Məhkəmə qərarları › İş №1(101)-890/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-890/2021

05.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-890/2021 05.05.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Sadıxov Rasim Əkrəm oğlunun sədrliyi ilə, hakimlər Paşayev Azər İslah oğlu və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Bayram qızının, müdafiəçi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Mayıl oğlunun iştirakları ilə açıq məhkəmə iclasında xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan və barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin xeyli miqdarda əmlakını əldə etmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edərək quldurluq etmişdir. Belə ki, o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə 04 noyabr 2020-ci il tarixdə saat 12:45 radələrində Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi ilə Qara Qarayev prospekti kəsişməsində yerləşən, Zərərçəkmiş şəxs məxsus lombarda gəlib orada əynində olan gödəkçənin sol iç cibində saxladığı tapança formasında istehsal edilmiş alışqanı çıxarıb Zərərçəkmiş şəxs nümayiş etdirməklə sonuncunu qorxudub xeyli miqdarda əmlak əldə etmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı basqın edərək Zərərçəkmiş şəxs lombardda yerləşən içərisində həmin tarixə rəsmi bank məzənnəsi ilə 5100 manat təşkil edən 3.000 ABŞ dolları və 2000 manat xeyli miqdarda nağd pul olan dəmir seyfin açarlarını tələb edərək həmin açarları alıb seyfin qapısını açmaq istəyərək quldurluq etmiş və cinayəti törətdikdən bilavasitə sonra zərərçəkmiş şəxsin həyacan siqnalı ilə hadisə yerinə gəlimiş Nizami Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 181.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, anası və bacısı ilə Pirallahı qəsəbəsində yaşayır. Bacısı Şahid1 qızıllarını Nizami rayonu, Qara Qarayev metrostansiyasının yanında olan lombarda girov qoymuşdur. Anası ilə bacısının söhbətlərindən belə başa düşmüşdür ki, lombardda işləyən Nəzakət adlı xanım bacısının qızıllarını satmaq istəyir. Bu məsələni araşdırmaq məqsədilə 04 noyabr 2020-ci il tarixdə saat təxminən 12 radələrində lombarda gəlmiş və orada yalnız lombardın işçisi olan Nəzakət xanımı görmüşdür. Onu qorxuzmaq məqsədilə, yəni bacısının qızıllarını satmasın deyə üzərində olan tapança formalı alışqanı çıxararaq onu bir əlində, digər əlində isə şəxsi sənədlərini tutaraq Nəzakət xanımdan bacısının qızıllarını nə etdiyini soruşmuşdur. Nəzakət xanım isə ondan kim olduğunu soruşmuş, o, da Şahid1 qardaşı olduğunu demişdir. Sonra otağa başqa şəxs girərkən o, alışqan tapançanı cibinə qoymuş və gələn müştəriyə onların işləri olduğunu deyərək bayıra çıxmasını demişdir. Sonra Nəzakət xanım seyfin açarını ona vermişdir ki, o, seyfi açsın. O, qadından seyfin açarını istəməmiş, qadın özü açarı ona vermişdir ki, seyfdən bacısının qızıllarını götürsün, lakin seyfi aça bilməmiş və açarı qadına qaytarmışdır. Bu zaman qadın ona müdiriyyətlə danışmağı təklif etmiş və telefonu ona uzatmışdır. Lakin həmin vaxt lombarda iki nəfər polis əməkdaşları daxil olmuş, Nəzakət xanım onları görən kimi qışqırıb onda tapança olmasını deyərək tutulmasını xahiş etmişdir. Bundan sonra polislər üzərinə baxış keçirərək alışqan tapançanı ondan alıb polis bölməsinə aparmışlar. Onun quldurluq etmək niyyəti olmamış, lombardda olan pullar ona lazım deyildir, sadəcə bacısına məxsus qızılların lombardda olub-olmamasını bilmək istəmişdir. Alışqan tapançanı isə qorxuzmaq məqsədilə Nəzakət xanıma nümayiş etmişdir. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Bayram qızı ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi hadisəyə qədər ümumiyyətlə tanımamış, onunla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. O, Nizami rayonu, Mehdi Abbasov küçəsi ilə Qara Qarayev prospektinin kəsişdiyi yerdə yerləşən ticarət sırasında lombardda işləmişdir. Onun lombardında işlədiyi otaqda hər hansı hücum olarsa mühafizə polisinə təhlükə siqnalı vermək üçün düymə yerləşdirilmişdir. 04 noyabr 2020-ci il tarixdə saat təxminən 12-45 radələrində lombarda tək olarkən hal-hazırda məhkəmə zalında gördüyü Təqsirləndirilən şəxs daxil olmuş və pencəyinin altından tapança çıxararaq lombardda olan qızıl və pulu təcili ona verməsini tələb etmişdir. O, tapançanı görən kimi stolun altına yerləşdirilmiş həyəcan siqnalı düyməsini basmışdır. O, Eminə demişdir ki, bunu ancaq lombardın müdirinin icazəsi ilə edə bilər. Hətta mobil telefonu Eminə uzadıb özünün müdirlə danışmasını təklif etmişdir. Məqsədi vaxt udmaq idi. Emin tapançanı göstərib demişdir ki, elə eləmə səni vurum, tez ol pulları ver. Həmin vaxt lombarda tanımadığı cavan oğlan gəlmiş və Emin tapançanı gizlədərək həmin oğlana burada şəxsi işi olduğunu bildirib oğlandan bayıra çıxmasını tələb etmişdir. Eminin onu öldürəcəyi niyyətinin ciddi olmasını real qəbul edərək qorxudan otaqdakı seyfin açarlarını ona vermiş, o, seyfi açmağa cəhd etmiş, lakin açarı səhv taxdığı üçün aça bilməmiş, bu zaman lombarda polis əməkdaşları daxil olaraq onu saxlamışlar. Polislərə Eminin üzərində tapança olmasını bildirmiş və polislər Eminin pencəyinin altında ona qarşı tətbiq etdiyi tapançanı aşkar edib götürərək Emini polisə aparmışlar. Həmin vaxt seyfdə 3.000 ABŞ dolları və 2.000 manat pul olmuşdur. Əlavə olaraq qeyd etmək istəyir ki, Emin ona bacısının lombarda qızıl zinət əşyaları verməsini deməmişdir. Eminin lombarda basqın etməsi nəticəsində çox qorxmuş, uzun müddət özünə gələ bilməmişdir. Eminə qanunla müəyyən olunmuş cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Nizami RMİ-nin polis nəfəri, polis serjantı Şahid2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi hadisə ilə əlaqədar tanımış, zərərçəkmiş şəxs Nəzakət xanımı isə mühafizəyə alınmış lombardın işçisi kimi tanımışdır. 04 noyabr 2020-ci il saat 12:45 radələrində həmkarı Şahid3la xidməti maşınla ərazidə xidmətdə olarkən ratsiya ilə Nəzakət xanımın işlədiyi lombarddan həyəcan siqnalı gəldiyini bildirmişlər. Dərhal M.Abbasov küçəsi ilə Q.Qarayev prospektinin kəsişməsində yerləşən lombarda gedərək görmüşdür ki, hal-hazırda məhkəmə zalında gördüyü Təqsirləndirilən şəxs Nəzakət xanımın əyləşdiyi masanın qarşısında durmuş, Nəzakət onları görən kimi həyəcanlı halda onda tapança olmasını bildirmişdir. O, Eminin üzərinə baxış keçirdikdə pencəyinin iç cibində tapança aşkar etmişdir. Emin tapançanın alışqan olduğunu, heç bir qanunsuz hərəkət etmədiyini desə də Nəzakət xanım bildirmişdir ki, Emin həmin tapança ilə onu hədələyərək lombardda olan pul və qızılları tələb etmişdir. Bundan sonra Emini polisə aparıb növbətçi hissəyə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Nizami RMİ-nin polis nəfəri, polis serjantı Şahid3 ifadəsində həmkarı Elnur Həsənlinin verdiyi ifadəyə uyğun ifadə verərək 04 noyabr 2020-ci il saat 12:45 radələrində həyəcan siqnalına əsasən Elnur Həsənli ilə birlikdə Zərərçəkmiş şəxs işlədiyi lombarda gəlib orada ona hədə-qorxu gələrək pul və qızılları tələb edən Təqsirləndirilən şəxs saxlayıb üzərindən sonradan alışqan olmasını müəyyən edərək sonuncunu polis bölməsinə apardıqlarını bildirmişdir. Təqsirləndirilən şəxs törətdiyi qulduruluq əməlində təqsirliliyi qismən özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, cinayət işində olan və məhkəmədə tədqiq edilən 04 noyabr 2020-ci il tarixli «hadisə yerinə baxış» protokolundan müəyyən olunur ki, hadisə yeri Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi ilə Q.Qarayev prospetinin kəsişdiyi yerdə yerləşən lombarddır. Cinayət işində olan və məhkəmədə tədqiq edilən 04 noyabr 2020-ci il tarixli maddi sübuta baxış keçirilməsi barədə protokoldan müəyyən olunur ki, 01 ədəd, plasmas, qara rəngli, tapançaya bənzər alışqan iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi götürülmüşdür. Cinayət işində olan və məhkəmədə tədqiq edilən 04 noyabr 2020-ci il tarixli CD diskə baxış protokolundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs lombardına daxil olaraq gödəkçəsinin sol iç cibindən tapança çıxarıb həmin tapaçanı Zərərçəkmiş şəxs üzərinə tutaraq onu hədələmiş, lombardın seyfinin açarlarını ondan alaraq seyfin qapısını açmağa cəhd etmiş, lakin seyfin qapsını aça bilməmiş və bu zaman lombarda daxil olan polis əməkdaşları tərəfindən saxlanılmışdır. Cinayət işində olan və məhkəmədə tədqiq edilən məhkəmə-narkoloji ekspertizasının 3237 saylı 19.11.2020-ci il tarixli rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomiya xəstəliyinin əlamətləri aşkar olunmamış, hal-hazırda Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işində olan və məhkəmədə tədqiq edilən 02 dekabr 2020-ci il tarixli 3/1890; 3/1891 saylı məhkəmə-ballistik ekspertizasının rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd predmet-zavod üsulu ilə tapança formasında istehsal edilmiş alışqandır-odlu silah, qaz silahı, pnevmatik silah və döyüş sursatı hesab edilmir, təyinatı üzrə istifadəyə yararsızdır. Cinayət işində olan və məhkəmədə tədqiq edilən kompleks ambulator məhkəməpsixiatrik və məhkəmə-psixoloji ekspertizasının 11.12.2020-ci il tarixli 2445 №-li rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman onda xroniki psixi xəstəli, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində Anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda da hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törədərkən, qəflətən baş vermiş ruhi həyacan, fiziloji affekt vəziyyətində olmamışdır. Cinayət işində olan və məhkəmədə tədqiq edilən sübutların qiymətləndirilməsi haqqında 17 fevral 2021-ci il tarixli qərardan müəyyən olunur ki, Zərərçəkmiş şəxs götürülmüş quldurluq hadisəsinin baş verdiyi gün, yəni 04.11.2020-ci il tarixdə lombarda quraşdırılmış müşahidə kamerası vasitəsilə qeydə alınmış görüntülərin əks olunduğu 01 ədəd CD disk və Təqsirləndirilən şəxs cinayət törədən zaman istifadə etdiyi 01 ədəd tapança formasında istehsal edilmiş alışqan maddi sübut kimi tanınmış, 01 ədəd CD disk cinayət işi materiallarına əlavə edilmiş, 01 ədəd tapança formalı alışqan isə maddi sübutların saxlanc kamerasına təhvil verilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 06 noyabr 2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmədə tədqiq edilən 04 noyabr 2020-ci il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nizami rayon Məhkəməsinin 06 noyabr 2020ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 181.1-ci maddəsi ilə ittiham elan olunmuş Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 181.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, eləcə də məhkəmədə tədqiq edilmiş cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara, işin obyektiv hallarına qiymət verməklə və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs özgənin xeyli miqdarda əmlakını əldə etmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edərək quldurluq etməsi tam sübuta yetirilmiş və onun əməli ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.4-cü maddəsi ilə düzgün olaraq tövsif etmişdir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli 1 №-li qərarının 7-ci bəndinə əsasən quldurluq cinayəti özgənin əmlakını talamaq məqsədilə, həyat və sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından başa çatmış sayılır. Həmin qərarın 25-ci bəndinə əsasən zərərçəkmiş şəxs silahın yararsız və ya doldurulmamış olmasını, yaxud da silah tətbiq etmə görüntüsü yaradılmasını başa düşmüşsə, dərk etmişsə, əməl soyğunçuluq kimi tövsif edilməlidir. Cinayət işi üzrə sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs özgənin xeyli miqdarda əmlakını əldə etmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etmiş, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onu öldürməklə hədələdiyi tapança şəklində alışqanı odlu silah kimi qəbul etmiş, bu səbəbdən Emin Bayramovun əməli soyğunçuluq kimi tövsif edilə bilməz, onun əməli məhz quldurluq kimi CM-nin 181.2.4-cü maddəsi ilə tövsif edilməklə ona bu maddə ilə cəza təyin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin silah qismində istifadə etdiyi əşyanı tətbiq edib zərərçəkmiş şəxsdən pul və qızılları tələb etdiyi andan quldurluq cinayəti başa çatmışdır. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlini törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ədalət prinsipini nəzərdə tutan 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədləri açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etməmişdir. Həmçinin, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini onun tutulduğu 04.11.2020-ci il tarixdən hesablamalı və o, cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə baxılan cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlak müəyyən etmədiyindən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan 1 ədəd plastik alışqan tapança məhv edilməli, 1 ədəd CD disk cinayət işinin materiallarına əlavə edilməlidir. İş üzrə ekspertiza xərci olan 128 (yüz iuirmi səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankındakı Az MEM, VÖİN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, M/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs hüquqlarını ibtidai istintaq zamanı Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X3 (hesabat arayış i/v 209), məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhər 4 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X3 üçün Bakı şəhəri 6 saylı Vəkil Bürosunun nəfinə 270 (iki yüz yetmiş) manat, müdafəçi Müdafiəçi üçün isə 240 (iki yüz qırx) manat pul Bakı şəhər 4 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 354, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CM-nin 181.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməklə ona 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli “04” noyabr 2020-ci il tarixdən hesab edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərcləri olan 128 (yüz iuirmi səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankındakı Az MEM, VÖİN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, M/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına köçürülsün. İş üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan 1 ədəd plastik alışqan tapança məhv edilsin, 1 dədə CD disk cinayət işinin materiallarına əlavə edilsin. İbtidai istintaq zamanı göstərdiyi hüquqi yardımla bağlı müdafiəçi X3 üçün 270 (iki yüz yetmiş) manat pul Bakı şəhəri 6 saylı Vəkil Bürosunun, məhkəmə iclaslarında göstərdiyi hüquqi yardımla bağlı isə Müdafiəçi üçün 240 (iki yüz qırx) manat) pul Bakı şəhər 4 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Azər Paşayev Fəhmin Hümbətov Əsli ilə düzdür. Hakim: Rasim Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar