Məhkəmə qərarları › İş №1(101)-885/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-885/2023

08.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-885/2023 08.09.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1 və X2, dövlət ittihamçıları, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X4, Təqsirləndirilən şəxs, müdafiəçi, Bakı şəhəri 28 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib üstündə daşıyaraq saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqla müəyyən edilməmiş şəxsdən qanunsuz olaraq, satış məqsədi olmadan külli miqdarda 04 ədəd bükümdə hər birinin ayrıayrılıqda təmiz çəkisi 0,862 qram, 0,872 qram, 1,042 qram və 0,910 qram olmaqla, ümumi çəkisi 3,686 qram öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olan tünd qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsinə daşıyaraq üzərində saxlamış, 19 oktyabr 2022-ci il tarixdə saat 16:00-da Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, İmadəddin Nəsimi küçəsi, “Ümid yeri” uşaq sığınacaq evinin yaxınlığında saxlanılaraq 3-cü Polis şöbəsinə dəvət olunmuş və həmin gün saat 16:40-da 3-cü Polis şöbəsinin inzibati binasında xidməti otaqların birində videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən siqaretin gümüşü rəngli kağızına bükülmüş 04 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,862 qram, 0,872 qram, 1,042 qram və 0,910 qram olmaqla, ümumi çəkisi 3,686 qram öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olan tünd qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, polislərin onu saxladığı gün o, evdən çıxıb Suraxanı rayonu ərazisinə getmək üçün avtobusa minmiş, 5-6 nəfər polis əməkdaşı avtobusa daxil olub onu avtobusdan düşürdərək polis bölməsinə aparmışlar. Polis bölməsində polislər ona təzyiq göstərmiş, cibinə narkotik qoyaraq videoçəkiliş zamanı həmin narkotikin ona aid olduğunu deməyini istəmişlər. Əvvəl o, etiraz etmiş, lakin polislər onun etirazının fayda verməcəyini bildirmişlər. Həmçinin polislər ona hədə-qorxu gələrək onların dedikləri ilə razılaşmasa, narkotiki onun evinin həyətinə atacaqlarını, arvadını, uşaqlarını da polis bölməsinə gətirəcəklərini demişlər. Bu səbəbdən o, polislərin dedikləri ilə razılaşmış və polislərin verdikləri narkotiki boynuna götürmüşdür. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, o, narkotik vasitənin istifadəsi ilə məşğul olmuş, polislər onu saxlayan gün narkotik istifadə etmişdir. O, gündəlik 1-2 qram narkotik vasitə olan heroindən istifadə etmiş, narkotiki gündəlik 25 manata almışdır. Aldığı narkotik vasitədən heç kəsə verməmişdir. Bununla yanaşı, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi və məhkəmədə tərəflərin razılığı ilə elan olunmaqla tədqiq edilmiş ifadəsində Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2008-ci ildən narkotik vasitələrdən istifadə edir. İstifadə etdiyi narkotik vasitələri Bakı şəhərində ayrı-ayrı yerlərdə tanımadığı müxtəlif şəxslərdən almışdır. Sonuncu dəfə 19 oktyabr 2022-ci il tarixdə səhər saatlarında Suraxanı rayonu, Suraxanı qəsəbəsi ərazisində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 45 manat pul verərək şəxsi istifadəsi üçün dörd büküm narkotik vasitə olan heroin alıb əynində olan şalvarın sağ cibinə qoyaraq Xəzər rayonu, Binə qəsəbəsinə gəlmişdir. Həmin gün, yəni 19 oktyabr 2022-ci il tarixdə təxminən saat 16 radələrində Xəzər rayonu, Binə qəsəbəsi, İmadəddin Nəsimi küçəsində “Ümid yeri” uşaq sığınacağının yaxınlığında piyada hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılaraq Xəzər rayon Polis İdarəsinin 3-cü Polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində narkotik vasitələrin dövriyyəsində şübhəli olmağı bildirilmiş və bununla bağlı videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılmasının zəruri olmasını demişlər. O da heç bir etiraz etməmişdir. Bundan sonra təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, hüquqlarının müdafiə olunmasından ötrü müdafiəçi ilə təmin olunmuşdur. Həm müdafiəçi, həm də təhqiqatçı tərəfindən hüquq və vəzifələri ona izah olunduqdan sonra 3-cü Polis şöbəsində xidməti otaqların birində polis əməkdaşlarının və müdafiəçisinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində qanunla qadağan olunmuş əşya və ya maddənin olub-olmaması soruşulmuş, o, etiraf edərək əynində olan şalvarın sağ cibində saxladığı dörd ədəd bükümdə olan narkotik vasitə heroini polis əməkdaşlarına təqdim etmişdir. Həmin bükümə baxış keçirilmiş və içərisindəki maddə aşkar edilmişdir. Sorğu zamanı həmin maddənin narkotik vasitə heroin olduğunu və şəxsi istifadə məqsədilə üzərində saxladığını bildirmişdir. Bundan sonra aşkar olunmuş maddə bir ədəd zərfə qoyularaq qablaşdırılmış və üzəri möhürlənərək götürülmüş, bu barədə protokol tərtib olunmuş, həmin protokol həm iştirakçılar tərəfindən, həm də onun tərəfindən imzalanaraq təsdiq olunmuşdur. Verilən suallara cavab olaraq bildirmişdir ki, ona qarşı heç bir fiziki və ya mənəvi təzyiq tətbiq olunmamış, o, narkotik vasitəni öz şəxsi istifadəsi üçün əldə etmişdir (cild 1, iş vərəqi 128-129). İfadələri elan edildikdən sonra verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs protokoldakı imzaların ona məxsus olduğunu və belə ifadə verməsinin səbəbi kimi protokolları imzalamayacağı təqdirdə ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə irəli sürülmüş ittihamın ağırlaşdırılacağından qorxduğunu bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşı Şahid1 ifadəsində göstərdi ki, daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar 19 oktyabr 2022-ci il tarixdə əməliyyat işçisi Şahid2la birlikdə Təqsirləndirilən şəxs Binə qəsəbəsi, “Ümid” uşaq evinin yaxınlığında saxlayaraq, onu narkotik vasitələrin gəzdirilməsi, istifadəsində şübhəli şəxs qismində 3-cü Polis bölməsinə gətirib təhqiqatçıya təhvil vermişlər. Şəxsi axtarış və götürülmə zamanı Rövşənin üzərində narkotik vasitə olması müəyyən edilmiş, çəkiliş zamanı təhqiqatçı Rövşənə sual verdiyi zaman Rövşən üzərində olan narkotik vasitəni təqdim etmişdir. Həmin narkotik vasitə balaca bükümlərdə heroinə bənzər kütlələr olmuşdur. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid1 bildirdi ki, onlar Təqsirləndirilən şəxs yolun kənarında hərəkətdə olarkən günorta saatlarında, təxminən saat 2-də saxlamış, saxlanılan an Təqsirləndirilən şəxs üzərinə baxış keçirməmişlər. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşı Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiklərini tam təsdiq etdi. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid2 bildirdi ki, onlar Təqsirləndirilən şəxs avtobusun yanında, avtobusa minməmişdən əvvəl saxlamış, Rövşən saxlanılarkən tək olmuş, Rövşən saxlanılmasına etiraz etdikdə onlar Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatının daxil olduğunu bildirmişlər. Rövşənin üzərinə bölmədə baxış keçirilmiş və 4 büküm narkotik aşkar edilmişdir. O, Təqsirləndirilən şəxs narkotik vasitə verməmiş, üzərinə narkotik vasitə qoyulmamış, Rövşənə hər hansı təzyiq göstərilməmişdir. Məhkəmədə verilən çarpaz suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, polis işçisi Şahid2 onun cibinə narkotik vasitə qoymamış, amma cibinə narkotik vasitə qoyularkən Rafayıl orada iştirak etmişdir. Rafayıl Rəcəbov ona təzyiq göstərmiş, ona narkotiki boynuna götürməsə, üzərindən yarım kilo “mal” çıxardacaqlarını bildirmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli raportdan görünür ki, xx xxxxxxx 1984-cü ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin qəsəbə Bolluq yaşayış massivi, 2-ci sahədə nömrəsiz ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması bildirilir (cild 1, iş vərəqi 4). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 7-8). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli raportdan görünür ki, həmin tarixdə saat 16 radələrində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli bilinən xx xxxxxxx 1984-cü ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin qəsəbə Bolluq yaşayış massivi, 2-ci sahədə nömrəsiz ünvanda yaşayan Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, İmadəddin Nəsimi küçəsi, “Ümid yeri” uşaq sığınacaq evinin yaxınlığında saxlanılaraq polis şöbəsinə gətirilmişdir (cild 1, iş vərəqi 11). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, həmin gün müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən siqaretin gümüşü sellofanına bükülmüş 4 ədəd bükümü təqdim etmiş, bükümlərdə narkotik vasitə heroin olduğunu və onu xx.xx.2022-ci il tarixdə Suraxanı qəsəbəsində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 30 manat pula aldığını, bir qismini istifadə etdiyini, bir qismini isə sonra istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 244 saylı möhürü ilə möhürlənərək götürülmüşdür (cild 1, iş vərəqi 30-31). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/6095 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxs imza Təqsirləndirilən şəxs....” ... yazı və imzalar olan zərfdə 4 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,862 qram, 0,872 qram, 1,042 qram və 0,910 qram olmaqla, ümumi çəkisi 3,686 qram olan tünd qəhvəyi rəngli maddələr öz aralarında xarici görünüşünə və kimyəvi komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Aparılmış tədqiqatın dəyəri 88 (səksən səkkiz) manat təşkil edir (cild 1, iş vərəqi 38-43). İşdə olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xəzər rayon Polis İdarəsinin 3cü Polis şöbəsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid2 tərəfindən qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərar qanuni hesab edilmişdir (cild 1, iş vərəqi 82). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş DVD diskdə olan videogörüntüyə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, 19 oktyabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokola əlavə edilmiş 01 ədəd DVD diskə baxış keçirilmiş, müəyyən olunmuşdur ki, Xəzər rayon Polis İdarəsinin 3-cü Polis şöbəsinin əməliyyat müvəkkili polis mayoru Şahid2, sahə inspektoru polis kapitanı Şahid1 Talib oğlunun, üzərində şəxsi axtarış keçirilən Təqsirləndirilən şəxs və onun hüquqlarını müdafiə edən Bakı şəhər 8 saylı Vəkil bürosunun vəkili X3 iştirakları ilə 3-cü Polis şöbəsinin təhqiqatçısı, polis kapitanı Nihad Mustafayev tərəfindən şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən içərisində açıq qəhvəyi rəngli toz şəkilli maddə olan siqaretin gümüşü rəngli kağızına bükülmüş 4 ədəd bükümü təqdim edərək, həmin maddənin narkotik vasitə “kakos” olduğunu və həmin narkotik vasitəni Suraxanı rayonu ərazisindən tanımadığı şəxsdən 25 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitəyə bənzər kütlələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı Nihad Mustafayev tərəfindən kağız zərfdə qablaşdırılıb götürülmüşdür. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən başqa qadağan olunmuş hər hansı bir əşya və ya maddə aşkar edilməmişdir (cild 1, iş vərəqi 83). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş texniki vasitələrlə ötürülən məlumatlara baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokolun məzmunundan görünür ki, "xxxx" MMC-dən daxil olmuş Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrəyə daxil olan və çıxan zəngləri, sms yazışmalarını özündə əks etdirən CD-R diskə baxış keçirilmiş, baxış zamanı istintaq üçün əhəmiyyət kəsb edə biləcək heç bir məlumat aşkar edilməmişdir (cild 1, iş vərəqi 102). İşdə olan Xəzər rayon Polis İdarəsinin 3-cü Polis bölməsinin xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli məktublarından görünür ki, bir sıra əməliyyat-axtarış tədbirləri keçirilsə də, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını və əldə etdiyi narkotikin mənbəsini müəyyən etmək mümkün olmamışdır (cild 1, iş vərəqi 103-104). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ciil tarixli, 7766 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 111-112). İşdə olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üstündən aşkar edilib götürülmüş, ayrı-ayrılıqda təmiz çəkisi 0,862 qram, 0,872 qram, 1,042 qram və 0,910 qram olmaqla, ümumi çəkisi 3,686 qram narkotik vasitə heroin və şəxsi axtarışın gedişatını əks etdirən 1 ədəd disk və "xxxx" MMC-dən daxil olmuş 1 ədəd disk iş üzrə maddi sübut kimi tanınmış, tədqiqata sərf edildikdən sonra qalıq qalan ümumilikdə 3,486 qram çəkidə narkotik vasitə heroinin saxlanılması üçün Bakı şəhəri Xəzər rayon Polis İdarəsinə verilməsi, 2 ədəd diskin cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 113-118). İşdə olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, cinayət işinin materiallarından Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi mənbənin müəyyən edilməsi məqsədilə material ayrılaraq 3-cü Polis şöbəsinə göndərilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 113-118). İşdə olan arayışdan, xasiyyətnamədən və doğum haqqında sənədlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2017-ci il təvəllüdlü Əliyeva Xədicə, xx.xx.2019-cu il təvəllüdlü Əliyeva Leyla adlı uşaqları vardır. Təqsirləndirilən şəxs barəsində İnzibati ərazi dairəsi üzrə nümayəndəliyə hər hansı xoşagəlməz hallar haqqında məlumat daxil olmamışdır (cild 1, iş vərəqi 106-109). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Təqsirləndirilən şəxs polislər tərəfindən saxlanılarkən üzərində heç bir narkotik vasitənin olmaması, polislərin psixoloji təzyiq göstərməklə, ona narkotik vermələri, qorxusundan verilmiş narkotiki boynuna göstərməsi və çəkiliş zamanı ona verilmiş bükümləri cibindən çıxarıb təqdim etməsi barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır, bunu təqsirləndirilən şəxsin müdafiə mövqeyi kimi dəyərləndirir. Belə ki, polis şöbəsində tutularkən Təqsirləndirilən şəxs müdafiə hüququ təmin edilərək müdafiəçi dəvət edilmiş, müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış keçirilmiş və o, əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən siqaretin gümüşü sellofanına bükülmüş 4 ədəd bükümü təqdim etmiş, bükümlərdə narkotik vasitə heroin olduğunu və onu 19 oktyabr 2022-ci il tarixdə Suraxanı qəsəbəsində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 30 manat pula aldığını, bir qismini istifadə etdiyini, bir qismini isə sonra istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Şəxsi axtarışın nəticəsinə dair müvafiq protokol tərtib edilmiş və həmin protokol təqsirləndirilən şəxs və müdafiəçi tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs şübhəli şəxs və təqsirləndirilən şəxs qismində müdafiəçisinin iştirakı ilə ifadələr verərkən üzərindən aşkar edilmiş narkotikin özünə aid olduğunu etiraf etmişdir. Lakin məhkəmədə ifadəsində və ona verilən suallara cavab olaraq polis bölməsində polis əməkdaşları tərəfindən ona psixoloji təzyiq edildiyi və onun həmin təzyiq altında etirafedici ifadələr verdiyini bildirmişdir. Qeyd edilənlərdən əlavə Təqsirləndirilən şəxs, barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsində həbs qətimkan tədbiri seçilərkən verdiyi izahatında tərətdiyi cinayət əməlini qismən etiraf etmiş, ondan aşkar edilmiş narkotik vasitəni şəxsi istifadəsi üçün alıb saxladığını bildirmişdir. Şərh olunanlara əsasən məhkəmə qeyd edir ki, polis əməkdaşları tərəfindən psixoloji təzyiqlərə məruz qalması barədə məhkəmədə deyilənlər uydurmadan başqa bir şey deyil və məhkəmə həmin halı həqiqətə uyğun hal kimi qəbul edə bilməz. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələrini, həmin ifadələr işin digər materialları ilə tam uzlaşdığı səbəbindən sübut kimi qəbul edir. Bununla da, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirməklə məsuliyyətdən yaxa qurtarmaq məqsədini güdür. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib saxlayaraq daşıması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən və məhkəmə hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 yanvar 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 26 aprel 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir (cild 1, iş vərəqi 93-99). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin Məhkəməsinin 06 yanvar 2022-ci il tarixli hökmü ilə ona təyin edilmiş cəzanı çəkib qurtardığı gündən iki ildən çox vaxt keçmədiyindən qüvvədə olan cinayət qanunvericiliyinə görə, onun məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və o, məhkumluğu olan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Beləliklə, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin Məhkəməsinin 06 yanvar 2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardığı tarixdən sonra məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyindən onun törətdiyi əməl cinayətin residivi kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs əməlində residivin olmasını məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayət kimi təsnif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmənin qərarından görünür ki, Təqsirləndirilən şəxs 19 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 21 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 19 oktyabr 2022-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 21, 72-74). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 19 oktyabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və Bakı şəhəri Xəzər rayon Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumilikdə 3,486 qram çəkidə narkotik vasitə heroin məhv edilməlidir. Digər maddi sübutlar – 2 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 88 (səksən səkkiz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 19 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülərək Bakı şəhəri Xəzər rayon Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumilikdə 3,486 qram çəkidə narkotik vasitə heroin məhv edilsin. Digər maddi sübutlar - 2 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 88 (səksən səkkiz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Əhməd Quliyev Fərid Namazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar