Məhkəmə qərarları › İş №1(101)-888/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-888/2024

31.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-888/2024 31.07.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), Məmmədov Fəxri Afiq oğlu və Kərimova Mahirə Nəzər qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X6, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, X1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1966-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq, külli miqdarda təmiz çəkisi 2,959 qram olan psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 22 iyul 2023-cü il tarixdə saat 11:30-da Xətai RPİ-nin 37-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Xətai rayonu, Mirzə Davud küçəsi 10 ünvanının yaxınlığında saxlanılıb ünvan 2 RPİ-nin 37-ci Polis Şöbəsinə gətirilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan ağ rəngli qısa qollu koftasının altındakı büstqalterin sol hissəsindən bir ədəd bükümdə külli miqdarda, təmiz çəkisi 2,959 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, o, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə ifadəsində bildirmişdir ki, 23 avqust 2023-cü ildə səhər saat 09 radələrində oğlu və qonşusu Ceyhun evdə oturmuşar, özü isə yan otaqda yatmışdır. Qəfildən səs-küyə oyanmış, görmüşdür ki, həyətə çoxlu adamlar girib. Həmin şəxslər polis əməkdaşları olmuşlar. İlk olaraq mətbəxə girmişlər və hamısını bölməyə aparmışlar. Orada oğlunu döymüşlər və üzərinə 6 qram narkotik qoymuşlar. Onu digər otağa aparmışlar, orada vəkil, tərcüməçi olmuş və narkotik vasitəni ona vermişlər. O, isə bildirmişdir ki, niyə götürməlidir. Sonra isə ona edilmiş fiziki və psixoloji təzyiqlərə dözməyib narkotiki götürmüşdür. Əlavə olaraq bildirmişdir ki, videoçəkiliş keçirilən zaman narkotikin ona aid olmasını demişdir. Döyülməsi ilə bağlı heç yerə şikayət etməmişdir. Özü bir müddət narkotik vasitədən istifadə etmişdir. Bölmədə onu döyüblər, çəkilişdən əvvəl üzünə şillə də vurublar, lakin üzündə iz qalıb qalmamasını bilmir. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə ifadəsində bildirmişdir ki, bədənində ağrılar olduğu üçün müxtəlif yerlərdə qiyabi tanıdığı, yəni anket məlumatlarını bilmədiyi, adlarını da dəqiq bilmədiyi şəxslərdən «patı», yəni metamfetamin əldə edib istifadə etmişdir. Belə ki, uzun müddətdir ki, psixotrop maddə metamfetamini tüstü vasitəsi ilə qəbul edir. 1995-ci ildə Səbail RPİ-nin əməkdaşları tərəfindən şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitələrdən qanunsuz üzərində gəzdirdiyi və saxladığı üçün barəsində cinayət işi başlanmış və cinayət işi Səbail rayon Məhkəməsinə göndərilmişdir. Səbail rayon məhkəməsinin hakimi tərəfindən barəsində 5 il müddətində azadlıqdan məhrum etmə cəzası hökmü çıxarılmışdır. Lakin bunlara baxmayaraq yenidən bədənində olan ağrılara görə tanımadığı şəxslərdən psixotrop maddə metamfetamin əldə edərək qəbul edirdi. xx.xx.2023-cü il tarixdə bədənində ağrılar olduğu üçün saat 18 radələrində Bakı şəhəri, Sabunçu rayonu 3 saylı Sabunçu xəstəxanasının yanına gedərək əvvəllər tanımadığı, anket məlumatlarını bilmədiyi üzlə tanıdığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün psixotrop maddə olan metamfetamini alıb bir hissəsini istifadə etdikdən sonra qalan hissəsini üzərində gəzdirmişdir. xx.xx.2023-cü il tarixdə saat 11:30-da ünvan 4 ünvanın qarşısında iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib və şəxsiyyəti ilə maraqlanmışlar. O, özünü polis əməkdaşlarına təqdim edəndən sonra, polis əməkdaşları ona Xətai rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib Xətai RPİ-nin 37-ci polis şöbəsinə aparmışlar. Polis şöbəsində hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına vəkil və tərcüməçi təqdim edilmiş və üzərinə şəxsi axtarışın keçiriləciyi bildirilmişdir. Polis əməkdaşı onun üzərində olan qanunsuz əşyaları təqdim etməyi bildirdikdə artıq anlamışdır ki, başqa çıxış yolu yoxdur və əynində olan ağ rəngli uzunqol koftasının alt hissəsində olan sol məmədanından şəffaf rəngli sellofana bükülmüş bükülünü polis əməkdaşına təqdim edərək psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Sonra həmin büküm polis əməkdaşı tərəfindən elektron tərəzidə çəkilmişdir. Həmin psixotrop maddə metamfetamin 3,18 qram olmuş, sorğu zamanı metamfetamini tanımadığı şəxsdən 10 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Polis əməkdaşlarına təqdim etdiyi bir büküm bir ədəd zərfdə qablaşdırmış və təhqiqatçı tərəfindən digər iştirakçılar zərfin üzərində imza etmişlər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət əməli ilə bağlı ifadəsi, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxsi küçədə saxlayaraq idarəyə gətirmişlər və müdafiəçinin iştirakı ilə üzərinə baxış keçirilmişdir. Baxış nəticəsində üzərindən narkotik vasitə - psixotrop maddə aşkar olunmuşdur. Əlavə olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsə qarşı hər hansı bir təzyiq olmamışdır. Təqsirləndirilən şəxsi evində yox, küçədə saxlamışlar. İbtidai araşdırma zamanı Şahid1 ifadəsində bildirmişdir ki, ünvan 5 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs mütəmadi olaraq Bakı şəhəri, Xətai rayonu ərazisində narkotik vasitə və psixotrop maddələr əldə edib istifadə etməsi və üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması, cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmış və bu məqsədlə əməliyyat qrupu yaradılmışdır. 22 iyul 2023-cü il tarixdə saat 11:30-da ünvan 4 ünvanın yaxınlığında zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar şəxsin həmin ünvana yaxınlaşmasını görüb saxlamaqla, xidməti vəsiqələrini həmin şəxsə göstərib özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Təqsirləndirilən şəxs şəxsiyyəti ilə bağlı sorğu etdikdə, həmin şəxs özünü xx.xx.1966-cı ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Həmin şəxsə narkotik vasitələr və psixotrop maddələr əldə edib istifadə etməsi və üzərində gəzdirməsi barədə məlumat daxil olduğunu bildirib, qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərarla tanış edərək birlikdə 37-ci PŞ-yə getməli olduqlarını bildirmişlər. Təqsirləndirilən şəxs etiraz etməmişdir. Təqsirləndirilən şəxs paltarında, əşyalarında, bədənində olması ehtimal edilən narkotik vasitələrin və psixotrip maddələrin qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların, sənədlərin və cinayət izlərinin aşkar olunaraq götürülməsi üçün müvafiq tədbirlərin görülməsi ilə bağlı tərəfindən raport yazılandan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın aparılması bölmənin təhqiqatçısı polis baş leytenantı X4 həvalə olunmuşdur. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmişdir. Dövlət hesabına vəkil və tərcüməçi dəvət edilərək Təqsirləndirilən şəxs təqdim edildi. Sonra xidməti otaqda videoçəkiliş edərək Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın aparılması başlandı. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın aparılmasında sonuncunun vəkili, tərcüməçi, o, 37-ci PŞ-nin sahə rəisi, polis mayoru Şahid2 iştirak etmişlər. Şəxsi axtarışdan öncə təhqiqatçı, Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü olaraq təqdim etməyi təklif etmişdir. Təqsirləndirilən şəxs əynində olan ağ rəngli uzunqol koftasının alt hissəsində olan sol məmədanından şəffaf rəngli sellofana bükümülmüş bükülünü çıxardıb təqdim edərək bükümün içərisində psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm təhqiqatçı tərəfindən açılmış, həmin bükümdə ağ kristal şəkilli metamfetamin olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin metamfetamini xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Bakı şəhəri, Sabunçu rayonu, 3 saylı Sabunçu xəstəxanasının yaxınlığında tanımadığı şəxsdən öz istifadəsi üçün 10 manata aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən heç nə aşkar olunmamışdır. Aşkar edilmiş maddə elektron tərəzidə çəkilmiş, psixotrop maddə metamfetamin 3,18 qram olduğu müəyyən olunmuşdur. Təhqiqatçı tərəfindən bir ədəd zərfdə qablaşdırılmışdır. O və digər iştirakçılar zərfin üzərində imza etmişlər. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxsi Xətai rayonunun ərazisində küçədə saxlayaraq idarəyə gətirmişlər və müdafiəçinin iştirakı ilə üzərinə baxış keçirilmiş və üzərindən selofana bükülmüş maddə aşkar olunmuşdur. Əlavə olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsə qarşı hər hansı bir təzyiq olmamışdır və təqsirləndirilən şəxs saxlanılarkən tək olmuşdur. Axtyamovanın evinə daxil olmamışlar və onu oğlu ilə bir yerdə aparmamışlar. Şahid2 ibtidai araşdırma zamanı Şahid1 verdiyi ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Raportdan” və “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saxlanılaraq Xətai RPİ-nin 37ci PŞ-ya gətirilmişdir. xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə cinayət işi başlanmışdır. xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan (protokola əlavə olunmuş videoçəkilişin görüntülərinin əks olunduğu diskdən) görünür ki, Təqsirləndirilən şəxs əynindəki ağ rəngli paltarının altında olan alt geyiminin sol içərisindən 1 ədəd şəffaf rəngli sellofana bükülmüş bükülünü çıxararaq masanın üzərinə qoyub həmin bükülünün içərisindəki ağ rəngli maddənin psixotrop maddə “patı” olduğunu, xx.xx.2023-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Sabunçu rayonunda tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Həmin bükülü elektron tərəzidə çəkilərək, psixotrop maddə metamfetaminə bənzər maddənin 3,18 qram olduğu müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış davam etdirilmiş, lakin qanunla qadağan edilmiş heç bir əşya və ya maddə aşkar edilməmişdir. Onun üzərində şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk (DVD) cinayət işinin materiallarına əlavə olunmuşdur. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elam olunmuşdur. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 23 iyul 2023-cü il tarixli 3-16- 16/2-6/3972 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...(imza) Təqsirləndirilən şəxs...” sözləri, soyad və imzalar olan bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 2,959 qram ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,909 qram olan psixotrop maddə metamfetamin saxlanmasından ötrü Xətai RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmişdir. Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin PHŞ-nin ambulator məcburinarkoloji tibbi yoxlamasının xx.xx.2023-cü il tarixli 4907 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı "Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş 60 yaşından yuxarı olan kişilərə və 55 yaşından yuxarı olan qadınlara, narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.7-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs yaş həddi ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin tələblərinə əsasən Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə həmin əməl Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir). Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Yuxarıda sadalananlardan da, görünrüyü kimi təqsirləndirilən şəxs irəli sürülən ittiham üzrə özünü tam təqsirli bilməsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutların məcmusuna əsasən onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs aşkar olunmuş psixotrop maddənin (bir hissəsinin) ona məxsus olmadığını, üzərinə qoyulduğunu, polis əməkdaşları tərəfindən fiziki və psixoloji təzyiqlərə məruz qaldığını bildirsə də, həmin dəlillərin yoxlanılması zamanı təqsirləndirilən şəxsin gətirdiyi bu dəlillər şahid ifadələri, şəxsi axtarış və baxış protokolları, məhkəmə ekspertizalarının rəyləri, habelə digər toplanmış istintaq materialları ilə tam təkzib edilmişdir. Təqsirləndirilən şəxsin qeyd etdiyi bu xüsusatlarla bağlı olaraq məhkəmə bildirir ki, təqsirləndirilən şəxs tutularkən onun müdafiə hüququ təmin edilərək müdafiəçi ilə təmin edilmiş, müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışın nəticəsinə görə müvafiq protokol tərtib edilmişdir. Bununla yanaşı, təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddəni qanunsuz olaraq əldə edib saxlamaqla daşımasını ibtidai araşdırmanın ilkin mərhələsində verdiyi ifadəsi ilə səmimi etiraf etmişdir. Bundan əlavə, təqsirləndirilən şəxsin tutularkən polis bölməsində polis əməkdaşları tərəfindən döyülməsi və yaxud da fiziki təzyiqlərə məruz qalıb-qalmamasının araşdırılması üçün məhkəmə müvafiq sorğular verərək İstintaq Təcridxanasından və MSY-dən onun tibbi kitabçasının surətlərini əldə etmiş, həmin sənədlərə proses iştirakçılarının iştirakı ilə baxış keçirilərkən onun müayinəsi zamanı xəsarət izlərinin aşkar edilmədiyi qeyd edilmişdir. Qeyd olunanlara əsasən də, məhkəmə təqsirləndirilən şəxsin özünü tam təqsirli bilməməsinə dair ifadəsinə, həmçinin aşkar olunmuş psixotrop maddənin (bir hissəsinin) ona məxsus olmadığı, üzərinə qoyulduğu, həmçinin polis əməkdaşları tərəfindən fiziki və psixoloji təzyiqlərə məruz qalması barədə verdiyi ifadəsinə (həmin hissədə) tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uygun deyil və digər mötəbər sübutlarla tam təkzib olunur. Məhkəmə onun ifadələrinin həmin hissəsini özünü müdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş həqiqəti əks etdirməyən ifadələr kimi qiymətləndirir. Bununla yanaşı, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ibtidai araşdırmanın ilkin mərhələsində ifadəsində bildirdiklərini səmimi ifadələr kimi qəbul edir və həmin ifadələrdə göstərilən xüsusatların həm işin faktiki halları ilə, həm də mövcud sübutlarla üstüstə düşdüyü qənaətinə gəldiyindən, həmin ifadələri (xüsusatları) həqiqəti əks etdirən ifadələr kimi qəbul edərək ittihamın əsasına qoyur. Yuxarıda sadalananlara əsasən də, məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin özünün ifadəsini (ibtidai araşdırmanın ilkin mərhələsində verdiyi ifadəsini), şahidlərin ifadələrini, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəyini və digər sənədləri də sübut kimi qəbul edir və həmin sübutları əsaslı, mötəbər və mümkün hesab edir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X11rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Beləliklə, məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün ifadəsi ilə (ibtidai araşdırmanın ilkin mərhələsində verdiyi ifadəsi) yanaşı, şahid ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə və qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmin Məcəllənin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Həmin Məcəllənin 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında qeyd olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Beləliklə, təqsirləndirilən şəxsə cəza təyini məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları nəzərə alaraq cəza təyin etməlidir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim olunmuş tələbnaməndən görünür ki, təqsirləndirilən şəxs Səbail Rayon Xalq Məhkəməsinin xx.xx.1995-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 226-1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 5 il müddətə azadlıqdan məhrumetmə cəzası (əmlakı müsadirə olunmaqla) təyin edilmişdir. xx.xx.1997-ci ildə cəzasının çəkilməmiş qalan 02 il 07 ay 16 gün hissəsinin çəkilməsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Bundan sonra isə təqsirlndirilən şəxs Nəsimi Rayon Xalq Məhkəməsinin xx.xx.1999-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 226-1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 4 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. xx.xx.2002-ci ildə cəza müddəti qurtardığı üçün azad edilmişdir. İş materiallarından müəyyən olunur ki, təqsirləndirilən şəxs vərəm xəstəliyinin daşıyıcısıdır. Məhkəmə təqsirləndirilən şəxsin 58 yaşında olmasını, qadın olmasını və səhhətini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Yuxarıda sadalananlara əsasən, məhkəmə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları, həmçinin aşkar edilmiş psixotrop maddənin növünü, çəkisini (miqdarını), cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halın olmamasını, cəza təyini zamanı cəzanın fərdiləşdiriləşdirilməsini və cəza təyin edilmənin ümumi prinsiplərini, həmçinin cəzanın həddinin differensasiyalaşdırılmasını, eləcə də Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını Cinayət Məcəlləsinin 56-cı maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Bununla yanaşı, cinayət işinin materiallarından müəyyən olunur ki, təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuş, xx.xx.2023-cü il tarixdə isə tutulmadan azad edilərək barəsində “ev dustaqlığı” növündə qətimkan tədbiri seçilmiş, xx.xx.2023-cü il tarixədək ev dustaqlığında olmuş, xx.xx.2023-cü il tarixdə isə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxs ibtidai araşdırma və məhkəmə araşdırması dövrü ərzində 05 (beş) ay 05 gün müddətində tutulmaqla həbsdə və ev dustaqlığında olmuşdur. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Cinayət Məcəlləsinin tələbləri nəzərə alınmaqla təqsirləndirilən şəxsin ibtidai araşdırma və məhkəmə araşdırması zamanı tutulmaqla həbsdə və ev dustaqlığında olduğu 05 (beş) ay 05 gün müddət ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalı və təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın əvvəli 31 iyul 2024-cü il tarixdən hesablanmalıdır. Bununla yanaşı, təqsirləndirilən şəxsə barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilərək (ləğv edilərək), onun barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə cinayət işinin materialarında olan ekspertiza rəyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ərazi (yaşayış yeri) üzrə narkoloji dispanserdə (kabinetdə) qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə görə iş üzrə maddi sübut olan və Xətai RPİ-nin maddi sübutların saxlanc anbarında - kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan 2,909 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk (DVD) cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət Prosessual Məcəllənin 132.1.1-ci maddəsinə görə şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə Cinayət-Prosessual Məcəllənin tələblərinə uyğun olaraq belə nəticəyə gəlir ki, ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan digər əmlak müəyyən olunmamış, həmçinin iş üzrə mülki iddia verilməmişdir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, təqsirləndirilən şəxsin müdafiəçisinin (Müdafiəçi3 və Müdafiəçi1 hər biri ayrı-ayrılıqda) iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 25 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, hüquqi yardıma görə müdafiəçiyə (Müdafiəçi3 və Müdafiəçi1) Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məbləğdə pul hesablanaraq qödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulmaqla həbsdə və ev dustaqlığında olduğu 05 (beş) ay 05 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay 25 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 31 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilərək (ləğv edilərək) onun barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınaraq saxlanılması üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Hökmün icrası bu hissədə də, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Konvoy Taboruna və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi (yaşayış yeri üzrə) narkoloji dispanserində (kabinetdə) qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Xətai RPİ-nin maddi sübutların saxlanc anbarında (maddi sübutların saxlanılma yerində) saxlanılan 2,909 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk (DVD) cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 80 manat təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddianın və xüsusi müsadirə edilməli olan digər əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına hər birinə ayrı-ayrılıqda 150 manat məbləğində pul ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu vaxtdan (təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar