Məhkəmə qərarları › İş №1(101)-886/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-886/2022

06.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-886/2022 06.06.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Əhməd Qəhrəman oğlu Quliyevdən və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri «Kredo» vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə 1999-cu il iyunun 01-də Cəlilabad rayonunun Çünzəli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, himayəsində bir nəfər azyaşlı uşağı olan, işləməmiş, əvvəllər məhkum edilməmiş, Lənkəran rayonu, Gərmətük ərazi dairəsi, Gərmətük qəsəbəsində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1.-ci və 234.4.3.-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən ittiham irəli sürülmüşdür ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib saxlamaqla daşımış və satmışdır. Belə ki, istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa şəxsiyyəti məlum olmayan, cinayət əlaqəsinə girdiy İran İslam Respublikasının vətəndaşı Bəhruz adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmək, saxlamaq, daşımaq və satmaq barədə razılaşdıqdan sonra müxtəlif tarixlərdə Bəhruz adlı şəxsin göstərişi ilə narkotik vasitələri və psixotrop maddələri istintaqa məlum olmayan ünvanlardan götürüb sonuncunun göstərişi ilə istintaqa məlum olmayan ünvanlara qoyduqda gördüyü işlərin qarşılığında özünə aid olmaqla "xxxx" ASC-yə məxsus 4169-7385-7736-6457 nömrəli plastik karta pullar köçürülmüş, axırıncı dəfə, 2021-ci il dekabrın 15-də dəqiq ünvanı istintaqa məlum olmayan Bakı şəhəri Nərimanov rayonunun ərazisindən götürərək özündə saxlayıb daşıdığı narkotik vasitə heroini 2021-ci il dekabrın 17-də saat 06:30-da Bakı şəhəri, Nərimanov rayonu, X4 prospekti, 135 ünvanının yaxınlığında Bəhruz adlı şəxs tərəfindən qabaqcadan təyin olunan ünvana yerləşdirərkən Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən saxlanmaqla idarəyə gətirilmiş, orada müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış aparılanda sağ əlində saxladığı, üstündə «FİLA» yazısı olan qara rəngli idman çantasının içərisindən iki ədəd polietilen torbada ayrı-ayrılıqda 995 qram və 85 qram, ümumilikdə 1.080 qram təmiz çəkidə qəhvəyi rəngli toz şəklində kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə ona elan edilən ittihamda özünü təqsirli bilib ifadəsində göstərdi ki, 2021-ci il dekabrın 15-də onunla əlaqə saxlayan İran İslam Respublikasının vətəndaşı Bəhruz adlı şəxs narkotik vasitə heroini Bakı şəhəri Nərimanov rayonunun ərazisindən götürməklə deyilən ünvana çatdırmağı tapşırdıqda o, həmin tarixdə göstərilən maddəni götürdükdən sonra Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospektində fəaliyyətdə olan otellərin birində gecələmişdir. 2021-ci il dekabrın 17-də saat 06:30 radələrində taksi ilə getdiyi ünvan 5 ünvanının yanındakı yerdə narkotik vasitə heroini qoymaq istəyərkən özlərini Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları kimi təqdim edən iki nəfər mülki geyimli şəxs yaxınlaşaraq narkotik vasitənin qanunsuz dövriyyəsində şübhələnildiyini bildirib onu idarəyə dəvət etmişlər. Orada müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış aparılarkən polis işçilərinin təklifi ilə o, əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd «Samsung Galaxy A8» markalı mobil telefonu, arxa sol cibindən 35 manat, əlində saxladığı, üstündə «FİLA» yazısı olan qara rəngli idman çantasının içərisindən üstlərində «Digital Scale» yazılan bir ədəd qara rəngli elektron tərəzini və «Etta» yazılan bir ədəd qırmızı rəngli kitabçanı, bir ədəd şəffaf polietilen torbadakı iki ədəd polietilen bükümü çıxarmaqla təqdim etmiş, bükümlərdəki narkotik vasitə heroini Bəhruz adlı İran İslam Respublikasının vətəndaşının tapşırığı ilə iki dəfə, adlarını bilmədiyi İran İslam Respublikasının vətəndaşlarının göstərişi ilə isə bir neçə dəfə müxtəlif növ narkotik vasitələri yadında qalmayan ünvandan götürərək digər ünvana qoyduğunu, əvəzində narkotikin hər kiloqramına görə 800 manat aldığını, bu işə Elçin adlı tanışının vasitəsi ilə cəlb olunduğunu və gəlir əldə etmək üçün kuryerlik etdiyini, pul müqabilində narkotik vasitəni Arif adlı şəxsə ötürdüyünü, Rasim adlı şəxsə bir dəfə satıb qalan hallarda, yazığı gəldiyindən, pulsuz verdiyini, kitabçada özünün başa düşəcəyi şəkildə şifrələnmiş formada hansı ünvana nə qədər narkotik vasitə qoyulmalı olduğunu qeyd etdiyini bildirmişdir. Ona qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Əməlindən peşmandır. İş üzrə şahid qismində dindirilən hadisə ərəfəsində polis kapitanı olmaqla Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin baş əməliyyat müvəkkili işləmiş Şahid1 ifadəsində göstərdi ki, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili polis leytenantı Şahid2 ilə birlikdə 2021-ci il dekabrın 17-də saat 06:30 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev prospekti, 135 ünvanının ətrafında xidmətdə olarkən bir nəfər qadının hərəkətləri və davranışı ilə özünü şübhəli apardığını görərək yaxınlaşıb özlərini təqdim etdikdən sonra adını və soyadını soruşanda sonuncunun suallara qeyri-müəyyən cavab verməsi ilə şübhələrini daha da artırmaqla uzaqlaşmağa cəhd göstərdikdə onlar həmin şəxsi saxlayaraq idarəyə dəvət etmişlər, şəxsiyyəti müəyyənləşdirilən Təqsirləndirilən şəxs üzərində müdafiəçinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış aparılarkən sonuncu əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd «Samsung Galaxy A8» markalı mobil telefonu, arxa sol cibindən 35 manat, əlində saxladığı, üstündə «FİLA» yazısı olan qara rəngli idman çantasının içərisindən üstlərində «Digital Scale» yazılan bir ədəd qara rəngli elektron tərəzini və «Etta» yazılan bir ədəd qırmızı rəngli kitabçanı, bir ədəd şəffaf polietilen torbadakı iki ədəd polietilen bükümü çıxarıb təqdim etməklə bükümlərdəki narkotik vasitə heroini 2021-ci il dekabrın 15-də Bəhruz adlı İran İslam Respublikasının vətəndaşının tapşırığı ilə Bakı şəhəri Nərimanov rayonunun ərazisindən götürərək deyilən ünvana qoyduğunu bildirmişdir. Aşkarlanan bükümlər zərfə qablaşdırılıb götürülmüş, tərtib olunan protokolun düzgünlüyü iştirakçıların imzaları ilə təsdiqlənmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya psixi zor tətbiq olunmamışdır. İş üzrə şahid qismində dindirilən hadisə ərəfəsində polis leytenantı olmaqla Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili işləmiş Şahid2 Şahid1 ilə oxşar ifadə verdi. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq olunmuş Şahid3 ibtidai araşdırma zamanı şahid qismində dindirilərkən psixotrop maddə metamfetamin istifadə etsə də narkotik vasitələrin satışı ilə məşğul olmadığını, Elçin adlı şəxsin vasitəsilə tanıdığı Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamin aldığını göstərmişdir (iş vərəqi 104). Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq olunmuş Şahid4 ibtidai araşdırma vaxtı şahid qismində dindirilərkən narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aludəçisi olsa da onların satışını həyata keçirmədiyini, təxminən 10 dəfə Təqsirləndirilən şəxs narkotik vasitə heroin aldığını göstərmişdir (iş vərəqi 110). İş materiallarındakı Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin 2021-ci il dekabrın 17-də tərtib etdiyi raportdan görünür ki, göstərən tarixdə saat 06:30-da Bakı şəhəri, Nərimanov rayonu, X4 prospekti, 135 ünvanının yaxınlığında bir nəfər şəxsin hərəkətləri və davranışları ilə özünü şübhəli aparması, habelə həmin yerdən uzaqlaşmağa çalışması nəticəsində sonuncu saxlanaraq idarəyə gətirilmişdir (iş vərəqi 4). İş materiallarındakı Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin tərtib etdiyi 2021-ci il 17 dekabr tarixli protokoldan və eyni tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs 2021-ci il dekabrın 17-də saat 07:40-da Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş, sonuncunun bacısı X3 məlumat vermək hüququ təmin edilmiş, protokola etiraz və şikayət olmamışdır (iş vərəqi 15-16 və 32). İş materiallarındakı Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin tərtib etdiyi 2021-ci il 17 dekabr tarixli protokoldan və iltizamdan görünür ki, müdafiəçinin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən sonuncu sağ əlində saxladığı, üstündə «FİLA» yazısı olan qara rəngli idman çantasından üstlərində «Digital Scale» yazılan bir ədəd elektron tərəzini və «Etta» yazılan bir ədəd qırmızı rəngli kitabçanı, bir ədəd polietilen torbanı, əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd «Samsung A 8» markalı mobil telefonu və arxa sol cibindən bir ədəd 35 manat çıxarıb təqdim etməklə torbadakı iki ədəd sellofan bükümdə narkotik vasitə heroini Bəhruz adlı İran İslam Respublikasının vətəndaşının göstərişi ilə 2021-ci il dekabrın 15-də Bakı şəhərinin Nərimanov rayonunda ünvanını dəqiq bilmədiyi yerdən götürərək 2021-ci il dekabrın 17-də saat 06:30-da sonuncunun göstərişi əsasında Bakı şəhəri, Nərimanov rayonu, X5 prospekti, 135 ünvanının yaxınlığına qoyarkən polis əməkdaşları tərəfindən tutulduğunu bildirmiş, pul vəsaiti Təqsirləndirilən şəxs qaytarılmış, bükümlər zərfə qablaşdırılıb digər predmetlər götürülmüş, protokola şikayət, təklif və qeydlər olmamış, bir ədəd CD diski cinayət işinə əlavə edilmişdir (iş vərəqi 22-24). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2021-ci il 17 dekabr tarixli 6/5533 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilib üzərində «vət. Təqsirləndirilən şəxs (imza)» yazısı və imzalar olan paketdəki iki ədəd polietilen torbada ayrı-ayrılıqda 995 qram və 85 qram, ümumilikdə 1.080 qram təmiz çəkidə qəhvəyi rəngli maddələr kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, bir ədəd qara rəngli elektron tərəzinin üzərində narkotik vasitə heroinin izləri olsa da iz şəklində olduğundan təmiz çəkisini müəyyən etmək mümkün olmamışdır, narkotik vasitə heroinin tədqiqatdan sonrakı qalığı 1.079,8 qram təşkil edir, ekspertiza tədqiqatının dəyəri 114 manatdır (iş vərəqi 34-37). İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 18 dekabr tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilən Təqsirləndirilən şəxs göstərən maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur (iş vərəqi 51-52). İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2021-ci il 18 dekabr tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində əvvəli 2021-ci il dekabrın 17-dən hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (iş vərəqi 73- 77). İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 20 dekabr tarixli qərarından görünür ki, maddi sübut kimi tanınmaqla Təqsirləndirilən şəxs aşkarlanıb götürülən üstündə «Digital Scale» yazılan bir ədəd elektron tərəzi və narkotik vasitə heroinin tədqiqatdan sonrakı 1.079,8 qram çəkidə qalığı saxlanılması üçün idarənin maddi sübutların salanc yerinə təhvil verilmişdir (iş vərəqi 86- 87). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X2 2022-ci il 06 yanvar tarixli 1/17 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs son 10 ildə xəstəxanaya müraciət etməmişdir (iş vərəqi 119). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Bakı Şəhər Narkoloji Mərkəzi» publik hüquqi şəxsinin 2022-ci il 07 yanvar tarixli 91 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs qeydiyyatda yoxdur (iş vərəqi 120). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Psixiatriya Xəstəxanası» publik hüquqi şəxsinin 2022-ci il 10 yanvar tarixli 244 №-li və «Respublika Narkoloji Mərkəzi» publik hüquqi şəxsinin 2022-ci il 11 fevral tarixli 19/51- 2297 №-li məktublarından görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan xəstəxanalarda müalicədə olmamışdır və qeydiyyatda yoxdur (iş vərəqi 121 və 135). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin 2022-ci il 13 yanvar tarixli 05/2-12/14 №-li məktubundan görünür ki, 2019-cu il 10 aprel təvəllüdlü Dəniz İsmayılovanın doğumu sonuncunun nikahda olmayan anası Təqsirləndirilən şəxs ərizəsi əsasında Lənkəran Rayon Qeydiyyat Şöbəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır (iş vərəqi 127). İş materiallarındakı Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2022-ci il 01 fevral və 2022-ci il 21 fevral tarixli protokollardan görünür ki, «Bakcell» məhdud məsuliyyətli cəmiyyətinin 2022-ci il 28 yanvar tarixli BKC/LGL-2046/22 №-li və «Azerfon» məhdud məsuliyyətli cəmiyyətinin 2022-ci il 16 fevral tarixli AZF/LGL- 5120/22 №-li məktubları ilə daxil olan iki ədəd CD diskinə baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən hər hansı məlumat aşkarlanmamışdır (iş vərəqi 132-134 və 136-138). İş materiallarındakı Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2022-ci il 05 mart tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus bir ədəd «Samsung A 8» markalı mobil telefona baxış vaxtı «Qalereya» bölməsində müxtəlif ünvanların, əşyaların, həmçinin narkotik vasitələrin fotoşəkilləri, müxtəlif narkotik vasitələrin elektron tərəzidə çəkilməsinə aid videogörüntülər və "xxxx" məhdud məsuliyyətli cəmiyyətinə məxsus 4169-7385-7736-6457 nömrəli plastik kartın fotoşəklinin olması aşkar olunmuş, Təqsirləndirilən şəxs narkotik vasitələri Bəhruz adlı İran İslam Respublikasının vətəndaşının əvvəlcədən müəyyən edilmiş yerlərə qoyaraq həmin ünvanların fotoşəkillərini «WhatsApp» proqramı vasitəsi ilə ona göndərdikdə oradan narkotik vasitələri götürərək əvvəlcədən müəyyən edilmiş ünvanlara qoyduğunu, narkotik vasitələrin satışından əldə olunan pulların özünə məxsus göstərilən plastik karta göndərildiyini bildirmiş, fotocədvəl protokola əlavə edilmişdir (iş vərəqi 160-167). İş materiallarındakı Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2022-ci il 05 mart tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus bir ədəd qırmızı rəngli kitabçaya baxış zamanı kitabçanın içərisində müxtəlif tarixlərin altında şifrəli hərf və rəqəmlərin yazılması aşkarlanmış, sonuncu həmin tarixlərin alt hissəsindəki «k» və «p» yazılarının müvafiq qaydada narkotik vasitə heroini və psixotrop maddə metamfetamini göstərdiyini, rəqəmlərin isə qeyd olunan tarixlərdə Bəhruz adlı İran İslam Respublikasının vətəndaşından qəbul edib sonuncunun göstərişi ilə müxtəlif ünvanlara çatdırılması üçün əvvəlcədən müəyyən edilmiş çəkilərinin olduğunu bildirmiş, səhifənin kserosurəti çıxarılmaqla protokola əlavə edilmişdir (iş vərəqi 168-169). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Narkoloji Mərkəzi» publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 2022-ci il 05 mart tarixli 1139 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan narkomaniya xəstəliyi aşkar olunmaqla məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqi 175-176). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» publik hüquqi şəxsinin ambulator məhkəməpsixiatrik ekspertizasına dair 2022-ci il 05 mart tarixli 580 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəliyin əlamətləri aşkarlanmamaqla sonuncu ittiham olunduğu əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, buna görə də törədilən əməl barəsində anlaqlı hesab edilməlidir, məcburi müalicəyə ehtiyacı yoxdur (iş vərəqi 177- 178). İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2022-ci il 08 mart və 2022-ci il 09 mart tarixli qərarlarından görünür ki, əməli Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsindən həmin Məcəllənin 234.4.1.ci və 234.4.3.-cü maddələrinə tövsif olunmaqla təqsirləndirilən şəxs qismində cəlb edilən Təqsirləndirilən şəxs qeyd olunan maddələrdə nəzərdə tutulan ittiham elan olunmuşdur (iş vərəqi 181-182 və 184-185). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2022-ci il martın 11-də tərtib etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqi 207). İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin 2022-ci il 12 mart tarixli ***-**** №-li məktubunun kserosurətindən görünür ki, Elçin və Rüfət adlı şəxsləri, taksi sürücüsünün şəxsiyyətini, sonuncunun avtomobilinin markasını və qeydiyyat nömrəsini müəyyən etmək mümkün olmamışdır (iş vərəqi 208). İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2022-ci il 12 mart tarixli sübutların qiymətləndirilməsi, habelə eyni tarixli cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və ayrılmış cinayət işinin icraata qəbul edilməsi haqqında qərarlarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə elan olunan ittiham qüvvəsində saxlanılmış, Bəhruz adlı İran İslam Respublikasının vətəndaşı barəsində Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə cinayət işinin materiallarından başqa cinayət işi ayrılmaqla Təqsirləndirilən şəxs "xxxx" məhdud məsuliyyətli cəmiyyətinə məxsus 4169-7385-7736- 6457 nömrəli plastik kartı ilə əlaqədar MMC-dən istintaq müddətində cavab gəlməməsi nəzərə alınaraq qeyd olunan kart üzrə araşdırmanın davam etdirilməsinə qərar verilmiş, maddi sübut kimi tanınmaqla sonuncudan aşkar olunub götürülən narkotik vasitə heroinin tədqiqatdan sonrakı 1.079,8 qram çəkidə qalığı, Təqsirləndirilən şəxs məxsus bir ədəd «Samsung A 8» markalı mobil telefon, bir ədəd üzərində «Etta» yazılı qırmızı rəngli kitabça və bir ədəd üzərində «Digital Scale» yazılı elektron tərəzi saxlanılması üçün idarənin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, bir ədəd CD diskinin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır (iş vərəqi 209-225 və 227-229). Məhkəmə mövcud sübutlara qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsini, əməlində cinayət tərkibinin olduğunu, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə düzgün tövsif olunmuşdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.11.-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2021-ci 6 iyul tarixli qərarına əsasən, toplanılan narkotik tərkibli bitkilərdən və ya onların hissələrindən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda və yaxud satış məqsədi ilə istənilən miqdarda narkotik vasitənin hazırlanması və bundan sonra onun saxlanılması, daşınması, göndərilməsi, emal edilməsi, yaxud satılması kimi cinayət əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 17.1-ci maddəsinin tələblərinə müvafiq olaraq bu Məcəllənin 234 və 237-ci maddələri ilə tövsif edilməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 nömrəli Qərarının 9cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə eedilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin həmin Məcəllənin 237-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun həmin Qərarının 4-cü bəndinə görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən Qərarında həmçinin göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında» 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanununun şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə İ siyahısında narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram müəyyən olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, özünün tamamilə etirafedici və şahidlərin ifadələri, maddi sübutların mövcudluğu, ekspert və tibbi yoxlamanın rəyləri, eləcə də iş üzrə başqa mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasının işdə cəzanı yüngülləşdirən hal olduğunu nəzərə almaqla ilk məhkumluğunu, əməlindən peşman olmasını, ailə vəziyyətini cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə habelə hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2.-ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə məcburi-narkoloji tibbi yoxlamaya əsasən Azərbaycan Respublikasının CM-nin 93.1.-ci və 93.1.2.-ci maddələrinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunmalı, o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99- 1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilməklə Təqsirləndirilən şəxs aşkar olunub götürülən narkotik vasitə heroinin tədqiqatdan sonrakı 1.079,8 qram çəkidə qalığı, bir ədəd üzərində «Etta» yazılı qırmızı rəngli kitabça və bir ədəd üzərində «Digital Scale» yazılı elektron tərəzi məhv edilməli, sonuncuya məxsus bir ədəd «Samsung A 8» markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalı, bir ədəd CD diskinin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmalıdır. İş üzrə 114 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri «Kredo» vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən 36 iş saatı müddətində həyata keçirilmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri «Kredo» vəkil bürosunun nəfinə (VÖEN: **********) 216 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan cəza müddətinə ibtidai həbs müddətindən başqa təqsirləndirilən şəxsin azadlığı faktiki məhdudlaşdırıldığı zaman da daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarına əsasən prosessual məcburiyyət tədbirlərinin tətbiqi qaydasında tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlanıldığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək davam edən müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 2021-ci il dekabrın 17-dən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə təqsirli bilinərək 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 2021-ci il dekabrın 17-dən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə 114 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri «Kredo» vəkil bürosunun nəfinə (VÖEN: **********) 216 manat köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilməklə Təqsirləndirilən şəxs aşkar olunub götürülən narkotik vasitə heroinin tədqiqatdan sonrakı 1.079,8 qram çəkidə qalığı, bir ədəd üzərində «Etta» yazılı qırmızı rəngli kitabça və bir ədəd üzərində «Digital Scale» yazılı elektron tərəzi məhv edilsin, sonuncuya məxsus bir ədəd «Samsung A 8» markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın, bir ədəd CD diskinin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Əhməd Quliyev Azər Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar