Məhkəmə qərarları › İş №1(101)-884/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-884/2023

11.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-884/2023 11.05.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 12 : 20 - də Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs oğlunun, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş. Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində 15 dekabr 2022-ci il tarixdə Bakı şəhər Xətai rayon Məhkəməsi tərəfindən '‘həbs" qətimkan tədbiri seçilməklə AR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 28 fevral 2022-ci il tarixdə saat 23 radələrində ünvan 3 ünvanının qarşısında tanışı Zərərçəkmiş şəxs oğlu ilə şərikli onlayn ticarət fəaliyyətinin pozulması nəticəsində yaranmış pul borcunun aralarında bərabər bölünməsi ilə bağlı narazılıq zəminində yaranmış mübahisə zamanı bıçaqla sonuncunun bel nahiyəsindən iki dəfə zərbə vuraraq zərərçəkmış şəxs Zərərçəkmiş şəxs sol bel nahiyəsinin daxilə nüfuz etməyən 1 ədəd deşilmiş kəsilmiş yarası: sol əlin ovuc səthinin iki ədəd kəsilmiş yarası kimi həm ayrı-ayrılıqda, həm də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvuran xəsarətlər və daxili qanaxma ilə müşayiət olunan qalxan çənbər bağırsağın zədələnməsi və sağ böyrəkətrafı (peritonararxası) sahənin hematoması ilə nəticələnən sağ bel nahiyəsinin daxilə nüfuz edən 1 ədəd deşilmişkəsilmiş yarası ilə müşayiət olunan insan həyatı üçün təhlükəli olan xəsarətlər yetirməklə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs oğlunu uzun müddətdir ki, tanıyır. Zərərçəkmiş şəxs NZS qəsəbəsi sakinidir və onu təxminən 10 il bundan əvvəl tanımışdır. Belə ki, o da təxminən 10 il bundan əvvəl NZS qəsəbəsində Elmirlə qonşuluqda yaşamışdır. Elmirlə qonşuluqda yaşayan zaman onunla çox da yaxın münasibəti olmamış, 2016-cı il tarixdə o, tutulan zaman barəsində hökm oxunmuş və o, Pentensiar Xidmətin 2 saylı cəzaçəkmə müəssisəsinə göndərilmişdir. O, 2 saylı cəzaçəkmə müəssisəsinə göndərilən zaman Zərərçəkmiş şəxs də həmin cəzaçəkmə müəssisəsində cəza çəkmiş, Elmir yol nəqliyyat hadisəsi törədərək tutulmuş və azadlıqdan məhrum edilmişdir. 2020-ci ilin aprel ayında o, cəzaçəkmə müəssisəsindən azad olunmuş və 2021-ci ilin sonlarında isə Elmir cəzaçəkmə müəssisəsindən azad olunmuşdur. Cəzaçəkmə müəssisəsində olan zaman Elmirlə dostluq münasibəti yaranmış, onlar günlərinin əksər hissəsini birlikdə keçirmişlər. Cəzaçəkmə müəssisəsindən azad olunduqdan sonra da Elmirlə dostluq münasibəti davam etmişdir. Bundan əlavə onun Vüqar adlı dostu da olmuşdur. Vüqar onlayn alqı-satqı ilə məşğul olmuşdur. O da işləmək üçün Vüqara müraciət etmiş və Vüqarın razılığı ilə o da Vüqarla birlikdə onlayn əşyaların alqı-satqısı ilə məşğul olmağa başlamışdır. Elmir də cəzaçəkmə müəssisəsindən azad olunduqdan sonra onlara qoşulmuş və artıq onlar 3 nəfər ortaq şəkildə müxtəlif əşyaların alqı-satqısı ilə məşğul olmağa başlamışlar. Bundan sonra qazandıqları pulla "Vaz 2107’ markalı avtomobil alınmış həmin avtomobili təmir etdirməyə başlamışlar. Onlar onlayn alqısatqı edən zaman qazandıqları pulun bir hissəsi ilə avtomobili təmir etdirmişlər. Bundan sonra xx.xx.2022-ci il tarixdə onların əldə etdikləri gəlirin bölünməsi üstündə Elmirlə mübahisələri yaranmış və onlar ayrı-ayrılqda işləməyə qərar vermişlər. Belə ki, o, Vüqarla birlikdə işləyəcəyini, Elmir isə ondan ayrılacaqmış. Əvvəlcədən razılaşmaqlarına əsasən xx.xx.2022-ci il tarixdə Elmir, Vüqar və o NZS qəsəbəsində görüşmüşlər. Görüş zamanı onlayn alqı satqıdan əldə etdikləri gəlirləri bölən zaman Elmir özünə çox pay ayırmaq istəmiş və bundan əlavə bildirmişdir ki, "Vaz 2107" markalı avtomobil ona verilməlidir. Onlar Vüqarla birlikdə ona etiraz edərək avtomobilin də bərabər şəkildə bölünməli olduğunu bildirmişlər. Lakin Elmir onlarla razılaşmayaraq əziyyətinin çox olduğunu və böyük payın ona qalmalı olduğunu bildirmişdir. Söhbət zamanı onunla Elmir arasında sözlə mübahisə düşmüşdür. Vüqar isə onları ayıraraq mübahisə etməklərinə əngəl olmuşdur. Elmir isə onların yanından kənarlaşan zaman məsələnin bağlanmadığını, onunla söhbət edəcəyini deyərək çıxıb getmişdir. O da oradan kənarlaşaraq yaşadığı evə getmişdir. xx.xx.2022-ci il tarixdə səhər saatlarında yaşadığı evdə olan zaman Elmirin onunla mübahisə edəcəyini və ondan böyük olduğu üçün onu döyəcəyini fikirləşmişdir. Buna görə də yaşadığı evin mətbəxinə keçmiş və oradan bıçaq götürərək qış gödəkcəsinin sol iç cibinə qoymuşdur. Bundan sonra saat 22 radələrində evdən çıxıb bir az kənarlaşdıqdan sonra bir nəfər şəxsin onu çağırdığını eşitmişdir. Arxaya doğru çevrilən zaman Elmirin onu çağırdığını görmüşdür. O, olduğu yerdə qalmış və Elmir onun yanına gəlməyə başlamışdır. Elmir onun yanına çatan zaman əlinin içərisində olan dəmir parçası ilə onun baş nahiyəsindən bir neçə dəfə zərbə vurmuş və onun baş nahiyəsindən qan gəlməyə başlamışdır. Bundan sonra o Elmirin onu döyəcəyini bildiyi üçün əvvələcədən üzərində götürdüyü bıçağı çıxardaraq Elmirin bel nahiyəsinə bir dəfə zərbə endirmişdir. Bundan sonra Elmir bel nahiyəsini tutaraq hadisə yerindən uzaqlaşmışdır. O da yaşadığı evə qayıtmışdır. Polis əməkdaşlarının onu axtaracağını bildiyi üçün yaşadığı evdən çıxaraq müxtəlif ünvanlarda kirayə qalmışdır. Sonuncu dəfə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində kirayə qalan zaman polis əməkdaşları onun yaşadığı evin qarşısında saxlayaraq Xətai RPİ-nə gətirmişlər. Zərərçəkmiş şəxslə aralarındakı mübahisə və onun Elmiri bıçaqla vurmağı təxminən 2 dəqiqə davam etmişdir. O, Elmiri bıçaqla vurduqdan sonra Elmir sakitləşmiş və ondan kənarlaşaraq üzərinə gəlməmişdir. Bundan sonra bıçağı yerə ataraq yaşadığı evə getmişdir. Hadisə zamanı Zərərçəkmiş şəxs ona bir neçə dəfə yumruqla zərbələr vursa da məhkəmə tibbi ekspertizasından keçməmişdir. Hazırda törətdiyi əməldən səmimi peşmandır, Zərərçəkmiş şəxslə barışmışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs oğlu ifadəsində göstərdi ki, həbs yoldaşı olmuş Təqsirləndirilən şəxs ilə təxminən 5-6 ay internet üzərindən onlayn qaydada xaricdən paltolar və digər geyim əşyaları gətirərək Bakıda müxtəlif mağazalara vermiş və beləliklə onlar özlərinə bir növ ortaq iş qurmuşlar. İşə o, başlamış, Ramiz də işi olmadığı üçün özü onu işə qoşmağını istəmiş və sonradan o da işə qoşulmuşdur. İşə başlayarkən Ramiz az miqdarda pul poymuş, çünki onun işi olmamış və o, Ramizə kömək etmişdir. Son bir ayda Təqsirləndirilən şəxs işə məsuliyyətsiz yanaşaraq səhər gec yuxudan durmuş, malları vaxtında çatdırmamış və s. bu kimi hərəkət edərək işlərini ləngitmişdir. Buna görə də aralarında tez-tez mübahisələr və söz söhbətlər olmuşdur. O, Ramizə məsuliyyətsizliyini deyərkən Ramiz onunla razılaşmamış və mübahisə etmişlər. Bu səbəbdən Ramiz ona onunla işləmək istəmədyini və işlərini ayırmaq istədiyini bildirmişdir. O da bununla razılaşmış və bundan sonra Ramiz borcları da bölməli olduqlarını bildirmişdir. O da bununla razılaşmışdır. Bundan sonra Ramiz borclarının çox hissəsini onun ödəməli olacağını bildirərəkən yenə də aralarında mübahisə və söz söhbət düşmüşdür. 28 fevral 2022-ci il tarixdə o, Xətai rayonunda yerləşən "Mayak" adlı kafedə spirtli içki qəbul etdikdən sonra təxminən saat 23 radələrində Ramiz ona zəng edərək NZS pivə zavodunun yaxınlığında olduğunu və onunla söhbət etmək istədiyini bildirmişdir. O da kafedən çıxıb Ramizlə NZS pivə zavoduna gedən yolda ara məhəllələrdən birində görüşmüşdür. Ramiz yenə də sərxoş olmuş və onlar arasında yenə də borc məsələsinə görə mübahisə düşmüşdür. Ramiz yenə də onun borcların çox hissəsini ödəməli olduğunu bildirmiş və o da bununla razılaşmamışdır. Onların mübahisəsi əlbəyaxa davaya çevrilmiş və Ramiz onu əlləri və yumruqları ilə vurduğu üçün o, özünü müdafiə etmək məqsədi ilə onu özündən İtələyərək əlləri ilə Ramizi vurmuşdur. Bu zaman Ramiz qaranlıq olduğu, həmçinin sərxoş olduğu üçün hansı cibindən və ya belindəki kəmərin altından çıxardığı dəqiq bilmədiyi bıçaqla onu bel nahiyəsindən 2 dəfə bıçaqlamış və ona mane olmaq istəyərkən bıçaqla əlini kəsmişdir. Ramiz onu bıçaqladıqdan sonra hadisə yerindən qaçmışdır. O da ətrafında kənar adamlar olmadığından heç kimi köməyə çağıra bilməmiş və belindən qan axa-axa 32 nömrəli poliklinikanın yaxınlığına gəlmişdir. O, sərxoş olduğu üçün hansı formada 32 saylı poliklinikanın yanına gəldiyini xatırlamır. 32 nömrəli poliklinikanın yaxınlığında qardaşı Elçinə zəng edib "Xalqlar Dostluğu "metrosunun yaxınlığında bıçaqlandığını və həmin vaxt 32 nömrəli poliklinikanın yanında olduğunu, onu gəlib xəstəxanaya aparmasını istəmişdir. Bir qədər sonra qardaşı avtomobil ilə yanına gəlmiş və onu xəstəxanaya aparmışdır. Qardaşı ondan hadisəni kimin törətdiyiyni, niyə və harada törədildiyini soruşarkən ona heç nə deməmişdir. O, Ramizin adını çəkmək istəməmiş və buna görə də hadisənin "Xalqlar dostluğu" metrostansiyasının yaxınlığında baş verdiyini qardaşına demişdir. Lakin hadisə Xətai rayonu NZS pivə zavodunun yaxınlığında ara məhəllədə olmuşdur. Hadisə zamanı ikilikdə olmuşlar və başqa şəxs yanlarında olmamışdır. Onların davası təxminən 3-5 dəqiqə davam etmiş və Ramiz onu bıçaqladıqdan sonra ona mane olarkən əlindəki bıçaq əlini kəsmiş və Ramiz bıçaqla birlikdə hadisə yerindən qaçıb getmişdir. Hazırda Təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, 2022-ci ilin fevral aynın sonlarında qardaşı Elmirin kefinin olmamasını, problemlərinin olmasını görmüşdür. O, Elmirdən bunun səbəbini soruşanda, Elmir pobleminin olmasını və sonra bu barədə danışa biləcəklərini demişdir. Hər dəfə ona nə olmasını deyərkən Elmir heç nə deməmiş və buna görə də o, Elmirə əgər pul borcu vardırsa kömək edə biləcəyini demişdir. Lakin Elmir yenə də özü öz problemini həllə edəcəyini demişdir. Həmin vaxtlar Elmir gecə saatlarında həbs yoldaşı Ramiz adlı şəxslə danışmış və həm də Elmir həmin Ramizlə teztez görüşmüş və Ramiz hərdən onların məhəlləsinə gəlib Elmiri götürüb getmişdir. Ramiz adam bıçaqladığına görə həbs olunmuş və onlar Elmir həbsdə olanda Elmirin yanına gedərkən Ramizin atası və başqa kimisə Ramizin yanına gəlmədiyi üçün Ramizə də sovqat aparmışlar. Elmirin probleminin olmasını və gecələr Ramizlə mübahisə edərək danışmasını görmüş və həmin vaxtlar Elmir ona probleminə görə “ola bilər ki dava edərəm" də demişdir. 28 fevral 2022-ci il tarixdə gecə saat 23 radələrində avtomobili ilə taksi fəaliyyəti göstərmək üçün evdən çıxmış, saat təxminən 23:30 radələrində Elmir ona zəng etmiş və Xalqlar Dostluğu metrosunun yaxınlığında, yəni metronun yanındakı körpüdən Babək prospektinə düşən yolda ara məhəllələrdə bıçaqlanmasını və təcili onu götürməyini istəmişdir. O, əvvəl buna inanmamış və daha sonra Elmirin danışmaqda çətinlik çəkməsini gördüyü üçün onun hazırda harada olmasını soruşmuş, Elmir Xətai rayonundaki 32 saylı poliklinikanın yanına getməsini orada onu gözləməsini demişdir. O dərhal Elmirin dediyi yerə, 32 saylı poliklinikanın yanına getmiş və Elmirin yolun kənarındakı dirəyə dayanıb durmasını görmüşdür. Elmir əlini belinə qoymuş və danışmağa çox çətinlik çəkmişdir. O, Elmiri avtomaşınına əyləşdirib belindəki iki yerdə olan yaraya yod vuraraq silmişdir. Həmin vaxt elmirin əlində də kəsik izi olmuş və oranı da yodlamışdır. Bundan sonra Elmiri dərhal 1 saylı klinikaya gətirmiş və orada həkimlər ona tibbi yardım göstərmişlər. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 193 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs oğlunda daxili qanaxma ilə müşayiət olunan qalxan çənbər bağırsağın zədələnməsi və sağ böyrəkətrafı (peritonararxası) sahənin hematoması ilə nəticələnən sağ bel nahiyəsinin daxilə nüfuz edən 1 ədəd deşilmış-kəsilmiş yarası: sol bel nahiyəsinin daxilə nüfuz etməyən 1 ədəd deşilmiş kəsilmiş yarası; sol əlin ovuc səthinin iki ədəd kəsilmiş yarası olmuşdur. Qeyd olunan xəsarətlər deşici-kəsici əşyanın, ola bilsin ki, bıçağın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə yəni xx.xx.2022-ci il tarixdə yarana bilər, dərəcəsinə görə daxilə nüfuz etmiş deşilmişkəsilmiş yara həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, digər xəsarətlər isə həm ayrı- ayrılıqda, həm də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. (iş vərəqə 30-32) İş materiallarında olan ambulator məhkəmə-psixiatrik ekspertizasının 16 yanvar 2023-cü il tarixli 77 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Zərərçəkmiş şəxs oğlunun məcburi müalicəyə ehtiyacı yoxdur. (iş vərəqə 127-128) İş materiallarında olan 05 mart 2022-ci il tarixli Zərərçəkmiş şəxs oğlunun ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs ünvan 5 ünvanda baş vermiş münaqişə zamanı Təqsirləndirilən şəxs ona bıçaqla xəsarət yetirməsini bildirmişdir. (iş vərəqə 21-23) İş materiallarında olan 15 dekabr 2022-ci il tarixli Zərərçəkmiş şəxs oğlu ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə protokolundan görünür ki, onlar ifadələrini bir birilərinin üzünə qarşı bir daha təsdiq etmişlər. (iş vərəqə 96-100) Beləliklə, məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda təsvir edilmiş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittiham üzrə qismən təqsirli bilməsinə, eləcə də, zərərçəkmiş şəxsə yalnız bir bıçaq zərbəsi endirməsi ilə bağlı ifadəsinə hüquqi qiymət verərək, belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olması zərərçəkmiş şəxsin, şahidin ifadəsi, məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 193 №-li rəyi, 05 mart 2022-ci il tarixli Zərərçəkmiş şəxs oğlunun ifadəsinin yerində yoxlanılması haqqında protokol, eləcə də, 15 dekabr 2022-ci il tarixli Zərərçəkmiş şəxs oğlu ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə protokolu və digər iş materialları ilə tam sübuta yetirilir. Eyni zamanda məhkəmə tərkibi müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi Təqsirləndirilən şəxs baş nahiyyəsindən xəsarətlər almasını əks etdirən təsvirlər olan fotoşəkillərə hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, həmin fotoşəkillərin hansı tarixlərə aid olmasına dair konkret sübutlar olmadığından, yəni, həmin sübutun həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olduğundan, mötəbər sübut kimi tanınması məqsədəmüvafiq deyildir. AR Cinayət-Prosessual Məcəlləsinin 125.1-ci maddəsinə əsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Məhkəmə iş üzrə ekspert rəylərini, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, eləcə də şahidin ifadələrini tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən, eləcə də, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə AR CM-in 126.1-ci maddəsi ilə təqsirli bilinmiş, barəsində 02 il müddətə sınaq müddəti təyin edilməklə, cəzası şərti hesab olunmuş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə ona təyin edilmiş şərti məhkum etmə ləğv edilmiş, AR CM-in 67.1-ci maddəsinə əsasən, ona 04 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. (iş vərəqə 56-64) AR Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə tərkibi qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən məhkum olunduğu AR CM-in 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli yetkinlik yaşına çatmadığı dövrdə törətdiyindən, AR CM-in 18.4.2-ci maddəsinə əsasən, qeyd edilən məhkumluq residivin müəyyən edilməsi zamanı nəzərə alınmamalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunduğu cinayət əməlinə münasibətdə məhkumluğu ödənilmədiyindən, Təqsirləndirilən şəxs əməlində AR CM-in 18.1-ci maddəsinə uyğun olaraq, cinayətin residivi (sadə) halı müəyyən edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsini rəhbər tutaraq, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs oğlu ilə barışmasını, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal kimi, AR CM-in 61.1.1-ci maddəsinə əsasən cinayətin sadə residivini onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. AR CM-nin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göründüyü kimi, Təqsirləndirilən şəxs münasibətdə AR CM-in 61.1.1-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal olduğundan, ona cəza həmin Məcəllənin 60-cı maddəsinin qaydaları əsasında təyin edilə bilməz. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah olunması mümkün olmadığından, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. AR CM-in 56.1.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan və Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməklə, həbsetmənin əvvəli 14 dekabr 2022-ci il tarixdən hesablanmışdır. (iş vərəqə 66; 107-110) Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 14 dekabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 20 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 19 saylı vəkil bürosunun hesabına 120 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345,346,347,351-353,356-cı maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. AR CM-in 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 14 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi təqsirləndirilən şəxsə göstərilmiş 20 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına 120 manat miqdarında pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev Hakimlər Telman Hüseynov Fərid Namazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar