Məhkəmə qərarları › İş №1(101)-891/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-891/2022

19.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-891/2022 19.05.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X5 iştirakı ilə, xx xxxxxxx 1985-ci il tarixdə Ermənistan Respublikasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi qaydada usta kimi mənzil təmiri ilə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, müvəqqəti ünvan 4nında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda - 6,547 qram çəkidə psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Salyan yolunun 45-ci kilometrliyinə daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 02 sentyabr 2021-ci il tarixdə saat 17:10 dəqiqədə Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Salyan yolunun 45-ci kilometrliyində saxlanılmış, oradan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilərək üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı şalvarının sağ yan cibindən 03 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 2,388 qram, 1,995 qram və 2,164 qram olmaqla ümumilikdə 6,547 qram çəkidə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, heç vaxt narkotik vasitələrdən və ya psixotrop maddələrdən istifadə etməmiş, yaxın ətrafında olan tanışlarından kiminsə belə maddələr qəbul etməsi barədə heç bir məlumatı olmamışdır. İki azyaşlı övladı vardır. Xərçəng xəstəliyindən əziyyət çəkən birinci qrup əlil atası da onun himayəsindədir. Ailəsi ilə birlikdə Gəncə şəhərində yaşayır. Suvaqçı, rəngsaz və digər təmir işlərini bacardığından əsasən mənzil təmir edib ailəsini dolandırmaqla məşğul olmuşdur. Harada belə iş tapa bilmişdirsə gedib işləmişdir. O cümlədən müntəzəm olaraq Bakı şəhərində də iş tapanda Bakıya gəlib təmir işlərini görüb qurtararaq geri qayıtmışdır. Tutulmazdan bir müddət əvvəl Bakı şəhərində yenə mənzil təmiri işi tapmış və gəlib işləməyə başlamışdır. Kirayə tutub əlavə məsrəf etməmək üçün mənzil sahibinin razılığı ilə işlədiyi müddətdə elə təmir etdiyi mənzildə də qalmışdır. Bir müsəlman kimi Allaha inanır, amma dindar deyil və dini ayinləri icra etmir. Bu vaxtadək heç bir halda məscidlərə gedib hər hansı mərasimlərdə iştirak etməmişdir. Siqaret çəkir və az hallarda olsa da spirtli içki qəbul edir. X2 uşaqlıqdan tanıyır. Fəqan da onun kimi Gəncə şəhərində böyümüşdür. Onlar hətta Gəncə şəhərindəki Puşkin adına 9 saylı orta məktəbdə eyni sinifdə oxumuşlar. Yaxın dostluqları olmasa da sinif yoldaşı, eyni şəhərdə yaşayan, aralarında normal münasibətləri olan insanlar kimi bir-birlərinə qarşı həmişə hörmətlə yanaşmışlar. Heç vaxt aralarında narazılıq, münasibətlərin korlanması halları olmamışdır. İnanclı insan olan Fəqanın özü də usta kimi fəaliyyət göstərmişdir. O, Fəqanın ibadətlə məşğul olmasına hörmətlə yanaşmışdır. Fəqanı da zərərli vərdişlərdən uzaq bir insan kimi bilmişdir. 01 sentyabr 2021-ci il tarixdə Nəsimi rayonu, Axundov küçəsində yerləşən mənzildə təmir işi ilə məşğul olduğu vaxtda Fəqan onunla əlaqə saxlamış, Gəncəyə gedib-getməyəcəyini soruşmuşdur. O da həftə sonu ailəsinin yanında olmaq üçün Gəncəyə gedəcəyini bildirmişdir. Bir müddət əvvəl avtomobilini satmış Fəqanın Gəncəyə onun avtomobili ilə getmək niyyətində olduğunu başa düşmüş və cavab olaraq heç bir problem olmadığını, yola çıxanda zəngləşib görüşərək onu da götürə biləcəyini demişdir. Fəqan ona Əhmədli qəsəbəsi tərəfdə Gəncəyə aparmalı olduğu şəxsi əşyalarının olduğunu deyərək mümkündürsə onları elə indidən götürüb maşına qoymaq istədiyini bildirmiş və bu məqsədlə həmin istiqamətə gəlməsini xahiş etmişdir. Bir yoldaş kimi Fəqanın xahişini yerə salmamış və saat təxminən 15 radələrində özünə məxsus “Mercedes C” markalı **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə telefonda izah edildiyi kimi Əhmədli qəsəbəsinə, “Xəzər” univermağının yaxınlığına getmişdir. Orada Fəqan və onun yanında olan Ümüdlə görüşmüş, ünvanını dəqiq xatırlamadığı bir əraziyə daxil olmuşlar. Ümüdlə Fəqan oradan iki ədəd karton qutu götürüb gətirərək birini avtomobilin baqajına, digərini isə baqaja yerləşmədiyi üçün arxa sərnişin oturacağının üstünə qoymuşlar. Qutularda nə olduğunu soruşmamış, amma Fəqan özü bildirmişdir ki, hər iki qutuda aldığı pal-paltarlardır, daha dəqiqi köynəklərdir. Təbii ki, onun üçün maraqlı olmadığından paltarları haradan və neçəyə aldığını, onları Gəncəyə satmaq üçün, hədiyyə kimi və ya hansı məqsədlə aparmasını ümumiyyətlə soruşmamışdır. Danışıb razılaşmışlar ki, növbəti gün günortaya doğru zəngləşib bir yerdə görüşsünlər və Gəncəyə getsinlər. Fəqanın qutuları avtomobilinin içərisində qalmış və hərə öz qaldığı ünvana çıxıb getmişdir. Sonradan da o, özü üçün ayıb bildiyindən qutulara açıb paltarlara bilavasitə baxmamışdır. Səhəri gün, yəni 02 sentyabr 2021-ci il tarixdə danışdıqları kimi Gəncəyə getmək üçün yola çıxmalı olduqlarından saat 12-13 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində təmir etdiyi, həm də qaldığı mənzildən çıxıb əvvəlcə Ümüdi Əhmədli qəsəbəsindən, sonra isə Fəqanı “8-ci kilometr” qəsəbəsində yerləşən bazarın yaxınlığından götürmüş və üçü birlikdə onun idarə etdiyi avtomobillə şəhərdən çıxıb Gəncə istiqamətində hərəkətə başlamışlar. Qaradağ rayonu ərazisində yerləşən yol polisi postuna yaxınlaşanda onların yoluna “Kamaz” markalı yük avtomobili sürülmüş, yük avtomobili yolun hərəkət hissəsini tam bağlayaraq dayanmış, süni tıxac yaradılmışdır. Dərhal onlara doğru bir neçə nəfər yol polisi əməkdaşı yaxınlaşıb mühərriki söndürməyi və açarı onlara təqdim etməyini tələb etmişlər. Həmin anda təxminən daha 10-15 nəfər onlara yaxınlaşmış və bu şəxslərin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bilmişlər. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları onlara yaxınlaşan kimi dərhal “köynəklər hanı?” deyə soruşmuş və onları saxlamışlar. Nə baş verməsi, nəyə görə saxlanıldıqları əvvəlcə tam anlaşılmaz olsa da, polislərin danışıqlarından və sorğularından başa düşmüşdür ki, onları ancaq maşındakı Fəqana məxsus iki qutuda olan köynəklər maraqlandırır. Polislər qutuları maşında aşkar edib açıb baxmışlar və dərhal da onları götürüb özlərinin idarə etdikləri markasını və nömrəsini xatırlamadığı maşınlara qoymuşlar. Orada ona məlum olmuşdur ki, həmin sadə qara rəngli köynəklərin hər birinin üzərində dini məzmun daşıyan "Ya Hüseyn” yazıları vardır. İmkan tapıb Fəqandan köynəklər barədə, problemin nə olması haqqında heç nə soruşa bilməmişdir. Onların hər üçünün əllərinə qandal vurulmuş və ayrı-ayrılıqda başqa-başqa maşınlara mindirilərək Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılmışlar. Həmin idarənin həyətində düşürdülərkən polis əməkdaşları dərhal onun üzərində yoxlama aparmış, bütün üst-başını axtarmış, o cümlədən üzünü yadda saxlamadığı mülki geyimli polislərdən biri həm də əllərini onun bütün ciblərinə salıb çıxartmışdır. Əlləri qandallı vəziyyətdə sakitcə dayanmış, heç bir müqavimət göstərməmişdir. Amma o anda üstünü yoxlayan şəxslərin onun cibinə nəsə ata biləcəkləri ağlına belə gəlməmişdir. Həyətdə üst-başı tam yoxlandıqdan sonra idarəyə qaldırılmış, hərəsi ayrı-ayrı otaqlara aparılmışdır. Xidməti otağa daxil olduqdan sonra maşından götürdükləri üzərlərində "Ya Hüseyn” yazıları olan köynəklər barədə uzun-uzadı sorğu-sual edilmiş, Fəqanla münasibətlərinin xarakteri barədə xeyli suallar verilmişdir. O da əli qandallı vəziyyətdə bütün suallara səmimi şəkildə cavab verərək köynəklər barədə heç bir məlumatı olmadığını, Fəqanın onları kimdən alması və haraya, kimlərə, yaxud nə məqsədlə aparması barədə heç bir məlumatının olmadığını bildirmiş, eyni zamanda, köynəklərin olduğu qutuları Fəqanın şəxsi əşyası kimi sonuncunun xahişi ilə nə vaxt, haradan götürüb maşına qoyulması hallarını tam dəqiqliklə danışmışdır. Polis işçiləri hər şeyi tam aydınlaşdırıb onun həqiqətən köynəklərə heç bir aidiyyətinin olmadığına əmin olduqdan sonra onlardan biri üstündəkinin nə olmasını soruşmuşdur. O da üstündə heç nə olmadığını, az əvvəl idarənin həyətində üst-başını elə özlərinin tam yoxladıqlarını bildirmişdir. Bundan sonra həmin polis əməkdaşı əllərini onun cibinə salıb şalvarının bir cibindən iki ədəd büküm, digər cibindən isə bir ədəd büküm çıxartmışdır. O, buna təəccüblənmiş, üstündə belə bükümlər saxlamadığını, bunların nə olduğunu, içərisində nə olmasından da təbii ki məlumatı olmadığını bildirmişdir. Əlavə etmişdir ki, az əvvəl həyətdə onun üst-başı tam axtarılarkən belə şeylər çıxmamışdı, ona görə də əmindir ki, elə həyətdə ciblərinə girib axtaranda bu bükümləri onun cibinə polis işçiləri qoymuşlar. O, israrla həmin bükümlərin özünə aid olmadığını bildirdikdə polis əməkdaşları sifət nahiyəsinə və sinəsinə çoxsaylı sillə və yumruq zərbələri vurmuşlar. Şiddətli şəkildə döyülərkən belə həmin bükümlərin özünə aid olmadığını təkrarlamışdır. Bundan sonra onu yerə yıxıb arxası üstə uzatmışlar və barmaqlarına cərəyan verməyə başlamışlar. Həmin ağrılara da dözüb yenə onlara etirazını bildirmişdir. Bundan sonra onu yerdənq qaldırıb bir nəfər “rəis” kimi müraciət etdikləri şəxsin yanına aparmışlar. Orada həmin şəxs onun əlinə tapança verib “onu etiraf etmirsən, bunu etiraf edərsən” sözünü işlətmişdir. Otağın digər küncündə olan sellofanı göstərib içərisində avtomat olduğunu bildirmiş və işçilərə həmin silahı da onun avtomobilinin baqajına qoyulmasını tapşırmışdır. Həmçinin yanındakı işçilərə göstəriş vermişdir ki, atasını idarəyə gətirib saxlasınlar və yaşadığı ünvandan narkotik vasitə çıxartsınlar. Rəisin dediklərinin baş verməməsi üçün yalnız bundan sonra onların təqdim etdikləri üç ədəd bükümü öz üzərinə götürməyə razılıq vermiş və şəxsi axtarış zamanı, ilkin ifadələrində, barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə əlaqədar keçirilən məhkəmə iclasında həmin bükümlərin özünə məxsus olmasını, polis əməkdaşlarının ona tapşırdıqları şəkildə təsadüfən yaşadığı ünvanın yaxınlığından tapdığını və şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Amma polislərin özləri də bu şəkildə danışmağı tapşıranda heç bir halda bükümləri satış məqsədilə saxlamasını deməsini tələb etməmişlər. Beləcə sənədləşmə aparılıb həbsə alınmış, sonradan dəfələrlə müraciət edib işinin ədalətli araşdırılmasını xahiş etsə də, hər dəfə ona vəziyyətini başa düşdükləri və araşdırmanın sonunda ona lazımi köməklik ediləcəyi bildirilmiş, amma heç bir köməklik edilməyərək iş məhkəməyə göndərilmişdir. Ona görə də məhkəmədən barəsində bəraət hökmü çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs ibtidai istintaqın ilkin mərhələsində verdiyi və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş ifadəsində özünü qismən təqsirli bilərək göstərmişdir ki, ünvan 3 ünvanında qeydiyyatdadır və ünvan 4nında yaşayır. 02 sentyabr 2021-ci il tarixdə saat 17:10 radələrində tanışları X4 və X14 ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Salyan yolunun 45-ci kilometrliyində idarə etdiyi “Mercedes Benz C240” markalı, **-DM-*** qeydiyyat nişanlı avtomobilin yanında olduqları zaman 7-8 nəfər mülki geyimdə olan şəxs onlara yaxınlaşıb Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib anket məlumatlarını soruşmuşlar. Onlar özlərini təqdim etdikdən sonra polis əməkdaşları onun və Fəqan Məmmədovun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib, barələrində qəbul edilmiş “əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış etmişlər. Özü və Fəqan Məmmədov yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişlər ki, hazırda üzərlərində “şüşə” adı ilə tanınan psixotrop maddə vardır. Bundan sonra polis əməkdaşları onları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin idarəyə gəlmişlər. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşlar. Onlara hüquq və vəzifələri izah olunmuşdur. Sonra üzərlərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Fəqan Məmmədov üzərində “şüşə” adı ilə tanıdığı psixotrop maddə olduğunu bildirib, əynində olan qara rəngli şalvarın sağ yan cibində olan 04 ədəd sellofan bükümü və 9 manat pulu, şalvarının sol yan cibində olan 01 ədəd “Xiaomi Redmi” markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. O, təqdim etdiyi 04 ədəd sellofan bükümün içində “şüşə” adı ilə tanıdığı psixotrop maddə olduğunu qeyd etmişdir. Təqdim etdiyi 04 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda həmin bükümlərin içərisindən psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Sorğu zamanı Fəqan Məmmədov üzərindən aşkar edilmiş 04 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetamini 01 sentyabr 2021-ci il tarixdə səhər vaxtı yaşadığı Gəncə şəhərində üzdən tanıdığı, lakin adını və digər ankat məlumatlarını dəqiq bilmədiyi şəxsdən 80 manat pul müqabilində öz şəxsi istifadəsi üçün aldığını, psixotrop maddələri üzərində saxlayıb daşıdığını bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən onun üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra üzərindən aşkar olunmuş 04 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı aşkar edilmiş 9 manat pul Fəqanın özünə qaytarılmış, 01 ədəd “Xiaomi Redmi” markalı mobil telefon isə polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra öz üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı üzərində “şüşə” adı ilə tanıdığı psixotrop maddə olduğunu bildirib əynində olan boz rəngli şalvarının sağ yan cibində olan 03 ədəd sellofan bükümü, şalvarının sol yan cibində olan 01 ədəd “Xiaomi Redmi” markalı mobil telefonu və 01 ədəd avtomobil açarını, şalvarının sağ arxa cibində olan 2 manat pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi 03 ədəd sellofan bükümün içində “şüşə” adı ilə tanıdığı psixotrop maddə olduğunu qeyd etmişdir. Təqdim etdiyi 03 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda həmin bükümün içərisində : psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Sorğu zamanı üzərindən aşkar edilmiş 03 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetamini 01 sentyabr 2021-ci il tarixdə səhər vaxtı yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, R.Axundov küçəsi, ev 21 ünvanının yaxınlığından təsadüfən tapdığını və psixotrop maddələri götürüb öz şəxsi istifadəsi üçün üzərində saxlayıb daşıdığını bildirmişdir. Bundan sonra üzərindən aşkar olunmuş 03 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı aşkar edilmiş 2 manat pul və 01 ədəd avtomobil açarı özünə qaytarılmışdır. 01 ədəd “Xiaomi Redmi” markalı mobil telefon isə polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra X8 üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Ümüd Zalov üzərində narkotik vasitə və psixotrop maddə olmadığını bildirib, əynində olan şalvarının sağ yan cibində olan 01 ədəd “Samsung” markalı mobil telefon, şalvarının sol yan cibində olan özünə məxsus şəxsiyyət vəsiqəsini və şalvarının sol arxa cibində olan 32 manat pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şəxsi axtarış davam etdirilərkən Ümüd Zalovun üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Sorğu zamanı Ümüd Zalov onunla və Fəqan Məmmədov arasında tanışlıq münasibətlərinin olduğunu, özünün narkotik vasitələr və psixotrop maddələr qəbul etmədiyini, onun və Fəqan Məmmədovun üzərində psixotrop maddələr olmasından məlumatının olmadığını bildirmişdir. Ümüd Zalovun üzərindən aşkar edilmiş 32 manat özünə qaytarılmış, 01 ədəd “Samsung” markalı mobil telefon və şəxsiyyət vəsiqəsi iş üzrə əhəmiyyət kəsb etdiyindən polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, protokol düzgün tərtib edildiyi üçün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Saxlanarkən, eləcə də üzərinə baxış keçirilən zaman polis əməkdaşları tərəfindən ona heç bir fiziki və ya psixi təzyiq edilməmişdir (cild 1, iş vərəqə 146-149). Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs təhqiqat mərhələsində verdiyi izahatı, habelə şübhəli şəxs qismində verdiyi ifadəsi də elan edilərək tədqiq olunmuşdur. Təqsirləndirilən şəxs həmin izahatında və ifadəsində də şəxsi axtarış zamanı özünün təqdim etdiyi 03 ədəd sellofan bükümün içində “şüşə” adı ilə tanıdığı psixotrop maddə olduğunu, onları 01 sentyabr 2021-ci il tarixdə səhər vaxtı yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, R.Axundov küçəsi, ev 21 ünvanının yaxınlığından təsadüfən tapdığını və psixotrop maddələri götürüb öz şəxsi istifadəsi üçün üzərində saxlayıb daşıdığını bildirmişdir (cild 1, iş vərəqə 77-79, 112-115). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Dini ekstremizmə qarşı mübarizə şöbəsinin baş əməliyyat müvəkkili Şahid1 göstərdi ki, 02 sentyabr 2021-ci il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvan 5 ünvanında qeydiyyatda olmaqla yaşayan X4 və ünvan 3 ünvanında qeydiyyatda olan, müvəqqəti ünvan 4nında yaşayan Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə etmələri, saxlamaları və daşımaları barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat barədə raportla rəhbərliyə məruzə edilmiş, X4 və Təqsirləndirilən şəxs müəyyən edilib ifşa olunması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında həmin tarixdə qərar qəbul edilmiş, əmrlə əməliyyat qrupu yaradılmış, qrupa rəhbərlik ona həval edilmiş və onunla eyni şöbədə xidmət edən daha 7 əməkdaş əməliyyat qrupuna daxil edilmişdir. Bundan sonra əməliyyat qrupunun üzvləri ilə birlikdə həmin gün Fəqan Məmmədov və Təqsirləndirilən şəxs aşkar edə biləcəkləri Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Salyan yolu istiqamətində hərəkət etmişlər. 02 sentyabr 2021-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Salyan yolunun 45-ci kilometrliyində Təqsirləndirilən şəxs idarə etdiyi **-DM-*** qeydiyyat nişanlı avtomobilin dövlət yol polisi postunun yaxınlığında yol kənarında saxlanıldığını və avtomobilin yanında 3 nəfər şəxsin dayandığını görmüşlər. Həmin şəxslərə yaxınlaşıb xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmiş və onların şəxsiyyətlərini öyrənərək X4, Təqsirləndirilən şəxs və X14 olmalarını dəqiqləşdirmişlər. Bu şəxslərdən Fəqan Məmmədova və Təqsirləndirilən şəxs barələrində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edildiyini bildirərək həmin qərarla onları tanış etmişlər. Sonra bu iki şəxsi, habelə onların yanında olan X10 Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirmişlər. Baş İdarəyə gəldikdən sonra hər üçünün hüquqlarının müdafiə edilməsi məqsədi ilə müdafiəçilər dəvət edilmiş, hər üç şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq bu barədə müvafiq qərar və protokol tərtib edilmiş, həmçinin onlara hüquq və vəzifələri izah edilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxslər X4, Təqsirləndirilən şəxs və X11 şəxsi axtarış və götürmənin videoçəkiliş aparılmaqla keçiriləcəyi barədə məlumat verilmiş, buna heç bir etiraz edilməmişdir. X13 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Fəqan Məmmədov üzərində “şüşə” adı ilə tanınan psixotrop maddə olduğunu bildirib, əynində olan qara rəngli şalvarın sağ yan cibində olan 04 ədəd sellofan bükümü və şalvarının digər cibində olan 01 ədəd “Xiaomi Redmi” markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymuşdur. Fəqan Məmmədov təqdim etdiyi 04 ədəd sellofan bükümün içində “şüşə” adı ilə tanıdığı psixotrop maddə olduğunu bildirmişdir. Fəqan Məmmədovun təqdim etdiyi 04 ədəd sellofan büküm iştirakçıların gözü qarşısında açılmış və onların içərisində kristal şəkilli, ağ rəngli, metamfetaminə oxşar maddələr olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Fəqan Məmmədov üzərindən aşkar edilmiş 04 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddələri 01 sentyabr 2021-ci il tarixdə səhər vaxtı yaşadığı Gəncə şəhərində üzdən tanıdığı, lakin adını və digər anket məlumatlarını dəqiq bilmədiyi şəxsdən pul müqabilində şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən Fəqan Məmmədovun üzərindən başqa qanunsuz heç nə aşkar edilməmişdir. Bundan sonra Fəqan Məmmədovun üzərindən aşkar olunmuş 04 ədəd şəffaf sellofan bükümdə olan metamfetaminə oxşar maddələr 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı Fəqan Məmmədovun üzərindən aşkar edilmiş 01 ədəd mobil telefon da iş üzrə əhəmiyyət kəsb edə biləcəyindən götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanılmış və ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs özü könüllü şəkildə üstündə “şüşə” adı ilə tanıdığı psixotrop maddə olduğunu bildirib, əynində olan şalvarının sağ yan cibindən 03 ədəd sellofan bükümü, şalvarının digər cibində olan 01 ədəd “Xiaomi Redmi” markalı mobil telefonu və 01 ədəd avtomobil açarını çıxardıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi 03 ədəd sellofan bükümün içində “şüşə” adı ilə tanıdığı psixotrop maddə olduğunu qeyd etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 03 ədəd sellofan büküm iştirakçıların yanında açılmış və həmin bükümün içərisində kristal şəkilli, ağ rəngli, psixotrop maddə metamfetaminə oxşar maddələr olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 03 ədəd şəffaf sellofan bükümdəki metamfetaminə oxşar maddəni 01 sentyabr 2021-ci il tarixdə səhər vaxtı müvəqqəti yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, R.Axundov küçəsi, ev 21 ünvanının yaxınlığından təsadüfən tapdığını və onları götürüb öz şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən başqa qanunsuz heç nə aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 03 ədəd şəffaf sellofan bükümdə olan metamfetaminə oxşar maddələr 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd mobil telefon iş üzrə əhəmiyyət kəsb edə biləcəyi ehtimalı ilə götürülmüşdür. Daha sonra X11 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. X20 üzərində qanunsuz heç nə olmadığını bildirmişdir. Şəxsi axtarış keçirilmiş, X20un üzərindən qanunsuz heç nə aşkar olunmamışdır. Sorğu zamanı Ümüd Zalov birlikdə saxlanıldığı Fəqan Məmmədovun və Təqsirləndirilən şəxs onun tanışları olduqlarını, özünün narkotik vasitələr və psixotrop maddələr qəbul etmədiyini, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, Fəqan Məmmədovun və Təqsirləndirilən şəxs üzərində psixotrop maddələr olmasından məlumatının olmadığını bildirmişdir. Şəxsi axtarış qurtardıqdan sonra təhqiqatçı tərəfindən protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Keçirilmiş əməliyyat tədbirləri zamanı Fəqan Məmmədovun psixotrop maddələri satış məqsədi ilə əldə etməsinə dair məlumatlar əldə edilsə də, Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş psixotrop maddəni onun məhz satış məqsədi ilə əldə etməsinə dair heç bir məlumat əldə edilməmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması, habelə qabaqcadan əlbirliklə bağlı daxil olmuş ilkin əməliyyat məlumatları da öz təsdiqini tapmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Dini ekstremizmə qarşı mübarizə şöbəsinin digər əməkdaşları Şahid2, Şahid3, Şahid4, Şahid5, Şahid6, Şahid7 və Şahid8 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdilər. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02 sentyabr 2021-ci il tarixdə saat 17:10-da Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Salyan yolunun 45-ci kilometrliyində saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmişdir. Baş İdarədə üzərinə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən aşkar edilən 03 ədəd sellofan bükümdə olan metamfetaminə oxşar maddələr qablaşdırılmaqla götürülmüşdür. Şəxsi axtarış və götürmə aparılarkən qeyd olunan 03 ədəd sellofan bükümdəki metamfetamini təqdim edən Təqsirləndirilən şəxs bilavasitə yerində aparılan şifahi sorğu zamanı 03 ədəd sellofan bükümdəki metamfetamini 01 sentyabr 2021-ci il tarixdə səhər vaxtı yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, R.Axundov küçəsi, ev 21 ünvanının yaxınlığından təsadüfən tapdığını və psixotrop maddələri götürüb öz şəxsi istifadəsi üçün üzərində saxlayıb daşıdığını bildirmişdir (cild 1, iş vərəqə 62-65). İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilə şahidlər Şahid1, Şahid6 və Şahid7 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkətləri zamanı şahidlər ifadələrində göstərdikləri xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək təsdiq etmişlər, təqsirləndirilən şəxs isə psixotrop maddənin ona aidiyyətinin olmadığını bildirmişdir (cild 2, iş vərəqə 73-90). Məhkəmə-kimyəvi ekspertizasının 03 sentyabr 2021-ci il tarixli 6/3843 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs X1 üzərindən aşkar edilmiş” yazısı imzaları olan zərfdəki 4 (dörd) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1,870 qram, 1,900 qram, 1,909 qram, 2, 015 qram ümumi təmiz çəkisi 7,694 qram ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir.Tədqiqata tədqim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” yazısı və imzaları olan zərfdəki 3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 2,388 qram, 1,995 qram, 2,164 qram, ümumi təmiz çəkisi 6,547 qram ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. X4 və Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş metamfetaminlər kimyəvi komponent tərkibinə və xarici əlamətlərinə görə eynidirlər. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr” in İ siyahısına daxildir. Ekspert tədqiqatından sonra metamfetaminin qalıq çəkisi 6,397 qram təşkil etmişdir (cild 1, iş vərəqə 88-94). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 03 noyabr 2021-ci il tarixli 4283 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 2, iş vərəqə 7-8). İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefonda olan məlumatlara, habelə müvafiq mobil operatorun təqdim etdiyi telefon danışıqlarının statistik açıqlamalarına, SMS mətnlərinə və digər məlumatalara baxış keçirilərək müvafiq protokollar tərtib edilmişdir. Baxışlar zamanı iki mobil nömrənin quraşdırıldığı həmin telefonda, telefon danışıqlarının statistik açıqlamalarında, SMS mətnlərində və digər məlumatlarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar sübut əhəmiyyəti kəsb edən dəlillər aşkar olunmamışdır (cild 1, iş vərəqə 227, 234). Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması, həmin idarədə polis əməkdaşları tərəfindən döyülərək müxtəlif xəsarətlər alması, etmədiyi cinayətin zorla boynuna qoyulması barədə Azərbaycan Respublikasının Baş prokurorluğuna etdiyi müraciət əsasında Bakı şəhəri Nərimanov rayon prokurorluğu tərəfindən müvafiq araşdırma aparılmış və 03 fevral 2022-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir (cild 2, iş vərəqə 48-52). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 79). Cinayət işinin materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 18.08.2018-ci il və 01.11.2019-cu il təvəllüdlü iki azyaşlı uşağı vardır (cild 2, iş vərəqə 67-68). Cinayət işinin materiallarına əlavə edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekpert Komissiyasının 06.04.2022-ci il tarixli məlumatından, habelə xəstəlik tarixlərindən çıxarış epikrizlərinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs atası - 01.03.1954-cü il təvəllüdlü X12 birinci dərəcəli əlildir. X7 yoğun bağırsağın xərçəngi, qaraciyərə çoxsaylı metastaz - 4-cü mərhələ diaqnozu qoyulmuşdur, gündəlik tramodol və digər ağrıkəsicilər qəbul edir. Xəstənin kənar şəxsin köməyinə və qulluğuna ehtiyacı vardır. İşin materialarından görünür ki, ilkin cinayət işi 03 sentyabr 2021-ci il tarixdə X4 və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə başlanılmış, 07 mart 2022-ci il tarixdə təqsirləndirilən şəxslərin əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilmişdir (cild 1, iş vərəqə 5, cild 2, iş vərəqə 99-116). Bundan sonra 07 mart 2022-ci il tarixli qərarla ilkin başlanmış ********* saylı cinayət işindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsi barədə ********* saylı cinayət işi ayrıca icraata ayrılmış, Təqsirləndirilən şəxs 09 mart 2022-ci il tarixdə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə yenidən ittiham elan olunmuşdur (cild 1, iş vərəqə 1-2; cild 2, iş vərəqə 117-118). Cinayət işlərinin ayrılması əsaslandırılarkən ibtidai istintaq orqanı həm də onu vurğulamışdır ki, X4 və Təqsirləndirilən şəxs onlardan aşkar olunmuş psixotrop maddələri müxtəlif mənbələrdən əldə etmişlər və bir-birlərində psixotrop maddənin olmasından əvvəlcədən məlumatlı olmamışlar, onların psixotrop maddəni qabaqcadan əlbir olan bir qrup şəxs halında əldə etmələri ilə bağlı isə sübutlar müəyyən edilməmişdir (cild 1, iş vərəqə 2). İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə olan metamfetamini əldə etməyə, saxlamağa və üzərində daşımağa görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan edilmişdir. Amma Təqsirləndirilən şəxs psixotrop maddəni satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən ibtidai istintaq orqanının iş materiallarında olan istinad etdiyi sübutların hər hansı biri bu qənaəti təsdiq etmir. Məhkəmə baxışında da Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş psixotrop maddəni satış məqsədi ilə əldə etməsi, saxlaması və daşımasını təsdiq edən heç bir sübut müəyyən olunmadı. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs psixotrop maddəni məhz satış məqsədi ilə əldə etməsi və saxlaması ilə bağlı ittihamın əsaslandırılması üçün hər hansı mötəbər sübut təqdim edilməmişdir. Müstəntiq sübutların qiymətləndirilməsi haqqında 07 mart 2022-ci il tarixli qərarında da elan edilmiş ittihamın təsdiqi kimi təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsini və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, şəxsi axtarış və götürmə haqqında protokolu sübut növü kimi qiymətləndirmək barədə yekun qənaətə gəlmişdir (cild 2, iş vərəqə 99). Hətta ittiham aktının özündə belə eyni mövqe israr edilmişdir (cild 2, iş vərəqə 144). Halbuki, həmin sübutların heç biri elan edilmiş ittihamı təsdiq etmir. Əksinə, bu sübutlar yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədildiyini təsdiq edir. Təqsirləndirilən şəxsin psixotrop maddəni satmaq niyyətinin olubolmaması ilə bağlı qənaətə gəlmək üçün mühüm əhəmiyyət kəsb edən məqamlardan biri də onun hər hansı istehlakçı ilə əvvəlcədən razılıq əldə edib-etməməsinin müəyyənləşdirilməsidir. Bu məqamla bağlı isə ibtidai istintaq orqanı tərəfindən hər hansı yanakı sübut belə əldə edilməmişdir. Digər tərəfdən, Təqsirləndirilən şəxs psixotrop maddəni satış məqədi ilə əldə etməsi barədə heç bir halda etirafedici ifadə verməmiş, yalnız ibtidai araşdırmanın ilkin mərhələsində tapdığı psixotrop maddəni şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Ona görə də şəxsin psixotrop maddəni təsadüfən taparaq gələcəkdə şəxsi istehlak üçün üzərində saxlamasına dair ifadəsinin onun həmin əməli satış məqsədilə törətməsinin qismən etirafı kimi qiymətləndirilməsi ilə bağlı mövqe ziddiyyətlidir, əsaslı hesab oluna bilməz. Məhkəmə ibtidai istintaq orqanının rəsmi qərarlarında ifadə etdiyi hüquqi mövqe ilə təqsirləndirilən şəxsə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan edilməsi nəticəsi arasındakı digər uyğunsuzluqları da vurğulamağı zəruri hesab edir. Belə ki, sübutların qiymətləndirilməsi haqqında qərarda Cinayət Məcəlləsinin 234-cü maddəsindəki digər dispozitiv əlamətlərin - qanunsuz əldə etmənin, saxlamanın və daşımanın əsaslandırılması ilə bağlı hissədə birmənalı olaraq Təqsirləndirilən şəxs 03 ədəd sellofan bükümdəki psixotrop maddələri məhz 01 sentyabr 2021-ci il tarixdə səhər vaxtı yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, R.Axundov küçəsi, ev 21 ünvanının yaxınlığından təsadüfən tapdığı sübuta yetirilmiş fakt kimi qəbul edilmiş, tapmaqla əldə etdikdən sonra üzərində saxlayaraq Bakı-Salyan şossesinin 45-ci kilometrliyinə gətirməsinin isə daşınma kimi qiymətləndirilməli olduğu qeyd edilmişdir. Məhkəmə, bu halda ibtidai istintaq orqanının təsadüfən tapıldığı vurğulanan psixotrop maddənin qanunsuz əldə edilməsi, saxlanması və daşınması ilə bağlı gəldiyi nəticə ilə razılaşır və qəbul edir. Bununla belə, ibtidai istintaq orqanın təsvir etdiyi ardıcıllıqla baş vermiş həmin əməlin törədilməsi zamanı hadisənin ümumi mənzərəsi də nəzərdə saxlanılmaqla bu psixotrop maddənin məhz satış məqsədilə əldə olunması qənaətini təsdiq edən heç bir sübut mövcud deyildir. Heç bir sübut mövcud olmadığı halda satış məqsədinin yalnız ehtimalı üçün irəli sürüləcək hər hansı fərziyyəni isə məhkəmə ağlabatan hesab etmir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla, o cümlədən əməliyyat-axtarış tədbirini keçirmiş polis əməkdaşlarının ifadələri ilə Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddəni satış məqsədi ilə əldə etməsi, saxlaması və daşımasına dair ilkin əməliyyat məlumatının öz təsdiqini tapmadığı müəyyən edildi. Bu xüsusatla bağlı qənaətə gələrkən məhkəmə həm də onu nəzərdə saxlayır ki, ibtidai istintaqın gedişində artıq həmin məlumatın əhəmiyyətli hissəsinin, yəni əməlin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin təsdiq olunmaması ilə bağlı hüquqi nəticəyə gəlinərək cinayət işinin ayrılması ilə bağlı prosessual qərar qəbul edilmiş və ayırmanı əsaslandırarkən digər əsaslarla yanaşı psixotrop maddənin qabaqcadan əlbir olan bir qrup şəxs halında əldə edilməsi ilə bağlı sübut müəyyən olunmadığı vurğulanmışdır. Bütövlükdə cinayət işi üzrə əməlin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi ilə bağlı fərziyyənin söykəndiyi yeganə məqam qismində isə yalnız məhz ilkin əməliyyat məlumatındakı ehtimal çıxış etmişdir. Ona görə də məhkəmə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəalarının tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilib götürülmüş psixotrop maddənin yalnız çəkisinin külli miqdar təşkil etməsi xüsusatı Təqsirləndirilən şəxs ittiham edildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsini təsdiq edən mötəbər dəlil kimi qəbul oluna bilməz. Məhkəmə təqsirləndirilən şəxsin tapdığı psixotrop maddəni şəxsi istifadəsi üçün üzərində saxlaması barədə ibtidai istintaqın ilkin mərhələsində verdiyi ifadəsini və polis əməkdaşları olan şahidlərin ifadələrini, şəxsi axtarış və götürmə haqqında protokolu, aşkar edilmiş psixotrop maddənin növünün və çəkisinin müəyyən edilməsinə dair məhkəməkimyəvi ekspertizasının rəyini sübut növləri kimi qəbul edir və onları qiymətləndirərək qeyd edir ki, bu sübutlar heç bir halda təqsirləndirilən şəxsə elan edilmiş satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddə əldə etməsi, saxlaması və daşıması barədə ittihamı təsdiq etmir. Bununla bərabər, həmin sübutlar iş üzrə məhkəmə istintaqında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə təqsirləndirilən şəxsin yalnız satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə etmə, saxlama və daşıma cinayətini törətməsi ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Lakin məhkəmə baxışı zamanı araşdırılmış sübutlarda və bütövlükdə işin materiallarında Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş psixotrop maddəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə satılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut aşkar olunmadı. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” 04.03.2011-ci il tarixli Qərarının 9-cu bəndində ifadə olunmuş tövsiyyədə göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, bu tövsiyyədə ilk növbədə başqa sübutların və narkotik vasitənin miqdarının nəzərə alınmalı olunması, bununla yanaşı həm də istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər hallarının nəzərə alınması tövsiyyə olunur. Amma hazırkı cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən psixotrop maddəni satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi barədə ümumiyyətlə heç bir sübut mövcud deyildir. Mövcud sübutların məcmusu əsasında təqsirləndirilən şəxsə qarşı satış məqsədilə psixotrop maddəni qanunsuz əldə etmə ittihamının irəli sürülməsi halını isə məhkəmə həm də ədalətsiz qənaət hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci və 351.3.4cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmədə araşdırılmış sübutların məcmusundan göründüyü kimi, Təqsirləndirilən şəxs 6,547 qram metamfetamin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən psixotrop maddəni qanunsuz olaraq əldə edib saxlaması şəxsi axtarış və götürmə barədə protokol, onu saxlamış polis əməkdaşlarının ifadələri, məhkəmə-kimyəvi ekspertizasının rəyi ilə tam sübuta yetirilir. Onun həmin psixotrop maddəni satış məqsədi ilə əldə etməsi, psixotrop maddələrin satışı ilə məşğul olması ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən heç bir sübut əldə olunmamışdır. Cinayət işinin materiallarında Təqsirləndirilən şəxs psixotrop maddələrin satışı ilə məşğul olmasını, üzərində aşkar olunan psixotrop maddəni satmaq məqsədi ilə əldə etməsini, istehlakçı ilə əvvəlcədən hər hansı razılığının olmasını təsdiq edən heç bir mötəbər sübut yoxdur. Məhkəmə hesab edir ki, digər mötəbər sübutların mövcud olmadığı şəraitdə psixotrop maddənin yalnız külli miqdarda olması şəxsin ağır cinayət törətməkdə - satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni qanunsuz əldə etməkdə, saxlamaqda və daşımaqda təqsirli bilinməsinə əsas verə bilməz. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddənin yalnız külli miqdarda olması kriteriyasından yanaşılıb onun əməlinin satış kimi qiymətləndirilməsi üçün hüquqi əsas olmadığı qənaətinə gəlir. Təqsirləndirilən şəxs psixotrop maddəni satış məqsədi ilə əldə etməsinə dair fikir ibtidai istintaq orqanının mülahizəsidir. Yaranmış şübhələr isə toplanmış sübutların məcmusu nəzərə alınmaqla Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X15rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin tapdığı psixotrop maddəni şəxsi istifadəsi üçün üzərində saxlaması barədə ibtidai istintaqın ilkin mərhələsində verdiyi ifadəsini, şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə olan əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edir. Məhkəmə, Təqsirləndirilən şəxs psixotrop maddənin ona aidiyyatının olmamasına dair ifadəsini müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyi, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmişdir, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə az ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 18.08.2018-ci il və 01.11.2019-cu il təvəllüdlü iki azyaşlı uşağının olmasını, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən əvvəllər məhkum olunmamasını, atası - 01.03.1954-cü il təvəllüdlü X6 birinci dərəcəli əlil olmasını, atasının 4-cü mərhələ xərçəng xəstəliyindən əziyyət çəkməsini və onun ağır xəstə olaraq kənar şəxsin köməyinə və qulluğuna ehtiyacı olmasını cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 02 sentyabr 2021ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 sentyabr 2021-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəlinin 02 sentyabr 2021-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 15, 73-74). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 02 sentyabr 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddisübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edirki, iş üzrə maddi sübut olub Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 6,397 qram təşkil edən psixotrop maddə olan metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, eyni vaxtda tədqiqatı aparılmış, vahid ekspert rəyi verilmiş psixotrop maddələrin bir hissəsinin başqa təqsirləndirilən şəxs barəsində ayrılmış digər cinayət işində olması da nəzərə alınmaqla Təqsirləndirilən şəxs ümumi məbləği 114 (bir yüz on dörd) manat təşkil edən ekspertizə xərcinin yarısı - 57 (əlli yeddi) manatı tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 89). Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25.06.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30.03.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” 04.03.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” 24.12.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 02 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübutlar: - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 6,397 qram təşkil edən psixotrop maddə olan metamfetamin məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 57 (əlli yeddi) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar