Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-884/2022 28.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Ağalarov Mahmud Muradxan oğlunun sədrliyi ilə, hakimlər Hacıyev Siyavuş Həbib oğlu və Salmanov Rahib Vaqif oğlundan ibarət tərkibdə, məsləhətçi Turan Zakir qızı Qafarovanın katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçi: Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 6 fevral 1990-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, Vişnyovka-2 Bağ massivi, ev 722-də qeydiyyatda olmaqla yaşamış, hazırda Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədilə qanunsuz olaraq külli miqdarda ümumi təmiz çəkisi 13,503 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və külli miqdarda ümumi təmiz çəkisi 5,6 qram psixotrop maddə olan metemafetamin əldə edərək üzərində saxlamaqla daşımış, 5 yanvar 2022-ci il tarixdə saat 22:50 radələrində Sabunçu RPİ-nin 14-cü PB-nin əməkdaşları tərəfindən Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, X3 küçəsində özünü şübhəli apardığı üçün saxlanılaraq, Sabunçu RPİ-nin 14-cü PB-nə gətirildikdən sonra orada xidməti otaqda üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki gödəkçəsinin sağ yan cibindən 2 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,446 qr, 12,057 qr, ümumi təmiz çəkisi 13,503 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 6 ədəd bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri 0,370 qr, 0,920 qr, 1,400 qr, 1,323 qr, 0,707 qr, 0,880 qr, ümumi təmiz çəkisi 5,6 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, uzun müddətdir ki, narkotik vasitə heroin və psixotrop maddə metamfetamindən istifadə edir. Narkotik vasitəni inyeksiya yolu ilə qəbul edir. Narkotik vasitələri bəzən Sabunçu rayonu Maştağa qəsəbəsi, X3 küçəsində tanışı X1 yaşadığı evdə qəbul etmişdir. Heroin və metamfetamini hər dəfə tanımadığı müxtəlif şəxslərdən alır. 3 yanvar 2022-ci il tarixdə Bakı şəhəri Nizami rayonu, Q.Qarayev metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 200 manata 3 ədəd bükümdə təxminən 2 qram heroin və metamfetamin almışdır. Onları bir ədəd kağız bükümə yerləşdirib, sonradan istifadə etmək üçün üzərində gəzdirmişdir. 5 yanvar 2022-ci il tarixdə saat 22:50 radələrində narkotik vasitə qəbul etmək üçün Ruslanın yaşadığı evə gedərkən Sabunçu rayonu Maştağa qəsəbəsi, X3 küçəsində iki nəfər polis əməkdaşı yaxınlaşıb, onu Sabunçu RPİ-nin 14-cü PB-nə dəvət etmişlər. Orada müdafiəçi ilə təmin olunmuş və barəsində tutma protokolu tərtib edilmişdir. Bundan sonra üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Polis əməkdaşlarının təklifi ilə əynindəki qara rəngli gödəkçənin sağ yan cibində olan bir ədəd kağız bükümü masanın üzərinə qoymuşdur. Bundan başqa üzərindən iş üçün əhəmiyyət kəsb edən heç nə aşkar edilməmişdir. Həmin narkotik vasitə və psixotrop maddə qablaşdırılmışdır. Sonda şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, o və digər iştirakçılar protokolu imzalamışlar. Həmin gün onun yaşadığı evdə də axtarış aparılmış, lakin evdən narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Üzərində və yaşadığı evdə axtarış aparılarkən videoçəkilişdən istifadə olunmuşdur. Ona verilən ittihamla razı deyil, onda cəmi 3 bükümdə, təxminən 2 qram narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olmuşdur. Həmin narkotik vasitələri satış niyyəti ilə deyil, şəxsi istifadəsi üçün əldə etmişdir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Sabunçu RPİ-nin NMB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 5 yanvar 2022-ci il tarixdə saat 22:50 radələrində Sabunçu RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, X3 küçəsində xidmətdə olarkən Təqsirləndirilən şəxs özünü şübhəli apardığından saxlanılmış və 14-cü PB-nə dəvət edilmişdir. Bölmədə xidməti otaqların birində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquqları izah edildikdən sonra video çəkiliş aparılmaqla onun üzərində şəxsi axtarış keçirilmişdir. Polis əməkdaşlarının təklifi ilə Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd kağız bükümü çıxarıb təqdim etmişdir. Həmin bir ədəd kağız büküm açılmış və içərisində 8 ədəd sellofan bükümlər aşkar olunmuşdur. Bükümlərdən ikisinin içərisində qəhvəyi rəngli, altısının içərisində isə ağ rəngli maddələr aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümlərdəki maddələrin heroin və metamfetamin olduğunu, metronun Qara Qarayev stansiyasının yaxınlığında tanımadığı şəxsdən 200 manata aldığını və istifadə etmək üçün Maştağa qəsəbəsində yaşayan tanışı Ruslanın evinə getdiyini bildirmişdir. Axtarış nəticəsində Təqsirləndirilən şəxs üzərində başqa qanunsuz predmet aşkar edilməmişdir. Sonda axtarışın nəticəsini özündə əks etdirən protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Həmin gün Təqsirləndirilən şəxs yaşadığı evə də baxış keçirilmiş, lakin, iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs qarşı onun və ya digər polis əməkdaşları tərəfindən təzyiq göstərilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar ifadə verdi. İşin 106-cı vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə 1 sentyabr 2021-ci il tarixdən 5 yanvar 2022-ci il tarixədək olan dövr ərzində daxil olan və çıxan zənglərin, mesajların siyahısı və mətni barədə məlumatlar 1 ədəd CD diskdə "xxxx" MMC-dən götürülmüş, həmin diskə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən mesajlar aşkar edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən 28 dekabr 2021-ci il tarixdə saat 23:25:08 dəqiqədə ***-***-**-** saylı mobil nömrəyə «Gələndə ustrmeti gətir saat bərk ağrıyıram qaqaş», 12 noyabr 2021-ci il tarixdə saat 20:03:20 dəqiqədə ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan 055- ***-**-** saylı mobil nömrəyə «Sənin başın qaçıb dolamısan məni aşda poxu. Bilirdinki pul verməliyəm gədəliyindən belə eləyirsən? Fikirləş gör nə düzüb qoşarsan di», 30 dekabr 2021-ci il tarixdə saat 13:00:11 dəqiqədə ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə «Sərxan bu pox busri maşına nöş tökmüsən he ay bled məni tutdurmaq istəyirsən aç binədə telefonu» məzmunlu mesajlar yazılmışdır. İşin 21-22 və 46-cı vərəqlərindəki 5 yanvar 2022-ci il tarixli şəxsi axtarış və götürmə haqqında və diskə baxış keçirilməsi haqqında protokollardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd kağız büküm aşkar olunmuş, bundan sonra Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu həmin bir ədəd kağız büküm açılarkən içərisindən 8 ədəd sellofan büküm aşkar olunmuşdur. Həmin 8 ədəd sellofan bükümlər açılarkən 2 ədəd sellofan bükümlərin içərisindən qəhvəyi rəngli, 6 ədəd sellofan bükümlərin içərisindən isə ağ rəngli maddələr aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümlərdəki maddələri metronun Qara Qarayev stansiyasının yaxınlığında tanımadığı şəxsdən 200 manata aldığını və Maştağa qəsəbəsində yaşayan tanışı Ruslan adlı şəxsin evində istifadə etdiyini bildirmişdir. İşin 35-40-cı vərəqlərindəki məhkəmə-kimyəvi ekspertizasının 6 yanvar 2022-ci il tarixli, 6/38 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №100» dairəvi möhür əksi olan, «Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş» sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,446 qram, 12,057 qram olan qəhvəyi rəngli maddələr xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 6 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,370 qram, 0,920 qram, 1,400 qram, 1, 323 qram, 0,707 qram 0,880 qram, ümumi təmiz çəkisi 5,600 qram olan ağ rəngli kristallik maddələr xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri»-in siyahısına daxildir. İşin 116-117-ci vərəqlərindəki məhkəmə-narkoloji ekspertizasının 12 yanvar 2022-ci il tarixli 134 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətində tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşin 122-129-cu vərəqlərindəki «Sübutların qiymətləndirilməsi haqqında» qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar ediləək götürülmüş ümumi təmiz çəkiləri 13,503 qram narkotik vasitə heroin və 5,600 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınaraq saxlanılması üçün Sabunçu RPİ-yə təhvil verilmişdir. İşin 88-ci vərəqindəki Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 11-12-ci vərəqlərindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 5 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin təqsirini təkzib edə biləcək hal müəyyən olunmadı. Təqsirləndirilən şəxs məhkəmə elan edilmiş ittiham özünü qismən təqsirli bildi. Onun bu ifadəsi məhkəmədə dindirilmiş şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, cinayət işi materiallarına əlavə edilmiş protokollar və işin digər faktiki halları ilə təkzib olunduğundan məhkəmə ifadəsinə tənqidi yanaşır. Yuxarıda sadalanan və bir-birini tamamlayan sübutları isə mötəbər sübutlar hesab edir. Məhkəmə bu nəticəyə gələrkən «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli Qərarının tövsiyyələrini də nəzərə alır. Belə ki, həmin Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif olunmalı, o, həmin maddə ilə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməli, ona həmin maddə ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 5 yanvar 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Maddi sübutlar: Sabunçu RPİ-də saxlanılan Sərxan Bəylər oğlunun üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkiləri 13,503 qram narkotik vasitə heroin və 5,6 qram psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonra qalıq 13,443 qram və 5,42 qram hissələri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iki ədəd CD isə iş materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 65 (altmış beş) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 5 yanvar 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Sabunçu RPİ-də saxlanılan Sərxan Bəylər oğlunun üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkiləri 13,503 qram narkotik vasitə heroin və 5,6 qram psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonra qalıq 13,443 qram və 5,42 qram hissələri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, iki ədəd CD isə iş materiallarında saxlanılsın. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 65 (altmış beş) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu (məhkuma isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-884/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-884/2022
28.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver