Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-890/2024 20.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Təqsirləndirilən şəxs Sabir oğlu (sədrlik edən), X3 və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibləri - X4 və X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Kiçikbəyov və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 15 noyabr 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni və şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,797 qram narkotik vasitə heroini və külli miqdarda təmiz çəkisi 2,455 qram çəkidə psixotrop maddə metafetamini əldə edib saxlayaraq daşımış, 23 iyun 2023-cü il tarixdə saat 8:00 radələrində özünü şübhəli apardığı üçün Bakı şəhəri Sabunçu RPİ-nin PPX-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Aydınbəyov küçəsində nömrəsiz evin qarşısında saxlanılaraq ünvan 2 ünvanında yerləşən Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinin inzibati binasına gətirilmiş, orada üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarının sağ yan cibindən cəmi 2 bükümdə, yəni 1 bükümdə təmiz çəkisi 2,455 qram olan külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin, 1 bükümdə isə təmiz çəkisi 0,797 qram olan şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 23 iyun 2023-cü il tarixdə gecə saat 1:30 radələrində taksi ilə Bülbülə qəsəbəsinin çıxışında yerləşən 24 saat fəaliyyət göstərən marketə siqarət almaq üçün gedərkən post-patrul xidmətinin əməkdaşları xidməti avtomobillə yaxınlaşıb avtomobili saxlamalarını bildirmişlər. Bundan sonra taksi sürücüsü avtomobili kənarda saxlamış və qabaqda əyləşən şəxs qapını açıb qaçmağa başlamış, lakin o, avtomobildən düşüb sakitcə dayanmışdır. Post-patrul xidmətinin əməkdaşları qaçan şəxsin yerini onlara deməyəcəyi halda onu narkotik vasitə saxlamaqda ittiham edəcəklərini bildirmişlər. O da həmin şəxslərə ciblərini göstərib üzərində qanunsuz əşya olmadığını, həmişə doğru danışdığı üçün narkotik vasitə istifadəçisi olduğunu, buna görə saxlanıldığını və işinin məhkəmədə olduğunu demişdir. Polis əməkdaşları onun narkotik vasitə istifadəçisi olduğunu bilib avtomobildən narkotik vasitə aşkar olunduğunu və həmin narkotik vasitənin ona məxsus olduğunu bildirmişlər. O da narkotik vasitənin ona məxsus olmadığını dedikdə, polislər xidməti avtomobilin arxasında onu döyüb sonra da polis bölməsinə aparmışlar. Polis bölməsinə gəldikdən sonra narkotik vasitələrin ona məxsus olduğunu bildirməyi üçün onu rezin dəyənəklə hədələmişlər. Sonra da polis əməkdaşları elektron tərəzidə narkotik vasitənin çəkisini müəyyənləşdirib onun cibinə qoymuşlar. O da polislərin fiziki və psixoloji təsirinə dözə bilməyib narkotik vasitənin ona məxsus olduğunu şəxsi axtarış zamanı bildirmişdir. Təcridxanaya daxil olarkən bədənində xəsarətlər aşkar edildiyindən prokurorluğun əməkdaşları tərəfindən izahatı alınmışdır. Onu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham edəcəklərini bildirsələr də, qətimkan tədbirinin seçilməsi ilə bağlı keçirilən məhkəmə iclasında müstəntiq Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ittiham olunduğunu demişdir. Taksi sürücüsü onunla eyni ərazidə yaşayırdı. Onu post-patrul xidmətinin əməkdaşları saxlayıb təzyiq göstərmişlər. Təcridxanaya daxil olarkən bədənində aşkar edilmiş xəsarətlər tibbi kitabçasına qeyd edilmiş, bundan sonra prokurorluğa məlumat verilmişdir. Prokurorluq əməkdaşı tərəfindən xəsarətlərlə bağlı izahatı alınmışdır. Qadın cinsinə mənsub olan vəkili bədənində olan xəsarətlərə heç bir reaksiya verməmişdir. Polis əməkdaşları üz nahiyəsinə və qabırğasına zərbələr vurmuşlar. Yaranmış xəsarətlər təcridxanaya daxil olarkən tibbi kitabçasında qeyd edilmişdir. Həbs olunan zaman xəsarət aldığını bildirmişdir. İbtidai istintaq zamanı yazılan həmin ifadəyə oxumadan imza etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, təxminən 1 ildən çoxdur ki, narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi ilə məşğul olmuşdur. Narkotik vasitə heroini inyeksiya yolu ilə damarına vurmuş və siqaret vasitəsi ilə çəkib tüstünü nəfəsinə almış, rəsmi olaraq heç bir yerdə işləməmişdir. Boşandığına görə azyaşlı övladı keçmiş arvadı Leyla ilə birlikdə yaşayır. O isə bibisi ilə birlikdə yaşamışdır. Narkotik vasitələrdən istifadə etdiyinə görə Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən cinayət məsuliyyətinə cəlb olunmuşdur. Buna baxmayaraq yenə də, narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi ilə məşğul olmağa davam etmişdir. Növbəti dəfə narkotik vasitəni və psixotrop maddəni əldə etmək məqsədi ilə 22 iyun 2023-cü il tarixdə Bül-bülə qəsəbəsində tanımadığı şəxsdən 40 manata ümumilikdə 2 bükümdə, 1 bükümdə narkotik vasitə heroin, 1 bükümdə isə psixotrop maddə metafetamin almışdır. Həmin narkotik vasitəni və psixotrop maddəni öz istifadəsi üçün almış və həmin maddələri digər şəxsə satmağa fikri olmamışdır. Narkotik vasitə heroini və psixotrop maddə metafetamini əynində olan qara rəngli şalvarının sağ yan cibinə qoyub üzərində gəzdirmişdir. Aldığı narkotik vasitə heroin və psixotrop maddə metafetamin 2 bükümdə sellofana bükülmüşdür. 23 iyun 2023-cü il tarixdə saat 8 radələrində aldığı narkotik vasitə heroini və psixotrop maddə metafetamini qarışdırıb qəbul etmək üçün əlverilişli şərait axtarmış, çünki evdə bibisi olduğu üçün narkotik vasitəni qəbul edə bilmir. Buna görə də Sabunçu rayonu, Sabunçu qəsəbəsində, Aydınbəyov küçəsində gəzərkən 2 nəfər polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim edərək şəxsiyyətinin təsdiq edən sənədi istəmişlər. O, tutulacağından qorxduğundan polis əməkdaşlarından qaçmaq istədikdə, onu yaxalayıb 12-ci Polis Şöbəsinə gətirmişlər. Polis bölməsinin inzibati binasında polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmuş və dəvət olunmuş vəkilin iştirakı ilə ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra ona bildirilmişdir ki, üzərinə şəxsi axtarış keçiriləcək, o da vəkilin həmin axtarışda iştirak etməsini istəməmiş, çünki üzərində narkotik vasitə heroin və psixotrop maddə metafetamin olmuşdur. Vəkil bölmənin xidməti otağından çıxandan sonra onun üzərinə videoçəkilişlə axtarış keçirilmiş, axtarış zamanı əynində olan qara rəngli şalvarının sağ yan cibindən cəmi 2 büküm, 1 bükümdə narkotik vasitə heroin, digər bükümdə isə psixotrop maddə metafetamin aşkar olunmuşdur. Polis əməkdaşlarının suallarına cavab verərkən bildirmişdir ki, aşkar olunmuş maddələr narkotik vasitə heroin və psixotrop maddə metafetamindir və həmin maddələri öz istifadəsi üçün 40 manata Bülbülə qəsəbəsindən tanımadığı şəxsdən almışdır. Bundan sonra həmin narkotik vasitə heroin və psixotrop maddə metafetamin ekspertizaya göndərilmiş və bu barədə protokol tərtib olunmuşdur (cild 1, iş vərəqə 55-57). Həmin ifadənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini tam etiraf etmiş və işin faktiki hallarına uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsini mötəbər hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması ibtidai istintaq zamanı etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, qış aylarında tarixini tamda xatırlamadığı tarixdə iş yoldaşı olan Sabunçu RPİ-nin PPXB-nin polis nəfəri Şahid1 ilə birlikdə inzibati ərazidə xidmət etdikləri zaman Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Aydınbəyov küçəsində nömrəsiz evin yaxınlığında bir nəfər şəxsin özünü şübhəli apardığını görmüşdür. Həmin şəxs onlardan nəyisə gizlətməyə çalışdığından onu saxlayıb sənədlərini təqdim etməyini xahiş etmişlər. Təqsirləndirilən şəxs üzərində heç bir sənəd olmadığına görə onu Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə gətirərək orada xidməti otaqda şübhəli şəxs qismində tutularaq dövlət tərəfindən vəkillə təmin olunmuşdur. Vəkilin iştirakı ilə onun hüquq və vəzifələri izah olunduqdan sonra videoçəkilişlə üzərində axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək vəkilin iştirakı olmadan axtarışın keçirilməsini xahiş etmişdir. Bundan sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən sellofana bükülmüş 1 bükümdə kristallik şəkildə olan maddə aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs tutan zaman 2 nəfər olmuşlar. Təqsirləndirilən şəxs saxlayan zaman axşam vaxtları olmuşdur. Həmin vaxt o, digər polis əməkdaşı Şahid1 ilə birlikdə ərazidə xidmət edirdi. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və psixoloji təsir göstərilməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Hadisənin üzərindən uzun müddət keçdiyindən və analoji işlərin çoxluğu ilə əlaqədar bəzi halları xatırlamır, lakin ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. İbtidai istintaq zamanı verdiyi ifadəsini oxuyub imzalamışdır. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid2 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Sabunçu RPİ-nin PPXB-nin polis nəfəri vəzifəsində işləyir. 23 iyun 2023-cü il tarixdə saat 8 radələrində o, iş yoldaşı Sabunçu RPİnin PPXB-nin polis nəfəri olan polis serjantı Şahid1lə birlikdə inzibati ərazidə xidmət etdikləri zaman Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Aydınbəyov küçəsində nömrəsiz evin yaxınlığında 1 nəfər şəxsin özünü şübhəli apardığını görmüşlər. Həmin şəxs zahiri görüşünə görə narkotik vasitələrin istifadəsi ilə məşğul olan şəxsə oxşayırdı və onların ona tərəf yaxınlaşdıqlarını görüb onlardan uzaqlaşmağa cəhd etmişdir. Həmin şəxs onlardan nəysə gizlətməyə çalışırdı, onlar isə həmin şəxsi saxlayıb sənədlərini təqdim etməyini xahiş etmiş, həmin şəxsin üzərində heç bir sənəd olmadığına görə onlar həmin şəxsi Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə gətirmişlər. Orada müəyyən olunmuşdur ki, gətirilən şəxs Təqsirləndirilən şəxsdur. Onlar Təqsirləndirilən şəxs nəzarət etmişlər ki, əgər üzərində qeyri-qanuni əşya varsa tullaya bilməsin. 12-ci polis şöbəsinin xidməti otağında Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və dövlət tərəfindən vəkillə təmin olunmuşdur. Təqsirləndirilən şəxs vəkilin iştirakı ilə huquq və vəzifələri izah olunduqdan sonra videoçəkilişlə üzərinə axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək axtarışı vəkilin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən sellofana bükülmüş cəmi 2 bükümdə, 1 bükümdə spesifik iyli tünd qəhvəyi rəngli maddə, digər bükümdə isə ağ kristallik şəkildə olan maddə aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs suallara cavab verərkən bildirmişdir ki, 1 bükümdə olan qəhvəyi rəngli maddə narkotik vasitə heroin, digər bükümdə olan maddə isə psixotrop maddə metafetamindir, həmin maddələri öz şəxsi istifadəsi üçün 40 manata Suraxanı rayonu, Bül-bülə qəsəbəsindən tanımadığı şəxsdən alıb öz üzərində gəzdirmiş, narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi ilə təxminən 1 ildir ki, məşğul olur. Bundan sonra Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitə heroinə bənzər maddə və psixotrop maddə metafetaminə oxşar olan maddə qablaşdırılaraq götürülmüş və ekspertizaya göndərilmiş və bu barədə protokol tərtib edilmiş, təhqiqatçı tərəfindən protokol ucadan oxunduqdan sonra iştirakçılar tərəfindən imzalamışdır. Təqsirləndirilən şəxs saxlanılan zaman zor tətbiq olunmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məğul olması barədə polis bölməsinə heç bir məlumat daxil olmamışdır (cild 1, iş vərəqə 76-78). Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi ifadəsini mötəbər hesab edir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid1 ibtidai istintaqı zamanı verdiyi ifadəsinin məzmunundan görünür ki, o, Şahid2 məhkəmə istintaqı zamanı tədqiq edilmiş ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir (cild 1, iş vərəqə 73-75). Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 23 iyun 2023-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində şəxs axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sağ yan cibindən 1 ədəd sellofana bükülmüş içərisində ağ rəngdə kristal formalı maddə, 1 ədəd sellofana bükülmüş içərisində tünd qəhvəyi rəngdə maddə təqdim etmişdir. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq həmin maddələrin kakos və patı olduğunu, Suraxanı rayonu, Bülbülə qəsəbəsində iki bükümünü 40 manata alaraq istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Əlavə suallara cavab olaraq 1 ilə yaxındır ki, narkotik vasitələrdən istifadə etdiyini qeyd etmişdir. Həmin maddələr qablaşdırılaraq Azərbaycan Respublikası DİN-in “Zərflər üçün” 159 saylı möhürü ilə möhürlənmiş, şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir (cild 1, iş vərəqə 25-26). Cinayət işinin materiallarında olan “videoyazıya baxış keçiriliməsi haqqında” 23 iyun 2023-cü il tarixli protokolda yuxarıda qeyd olunanlar öz əksini tapmışdır (cild 1, iş vərəqə 42). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 23 iyun 2023-cü tarixli 6/3504 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №159 möhür əksi olan “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş maddələr...” və s. sözlər, imzalar olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 2,455 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin, 1 ədəd bükümdə təmiz çəkisi 0,797 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ), metafetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin”-in siyahısına (Siyahı İ) daxildir (Qeyd: metafetaminin ümumi təmiz çəkisi 2,455 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 2,355 qram, heroinin ümümi təmiz çəkisi 0,797 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,747 qram, cild 1, iş vərəqə 34-36). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator X1 18 fevral 2023-cü il tarixli 953 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yararan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 66-67). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının 27 noyabr 2023-cü il tarixli məktubundan və tibbi kitabçanın surətindən görünür ki, Təqsirləndirilən şəxs 25 iyun 2023cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş və ilkin tibbi müayinədən keçirilərək onun adına tibbi kitabça açılmış, müayinə zamanı hər iki çiynin ön səthində 4-5 sm ölçüdə, sol bazunun arxa nahiyəsində 2-3 sm ölçüdə, döş qəfəsinin sağ nahiyəsində və qarının sağ nahiyəsində 3-4 sm ölçüdə tünd sarımtıl rəngli qançır, hər iki saidin arxa səthində və sağ əlin üzərində yumşaq toxumaların əziyi və şişkinliyi müşahidə olunmuşdur (cild 2). Cinayət işinin materiallarında olan 24 oktyabr 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki zorakılığa və psixi təzyiqə məruz qalması ilə bağlı cinayət işinin başlanılması rədd edilmişdir. Həmin qərar onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X10 Sabunçu rayon şöbəsinin 2317 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs hər iki çiyin qurşağı, sol bazu, döş qəfəsi, qarın nahiyələrinin qançırları müəyyən edilmiş, həmin xəsarətlər bərk-küt əşyanın təsirindən törənmiş, müddəti Təqsirləndirilən şəxs BİT-in TSHdə tibbi müayinəsindən 9-11 gün əvvələ uyğun gəlir, müxtəlif şəraitlərdə törənə bilər, sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Həmçinin araşdırma zamanı polis əməkdaşları izahatlarında Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki zorakılıq və psixi təzyiq göstərmədiklərini göstərmişlər (cild 2). Cinayət işinin materiallarında olan 15 sentyabr 2023-ci il tarixli “maddi sübut kimi tanınması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 1 bükümdə olan tədqiqatdan sonra qalıq çəkisi 0,747 qram küstar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 bükümdə olan tədqiqatdan sonra qalıq çəkisi 2,355 qram çəkidə psixrotrop maddə metafetamin iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Sabunçu RPİ-nə təhvil verilmiş, həmçinin Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürülmə aparılması zamanı aparılmış videoçəkilişin yazıldığı 1 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 83-84). Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 15 noyabr 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur (cild 2). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin müddəalarına əsasən hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs təyin olunacaq cəzanı Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 15 noyabr 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 iyun 2023-cü il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 14). Cinayət işinin materiallarında olan Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 24 iyun 2023-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 23 iyun 2023-cü il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 63-64). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 23 iyun 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 110 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 1 bükümdə olan tədqiqatdan sonra qalıq çəkisi 0,747 qram küstar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 bükümdə olan tədqiqatdan sonra qalıq çəkisi 2,355 qram olan psixrotrop maddə metafetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, -1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 15 noyabr 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzasını hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə ona qəti olaraq 3 (üç) il 9 (doqquz) müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 23 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 110 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 1 bükümdə olan tədqiqatdan sonra qalıq çəkisi 0,747 qram küstar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 bükümdə olan tədqiqatdan sonra qalıq çəkisi 2,355 qram olan psixrotrop maddə metafetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, -1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-890/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-890/2024
20.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver