Məhkəmə qərarları › İş №1(101)-888/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-888/2022

02.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-888/2022 02.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 12:35-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Paşayev Azər İslah oğlu, (sədrlik edən), Həsənzadə İradə Xəlil qızı və Quliyev Əhməd Qəhrəman oğlundan ibarət tərkibdə, məhkəmənin iclas katibləri X3 və X1, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokurorları Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2, müdafiəçi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri “Yusif Allahverdiyev və patnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxx 1966-cı ildə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmimn ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda ümumi təmiz çəkisi 100,444 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində və yaşadığı ünvanda saxlamış, 23 noyabr 2021-ci il tarixdə saat 09:30 radələrində Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanının yaxınlığında saxlanılmış, Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilərək onun üzərinə inzibati binada şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli gödəkcəsinin sağ yan cibindən bir ədəd sellofan bükümdə, külli miqdarda təmiz çəkisi 20,394 qram narkotik vasitə olan heroin aşkar edilib götürülmüş, əməliyyat-axtarış tədbirlərinin davamı olaraq həmin günü yəni, 23 noyabr 2021-ci il tarixdə saat 13:20 radələrində Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən yaşadığı ünvan 3 ünvanına baxış keçirilən zaman yaşadığı evin həyətyanı sahəsindən kərpicin altından bir ədəd sellofan bağlamada külli miqdarda, təmiz çəkisi 80,050 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittihamla təqsirli bilməyərək göstərmişdir ki, 22 noyabr 2021-ci il tarixdə saat təxminən 22:00 radələrində dostunun evinə getmiş, dostu ilə yeyib içmiş, gec olduğu üçün gecəni də orada qalmışdır. Gecə vaxtı polislər qapını sındırmağa başlamış, bu zaman ev sahibi qorxmuş və 102-yə zəng etmişdir. Bir müddət sonra səs-küy dayanmış, səhər saatlarına yaxın yenə qapı döyülmüş və onun telefonuna şöbə rəisi olduğunu iddia edən Səməndər adlı şəxs zəng etmiş, onunla görüşmək istədiyini bildirmişdir. O, evdə olmadığını dediyi zaman qapını döyənlərin polis işçiləri olduğunu, qapını açmasa sındıracaqlarını demişlər. O, qapını açan zaman 7-8 nəfər içəri girmiş, biləklərinə qandal taxaraq onu döyməyə başlamışlar. O, ev sahibinə görə narkotik vasitəni yaşadığı evdə gizlətdiyini demiş, yaşadığı evə gələn zaman evdə narkotik vasitənin olmadığını polis əməkdaşlarına bildirmişdir. Bu zaman polis əməkdaşları onda iki kiloqram narkotik vasitənin olduğunu demiş və onu döyməyə başamışlar. Səs-küyə anası gəlmiş, onlar anasını maşına mindirmək istəmiş, ailə üzvlərini isə bölməyə aparacaqları ilə onu təhdid etmişlər. O tutulduqdan sonra bölməyə gətirilmiş, orada onu prokuror qəbul etmişdir. O, prokurora izahat vermiş, telefonunu istəmiş, telefonda olan zəng və smsləri göstərmiş, prokuror isə ona şikayət yazmağını və işin yaxşı olacağını demişdir. O, hər şeyi müstəntiqə də açıqlamış, sonra təcridxanaya göndərilmişdir. 10 gün ərzində onu prokuror işçisi və həkim qəbul etmiş, lakin həkimə döyüldüyünü deməmiş, həkim yaralarını soruşduqdan sonra döyüldüyünü demişdir. O, daha sonra bildirmişdir ki, bir ildir Azərbaycana gəlmiş, 9 nömrəli evdə deyil, 4 nömrəli evdə yaşayır. Üzərinə baxış keçirilən zaman gödəkçəsindən bir büküm, evə baxış keçirilən zaman evdən 80 qram narkotik vasitə aşkar olunmuşdur. Lakin narkotik vasitələr ona aid olmamışdır. O, istintaqa ifadə verməmiş, Arifi polis işçisi kimi tanımış, Arifin narkotik vasitə satmasına baxmayaraq, Arifdən narkotik vasitə almamışdır. O, narkotik vasitələrin satışı və istifadəsi ilə məşğul olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi – satış məqsədilə narkotik vasitə əldə etməməsi, həmçinin üzərindən və yaşadığı evdən aşkar edilmiş narkotik vasitə ona aid olmamasına dair xüsusatları özünümüdafiə xarakterli olmaqla ağır ittihamdan yayınmağa cəhd kimi qiymətləndirməklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinin məhkəmə baxışı zamanı tədqiq edilmiş aşağıdakı sübut növləri ilə tam təsdiq olunması qənaətinə gəlir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin BNMİ-nin baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 22 noyabr 2021-ci il tarixdə Sabunçu rayonu ərazisində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitənin və psixotrop maddəni üzərində daşıması, satışı, dövriyyəsi və istifadəsi barədə etibarlı mənbədən məlumat ona daxil olmuşdur. Bu barədə raportla baş idarə rəisinə yazılı şəkildə məruzə etmiş əməliyyat qrupu yaradılmış, həmin qrupa o və baş əməliyyat müvəkkili Şahid1 daxil edilmişdir. Sonra Təqsirləndirilən şəxs onlar tərəfindən müəyyən edilərək Sabunçu rayonu, ünvan 4 ünvanda saxlanılmışdır. Onlar həmin şəxsi Baş İdarəyə dəvət etmişlər. Baş idarədə məlum olmuşdur ki, saxlanılan şəxs əvvəllər məhkum olunmamış, 1966-ci il təvəllüdlü Təqsirləndirilən şəxsdur. Onlar Təqsirləndirilən şəxs baş idarəyə gətirilməsinin səbəbini izah edib, ona hüquq və vəzifələrini izah etmişlər. Həmçinin ona hüquqlarını müdafiə etməsi üçün büronun vəkillərinin siyahısını təqdim etmişlər. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd büküm aşkar edilmişdir, həmin büküm açıldıqda heroinə bənzər kütlə aşkar edilmişdi. Bundan sonra Təqsirləndirilən şəxs cibində aşkar olunan maddənin nə olduğu, haradan və nə məqsədlə əldə etdiyi soruşulmuş, sonuncu üzərində aşkar olunan maddənin narkotik maddə olduğunu bildirmişdir. Sonra isə onun yaşadığı evə baxış zamanı evin həyətindən kərpicin altından bir ədəd sellofan bağlamada heroin aşkar edilmişdir. Üzərindən və evindən aşkar olunub götürülən maddələr zərfə qoyularaq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş və iştirakçılar tərəfindən protokol imzalanaraq düzgünlüyü təsdiq olunmuşdu. Onlar tərəfindən Təqsirləndirilən şəxs heç bir fiziki və ya psixi təsir və təzyiq edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin BNMİ-nin baş əməliyyat müvəkkili Şahid1 da Şahid2 ifadəsinə oxşar ifadə verməklə onun göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə olunmuş məhkəmə-kimyəvi ekspertizasının 24 noyabr 2021-ci il tarixli, 6/5193 saylı rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində vət. Nifatlı Hüseynovun üzərindən » və s. yazısı olan bir ədəd bükümdə təmiz çəkisi 20,394 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində Təqsirləndirilən şəxs yaşadığı evin sözləri olan 2 nömrəli zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 80,050 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 1 və 2 nömrəli zərfdəki heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olub,ümumi təmiz çəkisi 100,444 qramdır. Heroin 2005-ci il 28 iyun tarixli AR Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına daxildir. Cinayət işinə əlavə olunmuş ambulator məcburi-narkoloji tibbi yoxlamanın 31 yanvar 2022-ci il tarixli, 428 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə olunmuş kompleks psixiatrik-psixoloji yoxlamanın 10 yanvar 2022-ci il tarixli, 37 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixiki xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xroniki psixiki xəstəlik, kəmağıllılıq, psixiki fəaliyyətin müvəqqəti pozulması və ya hər hansı bir psixiki xəstəliyin əlamətləri müəyyən edilmir. Təqsirləndirilən şəxs əməli CM-nin 21-ci və 22-cİ maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Cinayət işinin istintaq materiallarına əlavə edilmiş 23 noyabr 2021-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilmiş, əvvəlcə Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq əldə edilmiş hər hansı bir əşya və ya maddə olduğu təqdirdə könüllü olaraq təqdim etməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli uzunqol qış gödəkçəsinin sağ yan cibindən bir ədəd “Samsung” markalı mobil telefonu, bir ədəd şəffaf sellofan bükümü, sol yan cibindən bir ədəd yaşadığı evin açarını, əynindəki qara rəngli şalvarının sağ yan cibindən 34 manat pulu çıxarıb təqdim etmiş, həmin sellofan bükümdə qəhvəyi rəngli, kəskin iyli narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmişdir. Həmin sellofan büküm elektron tərəzi ilə çəkilmiş və qablaşdırılma ilə birlikdə təxmini çəkisinin 21 qram olması müəyyən edilmişdir. Soruşulduqda Təqsirləndirilən şəxs həmin bükümdə narkotik vasitə olduğunu, öz istifadəsi üçün üzərində saxladığını, təxminən 1 ay yarım əvvəl sosial şəbəkədə tanış olduğu İran İslam Respublikasının vətəndaşı Arif adlı şəxsin vasitəsilə 15 gün öncə Xətai rayonu ərazisindən götürdüyünü, həmin Arif adlı şəxsin əlaqə nömrəsinin mobil telefonunda qeyd olunduğunu, üzərindən aşkar edilmiş narkotik vasitənin qalan hissəsini yaşadığı ünvanında saxladığını, həmin maddəni təqdim edə biləcəyini, yaşadığı ünvana baxış keçirilməsinə heç bir etirazının olmadığını, bu günə kimi ona göndərilmiş, təxminən 2 kq-a yaxın narkotik maddələri ona deyilən yerlərə qoymasını və bu fəaliyyətinə görə 1000 manatdan çox pul vəsaiti əldə etmək niyyətinin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman və polis idarəsində olan zaman ona qarşı heç bir zor tətbiq edilmədiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm bir ədəd içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri Təqsirləndirilən şəxs və polis əməkdaşları tərəfindən imzalanmış, “Zərflər üçün 7“ saylı möhürlə möhürlənmişdir. Cinayət işinin istintaq materiallarına əlavə edilmiş 23 noyabr 2021-ci il tarixli “baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı bildirdiyi narkotik tərkibli maddələrin qalan hissəsini təqdim etməsi təklif olunmuşdur. O, evin həyətyanı sahəsində, girişdən sağ tərəfdə yerləşən torpaq sahəsinə daxil olmuş və burada yerdə olan kərpicin altından bir ədəd sarı rəngli sellofan bağlamanı təqdim edərək içərisində narkotik vasitənin qalan hissəsini saxladığını qeyd etmişdir. Həmin sellofan bağlamaya baxış keçirilmiş, baxış zamanı həmin sellofan bağlamanın içərisindən bir ədəd şəffaf sellofan büküm aşkar edilmişdir. Həmin sellofan bükümə baxış keçirilən zaman içərisində qəhvəyi rəngli, kəskin iyli narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Həmin sellofan büküm elektron tərəzi ilə çəkilmiş və qablaşdırılma ilə birlikdə çəkisinin 81 qram olması müəyyən edilmişdir. Soruşulduqda Təqsirləndirilən şəxs həmin bükümdə narkotik vasitə olduğunu, həmin maddəni şəxsi axtarış zamanı bildirdiyi Arif adlı İran İslam Respublikasının vətəndaşının vasitəsilə Xətai rayonu ərazisindən əldə etdiyini, maddəni saxlamaqda məqsədinin ona deyilən yerlərə qoyması müqabilində pul əldə etmək fikrinin olduğunu, bu fəaliyyətindən heç kimin məlumatının olmamasını və başqa heç bir yerdə narkotik tərkibli maddə saxlamadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilsə də, iş üzrə əhəmiyyət kəsb edən heç bir əşya və ya predmet aşkar edilməmiş və protokol tərtib olunmuşdur. Cinayət işinə əlavə olunmuş 20 dekabr 2021-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Sabunçu RPİ-nin MSY-nin əməkdaşları tərəfindən Bakı İstinyaq Təcridxanasına təhvil verilərkən keçirilmiş müayinə zamanı bədənində xəsarətlərin aşkar edilməsi faktı və Təqsirləndirilən şəxs həmin xəsarətləri 22 noyabr 2021-ci il tarixdə BNMİ-nin əməkdaşları tərəfindən saxlanılarkən döyülməsi nəticəsində alması barədə məlumatı ilə bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılmışdır. Araşdırma zamanı təyin edilərək keçirilmiş “MTE və PA” birliyinin 20 dekabr 2021-ci il tarixli, 1913 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs sağ bazu və sol said nahiyələrinin qançırları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya təsirindən törənmişdir, törənmə müddəti şəxsin BİT TSH-də tibbi müayinəsindən ( 27 noyabr 2021-ci il) 9-11 gün əvvələ uyğun gəlir, sağlamlığa zərərvurmayan xəsarətlərə aiq olduqları üçün dərəcələri təyin edilmir. Təqsirləndirilən şəxs bədəni üzərində xəsarətlərin aşkar edilməsi faktı ilə əlaqədar olaraq Sabunçu rayon prokurorluğunda aparılan araşdırma zamanı cinayət hadisəsi müəyyən edilmədiyindən Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuşdur. Cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus **********59 mobil nömrəyə daxil olan və çıxan sms yazılarına baxış keçirilərkən müəyyən edilmişdir ki, 01 avqust 2021-ci il tarixdə **********59 mobil nömrəsindən **********84 mobil nömrəsinə “Zako menem maqa mene kola lazımdı 1 dene bide 10 nux daş” mətndə, 25 oktyabr 2021-ci il tarixdə **********33 mobil nömrəsindən **********59 mobil nömrəsinə “Alınmırsa pulu gotürüm qaracde var gedim alım. Mən agrıdan olurem. Pulu otur gedim pisdi veziyetim belə danişmamişdiq mehlede gözleyirem seni” mətndə, **********03 mobil nömrəsindən **********59 mobil nömrəsinə 01 noyabr 2021-ci il tarixdə “Qaqaş mene 5 qram lazimdi naqdiya Bir söz de Tez 80 man verirem” mətndə, 09 noyabr 2021-ci il tarixdə “Daşın var? Terezinide getir ama soyuş qoyub goturecem razisansa?” mətndə mesajlar göndərilmişdir. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzilindən aşkar edilmiş narkotik vasitə olan heroinin ayrı-ayrılıqda külli miqdarda olması, sms yazışmaları, həmçinin ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri, onun həmin narkotik vasitəni satış məqsədi ilə əldə edib üzərində və evində saxlaması və daşıması qənaətinə gəlməyə əsas verir. Belə ki, cinayət işinin 55-58-ci vərəqlərində olan, “şübhəli şəxsin dindirilməsi” protokolundan görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs 24 noyabr 2021-ci il tarixdə müdafiəçisi Vüsal Kazımzadənin iştirakı ilə şübhəli şəxs qismində dindirilərkən göstərmişdir ki, 23 noyabr 2021 -ci il tarixdə saat təxminən 09:30 radələrində yaşadığı ünvan 3 ünvanının yaxınlığında tək piyada hərəkət edən zaman iki nəfər mülki geyimli şəxslər ona külli miqdarda narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirmiş və onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. O da etiraz etməmişdir. Baş Narkotiklərlə Mübarizə İdarəsində hüquqlarının müdafiə edilməsində ona köməklik göstərməsi üçün dövlət hesabına müdafiəçi təyin edilmişdir. Eyni zamanda ona şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilməklə şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən bir ədəd “Samsung” markalı mobil telefon və bir ədəd sellofan büküm, gödəkcənin sol yan cibindən isə bir ədəd yaşadığı evin açarı, həmçinin əynindəki qara rəngli şalvarının sağ yan cibindən 34 manat pul aşkar olunmuşdur. Aşkar edilmiş sellofan büküm açıldıqda içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroin olması müəyyən olunmuşdur. Başqa üzərindən hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. İçərisində narkotik vasitə olan sellofan büküm elektron tərəzidə çəkilmiş və çəkisi 21 qram olmuşdur. İlkin sorğu zamanı o, üzərindən aşkar edilmiş bir ədəd sellofan bükümdə olan maddənin narkotik vasitə olan heroin olduğunu, həmin maddəni özü istifadə etmək üçün üzərində saxladığını, eyni zamanda həmin narkotik vasitənin qalan hissəsini də yaşadığı ünvanda saxladığını bildirmişdir. Bundan sonra onun razılığıyla həmin günü onun yaşadığı Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, A.Mustafayev küçəsi 9 ünvanına baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl ona yaşadığı ünvanda saxladığı narkotik vasitəni təqdim etməyi təklif olunmuşdur. Həmin zaman o, yaşadığı evin həyətyanı sahəsində yerdə kərpicin altında gizlətdiyi sellofan bağlamanı təqdim etmişdir. Həmin sellofan bağlama açılmış və içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroin olması aşkar olunmuşdur. Həmin narkotik vasitə sellofan bağlama ilə birlikdə tərəzidə çəkilmiş və çəkisi 81 qram olmuşdur. Həmin içərisində narkotik vasitə olan sellofan bağlama da qablaşdırılmış, üzəri möhürlənmiş və götürülmüşdür. Həmçinin üzərində şəxsi axtarış və yaşadığı ünvana baxış keçirilməsilə bağlı ayrı-ayrılıqda protokollar tərtib olunmuş, iştirakçılar tərəfindən həmin protokollar imzalanmışdır. Üzərindən və yaşadığı ünvandan aşkar edilmiş narkotik vasitə olan heroini təxminən bir ay yarım əvvəl Xətai rayonun ərazisində Arif adlı şəxsin əvvəlcədən ona bildirdiyi yerdən götürmüşdür. Məqsədi həmin narkotik vasitədən həm özü istifadə etmək, həm də satış məqsədilə pul qazanmaq olmuşdur. Belə ki, həmin Arif adlı şəxsdən nağd olaraq 500 manat müqabilində bir dəfə böyük bir büküm heroini nağd olaraq almışdır. Arifi şəxsən tanımır, onunla internetdə tanış olub narkotiki almış və götürüb istifadə edib satmışdır. O, anket məlumatını bilmədiyi şəxslərə bir neçə dəfə tək olaraq narkotik vasitəni satmışdır. Mobil teelfonunda olan mesaj mətnləri barədə heç nə demək istəmir. Cinayət işinin 72-75-ci vərəqlərində olan “təqsirləndirilən şəxsin dindirilməsi” protokolundan görünür ki, Təqsirləndirilən şəxs 24 noyabr 2022-ci il tarixdə müdafiəçisi Vüsal Kazımzadənin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən eyni məzmunlu ifadə verərək yuxarıda qeyd olunan cinayət əməlini törətməsini bir daha etiraf etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrini sübut kimi qəbul edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur, ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halı, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli 23 noyabr 2021-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmaqla Sabunçu RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 100,344 qram təşkil edən narkotik vasitə heroin məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış iki ədəd “DVD” disk və sms mətnləri sübuti əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-ekspertizaları ilə əlaqədar Təqsirləndirilən şəxs 81,82 (səksən bir manat səksən iki qəpik) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi “Yusif Allahverdiyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsi hesabından Müdafiəçi üçün 180 (yüz səksən) manat pul onun vəkil işlədiyi “Yusif Allahverdiyev və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Həmin cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 23 noyabr 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut kimi tanınaraq Sabunçu RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 100,344 qram təşkil edən narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış iki ədəd “DVD” disk və sms mətnləri sübuti əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılsın. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə-ekspertizaları ilə əlaqədar Təqsirləndirilən şəxs 81,82 (səksən bir manat səksən iki qəpik) manat məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilsin. Dövlət büdcəsi hesabından Müdafiəçi üçün 180 (yüz səksən) manat pul onun vəkil işlədiyi “Yusif Allahverdiyev və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qadasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar