991-ci illərdə müxtəlif ticarət obyektlərində satıcı-kassir işləmiş, sonradan xırda ticarətlə məşğul olmuşdur. Belə ki, Dubay şəhərindən müxtəlif parfümeriya məhuslları gətirib Azərbaycanda satmışdır. Onun zərərçəkmiş şəxslərlə heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Zərərçəkmiş şəxslərin hər birini tanısa da, o, həmin şəxsləri Dubay şəhərinə aparmamışdır. Zərərçəkmiş şəxslər olan Bənövşə, Əfsanə və Zərərçəkmiş şəxs2 ilə bağlı ona elan edilmiş ittiham üzrə ilk öncə qeyd edir ki, o, həmin şəxsləri əvvəllər tanımamışdır. Həmin qadınları o, Rəna adlı tanışının oğlu Rauf vasitəsilə tanımışdır. O, Dubay şəhərində kirayədə qalmışdır. Həmin mənzili o, Raufdan kirayə götürmüşdür. Həmin mənzilin kirayə qiyməti 1800 ABŞ dolları olmuşdur. O, Raufa oğlunun xəstə olduğunu, onu müalicə etdirməli olduğunu və həmin mənzilin kirayə haqqını ödəməyə maddi imkanının olmadığını demişdir. Rauf ona mənzilin kirayə qiymətini aşağı sala bilməsə də, mənzildə başqa qadınların qalması üçün razılıq verəcəyi halda həmin qadınların onun ödədiyi kirayə pulunun yarısını bölüşüb ödəyəcəklərini, bununla da onun maddi yükünün azalacağını bildirmişdir. O, Raufa mənzildə onunla birlikdə başqa qadınların da qalmasına etiraz etməmişdir. Rauf həmin qadınların da azərbaycanlı olduğunu, anası Rənanın həmin qadınları Bakıdan göndərdiyini bildirmişdir. Beləliklə, Rauf Zərərçəkmiş şəxs2, Bənövşəni və Əfsanəni onun yaşadığı mənzilə gətirmişdir. Həmin qadınlar, xüsusilə də Bənövşə içəri daxil olan andan səs-küy və qalmaqal yaratmağa başlamışdır. Həmin vaxt mənzildə onun Bakıdan dostu olan Mustafa adlı şəxs qonağı olmuşdur. Qadınlar səs-küy saldıqlarına görə o, həmin qadınlardan birgəyaşayış və etik qaydalara riayət etməyi tələb etmişdir. Bənövşə adlı qadın çox həyasız qadın olmuşdur. Bənövşə öz bacısı qızı ilə kişilər kimi söyüşlə danışmış və içki içmişlər. Həmin qadınları Dubay hava limanında o və Mustafa qarşılamamışdır. Zərərçəkmiş şəxslərin bu barədə verdikləri ifadə tamamilə yalandır. X8 vasitəsilə gəlmişlər, onun həmin qadınların Dubaya gəlməsində heç bir iştirakı olmamışdır. Həmin qadınlar Dubaya əxlaqsızlıqla məşğul olmaq üçün gəlmişlər. Çünki Rauf onlara həmin binada digər bir mənzildə ayrıca ev tutaraq fahişəliklə məşğul olmaq üçün şərait yaratmışdır. Həmin qadınlar fahişəliklə məşğul olub onun ödədiyi ev puluna köməklik etməli imişlər. Onların fahişəliklə məşğul olmasını o, təşkil etməmişdir. Qadınlar onun, Raufun və oğlunun yaşadığı mənzildə fahişəliklə məşğul olmamışlar. Zərərçəkmiş şəxslərin guya onlara məxsus pasportları onun zorla alması ilə bağlı dedikləri də tamamilə yalandır. Çünki Dubayda kiminsə küçədə pasportsuz gəzməsi mümkünsüzdür. Həmin qadınların pasportu özlərində olmuşdur. O, həmin qadınları bara və digər əyləncə mərkəzlərinə aparmamışdır. Bundan başqa Mustafa özü ali təhsilli, vəzifəli şəxsdir. Mustafa zərərçəkmiş şəxslərə hədə-qorxu gəlməmişdir. Bundan əlavə olaraq o, həmin zərərçəkmiş şəxsləri Mustafa vasitəsilə qorxutmamışdır. Onun həmin qadınlarla bağlı etdiyi tək şey onların Dubaya gəlməsi üçün biletin və vizanın təşkil edilməsi olmuşdur. Belə ki, həmin qadınların Dubaya gəlməsi üçün gediş-gəliş bileti və vizası bir nəfər üçün 380 ABŞ dollarına başa gəlmişdir. O, Bakıdakı Cəmilə adlı turizm agentliyində işləyən xanıma zəng edərək həmin qadınlara bilet və viza təşkil etməyi xahiş etmişdir. Həmin biletin pulu indi də həmin Cəmilə xanıma ödənilməmişdir və buna görə o, Cəmilə xanıma borclu qalmışdır. Həmin qadınlardan yalnız Aytəkin 100 dollar viza pulunu ödəmişdir. Digər zərərçəkmiş şəxslər ona biletin və vizanın pulunu ödəməmişlər. Zərərçəkmiş şəxs1 2016-cı ildən “Facebook” sosial şəbəkəsinin vasitəsilə tanımışdır. Onun Aytəkinlə çox yaxın və çox mehriban münasibətləri olmuşdur. Aytəkin Türkiyədə yaşamışdır. Aytəkin bir dəfə “Facebook”da onunla mesajlaşarkən ona Dubay şəhərinə gəzməyə gəlmək istədiyini billdirmişdir. O, Aytəkinə Dubaya gələ biləcəyini demiş, Aytəkin ona Dubaya gəlmək üçün bilet və viza şərtləri ilə maraqlanacağını və Dubaya gələcəyini bildirmişdir. Sonra Zərərçəkmiş şəxs1 ona mesaj yazaraq biletin çox baha olmasını, viza alınmasında çətinlik çəkdiyini demiş, o, Aytəkinə Bakı şəhərində bir turizm ofisində Cəmilə adlı tanışının olduğunu, Cəmilənin onu tanıdığını, ona biletin alınmasında və vizanın götürülməsində köməklik edəcəyini, onun Aytəkinə bu işdə zamin dura biləcəyini bildirmişdir. O, Cəmilə adlı Bakıda turizm ofisində işləyən xanıma zəng etmiş və Zərərçəkmiş şəxs1 bilet alınmasında və viza verilməsində köməklik etməyini ondan xahiş etmişdir. Beləliklə, Aytəkin Dubay şəhərinə, onun yaşadığı evə gəlmişdir. Amma Aytəkin ona Dubaya rəfiqəsi Xəyalə adlı qadınla gəlmişdir. O, Aytəkindən Dubayda qaldığı müddətdə yalnız ev kirayəsi pulunu və internet xidmətinə görə pul almışdır. Aytəkinin Dubaya gələndə pulu olmamışdır. Hətta o, Aytəkinin anasının adına 400 ABŞ dolları pul da vermişdir. Çünki Aytəkin bankdan kreditlə ev götürmüş və ona görə Bakıda banka pul ödəməli olmuşdur. Bundan sonra səhərisi gün o bilmişdir ki, Aytəkin və Xəyalənin Türkiyədə sevgilisi vardır, onlar Türkiyədə onlarla dalaşıb Dubay şəhərinə gəlmişlər. O, həmin qadınlara hətta buna görə etiraz da etmişdir. Elə həmin gün X5 dostunun olduğunu, onunla otelə gedəcəyini bildirib getmişdir. Aytəkin onun Dubaydakı evində cəmi 1 həftə qalmışdır. Aytəkin ona buna görə cəmi 200 ABŞ dolları pul vermişdir. Aytəkinin sonradan hara getməsini bilməmişdir. O, Zərərçəkmiş şəxs1 Dubayda ərəb və digər kişilərlə cinsi əlaqədə olmağa, bunun müqabilində ona pul verməyə məcbur etməmişdir. Bu barədə ittihamda yazılanlar tamamilə yalandır. X6 İdarəsində psixoloji təhdidlər olunduğuna görə Aytəkin ona qarşı ifadə verərərk guya onun Aytəkini insan alveri cinayətində, yəni pul müqabilində kişilərlə cinsi əlaqədə olmağa məcbur etməyilə bağlı yalan ifadə vermişdir. O, nəinki Zərərçəkmiş şəxs1, eyni zamanda zərərçəkmiş şəxs kimi tanınmış digər şəxsləri də fahişəliyə məcbur etməmişdir. Zərərçəkmiş şəxs2 məhkəmədə ifadəsində göstərdi ki, o, 2018-ci ilin mart ayının 3ü tarixində dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Türkiyənin Dənizli şəhərinə getmişdir. Xatırlamadığı tanışlarından biri ona Təqsirləndirilən şəxs istifadə etdiyi "Facebook" profilini vermiş və bildirmişdir ki, həmin qadın Dubayda yaşayır. Xatirə onun Türkiyənin Dənizli şəhərində restoranda işlədiyini bildikdən sonra onu öz yanına, Dubaya çağırmış və bildirmişdir ki, Dubayda qızıl ticarəti ilə məşğul olur. xx xxxx 2018-ci il tarixdə Azərbaycana gəlmiş, Xatirə ilə istifadə etdiyi Dubay nömrəsinin "Whatsapp"ı ilə yazışmış, Xatirə bildirmişdir ki, Dubaya getmək üçün ona vizanı, bileti Xatirə həll edəcəkdir, o, 2018-ci ilin mart ayının sonlarında Xatirəyə razılıq vermiş, Xatirə Dubaya getmək üçün ona vizanı həll etmiş və bildirmişdir ki, xx xxxx 2018-ci il tarixdə Dubaya uçmaq üçün ona onlayn təyyarə bileti sifariş etmişdir. Xatirə dediyi kimi o, xx xxxx 2018-ci il tarixdə gecə yarısı Bakıdan Dubaya uçmuş, Dubay hava limanında Xatirə onu Mustafa adlı şəxslə birlikdə qarşılamış, onunla Dubaya uçan təyyarədə olan əvvəllər tanımadığı iki nəfər Bənövşə və Əfsanə adlı qadınları da Xatirə qarşılamışdır. O, Xatirənin apardığı bina evində yerləşən mənzilə getmiş, hava limanında Mustafa onlardan ayrılmış və ona məlum olmayan yerə getmişdir. O, mənzildə yerləşdikdən sonra Xatirənin ona məxsus pasportuna baxdığını görmüş, nə etdiyini soruşduqda pasportunu götürüb özü ilə aparmışdır. Xatirə qayıtdıqdan sonra bildirmişdir ki, Mustafa ilə birlikdə Dubayda qadın işinə baxmışlar, yəni qadınları fahişəliyə cəlb etmiş, onu və Bənövşə ilə Əfsanəni də məhz buna görə Dubaya çağırmışlar. Xatirənin onu aldatdığını görüb qeyd etmişdir ki, pasportunu qaytarsın, Bakıya qayıdacaqdır. Xatirə isə onu sinəsindən itələyib bildirmişdir ki, ağlını başına yığsın, pasportu Xatirədədir, onun Dubaya gəlməsi üçün yol və viza xərcləri çəkmişdir, həmin pulu qaytarmamış heç bir yerə gedə bilməz, lazım olsa Mustafa da onu vəhşicəsinə döyər. Xatirə hər dəfə ona və Bənövşəgilə Mustafa ilə hədə-qorxu gəlmişdir. Xatirədən nə qədər pul borcunun olduğunu soruşanda, Xatirə qeyd etmişdir ki, 1000 ABŞ dolları pulu qaytarmalıdır. O, çarəsizlikdən razılıq verməli olmuşdur. Xatirə onu və digər iki qadınları gecə klublarına aparmış, orada Xatirə özü üçün ayrılmış masada əyləşib müştərilərinə təqdim etmişdir. İlk dəfə Dubayda olduğu üçün, daha sonralar da Dubaya getmədiyi üçün getdikləri yerin hara olduğunu bilməmişdir. Gün ərzində Xatirə onu 7-8 nəfərlə cinsi əlaqədə olmaq üçün görüşdürmüşdür. Bir aya yaxın hər gün Xatirə tərəfindən istismar edilmiş, həyatından bezdiyi üçün Xatirəyə bildirmişdir ki, onu Azərbaycana buraxsın, əks halda özünə hər bir şey edə biləcəkdir. Xatirə onun pasportunu qaytarmış, Xatirənin verdiyi xırda pulla taksi avtomobillərindən birinə əyləşib hava limanına getmiş və xx xxxxx 2018-ci il tarixdə təkbaşına Bakıya qayıtmışdır. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Zərərçəkmiş şəxs2 bildirdi ki, gün ərzində müştərilərin onlara cinsi əlaqə müqabilində verdiyi pulları Xatirə almış, onlara bunun müqabilində pul verməmişdir. Onların biletləri 1 aylıq olmuşdur və həm gediş, həm də gəliş üçün nəzərdə tutulmuşdur, onun biletinin vaxtı bitəndə o, qayıdıb Azərbaycana gəlmişdir. Onlar Xatirəyə onları azad etmələri üçün çox yalvarmışlar, amma Xatirə onları qorxudaraq onların borclarını ödəməli olduqlarını bildirmiş və onları kişilərlə cinsi əlaqəda olmağa məcbur etmişdir. Digər zərərçəkmiş şəxslərdən biri hətta Xatirənin hədəqorxularından, kişilərlə münasibətdə olmasından bezib özünü öldürməyə də cəhd etmişdir. O, təqsirləndirilən şəxslə barışmamış və ondan şikayətçidir. Tələb edir ki, Xatirə qanunun ən ağır cəzası ilə cəzalandırılsın. Zərərçəkmiş şəxs4 məhkəmədə ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 2018ci ilin fevral ayının sonlarından tanıyır. Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsində işlədiyi kafeyə müştəri kimi gələn qadın Xatirənin nömrəsini ona vermişdir. Bir neçə gün sonra Xatirənin həmin nömrəsinin "Whatsapp" hesabına səsli mesaj göndərərək özünü təqdim etmiş və iş lazım olduğunu bildirmişdir. Telefona cavab verən Xatirə ondan pasportu barədə maraqlanmışdır. Xatirə özü ona nömrəsini verərkən onun gündəlik kafedə neçəyə işlədiyini soruşanda o, Xatirəyə gündəlik 10 manat aldığını bildirmişdir. Xatirə isə onun bu pula qul kimi işlədiyini bildirmiş və ona Dubayda yüksək gəlirli, daha az əziyyət çəkəcəyi qızıl işi təklif etmişdir. Bir müddət sonra onunla əlaqə saxlayıb ona iş təşkili barədə məlumat verəcəyini qeyd etmişdir. Bacısı qızı Zərərçəkmiş şəxs3 həmin ərəfələr onunla bir ünvanda yaşamışdır. Onun anası yaşlı qadın olmuşdur və anası rayonda onun övladına baxmışdır. O, Əfsanəyə bu barədə bildirmiş, Əfsanə da Xatirə ilə danışmaq istədiyini qeyd etmişdir. Xatirə qeyd etmişdir ki, Dubaya girməyə viza və bilet təşkil edəcəkdir. Xatirə 2018-ci ilin mart ayının ortalarında onunla əlaqə saxlayaraq bildirmişdir ki, Əfsanə ilə birlikdə pasportlarını götürüb Bakı hava limanına yaxınlaşsınlar, onlar xx xxxx 2018-ci il tarixdə Dubaya uçacaqlar. Onlar qeyd edilən tarixdə Bakı hava limanından keçməklə Dubay hava limanına uçmuşlar. Xatirə onları qarşılamış, yanında Mustafa adlı şəxs də olmuşdur. Aytəkin adlı qadın da Xatirəyə yaxınlaşmışdır. Xatirə onları Dubayın tanımadığı yerində yerləşən bina evindəki mənzilə aparmışdır. Mustafa onlardan ayrılmış, sonradan bir daha Mustafanı görməmişlər. Mənzilə çatdıqda Xatirə bildirmişdir ki, onların pasportlarını götürəcək, onlara Dubayda qalmaq üçün icazə alacaqdır. Bir qədər sonra Xatirə ona və Əfsanəyə bildirmişdir ki, Dubayda qadın işinə baxır, yəni qadınları fahişəliyə cəlb edir, onlar birlikdə kluba gedəcəklər. O, Xatirəyə etiraz etmiş, Xatirə əsəbiləşib qışqıra-qışqıra bildirmişdir ki, əri Mustafa ilə bu işə baxırlar, onları döydürə, küçəyə atdıra bilər, Dubayda uzun müddətdir ki, qalır, əlaqələri var, onları polisə tutdurub Dubay həbsxanalarında çürüdə bilər. Bundan sonra onlar etiraz edə bilməmişlər. Həmin gündən Xatirə onları müxtəlif klublara aparmış, orada kişilərlə deyib-güldükdən sonra Xatirənin ortadan pərdə çəkilmiş otağında cinsi əlaqədə olmaq üçün göndərmişdir. Xatirə onu və Əfsanəni gün ərzində 8-9 nəfərlə cinsi əlaqədə olmağa məcbur etmiş, onlar etiraz etdikdə isə onlara qeyri-insani davranmışdır. O, 20 gün Xatirə tərəfindən istismar olunmuş, müştərilər onlaradan narazı olmuş, buna görə də Xatirəyə bildimişlər ki, artıq borclarını ödəmişlər. Xatirə də cavabında qeyd etmişdir ki, onlar xeyir verə bilmirlər, çıxıb gedə bilərlər. Xatirənin təşkil etdiyi biletlə də xx xxxxx 2018-ci il tarixdə Bakıya gəlmişlər. Onun bacısı qızı Bənövşə orada Xatirənin Bənövşəni istismar etməsi nəticəsində hətta ağır qadın xəstəliyinə də düçar olmuşdur. Xatirə onlara o qədər psixoloji, fiziki əzablar vermişdir ki, o, hadisələrin üzərindən 2 il keçməsinə baxmayaraq yenə də özünə gələ bilməmişdir.O, hətta orada özünü öldürməyə də cəhd etmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Zərərçəkmiş şəxs4 bildirdi ki, onun və digər zərərçəkmiş şəxslərin xarici pasportunu Xatirə onlardan almış və qaytarmamışdır. Xatirə onlara o qədər hədə-qorxu gəlmişdir ki, onun polisə müraciət etmək heç ağlına da gəlməmişdir. O, həmin ölkənin dilini bilmədiyinə görə orada hansısa dövlət, hüquqmühafizə orqanına müraciət etmək imkanları çox məhdud olmuşdur. Xatirə borc deyəndə onların oraya getmələri üçün olan biletin pulunu, orada qalacaqları, kommunal xərcləri nəzərdə tutmuşdur. Xatirə onun müştərilərlə görüşməyinin müqabilində onlara pul verməmişdir. Pulların hamısı Xatirəyə verilmiş, o, isə pulun harada saxlandığını bilməmişdir. O, Xatirəni bağışlamır. Zərərçəkmiş şəxs3 məhkəmədə ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs təxminən 2018-ci ilin fevral ayının sonlarından tanıyır. Belə ki, həmin ərəfələr xalası Zərərçəkmiş şəxs4 ilə sonuncunun kirayə yaşadığı NZS qəsəbəsində yerləşən mənzildə qalmış, xalası ilə həmin qəsəbədə bir kafedə işləmişlər. Bir gün Bənövşə Xatirə barəsində ona bildirərək demişdir ki, Xatirə xalası ilə “Whatsapp” vasitəsilə danışmış və Xatirə xalasını işləmək üçün Dubaya dəvət etmişdir. O da Bənövşəni tək buraxmamaq üçün Xatirə ilə danışıb onun yanına birlikdə getməyi bildirmişdir. Bənövşənin telefonu ilə Xatirəyə zəng etmiş və onunla görüntülü danışdıqdan sonra Xatirə bildirmişdir ki, əgər iki nəfər gəlirlərsə onlar üçün Dubaya girməyə viza və bilet təşkil edəcəkdir. 2018-ci ilin mart ayının ortalarında Xatirə Bənövşə ilə əlaqə saxlayaraq bildirmişdir ki, birlikdə Bakı hava limanından Dubaya uçacacaqlar, xx xxxx 2018-ci il tarixdə Bakı hava limanında olmalıdırlar. Həmin tarixdə Bənövşə ilə Dubaya uçmuşlar. Hava limanında onları Xatirə qarşılamışdır. Xatirənin yanında əri kimi təqdim etdiyi Mustafa adlı şəxs də olmuşdur. Sonradan onlara məlum olmuşdur ki, Aytəkin adlı qadın da Xatirənin yanına gəlmişdir. Xatirə onları, yəni onu, Bənövşəni və Aytəkini bina evindəki mənzilinə aparmışdır. Mustafa isə onlardan ayrılıb ona məlum olmayan yerə getmişdir. Sonradan bir daha Mustafanı görməmişlər. Mənzilə çatdıqda Xatirə bildirmişdir ki, onlara Dubayda qalmaq üçün icazə almalıdır, buna görə də onların pasportları Xatirəyə lazımdır. Pasportlarını Xatirəyə verdikdən sonra, Xatirə bildirmişdir ki, Dubayda qadınları fahişəliyə cəlb edir, onunla birlikdə klublara gedəcəklər. O və Bənövşə Xatirəyə bildirmişlər ki, fahişəliklə məşğul olmağa gəlməmişlər, Xatirə isə cavabında qışqıra-qışqıra bildirmişdir ki, yad ölkədə, Mustafa ilə məhz bu işə baxırlar, elə etməsinlər ki, onları döydürsün, tanınmaz hala saldırsın, ardınca da küçəyə atdırıb Dubay polisinə tutdursun. Çarəsiz vəziyyətə düşmüş, Xatirədən qorxmağa başlamışlar. Buna görə də ona etiraz edə bilməmişlər. Həmin gündən Xatirə onları müxtəlif klublara aparmış, orada kişilərlə olan masalarda əyləşdirib müştərilərlə öz dillərində danışmış, daha sonra onlara işarə vermişdir ki, həmin şəxslərlə getsinlər. Xatirənin müştəriləri onlarla cinsi əlaqədə olduqdan sonra yenidən Xatirənin yanına qayıtmışlar. Bəzən elə olmuşdur ki, Xatirə onu və Bənövşəni gün ərzində 4-5 nəfərlə cinsi əlaqədə olmağa məcbur etmişdir. O, etiraz etdikdə isə Xatirə Mustafa ilə onlara hədə-qorxu gəlmiş, hətta bir-iki dəfə sillə ilə vurmuşdur. Təxminən 20 gün Xatirə tərəfindən istismar olunmuşdur. Heç bir zaman fahişəliklə məşğul olmadığı üçün Xatirənin müştərilərini razı sala bilməmişdir. Xatirəyə bildirmişlər ki, artıq onun borcunu ödəmiş olarlar. Xatirə də cavabında qeyd etmişdir ki, onsuz da ona xeyir verə bilmirlər, rədd olub getsinlər. Bundan sonra Xatirə onları Dubay hava limanına aparmış, onları oradan Bakıya yola salmaq istəyərkən, o, Xatirəyə demişdir ki, onlara bir qədər pul versin. Xatirə isə onlara heç bir şey verməmişdir. Çarəsiz qaldığından Xatirənin təşkil etdiyi biletlə xx xxxxx 2018-ci il tarixdə Bakıya gəlmişlər. Aytəkin isə Xatirəgillə qalmışdır. O, Təqsirləndirilən şəxs ilə barışmamışdır. Ondan şikayətçidir, xahiş edir ki, Xatirə ən ağır cəza ilə cəzalandırılsın. Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq olunan ifadəsində göstərmişdir ki, o, 2015-ci ildən Türkiyə Respublikasının Dənizli şəhərinə işləmək üçün gedib-gəlmiş, həmin şəhərdə daimi olraq bir restoranda xidmətçi, daha sonra inzibatçı işləmişdir. 2016-cı ilin sentyabr ayının əvvəllərində yenidən işləmək üçün Dənizli şəhərinə getmiş, həmin şəhərdə olarkən istifadə etdiyi "Facebook" profilində Təqsirləndirilən şəxs ilə tanış olmuş, "Facebook Messenger" vasitəsilə danışmağa başlamış, sonuncunun Dubayda yaşadığını, orada işlədiyini bilmişdir. Xatirə ondan işini soruşanda, o, restoranda, daha dəqiq türklərin dili ilə deyilməsinə görə "qazino"da işlədiyini, gələn müştərilərlə içki içməklə pul qazandığını bildirmişdir. Xatirə həmin vaxt ona bildirmişdir ki, əgər onun yanına gəlsə Dubayda tanıdığı "qazino"larda onun üçün iş tapar, Dubaydakı “qazino”ların Türkiyədəkindən fərqi odur ki, Dubayda işləməklə daha çox pul qazanmaq olacaqdır, ona yaxşılıq etmək istəyir. O, düşünmüşdür ki, yəqin Xatirə düzgün informasiya verir və qərara gəlmişdir ki, ona razılıq versin. Sosial şəbəkədə danışarkən Xatirə ona vizasını, təyyarə biletini özü təşkil edəcəyinə söz vermiş, onun sadəcə Xatirəyə razılıq verməli olduğunu demişdir. xx xxxxxxxx 2016-cı il tarixdə yaşadığı ünvan 4 ünvanına gəlmişdir. Orada da Xatirənin onu aldatmayacağına əmin olmaq üçün bir müddət Xatirə ilə danışmışdır. Xatirə də onun Dubaya gedəcəyi təqdirdə hər şeyin yaxşı olacağına, bir daha Türkiyəyə getmək istəməyəcəyinə onu inandırmışdır. 2016-cı ilin oktyabr ayının əvvəllərində yaşadığı ünvanda olarkən Xatirəyə razılığını vermişdir. Xatirə özü Dubayda olmuş, ona demişdir ki, onun vizasını və biletini özü təşkil edəcək, sadəcə o, pasportu ilə hava limanına yaxınlaşmalıdır. O, “Facebook”da danışarkən Xatirə onun şəkillərini görmüş və onu xarici görünüşcə tanımışdır. xx xxxxxxx 2016-cı il tarixdə dövlət sərhədini Bakı hava limanından keçməklə Dubaya uçmuşdur. Dubay hava limanında Xatirə özü onu qarşılamış və taksi avtomobili ilə onu ünvanını bilmədiyi bina evində yerləşən mənzilə aparmış, mənzildə Xatirə tək qalmış, mənzildə yerləşdikdən sonra bir neçə saatlıq işi olduğunu bildirmiş və çıxıb getmişdir. Xatirə bir neçə saat sonra qayıtdıqda qeyd etmişdir ki, onun işi müştərilərlə görüşmək olacaq, yəni fahişəliklə məşğul olacaq, buna görə də Türkiyədə qazandığı pulun qat-qat çoxunu qazanacaqdır. O, Xatirəyə etiraz etmiş, bildirmişdir ki, əgər belə idisə ona bu barədə əvvəlcədən bildirməli idi, çünki onun fahişəliklə məşğul olmaq fikri olmamışdır. Xatirə onun üçün pul xərclədiyini, Dubaya gətizdirdiyini, həmin pulu qaytarmalı olduğunu, fahişəliklə məşğul olmaqdan başqa çıxış yolunun olmadığını ona bildirmişdir. Xatirəyə onu geri qaytarmağı, fahişəliklə məşğul olmaq istəməməsi fikirlərinə cavab olaraq Xatirə onun əl çantasını almış və oradan pasportunu götürərək bildirmişdir ki, heç bir yerə gedə bilməyəcəkdir. O, ağlamağa başlamış, Xatirə isə buna fikir verməmişdir. Xatirə ona özünün Dubay polisində işləyən sevgilisi olduğunu, problem yaratsa başına oyun açacağını bildirmişdir. Həmin gün axşam saatlarında Xatirə evə kişilər çağırmağa başlamış, kişilərlə özü danışmış, onunla bir otağa salmış, müştəri onunla cinsi əlaqədə olduqdan sonra da pulu özünə götürmüşdür. Bir həftə bu qaydada, Xatirə gün ərzində onu 2-3 nəfər müştərisinə təqdim etmiş, pulları da özünə götürmüşdür. Xatirənin onu istismar etdiyini görüb evdən qaçmağa qərar vermişdir. Xatirənin qaldığı yer avtomagistralın kənarında olmuş, o, evdən çıxaraq yola tərəf qaçmışdır. Onu da qeyd edir ki, Xatirə daimi olaraq evdə olmuş, bütün işləri telefonla idarə etmişdir. O, evdən çıxdıqda Xatirə də arxası ilə gəlmişdir. Xatirə artıq onun həyatından bezdiyini görmüşdür. O, küçənin ortasında Xatirədən onun pasportunu və sənədlərini qaytarmağı, onu Azərbaycana yola salmağı tələb etmiş, əks halda əlindən hər bir iş gələ biləcəyini demişdir. Xatirə onun inad etdiyini görüb onu evə gətirmiş, əl çantasını və orada olan pasportunu qaytarmış, ona üzərində ərəbcə sözlər yazılmış sənəd vermiş və ona Dubay hava limanına getməsini, orada hava limanı işçilərinə göstərməsini, onu yola salacaqlarını demişdir. Bununla da o, Xatirədən canını qurtara bilmişdir. O, xx xxxxxxx 2016-cı il tarixdə dövlət sərhədini Bakı hava limanından keçməklə Azərbaycana gəlmişdir(cild 1, iş vərəqi 48-51). Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin) ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və sənədləri də sübut növləri kimi qəbul edir. İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs4 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs onu aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə cəlb etdiyini, habelə istintaqa verdiyi ifadəsini onun üzünə bir daha təsdiq etmişdir (cild 1, iş vərəqi 141- 144). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs3 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs onu aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə cəlb etdiyini, habelə istintaqa verdiyi ifadəsini onun üzünə bir daha təsdiq etmişdir (cild 1, iş vərəqi 141- 147). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs onu aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə cəlb etdiyini, habelə istintaqa verdiyi ifadəsini onun üzünə bir daha təsdiq etmişdir (cild 1, iş vərəqi 148- 151). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs onu aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə cəlb etdiyini, habelə istintaqa verdiyi ifadəsini onun üzünə bir daha təsdiq etmişdir (cild 1, iş vərəqi 181- 184). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş DİN İAMAS-dan götürülmüş MAPS-uçot xəritələrinə baxış keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 xx xxxxxxx 2016-cı il tarixdə saat 06:39 dəqiqədə “C01185210” nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı hava limanından keçməklə Dubay istiqamətində Respublikanı tərk etmiş, xx xxxxxxx 2016-cı il tarixdə saat 06:53 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı hava limanından keçməklə Dubay istiqamətindən ölkəyə daxil olmuşdur. Zərərçəkmiş şəxs2 xx xxxx 2018-ci il tarixdə saat 06:17 dəqiqədə “C00893395” nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı hava limanından keçməklə Respublikanı Dubay istiqamətində tərk etmiş, xx xxxxx 2018-ci il tarixdə saat 16:42 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı hava limanından keçməklə ölkəyə Dubay istiqamətindən daxil olmuşdur. Zərərçəkmiş şəxs3 xx xxxx 2018ci il tarixdə saat 06:17 dəqiqədə “P3812451” nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı hava limanından keçməklə Respublikanı Dubay istiqamətində tərk etmiş, xx xxxxx 2018-ci il tarixdə saat 06:02 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı hava limanından keçməklə Dubay istiqamətindən ölkəyə daxil olmuşdur. Zərərçəkmiş şəxs4 xx xxxx 2018-ci il tarixdə saat 06:18 dəqiqədə “C01857973” nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasmm dövlət sərhədini Bakı hava limanından keçməklə Respublikanı Dubay istiqamətində tərk etmiş, xx xxxxx 2018-ci il tarixdə saat 06:02 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı hava limanından keçməklə ölkəyə Dubay istiqamətindən daxil olmuşdur. Təqsirləndirilən şəxs xx xxx 2014-cü il tarixdə saat 19:39 dəqiqədə “P3910898” nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarətburaxılış məntəqəsindən keçməklə Respublikanı tərk etmiş, xx xxxxxxx 2017-ci il tarixdə saat 09:03 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Xanoba nəzarət- buraxılış məntəqəsindən keçməklə ölkəyə daxil olmuşdur. Təqsirləndirilən şəxs xx xxxxxx 2018-ci il tarixdə saat 08:58 dəqiqədə “C01755380” nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı hava limanından keçməklə Respublikanı Sharjah istiqamətində tərk etmiş, xx xxxxxx 2018-ci il tarixdə saat 19:30 dəqiqədə "AA0148830" nömrəli qayıdış şəhadətnaməsindən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı hava limanından keçməklə ölkəyə Dubay istiqamətindən daxil olmuşdur (cild 1, iş vərəqi 96-97). İşdə olan xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, iş vərəqi 44). İşdə olan xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, iş vərəqi 58). İşdə olan xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, iş vərəqi 75). İşdə olan xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, iş vərəqi 88). İşdə olan sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, əməllərində cinayət tərkibinin əlamətləri olmadığından şəxsiyyətləri istintaqa məlum olmayan Rəna, Rauf, və Mustafa adlı şəxslər barəsində Azərbaycan Respublikası CM-in 144-1.2.5-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir (cild 1, iş vərəqi 190-200). Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 189). Təqsirləndirilən şəxs ifadələrində zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 Dubaya Raufun vasitəsilə gəlmələri, onun həmin qadınların Dubaya gəlməsində heç bir iştirakının olmaması, həmin qadınların Dubaya əxlaqsızlıqla məşğul olmaq üçün özlərinin gəlməsi, Raufun onlara ayrıca ev tutaraq fahişəliklə məşğul olmaq üçün şərait yaratması, həmin qadınların fahişəliklə məşğul olmasını onun təşkil etməməsi, zərərçəkmiş şəxslərə məxsus pasportları onun zorla almaması, onlara hədə-qorxu gəlməməsi barədə göstərdiklərinə məhkəmə tənqidi yanaşır, işin halları ilə uzlaşmadığından onları qəbul etmir və hesab edir ki, təqsirləndirilən şəxsin həmin ifadələri özünü müdafiə xarakteri daşımaqla ağır cinayət törətməyə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaq və cəzasını yüngülləşdirmək məqsədi daşıyır və özünün ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cəlb edərək insan alveri məqsədi ilə zərərçəkmiş şəxslərin pasportlarını götürüb saxlamaqla iki və daha artıq şəxs barəsində təkrarən insan alveri cinayətini törətməsi kifayət qədər sübuta yetirilir və onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4- 1 və 144-3.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddələrlə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Zərərçəkmiş şəxs1 məhkəmyə ərizə göndərərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərdən biri ilə barışmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə bütün bunları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 maddələrinin sanksiyasında səkkiz ildən on iki ilədək müddətə azalıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-3.4-cü maddəsinin sanksiyasında iki ildən dörd ilədək müddətə azalıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3 və 15.4-cü maddəsinə əsasən, bu cinayətlərdən biri ağır cinayətlər kateqoriyasına, digəri isə az ağır cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.3-cü maddəsinin tələblərinə görə cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllərdən biri ağır cinayətlər kateqoriyasına aid olduğundan o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmış, hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 137-138, 174-180). Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin yuxarıda qeyd edilən müddəlarını əsas tutaraq hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun həbsə alındığı xx xxxx 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. İş üzrə mülki iddia verilməmişdir, maddi sübut və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144- 1.2.2, 144-1.2.4-1 və 144-3.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və o, Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1-ci maddələrilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 144-3.4-cü maddəsilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə onun cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar