Məhkəmə qərarları › İş №1(101)-884/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-884/2021

04.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-884/2021 04.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 Ağalarovun sədrliyi ilə, hakimlər Eldar Əli oğlu Mikayılov və Siyavuş Həbib oğlu Hacıyevdən ibarət tərkibdə, məsləhətçi Turan Zakir qızı Qafarovanın katibliyi ilə, dövlət ittihamçıları: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı, X2, müdafiəçi: «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakı ilə xx xxxxxx 1980-ci ildə Şəmkir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, məhkumluğu ödənilmiş, Şəmkir şəhəri E.Hüseynov küçəsi, ev 19-da qeydiyyatda olmaqla yaşamış, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2, 182.2.3 və 182.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs hədə-qorxu ilə xeyli miqdarda əmlak tələb etmək məqsədi ilə tanışı «MedEra» Hospitalında tibb bacısı işləmiş Zərərçəkmiş şəxs1 iş yoldaşı Zərərçəkmiş şəxs2 ilə aralarında olan münasibətləri, sonuncunun həyat tərzi, iş rejimi, ailə tərkibi, telefon nömrələri barədə məlumat toplayaraq imkanlı və işgüzar nüfuza malik tanınmış həkim olmasını bilib, həmin məlumatlar və şəxsən özü ilə aralarında yaşanmış intim münasibətlərlə şantaj edərək özünü və ailəsini cəmiyyətdə, kollektivdə və ayrı-ayrı şəxslər arasında hörmət və nüfuzdan salan, şərəf və ləyaqətini ləkələyən, ictimai qınağa səbəb olub mənfi rəy formalaşdıran video və foto görüntülərini, səsyazmalarını internetin sosial şəbəkələrində yaymaq hədəsi ilə özündən asılı vəziyyətə saldığı Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2 zəng vuraraq aralarında yaşanmış münasibətləri barədə danışdırmaqla səsini yazmağa məcbur etmiş, daha sonra həmin səsyazmanı əlində rəhbər tutaraq vahid niyyətlə əhatə olunan qəsdlə 20000(iyirmi min) manat məbləğində xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə həkim-terapevt işlədiyi ünvan 1 ünvanında yerləşən «MedEra» Klinikasında olduğu müddətdə Zərərçəkmiş şəxs2 17 sentyabr 2020ci il tarixdə bir dəfə, 6 oktyabr 2020-ci il tarixdə üç dəfə və 10 oktyabr 2020-ci il tarixdə iki dəfə zəng vurub özünü kriminal aləmin nüfuzlu nümayəndəsi olan «Şəmkirli Anar» kimi təqdim edərək işçisi Zərərçəkmiş şəxs1 ilə onun arasında olan intim münasibətlərdən məlumatlı olmasını, həmin münasibətləri barədə iş yoldaşlarına, ailə üzvlərinə, işlədiyi klinikanın rəhbərliyinə, Zərərçəkmiş şəxs1 ərinə, ailə üzvlərinə və qohumlarına bildirməklə, özünü və ailəsini cəmiyyətdə, kollektivdə və ayrı-ayrı şəxslər arasında hörmət və nüfuzdan salan, şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən, ictimai qınağa səbəb olub mənfi rəy formalaşdıran, bu mövzuda aparılmış telefon danışıqlarının səsyazmalarını həmin şəxslərə göndərməklə onu rüsvay edəcəyi ilə şantaj edib, özünü, arvadı və qızını yatağından oğurlatdıraraq başlarına pislik gətirəcəyini deməklə özü və ailə üzvlərinin şəxsiyyəti üzərində zor göstərəcəyi ilə hədə-qorxu gələrək, 10 oktyabr 2020-ci il tarixdə saat 12:34-də Qədir Məmmədovun iş yerinə gələrək iş otağının qarşısında videoçəkiliş aparıb sonradan həmin videonu onun telefonuna göndərməklə, onunla ünsiyyətdən yayınmaq məqsədi ilə telefon zənglərinə cavab verməyən Qədir Məmmədova oradakı tibb personalına zəng vurduraraq telefon əlaqəsi yaradıb artıq arxasınca iş yerinə gəldiyini bildirməklə hədələrinin real olmasına inandıraraq ona 20000 (iyirmi min) manat məbləğində xeyli miqdarda nağd pul verməsini və tanışı Zərərçəkmiş şəxs1 ev almasını tələb etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən hədə-qorxu ilə xeyli miqdarda əmlak tələb etmək məqsədi ilə 2020-ci ilin fevral ayında tanış olaraq nigahdan kənar intim münasibət yaratdığı Zərərçəkmiş şəxs1 ilə aralarında yaşanmış cinsi aktlardan bir neçəsini mobil telefon cihazının videokamerası vasitəsi ilə gizlincə qeydə alaraq sonradan özünü və ailəsini cəmiyyətdə, kollektivdə və ayrı-ayrı şəxslər arasında hörmət və nüfuzdan salan, şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən, ictimai qınağa səbəb olub mənfi rəy formalaşdıran həmin videogörüntüləri internet üzərindən sosial şəbəkələr vasitəsi ilə yaymaqla və iş yoldaşlarına, qohumlarına, qonşularına, ailə üzvlərinə göndərməklə onu rüsvay edəcəyi ilə şantaj edib özündən asılı vəziyyətə salmaqla, onu bir neçə dəfə döyərək bədən xəsarətləri yetirməklə zor tədbiq edib, üzərində gəzdirdiyi və əsl odlu silah kimi təqdim etdiyi suvenir alışqan tapançanı dəfələrlə nümayiş edib itaətsizlik göstərəcəyi halda həmin tapança ilə onu öldürəcəyi ilə qorxudaraq, ucuz qiymətə oğurluq avtomobil alıb həmin avtomobil ilə yolla gedən zaman övladlarının üzərlərindən keçərək onları ömürlük şikəst edəcəyini deməklə özü və ailə üzvlərinin şəxsiyyəti üzərində zor göstərəcəyi ilə hədə-qorxu gələrək, onunla ünsiyyətdən yayınmaq məqsədi ilə telefon zənglərinə cavab verməyən Zərərçəkmiş şəxs1 telefonuna özündə olan intim video və fotolarından bəzilərini göndərməklə, əri Şahid1, qaynı Eidəniz Qafarova, qonşuları Ülkər və Şahid3, xalası qızı Səidə Hüseynovaya, xalası oğlu Elşən Hüseynova, qardaşı Vüsal Hüseynova, atası Əyyub Hüseynova zəng vuraraq Zərərçəkmiş şəxs1 ilə yaxın intim münasibətlərdə olması barədə bildirməklə sonuncunu hədələrinin real olmasına inandıraraq 2020-ci ilin oktyabr-noyabr ayınadək olan müddət ərzində məcburi cinsi istismara məruz qoymuş və yaşadığı evdə, Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 2 ünvanında olduğu müddətdə dəfələrlə telefonla zəng vurmaqla və 21 sentyabr 2020-ci il tarixdə evinin yaxınlığına gəlib görüşə çağırmaqla Zərərçəkmiş şəxs1 vahid niyyətlə əhatə olunan qəsdlə 10000 (on min) manat məbləğində xeyli miqdarda əmlak tələb etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 182.2.2, 182.2.3 və 182.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, əvvəllər Rusiyada yaşamışdır. Əməliyyat olunmaq üçün Azərbaycana qayıtmışdır. Zərərçəkmiş şəxs1 ilə mobil telefonlarda olan «Tiktok» tətbiqi vasitəsilə tanış olmuşdur. Əvvəlcə həkim və xəstə kimi əlaqə saxlamışlar. Tamara özünü ona «Sevinc» kimi təqdim etmişdir. Sonradan aralarında sevgi münasibəti yaranmışdır. Tamara ona subay olduğunu demiş və 4 ay müddətində onunla sərbəst şəkildə görüşmüşdür. Bu müddət ərzində Tamara ilə qarşılıqlı razılıq əsasında dəfələrlə cinsi əlaqədə olmuşdur. Tamara onu atası və qardaşı ilə də tanış etmişdir. O, Tamaraya çoxlu hədiyyələr almış, sonuncunun adına bank kartı açdırıb pullar göndərmiş, evinə bazarlıqlar etmişdir. Bu müddət ərzində bütün əmlaklarını satıb Tamaraya xərləmişdir. Sonradan o, Tamaranın ailəli olduğunu bilmiş və münasibətlərinə son qoymuşdur. Daha sonra Tamara özü onu axtarmağa başlamış, əri ilə ayrı yatdığını təsvir edən şəkillər çəkib ona göndərmiş, münasibətlərini bərpa etməyi xahiş etmişdir. Sonuncu ərindən ayrılıb, onunla ailə quracağına söz vermişdir. Tamaranı sevdiyindən ona inanıb münasibətlərini bərpa etmişdir. Sonuncunun xalası qızından xoşu gəlməmiş, buna görə də Tamaradan xalası qızından uzaqlaşmasını tələb etmişdir. Hətta bir dəfə Tamara Şəmkirə gəlib, onun evində 3 gün qalmışdır. Sonradan Tamara digər Zərərçəkmiş şəxs2 ilə birləşib, onu şərləyərək tutdurmuşdur. Belə ki, Tamara ilə Qədir bir neçə ildir ki, yaxın münasibətdə olmuşlar. Tamara məhz Qədirin diqtəsi ilə ondan şikayət etmişdir. Əvvəllər də Qədir bir neçə dəfə polis tanışlarına zəng etdirib, ona təzyiq göstərməyə çalışmışdır. Bunlar bir nəticə vermədiyindən məcbur olub rəsmi qaydada şikayət etmişlər. Tamaranı sevdiyi üçün onu əxlaqa, namusa dəvət etmiş, özünə arvad etmək istəmişdir. Beş ildən artıq bir müddətə Tamaranı cinsi istismara məruz qoymuş Zərərçəkmiş şəxs2 isə məhz Tamara və uşaqlarına ev alması üçün 20.000 manat verməsini təklif etmişdir. Telefonunda onun Tamara ilə olan səmimi sevgi münasibətlərini təsvir edən kifayət qədər sübutlar vardır. Həmçinin telefonundakı səsyazmalardan görünür ki, o, Qədirdən pulu və evi məhz Tamara üçün istəmişdir. Bunun səbəbi həkimin Tamaranın çarəsiz və asılı vəziyyətdə olmasından istifadə etməsi olmuşdur. Tamaraya aid intim məzmunlu foto və videoları özü üçün xatirə kimi saxlamış, heç kimə göndərməmişdir. Tamara ilə arasında olan münasibətlər barədə qohumlarına, ailə üzvlərinə, qonşularına zəng vurub məlumat verməkdə məqsədi, yaxınlarının ona təsir göstərərək əxlaqa və namusa dəvət etmələri, iş yerində Qədir həkimlə intim münasibətlərdən çəkindirmələrinə nail olmaq olmuşdur. Tamara Qədirlə birləşib onun pullarını xərcləmiş, pulu qurtardıqda isə onu tutdurmuş və qardaşından onu öldürməyi tələb etmişlər. Zərərçəkmiş şəxslərin heç birindən pul tələb etməmiş və onları şantaj etməmişdir. Barəsində bəraət hökmü çıxarılmasının xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 2008-ci ildə anasının bibisi oğlu Şahid1 ilə ailə həyatı quraraq Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsində fərdi evdə yaşamağa başlamışdır. Birgə nigahlarından 2009 və 2011-ci il təvəllüdlü iki övladı vardır. İxtisasca tibb bacısıdır. 2015-ci ildən «MedEra» X4 terapiya şöbəsində tibb bacısı işləmişdir. Aylıq 300 manat əmək haqqı almışdır. İşlədiyi dövrdə klinikanın xəstələri istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi vasitəsilə onunla əlaqə saxlamışlar. Təqsirləndirilən şəxs 2020-cı ilin fevral ayından başlayaraq özünü klinikanın xəstəsi kimi təqdim edib, onun telefonuna zəng etməyə başlamışdır. Belə ki, Təqsirləndirilən şəxs əməliyyat olunduğunu deyib, bəzi dərmanlar barədə ondan məsləhətlər almışdır. Əvvəlcə Təqsirləndirilən şəxsla tibb bacısı kimi danışsa da, sonradan aralarında münasibət yaranmışdır. Sonuncuya özünü «Sevinc» kimi təqdim etmişdir. Həmin vaxtlar əri ilə arasında soyuqluq yaranmışdır. Təxminən iki ay danışdıqdan sonra Təqsirləndirilən şəxsla görüşməyə başlamış və tez-tez cinsi əlaqədə olmuşlar. Onlar adətən Təqsirləndirilən şəxs qaldığı Masazır qəsəbəsində yerləşən evdə və Binəqədi rayonu Binəqədi qəsəbəsində fəaliyyət göstərən «Like» otelində cinsi əlaqədə olmuşlar. Evli olduğunu Təqsirləndirilən şəxs deməmişdir. Münasibətdə olduqları müddət ərzində Təqsirləndirilən şəxs ona hədiyyəllər almış və cib xərcliyi vermişdir. Sonradan Anar onun evli olduğunu bilmiş və ailəsində də münasibətlər düzəlmişdir. Təqsirləndirilən şəxs onun əri ilə barışdığını biləndən sonra, cinsi əlaqədə olduqları zaman mobil telefon vasitəsilə videoçəkilişlər etməyə başlamışdır. Sonuncu onu sevdiyini bildirib, yanında olmadığı vaxtlarda həmin videolara baxıb təsəlli tapacağını demişdir. Daha sonra onun ailəsini dağıdacağını, ərindən boşatdıracağını, onu özünün alacağını demiş və ondan ərindən boşanmağını tələb etmişdir. Bu məzmunda ona hədə-qorxu gəməyə başlamışdır. Anara ərindən ayrılacağı halda qalmağa yerinin olmadığını demişdir. Təqsirləndirilən şəxs özündə bir qədər pul olduğunu, ona münasibətləri olduğu müddət ərzində təxminən 50.000 manat pul xərclədiyini bildirib, həmin puldan 10.000 manat qaytarmasını, qalanını da özü düzəldib, ona ev alacağını bildirmişdir. Daha sonra onu yanında tibb bacısı işlədiyi Qədirə də qısqanmağa başlamışdır. 2020-ci ilin oktyabr ayında azyaşlı oğlu Nihadla birlikdə «Like» otelində Təqsirləndirilən şəxsla görüşmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs təhqir etmiş, bundan sonra sonuncu onu döyüb xəsarətlər yetirmiş və onunla təhqiredici hərəkətlər etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əl çantasından oyuncaq tapança çıxardıb ona göstərərək, həyatında başqası olsa, onu öldürəcəyi ilə hədələmişdir. Evə qayıdandan sonra üzündəki xəsarətlərlə bağlı ərinə yalandan yıxıldığını demişdir. Daha sonra Təqsirləndirilən şəxs münasibətləri barədə onun qardaşına xəbər vermişdir. Təqsirləndirilən şəxs bu hərəkətləri və qısqanclığı onu narahat etməyə başlamış və sonuncudan ayrılmaq qərarına gəlmişdir. İşlədiyi Tibb mərkəzində Qədir adlı həkimə Təqsirləndirilən şəxs onu narahat etdiyini bildirsə də, sonuncu onu bu məsələyə qatmamağı xahiş etmişdir. Daha sonra əri Şahid1 onun mobil telefonunda Təqsirləndirilən şəxs mesajını görmüşdür. Əri onların münasibətləri barədə bilmədiyindən Təqsirləndirilən şəxs onu şantaj etdiyini bildirmişdir. Odur ki, əri Şahid1 bu barədə polisə müraciət etməsini, əks halda onu boşayıb, uşaqlarını da ondan alacağını demişdir. Məcbur qalıb polisə şikayətə getmiş və ittiham aktında göstərilən kimi ifadə vermişdir. Sonradan ifadəsini dəyişməyə çalışsa da, müstəntiq ona ifadəsini dəyişəcəyi halda, yalan ifadə verməyə görə məsuliyyət daşıyacağı barədə xəbərdarlıq etmiş, buna görə də ifadəsini dəyişməmişdir. Təqsirləndirilən şəxs şikayət etməyə onu əri Şahid1 məcbur etmişdir. İbtidai isintaq zamanı verdiyi ifadəsini təsdiq etmir. Təqsirləndirilən şəxs ona hədə-qorxu gəlib pul tələb etməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, həkimdir, tibb elmləri namizədidir. 2014-cü ildən «MedEra» Klinikasında həkim işləyir. Zərərçəkmiş şəxs1 Eyyub qızını təxminən 2015-ci ildən tanıyır, onu həkim yoldaşlarının məsləhəti ilə özünə qeyri-rəsmi köməkçi götürmüşdür. İşlədiyi dövrdə Tamara özünü işgüzar, tərbiyəli və ailəcanlı insan kimi göstərmişdir. Aralarında yalnız iş münasibətləri olmuşdur. 2020-ci ilin sentyabr ayında Tamaranın fikirli olduğunu və işdən tez-tez yayındığını görüb, ondan nə baş verməsini soruşmuşdur. Tamara tanış olduğu Təqsirləndirilən şəxs aralarında olan münasibətləri barədə ərinə, ailə üzvlərinə, qohum-əqrəbasına və iş yoldaşlarına danışacağı ilə onu hədələyərək şantaj etdiyini, sonuncunun onu təqib etməyə başladığını, buna görə də Anarın qorxusundan evdən azaz çıxmağa çalışdığını bildirmişdir. Həmin vaxt onun yanında polis əməkdaşı olan Nurlan adlı pasienti olmuşdur. Sonuncu Tamaranın danışıqlarını eşidib, ona yazığı gəlmiş və köməklik etmək üçün Anarın nömrəsini götürüb, onunla danışacağını bildirmişdir. Bir müddət sonra Nurlan ona zəng edib, Tamaranı şantaj edən Anarla telefon vasitəsilə profilaktiki söhbət etdiyini, sonuncunun təhlükəli adam olduğunu, buna görə də heç bir müsbət nəticə əldə edə bilmədiyini deyib, rəsmi qaydada hüquq-mühafizə orqanlarına müraciət etməsini məsləhət görmüşdür. O da bu barədə Tamaraya demişdir. Bir müddət sonra həmin Anar artıq onun özünə zəng edib, onu Tamara ilə yaxın münasibətdə olmaqda ittiham edib, münasibətləri barədə iş yoldaşlarına və ailə üzvlərinə danışacağı ilə onu şantaj etməyə başlayıb, ondan 20.000 manat pul tələb etmişdir. O, Anara pul verməkdən imtina etmiş, bir daha onu narahat etməməsi üçün sonuncunun telefon nömrələrini bloklamışdır. Anarın çirkin oyunlarının iştirakçısı olmamaq üçün Tamaranı da işdən çıxartmışdır. Anarın şantajları əsassız olduğundan hədələrinə fikir verməmiş, eyni zamanda Tamaranın ailəsinin dağılmaması üçün polisə şikayət etməmişdir. Sonradan Təqsirləndirilən şəxs klinikaya gələrək Tamaranı və onu axtarmış, lakin o, həmin vaxt işdə olmamışdır. İstintaq orqanına dəvət olunarkən Tamaranın Anardan şikayət etdiyini bilmişdir. Hazırda təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmədə tədqiq edilmiş Şahid1 ifadəsindən görünür ki, 2008-ci ildə dayısı nəvəsi Zərərçəkmiş şəxs1 ilə ailə həyatı quraraq Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsində özlərinə məxsus fərdi evdə yaşamağa başlamışlar. Birgə nigahlarından iki uşaları var. Tamara ixtisasca tibb bacısı olduğundan 2015-ci ildən «Medera» X4 terapiya şöbəsində tibb bacısı işləməyə başlamışdır. Onlar həmişə xoşbəxt və mehriban olmuşlar. 2020-ci ilin sentyabr ayında Tamaranın hansısa problemi olduğunu hiss etmişdir. Belə ki, sonuncu həmişə fikirli və dərdli olmuş, ona və uşaqlara qarşı soyuq davranmış, gecələr səbəbsiz yerə ağlamış və işə getməmişdir. Onun təkidlərindən sonra Tamara bildirmişdir ki, təxminən bir neçə ay əvvəl ona işlədiyi xəstəxananın pasiyenti kimi zəng vurub məsləhətlər almış Təqsirləndirilən şəxs sonradan ona tez-tez zənglər etməyə başlamış, özü ilə yaxın münasibətlərə sövq etməyə çalışmış, bu baş tutmadıqda isə onu və uşaqlarını öldürəcəyi, onu sosial şəbəkələrdə yalandan özü ilə intim əlaqədə olması barədə məlumatlar yaymaqla rüsvay edəcəyi ilə hədələməyə başlamışdır. Tamara Anarın qorxusundan evdən çıxa bilməmiş, buna görə işindən ayrılmış, hətta bir dəfə özünə qəsd etməyə də cəhd etmişdir. Əvvəlcə Tamaraya əsəbləşsə də, sonradan ona inandığından ailəsini qorumaq üçün heç nədən qorxmamasını və polisə müraciət etməsini bildirmişdir. Anar yenə də onları rahat buraxmamış, ona, qonşuluqda yaşayan qardaşı Eldənizə, Tamaranın atası Əyyuba da zəng edib, Tamara haqqında şər və böhtan danışmağa başlamışdır. Anar Tamaraya hədə-qorxu gəlib, ondan 10.000 manat pul tələb etmiş, pulu verməyəcəyi halda Tamaranı rüsvay edəcəyi ilə hədələmiş, niyyətinin ciddi olmasını göstərmək üçün qeyd edilən şəxslərə zəng etmişdir. Bundan sonra məsələ getdikcə böyüdüyünü görüb, Tamara ilə birlikdə polisə şikayət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 qonşusu Şahid1 həyat yoldaşıdır. Tamara 2015-ci ildən «Medera» X4 terapiya şöbəsində tibb bacısı işləmişdir. Tamara ilə əri Anarı həmişə mehriban görmüşdür. 2020-ci ilin sentyabr ayında məhəllələrində olarkən Təqsirləndirilən şəxs ona yaxınlaşıb, özünü Şəmkirli Anar kimi təqdim etmiş, yaşadıqları yataqxana binası və sakinlərin sayı ilə maraqlanaraq həmin binanı alıb, orada dondurma zavodu tikmək istədiyini, sakinlərin əksəriyyətini və onu həmin zavodda işlə təmin edəcəyini bildirmişdir. Bundan sonra Anar vaxtaşırı onun istifadəsində olan ***-***-**-** saylı telefonuna zəng edərək əlaqə saxlamışdır. Telefon danışıqlarından birində Anar onun qonşusu Tamara ilə maraqlanmağa başlamışdır. O, bunun səbəbini soruşmuş, Anar bir neçə aydır ki, Tamara ilə intim münasibətdə olduğunu, lakin son vaxtlar Tamaranın onu aldatdığını, öz həkimi ilə ona xəyanət etdiyini demişdir. Əvəlcə Anarın sözlərinə inanmamışdır. Buna görə də, Anar onun telefonuna Tamara ilə aralarında olan fotoşəkillər, videolar və özü ilə Tamara və həkimi Qədirlə aralarındakı telefon danışıqlarının səsyazmalarını göndərmişdir. Bundan sonra Anara inanmış və Tamara ilə həqiqətən də yaxın münasibətləri olduğunu bilmişdir. Anar ona Tamaranı oteldə döyməsi barədə də danışmışdır. Anar ona bir neçə dəfə zəng vuraraq Tamara ilə əlaqədar məlumat toplamağa çalışmışdır. O, hər dəfə bir bəhanə ilə ünsiyyətdən yayınmışdır. 2020-ci ilin oktyabr ayında məhəllələrində Tamaranın sağ gözünün altında qançır olduğunu görüb, ona diqqətlə baxdıqda sonuncu özü ona yaxınlaşmış, Anarın onunla danışmasından xəbəri olduğunu demişdir. Tamara ona Anarın çox təhlükəli olduğunu deyib, onunla əlaqəsini kəsməsini məsləhət görmüşdür. Daha sonra Tamara bildirmişdir ki, səhv edib bir dəfə Anarla görüşüb, bundan sonra şantajlara və hədə-qorxulara məruz qalmışdır. Tamara gözünün altındakı qançırı göstərib, Anar tərəfindən vəhşicəsinə döyüldüyünü bildirmişdir. Tamaranın sözlərindən bilmişdir ki, Anar aralarında olan münasibətlər barədə iş yoldaşlarına, qohum-əqrəbasına, qonşularına və ailə üzvlərinə danışacağı ilə, özündə olan foto və videoları sosial şəbəkələrdə yaymaqla, özünü və uşaqlarını öldürməklə hədələmiş, onu rahat buraxması üçün xeyli miqdarda pul tələb etmişdir. Bundan sonra o, Anarın telefon zənglərinə cavab verməmişdir. Sonradan eşitmişdir ki, Təqsirləndirilən şəxs Tamara ilə aralarında olan münasibətlər barədə sonuncunun əri Şahid1, qaynı Eldənizə, atasına, xalası qızına və digər qohumlarına zəng edib bildirmişdir. Anarın ona göndərdiyi səsyazma və videoların məzmunundan görmüşdür ki, Anarın telefonda Tamaranın həkimi Qədirin üzərinə gedərək onu söyüb təhqir edib, hədələməklə Tamara ilə münasibətdə olmaqda ittiham etmiş, həmin münasibətlərinə son qoymağını və Tamaranı işdən çıxartmağını tələb etmiş, münasibətləri barədə həkimin rəhbərliyinə və ailə üzvlərinə danışmamağı müqabilində ondan pul tələb etmişdir. Bundan başqa Anarın ona göndərdiyi video və fotoların əksəriyyətində Tamaranın özünün Anara çəkib göndərdiyi şəxsi görüntülər əks olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 2014-cü ildən DİO-da, 2020-ci ilin avqust ayından isə Binəqədi RPİ-nin 7-ci PB-də baş təhqiqatçı vəzifəsində xidmət edir. 2020-ci ilin sentyabr ayında «MedEra» Hospitalında işləyən həkim Zərərçəkmiş şəxs2 yanında olmuşdur. Bu vaxt Zərərçəkmiş şəxs2 və köməkçisi Zərərçəkmiş şəxs1 söhbətinə şahidlik etmişdir. Belə ki, Tamara Qədirə müraciət edərək işdən çıxmaq istədiyni bildirmiş, Qədir səbəbi ilə maraqlanmışdır. Tamara dözməyərək ağlaya-ağlaya danışmışdır ki, təxminən bir neçə ay əvvəl səhvə yol verərək telefonda tanış olduğu Anar adlı şəxs son vaxtlar onu təqib etməyə, münasibətləri barədə ərinə, ailə üzvlərinə, qohum-əqrəbasına və iş yoldaşlarına danışacağı ilə hədələyərək onu şantaj etməyə başlamışdır. Anar adlı şəxsin qorxusundan evdən az-az çıxmağa çalışır, evdə özünə qapanaraq oturmaq istəyir. O, bir polis əməkdaşı kimi Tamaranın danışdıqlarına diqqət yetirmiş, sonuncunun göz yaşlarına, rüsvayçılıqdan ehtiyat edərək dərdini heç kimə deyə bilməməsinə, çarəsizlik və acizliyinə yazığı gələrək ona köməklik etmək qərarına gəlmişdir. Belə ki, Anarın telefon nömrəsini götürüb, onunla danışacağını Tamaraya vəd verib sakitləşdirmişdir. Düşünmüşdür ki, yazıq qadındır, ailəsi dağılmasın deyə düşdüyü problemlə bağlı rəsmi qaydada qorxusundan heç yerə müraciət edə bilmir. Sonradan Anarın telefonuna zəng vuraraq onunla profilaktiki söhbət etmək istəmiş, lakin sonuncunun təhlükəli adam olduğunu başa düşmüşdür. Odur ki, Qədirə zəng edib, Tamaranın heç nədən qorxmadan rəsmi qaydada ərazi aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına müraciət etməsini bildirmişdir. Sonradan Anar bir neçə dəfə də ona zəng edib, Qədirin sifarişi əsasında zəng vurub-vurmadığını öyrənməyə çalışmış, Anara artıq həmin məsələ ilə məşğul olmadığını bildirmişdir. Məhkəmə-tibbi ekspertizasının 5 noyabr 2020-ci il tarixli 1855 saylı rəyindən görünür ki, 1990-cı il təvəllüdlü Zərərçəkmiş şəxs1 Eyyub qızının bədən səthində 8 oktyabr 2020-ci il tarixə uyğun gələn hər-hansı bir xəsarət və xəsarət izi aşkar edilməmiş, bədənində qarın nahiyəsinin sol ön səthində səthi deşilmiş-kəsilmiş yara olmuşdur. Qeyd olunan xəsarət deşici-kəsici alətin (əşyanın), ola bilsin bıçağın təsirindən müayinədən, yəni 5 noyabr 2020-ci il tarixdən 1-1,5 ay əvvəl əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin olunmur. Aşkar olunmuş xəsarətin lokalizasiyasına və xarakterinə görə demək olar ki, həmin xəsarət əlçatan nahiyədə olduğu üçün şəxsin özü tərəfindən yetirilməsi inkar olunmur. Məhkəmə-tibbi-fizioloji ekspertizasının 17 noyabr 2020-ci il tarixli 557 saylı rəyindən görünür ki, 1980-cı il təvəllüdlü Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvlərində onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaiiya və patologiya aşkar edilməmiş, onun cinsi qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Məhkəmə-psixiatrik ekspertizasının 17 noyabr 2020-ci il tarixli 2269 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir, ittiham olunan əməl dövründə onda hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb, həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Hazırda ifadə vermək qabiliyyətli və baş verənləri düzgün qavrayıb təsvir edə bilmək iqtidarındadır. Ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür, məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-narkoloji ekspertizasının 23 noyabr 2020-ci il tarixli 3270 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur, lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-ballistik ekspertizasının 4 dekabr 2020-ci il tarixli 3/1851 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd predmet zavod üsulu ilə tapança formasında hazırlanmış alışqandır, odlu, qaz silahı hesab edilmir, təyinatı üzrə istifadəyə yararlıdır, üzərində təyinatını dəyişdirən, həmçinin zavod nişanları üzərində hər hansı əlavə və dəyişiklik edilməmişdir. Məhkəmə-linqvistik ekspertizasının 12 yanvar 2021-ci il tarixli 4/1130 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 1 ədəd «Redmi 7» markalı mobil telefondakı «Whatsapp» sosial şəbəkəsi vasitəsilə «Tamara Bakı» adlı şəxsə 10 avqust 2020-ci il tarixində göndərilən «Allah haqqı öldürərəm səni», «Məhv eliyəcəm hər şeyini sənin», «Səni güllələmək lazımdı», «Həyatında kimsə olsa öləcəksən, səni öldürəcəm», «Başqa adam ola öldürərəm səni Sevinc deyirəm haa», 6 sentyabr 2020-ci il tarixdə göndərilən «Səni məhv edəcəm», «Öləcəksən də sən», «Sənin pryamoy videolarını atım», 10 sentyabr 2020-ci il tarixdə göndərilən «Səni məhv etməsəm, mən qisasımı çıxmasam səndən, ürəyim partlayar», «Sənin yalanını çıxarıb səni məhv edəcəm», «Saçından tutub çıxarıb aparıb orda da başını kəsəcəm», «Səni hamıya nifrət etdirəcəm», «Allaha and olsun səni öldürəcəm», «Gör maşına oturub gəlirəm mi bu dəfə səni öldürməyə», «Öldürəcəm səni Allah haqqı», 16 sentyabr 2020-ci İl tarixdə göndərilən «Səni məhv eliyərəm az Allah haqqı», «Prosto istəmirəm də biyabırçılıq olsun, bütün nəsliniz-kökünüz hamıya deyim», 17 sentyabr 2020-ci il tarixdə göndərilən «Sübutlar əlimdədir, şöbədə qabağına qoyacam, mən elə indi şöbənin qabağındayam», «O səsləri pryamoy qardaşına atım», «Nə sübut edib onda səni məhv edərəm», «İndi mən tutdurum hamınızı?», «Balalarını səndən almaq lazımdır, qəhbəliyini sübut edərəm», 18 sentyabr 2020-ci il tarixdə göndərilən «Sən axırda mənim əlimdə öləcəksən», «İnnən sonra sənə layiqini göstərərəm», «Mən səni öldürüm mü onda?», «Sənin çarən ya güllədi, ya qəbir», «Bu zapisləri ərinin qabağına qoysam», «Səni öldürməkdən başqa heç nə istəmirəm», 19 sentyabr 2020-ci il tarixdə göndərilən «Səni elə edəcəm, uşaqları da əlindən alsınlar, səni hər şeydən məhrum edəcəm», 20 sentyabr 2020-ci il tarixdə göndərilən «Görəcəksən Sevinc, səni məhv edəcəm», «Səni çıxanda öldürərəm axı», «Bunlar bəs deyil ki, səni məhv etməyə?», «Bu sənin axırıncı şansın idi», «Onda indi o birilərini atıram, ataram səni məhv edim», Yığım Vüsala deyim?», «Səni öldürərəm az, Allah haqqı sən mənə heç nə edə bilmərsən», 21 sentyabr 2020-ci il tarixdə göndəorilən «öldürərəm (silah göstərərək), Allaha and olsun bunu qırıq-qırıq edərəm (başqa bir şəxs barəsində)», 22 sentyabr 2020ci il tarixdə göndərilən «Yoxsa atana deyəcəm hər şeyi», «Məni məcbur etmə öldürərəm səni», «Əgər çıxmasan onda bil sonundu», «Öldürərəm ha səni Allaha and olsun», 27 sentyabr 2020-ci il tarixdə göndərilən «Bədbəxt qızı bədbəxt, özünü də öldürtdürəcəksən», «Gör sabah səni məhv etdim», «Pryamoy Anara, pryamoy məhkəməyə zəng edərəm ki, bu uşaqlarına analıqdan məhrum edin», «Yığım bu dəqiqə ərini?», «Düz 1 dəqiqə vaxt verirəm namusuma and olsun məhv edərəm dünyanı», «Sən burdan çıxsan yığacam ərini», 7 oktyabr 2020-ci il tarixdə göndərilən «Yığıb indi Elşənlə danışaram», «Sənin şəkillərin paylansın, vecinə deyil?», 8 oktyabr 2020-ci il tarixdə göndərilən «Bu gecə sonundur», 12 oktyabr 2020-ci il tarixdə göndərilən «Mən Səidəni məhv edəcəm», «Səni ərinə demək lazımdır», «Səidənin hər şeyin atacam hamam zad», 14 oktyabr 2020-ci il tarixdə göndərilən «Sən uşaqsız qalacaqsan», «Lazım gələr videolarını göndərərəm», «Sən külə dönməlisən, dönəcəksən də», «Bir əlac qalıb ərinə demək», «Atamın goru haqqı uşaqları əlindən aldıracam», «Səni məhv edəcəm, o uşaqları əlindən aldıracam», «Yandıracam səni ay Sevinc», 15 oktyabr 2020-ci il tarixdə göndərilən «Səni doğrayacam, bu dəfə doğrayacam», «Bilirsən nə var, mən ərinə deyirəm, uşaqları da alıram əlindən», 16 oktyabr 2020-ci il tarixdə göndərilən «O deməkdir ki, səni öldürəcəm, mənim yanımda yalan danışa bilmərsən», «Zülm qabaqda gözləyir səni», «Bugün mən Anara bildirəcəm, Anara şəkilləri də atacam», «Səhərə kimi özün gələrsən bura, uşaqlar yanında qalsın, yox, biyabır olmaq istəyirsənsə bu gün deyə bilərəm son şərtimdi», «Səni məhv edəcəm, bu mənim son qərarımdı», «Bir gülləlik canın var», «Qoy Anar gəlsin, səhərə sən «Qədir 5000 versin, yoxsa məhv edəcəm səni», «Səni məhv edəcəm, bugün də etməsəm sabah edəcəm», «Gəlməsən səni içəri soxduracam, uşaqları əlindən alacam», 29 oktyabr 2020ci il tarixdə göndərilən «Mən tutulsam, çıxandan sonra yaşatmaram sizi», «Məcbur eləmə də, qisasını çıxaram, özü də pis çıxaram», 31 oktyabr 2020-ci il tarixdə göndərilən «Özün bilirsən ki, səslər, yazılar məndə var, hamısına qulaq asdıracam, boşatdıracam səni», «Bunu sübut etsəm, başını qırxacam sənin», «Başqa adam olsa, öldürəcəm haa səni deyirəm», «Gəlib hamısını deyəcəm, həkimi zadı hamısını», 1 noyabr 2020-ci il tarixdə göndərilən «Səni qulağım boyda razmerində doğruyaram ha... Hər şey belə asandı?», «Sənin dilini kəsəcəm», «İndi də başını kəsəcəm», «Evinin içinə girib səni təpiyimin altına salmasam», «Bugün uje sondu», «Bütün aləminizi dağıdacam», «Yarım saata çıxmasan, girəcəm ərinin yanına», «Whatsapp» sosial şəbəkəsi vasitəsilə «Tamara 2» adlı şəxsə 17 sentyabr 2020-ci il tarixdə göndərilən «Səni öldürmək lazımdır, səni məhv etmək lazımdır, Yer kürəsindən vapşe itirmək lazımdır» mesajları hədə-qorxu məzmunludur. Ekspertizaya təqdim edilmiş 1 ədəd «Redmi 7» markalı mobil telefondakı «Whatsapp» sosial şəbəkəsi vasitəsilə «Tamara Bakı» adiı şəxsə 17 sentyabr 2020-ci il tarixində göndərilən kişi cinsinə məxsus bir şəxslə telefon danışığının səsyazısında istifadə etdiyi «Sabahdan o qızın sənin yanına gəldiyini görsəm, sənin ona zəngini görsəm, onun sənə zəngini görsəm ...» «Öz işimi görüm, səni biyabır eliyim mi?», «Gözünü açarsan ki, başının üstündəyəm ki dur bəri gəl», «İnnən sonra ona zəngin getsə ondan zəng qəbul etsən sənin də arvadın var və qızın var» mesajları hədə-qorxu məzmunludur. Ekspertizaya təqdim edilmiş 1 ədəd «Redmi 7» markalı mobil telefondakı SMS xidməti vasitəsilə «Tamara Bakı» adlı şəxsə 10 sentyabr 2020-ci il tarixində göndərilən «...mən şantaj yox, qisasımı alacam məcbur etmə», 15 sentyabr 2020-ci il tarixində göndərilən «Bir kəlmə yaz, 6dan sonra mən səni ortada qoyacam», «Hələ deməmişəm elə-belə tanış oldum, 6:00 ərini yığacam», «Toma, ərini yığıram, Səidənin atasını, ərini tez mənə cavab ver yalançı», 1 oktyabr 2020-ci il tarixdə göndərilən «Özün bil, ərin boşanmasa da şəxsən mən səni analıqdan məhrum etdirəcəm, sübutlarım var, o doktorun da kimliyini bildirəcəm, yaxşı sən indi baxarsan», 2 oktyabr 2020-ci il tarixdə göndərilən «10 dəqiqə dünənki andıma, namusuma and olsun sən bilinəcəksən kimsən», «Özü də tək sən yox, bacını da bildirəcəm kimliyini», «Vso bədbəxt, yıxdın məni, özünü, bütün aləmi dağıtdın», «Tamara 2» adlı şəxsə 25 sentyabr 2020-ci il tarixdə göndərilən «...Anarı yığıb başqa nömrədən deyəcəm arvadın hardadır?», «Bu dəqiqə 4 adam gözləyir səni», 8 oktyabr 2020-ci il tarixdə «göndərilən...taksiyə deyirəm getsin ərini gətirsin 1 dəqiqəyə cavab verməsən», 9 oktyabr 2020-ci il tarixdə göndərilən «sənin sonundu», «mundar oldun... «, 10 oktyabr 2020-ci il tarixdə göndərilən «...indi çatıram Anarın yanına...», «Sevinç 3837» adlı şəxsə 7 iyul 2020-ci il tarixdə göndərilən «Cavab ver, elə eləmə gəlim ora», 28 iyul 2020-ci il tarixdə göndərilən «Cavab ver Sevinc, cavab ver, səni küçənin ortasında sürüyəcəm», «Yığıram ərini bu dəqiqə adam göndərinəm ora, özüm də gəlirəm?», «...bu gün hər şey gözlə», 2 avqust 2020-ci il tarixdə göndərilən «...yaxşı indi bu andan hiss edərsiniz, başlayım zəng etməyə, bir-bir deyim onlara kiməm, hamı da bilər kim-kimdir, mən indi yığıram zonu, Vüsaldan birinci danışım» mesajları hədə-qorxu məzmunludur. Məhkəmə-sənətşünaslıq ekspertizasının 25 yanvar 2021-ci il tarixli 11/394-395 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd mobil telefonun «Foto» və «Qalereya» bölməsinə dax olduqda orada çoxlu sayda şəkillər və videogörüntülər üzə çıxdı. «Foto» və «Qalereya» bölməsində yer alan 31 iyul 2020-ci il tarixdə saat 21.44 -də, 3 sentyabr 2020-ci il tarixdə saat 2,1- da, 17 oktyabr 2020-ci il tarixdə saat 13.07-də, 22 oktyabr 2020-ci il tarixdə saat 12,31-də, 31 oktyabr 2020-c tarixdə saat 15.08-də çəkilmiş fotoşəkillərdə oral seks, qızın lüt formada təsviri, döş hissəsinə fokuslanma, qadının arxa hissəsinin lüt formada təsvirinə fokuslanma görünür. Həmin foto şəkillərə baxan şəxslərdə qıcıqlanma, ehtiras və ikrah hissinin yaranması kimi hallar ortaya çıxır. 9 sentyabr 2020-ci il tarixdə saat 13.51-də çəkilmiş video görüntüdə isə bir nəfər kişinin qadınla eybəcər formada ehtiras doğuran, oral yolla cinsi intim əlaqəsi görünür. Həmin video görüntüdə kişinin cinsi orqanına toxunaraq başqalarında qıcıqlanqma, ehtiras və ikrah hissinin yaranması, cinsi orqanın tam təsviri, cinsi orqana fokuslanma kimi görüntülər üzə çıxır. Aparılmış tədqiqata əsasən demək olar ki, «Foto» və «Qalereya» bölməsində yer alan 31 iyul 2020-ci il tarixdə saat 21.44-də, 3 sentyabr 2020-ci il tarixdə saat 2.06-da, 17 oktyabr 2020- ci il tarixdə saat 13.07-də, 22 oktyabr 2020-ci il tarixdə saat 12.31-də, 31 oktyabr 2020-ci il tarixdə saat 15.08- də çəkilmiş fotoşəkillərdə və 9 sentyabr 2020-ci il tarixdə saat 13.51-də çəkilmiş video görüntüdə - fikrin ancaq cinsi orqana yönəlməsi, cinsi ehtirasın sağlam olmayan şəkildə oyadılması, ictimai şərtlərin normasını pozması, qarşı tərəfi qıcıqlandırması, şəxsiyyətin mənəvi cəhətdən alçaldılması, insanın və erotikanın humanistliyini yox etməsi, seksual davranışın biədəb formada həyata keçirilməsi, başqalarında ikrah hissi oyatması və s. kimi pornoqrafik xarakterli əlamətlər yer alır. Bu səbəbdən aparılmış məhkəmə-sənətşünaslıq tədqiqata əsasən deyə bilərik ki, «Foto» və «Qalereya» bölməsində yer alan 31 iyul 2020-ci il tarixdə saat 21-44-də, 3 sentyabr 2020ci il tarixdə saat 2.06-da, 17 oktyabr 2020-ci il tarixdə saat 13.07-də, 22 oktyabr 2020-ci il tarixdə saat 12.31-də, 31 oktyabr 2020-ci il tarixdə saat 15.08-də çəkilmiş fotoşəkillər və 9 sentyabr 2020-ci il tarixdə saat 13.51-də çəkilmiş video görüntü pornoqrafik xarakterlidir. Məhkəmə kompüter-texniki ekspertizasının 29 dekabr 2020-ci il tarixli 5/932 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş «Xiaomİ» markalı «Redmi7» (M1810F6LG) modelli «**********13848», «**********13830» İMEİ nömrəli «Android» əməliyyat sistemi ilə təchiz olunmuş mobil smartfonun yaddaşında müəyyən olunmuş mövcud və silinmiş müxtəlif məlumatlar-zənglər, SMS mesajlar, baxılmış veb saytlar siyahısı, «WhatsApp» ilə aparılmış yazışmalar, cihaz qoşulmaları, simsiz şəbəkələr (WiFi qoşulmaları), şifrlər, media məlumatlar (audio, foto, video) və həmin məlumatlara dair tərtib edilmiş hesabat rəyə əlavə olunmuş «DVD» tipli optik disklərə köçürülmüşdür. İşin 55-56-cı vərəqlərindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi və tutulduğu ana qədər istifadəsində olmuş «Redmi 7» markalı **********13830 imeikodlu smartfon tipli mobil telefon cihazının yaddaşında olan fayllara keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, telefonun «Foto», «Qalereya» və «Watsap» proqramlarında iş üzrə şübhəli şəxs X5 ilə Zərərçəkmiş şəxs1 aralarında yaşanmış intim səhnələrin foto və video görüntüləri əks olunan fayıllar, şəxsi intim mövzuda aralarında aparılmış telefon danışıqlarının səs-yazmaları və yazışmaları var. Telefonun yaddaşında olan səsyazmalar dinləndikdə açıq-aydın eşidilir ki, 2020-ci ilin sentyabr-oktyabr ayları ərzində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 barəsində olan rüsvayedici video və fotoları, səsyazmaları qohumlarına, ailə üzvlərinə, iş yoldaşlarına, qonşularına yaymaqla şantaj edərək, özünə, ailəsinə zor tədbiq edəcəyi ilə hədə-qorxu gələrək pul tələb etməsi və şantaj etdiyi məqamlarla özündən asılı vəziyyətə salaraq cinsi istismara məruz qoyması, onunla tanışlığa qədər intim münasibətlərdə olduğu iş yoldaşı Qədir doktorla münasibətləri barədə telefonda danışaraq səsini yazmasını tələb etməsi, 21 sentyabr 2020-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 2 ünvanında yeləşən evinin yaxınlığına gəlib görüşə çağırmaqla Zərərçəkmiş şəxs1 Qədir həkimindən pul almağa kömək etmədiyi üçün Qədirin əvəzinə ona 10000(on min) manat məbləğində pul verməsini tələb etməsi, sonradan özünün də həmin Qədir həkimə 17 sentyabr 2020-ci il tarixdə bir dəfə, 6 oktyabr 2020-ci il tarixdə üç dəfə və 10 oktyabr 2020-ci il tarixdə iki dəfə zəng vuraraq Tamara ilə münasibətləri barədə bildiyini, bu barədə əlində xeyli sayda sübutların və səsyazmaların olmasını deməklə, həmin materialları müdriyyətinə, onun özünün və Tamaranın ailə üzvlərinə təqdim edəcəyi ilə şantaj edərək, özünə və ailəsinə pislik edəcəyi, zor tədbiq edəcəyi ilə hədələyərək 20.000 (iyirmi min) manat məbləğində pul və Tamara üçün ev almasını tələb etməsi, 17 oktyabr 2020-ci il tarixdə Tamaranın qardaşı Vüsala zəng vurub bacısının Qədir həkimlə yaxın münasibətlərdə olması barədə məlumat verərək onunla əlbir olaraq birlikdə Qədir həkimi şantaj etməklə pulunu ələ keçirməyə təhrik etməsi faktları həqiqətən də mövcud olmuşdur. Həmçinin müəyyən edilmişdir ki, mobil telefon cihazının yaddaşında Təqsirləndirilən şəxs şantaj və hədə-qorxu ilə pul tələb etməyə məruz qoyduğu şəxsləri öz hədələrinin real olmasına inandırmaq üçün 10 oktyabr 2020-ci il tarixdə Qədir Məmmədovun iş yerinə gedərək xidməti otağının videogörüntülərini öz mobil telefon cihazının vieokamerası ilə qeydə alaraq şəxsin özünə göndərməsinə, eləcə də, pul tələb etdiyi digər Zərərçəkmiş şəxs1 intim videolarını və fotolarını özünə göndərməsini, aralarında olan münasibətləri barədə zəng vuraraq əri Anara, qaynı Eldənizə, qonşuları Ülkər və İsmayıl adlı şəxslərə, xalası qızı Səidəyə, xalası oğlu Elşənə, qardaşı Vüsala və atası Əyyuba bildirməsinə dəlalət edən kiyafət qədər səsyazmalar, video və fotolar, mesajlar vardır. Ona görə də mobil telefon cihazının özü və yaddaşında aşkar edilərək iki ədəd ayrıca CD-ə köçürülmüş, istintaq üçün sübut əhəmiyyəti kəsb edən fotoşəkillər, səs və videoyazmalar maddi sübut kimi tanınaraq istintaq materiallarına əlavə edilmişlər. İşin 41-ci vərəqindəki 3 noyabr 2020-ci il tarixli qərardan görünür ki, tapança formalı alışqan qərarla cinayət işi üzrə maddi sübut kimi tanınaraq istintaq materiallarına əlavə edilmişdir. İşin 25-ci vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 3 noyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşin 117-119-cu vərəqlərindəki Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayon məhkəməsinin 31 mart 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinmiş və ona 1 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 6 sentyabr 2010-cu il tarixdə Nərimanov rayon məhkəməsinin 6 sentyabr 2010-cu il tarixli qərarı ilə cəzasının çəkilməmiş 4 ay 26 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, məhkəmədə Təqsirləndirilən şəxs qorxduğu üçün məhkəməyə həqiqəti söyləyə bilməmişdir. Bu səbəbdən onun ibtidai istintaq zamanı verdiyi ifadələrini sübut kimi qəbul edilməsini xahiş edir. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 182.2.2, 182.2.3 və 182.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirildi. Təqsirləndirilən şəxsin təqsirini təkzib edə biləcək hal müəyyən olunmadı. Məhkəmədə Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədi. Onun bu ifadəsi Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi (i.v. 48-53), məhkəmədə dindirilmiş Zərərçəkmiş şəxs2 və şahidlərin ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, cinayət işi materiallarına əlavə edilmiş çoxsaylı protokollar və işin digər faktiki halları ilə təkzib edildiyindən, məhkəmə ifadəsinə tənqidi yanaşır, cəzadan yayınmaq məqsədi güdən ifadə kimi qiymətləndirir və sübut hesab etmir. Yuxarıda sadalanan və bir-birini tamamlayan sübutları isə mötəbər hesab edir. Məhkəmə təqsirləndirilən şəxsin əməllərinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-nin 182.2.2, 182.2.3 və 182.2.4-cü maddələri ilə tövsif olunmalı, o, həmin maddə ilə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumların islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onların həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59 və 61-ci madələrində nəzərdə tutulan cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etmədi. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 182.2.2, 182.2.3 və 182.2.4-cü maddələri ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CMnin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 3 noyabr 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Maddi sübutlar: Təqsirləndirilən şəxs təqdim etdiyi və tutulduğu ana qədər istifadəsində olmuş «Redmi 7» markalı **********13830 imei kodlu mobil telefon cihazı onun qohumlarına qaytarılmalı, bir ədəd zavod üsulu ilə tapança formasında hazırlanmış alışqan isə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 366 (üç yüz altmış altı) manat 34 (otuz dörd) qəpik Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. İş üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə edilməli əmlak müəyyən edilmədi. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2, 182.2.3 və 182.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 3 noyabr 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə mülki iddiaın olmadığı nəzərə alınsın. Maddi sübutlar: Təqsirləndirilən şəxs təqdim etdiyi və tutulduğu ana qədər istifadəsində olmuş «Redmi 7» markalı **********13830 imei kodlu mobil telefon cihazı onun qohumlarına qaytarılsın. Bir ədəd zavod üsulu ilə tapança formasında hazırlanmış alışqan isə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 366 (üç yüz altmış altı) manat 34 (otuz dörd) qəpik Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu (məhkuma isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar