Məhkəmə qərarları › İş №1(101)-888/2019

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-888/2019

24.10.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-888/2019 24.10.2019 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Xankişiyev Mirzə Aslan oğlu və Mahmudov İlham Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X2 və X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər - Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə, xx xxxx 1998-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 aprel 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 il müddətinə azadlıqdan məhrum edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olan və faktiki həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci və 272.2.2-ci maddələri, xx xxxxx 1994-cü il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanda qeydiyyatda olan və faktiki həmin ünvanda yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.3-1-ci, 177.2.4-cü və 272.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən e tdi: Təqsirləndirilən şəxs1 qəsdən cinayət törətməyə görə əvvəllər məhkum edilməsi və məhkumluğu qanunla müəyyən edilmiş qaydada götürülmədən və ödənilmədən yenidən qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında kompyuter sisteminə, kompyuter sistemindən və ya bu sistem daxilində ötürülən ümumi istifadə üçün nəzərdə tutulmayan kompyuter məlumatlarını buna hüququ olmadığı halda texniki vasitələrdən istifadə etməklə qəsdən ələ keçirmiş, elektron məlumat daşıyıcılarından yaxud informasiya texnologiyalarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talamaqla külli miqdarda oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 aprel 2018ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrum edilməsinə və 26 iyul 2018-ci il tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə 4 ay 25 gün vaxtında əvvəl şərti azad edilməsinə baxmayaraq məhkumluğu qanunla müəyyən edilmiş qaydada götürülmədən və ödənilmədən yenidən qəsdən şəxsiyyəti istintaqla araşdırılan Andrey adlı şəxslə elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə etməklə özgənin külli miqdarda əmlakını gizli olaraq talama, kompyuter sisteminə, kompyuter sistemindən və ya bu sistem daxilində ötürülən ümumi istifadə üçün nəzərdə tutulmayan kompyuter məlumatlarının buna hüququ olmayan şəxs kimi texniki vasitələrdən istifadə etməklə qəsdən ələ keçirilməsi, həmçinin təkrarən eyni üsulla xeyli miqdarda özgənin əmlakını gizli yolla talama, kompyuter məlumatlarının ələ keçirmə barədə Təqsirləndirilən şəxs2 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək bir qrup şəxs təşkil etmiş, bu məqsədlə Təqsirləndirilən şəxs1 cinayətkar razlaşmaya əsasən Andrey adlı qrupun digər üzvünün təklifi ilə 14 oktyabr 2018-ci il tarixdən 19 oktyabr 2018-ci il tarixədək olan müddətdə yaşadıgı ünvan 1 ünvanında quraşdırılmış “KaTV 1” provayderinin internet xətti üzərindən özünə məxsus “HP Pavilion” markalı noutbuk vasitəsi ilə kompyuter sistemi - verilənlərin avtomatlaşdırılmış işlənməsini həyata keçirən qurğu daxilində, “jstash.bazar” saytında müxtəlif məbləğlər qarşılığında həmin sistemdə ötürülən ümumi istifadə üçün nəzərdə tutulmayan, özündə bank sirrini təşkil edən ayrı-ayrı xarici ölkə vətəndaşlarına məxsus 21 ədəd bank kartlarının məlumatlarını, yəni bank kartının 16 rəqəmli pan nömrəsini, kartın bitmə tarixini və CVV nömrəsini hüququ olmadığı halda qəsdən ələ keçirərək, informasiya texnologiyalarından istifadə etməklə özgəyə məxsus külli miqdarda əmlakı vahid qəsdlə talama qərarına gəlib, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin pul köçürmələrini təmin edən “BirBank” proqram təminatından istifadə edərək qanunsuz əldə etdiyi bank məlumatlarını proqram təminatının müvafiq bölmələrinə daxil etdikdən sonra öz adına "xxxx" Açıq Səhmdar Cəmiyyətində açdırdığı hesabına 134017 manat, həmçinin tanışı Təqsirləndirilən şəxs2 həmin bankdakı hesabına 16 oktyabr 2018-ci il tarixdə 13220 manat olmaqla ümumilikdə 147237 manat məbləğində pul köçürüb elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə edib zərərçəkmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus vahid qəsdlə əhatə olunan 147237 manat məbləğində külli miqdarda əmlakını gizli olaraq talamaqla oğurluq etmişlər. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında kompyuter sisteminə, kompyuter sistemindən və ya bu sistem daxilində ötürülən ümumi istifadə üçün nəzərdə tutulmayan kompyuter məlumatlarının buna hüququ olmayanı şəxs kimi texniki vasitələrdən istifadə etməklə qəsdən ələ keçirmiş, elektron məlumat daşıyıcılarından yaxud informasiya texnologiyalarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talamaqla xeyli miqdarda oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə etməklə özgənin xeyli miqdarda əmlakını gizli olaraq talama, kompyuter sisteminə, kompyuter sistemindən və ya bu sistem daxilində ötürülən ümumi istifadə üçün nəzərdə tutulmayan kompyuter məlumatlarının buna hüququ olmayan şəxs tərəfindən texniki vasitələrdən istifadə etməklə qəsdən ələ keçirilməsi barədə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək bir qrup şəxs təşkil etmiş, bu məqsədlə Təqsirləndirilən şəxs1 cinayətkar razılaşmaya əsasən yaşadıgı ünvan 1 ünvanında quraşdırılmış “KaTV 1” provayderinin internet xətti üzərindən özünə məxsus “HP Pavilion” markalı noutbuk vasitəsi ilə kompyuter sistemi - verilənlərin avtomatlaşdırılmış işlənməsini həyata keçirən qurğu daxilində, “jstash.bazar” saytında müxtəlif məbləğlər qarşılığında həmin sistemdə ötürülən ümumi istifadə üçün nəzərdə tutulmayan, özündə bank sirrini təşkil edən ayrı-ayrı xarici ölkə vətəndaşlarına məxsus 21 ədəd bank kartlarının məlumatlarını, yəni bank kartının 16 rəqəmli pan nömrəsini, kartın bitmə tarixini və CVV nömrəsini hüququ olmadığı halda qəsdən ələ keçirərək, informasiya texnologiyalarından istifadə etməklə özgəyə məxsus xeyli miqdarda əmlakı vahid qəsdlə talama qərarına gəlib, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin pul köçürmələrini təmin edən “BirBank” proqram təminatından istifadə edərək qanunsuz əldə etdiyi bank məlumatlarını proqram təminatının müvafiq bölmələrinə daxil etdikdən sonra 16 oktyabr 2018-ci il tarixdə onun həmin bankdakı hesabına 13220 manat olmaqla pul köçürüb elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə edib zərərçəkmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus vahid qəsdlə əhatə olunan 13220 manat məbləğində xeyli miqdarda əmlakını gizli olaraq talamaqla oğurluq etmişlər. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərdi ki, kompyuterlərə, internetə həmişə böyük maraq göstərmiş və bu sahə ilə bağlı həm özü şəxsən çalışmaqla, həm də başqalarından xeyli biliklər əldə etmişdir. Təxminən 4 il əvvəl Rusiyanın Rostov vilayətinin Taqonroq şəhərində Andrey adlı gənc bir rusla tanış olmuşdur. Andrey ona qanunsuz olaraq xarici ölkə vətəndaşlarına məxsus bank kartlarının nömrəsini ələ keçirməyi, həmçinin həmin məlumatlardan istifadə edərək pulları çıxarmağı öyrətmişdir. O da Andreyə söz vermişdir ki, əgər bu üsulla pul çıxara, oğurlaya bilsə onun üçün də göndərəcəkdir. Sonradan Azərbaycana qayıtmış, amma bu qaydada pul əldə etmək üçün heç bir addım atmamışdır. Bir müddət işsiz qalmış, maddi çətinlikləri çox olmuş, sonra narkotik vasitədən istifadə etdiyinə görə həbs olunmuş, 2018-ci ilin iyul ayında azadlığa çıxdıqdan sonra yenidən onda maddi sıxıntılar yaranmışdır. Ona görə də Andreyin öyrətdiyi üsulla pul qazanmaq fikrinə düşmüşdür. İnternetdə axtarış apararkən təsadüfən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “BirBank” proqram təminatı ilə rastlaşmışdır. Orada müəyyən məlumat topladıqdan sonra özünə hesab açmışdır. Belə qərara gəlmişdir ki, Andreyin ona öyrətdiyi “jstash.bazar” saytına daxil olub 10 ABŞ dolları qarşılığında ümumilikdə 210 ABŞ dolları xərcləyərək 21 ədəd xarici ölkə vətəndaşlarının bank kart rekvizitlərini ələ keçirsin. Bundan sonra həmin bank kart rekvizitlərindən istifadə edərək yaşadığı Bakı şəhəri, Səbail rayonu, Məmmədov küçəsi, ev 18, mənzil 36-da “KaTV 1” provayderi tərəfindən verilmiş internet xətti üzərindən özünə məxsus “Hp Pavilion” markalı noutbukdan istifadə edərək "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “BirBank” proqramına daxil olmuş, həmin proqramdan əldə etdiyi kart məlumatları əsasında 14 oktyabr 2018-ci il tarixdən 19 oktyabr 2018-ci il tarixədək olan müddətdə 134030 manat pulu öz hesabına köçürmüşdür. Bundan başqa qonşusu Təqsirləndirilən şəxs2 ilə danışaraq onun hesabına 16 oktyabr 2018-ci il tarixdə 13200 manat pul köçürmüşdür. Özü Şahinə demişdi ki, bu pullar oğurluqdur və oğurladıqları pulların 50%-i ona çatacaqdır. Oğurlanmış pullar "xxxx" Açıq Səhmdar Cəmiyyətində olan hesablarına köçürüldüyündən və həmin hesablardan gündəlik pul çıxarmaq limiti 2000 manat olduğundan o, belə qərara gəlmişdir ki, hesabına köçürülmüş pullardan istifadə edərək “smartpays.com” saytında bitcoin alıb həmin bitcoinləri “localbitcoins.net” saytında dərhal ucuz qiymətə satıb onların pulunu “Western Union” pul köçürmə sistemi vasitəsi ilə özünün və ya Şahinin adına köçürsün. Köçürülmüş pulları onlar “Azneft” dairəsi deyilən ərazidə yerləşən "xxxx"nın müvafiq filialından şəxsiyyət vəsiqələrini təqdim etməklə nağdlaşdırmışlar. Şahinin adına köçürülmüş 13200 manat puldan Şahinin özünə cəmi 8400 manat pul çatmışdır. Həmin pulu bərabər şəkildə bölmüşlər. Bundan qabaq da bir dəfə Şahinin hesabına köçürülmüş pulları “Caspian Hospial”ın yanında yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus ATM-dən nağdlaşdırmışlar. Həmin vaxt 2000 manat pul çıxarmışlar və onun yarısını Şahinə vermişdir. Qalan 134030 manat pulun köçürülməsindən Şahinin heç bir məlumatı olmamışdır. Vurulmuş ziyanı tam ödəmişlər. Törətdiyi əməldən səmimi peşmandır. Ona görə də bütün bunların nəzərə alınaraq barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərdi ki, eyni qəsəbədə yaşadıqlarından Təqsirləndirilən şəxs1 təxminən 5 il əvvəldən tanımışdır. Həm də Fuadla bir məktəbdə - 236 saylı orta məktəbdə təhsil almışdır. Fuad ondan aşağı sinifdə oxumuşdur. Həm məktəb yoldaşı, həm də eyni qəsəbənin sakinləri və qonşu olaraq Fuadla yaxın dost olmuşlar. Məlum hadisə baş verənədək elə alınmışdır ki, təxminən 2 il ərzində görüşməmişlər 2018-ci ilin sentyabr ayında Fuad ona «Facebook» sosial şəbəkəsində yazmış, bundan sonra əlaqələri bərpa olunmuş və görüşmüşlər. Görüşüb müxtəlif mövzularda danışmışlar və söhbət əsnasında Fuad ona asan yolla çoxlu pul qazanmağın yolunu bildiyini və ona da birlikdə bu işi görməyi təklif etmişdir. Bunun necə ola biləcəyini soruşduqda Fuad demişdir ki, xarici dövlətlərin müxtəlif banklarında olan müştərilərin kart hesablarından gizli yolla pul vəsaitlərini öz hesablarına köçürdüb nağdlaşdıracaqlar. O, bunu hansı üsulla edəcəklərini soruşduqda, Fuad bunun çox asan bir yolunun olduğunu demişdir. Bu söhbətdən bir neçə gün sonra, yəni 16 oktyabr 2018-ci il tarixdə Fuad dəqiq xatırlamadığı mobil telefon nömrəsindən onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng vuraraq onu yaşadığı evə dəvət etmişdir. O, Fuadın yanına getmiş, sonuncu onu kompyuter arxasında əyləşdirərək diqqətlə baxıb izləməsini tapşırmışdır. Bu işə başlamamışdan əvvəl Fuad şərt olaraq ona bildirmişdir ki, xarici bankların müştərilərinə məxsus kartlardan ələ keçiriləcək pullar nağdlaşdırıldıqdan sonra həmin pul vəsaitlərini öz aralarında yarıya böləcəklər. O da bu şərtlə razılaşmışdır. Beləliklə, Fuad kompyuterdə «jstash.bazar» saytına daxil olmuş və orada müxtəlif xarici banklardakı müştərilərdən təxminən 10 müştərinin kart hesabından 13200 manat pulu onun "xxxx" Açıq Səhmdar Cəmiyyətində olan kart hesabına köçürmüşdür. Onun özünün həmin vaxtlar işlədiyi təşkilatdan əmək haqqı "xxxx" Açıq Səhmdar Cəmiyyətindən kartla verildiyindən ayrıca bank hesabı açmasına zərurət olmamışdır. Qeyd olunan məbləği birdəfəlik hesabdan çıxartmaq mümkün olmamışdır. Belə ki, mövcud qaydalara görə bankomatlardan cəmi 2000 manat pul çıxardıla bilərdi. Bu səbəbdən Fuad bildirmişdir ki, həmin pulu çıxartmaq üçün internet səhiflərində bitcoin alıb sonradan onu internet vasitəsilə ucuz qiymətə satıb pulu «western union» vasitəsilə öz hesablarına köçürməlidirlər. İlk əvvəl o, Fuadla birlikdə evlərindən çıxıb yaxınlıqda yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin bankomatından 2000 manat pulu çıxartmaq istəmiş, lakin həmin bankomatdan yalnız 200 manat çıxartmaq mümkün olmuşdur. Bu səbəbdən onlar Badamdar qəsəbəsində yerləşən «Caspian Hospital» özəl xəstəxanasının yanındakı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin bankomatından bir neçə dəfəyə cəmi 2000 manat pul çıxara bilmişlər. Həmin pulu aralarında yarı bölmüşlər, yəni ona 1000 manat pul çatmışdır. Bundan sonra Fuadgilin evinə qayıtmışlar və işlərini bitirdikdən sonra elə həmin gün qalan məbləği də çıxartmaq üçün razılaşdırılmış qaydada hərəkət etmişlər. Yəni, əvvəlcə kartında qalan məbləğə saytlardan bitcoin alınmış, ardınca həmin bitcoinləri ucuz qiymətə internet vasitəsilə satıb pulu «western union» vasitəsilə köçürmə edərək axşam 21-22 radələrində "xxxx" Açıq Səhmdar Cəmiyyətinin «Azneft» ərazisindəki filialına gedib orada hesabdan 8000 manat pulu nağd şəkildə çıxartmışlar. Qalan məbləğdən cəmi 8000 manat nağd pulu əldə etməklərinin səbəbi isə bitcoinləri alıb ucuz qiymətə satmaqları olmuşdur. Beləliklə, onlar 8000 manat pulu bankdan götürdükdən sonra 4000 manatını Fuad özünə götürmüş, 4000 manatını isə ona vermişdir. Etdiyi əməldən səmimi peşmandır. İbtidai istintaqın gedişində vurulmuş ziyanı tam şəkildə banka ödəmişlər. Bankın da onlara qarşı heç bir tələb və şikayəti yoxdur, aralarında tam barışıq əldə olunmuşdur. Ona görə də məhkəmədən barəsində qərar qəbul edilərkən bütün bu halların, həm də gənc olmasının, əvvəllər heç vaxt cinayət məsuliyyətinə cəlb edilməməsinin nəzərə alınmasını xahiş edir. Məhkəmədə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə göstərdi ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən məlum üsulla ümumilikdə 147237 manat pul oğurlanmışdır. Həmin pulun 134017 manatı Təqsirləndirilən şəxs1, 13220 manatının isə Təqsirləndirilən şəxs2 hesabına köçürülmüşdür. İbtidai istintaq dövründə vurulmuş maddi ziyan bu şəxslər tam şəkildə ödənilmişdir. Ona görə də bankın bu şəxslərə qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməlləri ilə bağlı etiraflarını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda onlara qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cinayət təqibi orqanına ünvanlanmış müraciətində göstərilmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən emissiya edilmiş kartlar vasitəsi ilə keçirilən iri məbləğli əməliyyatların monitorinqi zamanı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən istifadəyə verilmiş “Birbank” mobil tətbiqi vasitəsi ilə qeyri-rezident banklara aid plastik kartlarından “X6 Səhmdar Cəmiyyətinin müştərilərinə vəsaitlərin köçürülməsi halı aşkar olunmuşdur. Əməliyyat saylarının çox olması və məbləğlərin iri olması şübhə yaratdığından həmin köçürmələrə dair aidiyyəti üzrə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Komplayens departamentinin Frod və dələduzluğa qarşı mübarizə şöbəsi tərəfindən araşdırma aparılmışdır. Araşdırma nəticisində müəyyən edilmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin müştəriləri olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 “Bir Bank” mobil tətbiqində qeydiyyatdan keçərək həmin mobil tətbiqə X1 fəaliyyət göstərən “X7” və Kanada Respublikasında fəaliyyət göstərən “Bank of Montreal” tərəfindən emissiya edilmiş plastik kartların pan nömrələrini, bitmə müddətlərini və CVV nömrələrini “Birbank” mobil tətbiqinə əlavə etmişlər. Sonradan həmin kartlardan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən emissiya edilmiş və şəxsi istifadələrində olan kartlara vəsaitlər köçürmüşlər. Həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan plastik kartdan Rusiya Federasiyasında fəaliyyət göstərən banklar tərəfində emissiya edilmiş kartlara və "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən emissiya ediliş karta vəsaitlər köçürülmüşdür. Bunun nəticəsində "xxxx" Açıq Səhmdar Cəmiyyəti üçün ümumilikdə 178000 manat maddi öhdəlik yaratsa da faktiki olaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən 147237 manat köçürmə əməliyyatı aparılmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətindən daxil olmuş müraciətə əlavə edilmiş bank çıxarışından görünür ki, Təqsirləndirilən şəxs1 hesabına 134017 manat, Təqsirləndirilən şəxs2 hesabına isə 13220 manat olmaqla ümumilikdə 147237 manat pul köçürülmüşdür (cild 1, iş vərəqə 4-6). "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ibtidai istintaq orqanına ünvanladığı 04 mart 2019cu il tarixli 15/2-01/13 saylı məktubdan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə vurulmuş maddi ziyan tam şəkildə ödənilmişdir, bankın Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı hər hansı iddia tələbi yoxdur (cild 1, iş vərəqə 148). Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Həmin məlumatdan və müvafiq hökmün, habelə məhkəmə qərarının surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 aprel 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 26 iyul 2018-ci il tarixli qərarı ilə cəzadan 4 ay 25 gün vaxtından əvvəl şərti azad edilmişdir (cild 1, iş vərəqə 120- 123, 170, 175-179). Göründüyü kimi, Təqsirləndirilən şəxs1 şərti olaraq vaxtından əvvəl azad edildiyi cəzanın çəkilməmiş hissəsi ərzində qəsdən az ağır və ağır cinayət törətmişdir. Bu səbəbdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinin tələbinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 26 iyul 2018-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində cəzadan həmin şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməli və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş qaydada cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə görə cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsində göstərilir ki, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.3-cü maddəsində göstərilir ki, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilməmişdir. O, qəsdən az ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilmədən və götürülmədən yenidən qəsdən az ağır və ağır cinayət törətmişdir. Bu hal isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən onun əməlində cinayətlərin residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir, təsnifata görə Təqsirləndirilən şəxs1 törətdiyi əməllər az ağır və ağır cinayətlər, Təqsirləndirilən şəxs2 törətdiyi əməllər isə az ağır cinayətlərdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci və 272.2.2-ci maddələrində, Təqsirləndirilən şəxs2 qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.3-1-ci, 177.2.4-cü və 272.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələri tam sübuta yetirilmişdir. Onlar qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər, onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 qanunla müəyyən edilmiş qaydada ittiham olunduğu maddələrin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası, Təqsirləndirilən şəxs2 isə qanunla müəyyən edilmiş qaydada ittiham olunduğu maddələrin sanksiyası həddində azadlığın məhdudlaşdrılması və cərimə cəzaları təyin edilməlidir. Azadlığın məhdudlaşdırılması cəzası təyin edilərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinin tələbinə müvafiq şəkildə Təqsirləndirilən şəxs2 barəsində müvafiq məhdudiyyətlər qoyulmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onların törətdikləri cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onları səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən əməllərindən səmimi peşman olmalarını, Təqsirləndirilən şəxs2 isə həm də əvvəllər məhkum olunmamasını onların cəzalarını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxsr Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsr Təqsirləndirilən şəxs1 barəsində əməllərində cinayətin residivinin olması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz olunmalı və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir (maddə 158.2.2). Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəzanın çəkilməsi müddətinin başlanğıcı 11 oktyabr 2019-cu il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 27 oktyabr 2018-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 oktyabr 2018-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbirləri seçilmiş və həbsetmənin əvvəli 27 oktyabr 2018-ci il tarixdən hesablanmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 mart 2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Təqsirləndirilən şəxs1 məhkəmədən gizləndiyinə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli qərarı ilə onun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmiş və barəsində axtarış elan olunmuşdur. Keçirilmiş axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 11 oktyabr 2019-cu il tarixdə tutulmuş və istintaq təcridxanasına yerləşdirilmişdir (cild 1, iş vərəqə 34, 103-104, 149-151). Qeyd olunanlara və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı 27 oktyabr 2018-ci il tarixdən 26 sentyabr 2019-cu il tarixədək həbsdə və ev dustaqlığında olduğu 10 ay 29 gün ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddətindən çıxılmalı, cəzaçəkmə müddətinin başlanğıcı isə 11 oktyabr 2019-cu il tarixdən hesablanmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 27 oktyabr 2018-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 oktyabr 2018-ci il tarixli qərarı ilə onun barələrində həbs qətimkan tədbirləri seçilmiş və həbsetmənin əvvəli 27 oktyabr 2018-ci il tarixdən hesablanmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 dekabr 2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir (cild 1, iş vərəqə 54, 101-102, 124-126). Məhkəmə, göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 27 oktyabr 2018-ci il tarixdən hazıradək ibtidai həbsdə və ev dustaqlığında olduğu 11 ay 27 gün müddət nəzərə alınaraq azadlığın məhdudlaşdırılması cəzasının iki günü həbsin bir gününə bərabər olmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələyə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onların hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçilər təyin edilmişdir. Başqa sözlə, məhkəmə mərhələsində Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən, Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat haqq ödənilməlidir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs1 göstərilmiş 56 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına 336 (üç yüz otuz altı) manat, Təqsirləndirilən şəxs2 göstərilmiş 56 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına 336 (üç yüz otuz altı) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.1996-cı il tarixli 4 saylı, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2005-ci il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci və 272.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 272.2.2-ci maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu üzrə qəti olaraq 5 (beş) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 barəsində Xəzər Rayon Məhkəməsinin 26 iyul 2018-ci il tarixli qərarı ilə cəzadan 4 (dörd) ay 25 (iyirmi beş) gün vaxtından əvvəl şərti azad etmə ləğv edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən Nəsimi Rayon Məhkəməsinin 16 aprel 2018-ci il tarixli hökmü ilə təyin edilmiş 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi - 4 (dörd) ay 25 (iyirmi beş) gün hazırki hökmlə təyin edilmiş 5 (beş) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 27 oktyabr 2018-ci il tarixdən 26 sentyabr 2019-cu il tarixədək ibtidai həbsdə və ev dustaqlığında olduğu 10 (on) ay 29 (iyirmi doqquz) gün təyin edilmiş cəzadan çıxılaraq onun üzərində 4 (dörd) il 7 (yeddi) ay 1 (bir) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 11 oktyabr 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.3-1-ci, 177.2.4-cü və 272.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.3-1-ci, 177.2.4-cü maddələri ilə 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 272.2.2-ci maddəsi ilə 4000 (dörd min) manat cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları tamamilə toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 cinayətlərin məcmusu üzrə qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması və 4000 (dörd min) manat cərimə cəzaları təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 ibtidai həbsdə və ev dustaqlığında olduğu 11 (on bir) ay 27 (iyirmi yeddi) günün hər günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulub hesablanmaqla, ona təyin edilmiş 2 (iki) il 6 (altı) ay azadlığın məhdudlaşdırılması cəzasından 1 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün çıxılaraq üzərində qəti olaraq 6 (altı) ay 6 (altı) gün müddətinə azadlığın məhdudlaşdırılması və 4000 (dörd min) manat cərimə cəzaları saxlanılsın. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzasını çəkdiyi müddətdə Təqsirləndirilən şəxs2 üzərinə: - Yaşayış yerini saat 23:00-dan 06:00-dək tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - yaşadığı Bakı şəhərinin inzibati ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 təyin olunmuş cərimə cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına vəkil Müdafiəçi1 üçün 336 (üç yüz otuz altı) manat, vəkil Müdafiəçi2 üçün 336 (üç yüz otuz altı) manatməbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar